Ramazan günahlardan təmizlənmə
ayıdır
70 il tərkibində
yaşadığımız sovet imperiyası öz ideologiyasına uyğun ateizm təbliğatı apararaq
xalqı tarixi keçmişindən, dini
və milli-mənəvi
dəyərlərindən uzaqlaşdırmaq
istəsə də, buna əsla nail olmadı.
İslam dininin saflığını, humanist və insanpərvər mahiyyətini nümayiş etdirən Ramazan hər zaman olduğu kimi, bu gün də azərbaycanlılar üçün müqəddəs ay olaraq qalır.
Xalqın əsrlər boyu etiqad etdiyi islam dini mənəvi yüksəlişin — xeyirxahlıq, mərhəmət, insanpərvərlik kimi ali insani keyfiyyətlərə sahib olmağın ən vacib şərti kimi öz ümmətinə oruc tutmağı, ruhi və cismani təmizlənməni vacib sayır.
Ulu öndər Heydər Əliyev həmişə milli-mənəvi dəyərlərin xalqın, vətəndaşların milli birliyinə xidmət etdiyini vurğulamışdır. İslam dinini Azərbaycan xalqının ən yüksək mənəvi dəyərlərindən hesab edən ulu öndər Ramazan ayına da daim böyük etiqadla yanaşmış, onun fəlsəfi mahiyyətini yüksək dəyərləndirərək demişdir: “Ramazan ayı müqəddəs kitabımız Qurani-Kərimin insanlar üçün nazil edildiyi mübarək aydır. Allah-taalanın insanlara bəxş etdiyi bu misilsiz sərvətin hikmətlərindən daha da faydalanmaq üçün Ramazan ayının böyük əhəmiyyəti vardır. Bu ay eyni zamanda hər bir müsəlmana öz iradəsini sınamaq, dözüm və əzmkarlığını nümayiş etdirmək üçün gözəl fürsətdir. Ramazan ayının sınaq günlərində öz borcunu ləyaqətlə yerinə yetirən müsəlmanlarımız bu günü böyük sevinc və qürur hissi ilə bayram edir, bir-birlərinə ehtiram və məhəbbət bildirərək sıx həmrəylik nümayiş etdirir, həyatdan getmiş yaxınlarını yad edirlər”.
Oruc tutmaq İslamın vacib şərtlərindən biridir. İslam aləmində Ramazan ayı ayların əşrəfi sayılır. Oruc təkcə İslam dinində yox, həm də bütün səmavi dinlərdə Allah tərəfindən göndərilən sabit bir hökmdür. Qurani-Kərim bu hökmü belə açıqlayır: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki (bunun vasitəsilə), siz pis əməllərdən çəkinəsiniz!” (Əl-Bəqərə-183).
Oruc tutmaq bir ay müddətində sübh açılandan hava qaralana kimi yemək-içməkdən, cinsi əlaqədən uzaqlaşan, hər bir müsəlman üçün daha az günah işlətmək, daha çox əfv və mərhəmət diləməklə bağışlanmaq və bir ay müddətində əldə olunmuş təcrübəni başqa aylara da daşımaqdan ötrü Allah tərəfindən yaradılan zaman şəraitidir. Başqa sözlə, bu ay bütünlüklə ibadət və bağışlanma ayıdır. Digər ay və günlərdə müsəlmanlara halal olan şeylər orucun tutulduğu zamanlar haram və qadağan hesab olunur. Yetkinlik yaşına çatmış hər bir müsəlmanın bu günlərdə oruc tutması İslam dinində vacib sayılır. Bu haqda Qurani-Kərim belə buyurur: “...Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar...” (Əl-Bəqərə-185).
Bu hökmün mahiyyəti ondan ibarətdir ki, on bir ayı yaşayıb Ramazana çatan hər bir müsəlman üçün Allaha, Onun göndərdiyi şəriətə daha çox bağlanmaq, ibadət etmək, düşünmək, başqalarının, yəni səndən yoxsul olanların daha çox halına acımaq, onlara yardım etmək, daha az günah işlətmək, ən əsası isə tövbə qapılarının açıq olduğu bu ayda Allah tərəfindən insanlara bağışlanılma şəraitinin yaradılmasıdır.
