İrəvan müsəlman sakinli
vilayət olmuşdur*
Oxuculara təqdim
olunan “İrəvan müsəlman sakinli vilayət olmuşdur”
kitabı (İbrahim Quliyev fars dilindən tərcümə
etmişdir) Güney Azərbaycanın tanınmış
tarixçisi, mərhum doktor Səməd Sərdariniyanın
çoxsaylı əsərlərindən biridir. Müasir
Güney Azərbaycan tarixşünaslığında az müəllif tapılar ki, onun kimi yorulmaq
bilmədən faktları, mənbələri və arxiv sənədlərini
tədqiq edərək, tarixi həqiqətləri üzə
çıxarmaq sahəsində zəngin irs qoyub getmiş
olsun. “Azərbaycan mədəni dünyada”, “Təbriz əvvəlinci
şəhərdir”, “Təbrizin Mərkəzi qeybi”, “Əli
Müsyo”, “Təbriz Universiteti”, “Azərbaycan mətbuat tarixi”,
“Təbriz teatrı”, “Bağır xan Salari-Milli”, “Molla Nəsrəddin
Təbrizdə”, “Arazın hər iki sahilində
soyqırım”, “Azərbaycan məşhurları” (3 cilddə)
əsərləri müəllifin elmi axtarışlarının
və yaradıcılığının bir hissəsidir. Onun şəxsi arxivində daha yeddi kitab, onlarca
sanballı elmi məqalə oxuculara təqdim olunacağı
günü gözləyir.
XIX əsrin sonunda Daşnaksütyun partiyasının
yaranması və erməni qatillərinin bu partiya
sıralarında cəmləşməsi dənizdən-dənizə
böyük Ermənistan haqda xülyanı
formalaşdırdı və onu müsəlmanlara qarşı
mübarizədə ideoloji hədəfə çevirdi. Daşnaksütyun
partiyasının yaranması ilə Qərbi Azərbaycan
torpaqları, o cümlədən İrəvan və onun ətrafındakı
bölgələr erməni əsarətinə
düşdü.
Doktor Səməd Sərdariniyanın kitabını vərəqlədikcə
son yüz ildən artıq bir müddətdə erməni cəlladlarının
azərbaycanlılara qarşı törətdikləri
çoxsaylı qətllərin, talan və
zorakılıqların geniş panoraması göz
önündə canlanır. Müəllifin kitabındakı
çoxsaylı tarixi faktlar bu gün İrəvanı
özünə paytaxt etmiş ermənilərin tarixi
keçmişi bilərəkdən təhrif edib
saxtalaşdırmalarına tutarlı elmi cavabdır.
Doktor S.Sərdariniyanın
kitabı 1999-cu ildə (1379) İranda fars
dilində nəşr edilmişdir. İranda qondarma
erməni soyqırımına aid onlarca yazı dərc
olunduğu halda, ermənilərin azərbaycanlılara
qarşı törətdikləri cinayətlərlə əlaqədar
çıxan əsərləri barmaqla saymaq olar. Bu baxımdan, ictimaiyyətimizin diqqətinə təqdim
edilən bu kitab xüsusi əhəmiyyətə malikdir.
Təbii ki, bizim oxucumuz əsərin hansı
şəraitdə qələmə
alındığını və hansı auditoriyaya
ünvanlandığını nəzərə
almalıdır. Eyni zamanda, qeyd etməliyik
ki, əsərdə işlənən bəzi ifadələr və
terminlərdə kiçik dəqiqləşdirmələr
aparılmışdır.
Əkrəm
Rəhimli (Bije)
Hazırda Ermənistan Respublikasının paytaxtı və
əhalisi ermənilərdən ibarət olan bir şəhər,
kimi tanınan İrəvan əsrlər boyu təkcə Azərbaycanın
vilayətlərindən biri və müsəlman sakinli şəhər
kimi deyil, həm də yadellilər qarşısında
möhkəm qala hesab olunurdu. Belə ki, İran-
Rusiya müharibələri zamanı şəhər əhalisi
çar qoşunlarına qarşı müqavimət gostərərək
onların qarşısını almışdı. İrəvan müsəlmanlarının bu kimi rəşadət
və şücaətinə baxmayaraq, başqa səbəblərdən,
o cümlədən ermənilərin xəyanəti nəticəsində
İran-rus müharibələri İranın məğlubiyyəti
ilə başa çatdı. Həmin
tarixdən bu müsəlman sakinli vilayətin erməniləşdirilməsi
siyasətinə başlanıldı. Ruslar
İrəvan əhalisinin ermənilərin xeyrinə və
onların məqsədlərinə uyğun olaraq erməniləşdirilməsi
üçün hazırlığa başladılar.
