Neft-Kimya
Prosesləri İnstitutu: tarixi və uğurları
Azərbaycan
neft-kimya sənayesinin güclü elmi bazası olan AMEA-nın
akademik Y.H.Məmmədəliyev adına
Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) böyük və
şərəfli inkişaf yolu keçmişdir. XIX əsrin ikinci yarısında Azərbaycanda neftlə
zəngin yataqların kəşf edilməsi və keçən
əsrin 20-ci illərində neftin sonrakı intensiv hasili və
emalı neft emalında və neft kimyasında fundamental, təcrübi
tədqiqatların intensivləşdirilməsi məsələsini
qarşıya qoymuşdu. Bununla əlaqədar
olaraq 1920-ci ildə “Azneft” birliyi nəzdində mərkəzi
kimya laboratoriyası və sonra 1929-cu ildə onun bazasında
Azərbaycan Neft Tədqiqat İnstitutu (AzNTİ)
yaradıldı. Həmin tarix indiki
NKPİ-nin yaradılma tarixi hesab olunur.
1959-cu ildə
akademik Y.H.Məmmədəliyevin təşəbbüsü
ilə AzNTİ, Azərbaycan Neft Emalı Elmi-Tədqiqat
İnstitutu (AzNEETİ) və Azərbaycan Elmlər
Akademiyasının Kimya İnstitutunun bir sıra
laboratoriyaları əsasında Elmlər Akademiyası sistemində
Neft-kimya Prosesləri İnstitutu yaradılmışdır. Yeni yaradılmış bu institut respublikada və
ölkədə ən böyük və aparıcı elmi mərkəzə
çevrilmişdir və 1962-ci ildə instituta akademik Y.H.Məmmədəliyevin
adı verilmişdir. 1965-1969-cu illərdə NKPİ-nin
laboratoriyaları bazasında daha beş elmi-tədqiqat
institutları, yəni akademik Ə.M.Quliyev adına Aşqarlar
Kimyası İnstitutu; akademik M.F.Nağıyev adına Kimya
Texnologiyalarının Nəzəri Problemləri, indiki Kataliz
və Qeyri-üzvi Kimya İnstitutu; ÜİET Qaz Emalı
İnstitutun Azərbaycan filialı; NKPİ-nin Sumqayıt
filialı—indiki Polimer Materialları İnstitutu; Radiasiya Tədqiqatları
Sektoru—indiki Radiasiya Problemləri İnstitutu yaradıldı. Beləliklə, NKPİ faktiki olaraq Azərbaycanda
kimya elminin və sənayesinin yaranmasına və
inkişafına böyük təkan vermiş oldu.
1959-1962-ci illərdə Neft-Kimya Prosesləri
İnstitutunun ilk direktoru M.F.Nağıyev olmuş, sonra bu
instituta 1962-1987-ci illərdə akademik V.S.Əliyev, 1987-2011-ci
illərdə akademik M.İ.Rüstəmov rəhbərlik
etmişdir. 2011-ci ildən instituta akademik, k.e.d, professor V.M.Abbasov
rəhbərlik edir.
Öz fəaliyyəti
dövründə institutun alimlərinin elmi işləri Azərbaycan
neftinin tədqiqinə, yüksək keyfiyyətli yanacaq və
yağların alınması məqsədi ilə onların
effektiv emalının elmi əsaslarının işlənilməsinə,
neft kimyası və neft emalı prosesləri üçün
yeni texnologiyalar və katalizatorların yaradılmasına,
kataliz, üzvi kimya, yüksəkmolekullu birləşmələr
kimyası, fiziki kimya, neft-kimya sintezi sahəsində fundamental
tədqiqatların aparılmasına və Azərbaycan neft
kimyası və neft emalı sənayesinin kompleks inkişaf
sxemlərinin işlənib hazırlanmasına həsr
olunmuşdur. Neftin tədqiqi və emalı sahəsində
aparılan tədqiqatların inkişafında və milli
kadrların hazırlanmasında L.Q.Qurviç, N.D.Zelinski,
S.S.Namyotkin kimi çox tanınmış rus alimləri öz
töhfəsini vermişdir. Onların
arasında eyni zamanda institutda müxtəlif illərdə məşhur
Azərbaycan alimləri Y.H.Məmmədəliyev,
M.F.Nağıyev, V.S.Əliyev, A.M.Quliyev, R.H.İsmayılov,
S.C.Mehdiyev fəaliyyət göstərmişlər.