Orucluq hökmünün əsasını ilahi əmrləri yerinə yetirməklə insanın günahlardan çəkinməsi və Allah tərəfindən onun üçün yaradılan bu ayın imkanlarından istifadə edərək bağışlanılmasına səy göstərməsi təşkil edir.
Bu ayda oruc tutanları (əlbəttə ki, İslamın digər vacib əmrlərini də yerinə yetirməklə) Allah cənnətlə müjdələyir. (Ət-Tovbə -112). Bu ilahi göstərişin vacibliyi bir tərəfdən Allah əmrinə itaət, digər tərəfdən isə öz nəfsi ilə daha artıq mücadiləsi yolunda insanın Allah tərəfindən imtahan olunması hesab edilir. Bu ayda müsəlmanın vəzifəsi orucluq şərtlərinə əməl etməklə günahlardan daha çox çəkinməkdir.
Oruc tutmaq əsla səhərdən-axşama qədər ac və susuz qalmaq kimi anlaşılmamalıdır. Əlbəttə, bu orucluğun əsas şərtlərindən biridir. Orucluq müsəlmanın kompleks şəkildə bir ay müddətində bütün əzaları, əməlləri, qəlbi və düşüncələri ilə günahlardan uzaqlaşmaq, ən azından adi günlərdə etdiyi pis əməlləri maksimum dərəcədə azaltmaq, Allaha daha çox yaxınlaşmaq, daha çox ibadət etməkdən ibarətdir. Əzaları ilə günahdan uzaqlaşmaq dedikdə yəni gözləri, qulaqları, dili, qəlbi, düşüncəsi nəzərdə tutulur. Bir hədisdə deyilir ki, Məhəmməd Peyğəmbər (s.v.s) bir gün Cabir ibn Abdullaha buyurur: “Ey Cabir! Hər kəs Ramazan ayında gündüzlər oruc tutsa, gecələrin bir hissəsini oyaq qalıb ibadət etsə, cinsiyyət üzvünü və dilini günahdan, gözünü harama baxmaqdan çəkindirsə, camaata pislik etməsə, yeni doğulmuş körpə kimi günahlardan təmizlənər”. Cabir deyir: “Sənə fəda olum, bu nə yaxşı hədisdir!”. Həzrəti Peyğəmbər (s.v.s)
ona belə cavab verir: “Amma bu savaba yetməyin şərtləri də necə çətindir” (Qısa İslam Ensiklopediyası I cild).
Gözlər adi günlərdə əgər naməhrəmə baxırsa (sözsüz ki, burada söhbət şəhvətlə baxmaqdan gedir), heç olmasa orucluq vaxtı müsəlman çalışmalıdır ki, gözünü belə “maraqlar”dan qorusun və onu daha da Allaha bağlayan vasitələrə baxmağa məcbur etsin. Məsələn, Quranın bir ayəsində deyilir ki, Allahın nişanələri hər yerdədir, lakin insanların çoxu onların yanından üzlərini çevirərək keçib gedərlər. Gündəlik həyatda qarşılaşdığımız, lakin fərqinə varmadığımız Allahın yaratdıqlarına daha çox diqqət yetirmək lazımdır. Gözlərin başqasının var-dövlətinə baxıb paxıllıq və həsədə səbəb olmamağı üçün belə hərəkətlərdən yayınmağı ona bu ay müddətində “adət etdirmək” lazımdır. Düzdür, bunlar beyin tərəfindən idarə edilsə də, əza kimi gözün rolu böyükdür. Əgər hər dəfə göz elə şeylərə baxanda obrazlı şəkildə desək, sahibi tərəfindən “tənqidə” məruz qalarsa, adət edər və qeyri-iradi “axtarma rejim”indən çəkinər ki, bu da sahibinə savab qazandırar.