Qafqazın işğalı üçün ermənilərin
ruslarla gizli planı və əməkdaşlığı
böyük Pyotr dövründən başlamış, onun xələflərinin
hakimiyyəti, o cümlədən II Yekaterina dövründə
də davam etmişdir. Nəhayət, İran-Rusiya müharibələri
zamanı çarizm öz məqsədlərinə nail
olmuşdur.
Fransız
Jan Mari Karzu “Ermənistan 1915” adlı kitabında ermənilərlə
tam həmfikirlilik nümayiş etdirsə də, kitabın
39-cu səhifəsində belə yazır: “İran və
Türkiyə erməniləri İran-Rusiya müharibələrinin
gedişində könüllü hərbi qruplar təşkil
etməklə, Rusiyaya zəruri xidmətlər və köməkliklər
göstərərək bu ölkənin qələbəsini
asanlaşdırdılar. Çünki onlar bu məntəqənin
müsəlman dövlətindən ayrılmasını
bütün erməni millətinin azadlıq və istiqlalı
yolunda ilk addım hesab edirdilər”.
Lakin bu müharibələrdə ruslara müqavimət
göstərən Qafqaz müsəlmanları onların qəzəb
və kininə tuş gəldilər. Əbdüləzim Rezai iki
müharibə arasındakı şəraitə işarə
edərək yazır: “Gülüstan müqaviləsində
İranla Rusiya arasındakı sərhəd düzgün
müəyyənləşdirilmədiyi üçün
müharibə ikinci dəfə alovlandı. Bir
tərəfdən, rus orduları Göyçəni
işğal edərək, onu qaytarmaq tələbindən boyun
qaçırırdılar, digər tərəfdən isə
üləmalar cihada fitva verərək, Rusiya ilə müharibəni
yenidən başlamaq üçün dövlətə təzyiq
edirdilər. Abbas Mirzə, istəyinin əksinə
olaraq, İran ordusunun komandanı təyin olundu. İlkin mərhələdə ruslar qəfil
yaxalandılar. İran
döyüşçüləri əldən getmiş
bölgələrdə yaşayan müsəlmanların
köməkliyi ilə xeyli irəli gedərək rusları
Talışdan, Muğandan çıxardılar, Lənkəran
limanını yenidən fəth etdilər. Bakı, Şəki, Şirvan camaatı da rus
qarnizonlarına qarşı üsyana qalxdılar və həmin
vilayətlər də ikinci dəfə İranın əlinə
keçdi”.
Ruslar Arazın o tayındakı vilayətləri tutduqdan
sonra heç vaxt bu bölgənin yerli sakinlərinə etimad
göstərmədilər. Onların ermənilərə
qol-qanad verməsi nəticəsində bu millətin nümayəndələri
Rusiyanın iqtisadi, mədəni, siyasi, hərbi sahələrdəki
tədbirlərində iştirak edərək nüfuz
qazandılar. Lakin bütün bu himayədarlıqlara
və məskunlaşmanın ermənilərin xeyrinə dəyişdirilməsinə
baxmayaraq, 1918-ci ilə qədər ermənilər Qafqazın
heç bir məntəqəsində əhalinin əksəriyyətini
təşkil etmirdilər. Hətta erməni
yazıçısı Anahid Terminasyanın dediyi kimi, bir
çox əyalətlərdə, ümumiyyətlə, erməni
yox idi. Adı çəkilən yazıçı əlavə
edir: “Tiflis konqresinin əsas nigarançılıqlarından
biri Qafqazda erməni milli ərazisinin olmaması idi. Yerli idarəetmə ilə bağlı muxtariyyət
əldə etmək üçün ruslara xahişnamə ilə
bərabər, zemstvolar təsis etmək üçün pərakəndə
erməni camaatının yaşadığı çox məhdud
sayda əyalət vahidlərinin planı da təqdim edildi”.
Özünün icad etdiyi “Böyük Ermənistan”ı
hər bir işdə əsas götürən Daşnak
partiyası milli ərazinin olmaması problemini vəhşi və
cinayətkar üsullarla həll etdi. “İrəvan vilayətindəki
211 azəri (azərbaycanlı–Red.) kəndi
xarabalığa çevrildi və 100 minlərlə insan qətliam
olundu. Təxminən 300 min İrəvan azərisi məhv
edildi...”.
