İrəvan müsəlman
sakinli vilayət olmuşdur
Oxuculara təqdim olunan “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı (İbrahim Quliyev fars dilindən tərcümə etmişdir) Güney Azərbaycanın tanınmış tarixçisi, mərhum doktor Səməd Sərdariniyanın çoxsaylı əsərlərindən biridir. Müasir Güney Azərbaycan tarixşünaslığında az müəllif tapılar ki, onun kimi yorulmaq bilmədən faktları, mənbələri və arxiv sənədlərini tədqiq edərək, tarixi həqiqətləri üzə çıxarmaq sahəsində zəngin irs qoyub getmiş olsun. “Azərbaycan mədəni dünyada”, “Təbriz əvvəlinci şəhərdir”, “Təbrizin Mərkəzi qeybi”, “Əli Müsyo”, “Təbriz Universiteti”, “Azərbaycan mətbuat tarixi”, “Təbriz teatrı”, “Bağır xan Salari-Milli”, “Molla Nəsrəddin Təbrizdə”, “Arazın hər iki sahilində soyqırım”, “Azərbaycan məşhurları” (3 cilddə) əsərləri müəllifin elmi axtarışlarının və yaradıcılığının bir hissəsidir. Onun şəxsi arxivində daha yeddi kitab, onlarca sanballı elmi məqalə oxuculara təqdim olunacağı günü gözləyir.
XIX əsrin sonunda Daşnaksütyun partiyasının yaranması və erməni qatillərinin bu partiya sıralarında cəmləşməsi dənizdən-dənizə böyük Ermənistan haqda xülyanı formalaşdırdı və onu müsəlmanlara qarşı mübarizədə ideoloji hədəfə çevirdi. Daşnaksütyun partiyasının yaranması ilə Qərbi Azərbaycan torpaqları, o cümlədən İrəvan və onun ətrafındakı bölgələr erməni əsarətinə düşdü.
Doktor Səməd Sərdariniyanın kitabını vərəqlədikcə son yüz ildən artıq bir müddətdə erməni cəlladlarının azərbaycanlılara qarşı törətdikləri çoxsaylı qətllərin, talan və zorakılıqların geniş panoraması göz önündə canlanır. Müəllifin kitabındakı çoxsaylı tarixi faktlar bu gün İrəvanı özünə paytaxt etmiş ermənilərin tarixi keçmişi bilərəkdən təhrif edib saxtalaşdırmalarına tutarlı elmi cavabdır.
Doktor S.Sərdariniyanın kitabı 1999-cu ildə (1379) İranda fars dilində nəşr edilmişdir. İranda qondarma erməni soyqırımına aid onlarca yazı dərc olunduğu halda, ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə əlaqədar çıxan əsərləri barmaqla saymaq olar. Bu baxımdan, ictimaiyyətimizin diqqətinə təqdim edilən bu kitab xüsusi əhəmiyyətə malikdir. Təbii ki, bizim oxucumuz əsərin hansı şəraitdə qələmə alındığını və hansı auditoriyaya ünvanlandığını nəzərə almalıdır. Eyni zamanda, qeyd etməliyik ki, əsərdə işlənən bəzi ifadələr və terminlərdə kiçik dəqiqləşdirmələr aparılmışdır.
Əkrəm Rəhimli (Bije)
Şah Səfi İrəvanı azad etmək qərarına gəldi. O, şəhəri mühasirəyə almaq üçün İsfahandan toplar gətirmək barədə göstəriş verdi. Həmin günlərdə Xoyda “Baliməz” və ya “Yoldaş” adlanan çox böyük bir top da var idi. Baş komandan Rüstəm xanın qardaşı Lor hakimi Kəlbəli xan və Əliqulu xan Yasavulla birgə həmin topu götürmək üçün Xoya yollandı. Onlar topu götürüb şah ordusuna yetişdilər... İrəvan uğrunda bu döyüşlərdə Osmanlı ordusu 22 min nəfər canlı qüvvə itkisi verdi. Şəhər yenidən Səfəvilərin ixtiyarına keçdi.
İrəvan qalasının fəthi ilə
bağlı Şah Səfi Xəlil bəy Zaxoriyə və Səfdər
xana müraciətlə iki fərman imzalamışdır.
