FOLKLOR İNSTİTUTU: YARADILAN ŞƏRAİT VƏ ATILAN ADDIMLAR

 

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Akademiyanın digər ictimai-humanitar təmayüllü institutları ilə birlikdə müasir Azərbaycan dövlətçiliyinin milli-ideoloji bazasının funksional ağırlıq mərkəzlərindəndir. Folklor İnstitutunun fəaliyyəti Azərbaycanın milli dövlətçiliyinə, xüsusən onun milli-ideoloji əsaslarının möhkəmləndirilməsinə xidmət edən bir fəaliyyətdir. Folklor İnstitutu AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsi əsasında yaranmışdır. Məmmədhüseyn Təhmasib, İsrafil Abbaslı kimi görkəmli folklorşünasların rəhbərlik etdiyi, Əhliman Axundov, Nurəddin Seyidov, Mirəli Seyidov, Təhmasib Fərzəliyev, Bəhlul Abdulla, Elxan Məmmədli, Rza Xəlilov, Muxtar İmanov, Oruc Əliyev, Məhərrəm Qasımlı, Füzuli Bayat, Arif Acalov, Əfzələddin Əsgər və b. folklorşünasların vaxtilə çalışdığı AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsi şifahi xalq ədəbiyyatının toplanması, nəşri və tədqiqi sahəsində mühüm işlər görmüşdür.

Keçən əsrin 80-90-cı illərində demokratiya ab-havası ilə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinin fəaliyyətində yaranan xüsusi canlanma, milli-mənəvi irs və mifologiya ətrafında gedən qızğın müzakirə və mübahisələr, bu sahədə aparılan yeni istiqamətli araşdırmalar həmin institutda ayrıca Mifologiya bölməsinin yaradılmasını bir zərurətə çevirmiş və professor Mirəli Seyidov həmin bölmənin rəhbəri təyin edilmişdi. Folklorşünaslıq sahəsindəki canlanma Ədəbiyyat İnstitutunun Elmi Şurasında folklorun toplanması və tədqiqi ilə bağlı yeni ideyaların səslənməsinə səbəb olmuşdu. Folklor antologiyaları və folklor külliyyatının nəşrə hazırlanması belə ideyalardan idi. Ədəbiyyat İnstitutunun o vaxtkı direktoru, AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayevin irəli sürdüyü bu tipli ideyaların həyata keçirilməsi Folklor şöbəsinin və cəmi üç nəfər əməkdaşı olan Mifologiya bölməsinin imkanları xaricində idi. Bir tərəfdən də dövlət müstəqilliyinin qazanılması ilə qeyri-maddi mədəni irsə maraq və diqqətin artması folklorşünaslıq sahəsində daha geniş və daha əhatəli tədqiqatlar aparılmasına, yeni elmi layihələr həyata keçirilməsinə ehtiyac yaratmışdır. Folklorşünaslığa təkcə xalq ədəbiyyatı deyil, ənənəyə söykənən və şifahi yolla ötürülən, musiqi, rəqs, xalq bilgiləri və s. sahələri də əhatə edən bir elm sahəsi kimi yanaşma, görüləsi işlərin çoxluğu ayrıca bir folklor qurumunun yaradılması zərurətini ortaya çıxarmışdır. Nəticədə 1994-cü ildə Ədəbiyyat İnstitutunun tərkibində “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzi yaradılmışdır. Mərkəzə İçərişəhərdə ayrıca bina verilmiş, məkanca Ədəbiyyat İnstitutundan ayrılmaq mərkəzin az-çox sərbəst fəaliyyət göstərməsinə əhəmiyyətli təsir etmişdir.

Ulu öndər Heydər Əliyevin 1997-ci il 20 aprel tarixli fərmanı ilə Azərbaycan xalqının möhtəşəm epik abidəsi —”Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin beynəlxalq səviyyədə qeyd edilməsi ilə əlaqədar tədbirlərin keçirilməsində, çoxcildli folklor antologiyası və külliyyatının hazırlanıb çap olunmasında Hüseyn İsmayılovun rəhbərlik etdiyi “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzinin xüsusi fəaliyyəti olmuşdur.

2003-cü ildə “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzi Ədəbiyyat İnstitutundan ayrılıb müstəqil quruma —Folklor İnstitutuna çevrilmişdir. İnstitut fəaliyyətə başladığı 2003-cü ildə onun struktur vahidlərini Azərbaycan folkloru, Qorqudşünaslıq, Aşıq yaradıcılığı, Türk xalqları folkloru, Folklor nəzəriyyəsi, Mifologiya, Redaksiya-Nəşriyyat şöbələri, Folklor laboratoriyası, Elmi Arxiv, Şəki bölməsi və “İrs” folklor qrupu təşkil etmişdir. 2005-ci ildə institutda aşıq musiqisi, 2006-cı ildə Qazax-Borçalı, 2007-ci ildə Xarici əlaqələr bölmələri yaradılmışdır. 2007-ci ildə Aşıq musiqisi bölməsi Aşıq musiqisi və saz ifaçılığı elmi-tədqiqat şöbəsinə çevrilmişdir.

