İrəvan müsəlman sakinli vilayət olmuşdur

 

Oxuculara təqdim olunan “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı (İbrahim Quliyev fars dilindən tərcümə etmişdir) Güney Azərbaycanın tanınmış tarixçisi, mərhum doktor Səməd Sərdariniyanın çoxsaylı əsərlərindən biridir. Müasir Güney Azərbaycan tarixşünaslığında az müəllif tapılar ki, onun kimi yorulmaq bilmədən faktları, mənbələri və arxiv sənədlərini tədqiq edərək, tarixi həqiqətləri üzə çıxarmaq sahəsində zəngin irs qoyub getmiş olsun. “Azərbaycan mədəni dünyada”, “Təbriz əvvəlinci şəhərdir”, “Təbrizin Mərkəzi qeybi”, “Əli Müsyo”, “Təbriz Universiteti”, “Azərbaycan mətbuat tarixi”, “Təbriz teatrı”, “Bağır xan Salari-Milli”, “Molla Nəsrəddin Təbrizdə”, “Arazın hər iki sahilində soyqırım”, “Azərbaycan məşhurları” (3 cilddə) əsərləri müəllifin elmi axtarışlarının və yaradıcılığının bir hissəsidir. Onun şəxsi arxivində daha yeddi kitab, onlarca sanballı elmi məqalə oxuculara təqdim olunacağı günü gözləyir.

XIX əsrin sonunda Daşnaksütyun partiyasının yaranması və erməni qatillərinin bu partiya sıralarında cəmləşməsi dənizdən-dənizə böyük Ermənistan haqda xülyanı formalaşdırdı və onu müsəlmanlara qarşı mübarizədə ideoloji hədəfə çevirdi. Daşnaksütyun partiyasının yaranması ilə Qərbi Azərbaycan torpaqları, o cümlədən İrəvan və onun ətrafındakı bölgələr erməni əsarətinə düşdü.

Doktor Səməd Sərdariniyanın kitabını vərəqlədikcə son yüz ildən artıq bir müddətdə erməni cəlladlarının azərbaycanlılara qarşı törətdikləri çoxsaylı qətllərin, talan və zorakılıqların geniş panoraması göz önündə canlanır. Müəllifin kitabındakı çoxsaylı tarixi faktlar bu gün İrəvanı özünə paytaxt etmiş ermənilərin tarixi keçmişi bilərəkdən təhrif edib saxtalaşdırmalarına tutarlı elmi cavabdır.

Doktor S.Sərdariniyanın kitabı 1999-cu ildə (1379) İranda fars dilində nəşr edilmişdir. İranda qondarma erməni soyqırımına aid onlarca yazı dərc olunduğu halda, ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə əlaqədar çıxan əsərləri barmaqla saymaq olar. Bu baxımdan, ictimaiyyətimizin diqqətinə təqdim edilən bu kitab xüsusi əhəmiyyətə malikdir. Təbii ki, bizim oxucumuz əsərin hansı şəraitdə qələmə alındığını və hansı auditoriyaya ünvanlandığını nəzərə almalıdır. Eyni zamanda, qeyd etməliyik ki, əsərdə işlənən bəzi ifadələr və terminlərdə kiçik dəqiqləşdirmələr aparılmışdır.

Əkrəm Rəhimli (Bije)

Bu kəndlərin əksəriyyətində erməni və müsəlmanlar çoxluq təşkil edirdi. Karnibasardan keçdik. Orada Karnibasar adlı bir çay axır və bu mahalı su ilə təchiz edir. Karnibasardan keçib, Ağhəmzəliyə gəlib çıxdıq. Burada atları dəyişməli idik, amma dəyişə bilmədik. İrəvana doğru sürdük.

Qəbraqdan İrəvana qədər bütün yolboyu kəndlər idi. Buralarda boş yer yox idi. Əkin yerləri çaylar vasitəsilə suvarıldığından kəndlər abad görünürdü. Günün batmasına bir saat yarım qalmış İrəvan şəhərinə çatdıq. Bizi qarşılamağa xeyli adam gəlmişdi. Pənah xan İrəvani adlı bəstəboy, kök, 46-47 yaşlı və İrəvanda çox hörməti olan bir kişi İrəvan süvarilərini bizimlə görüşə gətirmişdi, onun əlində İran bayrağı da var idi. Xanla bir qədər söhbət edib şəhərə daxil olduq.