Hazırda institutda öz elmi məktəblərini
yaratmış və dünya miqyasında elmi uğurları
ilə tanınan akademiklər M.İ.Rüstəmov, M.Ə.Məmmədyarov,
N.M.Seyidov, AMEA-nın həqiqi üzvləri V.M.Abbasov,
A.H.Əzizov, D.B.Tağıyev, müxbir üzvləri
F.İ.Səmədova, N.F.Canıbəyov, H.M.Əlimərdanov,
Z.H.Əsədov və onlarla elmlər doktoru fəaliyyət
göstərir. Bu alimlərin fundamental tədqiqatlarına
əsasən yeni elmi istiqamətlərin bünövrəsi
qoyulmuş, ölkəmizə dəyərli töhfəsini
vermiş neft emalı, neft kimyası sahəsində mütəxəssislər,
kimyaçı-texnoloqlar məktəbi yaranmışdır.
NKPİ-nin alimlərinin apardığı tədqiqatların
nəticələri və verdikləri tövsiyələr
müxtəlif illərdə sənaye miqyasında nəinki Azərbaycanda,
eləcə də keçmiş Sovet İttifaqının və
xarici ölkələrin neft emalı və neft kimyası
zavodlarında uğurla tətbiq olunmuşdur. Ölkənin
kimya elminin, xüsusilə də neft kimyasının, sənaye
kimyasının və üzvi sintezin inkişafında akademik
Y.H.Məmmədəliyevin rolu son dərəcə
mühümdür. XX əsrin 30-cu illərində onun rəhbərliyi
altında təbii qaz neft-kimya sintezinə cəlb edilmiş və
onun əsasında bir sıra qiymətli neft-kimya məhsullarının—karbon
dörd xlorid, etil spirti, sintetik kauçuk, hidrogen və s.
alınmasının sənayedə istehsalı təşkil
olunmuşdur. Benzolun metilləşməsi və
ksilolların dismutasiyası sahəsində apardığı
işlərə görə o, SSRİ alimləri arasında
“Alkilləşmənin kralı”
adlandırılmışdır. Onun
yaratdığı benzolun sulfat turşusu ilə alkilləşməsi
yolu ilə kumolun alınması prosesi Böyük Vətən
müharibəsi illərində cəbhəni yüksək
oktanlı benzinlə təmin etmişdir. Bu
işlərə görə 1942 və 1946-cı illərdə
Y.H.Məmmədəliyev, V.S.Qutirya və başqaları SSRİ
Dövlət Mükafatına layiq görülmüşlər.
NKPİ-də heterogen-katalitik proseslərin yeni sistemlərinin
yaradılması və elmi əsaslarının işlənib
hazırlanması sahəsində elmi və praktiki tədqiqatlar
inkişaf etdirilərək akademiklər V.S.Əliyev və
M.İ.Rüstəmovun rəhbərliyi ilə SSRİ-də
ilk dəfə olaraq, mütərəqqi texnoloji sistemlər və
“lift” reaktor konstruksiyaları işlənib
hazırlanmış, tətbiq üçün tövsiyə
edilmişdir. Bu sistemləri tətbiq etməklə
iki pilləli katalitik krekinq prosesi işlənib
hazırlanmış və sənayedə tətbiq
olunmuşdur. Bu iş 1982-ci ildə Azərbaycan
Respublikasının Dövlət Mükafatına layiq
görülmüşdür. Reaktiv və dizel
yanacaqlarının, az özlülüklü yağların,
karbamidin izopropil spirti məhlulunda fazaların qravitasiyası
ilə ayrılmasının nəzəri əsasları
işlənməklə proses yaradılaraq, aşağı
donma temperaturlu dizel yanacağının və transformator
yağının sənayedə istehsalı təşkil
olunmuş, MDB məkanındakı NEZ-də məhsuldarlığı
0,5 mln ton olan beş sənaye qurğusu inşa edilmişdir
(Ufa, Novokuybışev (2 qurğu), Sızran, Volqoqrad). Bu
iş 1976-ci ildə Azərbaycan SSR Dövlət
Mükafatına layiq görülmüşdür.