Müsəlmanların soyqırımı və etnik təmizlənməsi
sonralar da amansızlıqla davam etdirildi. Hazırda bu
şəhərdə bir nəfər də müsəlman azəri
yoxdur.
Təqdim olunan bu kitabda İrəvan tarixinin ilkin
fomalaşma mərhələsindən başlayaraq
daşnakların əli ilə müsəlmanların qətliama
yetirilməsinə qədərki dövr
araşdırılır. Əsərdə
göstərilir ki, Çuxursəd vilayəti və onun mərkəzi
olan İrəvan tarixən müsəlman ərazisi
olmuşdur. İrəvan Azərbaycan əyalətinin
dörd vilayətindən biri olan Çuxursəd vilayətinin
mərkəzi idi. Bu vilayətin məşəqqətlər
görmüş müsəlmanlarının cəsədləri
üzərində təkcə Ermənistan Respublikası
yaradılmamış, üstəlik, erməni ekstremistləri
Dağlıq Qarabağa qarşı ərazi iddiası
qaldıraraq, təcavüzkar rus ordusunun köməkliyi ilə
Azərbaycan torpağına hücum edib Azərbaycan
Respublikasının 20 faizdən çox ərazisini
işğal etmişdir.
Qərbdən
Sərqə qədər bütün yer üzü,
Bir insan bədəni kimidir, fərqi yoxdur.
Bədən
ruha möhtac olduğu üçün
Bu bədənin də ruhu İrəvandır.
Mirzə
Müslüm Qüdsi.
Müxtəlif dövrlərdə İrəvan
Çuxursəd vilayətinin (Azərbaycanın vilayətlərindən
biri) mərkəzi, İrəvan xanlığı, İrəvan
vilayəti olmuş və nəhayət, Ermənistan
Respublikasının paytaxtına çevrilmişdir. Bu şəhər 40 dərəcə
15 dəqiqə şimal enliyində, 44 dərəcə 35 dəqiqə
şərq uzunluğunda, Ağrı dağının (Ararat)
55 kilometrliyində, Alagözün cənub-şərqində,
Göyçə gölündən 65 km cənub-qərbdə
və Araz çayının qollarından olan Zəngiçayın
sol sahilində yerləşir. İrəvan
şəhəri İrəvançay adlanan çayın kənarındadır.
İrəvan Ağrı dərəsinin şimal tərəfində
850-1300 metr hündürlükdə yerləşir. Şəhərdən
iki çay (Qırxbulaq və Zəngiçay) axır.
“İrəvanın gözəl havası var, lakin qış
uzun çəkdiyindən bərk soyuqlar olur. Əksər halda səur
ayında (ordibehişt - bizim təqvimlə aprel) qar
yağır... Tiflisin on fərsəngliyində
şirin su dəryaçası var. Həmin dəryaçanın
ətrafında, təxminən iyirmi fərsəngdə,
şimal tərəfdə İrəvan yerləşir. Adı çəkilən dəryaçada bir zər
(104 sm.-ə bərabər uzunluq ölçüsü)
böyüklükdə forel balığı
görünmüşdür”.
“Şərq tərəfdən İrəvanın 12 fərsəngində
Ağrı dağı yerləşir. Camaatın
fikrincə, Nuhun gəmisi orada yerə oturub. Dağ kifayət qədər yüksək
olduğundan hava açıq və buludsuz olanda 2-10 fərsəng
məsafə aydın görünür. Ağrı
dağının hündürlüyü 17.266 ingilis futuna bərabərdir
(3,5 ingilis futu, təxminən 1 İran “zər”i
deməkdir). Ermənilər bu dağı Masis
adlandırırlar. Etiqada görə, guya onların əcdadlarından
olan Aram oğlu Masis bu dağı öz adına
uyğun olaraq adlandırmışdır. Ancaq
fransızlar onu Ararat, ərəblər Cudi
adlandırırlar. Şardənin səyahəti
zamanı İran əhalisi onu müqəddəs sayaraq
deyirmiş ki, Nuhun gəmisi bu dağda dayanmaqla onu Yer kürəsinin
başqa nöqtələrindən daha izzətli edib”.
