Polimer
Materialları İnstitutu: tarixi, inkişafı və nailiyyətləri
Azərbaycan Milli Elmlər Akademiyası Polimer
Materialları İnstitutu makromolekullar kimyası sahəsində
respublikanın aparıcı elmi mərkəzidir. İnstitut
1966-cı ildə Sumqayıt şəhərində əvvəlcə
Azərbaycan EA Neft Kimya Prosesləri İnstitutunun filialı,
1978-ci ildən AEA Xlor Üzvi Sintez İnstitutu və 1991-ci ildən
isə Azərbaycan Milli Elmlər Akademiyası Polimer
Materialları İnstitutu kimi fəaliyyət göstərir.
2014-cü
ilin mart ayından instituta akademik A.H.Əzizov rəhbərlik
edir.
48 illik fəaliyyəti
dövründə institut alimlərinin elmi işləri Azərbaycanda
xlor üzvi birləşmələr və polimer
istehsalının problemlərinin həllinə, yeni
polifunksional reaksiyayaqabil yüksək istismar göstəricilərinə
malik polimerlər, polimer qarışıqları, polimer
materiallarına əlavələr və katalizatorların
işlənib hazırlanmasına, mikroelektronikada, kənd təsərrüfatında
və cihazqayırmada istifadə edilən işığahəssas,
termiki davamlı, antistatik və elektrikkeçirici polimer
sistemlərin, o cümlədən nanokompozitlərin
yaradılmasına, yüksəkmolekullu birləşmələr
kimyası və üzvi kimya sahəsində fundamental tədqiqatların
həyata keçirilməsinə həsr olunmuşdur.
Əvvəllər
institutun laboratoriyalarına rəhbərlik etmiş
tanınmış alimlər Zakir Rzayev, İdris Əhmədov,
Rəfiqə Qurbanova, Misir Əhmədov və s. indi öz elmi fəaliyyətlərini
xaricdə və ya respublikanın digər müəssisələrində
davam etdirirlər.
AMEA-nın
müxbir üzvləri Mustafa Salahov, Abasqulu Quliyev, Yavuz
Rüstəmov, Valeh Cəfərov, Bəxtiyar Məmmədov və
elmlər doktorları, professorlar —Raiq Hacılı, Ağa
Mustafayev, elmlər doktorları
—Telman Aslanov, Lyudmila Medyakova, Nazim Ağayev, Alverdi Kərimov,
Nüşabə Qurbanova
hazırda institutda fəaliyyət göstərirlər. Bu alimlərin fundamental tədqiqatlarında yeni elmi
istiqamətlərin əsası qoyulmuş, ölkəmizə
dəyərli töhfələr verilmiş, polimer və
üzvi kimya sahəsində mütəxəssislər məktəbi
yaranmışdır.
PMİ-nin apardığı tədqiqatların nəticələri
və verdikləri tövsiyələr müxtəlif illərdə
sənaye miqyasında Azərbaycanda və keçmiş Sovet
İttifaqının polimer və üzvi sintez, polimer materialların
hazırlanması sahələrində fəaliyyət göstərən
zavodlarında uğurla tətbiq olunmuş və ya geniş
sınaqlardan keçmişdir.
Ölkənin
kimya elminin, xüsusilə yüksəkmolekullu birləşmələr kimyası və üzvi
kimyanın inkişafında S.İ.Sadıqzadənin,
M.M.Hüseynovun, A.A.Əfəndiyevin və M.S.Salahovun rolu
çox mühümdür. 1966-1986-cı illərdə
onların rəhbərliyi altında karbon 4-xlorid, allixlorid və
xlorlu anhidridlər alınması Sumqayıt Kimya zavodunda təcrübi
və sənaye sınaqlarından keçirilmişdir və
alınma prosesinin texnologiyası işlənmiş, sənayedə
istehsalı təşkil olunmuşdur.
Balaxovsk Sintetik Məhsullar və Vitaminlər
Kombinatında B2 vitamini üçün başlanğıc
materiallar—mono-bromortoksilolun tullantısız alınması
texnologiyası istehsalatda tətbiq edilmişdir.