NKPİ
alimlərinin əsas işlərindən biri M.İ.Rüstəmovun
neft emalı sahəsi institutları ilə (Qroznı ETİ,
ÜETNEİ) əməkdaşlığı nəticəsində
daha yüksək məhsuldarlıqlı, az
metal tutumlu, patent qabiliyyətli Q-43-107 katalitik krekinq kompleksinin
yaradılmasıdır. Bu kompleks kombinə
olunmuş qurğu olub, ona vakuum qazoylunun hidrotəmizlənmə,
şaquli lift reaktorda katalitik krekinq, qazfraksiyalaşdırma
bölmələri daxildir. Hazırda bu tip qurğular
MDB-nin bir neçə şəhərində, o cümlədən
Heydər Əliyev adına Bakı Neft
Emalı Zavodunda istifadə olunur. Katalitik krekinq
prosesində kükürdlü və kükürdsüz
xammaldan bilavasitə istifadə olunmaqla etilsiz yüksək
keyfiyyətli Aİ-93 benzinin alınmasına imkan verən
prosesin yeni modifikasiyası işlənib
hazırlanmışdır.
1995-ci ildə institutda yaradılmış Kaspi-X
inhibitorunun dünyada analoqu yoxdur və yeganə inhibitordur ki,
neft emalı komplekslərində xüsusi
neytrallaşdırıcı istifadəsi olmadan
avadanlıqların korroziyadan müdafiəsini təmin edir. 1995-ci ildən
Azərbaycanın neft emalı zavodlarında istifadə edilir.
Karbohidrogenlərin (n-butan, izobutan və
izopentanın dehidro genləşməsi, parafin karbohidrogenlərinin
izomerləşməsi və s.) çevrilməsi
üçün yeni seolit tərkibli katalizatorlar işlənib
hazırlanmışdır. Bu tədqiqatların
nəticələri və institutun alimlərinin təklifləri
müxtəlif vaxtlarda tək Azərbaycanda yox, keçmiş
SSRİ-nin və xarici ölkələrin neft-kimyası və
neft emalı zavodlarında sənaye miqyasında geniş tətbiq
olunmuşdur. Hazırkı dövrdə
neft emalı, neft kimyası məhsullarının keyfiyyətinə,
iqtisadi və ekoloji baxımdan səmərəliliyinə
qoyulan tələbatlar institutun alimlərinin
qarşısında yeni problemlərin həllini qoyur. Bu isə neft-kimya elminin və ölkə sənayesinin
inkişafını təmin etmək məqsədilə alimlərin
daha effektiv işləməsini tələb edir.
Son illərdə İnstitutun fəaliyyəti nəticəsində
ənənəvi istiqamətlərdə aparılan tədqiqatlarda
yeni, daha mühüm nəticələrə nail olunmuşdur. Onlardan
aşağıdakıları göstərmək olar:
—neftlərdə
yüksəkmolekullu heteroatomlu və asfalt-qatran birləşmələri,
onların mikroelement tərkibi və həmçinin oksigen,
azot tərkibli birləşmələri öyrənilmiş,
Azərbaycan neftlərinin keyfiyyətinə dair məlumat
bankı yaradılmışdır;
—riforming
benzininin benzol fraksiyasının hidrogenləşməsi,
alkilləşməsi və katalitik krekinqin yüngül benzin
fraksiyasının hidrotəmizlənmə proseslərindən,
oktan ədədini qaldıran oksigenləşdirilmiş əlavələrdən
istifadə etməklə tərkibində aromatik karbohidrogenlərin,
benzolun və kükürdün miqdarına görə Avro-4 və
Avro-5-in müasir tələblərinə cavab verən
yüksək keyfiyyətli avtomobil benzinləri
alınmış, aşağı keyfiyyətli kokslaşma
benzinlərini prosesə cəlb etməklə yüksək
oktanlı benzinlərin resursları genişləndirilmişdir;
—neftin çıxarılmasında
və emalında istifadə olunan yeni effektiv kimyəvi maddələr
yaradılmışdır (korroziyaya və duzçökməyə
qarşı polifunksional inhibitorlar, ərpin
qarşısını almaq üçün maddələr,
deemulqatorlar və s.);
—yeni
monomerlər-akril turşularının bi- və tritsiklik efirləri,
həmçinin yüksək istismar xassələrinə malik
lak-boya kompozisiyaları və yapışqan materialların
alınmasında tətbiq tapmış fenolun calaq olunmuş
oliqomerlərinin yeni alınma üsulları işlənib
hazırlanmışdır;
—dərman
preparatlarının istehsalı sahəsində istifadə
olunan məhsullar almaq üçün stirol və onun törəmələrinin
selektiv hidrovinilləşmə prosesləri üçün
yüksək effektli katalizatorlar işlənib
hazırlanmışdır;
—bioloji-aktiv
ağ naftalan yağının alınma
texnologiyası işlənmiş və tətbiq olunmuşdur.
