İrəvan müsəlman sakinli vilayət olmuşdur*

 

Oxuculara təqdim olunan “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı (İbrahim Quliyev fars dilindən tərcümə etmişdir) Güney Azərbaycanın tanınmış tarixçisi, mərhum doktor Səməd Sərdariniyanın çoxsaylı əsərlərindən biridir. Müasir Güney Azərbaycan tarixşünaslığında az müəllif tapılar ki, onun kimi yorulmaq bilmədən faktları, mənbələri və arxiv sənədlərini tədqiq edərək, tarixi həqiqətləri üzə çıxarmaq sahəsində zəngin irs qoyub getmiş olsun. “Azərbaycan mədəni dünyada”, “Təbriz əvvəlinci şəhərdir”, “Təbrizin Mərkəzi qeybi”, “Əli Müsyo”, “Təbriz Universiteti”, “Azərbaycan mətbuat tarixi”, “Təbriz teatrı”, “Bağır xan Salari-Milli”, “Molla Nəsrəddin Təbrizdə”, “Arazın hər iki sahilində soyqırım”, “Azərbaycan məşhurları” (3 cilddə) əsərləri müəllifin elmi axtarışlarının və yaradıcılığının bir hissəsidir. Onun şəxsi arxivində daha yeddi kitab, onlarca sanballı elmi məqalə oxuculara təqdim olunacağı günü gözləyir.

XIX əsrin sonunda Daşnaksütyun partiyasının yaranması və erməni qatillərinin bu partiya sıralarında cəmləşməsi dənizdən-dənizə böyük Ermənistan haqda xülyanı formalaşdırdı və onu müsəlmanlara qarşı mübarizədə ideoloji hədəfə çevirdi. Daşnaksütyun partiyasının yaranması ilə Qərbi Azərbaycan torpaqları, o cümlədən İrəvan və onun ətrafındakı bölgələr erməni əsarətinə düşdü.

Doktor Səməd Sərdariniyanın kitabını vərəqlədikcə son yüz ildən artıq bir müddətdə erməni cəlladlarının azərbaycanlılara qarşı törətdikləri çoxsaylı qətllərin, talan və zorakılıqların geniş panoraması göz önündə canlanır. Müəllifin kitabındakı çoxsaylı tarixi faktlar bu gün İrəvanı özünə paytaxt etmiş ermənilərin tarixi keçmişi bilərəkdən təhrif edib saxtalaşdırmalarına tutarlı elmi cavabdır.

Doktor S.Sərdariniyanın kitabı 1999-cu ildə (1379) İranda fars dilində nəşr edilmişdir. İranda qondarma erməni soyqırımına aid onlarca yazı dərc olunduğu halda, ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə əlaqədar çıxan əsərləri barmaqla saymaq olar. Bu baxımdan, ictimaiyyətimizin diqqətinə təqdim edilən bu kitab xüsusi əhəmiyyətə malikdir. Təbii ki, bizim oxucumuz əsərin hansı şəraitdə qələmə alındığını və hansı auditoriyaya ünvanlandığını nəzərə almalıdır. Eyni zamanda, qeyd etməliyik ki, əsərdə işlənən bəzi ifadələr və terminlərdə kiçik dəqiqləşdirmələr aparılmışdır.

Əkrəm Rəhimli (Bije)

Həmin bölgələrdə  türk tayfalarını məskunlaşdırmağa başladı.

Gənc hökmdar qısa müddətdə mərkəzi hakimiyyəti möhkəmləndirdikdən və daxili asayişi bərpa etdikdən sonra işğal olunmuş torpaqların azad edilməsi uğrunda mübarizəyə qərar verdi. O, Xorasanı özbəklərin işğalından azad etməklə (hicri-qəməri tarixi ilə 1007-ci, miladi tarixi ilə 1598-ci il) Səfəvilərin nüfuz dairəsini Ceyhuna qədər genişləndirdi. Növbə osmanlılar tərəfindən işğal olunmuş torpaqlara çatdı. Məlum olduğu kimi, Tiflis, Çuxursəd, Qarabağ, Şirvan, Təbriz, Nəhavənd hicri-qəməri tarixi ilə 998-ci ildə (miladi tarixi ilə 1590-cı il) bağlanmış müqavilə əsasında osmanlıların əlinə keçmişdi. Osmanlı dövləti digər əyalətlərdə olduğu kimi, bu yerlərdə də hərbi-inzibati strukturlar yaratmışdı.