Sverdlovsk
dəmir yolunun lokomotiv deposunda təmiz və işlədilmiş
sular üçün ərp əmələgəlməsinin
qarşısını alan tetrahidroftalat
turşusunun monoamidinin sintezi metodu sənayedə istifadə
edilmişdir.
Polimer materialların istismar xassələrini
yaxşılaşdıran və onlara yanmazlıq qabiliyyəti
verən antipiren kimi istifadə edilən 2, 4, 6 - tribromanilinin
tullantısız istehsal texnologiyası işlənib
hazırlanmışdır. “Sumqayıtkimyasənaye”
istehsalat birliyində “Universal-2” təmizləyici pasta
üçün resept işlənib
hazırlanmışdır.
İnstitutda yeni reaksiyayaqabil polimerlər, birgəpolimerlər,
xüsusi təyinatlı müxtəlif tip kompozisiya
materialları, polimer materiallar üçün əlavələr,
aşqarlar və doldurucular yaradılması və onların
elmi əsaslarının işlənib hazırlanması sahəsində
elmi-praktiki tədqiqatlar inkişaf etdirilmişdir. O cümlədən:
—Oliqosulfonaftolların
sintez texnologiyası yaradılmış və Elektrokimya
İnstitutu (Moskva) ilə birlikdə qurğuşun
akkumulyatorların genişləndiricisi kimi istehsalatda tətbiq
edilmişdir.
—Reaksiyaqabiliyyətli
oliqomerlər əsasında yeni effektli antistatiklər, termiki
davamlı əlaqələndiricilər, yapışqanlar və
s. yaradılmış, poliolefinlərin destruksiyasına
qarşı effektli stabilizatorlar hazırlanmış və tətbiq
üçün Sumqayıt Sənaye Birliyinə təqdim
edilmişdir.
—Yüksək
effektli foto-, elektron- və rentgenrezistlər,
yarımkeçiricilər, korroziyadan qoruyucu örtüklər,
kapsullaşdırıcı materiallar, antistatiklər, elektretlərin
və s. hazırlanması üçün funksional polimerlər
sintez edilmiş, onların alınmasının texnoloji parametrləri
müəyyənləşdirilmişdir.
—Kapsullaşdırılmış
superfosfat gübrələrinin alınma texnologiyası
yaradılmış, alınan gübrələrin
İsmayıllı rayonunda sınaqları keçirilmiş və
tətbiq olunmuşdur.
—Bioloji və
optiki-aktiv birləşmələrin, səthi-aktiv maddələrin
polimerlərə plastifikator, stabilizator, antipiren, modifikator,
inhibitor və s. kimi əlavələrin alınma
üsulları işlənib hazırlanmış və
“Sumqayıtkimyasənaye” İstehsalat Birliyində tətbiq
üçün təklif olunmuşdur.
—İqtisadi
cəhətdən səmərəli olan xlorparafinlərin və
karboksimetilsellülozun alınma texnologiyaları işlənib
hazırlanmış və Sumqayıt “Səthi-aktiv maddələr”
zavodunda tətbiq edilmişdir.
—Müxtəlif
istehsalatlarda geniş tətbiq olunan manjet və kipləşdiricilərin
hazırlanması üçün yararlı kompozisiya
materialları yaradılmış, Sumqayıt “Azərboru”
zavodunda istifadə edilmişdir.
—Xlor
üzvi tullantılardan istifadə etməklə 4-xlorlu karbonun
və tetraxloretilenin alınma prosesi işlənib
hazırlanmış və tətbiq üçün
Sumqayıt “Üzvi Sintez” zavoduna təqdim edilmiş, zavod
miqyasında sınaqdan keçirilmişdir.
Yüksək təzyiq polietileni, mineral doldurucular və
onların tullantıları əsasında yüksək
möhkəmliyə malik və termiki davamlı kompozisiya
materialları yaradılmışdır. Yüksək
təzyiq polietileni istehsalında yan məhsul
—aşağımolekulkütləli polietilenin məqsədyönlü
istifadəsi texnologiyası işlənib
hazırlanmışdır.
Hərbi sənaye kompleksi sistemində pirotexnika sahəsində
alınan latekslər, polifunksional, nano hissəciklərlə
doldurulmuş çoxkomponentli yüksək adgeziya qabiliyyətinə
malik materiallar alınmış və sənaye miqyasında tətbiq
edilmişdir.