Onların hər ikisi “İranın Qafqazla əlaqələri
haqqında sənədlər” kitabında çap
olunmuşdur. Hicri-qəməri tarixi ilə 1045-ci ilin zilqəddə
ayında imzalanmış birinci fərmanda deyilir: “Rum
hökmdarı Firənglə sülh bağlayan kimi ordusunu
götürüb İrəvan qalasını ələ
keçirməyə gəldi. Şəhərin hakimi Təhmasibqulu
xan Qacar üzüqaralıq edərək... qalanı onlara təslim
etdi. Rum hökmdarı da kürəkəni və
vəziri Murtəza paşanın, o cümlədən digər
mötəbər paşa və əmirlərin rəhbərliyi
altında orada 12 min döyüşçü saxlayıb
özü geri qayıtdı. O, qalada xeyli hərbi sursat, top və odlu silah da saxladı. Bizim
hökmdarımız bu xəbəri eşidib, yenidən
qalanın azad edilməsini əmr etdi. O, qazilərə
qalanı mühasirəyə almaq, onu top atəşlərinə
tutmaq haqqında göstəriş verdi. Qısa müddətdə toplar ön cəbhəyə
gətirildi, mərmi zərbələri ilə Şirhacı
hasarının divarı altındakı taxta döşəmələr
dağıdıldı. Şəvval
ayının 17-də əsgərlər yürüşə
başladı, səhərdən-axşama qədər davam edən
döyüşdə Murtəza paşa və digər bir
neçə paşa qətlə yetirildi. Rum
əsgərlərinin çoxu həlak oldu, qalanları isə
əsir alındılar. Murtəza
paşanın qətlə yetirilməsi xəbəri (artıq
döyüşün üçüncü günü idi) hələ
digər döyüşçülərə
çatmadığından, onlar qalabəyinin əmri ilə
daha böyük cəsarət və əzmlə
döyüşürdülər. Bu zaman
bizim imanlı qazilər qalanın ətəyindəki divara
yaxınlaşıb, orada möhkəmləndilər. Bir qədər keçəndən sonra onlar yenidən
yürüşə başladı və çətinliklə
də olsa qala qapılarını aça bildilər.
Bundan sonra sayı, təxminən, beş
min nəfər olan paşa və mühafizəçilər
qibleyi-aləmə pənah gətirib, ondan aman istədilər.
Naibi-humayinimiz cənnəti-məkan ata-babasının cəddinə
dua-səna edərək həmin insanların malına və
canına aman verdi. Torpaqların
azad edilməsində və dövlətin qorunmasında xidmətləri
olan şəxslərə şaha layiq diqqət göstərilməli,
onlar mükafatlandırılmalı, ehtiyacları və
xahişləri yerinə yetirilməlidir”.
“Şah Səfi tərəfindən Əmirgunə ləqəbi
almış Təhmasibqulu Mirzə IV Sultan Muradın
qoşunlarına bir müddət müqavimət göstərdi,
ancaq sonda İrəvanı ona təslim etdi. Bu
satqınlıq müqabilində ona Yusif paşa ləqəbi
verildi. Nəticədə o, Hələbin
hakimi və vəzir oldu. İrəvanda əsir
götürülən Təhmasibqulu tezliklə sultanın qəlbinə
yol tapıb, onun ən yaxın dostuna və munisinə
çevrildi. O, sultanın bütün əyləncə
məclislərində iştirak edir, daim onunla bir yerdə
olurdu. Ancaq IV Sultan Murad öldükdən sonra onun yerinə gələn
sultan İbrahim Səfəvi dövlətinə dost münasibəti
ilə tanınırdı. O, hakimiyyətə gələn
kimi Təhmasibqulu xanı Səfəvi dövlətinin
Osmanlıdakı səfirinə təhvil verdi
və səfir də onu Səfəvi hökmdarının əmri
ilə İstanbul şəhərində edam etdirdi.
Hicri-qəməri tarixi ilə 1045-ci ildə İrəvan
yenidən Səfəvi dövlətinin ixtiyarına
keçdi. Səfəvilərin nüfuzlu şəxslərindən
biri ora hakim təyin olundu. Bununla da
Çuxursəddə Əmirgunə xanın irsi hakimiyyətinə
son qoyuldu və bundan sonra Çuxursədə hakimlər Səfəvi
dövləti tərəfindən göndərildi”.
A.Bakıxanovun
yazdığına görə, Şah Səfinin yanına
girov kimi göndərilən kumık əmiri Surxay Mirzənin
qardaşı Əlqas Mirzəyə Səfiqulu xan ləqəbi
verilib və o, əmirlər sırasına daxil olduqdan sonra
bir müddət İrəvanda və Şirvanda hakimlik edib.