Ağ naftalan yağının müxtəlif
fraksiyalarının funqisid xassələri, onların
respublikamızda, əsasən, Naxçıvanda bitən
dodaqçiçəkli fəsiləsinin efir yağları ilə
kompozisiyaları tədqiq olunmuşdur;
—struktur
quruluşu tənzimlənmiş polimer və sopolimerlərin
sintezi üzrə aparılan məqsədyönlü tədqiqatlar
nəticəsində stirolun və digər monomerlərin
radikal polimerləşməsində effektli tənzimləyici
kimi yeni sərbəst stabil radikal (4-karbok-siamid—2,2,5,5-tetrametilpirrolin-1-oksil)
aşkar olunmuşdur;
—keçid
metallarla modifikasiya olunmuş seolit katalizatorları üzərində
alkil-tsiklo-heksanların metanol və paraizomerin
üstünlük təşkil etdiyi ksilolun izomerlərinə
dehidroalkilləşmə və dehidrodisproporsionlaşma, həmçinin,
yüksək disperslənmiş nanokompozit və homogen katalizatorların
iştirakı ilə alkenilaromatik, doymamış
körpüvarı karbohidrogenlərin və tsikloolefinlərin
maye fazada induksiyalaşdırılmış oksidləşməsi
ilə ketonlara, diollara, laktonlara, asetallara, ikiəsaslı
turşulara cevrilmə reaksiyaları kimi yeni istiqamətlər
inkişaf etdirilmişdir.
İnstitutda müasir və perspektiv texnikanın tələblərinə
cavab verən, yüksək keyfiyyətli, mürəkkəb
efir tipli yeni sürtkü yağları
yaradılmışdır. Sintez olunan yeni efirlərdə
“quruluş-xassə” asılılığı sistematik tədqiq
olunmuş və bu sinif maddələrin elmi əsasları
işlənib hazırlanmışdır. Bu yağlar
müvafiq sınaqlardan müvəffəqiyyətlə
keçmiş, aviasiya yağlarının əsası kimi,
xüsusi şəraitdə işləyən kompressor
yağları kimi, hərbi texnikada istifadə edilən
xüsusi təyinatlı yağlar və s. tövsiyə
olunmuşdur. İnstitutda aparılan ənənəvi tədqiqat
işləri ilə yanaşı, neft-kimya və neft emalı
prosesləri üçün ekoloji cəhətdən zərərsiz
ion-maye texnologiyalarının yaradılması, neft və
ağır neft qalıqlarının asfalt-qatran birləşmələrdən
və metallardan ifratkritik ekstraksiya üsulunun tətbiqi ilə
təmizlənməsi, neft xammalı əsasında bioyanacaq və
yanacaq komponentlərinin, neftçıxarma, neft emalı sənayesi
və su hövzələrinin təmizlənməsi
üçün müxtəlif reagentlərin nanokarbonlu
materialların alınmasının yeni texnologiyalarının
işlənilməsi, karbohidrogenlərin oksidləşməsi
proseslərində füllerenlərin tətbiqi və s. kimi
elmi istiqamətlərdə də tədqiqatlar aparılır:
—nanodispersləşdirilmiş
Ni, Mo saxlayan katalizatorların tətbiqi ilə polimer
tullantıları (polietilen, polietilentereftalat) və mazut
qarışığı əsasında açıq neft məhsulunun
çıxımının 60%-dən 90%-ə qədər
yüksəldilməsinə imkan verən hidrokrekinq prosesi
işlənilmişdir;
—CO2-nin