Bu dövrdə Osmanlıların Avstriyaya hərbi yürüşü  gözlənildiyinin əksinə olaraq illərlə uzanmış və uğursuzluqla nəticələnmişdi. Digər tərəfdən, Osmanlı dövlətini əsgərlə təmin edən əsas mərkəzlərdə, o cümlədən Anadoluda iğtişaşlar baş vermişdi. Sərhəd bölgələrində yerləşən bəylərbəyliklər də bu zaman xeyli zəifləmiş və qızılbaşların hücumlarının qarşısını almaq gücündə deyildilər. Şah Abbas hicri-qəməri tarixi ilə 1012-ci ildə (miladi tarixi ilə 1603-cü ildə) Qazi adlı qüdrətli hakimlərdən birinin dəstəyi ilə Osmanlı ordusu ilə müharibəyə başladı və onu uğurla başa çatdırdı. O, bütün itirilmiş əyalətləri geri aldıqdan sonra Bağdadı fəth etdi”.

Şah Abbas Təbrizi osmanlılılardan azad etdikdən sonra Naxçıvan uğrunda mübarizəyə başladı. O, eyni vaxtda diqqətini İrəvana yönəltdi. Ordu şəhərin bir fərsəngliyində dayanmışdı. Nəsrullah Fəlsəfi yazır: “Bu zaman İrəvanda üç qala var idi: biri, hicri-qəməri tarixi ilə 991-ci ildə türk sərdarı Fərhad paşa tərəfindən tikilmişdi. O,  Şah Abbasın atası Sultan Məhəmməd Xudabəndə ilə müharibə apardığı zaman qalanın inşa edilməsi barədə fərman vermişdi. Ona “Köhnə qala” deyirdilər. Həmin qalanın cənub-qərbində böyük bir təpənin üstündə ucaldılmış kiçik qalaya isə “Kuzəçi qalası” adı verilmişdi. üçüncü qala isə Şərif paşanın fərmanı ilə ucaldılmış “Yeni qala” idi. Bu üç qalada və onların ətrafında 12 min türk əsgəri cəmlənmişdi. Onlar müdafiə və müharibəyə hazır vəziyyətdə idilər. Şah Abbas öz qoşunlarını bir neçə dəstəyə böldü: O, Azərbaycan ordusunun rəhbəri Zülfüqar xana “Kuzəçi qalası”nı ələ keçirməyi tapşırdı, digər məşhur sərkərdə Qırçığai bəyi isə öz xüsusi mühafizəçiləri ilə birgə “Köhnə qala”nın qarşısında qoydu. Bu zaman Osmanlı topçuları qala divarlarının üstündən Şah Abbasın əsgərlərini mərmi yağışına tutdular. Bir neçə sərkərdə və xeyli sayda qızılbaş əsgəri həlak oldu. Vəziyyətin gərginləşdiyini görən Şah Abbas topçubaşı Bərxurdar bəy Ənisə əmr etdi ki, İrəvan şəhərində top töksün   osmanlılardan alınmış bir neçə topu  təcili olaraq Təbrizdən İrəvana gətirsinlər.

Bərxurdar bəy əvvəldən düzəldilmiş topları işə salmaqla bərabər, qısa zamanda “Fəth topu” adlanan yeni bir top da tökdü. Bir aydan sonra isə (həmin ilin şəvval ayının 22-də) “Nüsrət” adlı başqa bir topu orduya təhvil verdi. Şah Abbasın əmri ilə birinci top  Kuzəçi qalası”nı nişan almaq üçün Zülfüqar xana verildi. Həmin vaxta qədər nə səngər qazmaq, nə də “Köhnə qala”ya yaxınlaşmaq mümkün olmuşdu. Zülfüqar xan top əldə etdikdən sonra qısa müddət ərzində “Kuzəçi qalası” ələ keçirə bildi. Bundan sonra qoşun səngər düzəldib, digər iki qalaya doğru hərəkətə keçdi.