İrəvan böyük İpək yolunun üstündə
idi. Bu yol Çinin Tvan Hanq vilayətindən Kansu vilayətinə
doğru uzanırdı. Oradan Şərqi
Türküstana daxil olur, Beşbalıq, Almalıq, Otrardan
keçərək Səmərqənd və Buxaraya
çatırdı. Buxarada yolun əsas hissəsi Mərv və Gürgandan
keçərək Reyə gəlir, Reydən Qəzvinə, Zəncana,
Təbrizə, İrəvana doğru uzanırdı. İrəvandan isə ya Trabzona, ya da Şamdakı
limanlara qədər uzanardı. Köməkçi yol isə
Səmərqənddən Xarəzmə, Xarəzmdən Həştərxana,
oradan isə Don sahillərinə və Azov
dənizinin limanlarına gəlib çatırdı”.
Mərv
hakiminin vəziri Məhəmməd Kazım Mərvi yazır:
“Bu bölgədə hündürlükdə və möhkəmlikdə
tayı-bərabəri olmayan iki qala vardır: Rum keçidində
İrəvan qalası, Türküstan keçidində Mərv
qalası”.
“İrəvan
qalası memarlıq baxımından da Şərqin türk məntəqələrinin
mühüm mədəniyyət abidələrindən hesab
olunur. Qalanın 50-60 bürcü olmuşdur.
XVIII əsrin nadir və qiymətli incilərindən
olan Xan sarayı və Göy məscid kimi bu qala da səyyahları
həmişə heyrətə salmışdır.
Qaladan əlavə, burada 7 məscid, 2-3 mərtəbəli evlər,
kişi və qadın hamamları, xeyli
sayda karvansaralar və digər abidələr olub. İrəvanın Gürcü, Culfa, Sərdar,
Tağlı, Sulu, Susuz, Hacəli karvansaralarının hər
birində onlarca dükan fəaliyyət göstərirmiş”.
İrəvan
qalası haqqında söhbət açan bir çox səyyahlar
və tədqiqatçılar buranın yer adlarını da
qeyd etmişlər:
Məhəllələr:
Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı,
Dəmirbulaq, Bağçalar, Yoncalıq, Burəkçi və
s.
Karvansaralar:
Gərçi, Culfa, Sərdar, Tağlı, Sulu, Susuz, Hac
Əli və s.
Bulaqlar: Dəmirbulaq,
Qırxbulaq, Dolmabulaq, Sərdar bulağı və s.
Çaylar:
Gedər çay, Qırxbulaq, Zəngiçay və s.
Bağlar:
Dərə bağı, Dəmirbulaq, Dərəkənd, Şəhər,
Abbas bağı və s.
Meydanlar:
Məscid meydanı, Zalxan meydanı, Fəhlə meydanı,
Böyük meydan, Şəhər meydanı və s.
Məscidlər:
Göy məscid, Qala məscidi, Hacıbəyim məscidi,
Zalxan məscidi, Günlüklü məscid, Günbəzli məscid,
Şəhər məscidi, Noruzəli məscidi.
Ad. İrəvan - Rəvan - Erivan adlanan bu şəhər
Ermənistan sovetləşdikdən sonra “Yerevan”
adlandırılmışdır.
Tarixi keçmiş. Bartoldun
yazdığına görə, “İrəvanın əsası
hicri tarixinin başlanğıcında qoyulsa da, həmin təqvim
üzrə IX əsrə qədər o, kiçik bir kənd
olub. Qeyd edilən tarixdən sonrakı əsrdə
İrəvan şəhərə çevrilmişdi”.
“Miladi tarixi ilə 661-ci ildə İrəvanın əsası
qoyulmuşdu”.
Jan Yunir
yazır: “...Hündür təpələr İrəvanın
qərb hissəsinin yaxınlığında idi. Həmin təpələrdə miladdan əvvəl
3-cü minillikdə metaləritmə ocaqları olmuşdu.
Orada dəmir əridir, polad əldə edirdilər.
Həmin təpələrdə aparılan tədqiqatlar
nəticəsində bir çox arxeoloqlar burada qədimdə
dulusçuluğun dəmir əritmədən və dəmirçilikdən
əvvəl olması barədə fikir irəli sürürlər”.
İlk dəfə Səfəvi hökmdarı Şah
İsmayıl Xətainin göstərişi və onun vəziri
Rəvanqulu xanın başçılığı ilə
XVI əsrin əvvəllərində şəhərə
çevrilərək hasara alınmışdı. Nadir şahın qətlindən
sonra İrəvanda iğtişaşlar və
qarışıqlıq baş verdi. Osmanlı dövləti İranın daxili işlərinə
müdaxilə etmədi. Öz müstəqilliyini
elan etmiş İrəvan digər Azərbaycan
xanlıqları kimi müstəqil türk əmirliyi oldu”.