(Rusiya Federasiyası-1994-cü il).
İnstitutda
sintez olunmuş yüksək enerjiyə malik oliqomerlər
özündə nanodispers metallar saxlayan xüsusi
materialların hazırlanmasında istifadə olunmuş, Rusiya
Federasiyası Dövlət Elm Mərkəzi və Federal
Dövlət Unitar müəssisəsində
(“QNİİXTGOS/-da) sınaqdan keçirilmiş və kosmik
texnika üçün sənaye miqyasında istehsalı
tövsiyə olunmuşdur.
Bunlarla
yanaşı digər istiqamətlərdə də
mühüm nəticələrə nail olunmuşdur.
Metal tozları, mineral doldurucular, filizlər, kənd təsərrüfatı
məhsullarının çeşidlənməsində istifadə
olunan dənəvər materialların çeşidlənməsi
üçün klassifikator yaradılmış, Bakı
Tozvarı Metallurgiya zavodunda tunc tozlarının
fraksiyalaşdırılması üçün tətbiq olunmuşdur.
Aşağı özlülüyə malik tökmə
kompozisiyalar hazırlamaq üçün aktiv
durulaşdırıcılar və epoksid qatranları əsasında
kompozisiyalar yaradılmış və epoksidian
qatranlarının aktiv modifikasiyaedici əlavələri kimi
tövsiyə olunmuşdur.
Elektro- və radiotexnika sənayesi, cihazqayırma, optika,
məişət cihazlarının hazırlanmasında istifadə
oluna bilən zərbəyədavamlı polistirol
üçün modifikatorlar işlənib
hazırlanmış və sınaqdan keçirilmişdir.
Aşağıözlülü xlorəvəzli
epoksioliqomerin sintez texnologiyası yaradılmış, prosesin
reqlamenti, texnoloji sxemi işlənib hazırlanmış və
Üzvi Sintez zavodunda (Sumqayıt) sınaq partiyası
alınmışdır. Oliqomer əsasında cərəyan
gücləndiriciləri istehsal edilib uğurla sınaqdan
keçirilmişdir.
Superfosfat gübrəsinin dənəvərləşdirilməsi
və qurudulması texnologiyası, tərkibində vanadium
mikroelementi olan superfosfat gübrəsinin alınma
texnologiyası, pambıqtəmizləmə zavodlarının
tullantılarından natrium karboksimetilsellülozun və kapsuləmələgətirən
polimerlərin yeni nəslinin yaradılması texnologiyaları
işlənib hazırlanmışdır. Karboksimetilsellülozun
müxtəlif duzlarının yeni quruducu sistemlərdə
qurudulması texnologiyaları, dənəvər
materialların örtük əmələgətirici polimerlərlə
kapsullaşdırılması prosesinin texnologiyası işlənib
hazırlanmış və kənd təsərrüfatında,
sənayenin müxtəlif sahələrində tətbiq
olunması üçün təklif edilmişdir.
Fərdi
C1-C6 karbohidrogenlərin
və ya onların sənaye qarışıqlarının
“qaynar lay” reaktorunda tam xlorlaşması ilə bir mərhələdə
qiymətli C1-C6 xlorkarbonlar və
karbon klasterlərin (C60-C70 fulleren və nanoborucuqların) fasiləsiz
alınma texnologiyası işlənilmiş, bu texnoloji
prosesin təcrübi zavodlarda
realizə olunması tövsiyə olunmuşdur.
İnstitutun inkişafı və yüksəlişi onun
elmi potensialı ilə müəyyən olunur. Hazırada institutda 260 əməkdaş
çalışır, onlardan 99-u elmi işçidir, o
cümlədən 1-i akademik, 5-i AMEA-nın müxbir
üzvü, 15-i elmlər doktoru və 40-ı fəlsəfə doktorudur.
İnstitutun
fəaliyyəti dövründə əməkdaşlar tərəfindən
25 kitab, 9 monoqrafiya, 3 biblioqrafiya, 2100-dən artıq konfrans
materialları, 1000-ə yaxın müəlliflik şəhadətnamələri,
bundan əlavə, 2000-ə yaxın məqalə respublika və
xarici mətbuatda çap olunmuşdur.