2011-2013-ci illərdə İnstitutda mühüm struktur dəyişiklikləri aparılmış, yeni elmi layihələr hazırlanmış və tədqiqat perspektivləri genişləndirilmişdir. Müasir folklorşünaslıqda folklor üç istiqamətdə —arxaik folklor, klassik folklor və müasir folklor istiqamətlərində öyrənilir ki, Folklor İnstitutunda struktur dəyişiklikləri də bunlar nəzərə alınaraq aparılmışdır.

Hazırda AMEA Folklor İnstitutunun strukturunu aşağıdakı elmi və elmi-yardımçı hissələr təşkil edir: Mifologiya şöbəsi, Klassik folklor şöbəsi, Dədə Qorqud şöbəsi, Mərasim folkloru şöbəsi, Aşıq yaradıcılığı şöbəsi, Musiqi folkloru şöbəsi, Müasir folklor şöbəsi, Türk xalqları folkloru şöbəsi, Folklor və yazılı ədəbiyyat şöbəsi, Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi, Azsaylı xalqların folkloru bölməsi, Şəki bölməsi, Qazax-Borçalı bölməsi, Xarici əlaqələr bölməsi, Redaksiya-nəşr bölməsi, Folklor fondu, Elmi kitabxana və “İrs” folklor ansamblı.

İnstitutda Mərasim folkloru, Musiqi folkloru, Folklor və yazılı ədəbiyyat, Müasir folklor, Folklorun toplanması və sistemləşdirilməsi kimi yeni şöbələr aktual problemlərin araşdırılması zərurətindən yaranmışdır. Mərasim folkloru şöbəsinin əsas tədqiqat yönümünü Azərbaycan xalq mərasimlərinin, oyun və tamaşaların qeydə alınması, arxaik ritualların bərpası,

mərasimlərin genezisi, struktur və tipologiyasının tədqiqi; folklor və etnoqrafiyanın diffuz sahələri kimi mənəvi institutlar və dəyərlərin, xalq bilgilərinin, inancların, folklordakı arxaik ritual elementlərinin, ənənəvi bayramların, adət-ənənələrin, folklorda davranış, əxlaq və digər etnik-milli xüsusiyyətlərin, ailə və dövlətçilik məsələlərinin, milli geyim, yemək mədəniyyəti və s. folklor aspektlərinin tədqiqi; Azərbaycan-türk mərasimi düşüncə sisteminin ifadə kodunun (təsvir dili və onu funksionallaşdıran semiotik vahidlərinin) bərpası; mərasimin məzmununu təşkil edən kosmoqonik informasiyanı reallaşdıran, söz və hərəkət vahidlərindən təşkil olunmuş “əlifba”nın müəyyənləşdirilməsi və s. təşkil edir.

Musiqi folkloru şöbəsi Aşıq musiqisi və saz ifaçılığı şöbəsinin bazasında yaradılmışdır. Şöbənin prioritet tədqiq sahələrini musiqi folklorunun praktiki olaraq inkişaf etdirilməsi, qədim xalq musiqisi örnəklərinin rekonstruksiyası, onların musiqişünaslıq elminin tələbləri səviyyəsində öyrənilməsi təşkil edir. Şöbə unudulmaqda olan xalq mahnılarının, aşıq havacatlarının toplanması, sistemləşdirilməsi və nota salınması istiqamətində ciddi işlər həyata keçirir. Aşıq sənəti ilə muğam sənətinin nəzəri təhlillər zamanı aşkara çıxan ümdə cəhətləri nəzərə alınaraq, şöbədə klassik muğam ifaçılıq xüsusiyyətləri, ənənələri, şikəstələr üzrə elmi tədqiqat işlərinin aparılması da nəzərdə tutulmuşdur.

Folklor və yazılı ədəbiyyat şöbəsinin əsas vəzifələrini folklor və yazılı ədəbiyyatın qarşılıqlı təsir probleminin öyrənilməsi, yazılı ədəbiyyatda folklor və mifologiyadan istifadə məsələlərinin tədqiqi, yazılı ədəbiyyatın folklora təsirinin araşdırılması və ortaq poetika problemlərinin tədqiqi təşkil edir. Şöbə eyni zamanda Azərbaycan ədəbiyyatı klassiklərinin yaradıcılığının folklorla bağlı məqamlarının tədqiqinə həsr olunmuş xüsusi elmi məqalələr toplularını nəşrə hazırlayır.