—Qulaqları da Ramazan günlərində qorumaq və “tərbiyələndirmək” lazımdır. İlk növbədə onu pis sözlərdən, qeybətdən, söyüş və s. kimi günah işləri eşitməkdən uzaqlaşdırmaq lazımdır. Hətta insan yatanda belə qulaq öz funksiyasını yerinə yetirir və eşitməyə davam edir. Kimsənin böhtan və qeybət xarakterli söhbətinə qulaq asmaq və bu söhbətin iştirakçısına çevrilməkdən qulağı qorumaq lazımdır. Bədənin bütün fəaliyyəti baş beyin tərəfindən idarə edilsə də, hər kəsin həyatında elə anlar olur ki, hər hansı bir əzamız beyin düşünmədən belə bir işi qeyri-iradi yerinə yetirir. Qulağı da bir orqan kimi belə şeylərdən uzaq tutmaq və onu daha gözəl səsləri eşitməyə məcbur etmək lazımdır. Məsələn, gözəl azan səsini maraqla dinləməyi ona təlqin etmək, Quran oxuyan hafizlərə, hətta oxuyan quşlara qulaq asmaq, Ramazan günlərində Allah və peyğəmbərlər haqqında danışılan söhbətləri, hədis və duaları dinləmək və s.
Dili də orucluq günlərində günaha batmaqdan qorumaq lazımdır. Dilə bir orqan kimi nəzarət etmək göz və qulağa nisbətən çox çətindir. Bu orqanlarla müqayisədə dil daha çox günah işlərin iştirakçısıdır. Çünki göz və qulağı beyinlə tam idarə etmək olursa, amma dil bəzən beyinin belə düşünmədiyi sözləri deməyə qadirdir. Düzdür, beynin əmri olmadan heç bir danışıq baş verməz. Amma bildiyimiz kimi, məlumatların toplanılması, onların daim genişləndirilməsi, zənginləşdirilməsi və inkişaf etdirilməsi prosesi olan idrak, düşüncə və təfəkkür, yəni beynin qərara gəldiyi əqli nəticə bas vermədən, qeyri-iradi olaraq dil bəzən düşünülməyən söz söyləyə bilir. Dili də bu müqəddəs günlərdə belə pis alışqanlıqlardan, vərdiş edilmiş kobud və nalayiq sözlər söyləməkdən çəkindirmək lazımdır. Orucluq günlərində dili zikr etməyə, gün ərzində gözəl sözlər, Allah kəlamlarını söyləməyə, dua və hədislər deməyə, mehriban danışığa, nəvaziş göstərməyə alışdırmaq, ən başlıcası isə, düşünülməmiş sözlərdən çəkindirmək lazımdır. Əks-təqdirdə bu orqan sahibinə çox günah qazandırar. Çünki bu “ərköyün orqan” qəlb və beynin uzun illər qazandığı savab əməlləri bir anda minnət qoymaqla acı, nalayiq sözlərlə, yalan, böhtan, təhqir, söyüşlə və s. puç edər. Bir hədisdə deyilir ki, bir gün Məhəmməd Peyğəmbər (s.v.s) görür ki, həyat yoldaşlarından biri oruc tutduğu halda öz xidmətçisini söydü. Peyğəmbər (s.v.s) qadına tapşırır ki, yemək yesin. Qadın təəccüblə soruşur: “Orucluq zamanı nə yemək?”. Peyğəmbər (s.v.s) buyurur: “Bəs sən necə oruc tutmusan ki, xidmətçini söyürsən? Oruc təkcə yeyib-içməkdən çəkinmək deyil”. Hədisdən də göründüyü kimi, orucluq bir ay ərzində bədənin tərbiyəsi sayəsində insanın təcrübə əldə edərək və onu başqa aylarda da özünün gündəlik həyat normasına çevirməyi təlqin edir.
Həzrət Əliyə bir dəfə sual verirlər ki, İslamda fitr, yəni Ramazan bayramından da böyük bayram varmı? Həzrət Əli cavab verir ki, canım əlində olan Allaha and olsun ki, sizin günaha batmadığınız hər gün fitr bayramından daha böyük bayramdır. Bu ayı insan günahsız keçirməyə və il boyu bu ayda topladığı təcrübə ilə yaşamağa səy göstərməlidir.
Ramazan ayında insan düşüncələrində də oruc tutmalı və düşüncə də paklaşdırılmalıdır.