İrəvan uzun əsrlər boyu yerli türkdilli
tayfaların, o cümlədən Qacar qəbiləsinin bir
qolunun məskəni olub. Etimadüs-səltənənin
yazdığına görə, “bu tayfalardan biri
“yuxarıbaş”, digəri isə “aşağıbaş”
tayfası kimi tanınırdılar. Bu iki adla
çağırılan eyni tayfa haqqında fransız və
İran tədqiqatçıları bildirirlər ki,
çayın yuxarı hissəsində yaşayanlar
“yuxarıbaş”, aşağı hissəsində
yaşayanlar “aşağıbaş”
adlandırılmışdı.
Mənbələrin verdiyi məlumata görə,
Tiflis-İrəvan arasında dəmir yolu 1902-ci ildə,
Culfa-İrəvan dəmir yolu isə 1908-ci ildə çəkilmişdi. İrəvan şəhərinin
adı sovetlər
dövründə
“Yerevan” olmuşdu.
Bunu da
qeyd edirlər ki, qədimdən Astarabadda yaşayan Qacar tayfası
buraya gəlməzdən
qabaq “Qovanlı” kimi tanınırdı.
“Dəvəllu adlanan tayfa da İrəvan ətrafında
eyni adlı kənddə yaşadığına görə Dəvəllu
adlanmışlar”.
Abbasqulu
ağa Bakıxanov yazır: “Əmir Teymur Rum, Şamdakı tayfalardan (Gəncə ətrafındakı
Ayrım tayfası da həmin qəbildəndir) əlli min
türk ailəsini Gəncə, Qarabağ və İrəvan ərazilərində
yerləşdirmişdi. Həmin yerlərin əksər
əyalətlərinin əhalisi onların nəslindəndir”.
O, başqa bir yerdə qeyd edir: “İrəvan, Gəncə,
Qarabağ əhalisinin və əmirlərinin çoxu Qacar nəslindən
idi”.
Çuxursəd. Bu gün Ermənistan Respublikası adlanan
torpaq əsrlər boyu Çuxursəd adını
daşımış yurdun bir hissəsidir.
Professor
Minorski Mirzə Səmianın “Təzkirat-ül Moluk”
kitabı üzərində apardığı
araşdırmalarla bağlı yazdığı şərhdə
Çuxursəd vilayəti haqqında yazır: “Çuxursəd
sonradan geniş yayılmış coğrafi bir termindir. O, ilk
dəfə Səfəvilər dövründə daha çox
İrəvan əyaləti haqqında işlənib. “Aləmara”nın 168-ci səhifəsində qeyd olunur ki,
Qars Çuxursədlə Ərzurum arasında yerləşir.
Həmin kitabın 558-ci səhifəsində
yazılıb ki, Çuxursəd Axısxada qurtarır və
onunla həmsərhəddir. “Çuxursəd”
türk dilində “çökək yer” kimi şərh olunur.
Göründüyü kimi, burada Arazın iki tərəfindəki
çökəklik nəzərdə tutulur”.
Əllamə
Mirzə Məhəmməd xan Qəzvini yazır: “Aləmaraye-Abbasi”də
və qaim-məqamın ədəbi yazılarının
bir-iki yerində adı çəkilən və müsyö
Minorskinin qeydində tez-tez bəhs olunan Çuxursəd İrəvanın
yaxınlığında yerləşir”. Bu
cümlə “Aləmara”da yüz dəfələrlə təkrar
olunur. Deyilənə görə, o yer
Naxçıvan və Qarabağın sərhədində bir
vilayət olub. Əllamə Qəzvini “Səəd”
adının izahından xəbərsiz olduğunu bildirsə
də, Faruq Sumer onu “Səədlu” tayfası ilə əlaqələndirir
və yazır: “Səədlu tayfası Qaraqoyunlu qəbiləsinin
ətrafında cəmləşmiş və bu ad (Qaraqoyunlu)
altında bir konfederasiya yaratmış digər tayfaların
başında dayanmışdılar. Bu tayfa
öz adını miladi təqvimi ilə XIV əsrdə
(Ehtimal ki, qeyd olunan əsrin ikinci yarısının
ortalarında və yaxud əvvəllərində - müəllif)
tayfanın idarə edilməsinə məsuliyyət
daşıyan tayfa başçısı və əmiri “Səəd”in
adından götürmüşdü. Belə
görünür ki, bu əmirlə Qaraqoyunlu qəbiləsi
arasında qohumluq əlaqəsi olmuşdu.