İrəvan şəhəri dərənin içində yerləşir. Burada ilk dəfə akasiyanın gülünü gördük. Dünən keçdiyimiz bölüklərdə isə iydə (lox) gülü çox idi. Həmin güllər faytonumuzu və fəzanı ətrə bürümüşdü. Dəvəli və Qəmərli arasında Rusiyanın rəiyyəti olan Kürdək əyaləti yerləşir. Türnükənddə, Əzizanlıda, Gümrüdə, Buralanda bürdqanlılar yaşayır. Onlar özləri min evdən ibarət olduqlarını desələr də, başçıları 500 ev olduqlarını bildirdi. Buralar onların qışlaqlarıdır, yaylaqları isə Akrıcada, Saraclı yüksəkliyində, Araza qovuşan Qarasu çayının kənarında yerləşir. Bunların birinin başçısı Fətəli ağa, digərinin başçısı Fətəli ağanın xoşagəlimli, suyuşirin gənc oğlu idi. Rusların məhəlləsində Avropa standartlarına uyğun evlər, binalar tikilmişdi. Bütövlükdə 18 min əhalisi vardır. İki gözəl plakat hazırlanmışdı və bizim adlarımızı yazmışdılar. İrəvanın başçılardan, döyüşçülərdən, vəzifə sahiblərindən ibarət bütün əhalisi, istər müsəlman, istər rus olsun, İrəvana tam hazır vəziyyətdə gəlmişdilər. Üç yüz-dörd yüz erməni əsgəri də (ermənilərdən təzəcə əsgər yığırdılar və onların komandirləri ruslar idi) sıraya düzülmüşdü. Bizi qarşılamağa gələnlərə çatıb atdan düşdüm. Ev sahibi, əminüs-sultan və digərləri də gəlib çatdılar. Gəlib otağın qapısında dayandıq, bütün sahibmənsəblərə və camaata minnətdarlıq etdik. Əsgərlər də bizim qarşımızdan keçdilər və bundan sonra hökumət binasına daxil olduq. Bina çox gözəl idi. Bu bizim əvvəl gördüyümüz bina idi, amma çox yaxşı təmir olunmuşdu, xeyli gözəlləşmişdi. Şam etdik və şamdan sonra da ev sahibi və vəzifə sahibləri gəldilər. Atəşfəşanlıq başlamışdı. Bayıra çıxdıq. Bütün pilləkənlərin üstündə adamlar

dayanmışdı. Onlar atəşfəşanlıq edirdilər. Camaatın əksəriyyəti fransız, erməni və digər qadınlardan ibarət idi. Kişilər ayaq üstə idilər. Atəşfəşanlıq və qonaqpərvərlik gəldiyimiz gündən son gecəyədək davam etdi. Buranın bütün evlərində Təbriz xalçası və Təbriz kilimləri var idi. Hətta otaqların pərdələri də xalçadan idi.

Bu iki gündə gördüyümüz bütün kəndlərdə mal-qoyun sürülərinin otlaması üçün heç yerdə görmədiyimiz çoxlu çəmənlik və otlaqlar var idi. Burada müxtəlif növ qaramal, çoxlu yük eşşəyi, madyan, camış gördük. İnəklər, camış balası, dəvə bir yerdə otlayırdı.

Buranın mötəbər generallarından biri bizi qarşılamağa gələn Kemişov idi... Bizim gəlişimizdən sonra hava tutuldu, qısa ildırım və göy gurultusundan sonra gur yağış yağdı. Xeyli müddət idi ki, İrəvana yağış yağmırdı, camaat bunu bizim ayağımızın sayalı olması ilə əlaqələndirdi.