Oruc tutmağın sağlamlıq üçün də əhəmiyyəti böyükdür. Bir il müddətində fasiləsiz işləyən və hər gün eyni işləri görən orqanizm bu ayda öz-özünü təmizləyir, bədəndə yığılan artıq maddələr xaric olunur, piylər əriyir, daha çox yeni hüceyrələr yaranır, bir sözlə, orqanizm sanki dincəlir. Orqanizmin Allahın ona bəxş etdiyi özünütəmizləmə və özünübərpa kimi funksiyaları daha işlək olur.
Xəstə və səfərdə olanlar üçün də Allah tərəfindən müstəsna güzəştlər nəzərdə tutulur. Qurani-Kərimdə bu haqda deyilir: “(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” (Əl-Bəqərə -184).
Əlbəttə, oruc tutmağın xeyrindən başqa, bu işin fiziki məhrumiyyət və çətinlikləri də vardır. Bu da ilboyu insanın gündəlik vərdişlərindən uzaqlaşması, aclıq və susuzluğa (xüsusən də orucluq isti yay günlərinə düşərsə) dözməsi, halsızlıq, yorğunluq və s. kimi çətinliklərdir. Amma səmimi qəlbdən oruc tutanlar bu çətinliklərə mətanətlə dözür və bu yolu axıra qədər davam etdirmək üçün Allahdan səbir və dözüm diləyirlər. Möminlər bu ayı sevinclə qarşılayıb yola salırlar. Çünki insan bu ilahi göstərişin necə vacib, xeyirli olduğunu, insanı paklaşdırdığını, adi günlərdə qazandığı savabları bu ayda dəfələrlə çoxaltmağın mümkünlüyünü, bir sözlə, orucluğun hikmətini lazımınca anlayanda hətta, bu çətinliklərdən də həzz alır. Bu həzz insanda etdiklərinin boşa getməyəcəyinə və qarşılığını dəfələrlə artıq mükafatla alacağına qəti əminlik hasil olduqda yaranır. Bu hiss oruc şərtlərini mükəmməl şəkildə yerinə yetirməyin, demək olar ki, yarısıdır. Əgər bu hissin köməyinə güclü iradə gələrsə, orucluq şərtlərini tam şəkildə yerinə yetirmək mümkündür.
Orucluq insan psixikasına da güclü təsir göstərir. Yer üzündə ikinci belə bir təlim yoxdur ki, insanın psixoloji durumuna orucluq qədər müsbət təsir göstərə bilsin. Bu təsir kompleks şəkildə, müəyyən zaman çərçivəsində insanın dünyagörüşü, düşüncəsi və əxlaqına yeni çalarlar gətirməsi ilə özünü göstərir. Buraya, yemək mədəniyyəti, təamlardan qənaətlə və israfsız şəkildə istifadə olunması təcrübəsi, insanlığa yeni münasibətin formalaşması və bu münasibətdən doğan ülvi duyğuların baş qaldırması, maddi var-dövlətin keçiciliyinin dərk olunması, başqaları ilə səmimi ünsiyyət, Allahla daha sıx rabitə, insanın başqalarına deyə bilmədiyini yaradanı ilə bölüşməsi və bu üzdən yüngülləşməsi, yoxsul və kimsəsizlərin halına acımaqdan doğan yeni hisslər, insanın bu ayda daha çox mükafat qazanmaq imkanından yararlanmaq həvəsi, etik normalar və əxlaqi dəyərlərə daha həssas münasibət, davranış qaydalarına riayət, xeyriyyə işlərinin görülməsi və iftar süfrələrinin təşkili, ilahi qərarlara daha çox əməl və hörmət olunmasının vacibliyindən gələn itaətkarlıq vərdişi, valideynlərə, ailə üzvlərinə, doğmalarına və qohumlarına qarşı qayğı göstərilməsinin bu ayda daha çox tələb olunması və s. daxildir. Bu mənəvi dəyəriər insanları daha çox düşünməyə, günahlardan daha çox uzaqlaşmağa, daha saf və günahsız həyat tərzinə sahib olmağa, nəfslərinə hakim kəsilməyə, özlərini və Yaradanı tanımağa, bir sözlə, ailəsinə, cəmiyyətə, dövlətinə daha xeyirli və kamil bir insan, habelə mömin və müttəqi olmağa səsləyir.