Professor Faruq Sumer Çuxursəd vilayəti ilə
bağlı qiymətli tədqiqat aparmışdır. O, bu haqda yazır: “... Çox uzun araşdırmalardan sonra gəldiyim nəticəyə
görə, iranlı müəlliflərin Çuxursəd
adlandırdığı məntəqə Ərivanın qərb
və cənub-qərb hissəsində bir bölgə
olmuşdur. Osmanlı mənbələrində
“Səəd çuxuru” kimi verilmişdir. Bu
nahiyə qərbdə Araz və Arpaçayın
qovuşağına, cənubda isə Araza qədər
uzanırdı. Bildiyim qədər, bu kəlmə
ilk dəfə “Kitabi-Diyarbəkriyyə” kitabında işlənib.
Çələbinin gündəliyində Yavuz
Sultan Səlimin Səfəvilərlə müharibədən
qayıdarkən düşərgə saldığı yerlər
arasında bu bölgənin də adı çəkilmişdir
(Məsələn, “Çuxursədin ətraflarından
sayılan Hacılaləli yaxınlığında Kiçik
Vadi kəndi və Böyük Vadi kəndindən
aşağı” cümləsində Çuxursədin adı
çəkilir - müəllif). Orada daha sonra
yazılır ki, üçüncü gün saat 5-də
Çuxursəd ətrafındakı Zəngi çaydan
keçib, Dəvəli Ömər kəndini və Keçi
Vəli yurdunu arxada qoyaraq İrəvan şəhərinin
yaxınlığına endilər. Dördüncü gün saat 6-da Çuxursəd
ətrafındakı təpədən keçib “səkkiz mənzillikdə”
düşərgə qurdular. Həm sol, həm
də arxa tərəf dağ idi. Burada
adı çəkilən Çuxursəd və onun ətrafındakı
yerlər böyük miqyaslı coğrafi xəritələrdə
də qeyd olunur”.
Mirzə
Səmia “Təzkirətül-müluk” əsərinin sərhəd
əmirlərinin və xidmətdə olan şəxslərin
tiyul və məvacibinə dair fəslində Səfəvilər
dövründə Azərbaycan əyalətinin dörd bəylərbəyliyinə
bölündüyünü aşağıdakı kimi şərh
etmişdir: a) Təbriz, b) Çuxursəd, c) Qarabağ, d)
Şirvan.
Beləliklə,
mərkəzi İrəvan olan Çuxursəd vilayəti Azərbaycanın
dörd əyalətindən biri olmuş və
aşağıda qeyd olunan 8 inzibati əraziyə
bölünmüşdür:
1.
Naxçıvan - Arazın sol sahilində.
2. Maku -
Arazın sağ sahilində (Çaldıran çölü
də bura daxildir)
3. Zarzəbil
- Göyçə gölünün cənubi-şərq hissəsində
Zarzəbil adlı kənd.
4. Sədərək
- İrəvandan Naxçıvana gedən yolun
yarısındakı (Şərur nahiyəsində yerləşir).
5. Bayəzid
- Ağrı dağının cənubunda yerləşir.
6.
Şadilu -
Ağrı dağının
yaxınlığında yerləşir.
7.
Dünbüli kürdləri - Türkdilli olmayan bir elin bir hissəsi
olmasını ehtimal etmək olar.
8. Məğazberd
- Arpaçayın qərb tərəfində, İranın
şimal-qərbində son nöqtə hesab olunan “Əfi”
xarabalığının yaxınlığındadır. Səfəvi-Osmanlı
müqaviləsində (hicri-qəməri 1049, miladi 1639-cu il) onun adı çəkilmişdir.
Çuxursəd adı çəkilən vilayətin
adı olmaqla bərabər, bu vilayətdəki kəndləri
və məntəqələri də əhatə edirdi. Etimadüs-səltənə
yazır: “Çuxursəd kəndləri İrəvan və
Şərur yerləridir. Türkmən Əlvənd
paşa ilə Şah İsmayıl bu yerdə
döyüşmüşdür”.
(davamı növbəti saylarımızda)
Respublika.-2014.- 8 iyul.- S.6.