unikal xassələrindən istifadə edərək, institutda
neftdə asfaltenlərin və ağır neft
qalıqlarının ayrılması üsulu
yaradılmış və patentləşdirilmişdir;
—alternativ
qeyri-neft xammalı (metanol, CH4, sintez-qaz və s.) əsasında
yanacağın alınması istiqamətində geniş tədqiqatlar
aparılır;
—bərpa
olunan xammal-Azərbaycan bitkiləri xammalı (pambıq,
qarğıdalı, soya, günəbaxan yağları) əsasında
biodizel yanacaqlarının alınmasının yeni
üsulları tədqiq olunur. Transeterifikasiya və eterifikasiya
üsulları ilə bitki yağlarının triqliseridlərindən
monoalkil efirlərinin alınması üsulları işlənib
hazırlanmışdır;
—dünyada
ilk dəfə neft fraksiyalarının sintetik karbon
turşularına oksidləşməsi prosesində C60-C70
füllerenlərin katalitik xüsusiyyəti aşkar
edilmişdir. Füllerendən Mn naftenatın promotoru kimi
istifadə edildikdə, sinergetik effekt aşkarlanmış, nəticədə
katalizatorun sərfi 30 dəfəyə qədər
azaldılmışdır;
—ilk dəfə
olaraq molekulunda 5 kobalt və ya nikel atomu saxlayan azotlu komplekslər
və onların Co-, Ni- və Cr- naftenatlarla
kompozisiyalarının sintetik naften turşuları
alınması prosesində katalitik aktivliyi
yoxlanılmış və maye fazada naften konsentratının
oksidləşməsi ilə 33% çıxımla sintetik neft
turşularının alınması imkanı aşkar
olunmuşdur.
İon-maye
texnologiyalarının işlənməsi sahəsində tədqiqatlar
hazırda aşağıdakı istiqamətlərdə
aparılır:
—neft-kimya
proseslərində həlledici və ya katalizator kimi istifadəyə
yararlı yeni ion-mayelərinin sintezi;
—oliqomerləşmə
və polimerləşmə proseslərinin ion-maye katalizi;
—neft
fraksiyalarının ion-maye tərkiblərlə selektiv təmizlənməsi;
—neftyığma
və neftdispersləşdirici qabiliyyətli ion maye və calaq
ion-maye tipli səthi aktiv maddələrin alınması.
Nanotexnologiyaların
yaradılması sahəsində institutda aparılan işlər
aşağıdakı istiqamətlərdə həyata
keçirilir:
—nanokataliz
(nanodispers oksidlərin alınması və s.);
—nanokatalizatorlardan
istifadə etməklə, karbohidrogenlərin və onların
fraksiyalarının çevrilməsi;
—nanopolimerlərin
və nanopolimer kompozit materialların alınması və tədqiqi;
—ağır
neft qalıqları, polimer tullantıları, təbii qaz və
s. əsasında nanokarbon borularının və koksun
alınma üsullarının işlənməsi;
—müxtəlif
təyinatlı nanokarbon-mineral adsorbentlərin alınma
üsullarının işlənməsi;
—nanokatalizatorların
və nanokarbon materiallarının yeni rasional alınma
üsullarının işlənməsi.
Göstərilən istiqamətlər üzrə əldə
olunan nəticələr əsasında sənayedə tətbiq
olunan və tətbiqə hazır işlərin sayı 30-dur.