Ramazan ayının 13-ü, çərşənbə axşamı günü:

Bu gün Dilicana getməliyik. Yolun uzunluğu 14 fərsəngdir. Sübh namazına 1 saat qalmış yuxudan oyandıq. Hacı Heydər saqqalını təraş eləyib gəldi... Biz də əvvəlki qayda üzrə faytonlara oturduq və yola düşdük. Maşallah, Əziz sultanımızın da üzü və əhvalı əla idi. Bu yol haqqında əvvəlki səfərimizdə müfəssəl yazmışdım. Bu səfərdə yalnız təzə bir şey görəcəyimiz halda yazacağam. Əvvəlki səfərimizdə gördüyüm İrəvan çox bərbad vəziyyətdə idi, amma indi çox abadlaşmışdı. Çox yaraşıqlı evlər, çoxsaylı məscid və mədrəsələr tikilmişdi. Küçələrdən çox sürətlə keçib, İrəvan şəhərinin yaxşı göründüyü bir yüksəkliyə çatdıq və sonuncu dəfə Ağrı dağını görüb, oradan ötüb keçdik.

Nəsrəddin şah Avropadan geri qayıdarkən xüsusi həkimi fransalı Fövriyyə də onunla olub. O, yol qeydlərində İrəvan şəhərini belə xatırlayıb: “Biz səfərə çıxanlar öz fayton yoldaşlarımızla Ararat, Nuh və onun gəmisindən danışdığımız zaman gözlərimizin qarşısından bu quru və hündür yerlər üçün qeyri-adi görünən gözəl vahələr keçir. Bir hissəsi böyük meyvə ağacları və barsız ağaclar arxasında qalan, aralarından yüz minlərlə xüsusi parıltıya malik şəffaf arxlar axan evlər görünür. Ola bilsin ki, bu, şair Pirdəvinin təsvir etdiyi həmin yerdir: “Bu yerdəki körpə ağaclar birbaşa ali əcdadımız Nuhun əkdiyi lətif qönçələrdəndir”.

Həzrəti Nuh bu otun şirəsindən içdi və bununla da həmin qiymətli ot əbədiyyət qazanıb bizim günlərə qədər yaşadı. Gərək onun oğlu Samın səsinə minnətdar olaq. Bu cür fikirlərlə İrəvan şəhərinə çatdıq və ovcumuzun içindəki şəhər sıx bağlar içərisində olduğundan oraya daxil olanadək onu görə bilməmişdik.

Saat yeddiyə yaxın idi, Araratın zirvəsi bütün əzəməti ilə görünürdü. Günəşin son şüaları dağın başında oynadığından və dağın aşağı hissəsinə kölgə düşdüyündən xüsusi mənzərə yaranmışdı. Göyçəgöl dəryaçasının yanından yol aşağı enməyə başladı. Biz min metrlik yüksəklikdə olsaq da, 4200 metr yüksəkliyə malik olan Ararat yenə bizi heyran etməkdəydi.

11 sentyabr - hicri-qəməri 1307-ci il məhərrəm ayının 15-i.

Şah Eçmiədzinin böyük xəlifəsi ilə görüşmək istəyirdi. Eçmiədzin Ermənistanın 17 kilometrliyindədir. Biz saat on tamamda hərəkət etməyə başladıq. Çünki şah günorta vaxtı erməni keşişi ilə görüşməli idi. Yerli könüllü əsgərlərin hamısına hərbi mühafizə məqsədi ilə əlahəzrətlə birgə hərəkət etmək tapşırığı verilmişdi. Briqada generalı Bekolmışov bu qrupa rəhbərlik etməli olan Gürcüstan çarının nəvəsini mənə təqdim etdi.

Bu hərbi qrup fəxri qarovul vəzifəsini yerinə yetirməkdən başqa, həm də bizim təhlükəsizliyimizi qoruyurdu. Çünki yollarda qaçaq və yolkəsənlər var idi. Tatar və qeyri-millətlərdən olan bu adamlar çox təhlükəli idilər. Yolkəsənlərdən birinin adı Kərəm idi. O, bu yerlərdə çox məşhurdur və rus hərbçilərinə qarşı mübarizə aparır.

Kərəm rus hərbçiləri ilə son döyüşlərin birində yaralanmış və Maku hakimi Teymur ağanın yanına qaçmışdır. Ruslar onu ələ keçirmək üçün Teymur ağaya nə qədər təkid etsələr də, Teymur ağa onu təhvil vermir. Kərəm daha çox İrəvan hakimi ilə düşmənçilik edir, tez-tez ona məktub göndərərək özünü onun yadına salır, vəziyyəti barədə məlumat verir və bildirir ki, yaxşılaşan kimi onun (yəni İrəvan hakiminin) hüzuruna gəlib, başına bir güllə sıxacaq və intiqamını alacaq.

