KEYFİYYƏTLİ TƏHSİL DAVAMLI İNKİŞAFIN TƏMƏLİDİR

 

Müasir Azərbaycan yerləşdiyi regionun qüdrətli dünyanın ən islahatçı dövlətidir. Azərbaycan davamlı, yüksək templi innovativ inkişaf yolundadır. Dövlətin müasir səviyyəli, inkişaf etmiş ölkələr sırasına çatması üçün təhsil sisteminin yetişdirdiyi mütəxəssislərə böyük ehtiyacı vardır. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin bu istiqamətdəki siyasətini uğurla həyata keçirir və xalqının dahi oğlunu “Təhsil millətin gələcəyidir” aforizmini müasir çağırışlara uyğun reallaşdırır. Davamlı sosial-iqtisadi inkişaf yolunda olan Azərbaycan təhsil sistemində ali məktəblər müasir dövrün tələblərinə uyğun yüksək səviyyəli ali kateqoriyalı mütəxəssis hazırlığı prosesində uğurla iştirak edirlər. Həmin ali təhsil ocaqları içərisində özünəməxsus ənənələri ilə seçilən, pedaqoji kadrların hazırlanmasında, yetişməsində zəngin elmi-pedaqoji potensialı olan və Azərbaycan elminə, mədəniyyətinə sanballı töhfələr verən Azərbaycan Dövlət Pedaqoji Universiteti bir əsrə yaxın şərəfli yol keçmişdir. 1921-ci ildə yaradılan təhsil ocağı indiyə qədər 150 min nəfərə yaxın ali təhsilli müəllim kadrları hazırlamışdır.

Onu da qeyd edək ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru Yusif Məmmədovun bu təhsil ocağına rəhbər təyin edilməsindən sonra qısa zaman kəsiyində, sözün əsl mənasında, abu-hava tamamilə dəyişmiş, bütün sahələrdə ciddi qayda-qanun, dəmir intizam yaradılmış, neqativ hallara son qoyulmuşdur.

Bu gün ali məktəbdə keçirilən imtahan sessiyaları, bir növ tələbələrin yarım ildə əldə etdikləri biliklərin hesabatı kimi dəyərləndirilir – prinsipi bu təhsil ocağının əsas meyarı kimi götürülmüşdür...

Azərbaycan Dövlət Pedaqoji Universitetində əyani 10, qiyabi 8 fakültə və 52 kafedra, 7 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.

Əyani şöbədə 6273, qiyabidə 1845 tələbə təhsil alır və onların təlim-tərbiyəsi ilə 724 professor-müəllim heyəti məşğul olur. Əyani şöbədə bakalavr üzrə 24 ixtisas, qiyabi şöbə üzrə 9 ixtisas istiqamətində fəaliyyət göstərilir. Magistraturada əyani şöbədə 11 istiqamətdə 39 ixtisas üzrə 307, qiyabidə isə 8 istiqamətdə 23 ixtisas üzrə 495 magistr təhsil alır. Yüksək ixtisaslı mütəxəssislər hazırlayan ali məktəblər özündə elmi-tədqiqat və ixtisasartırma fəaliyyətini də ehtiva edir. Bu yöndəki proseslər kafedralar vasitəsilə reallaşır.

Universitetin adlı-sanlı kafedralarından biri də Təsviri incəsənət, rəsmxətt və onun tədrisi metodikası kafedrasıdır. 1981-ci ildə təsviri incəsənət kafedrası əsasında təsviri incəsənət və onun tədrisi metodikası kafedrası yaradılmış, 2000-ci ildə universitetdə aparılan struktur dəyişikliyi ilə əlaqədar olaraq rəsmxət və onların tədrisi metodikası kafedrası ilə birləşdirilərək təsviri incəsənət, rəsmxət və onların tədrisi metodikası kafedası adlandırılmışdır. 1993-cü ildən kafedraya pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Soltan Atayev rəhbərlik edir. Onunla görüşüb kafedranın fəaliyyəti barədə məlumat verməsini xahiş etdik.