İnstitutun əməkdaşları tərəfindən
13 qrant alınmışdır. Bunlardan 8-i xarici qrant,
5-i Azərbaycan Prezidenti yanında Elm Fondunun və Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin
qrantlarıdır.
İnstitutun
əməkdaşlarının elmi fəaliyyəti dövlətimiz
tərəfindən yüksək qiymətləndirilmişdir:
İnstitutun
sabiq direktoru A.A.Əfəndiyevin fəaliyyəti dəfələrlə
təşəkkür və tərifnamə ilə qeyd
edilmiş, o, “Şərəf nişanı”, “Şöhrət”
ordenləri, Azərbaycan Elmlər Akademiyasının Fəxri
fərmanları və Ankara Orta Şərq Texniki Universitetinin
xatirə medalı ilə təltif edilmişdir. 2005-ci ildə Azərbaycan elminin
inkişafındakı xidmətlərinə görə Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə ona “Əməkdar
elm xadimi” Fəxri adı verilmişdir.
AMEA-nın
müxbir üzvü M.S.Salahov Respublika Elmi Tədqiqatların
Təşkili və Əlaqələndirilməsi
Şurası üzvi kimya Elmi İstiqaməti üzrə
Problem Şurasının sədri, Elmi inkişaf üzrə
Beynəlxalq Şura Beynəlxalq
Elmlər Akademiyasının akademiki, Lütfi-Zadə adına
Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi
üzvü, Azərbaycan Respublikasının Əməkdar
İxtiraçısı, Azərbaycan Memarlar
İttifaqının fəxri üzvüdür. O, elm sahəsindəki
nailiyyətlərinə görə “Şöhrət” ordeni,
Beynəxalq Elmlər Akademiyasının “Qızıl
döş nişanı”, akademik Y.H.Məmmədəliyev və
Akademik M.M.Mehdizadə medalları, Rusiya Elmi Texniki
Yaradıcılıq Sərgisinin 2010-cu il laureat diplomuna layiq
görülmüşdür. M.S.Salahovun rəhbərliyi
ilə İnstitutda 1979-cu ildə “Gənc Kimyaçılar” məktəbi
yaradılmış, bu məktəb əsasında sonradan
Sumqayıt şəhərində “Təbiət elmləri təmayüllü
gimnaziya” fəaliyyətə başlamışdır.
AMEA-nın
müxbir üzvü A.M.Quliyev “Yüksəkmolekullu birləşmələr
kimyası” üzrə Problem Şurasının sədri,
AMEA-nın Kimya Elmləri Bölməsi Bürosunun, Azərbaycan
“Kimya” jurnalının Redaksiya heyətinin və Azərbaycan
Respublikası Prezidentinin yanında Ali Attestasiya
Komissiyasının kimya elmləri üzrə Ekspert
Şurasının üzvüdür. A.M.Quliyev Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə “Əməkdar elm xadimi”
Fəxri adı və AMEA-nın Fəxri fərmanı ilə
təltif olunmuşdur.
AMEA-nın
müxbir üzvü, texnika elmləri
doktoru, professor Y.İ.Rüstəmov elmdə əldə etdiyi yüksək
nailiyyətlərə və texnologiya sahəsindəki işlərinə
görə “SSRİ ixtiraçısı”, SSRİ XTNS-nin
“Gümüş medalı”, Respublikanın “Şöhrət”
ordeni, D.İ.Mendeleyev Cəmiyyətinin Diplomu və çoxlu
Fəxri fərmanlarla təltif edilmişdir.
AMEA-nın müxbir üzvü V.C.Cəfərov
2007-2011-ci illərdə Gürcüstan Respublikasında
(Tbilisi şəhəri) keçirilən Beynəlxalq
konfranslarda plenar məruzələrinə görə
Gürcüstan Kimya Cəmiyyətinin diplomları ilə təltif
olunmuşdur.
AMEA-nın müxbir üzvü B.Ə.Məmmədov
Tomson Reyters şirkətinin Fəxri fərman və
mükafatına layiq görülmüşdür.