Səhər saat 10-da biz faytona mindik, Zəngi körpüsündən keçib şəhərdən çıxdıq. Körpüyə gedən yolun üstündə İrəvan sərdarlarının qəsri ucalır, onun qonşuluğundakı məhəllə hündür və boz divarlarla əhatə olunurdu.

...Getdiyimiz yolla saat 4 radələrində İrəvana qayıtdıq, hava qaralana qədər şəhərin görməli yerlərini gəzdik. Əvvəlcə sərdarlar qəsrinin qarşısında dayandıq. Hər yerdə müsəlman mədəniyyətinin izləri görünürdü və indi dağılmış qəsr həmin mədəniyyətin ən gözəl nümunələrindən biri idi. Minalı və açıq mavi rəngli kaşılarla bəzədilmiş zal, geniş qapılar, müxtəlif rəngli şüşələri olan açılan pəncərələr, divara, sütunlara, tavana vurulmuş kiçik aynaların ətraflarında zərgərcəsinə işlənmiş ornamentlər, gül və buta şəkilləri bu gün İrəvanda sərdarlar qəsrinin abadlıq dövrünün şahidi hesab oluna bilər.

Onun indiki mənzərəsi də diqqətdən kənar qala bilməz. Tağlı şəkildə tikilmiş köhnə körpü ilə Zəngi çayı ayağımızın altından axır. Bir qədər uzaqda şəhər bağları, ondan o tərəfdə isə geniş çöllər görünür. Araratın zirvəsi də üfüqdən aydın nəzərə çarpır. Şəhərin qədim tikilisi məsciddir, adıçəkilən qəsr kimi onlar da xarabazarlığa çevrilib. Yalnız onun günbəzi nisbətən salamat qalmışdır. Məscidin daxili və xarici parlaq rəngli kaşılardandır. Həmin kaşılardan bəziləri qopub və onların sınıqları hər tərəfə səpələnib.

Şəhərdə daha yaxşı qalmış başqa bir məscid də gördük, müsəlmanlar orada namaz qılır. Onun inşaat üslubu da əvvəlki məscidin inşaat üslubuna oxşayır. Əvvəlki qayda üzrə burada da rəngbərəng kaşılardan istifadə olunub. Lakin bu məsciddə tünd mavi rəng digər rənglərdən çoxdur. Onların üzərində qızılı rənglə Quran ayələri yazılıb.

İrəvan bazarı Tiflis bazarına oxşayır. Yəqin ki, qabaqda görəcəyimiz digər bazarlar da belə olacaq. Tikintilərin quruluşu və satış qaydaları gördüklərimizdən çox da fərqlənməyəcək.

Hava qaranlıqlaşdığından gəzintini dayandırıb, bir o qədər də çox adam olmayan meydan yolundan şəhərin yeni məhəlləsindəki, yəni rus məhəlləsindəki iqamətgahımıza qayıtdıq. Beləliklə, çox şeylərin şahidi olduğumuz gündüz gəzintisinə son verdik”.

Bu illərdə hələ Daşnaksütyun partiyası təşkil olunmamış, ifrat erməni iddiaları qarşıdurmalara səbəb olmamışdı. Arazın o biri sahilində və İrəvan şəhərində yaşayan millətlər, o cümlədən müsəlmanlar və ermənilər dinc şəraitdə yaşayırdılar. Üstəlik, İran mühacirlərinin çoxu həmin şəhərlərdə işləyirdilər.

Mirzə Həsən Rüşdiyyə Təbrizi yeni üsullu məktəbi ilk dəfə İrəvan şəhərində təsis etdi. Fəxrəddin Rəşidiyyə bu barədə yazır: “Rəşidiyyə yeni üsulla əlifbanın təlim edilməsinin metod və üslubunu tam müəyyənləşdirdikdən sonra əvvəlcə İrəvana getdi və hicri-qəməri tarixi ilə 1301-ci ildə ögey qardaşı Hacı Axundun köməyi ilə Qafqazın zadəgan müsəlmanları üçün yeni üsullu mədrəsəni (ibtidai məktəb) təsis etdi. Onun öz kəşfi olan bu üsulla (fonetik əlifba) tədrisə başladı. “Vətən dili” kitabını türkcə öz üsulu ilə tədris edərək, 60 saat ərzində ibtidai sinif şagirdlərinə oxumağı və yazmağı öyrətməyə nail oldu.