Faruq
Sümer də yazır: “Şah Səfi zamanında Ağcaqala
və Lorinin valisi olan İsa xan Sultan hicri-qəməri tarixi
ilə 1066-cı ildə (miladi tarixi ilə 1656-cı ildə)
Çuxursəddə də hakimlik etmişdir”.
Şah Səfinin ölümündən sonra onun oğlu
II Şah Abbas hakimiyyətə gəldi. O, hicri-qəməri tarixi ilə
1052-ci ildə taxta çıxdı. Onun hakimiyyəti
hicri-qəməri tarixi ilə 1077-ci ilə qədər davam
etmişdir. Bu illərdə Osmanlı
imperiyası Avropa dövlətləri ilə siyasi və hərbi
konfliktlər yaşadığından, Azərbaycana və o
cümlədən İrəvana hücumlar
olmamışdır. Lakin II Şah
Abbasın hakimiyyəti dövründə daxili vəziyyət
qeyri-stabil olmuş və hakimlər tez-tez dəyişdirilmişdir.
Çuxursəd bəylərbəyi Məhəmmədqulu
xan da bu dövrdə tutduğu vəzifədən azad
olunmuşdur.
Hicri-qəməri tarixi ilə 1077-ci ilin rəbiül-əvvəl
ayında II Şah Abbas vəfat etdi və onun oğlu Səfi
Mirzə əvvəlcə II Səfi adı ilə taxta
çıxdı, lakin çox tezliklə o, Şah
Süleyman kimi tanındı. Onun hakimiyyəti
dövründə də İrəvan qonşuları tərəfindən
təcavüzə məruz qaldı. “Lakin hicri-qəməri
tarixi ilə 1089-cu ildə (miladi tarixi ilə 1679-cu il iyun ayının 4-də) İrəvanda
güclü zəlzələ baş verdi və şəhər
yerlə-yeksan oldu. Bundan sonra qala yenidən bərpa
olundu və daha da genişləndirildi”.
Bu zəlzələdən öncə İrəvanda
olmuş məşhur fransız səyyahı J.Şardən
öz “Səfərnamə”sində bu torpaqlar haqqında ətraflı
söhbət açmışdır. O yazır: “İrəvan
böyük şəhərdir, çoxlu bağları olsa da
çirklidir. Burada böyük binalar yoxdur.
Ətrafı dağlıqdır. İki
çayı var: Biri Zəngi adlanan böyük çay,
ikincisi kiçik Qırxbulaq çayıdır. Zəngi çayı şəhərin kənarından
axır, Qırxbulaq isə şəhərin içindən
keçir. Şəhər kənarında
yerləşən İrəvan qalası da şəhər
hesab olunur. Qalanın əhalisi müsəlmanlardan
ibarətdir, amma burada ermənilərin də dükanları
var. Onlar gündüz dükana gəlib alver edir, gecə isə
şəhərə qayıdırlar. Qalanı
iki min silahlı mühafizə edir. Bir neçə top
daim döyüşə hazır vəziyyətdə
saxlanılır. İrəvan hakiminin evi qalada Zəngi
çayının axar-baxarlı yerindədir.
Burada bir “Narınc” qala da vardır. Orada da böyük toplar
qoyulub... İrəvanda ətrafına ağaclar
əkilmiş dördguşəli böyük bir meydan
vardır. Həmin meydanda cıdır
yarışları keçirilir... Əyalətdə
əkinçilik inkişaf edib, burada hər cür ağac və
bitki əkilir. İrəvanın ətrafından
axan çayda çoxlu balıq olur, ən çox isə
forel ovlanır”.
Şah Süleymanın yeddi oğlu var idi. Böyüyü
Hüseyn Mirzə idi. Şahın
ölümündən sonra (hicri-qəməri tarixi ilə
1006-cı ildə) əmirlər onu hakimiyyətə gətirdilər.
Saray əyanları onun qorxaq və cəsarətsiz
olmasından istifadə edib hakimiyyəti ələ almaq istəyirdilər.
Hüseyn Mirzənin dövründə Səfəvilər
sülaləsinin ömür kitabı qapandı və hicri-qəməri
tarixi ilə 1135-ci ildə əfqanlar İsfahanı
işğal etdilər.