...“Kuzəçi qalası” ələ keçiriləndən sonra Şah Abbas Qırçığai bəyə “Yeni qala” tutmağı əmr etdi. O, Xorasan tüfəngçilərinin bir dəstəsini və öz xüsusi mühafizəçilərini də onun komandanlığına verdi. Zülfüqar xan Fərmanlını isə “Köhnə qala” mühasirəyə almağa göndərdi və yeni düzəldilmiş toplardan birini onun ixtiyarına verdi. Şah, eyni zamanda, “Köhnə qala”nın qarşısında hündür bir təpə qurulması haqqında da fərman verdi.  Məqsəd həm ordunu düşmən gülləsindən qorumaq, həm də təpənin üstündən qala müdafiəçilərini nişan almaq idi. Həmin dövrdə Səfəvilər dövlətində olmuş  xarici səfirlərdən biri bu barədə yazır: “İrəvan qalasının mühasirəsi zamanı Şah Abbas sərkərdə və əsgərlərinə göstəriş verdi ki, qala ilə ordu arasında hündür təpədən istifadə etsinlər. Məqsəd şahın ordusuna  tuşlanmış düşmən toplarının atəşlərinin qarşısını almaq idi. Bu işi görmək üçün həmin vilayətdən 13-14 min adam toplandı. Onları sərkərdə və əsgərlər arasında böldülər. Adamlar sürətlə və intizamlı şəkildə işləyir, heç kim başqasına mane olmurdu. Şahın əmrinə görə kimsə dəstədən qabağa keçə bilməzdi. Çünki qaladan atılan top və tüfənglərin səsindən heç kəs heç kəsin səsini eşitmirdi. Həlak olanları yerindəcə torpağa tapşırırdılar. Təpənin qurulması gecə-gündüz davam etdi... Osmanlı əsgərləri bir neçə dəfə qaladan çıxıb, torpaq daşıyanların üzərinə hücuma keçdilər. Xeyli insan həlak oldu. Lakin işçilər çox olduğundan və şahın fərmanı ilə yaxın qəsəbələrdən hər gün yeni insanlar gətirildiyindən onların sayı azalmırdı”.

Nəhayət, hicri-qəməri tarixi ilə 1012-ci ilin zilhiccə ayının 28-də (cümə günü) “Yeni qala” Qorçığay bəyin tüfəngçilərinin əlinə keçdi. Bundan sonra “Köhnə qala” da qızılbaş əsgərləri tərəfindən mühasirəyə alındı. Türk sərkərdəsi Şərif paşa məğlub olduqlarını görüb sülh müqaviləsi bağlamağı təklif etdi. O, təslim olmazdan öncə şahdan qala sakinlərinə və əsgərlərə aman verilməsini istədi. Şah təkliflə razılaşaraq amannaməni (Əfv fərmanı) imzalayıb qalaya göndərdi. Lakin elə həmin vaxt qala müdafiəçilərinə xəbər gəldi ki, Osmanlı sultanı onlara kömək məqsədilə qoşun göndərib. Ağ bayraq qaldırılandan bir neçə gün sonra qalanın müdafiəçiləri fikirlərini dəyişdiklərini bəyan etdilər. Belə olan təqdirdə, Şah Abbas  yenidən qalaya hücum etmək əmri verdi.

“...Bu hadisə hicri-qəməri tarixi ilə 1013-cü ilin məhərrəm ayının əvvəllərində baş verdi. Müharibə getməsinə baxmayaraq, həmin günlərdə də şiələr Kərbəla müsibətini unutmamışdılar. Aşura gecəsində əzadarlıq mərasimi keçirən qızılbaş ordusundan elə bir fəryad və nalə ucaldı ki, “Köhnə qala”dakı adamlar qorxuya düşdülər. Onlar elə güman etdilər ki, şah qəfil hücum əmri verib. Buna görə də qaladakılar dərhal təslim olmağı qərara aldılar. Şərif paşa ikinci dəfə sülh təklif etdi və ordu komandirlərindən birini üzr istəmək üçün şahın qərargahına göndərdi... Elçi məsələdən hali olduqdan sonra Kərbəla faciəsinə acıyaraq imam Hüseyn müsibətindən şəfaət dilədi. Şah onun xahişini qəbul edib qala əhlinin malına və canına toxunmadı”.