Milli-mənəvi dəyərlərin son yüz ildə sürətlə dəyişdiyi, zənginləşdiyi bir vaxtda folklor anlayışının yeni münasibətlər baxımından tədqiqi vacib məsələlərdən biridir. Urbanizasiya, köçlər, qaçqınlar problemi, texnologiyanın sürətli inkişafı yeni-yeni folklor materiallarının yaranmasına və ya ən azından əski nümunələrin şəkil dəyişməsinə səbəb olur ki, bunların araşdırılması qloballaşan dünyaya uyğunlaşmaq baxımından olduqca önəmlidir. Bütün bu məsələlərlə Müasir folklor şöbəsi məşğul olur. Müasir folklor şöbəsinin əsas vəzifələrini Azərbaycan folklor tarixinin müasir mərhələsinin xüsusiyyətlərinin, bu mərhələnin daxili inkişaf istiqamətlərinin, müasir şəraitdə folklorun yaranma yollarının, bədiilik imkanlarının, forma-məzmun zənginliklərinin, janrlararası münasibətlərin müəyyənləşdirilməsi, xalq təfəkkürünün müasir çağda obraz yaratmaq imkanlarının araşdırılması, müasir urbanizasiya dövründə folklor mühitinin dəyişməsi nəticəsində yeni yaranan folklor janrlarının tədqiqi, indiyədək öyrənilməmiş folklor sahələrinin araşdırılması təşkil edir.

Ayrı-ayrı bölgələrə folklor ekspedisiyalarının təşkili, toplanmış folklor mətnlərinin ekspertizası, audio və video materialların hazırlanması, toplanmış materialların janrlar üzrə sistemləşdirilməsi, kataloqlaşdırılması və mühafizəsi, topluların nəşrə hazırlanması, mətbuatda dərc olunan folklor materiallarının qeydiyyatının aparılması, folklor fondunun və folklorşünas alimlərin şəxsi fondlarının yaradılması Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinin əsas fəaliyyət istiqamətlərini təşkil edir. Bu məqsədlə şöbə əməkdaşları il ərzində Azərbaycanın müxtəlif bölgələrinə ezam olunur və toplanmış folklor nümunələri əsasında yeni-yeni toplular hazırlanır və nəşr olunan toplular araşdırmaya cəlb edilir. Şöbədə folklor nümunələrinin beynəlxalq prinsiplərə uyğun sistemləşdirilməsi istiqamətində ilk addımlar atılmış, müxtəlif xalqların nağıl materiallarının sistemləşdirilməsinə uğurla tətbiq olunan Aarne-Tompson sistemi əsasında Azərbaycan nağıllarının süjet kataloqu hazırlanmışdır. Gələcəkdə digər janrlar üzrə də bu cür sistemli kataloqların yaradılması bir məqsəd kimi qarşıya qoyulmuşdur.

Folklor İnstitutu öz fəaliyyətinin ilk illərindən beynəlxalq elmi əlaqələrin qurulmasına xüsusi əhəmiyyət vermişdir. Xarici əlaqələr bölməsi ayrıca struktur vahidi kimi AMEA-nın elmi-tədqiqat müəssisələri arasında ilk olaraq Folklor İnstitutunda yaradılmışdır. Bu gün həmin bölmə beynəlxalq və ölkədaxili elmi əlaqələrin qurulması, koordinasiyası və həyata keçirilməsi, müştərək elmi tədbirlərin təşkili kimi məsələlərlə ardıcıl məşğul olur. Bu əlaqələr sırasında türk respublikaları ilə əlaqələr daha geniş yer tutur. Türk respublikalarındakı müvafiq elmi qurumlarla, görkəmli folklorşünas və sənətşünas alimlərlə intensiv əlaqələrin bəhrəsi kimi 2003-cü ildən bəri Folklor İnstitutunda “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” adlı beynəlxalq elmi konfrans keçirilir. Ümumilikdə indiyədək bu ad altında 7 beynəlxalq konfrans keçirilmişdir.

AMEA Folklor İnstitutu 2012-ci ildən Qafqaz regionu və Anadolunun 40-a yaxın elmi-təhsil və elmi-tədqiqat müəssisələrini birləşdirən Qafqaz Universitetləri Birliyinin üzvüdür.