İnstitutun inkişafı və yüksəlişi onun elmi potensialı ilə müəyyən olunur. Hazırda institutda 560 əməkdaş məhsuldar çalışır, onlardan 227-si elmi işçidir, o cümlədən 4-ü akademik, 4-ü AMEA-nın müxbir üzvü, 44-ü elmlər doktoru və 90-nı kimya üzrə fəlsəfə doktorudur. İnstitut əməkdaşları tərəfindən 1990-2013-cü illərdə 100-dən çox kitab və monoqrafiyalar, 20 biblioqrafiya, 17 preprint, 25 tematik icmal, toplu və kataloqlar, 14 konfrans materialları, 14 standart, 120 normativ texniki sənəd tərtib edilib buraxılmışdır. Bundan əlavə, 4500 məqalə və məruzələrin tezisləri respublika və xarici mətbuatda çap olunmuşdur (1990-2013). Bunlardan təqribən 2000-i xarici mətbuatda dərc olunub. Patent lisenziya tədqiqatları üzrə 7 toplu buraxılmışdır. Patent və lisenziyaların sayı-137 (Az), 33 (Ru), 1 beynəlxalq və 1 Avraziya, 2 ədəd ixtiraya iddia sənədinə mahiyyətcə ekspertizanın müsbət “Qərarı” alınmışdır (1995-2014-cü il may); 2012-ci ildə alınan EA017313 nömrəli Avraziya patenti ixtiraçılıq sahəsində Birinci Respublika müsabiqəsinin qalibi olmuş və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Birinci dərəcəli Diplomu ilə təltif olunmuşdur.
2000-ci ildən başlayaraq NKPİ-də rus və ingilis dillərində “Neft kimyası və neft emalı prosesləri” jurnalı buraxılır. 2003-cü ildən ümumtəhsil məktəblərində istifadə edilən dərsliklərin (8-11-ci siniflər üçün) həmmüəllifləri V.M.Abbasov və M.M.Abbasov institutun əməkdaşlarıdır. 2006-cı ildə həmmüəllif institutun aparıcı elmi işçisi, pedaqogika elmləri doktoru M.M.Abbasov tərəfindən “Məktəblinin təbiət elmləri lüğəti” hazırlanıb və nəşr edilib. “Kimya məktəbdə” jurnalının təsisçilərindən biri, həm də baş redaktoru V.M.Abbasovdur. NKPİ-nin alimləri tərəfindən ümumtəhsil məktəbləri üçün 6 dərslik və 18 dərs vəsaiti, ali məktəb tələbələri üçün 9 dərslik hazırlanmışdır və hazırda tələbələr tərəfindən geniş istifadə olunur. 2012-ci ildə institutun aparıcı elmi işçisi, pedaqogika elmləri doktoru M.M.Abbasov tərəfindən kimya üzrə “Qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait” (I, II hissə) hazırlanıb və hazırda geniş istifadə olunur. 2013-cü ildən AMEA Rəyasət Heyətinin elmi-kütləvi jurnalı olan “Elm dünyası” jurnalı buraxılır. Bu jurnalın redaksiyası NKPİ-də yerləşir və institutun 12 əməkdaşı jurnalın redaksiya heyətinin üzvüdür. Jurnal NKPİ-də nəşrə hazırlanır.
İnstitut əməkdaşları tərəfindən 22 qrant alınmışdır. Bunlardan 5-i xarici qrant, 7-si Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı, 10-nu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun qrantıdır.
İnstitutun işləri və əməkdaşlarının elmi fəaliyyəti dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilmiş və son 20 ildə 60-dan çox orden, medal, diplom və s. ilə təltif olunmuşlar. Bunlardan 2002-ci ildə akademik M.İ.Rüstəmov, 2006-cı ildə akademik M.