İrəvan müsəlmanları onu ləyaqətlə qəbul etdilər və mədrəsənin şagirdləri günbəgün artırdı. Bu mədrəsə dörd il müddətində onun nəzarət və rəhbərliyi altında fəaliyyət göstərdi.

“Vətən dili” kitabı ta 1917-1918-ci ilə qədər Qafqaz və Türküstanın məktəblərində ibtidai sinif vəsaiti kimi tədris olundu. Rəşidiyyə bu 4 il ərzində tədrisdə böyük təcrübə əldə etdi”.

Nəsrəddin şah Qacar Avropadan qayıdarkən İrəvandakı bu mədrəsəyə baş çəkdi və onu bəyəndi. Bu görüşdən sonra Mirzə Həsən Rüşdiyyə Təbrizdə yeni üsullu mədrəsə təsis etmək üçün Nəsrəddin şahla birgə Vətənə qayıtmaq icazəsi aldı və öz yurduna qayıtdıqdan sonra Təbrizin Şeşgilan məhəlləsində ilk mədrəsəni yaratdı.

Lakin Rüşdiyyədən qabaq Mirzə Kazım Qazi Əskərzadə İrəvanda bir mədrəsə təsis etmiş və onun ilk dərsliklərini yazmışdı. Qulamrza Budaqi bu barədə yazır: “Mirzə Kazım Qazi Əsgərzadə miladi tarixi ilə 1823-cü ildə Təbrizin “Alan Bərağuş” məhəlləsində dünyaya göz açmışdı. Ənənəvi təhsil aldıqdan sonra İrəvan konsulluğunda katib kimi çalışmağa başlamışdı. Mirzə Kazımın mədəniyyətə, elmə hədsiz marağı onu dövlət işindən uzaqlaşdırdı. Yeni təlim-tərbiyənin alovlu və fəal təbliğatçısı olan Qazi Əsgərzadə İrəvanda bir mədrəsənin bünövrəsini qoydu və orada tədrisə başladı. Adıçəkilən şəxs bir neçə dərsliyin, o cümlədən “Hesab elmi”, “Sərf və Nəhv”, “Bəlağət elmi”nin və s. müəllifidir. Mirzə Kazım 1892-ci ildə İrəvanda vəfat etmişdir. Mirzə Kazımın şeirlərinin dili çox sadədir. Onlara yazıldığı dövrü nəzərə almadan (130 il əvvəl), bugünkü uşaq ədəbiyyatının meyarları ilə yanaşsaq, bir qədər monoton görünəcək. Lakin unudulmamalıdır ki, həmin sadə şeirlər bugünkü Azərbaycan uşaq şeirinin ilk nümunələrindəndir.

Sonralar Təbrizdə ilk lal-kar mədrəsəsinin əsasını qoymaqla adını bu ölkənin mədəniyyət tarixinə yazmış Mirzə Cabbar Əsgərzadə Bağçaban da İrəvanda doğulub, orada böyümüşdü. O öz tərcümeyi-halında yazır: “Mənim babam Rza Təbriz əhli idi. Atamın adı Əsgər idi və İrəvan şəhərində memarlıq və qənnadı işi ilə məşğul olurdu. Mən 1264-cü şəmsi ilində İrəvan şəhərində doğuldum. Məscidlərdə qədim üsulla təhsil almışdım. 15 yaşımda təhsili atmaq zorunda qaldım. Dolanışığım atamın sənəti ilə məşğul olmaqdan çıxırdı. Cavanlıq dövrümdə gizli şəkildə evlərdə qızlara dərs keçirdim. Qafqaz qəzetlərinin müxbiri, “Molla Nəsrəddin” jurnalının felyeton yazanlarından və şairlərindən idim. Şəmsi tarixi ilə 1291-ci ildə İrəvanda “Leylək” yumor jurnalının müdiri oldum. Bu jurnal Birinci Dünya müharibəsi başlayandan sonra fəaliyyətini dayandırdı”.