İnstitut əməkdaşlarının elmi tədqiqatları və hazırladığı kitablar Qırğızıstan, Özbəkistan, Ukrayna, Moldova, Türkiyə və başqa ölkələrin yüksək elmi qurumlarının, Beynəlxalq qurumların mükafatlarına (Özbəkistanın Beynəlxalq Babur Fondunun əsas mükafatı, Qırğızıstanın Manas Akademiyasının mükafatı, Türkiyə Cümhuriyyəti Hüseyn Qazi Sənət və Kültür Vakfının Türk folkloruna xidmət ödülü, Türkmənistanın “Miras” dövlət təşkilatının mükafatı, Avropa Birliyi İnformasiya Departamentinin mükafatı və s.) layiq görülmüşdür. Musiqi folkloru şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nemət Qasımov Azərbaycan aşıq musiqisini YUNESKO xətti ilə Paris və Strasburqda keçirilən konsertlərdə ən yüksək səviyyədə təmsil etmiş, 2010-cu ildə Dünya Usta Sənətkarlar Təşkilatı (World Masters Organizing Committee) tərəfindən Dünya Sənət və Mədəniyyət Ustası adına layiq görülmüşdür. Folklor İnstitutu Türkiyə, Rusiya Federasiyası, Kipr Türk Cümhuriyyəti, Özbəkistan və Gürcüstan Respublikalarının müxtəlif elmi təsisatları ilə birlikdə 10-a yaxın müştərək elmi konfrans təşkil etmiş, institut əməkdaşları xarici ölkələrdə təşkil edilən çoxsaylı beynəlxalq tədbirlərin məruzəçisi və ya təşkilat komitəsinin üzvü olmuşlar.

Folklor İnstitutu öz fəaliyyətində Azərbaycan dövlətinin milli maraqlarına cavab verən aktual elmi problemlərlə bağlı layihələr həyata keçirməkdədir. AMEA rəhbərliyinin maddi və mənəvi dəstəyi ilə 2012-2013-cü illərdə icra olunmuş “Azərbaycanın Qarabağ bölgəsinin folklor nümunələrinin toplanması, sistemləşdirilməsi, arxivləşdirilməsi və dəyərləndirilməsi” layihəsi Qarabağ azərbaycanlılarının maddi və qeyri-maddi mədəni irsinin toplanması, qorunması və dünyaya tanıdılması sahəsində Azərbaycan dövlətinin elmi və mədəni qurumlar qarşısında qoyduğu vəzifələrin icrası işinin tərkib hissəsi kimi həyata keçirilmişdir. Azərbaycanın ən zəngin folklor mühitlərindən olan Qarabağın şifahi xalq yaradıcılığı örnəklərini əhatə edən və hələlik altı cildi çap olunmuş kitablarda (Qarabağ: folklor da bir tarixdir. Qarabağın folklor örnəkləri, 6 cilddə. I cild, Bakı, Elm və təhsil, 2012, 464 səh.; II cild, Bakı, Elm və təhsil, 2012, 484 səh.; III cild, Bakı, Elm və təhsil, 2012, 468 səh.; IV cild, Bakı, Elm və təhsil, 2013, 460 səh; V cild, Bakı, Elm və təhsil, 2013, 452 səh; VI cild, Bakı, Elm və təhsil, 2013, 468 səh.) 200-dən artıq mifoloji mətn, 1000-ə yaxın əfsanə və rəvayət, 300-dən artıq nağıl mətni, 360 lətifə, 600-dən artıq atalar sözü və məsəl, 2000-ə yaxın bayatı, bunlardan əlavə, laylalar, oxşamalar, uşaq folkloruna aid nümunələr, bölgədə yaşayan tayfaların məişətinə, tarixinə dair maraqlı məlumatlar qısa zamanda toplanıb, oxuculara təqdim edilmişdir.

“Qarabağ: folklor da bir tarixdir” çoxcildliyi AR Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 23-25 sentyabr 2013-cü il tarixində keçirilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan III Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkasının “Ən yaxşı kitab” nominasiyası üzrə xüsusi mükafatı ilə təltif olunmuşdur. Həmin layihə daxilində 2012-ci ildə Qarabağ bölgəsindən toplanmış, hazırda unudulmuş və ya ifa olunmayan xalq mahnılarından, təsniflərdən, xalq rəqs nümunələrindən ibarət “Qarabağ folkloru (xalq mahnıları, təsnif və rəqsləri)” albom-disklər də (3 disk) hazırlanmış və ona Azərbaycan və ingilis dillərində Qarabağın musiqi folkloru haqqında məlumat kitabçası əlavə edilmişdir.

Bu layihə üzrə işlər 2014-cü ildə də davam etdirilmiş və “Qarabağ: folklor da bir tarixdir” toplusunun VII və VIII cildləri çapa hazırlanmışdır.