Əvvəlcə Mahmud Əfqan hakimiyyətə gəldi. Mülayim xarakterə malik
olan bu adam bir sıra hadisələr nəticəsində
son dərəcə dəyişdi. O, təsəvvürəgəlməz
dərəcədə vəhşi cəza üsulları tətbiq
etməyə başladı. İş o yerə
gəlib çatdı ki, vəziyyətdən çıxmaq
üçün əfqan ağsaqqalları çarə
axtarmalı oldular. Onlar Mahmudun öz
göstərişi ilə zindana atılmış əmisi
oğlu Əşrəfi həbsdən azad edib, onun yerinə
taxta oturtmaq qərarına gəldilər. Beləliklə,
Əşrəf Əbdüləziz oğlu hicri-qəməri
tarixi ilə 1137-ci ilin şaban ayında (miladi tarixi ilə
1725-ci ilin aprelində) İsfahanda taxta çıxdı və
onun adına sikkə kəsildi. Bununla da qısa zamanda hakimiyyət uğrunda
mübarizə başa çatdı. Əşrəf
sultan qəsrinə sahib olan kimi Mahmud qətlə yetirildi.
Hicri-qəməri
tarixi ilə 1139-cu ildə (miladi tarixi ilə 1726-cı ildə)
Osmanlı ordusu ilə Əşrəfin qoşunları
arasında döyüş baş verdi. Əşrəf məğlub olduğunu
görüb, qarşı tərəfə sülh təklif
etdi. Həmin müqavilənin şərtlərinə
görə, Səfəvi dövlətinin əksər şəhərləri,
o cümlədən İrəvan Osmanlılara təhvil
verilirdi.
Məhəmməd
Kazım Mərvi bununla bağlı yazır: “Mahmud Əfqan
İsfahanda hakimiyyətə gələn kimi Rum
hökmdarı Sultan Əhməd paşalara göstəriş
verdi ki, İrəvan və
Gürcüstandan Təbrizə, Bağdad ətrafından Həmədana
qədər bütün əraziləri işğal edib, hər
şəhərə hakim və amil təyin etsinlər. Növbəti ildən isə bu şəhərlərin
gəlir və məhsulları hesablansın”.
İrəvan
Nadir şah Əfşar dövründə
Hicri-qəməri 1135-ci ildə, yəni Mahmud Əfqan
İsfahana yaxınlaşdığı günlərdə
dövlət adamları vəliəhd Təhmasib Mirzəni
atasına kömək üçün Qəzvinə göndərdilər. O, ordu toplayıb əfqanlarla
döyüşə girişməli idi. Təhmasib
Mirzə də əvvəlcə Qacarqəvanlu əyalətinin
hakimi Fətəli xanı sarayın səlahiyyətli
nümayəndəsi və əmirlər əmiri təyin
etdi. Bu zaman Nadirin qəhrəmanlıqları barədə
məlumat alan vəliəhd ona ittifaq təklif
etdi. Nadir də onun yanına gələrək
“Təhmasibqulu xan” ləqəbini qəbul etdiyini bəyan etdi.
Təhmasibqulu xan hicri-qəməri tarixi ilə
1143-cü ilin məhərrəm ayının birində öz
qoşunu ilə Azərbaycana daxil olaraq Savucbulağı,
Marağanı, Dehxarqanı azad etdi. Məhərrəm
ayının 27-də isə o, Təbrizə daxil oldu və
sonra İrəvanı mühasirəyə almağa
yollandı. Ancaq burada olarkən əfqanların
Məşhədə hücum etməsi xəbərini
eşitdi. Buna görə də
Osmanlılarla məsələni yarımçıq qoyub, dərhal
Təhmasibin Məşhəddə hakimlik edən 12
yaşlı oğlu Rzaqulu Mirzənin köməyinə tələsdi.
Nadirin Şərqə yürüşündən sonra
Şah Təhmasib ona tam arxayın olaraq özü 18 minlik ordu
ilə Səfəvilər dövlətinin qərb
torpaqlarının azadlığı uğrunda mübarizəyə
başladı.
O, hicri-qəməri tarixi ilə 1143-cü ilin cəmadiül-əvvəl
ayında İsfahandan Təbrizə gəldi. Sonra
İrəvana yönələrək şəhərin
yaxınlığında Osmanlılara ağır zərbə
endirdi. Təkcə bir döyüşdə
osmanlıların 9 minə yaxın
döyüşçüsünü sıradan
çıxarıb İrəvanı mühasirəyə
aldı.