Kimya elmləri
doktoru T.A.Aslanov 2010-cu ildə Amerika Bioqrafiya İnstitutunda
keçirilən sorğuya görə “İlin adamı” (tibb
və sağlamlıq sahəsində) adına
layiq görülmüşdür.
İnstitutda “Gənc Alim və Mütəxəssislər
Şurası” fəaliyyət göstərir.
İnstitutun alimləri uzun illər ərzində
keçmiş SSRİ-nin və digər ölkələrin
akademik və elmi-tədiqat institutları ilə sıx əlaqə
saxlamışlar, bu əlaqələr indi də davam etdirilir.
Alimlərimiz müxtəlif təhsil ocaqlarında
pedaqoji fəaliyyətlə məşğul olaraq gənc nəslin
təhsili sahəsində fəal iştirak edirlər.
AMEA-nın müxbir üzvü M.S.Salahov Respublika Müəllimlər
İttifaqı idarə heyətinin üzvü, bu təşkilatın
Sumqayıt şöbəsinin sədri, Bakı Dövlət
Universitetinin professorudur.
AMEA-nın
müxbir üzvü A.M.Quliyev Sumqayıt Dövlət
Universitetində neft kimyası və kimya texnologiyası kafedrasının
professorudur.
Kimya elmləri
doktoru, professor A.M.Mustafayev uzun
illərdir ki, Bakı Dövlət Universitetinin Üzvi kimya
kafedrasında “Zərif üzvi sintez” və “Tətbiqi üzvi
kimya” fənnlərindən mühazirələr oxuyur.
Akademiyanın müxbir üzvü V.C.Cəfərov
Sumqayıt Dövlət Universitetinin “Ekologiya və təbiətdən
istifadə” kafedrasının professorudur.
Kimya elmləri
doktoru, professor N.T.Qəhrəmanov Azərbaycan
Dövlət Neft Akademiyasında fəaliyyət göstərir.
Alimlərimizin rəhbərliyi ilə bir çox magistr
və doktorluq dissertasiyaları müvəffəqiyyətlə
müdafiə olunur. Hazırda institutda 12 doktorant və 5 dissertant elmi iş
üzərində çalışır.
AMEA-nın
digər institutları (Yusif Məmmədəliyev adına Neft
Kimya Prosesləri İnstitutu, Geologiya İnstitutu, Radiasiya
Problemləri İnstitutu və s.), ali təhsil müəssisələri
Azərbaycan Tibb Universiteti ilə birgə fəaliyyət
üzrə müqavilələr bağlanır, multidisisplinar
tədqiqat proqramları tərtib edilir.
Hazırda İnstitutda sürətli yenidənqurma
işləri aparılır. İnstitutun binası,
laboratoriyaları təmir olunur, elmi mövzularına yenidən
baxılır, onlar həm fundamental, həm də tətbiqi cəhətdən
əhəmiyyətli olan müasir istiqamətlərə
yönəldilir.
Ali məktəblərlə əlaqələri möhkəmləndirmək,
tələbə və magistrantlarda tədqiqatçılıq
və peşə fəaliyyəti ücün zəruri olan
bilik və vərdişlərin formalaşdırılması,
elmin bu sahəsində olan innovasiyaların tədris prosesinə
tətbiqi məqsədi ilə BDU-nun yüksəkmolekullu birləşmələr
kimyası kafedrasının PMİ-də filialının
yaradılması üçün razılaşma əldə
edilmişdir.
PMİ-də SDU-nun “Polimer materiallarının
texnologiyası” baza kafedrası yeni dərs ilində fəaliyyətə
başlayacaq.
Baza kafedrası AMEA PMİ-nin, respublikanın, xarici kimya müəssisələrinin və
şirkətlərinin tələblərini tam təmin edən
mütəxəssislərin hazırlanması, ali təhsilli
mütəxəssis hazırlanmasının əsas şərtləri
olan elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi,
magistr və doktorluq dissertasiyaların yerinə yetirilməsi məqsədlərini
daşıyır.
AMEA
PMİ ilə ADNA arasında işləmə müddəti
2020-ci ilin sonunadək olan konkret mövzu üzrə elmi-texniki
əməkdaşlıq haqqında müqavilə
imzalanmışdır. İşlər k.e.d.,
prof. Nəcəf Qəhrəmanov və t.e.d., prof. Kərəm
Şıxəliyevin rəhbərliyi altında aparılacaq.