“Çuxursəd əyalətində yaşayan sədlular bu döyüşlərdə iştirak etmək məqsədilə şahın yanına gəlib, ona öz xidmətlərini təklif etdilər. Şah onları hörmətlə qəbul edib, arzularını yerinə yetirdi. Onlar qalalara hücumlarda əsl şücaət və qəhrəmanlıq göstərdilər. Şah Abbas da onların bu xidmətlərini xüsusi dəyərləndirərək Qağəzamanı Sultan Sədlunun ixtiyarına verdi. Həmin qəbilənin başqa bir əmiri Əliqulu Soltan isə Osmanlılara xidmət etməyə getmişdi. Lakin onun oğlu Mehdiqulu bəy atasından üz döndərərək İrəvanda şahın hüzuruna gəldi”.

O dövrdə baş verən mühüm hadisələrdən biri də cəlalilərin bu şəhərə (İrəvana) sığınmasıdır. Nəsrullah Fəlsəfi yazır: “... Bu dövrdə Osmanlı dövləti həm daxildən, həm də xaricdən basqılar altında idi. Tədbirli və təcrübəli böyük vəzir, adlı-sanlı türk sərkərdələrindən biri olan Murad paşanın başı ölkənin qərb sərhədlərində xristianlarla müharibəyə qarışmışdı. Fürsətdən istifadə edən cəlalilər Osmanlı dövlətinə qarşı qiyama qalxdılar. Osmanlı sultanı Murad paşaya dərhal cəlalilərin fitnəsini dəf etməyi tapşırdı. Xristianlarla müharibəni dayandırmağa məcbur olan Murad paşa ordunu Hələbə doğru çəkdi.

O, tezliklə siyasi yolla Canpolad oğlunu və Təvili aradan götürdü. Murad paşanın qoşunları hicri-qəməri tarixi ilə 1017-ci ildə Təvilin qardaşı Məhəmmədlə ittifaqa girdi və 20 minə yaxın süvari döyüşçüsü olan Qələndəroğlunu da məhv etdi. Cəlalilər Ərzuruma qaçmağa məcbur oldular. Oradan isə bir nəfəri İrəvan hakimi Əmirgunə xanın yanına göndərib, ondan sığınacaq istədilər. Əmirgunə xan da razılıq verdikdən sonra onlar bu vilayətə sığındılar. Bununla bərabər, cəlalilər Şah Abbasın sarayına elçi yolladılar. Həmin elçi vasitəsilə göndərdikləri məktubda şahı sevdiklərini bildirir, onun xidmətində dayanmağa hazır olduqlarını bəyan edirdilər. Məktubda daha sonra qeyd olunurdu ki, əgər şah Osmanlı sultanına qarşı müharibəyə qalxsa, onlar cani-dildən qızılbaş hökmdarına xidmət edəcəklər...

Cəlalilər İrəvana yaxınlaşanda Əmirgunə xan qızılbaş rəhbərlərindən və əyanlarından ibarət bir heyət düzəldib onları qarşılamağa göndərdi. Qonaqpərvərliklə qarşılanan, müxtəlif tayfalardan ibarət təxminən 10 min nəfərlik dəstə İrəvanın üç fərsəngliyində Üçkilsə adlanan ərazidə yerləşdirildi. Sonra onların hamısı Təbrizə göndərildi...”.