Məhəmməd
Kazım Mərvi yazır: “Marağa və Təbriz ətrafındakı
məntəqələri mübarək qədəmləri ilə
şərəfləndirən hökmdar arxada qalan qazilərin
və igidlərin gəlib onlara yetişməsi
üçün çadır qurub bir neçə gün
gözləməyi əmr etdi. Bu zaman Təbriz,
Marağa, Urmiyadan başqa, Azərbaycanın İrəvan, Gəncə,
Şirvan kimi şəhərləri də Osmanlıların əlində
idi. Buna görə də hökmdar əvvəlcə
İrəvana gedib Çuxursəd əyalətini
işğal altında saxlayan Əli paşa Həkim oğlunu
cəzalandırmaq, İrəvandakı qalaları azad etmək,
sonra digər Azərbaycan şəhərlərinə yollanmaq
fikrində idi.
... Səhəri gün padşah Əfrasiyaba bənzər
əmirlərlə birgə hərəkətə keçib,
qalanın dövrəsinə yetişdi və ətrafı
seyr etməyə başladı. Qalanın möhkəmliyinə
və dözümlülüyünə söz ola
bilməzdi. Qibleyi-aləmin kəməndi kimi
yolu kəsən firuzəyi hasar göyün doqquzuncu qatına
yüksələrək insanda vahimə oyadırdı. Hasar uca dağa, qarşısındakı xəndək
isə uçuruma bənzəyirdi”.
“Osmanlılar şahı çaşdırmaq
üçün İrəvan qoşunlarının
başçısı Əli paşanı və Bağdad
hakimi Əhməd paşanı həmin dövrdə yiyəsiz
qalmış İraqi-əcəmi işğal etməyə
göndərdilər. Buna görə də Şah Təhmasib
özünü dərhal Həmədana çatdırdı və
Kürdxan kəndində Osmanlı qoşunu ilə
üz-üzə gəldi. Əhməd
paşa bir müddət şahın başını sülh
danışıqları ilə qataraq qəflətən Səfəvi
ordusuna hücum etdi. Şah Təhmasib və
sərkərdə Məhəmməd xan Bəluc ağır
itkilərə məruz qaldılar. Əhməd
paşa Kirmanşahı və Həmədanı, Əli
paşa isə Marağa və Təbrizi ələ
keçirdi. Şah Təhmasib İsfahana
qayıtmalı oldu.
Ancaq Əhməd paşa Nadirdən çox qorxurdu və
buna görə dərhal sülh danışıqlarına
başladı.
Bağdadda imzalanan həmin sülh müqaviləsinə
görə Şah Təhmasib Təbrizi, Ordulanı,
Loristanı, Kirmanşahı saxlamaq şərti ilə,
Arazın sol sahilini, yəni Gəncəni, Tiflisi, İrəvanı,
Naxçıvanı, Dağıstanı Osmanlılara güzəştə
gedirdi.
...Bu zaman
Herat cəbhəsində də müharibə gedirdi. Müəyyərülməmalik Şah Təhmasiblə
Əhməd paşa arasında bağlanmış müqaviləni
imzalamaq üçün Nadirə gətirdi. Təhmasibqulu xan bərk qəzəbləndi və
müqaviləni imzalamaqdan imtina etdi. O, Osmanlı səfiri
vasitəsilə Əli paşaya belə bir ultimatum göndərdi:
Ya Səfəvi dövlətinin bütün vilayətlərini
qaytar, ya da müharibəyə hazırlaş. Özü
isə Heratı azad edəndən sonra Bağdada yola
düşdü.
...Qeyd
etdiyimiz kimi, Nadir əfqanlara qarşı
döyüşdüyü müddətdə Osmanlı əsgərləri
İrəvanın dörd qalasını, Gəncəni,
Qarsı, Tiflisi işğal etmişdilər. Nadir
bu dörd qalanı azad etmədən öncə Osmanlı əsgərlərini
həmin ərazilərdən qovub çıxara bilməzdi.