Müqavilədə müxtəlif tipli modifikasiya olunmuş
polimer kompozitlərin alınması, tədqiqi və tətbiqi
sahəsində alınacaq nəticələr əsasında
birgə patent və elmi əsərlərin çap
olunması, dissertasiyaların işlənməsi nəzərdə
tutulur.
Azərbaycan
Respublikasında 2014-cü ilin “Sənaye ili elan edilməsi ilə
bağlı tədbirlər planı”nın
təsdiq edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin sərəncamının icrası ilə əlaqədar
AMEA Rəyasət Heyətinin qərarı ilə tanış
olan institut əməkdaşları AMEA-nın icraçı
olduğu bütün tədbirlərin həyata keçirilməsində
fəallıq göstərəcəklər.
Bu ilin
may ayının sonunda institut rəhbərliyinin
AMEA-nın və ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin
rəhbərləri ilə görüşü
keçirilmiş, göruşdə PMİ-nin hazırkı vəziyyəti,
problemləri, İB-yə daxil olan müəssisələrin
mövcud vəziyyəti, onların həlli vacib olan elm tutumlu
problemləri müəyyən edilmiş, birgə fəaliyyət proqramı
tərtib olunmuşdur. İB-nin “Etilen-polietilen” zavodunda
mövcud problemlərin araşdırılması, müzakirəsi
və həlli məqsədilə PMİ-nin və İB-nin əməkdaşlarından
ibarət yaradılmış işçi qrupların
görüşü keçirilmiş, gələcəkdə
regionda polipropilen, karbamid, metanol əsaslı istehsalatlar
yaradılacağı, qarşıya cıxan problemlərin həlli
üçün PMİ ilə birgə fəaliyyətin vacib
olduğu vurğulanmışdır.
Azərbaycan Respublikası Prezidenti yanında Elmin
İnkişafı Fondu və ARDNŞ-in Elm Fondu tərəfindən
maliyyələşdirilən qrant layihələrində
iştirak etmək üçün ilk addımlar
atılmışdır.
İnstitutda yerinə yetiriləcək işləri yeni
istiqamətə yönəltməklə “varislik-yenilik”
prinsipi üzrə davam etdirməklə multidissiplinar layihələrin
baza maliyyəsi olmadan ayrı-ayrı proqramlar üzrə həyata
keçirilməsi planlaşdırılır.
Layihələrdən
biri “Heterotsiklik birləşmələr laboratoriyası” ilə
(k.e.d., prof. Raiq Hacılı) ATU arasında 2 il
müddətə yerinə yetiriləcək —bərk və
inyeksiya forması alınmış, bioloji aktivliyi öyrənilmiş
4-morfolinometil nikotin turşusunun etil efirinə aid elmi-texniki
proqramdır. Digər layihə xüsusi təyinatlı
(radiasiyaya davamlı, lüminissentedici, elektroaktiv) polimer
kompozisiyaların yaradılması ilə əlaqədar
AMEA-nın Geologiya İnstitutu, Neft Kimya Prosesləri
İnstitutu, Radiasiya Problemləri İnstitutu ilə birlikdə yerinə yetiriləcək
proqramdır.
Bu gün
Polimer
Materialları İnstitutu özünün
dirçəliş dövrünü yaşamaqdadır. Bu
institutun fəaliyyətinin əvvəlkindən daha yüksək
səviyyədə bərpa olunması, onun müasir
avadanlıq, tədqiqat üsulları, yüksək ixtisaslı
gənc kadrlarla təmin olunması hörmətli Prezidentimiz
İlham Əliyevin və AMEA prezidenti akademik Akif Əlizadənin
qayğısı altındadır. Buna
bariz nümunə kimi bu yaxınlarda akademiya
üzvlüyünə keçirilən seçkilərdə
PMİ-yə 3 yer (bir akademik, iki müxbir üzv) ayrılmasıdır.
İnstitutun
kollektivi bu
etimadı doğruldacağına əmindir.
Akif Əzizov,
AMEA Polimer Materialları
İnstitutunun direktoru, akademik.
Respublika.-2014.- 10
iyul.- S.6.