Bu hadisədən bir neçə il sonra Osmanlılar İrəvana və bütövlükdə Azərbaycana hücum etmək qərarına gəldilər. Hətta bu məqsədlə mütəşəkkil bir ordu da yaratdılar. Lakin məqsədlərini həyata keçirə bilmədilər. “I Şah Abbasın həyatı” kitabında oxuyuruq: “Hicri-qəməri tarixi ilə 1025-ci ilin şaban ayında Osmanlı dövlətinin baş vəziri  Məhəmməd paşa çoxsaylı ordu ilə İrəvana doğru hərəkət etdi. O, bundan bir il əvvəl Osmanlı sultanı Əhməd xanın fərmanı ilə Azərbaycana hücum etmək tapşırığı almış və qoşun toplamaq üçün Diyarbəkr şəhərində iqamətgah yaratmışdı. Qoşun Misirdən, Şamdan, Anadoludan, Trablisdən, Beyn-ül nəhrdən və digər Osmanlı müstəmləkələrindən toplanmışdı. Bu xəbər Şah Abbasa çatan kimi o, İsfahan tüfəngçilərinin başçısı Mirfəttahın, qızılbaşın tanınmış sərkərdələrindən olan Əmirgunə xan Qacarın komandanlığı ilə odlu silahla silahlanmış bir hərbi bölüyü  İrəvan qalasını müdafiə etməyə göndərdi. Şah tüfəngçilərinin komandiri və artilleriya rəisi Qırçığai bəyə, fars bəylərbəyi İmamqulu xan kimi digər adlı-sanlı sərkərdələrə isə Osmanlı qoşununu izləməyi, onları şərqdən və qərbdən mühasirəyə almağı tapşırdı. Onlar  qoşuna azuqə gələn yolu bağlamalı, gözlənilməz hücum və həmlələrlə Osmanlı ordusunun İrəvan qalasını ələ keçirməsinin qarşısını almalı idilər.

Həmin ilin şəvval ayının axırına qədər Məhəmməd paşa İrəvan qalasını mühasirədə saxladı, amma qalanın müdafiəçilərinin iradəsini qıra bilmədi. Osmanlılar  top atəşləri ilə bir neçə dəfə qala divarlarını dağıtsalar da, onu ələ keçirə bilmədilər. Eyni zamanda, Qırçığai bəyin və İmamqulu xanın dəstəsi də qəfil həmlələrlə, ərzaq gətirilən yolu bağlamaqla Osmanlı ordusuna böyük ziyan vurdu. Ərzaq çatışmazlığı, soyuq hava şəraiti, ağır xəstəliklər mühasirəni davam etdirməyə imkan vermədiyindən, türk sərkərdəsi məcbur olub Şah Abbasın yanına elçi göndərdi və ona sülh bağlamağı təklif etdi. Lakin sülh şərtlərinin tez-tez pozulması Nüsuh paşanı və Qazi xanı qoşunların ön hissəsini  geri çəkməyə vadar etdi... Məhəmməd paşa İrəvanın mühasirəsindən əl çəkib, Qazi xanla birlikdə Ərzuruma qayıtdı. Tərəflər arasında sülh şərtləri tam razılaşdırıldıqdan sonra o, Qazi xanı yenidən şahın yanına göndərdi, özü isə digər türk sərkərdələri ilə birlikdə  İstanbula yola duşdü”.

İskəndər bəy Türkmən “Tarixi-aləmaraye-Abbasi”də şah qoşunlarının İrəvanı müdafiə etməsini təfsilatı ilə şərh etmişdir.

Rum (Osmanlı) ordusu çıxıb gedəndən sonra, yəni hicri-qəməri tarixi ilə 1015-ci ildə qoşun başçıları və əsgərlər möhtəşəm bir qələbə paradı düzənlədilər. Şah Əğrəqin ordusunu Bərgüşada tərəf göndərib, özü yaxın adamları ilə birgə həmin şənliyə qatıldı. O, şənlikdən sonra “Yeni qala” bir daha nəzərdən keçirdi, Əmirgunə xana və digər sərkərdələrə şahanə bir nəvaziş göstərdi. Əmirgunə xan döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlığa görə “Sarı Aslan” adına layiq görüldü”.

Şah Abbasın xüsusi ehtiramla yanaşdığı Əmirgunə xan qacarlar tayfasının ən məşhur şəxslərindən idi. O, Çuxursədin azad edilməsində göstərdiyi  xidmətlərə görə həmin yerin bəylərbəyi oldu. Əmirgunə xan  hicri-qəməri tarixi ilə 1035-ci ildə (miladi tarixi ilə 1623-cü ildə) vəfat etdi. O, ömrünün sonunadək həmin vəzifəni daşıdı”.