O, qalaların mühasirəsi ilə məşğul
olduğu vaxt Abdullah paşa Səfəvi ordusuna hücum etmək
üçün 7 min süvari və 50 min piyada qoşunla
İrəvan yaxınlığına gəldi. Tərəflər
Bağavurd düzənliyində (bəzən tarixçilər
Murad təpəsi də yazırlar) üz-üzə
dayandılar. Təhmasibqulu xan hicri-qəməri
tarixi ilə 1148-ci ilin məhərrəm ayının 26-da
Osmanlı qoşununa ağır zərbə endirdi. Abdullah paşanın və Diyarbəkr
paşasının komandanlığındakı olan ordu 5 min
döyüşçü itirdi. Bu qələbədən
sonra Gəncə və Tiflis təslim olsa da, İrəvan və
Qars müqavimət göstərməkdə davam edirdi.
Osmanlı böyükləri Bağdad valisi Əhməd
paşaya Təhmasibqulu xanla sülh müqaviləsi
bağlamağı əmr etdilər. Əhməd paşa
Qarsın Osmanlıların əlində qalması şərti
ilə İrəvanı qaytarmağa hazır olduğunu
bildirdi. Beləliklə, hicri-qəməri
tarixi ilə 1148-ci ilin əvvəllərində Osmanlılarla
Nadir arasında (Nadir tərəfindən Babaəli məsul
olmaqla) sülh müqaviləsi imzalandı. Beləliklə, Səfəvilər dövlətinin
qərb və şimali-qərb vilayətləri geri
alındı.
Məhəmməd
Kazım Mərvi yazır: “Amma xoşbəxt ulduzlu naib o qələbədən
sonra İrəvan istiqamətinə yollanmağı lazım
bildi və yol tədarükünə başladı. Köç-köç dalınca İrəvana yola
düşdü. Nadir o yerlərdəki
yaylaqda şah çadırı qurub, qeybdən xoş səda
gözlədi.
Bu xəbəri eşidən İrəvan hakimi Həsən
paşa 30 min süvari ilə döyüşə
hazırlaşdı. Xoşbəxt ulduz sahibi rumluların cəsarətini və
şücaətini görən kimi təcrübəli əmirlərə
— Əliqulu bəyə, əmir Aslan xana, İmamverdi xan
Qoroğluya göstəriş verdi ki,
onları dəf etsinlər.
Fərman sahibi döyüşün gedişində
öz qazilərini də həmin süvarilərin
üstünə yönəltdi. Döyüş
şiddətləndi. Savaşda sonsuz çətinliklər
olsa da, ilahinin lütf nəsimi Nadirin bayrağının
üstünə əsdi və düşmənlər İrəvana
tərəf qaçmağa başladılar... Xoşbəxt
ulduz sahibi onların malını və döyüş qənimətlərini
qazilərə bağışlayıb, görkəmli sərkərdələrini
mükafatlandırdı. Eyş və
sevinc səsi göyə yüksəldi. Ancaq Abdullah
paşanın Gəncə yaylağına gəlməyə
hazırlaşması xəbərini eşidib neçə
gün orada dayandı...”.
“Nadirin döyüşçüləri
Arpaçayın kənarına qədər irəliləyib,
həmin bölgədəki yerləri yenidən geri
aldılar.
Nadir əkin-biçinin artırılması, su
arxlarının təmizlənməsi və
xarabalıqların abadlaşdırılması
üçün fərman verdi”.
İrəvanın fəthindən bir neçə ay əvvəl
Nadir şahın Gürcüstan çarına xitabən
verdiyi fərmanda İrəvan hakimi Məhəmmədqulu
xanın da adı çəkilmişdir. Fərmanın mətni belədir:
“Bu bölgənin tabeliyimizdə olmasını bildirməsini
qiymətləndiririk. Bu müddət ərzində
körpü başında olan Marağa hakimi baş sərkərdə
Əliqulu xan, Əlişəkər dairəsinin bəylərbəyi
Mustafa xan və İrəvan bəylərbəyi Məhəmmədqulu
xana göstəriş verdi ki, 2000 nəfərlə yanaşı
suyu keçib, yolüstü aliqədr Nəcəfsultan
Qaraçorluya Caruf eli əhalisini cəzalandırmaq
üçün yardım lazım olsa, ona yardım edin. Sonra Tiflis və Gürcüstanın aliməqam sərdarı
İslamış xanın yanına gəlib, bir-birləri ilə
birləşsinlər. Tiflis qalasını
tutub, müxalifləri cəzalandırsınlar. Hər halda, xatircəməm ki, öz xidməti
işlərində səy edib və mətləblərini
bildirib, himayə edildiklərindən əmin olsunlar”.
əvvəli,
ardı var
Respublika.-2014.- 11
iyul.- S.11.