Sərdari-milli Səttarxan Məşrutə inqilabından illər öncə bir müddət Qafqazın dəmir yol tikintisində adi fəhlə işləmiş və bir neçə gün Kərpic sexində briqadir olmuşdu.

“Səfərnamə”də qeyd edildiyi kimi, Arazın o tayındakı müsəlmanlar, xüsusilə də İrəvan müsəlmanları Nəsrəddin şahı necə məhəbbət və təəssüb hissilə qarşılamışdılarsa, onun ölüm xəbərini eşidəndə də o qədər mütəəssir olmuş, kədərlənmişdilər. “Əxtər” qəzeti özünün 22-ci il 42-ci sayında (hicri-qəməri tarixi ilə 1313-cü il zilhəccənin 13-ü, miladi tarixi ilə 1896-cı il mayın 16-sı) “Qarabağdan təsirli məktub” adlı bir yazı çap edib. Həmin yazının bir yerində deyilir:

“Cənab, “Əxtər” yazarı

Təəssüf ki, rüzgar başqa cür oldu.

Gözlərdəki yaş Ceyhun oldu.

Təkcə dövlət ziyan görmədi bu hadisədən

Bütün dünyanın qəlbi qanla doldu.

Həqiqətən, siyasət məzhərinin, xudavəndin hakimiyyət nümayəndəsinin başına gələn bədbəxtlik bütün insanların qəlbinə təsir edib. Çünki şad və gözəl günlərin ən xoş çağında taxt-tac sahibinin və millətin hamısının vücuduna sədəmə toxunub. Bütün Qafqaz müsəlmanlarının qəlbində bunun təsiri var. Buna görə də Tiflis, İrəvan, Naxçıvan, Bakı və digər kimi şəhərlər matəm bayrağı qaldırıb, əzadarlıq mərasimində sıraya durublar”.

İrəvan XX əsrin astanasında

XX əsrin astanasında, rüsvayçı “Türkmənçay” müqaviləsinin bağlanmasından və Arazın o tayındakı vilayətlərin İrandan ayrılmasından 70 ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də gediş-gəliş davam edir, Arazın hər iki tərəfində yaşayan insanlar arasında qırılmaz əlaqələr mövcud idi.

Hicri-qəməri tarixi ilə 1311-ci ildən Təbrizdə nəşrə başlayan “Nasiri” qəzetinin bir çox şəhərlərdə nümayəndəliyi vardı. Diqqətçəkən məqam budur ki, qəzetin Tehran və İsfahan nümayəndəlikləri ilə yanaşı, Araz çayının o biri sahilindəki şəhərlərin də əksəriyyətində, o cümlədən İrəvanda, Bakıda, Tiflisdə, Şuşada, Naxçıvanda, Ordubadda, Təmərxanşurada, Dərbənddə, Petrovskidə fəal müxbirləri çalışırdı. Onların göndərdikləri xəbər və məlumatlar qəzetin səhifələrində önəmli yer tuturdu. Ağamirzə Cəfər Mirzəcanzadə “Nasiri” qəzetinin İrəvan şəhəri üzrə məsul nümayəndəsi idi. Qəzetin hicri-qəməri tarixi ilə 1315-ci ilin rəbiüs-sani ayında nəşr olunmuş 17-ci sayında deyilirdi: “İrəvandakı müxbirimizin yazdığına görə, həmin şəhərin müsəlmanları və möminləri elm və biliyə xüsusi diqqət yetirirlər. Onlar insan həyatının elmdən və bilikdən asılı olduğunu yaxşı bilirlər. Buna görə də ibtidai məktəb təsis etmək üçün bir məclis təşkil ediblər. Ən mötəbər müsəlmanların hər biri öz imkanı daxilində həmin məclisə pul köçürərək məktəb tikintisinə yardım etməyi qərara alıb. Yaxın zamanda yeni üsullu məktəbin bünövrəsi qoyulacaq. İnşallah, onların bu xeyirli işi fayda verəcək və tez bir zamanda məktəb fəaliyyətə başlayıb və müsəlman balalarına xidmət edəcək. Allah-taala ölkəmizin bütün insanlarını huşyar və ayıq etsin”.

 

(davamı növbəti saylarımızda)

 

Respublika.-2014.- 18 iyul.- S.7.