Bir hədisdə Məhəmməd peyğəmbər (s.v.s) demişdir: “(Allah buyurur:) “Adəm övladının orucdan başqa hər bir əməli özünə aiddir. Oruc isə Mənim üçündür və elə buna görə də Mən (oruc tutan adama) ayrıca mükafat verəcəyəm”.(Səhih əl-Buxari-1904). Məhəmməd Peyğəmbər (s.v.s) Ramazan orucunu “Allahın qonaqlığı”, “İbadətin qapısı”, “ Cəhənnəm atəşindən qorunmaq üçün sipər” adlandırmışdı.
Orucluğun əsas mahiyyətlərindən biri də insanın özünü başqasının, yoxsul qohumunun, qonşusunun, dilənçinin, yetimin, bir sözlə, ac-yalavacların yerinə qoymaqla, onların necə ağır şəraitdə yaşadıqlarını hiss etmək, hallarına acımaq, mərhəmət göstərmək, onlara yardım etməklə özünün də dəyişməsi, xeyirxah əməllər etməsi, bunun da müqabilində saysız savab qazanması, nəticədə yoxsul olmayan bir cəmiyyətin qurulmasına insanları sövq edən ilahi məramın həyata keçirilməsində iştirakçıya çevrilməsidir. Bu üzdən orucluq ayında valideynlərə baş çəkmək, onların qayğısına qalmaq, qohumları yad etmək, adi günlərlə müqayisədə daha məqbul əməl hesab olunur ki, bu da böyük savab və Allah yanında mükafata səbəb olur. Bu ayda yoxsul olmayan hər kəsin, xüsusən imkanlı şəxslərin adi vaxtlardan daha çox sədəqə verməsi və iftar süfrələri təşkil etməsi, ən əsası isə bu süfrələrə ən çox kasıbların dəvət edilməsi, onların doydurulması və razı salınması Allahın bəyəndiyi əməllərdən hesab olunur.
Xalqımızın böyük xeyriyyəçilərindən Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev və başqalarının bu istiqamətdə işləri hamıya məlumdur.
Xeyriyyə işlərini görənlər bu işi şöhrət naminə deyil, yalnız Allah rizası üçün etməlidirlər. Bu işlərin savab qazanmaqdan başqa da əhəmiyyəti böyükdür. Bu da cəmiyyətə həmin adamların nümunə olması və bu xeyriyyəçilərin cəmiyyətə maddi var-dövlətin keçici olması, Allah verən bu imkandan düzgün istifadə olunması, başqalarını da bu xeyriyyə işlərinə sövq etmək, ruhlandırmaq yolunda göstərilən nümunənin əhəmiyyətindən ibarətdir.
Hər bir məsələdə ulu öndərin zəngin irsindən bəhrələnən Azərbaycan Prezidenti İlham Əliyevin milli-mənəvi, dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də çağdaş dövrün bir sıra reallıqları ilə şərtlənir. Cənab İlham Əliyev son 10 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də dini ziyarətgahların əsaslı təmiri və yenidənqurulmasına da xüsusi diqqət ayırmışdır. Azərbaycan Prezidentinin İslam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Ötən müddətdə Əjdərbəy, Bibiheybət, Təzəpir, Şamaxı Cümə, Nardaran, Mir Möhsün ağa və digər məscid və ziyarətgahlar əsaslı təmir olunmuş və yenidənqurma aparılmış, onların təchizatına lazımi diqqət ayrılmışdır. Bütövlükdə, müstəqillik dövründə Azərbaycanda 2 minə yaxın məscid tikilmişdir. Son 10 il ərzində isə 140-a yaxın məscid inşa edilmiş, 80 məscid isə əsaslı təmir edilmişdir.
Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onlarm dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır.
Biz də öz növbəmizdə Ramazan ayı münasibətilə bütün müsəlmanları təbrik edir və bu isti, uzun yay günlərində oruc tutanlara Allahdan dözüm və səbir diləyirik.
Rauf CƏBRAYILOV, ilahiyyatçı.
Respublika.-2014.- 9 iyul.- S.7.