Şah Abbasın xüsusi münəccimi Cəlaləddin Məhəmməd Yəzdi “Tarixe-Abbasi” adlı əsərində yazır: “Çuxursəd hakimi Əmirgunə xan Qacar davada kürəyindən aldığı güllə və ayağından aldığı ox yarasını özü müalicə etdi. Deyilənə görə, o, gülləni öz əliylə kürəyindən çıxararaq, yerinə məlhəm qoyub tikmişdi”.

Hicri-qəməri tarixi ilə 1032-ci ildə Əmirgunə xan I Şah Abbas tərəfindən əmr aldı ki, Gürcüstana məxsus Axısqa bölgəsini tutsun və qiyama qalxmış gürcüləri sakitləşdirsin. Hicri-qəməri tarixi ilə 1035-ci ildə gürcülərlə aparılan digər bir müharibədə Əmirgunə xan yaralandı və müalicə olunmaq üçün İrəvana yollandı. O, İrəvanda həmin yaradan vəfat etdi   Şah Abbas onun vəzifəsini oğlu Təhmasibqulu xana tapşırdı.

Oleari  (A.Oleari) hicri-qəməri tarixi ilə 1049-cu ildə (miladi tarixi ilə 1639-cu ildə) tamamladığı və 1656-cı ildə yenidən çap etdirdiyi əsərinin 668-670-ci səhifələrində Səfəvilər dövlətinin maliyyə vəziyyətinə toxunur. O, şah sarayının vergilərdən gəlirinin 8 milyon rayeştaler (yəni, bəzi mənbələrin göstərdiyi kimi, 640 min tümən yox, 160 min tümən) olduğunu yazır. Onun bildirdiyinə görə, həmin məbləğin  bir  milyondan çoxu Qəndəhardan, təxminən, bir o qədəri də İrəvan və Babildən (Bağdaddan) toplanırdı.

 İrəvan sonuncu Səfəvi şahları dövründə

Hicri-qəməri tarixi ilə 1038-ci ildə I Şah Abbas vəfat etdi. Həmin ilin cəmadiüs-sani ayında onun nəvəsi Əbu Nəsir Sam Mirzə I Şah Səfi adı ilə İsfahanda hakimiyyətə gəldi. O, hicri-qəməri tarixi ilə 1041-ci ildə İrəvanda hakimlik, Çuxursəddə bəylərbəyilik edən Təhmasibqulu xana Azərbaycana basqın edənləri cəzalandırmağı əmr etdi. Təhmasibqulu xan da  basqınçıları darmadığın edərək onları Diyarbəkrə qədər qovub, qələbəylə geri qayıtdı.

Osmanlı sultanı IV Murad Şah Abbasın ölümündən sonra Səfəvilər dövlətinin daxilində baş verən qarşıdurmalardan istifadə etmək qərarına gəldi. O, Bağdadı, Azərbaycanı işğal etməklə Şah Abbas dövründəki məğlubiyyətlərin əvəzini çıxmaq istədi. Osmanlılar Səfəvi dövlətinə qarşı hücuma başlasalar da, onların qarşısı alındı. Belə olan halda, Sultan Murad şəxsən özü orduya rəhbərlik etmək qərarına gəldi. O, hicri-qəməri tarixi ilə 1045-ci ildə İrəvana hücum etdi. Şəhər Əmirgunə xanın oğlu Təhmasibqulu xan tərəfindən Osmanlılara təslim edildi. Bu hadisəyə Osmanlı tarixçiləri müfəssəl şəkildə toxunmuşlar. Onlar yazırlar ki, IV Sultan Murad Əmirgunənin oğlunun bu addımından sonra ona xüsusi diqqət yetirdi. O,  Boğaz adlı məhəlləyə köçdü və həmin məhəllə bu gün də Əmirgunənin oğlunun adı ilə “Əmirqan” adlanır. Osmanlılar İrəvanı tutduqdan sonra Təbrizə doğru hərəkət etdilər. Lakin Sultan Murad Təbrizi işğal edə bilmədi, ətraf kəndlərdə və qəsəbələrdə dağıntılar törətdikdən sonra İstanbula qayıtdı.

 

əvvəli, ardı var

 

Respublika.-2014.- 10 iyul.- S.7.