Azərbaycan musiqi folklorunun tədqiqi istiqamətində daha bir iş—5 diskdən ibarət “Aşıq musiqisi albomu” da aşıq sənətinin tarixi haqqında Azərbaycan və ingilis dillərində kitabça ilə bir yerdə nəfis şəkildə buraxılmışdır. Bu istiqamətdə işlərin davamı olaraq institut Masallı-Lənkəran folklor qruplarının çıxışlarını videolentə almış və həmin materialların əsasında DVD disklərdən ibarət “Halaylar” musiqi albomu buraxmışdır.

2014-cü ildə ustad aşıqların ifasından yazıya alınmış üç dastan əsasında Azərbaycan məhəbbət dastanları (“Əsli-Kərəm”, “Qurbani”, “Novruz-Qəndab”) albom-diskləri (üç dildə məlumat kitabçası ilə) hazırlanmışdır.

İnstitutun hazırladığı “Qarabağda xalq oyunları və meydan tamaşaları: genezisi, tipologiyası və poetikası” adlı layihə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının beynəlxalq xarakterli 2-ci “Şuşa qrantı” birgə müsabiqəsinin qalibi olmuşdur (1 mart 2013—1 mart 2014).

Folklor İnstitutu əməkdaşlarının çap olunmuş bir çox elmi-tədqiqat işləri folklorun müxtəlif problemlərinə həsr olunmuş dəyərli əsərlər sırasındadır.

İnstitut elmi-tədqiqat işləri ilə yanaşı, Azərbaycanın bütün bölgələrinin qeyri-maddi mədəni irsinin toplanması və itkisiz olaraq gələcək nəsillərə çatdırılması məqsədilə “Bölgə folklor örnəkləri” və “Güney Azərbaycan folkloru” seriyasından ardıcıl olaraq toplama-tərtib kitablarını nəşr edir.

İnstitutun 2 dövri elmi jurnalı —”Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” və “Dədə Qorqud” nəşr olunur. Azərbaycan folklorşünaslıq elminin mühüm yenilikləri 1961-ci ildən nəşr olunan “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” məcmuəsində cəmlənir, elmi ictimaiyyətə çatdırılır. 1987-ci ilə qədər cəmi 7 nömrəsi çap olunan məcmuənin nəşri 1999-cu ilə qədər, 12 il dayanmışdır. 1999-cu ildə “Folklor Sarayı” Elmi Mədəni-Mərkəzinin yeni formalaşmış intellektual potensialı və nəşr-poliqrafiya imkanları hesabına məcmuə yenidən həyata qaytarılmış, bu günə qədər “Tədqiqlər”in 44 cildi nəşr olunmuşdur.

“Dədə Qorqud” toplusunun nəşrinə 2001-ci ildən başlanılmışdır. Toplu qorqudşünaslığa və folklorşünaslığa dair elmi tədqiqatlar və ədəbi material hissələrindən ibarətdir. Toplunun istifadə dairəsinin genişliyini təmin etmək üçün materialların ingiliscə və rusca xülasəsi verilir. Toplunun səhifələrində Folklor İnstitutunun elmi kontingentinin axtarışları və araşdırmaları ilə yanaşı, dünya folklorşünaslığının ən mühüm nailiyyətləri də işıq üzü görür. İldə 4 sayının nəşri nəzərdə tutulan toplunun artıq 50 sayı nəşr olunmuşdur. Folklorşünaslıq problemlərinin əhatə dairəsinə görə ümumtürk miqyasını əhatə edən, elmi səviyyəsi baxımından isə müasir Avropa folklorşünaslığının nəzəri səviyyəsində olan “Dədə Qorqud” toplusunun nəşrini Folklor İnstitutunun mühüm nailiyyətlərindən hesab etmək olar.

İnstitutda 2003-cü ildən “Folklorşünaslıq” ixtisası üzrə Doktorantura, həmin ixtisas üzrə Problem Şura və elmi dissertasiyaların Müdafiə Şurası fəaliyyət göstərir.

Folklor İnstitutu yarandığı tarixdən özünün elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti ilə xeyli elmi və praktik iş yerinə yetirmiş, müəyyən uğurlar qazanmışdır. Ancaq bununla yanaşı, institut görülən işlərin səviyyəsini daim yüksəltməyi və təkmilləşdirməyi qarşıda duran başlıca vəzifələrdən sayır.

 

Muxtar İmanov,

AMEA Folklor İnstitutunun

direktoru, AMEA-nın müxbir üzvü.

 Respublika.-2014.- 18 iyul.- S.5.