Abdal-Gülablının
anım günü keçirildi
İşğalçı erməni qoşunları ilə təmas xəttinin yaxınlığında, Ağdam rayonunun Quzanlı qəsəbəsində, Ağdam Dövlət Dram Teatrının binasında cənnət Qarabağın dilbər guşələrindən biri, 22 ildir ki, ermənilərin işğalı altında inləyən Abdal-Gülablı kəndinin anım günü keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Ağdam Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin həyata keçirdiyi “Abdal-Gülablının anım ili” layihəsi çərçivəsində gerçəkləşən musiqili-ədəbi axşamda Qulu Ağsəsin müəllifliyi ilə AzTV-də istehsal olunmuş “Yurd yeri: “Abdal-Gülablı” filminin nümayişindən sonra, respublikanın əməkdar artisti, tanınmış diktor, Abdal-Gülablı əsilli Əli Məmmədov tədbiri açaraq, sözü layihənin rəhbəri Təhmasib Novruzova vermişdir. Layihənin əsas məqsədlərindən və qarşıya qoyulan vəzifələrdən danışan T.Novruzov tədbir iştirakçılarına layihə çərçivəsində görülmüş işlər haqqında ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, layihə çərçivəsində “Yurd yeri: “Abdal-Gülablı” adlı kitab çap olunmuş, “SəsTV” onlayn televiziyası ilə birlikdə 30 dəqiqəlik “Abdal-Gülablısız 22 il” adlı film istehsal olunmuş, Abdal-Gülablı əsilli tarixi şəxsiyyətlər və müasir dövrdəki ziyalılar haqqında geniş məlumatlar əldə edilmiş, “Abdal-Gülablı” kəndinin tarixi ilə bağlı bir sıra yeni faktlar və rəvayətlər aşkar edilmişdir. Natiq daha sonra qeyd etmişdir ki, hələ 70-ci illərdə ulu öndər Heydər Əliyevin dilçilik elminin bir sahəsi olan anomastikanın, xüsusilə toponomika bölməsinin inkişafına göstərdiyi qayğının əsl mahiyyəti və önəmliliyi bu layihənin icrası zamanı bir daha təsdiqini tapmışdı. Sevindirici haldır ki, ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu sahəyə daim diqqət və qayğı göstərir. Bu gün gerçəkləşən bu və buna bənzər layihələr məhz bu qayğının təzahürüdür.
Musiqili-ədəbi axşamda filologiya üzrə fəlsəfə doktoru, Abdal-Gülablı əsilli Almara Nəbiyeva, şair Abdal Qəhrəman (Qəhrəman Hüseynov) çıxış edərək Abdal-Gülablının yerləşdiyi məkanın heyrətamiz gözəlliyindən, bu kəndin səfalı təbiətindən, təbii sərvətlərindən, tarixindən, yetirdiyi görkəmli tarixi simalardan söhbət açmışlar.
Ədəbi-bədii axşamda Səxavət Məmmədov adına “Qarabağ” İnstrumental Ansamblının və ansamblın solistləri, Azərbaycan Respublikasının əməkdar artisti Fehruz Səxavətin, Əliyar Məmmədovun, gənc xanəndə, “Muğam” Respublika Festivalının qalibi Səbinə Ərəbovanın ifalarında səslənən musiqi nömrələri tədbir iştirakçılarının könlünü oxşadı. Gənc Qiraətçilərin Ümumrespublika Müsabiqəsinin qalibləri Əsmər Qasımovanın, Ofelya Nəbiyevanın, Arif və Fidan İsmayılovların, Şölə Kərimovanın Abdal-Gülablı əsilli şairlərdən ifa etdikləri şeirlər tədbirə xüsusi rəng qatdı.
Sonda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək, bu səpkidə keçirilən tədbirlərin əhəmiyyətindən, xüsusilə ölkə Prezidentinin mənəviyyatımızla bağlı olan bu cür sahələrə böyük həssaslıqla yanaşmasından söz açmış və tədbirin gerçəkləşməsində əməyi olan hər kəsə Ağdam ictimaiyyəti adından təşəkkürünü bildirmişdir.
Şərqiyyə
ZİYADQIZI,
AHB Mətbuat Xidmətinin
rəhbəri.
Respublika.-2014.- 9 iyul.- S.8.