Ə.Məmmədyarov və 2009-cu ildə akademik, k.e.d., professor V.M.Abbasov İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən elm və texnologiya sahəsində apardıqları işlərə görə medal və diplom ilə təltif olunmuşlar. İslam İnkişaf Bankının mükafatı ilə (2005), 2009-cu ildə elm və təhsil sahəsində nailiyyətlərə görə Avropa Biznes Assambleyası (Oksford, İngiltərə) tərəfindən “Avropa keyfiyyəti” mükafatına layiq görülmüş, institutun 15 əməkdaşı”Azərbaycanın Əməkdar Elm xadimi” və “Əməkdar elm və texnika xadimi” fəxri adına, 9 nəfər akad. Y.H.Məmmədəliyev adına medalla, 5 nəfər “Şöhrət” ordeni ilə (2002-2005) və 10 nəfər “Tərəqqi” medalı ilə (2005-2010) təltif olunmuş, 3 alimə fərdi prezident təqaüdü (2004, 2005, 2012) verilmiş, 4 nəfər “Əməkdar müəllim” (2000, 2005, 2007, 2009) adına, 3 nəfər “Əməkdar mühəndis” (2005, 2009) adına layiq görülmüşdür. Akademik, k.e.d., professor V.M.Abbasov “The Name in Science” (“Elmdə Ad”) fəxri adına layiq görülmüş, 2013-cü ildə isə Dünya elminə verdiyi töhfələrə görə Beynəlxalq Sokrat Komitəsinin Şöhrət medalı ilə təltif edilmişdir(İngiltərə); Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademiyasının akademiki seçilmiş və Uluslararası Altın Yıldız Madalyasına layiq görülmüşdür (Türkiyə, Ankara); bundan başqa o, təbiətşünaslıq elmləri üzrə Avropa Akademiyasının həqiqi üzvü seçilmiş və Kuratorluq və Elmi Şuranın qərarı ilə elmi tədqiqatlarda xüsusi xidmətlərinə görə “Əsas qızıl Cəngavər ulduzu” ilə təltif olunmuşdur. AMEA-nın müxbir üzvü, t.e.d., prof., Əməkdar Elm xadimi F.İ.Səmədova 2009-cu ildə Emmanuel Nobelin 130 illiyinə həsr olunmuş xatirə medalı ilə mükafatlandırılmış, 2012-ci ildə isə Beynəlxalq Biznes Klubunun Ekspert Şurasının üzvü, Avropa təbiətşünaslıq Akademiyasının Elmi Şurasının qərarı ilə təbiətşünaslıq elminə verdiyi töhfələrə görə A.Humbolt adına medalla təltif olunmuş və “Avropanın Fəxri alimi” adına layiq görülmüşdür. Akademik A.H.Əzizov Azərbaycan Əməkdar Elm Xadimi adına layiq görülmüş (2009) və AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuşdur (2013-cü il). 2013-cü ildə A.H.Əzizov, N.F.Canıbəyov, F.İ.Səmədova Azərbaycan Respublikası “Avropa Nəşr Mətbu evi” tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı-alim Qızıl Medalı” ilə təltif olunmuşlar.
İnstitutun alimləri uzun illər ərzində keçmiş SSRİ-nin, Bolqarıstanın, Çexoslovakiyanın, ABŞ-ın, İranın, Tailandın və digər ölkələrin akademik və elmi tədqiqat institutları ilə sıx elmi əlaqələr saxlayıblar. Hazırda institutun 6 gənc əməkdaşı 1 il müddətinə Almaniyanın Berlin, Rostok və Münhen şəhərlərinə iş təcrübəsi toplamağa göndəriliblər. Başqa ölkələrlə də institutun əlaqələri davam edir: ABŞ (Emory Universiteti, “Fenomeneks” şirkəti); Rusiya (REA-nın kimya profilli institutları); Türkiyə (“TÜBİTAK” şirkəti, Egey Universiteti, Firma “İşıqsan-kimya”); Səudiyyə Ərəbistanı (“SABİC” şirkəti və s.
İnstitut bir sıra beynəlxalq forumların təşkilatçısı olub və hazırda da təşkilatçısıdır, o cümlədən: Metalkompleks katalizi üzrə respublika konfransı (1990); Katalitik krekinq üzrə I və II elmi-texniki müşavirə (1991-1992); Neft-kimyası üzrə I-VIII Bakı Beynəlxalq Məmmədəliyev konfransları (1994, 1996, 1998, 2000, 2002, 2005, 2009, 2012); “Neft kimyası və neft emalı problemlərinin həllində kataliz” mövzusunda Azərbaycan-Rusiya Beynəlxalq Simpoziumu (2010, 2013).
Hazırda institut kifayət qədər ixtisaslaşdırılmış elmi potensiala malikdir, tədqiqatları yüksək səviyyədə aparmağa imkan verən müasir cihaz və avadanlıqlarla təchiz olunmuşdur.
Vaqif ABBASOV,
AMEA-nın Neft-Kimya Prosesləri
İnstitutunun direktoru,
AMEA-nın həqiqi üzvü,
k.e.d., professor.
Respublika.-2014.- 11 iyul.- S.8.