– Hər bir kəsə aydındır ki, bilikli kadrların yetişməsi cəmiyyətimiz, dövlətimiz, vətənimiz üçün son dərəcə önəmlidir. Bildiyimiz kimi, cəmiyyətin inkişafı təhsil təmsilçiləri məktəblərdən, məktəblərin inkişafı isə fənləri tədris edən müəllimlərimizdən asılıdır. ADPU-da fəaliyyət göstərdiyi 90 il ərzində Azərbaycan elminə, təhsilə, dövlət quruculuğunun müvafiq sahələri üçün layiqli kadrlar yetişdirmiş, yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması istiqamətində mühüm rol oynamışdır. Hər kəsə məlumdur ki, elmin, biliyin təməli orta məktəbdə qoyulur. Orta ümumtəhsil məktəblərində təsviri sənət və rəsmxət dərslərini tədris etmək üçün ixtisaslı müəllimlərə ciddi ehtiyac duyulduğunu nəzərə alaraq 1971-ci ildə ümumi texniki fənlər fakültəsinin nəzdində rəsmxət, təsviri incəsənət və əmək ixtisası açılmışdır. Bu ixtisas üzrə tədris olunan fənlərin tədrisinin keyfiyyətini yüksəltmək məqsədilə təsviri incəsənət kafedrası yaradılmış və kafedraya 1971-ci ildən 1981-ci ilədək sənətşünaslıq elmləri namizədi dosent P.Hacıyev rəhbərlik etmişdir. Kafedrada respublikamızın tanınmış rəssamlarından N.Əbdürrəhmanov, İ.Zeynalov, A.İbrahimov, C.Fərzəliyev, Ə.Verdiyev, əməkdar rəssam S.Ağayeva, rəssam Ə.Səfərov, H.Hüseynov, K.Rzayev, R.Veysov və başqaları fəaliyyət göstərmişlər. On il ərzində “Təsviri incəsənət, rəsmxət və əmək” ixtisası üzrə 300-ə yaxın yüksək ixtisaslı müəllim kadrları hazırlanmışdır. İnkişaf, təbii ki, müvafiq səmərəli davamlı tədbirlər tələb edir.

1981-ci ildə bu ixtisasa olan tələbatı və orada tədris olunan fənlərin xüsusiyyətlərini nəzərə alaraq universitetdə müstəqil Bədii qrafika fakültəsi yaradıldı. Müvafiq olaraq orta ümumtəhsil məktəblərində təsviri sənət və rəsmxət fənlərinin tədrisi metodikasını daha da təkmilləşdirmək, tədrisin keyfiyyətini yüksəltmək üçün ixtisas kafedralarının yaradılmasına ehtiyac yarandı. Beləliklə, təsviri incəsənət və onların tədrisi metodikası, rəsmxət və onun tədrisi metodikası, rəsm, boyakarlıq və heykəltəraşlıq kafedraları həyata vəsiqə aldı.

Kafedrada “Təsviri sənət”, “Rəsmxət” və s. fənlər üzrə metodika kabinələri, “Dekorativ tətbiqi sənət” üzrə iki xalçaçılıq emalatxanası fəaliyyət göstərir. Həmçinin tələbələrin xalq sənətinə, konstruksiya etmə və dizayn işinə olan maraqlarını nəzərə alaraq onların yaradıcılıq imkanlarını genişləndirmək məqsədi ilə bu sahələr üzrə dərnəklər fəaliyyət göstərir.

Tələbələrin müstəqil işlərinə təcrübəli usta və müəllimlər rəhbərlik edir, onların əl işləri universitetrespublika səviyyəsində keçirilən sərgilərdə, müsabiqələrdə nümayiş etdirilir, bu da onların fəaliyyətinə güclü stimul verir.

Təsviri incəsənət, rəsmxət və OTM kafedrasının müəllimləri tez-tez respublikadaxarici ölkələrdə konfranslarda çıxış edir, elmi seminarlarda, sərgilərdə öz yaradıcılıq işləri ilə iştirak edirlər.

Kafedrada görülən islərə baxdıqca, öz hevrətini gizlədə bilmirsən. Təkcə onu demək kifayətdir ki, ümummilli liderin 90 və 91 illik yubileyinə, şəhərimizdə keçirilən gül bayramlarına hazırlanmış və töhfə olunmuş əl işləri bir daha onu deməyə əsas verir ki, yaradıldığı yarım əsirlik bir ömür yolunda kafedranın incəsənət dünyasında özünəməxsus möhürü vardır. Burada təhsil alan tələbələrin yaradıcılıq dünyası, əl qabiliyyətləri, təfəkkürləri ilə tanış olduqda, yaratdıqları tablolara baxanda dediklərimiz bir daha öz təsdiqini tapır.

Azərbaycan Dövlət Pedaqoji Universiteti respublikanın qabaqcıl ali təhsil ocaqlarından biri kimi həmişə ön sırada olmuşdur. Bir əsrə yaxın mənalı, dəyərli ömür yaşayan bu qocaman ali təhsil ocağının elmi potensialın kamilləşməsində və təcrübi biliklər qazanılmasında mühüm rol oynayır. ADPU bu gün də Azərbaycan təhsil sisteminin tədris ocaqlarından, təhsilimizin təməl daşlarından biridir.

 

Məhəmməd VƏLİYEV.

Respublika.-2014.- 8 iyul.- S.8.