Binəqədi
rayonunun sosial-iqtisadi
sahədə inkişaf tempi
davam etdirilir
18 iyul 2014-cü ildə Binəqədi rayonunda 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağında birinci yarımilin yekunları ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 iyul 2014-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələr də müzakirə edilmişdir.
Yığıncağın işində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, müxtəlif idarə və müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası qarşısındakı abidəsinin önünə çiçək dəstələrinin qoyulması və ulu öndərin xatirəsinin ehtiramla yad edilməsi ilə başlanmışdır. İclasda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov giriş nitqi söyləmiş, gündəlikdə duran məsələlər barədə məlumat vermişdir.
RİH başçısı çıxışında ulu öndərin əsasını qoyduğu tərəqqi strategiyasını müasir dövrün tələblərinə uyğun zənginləşdirən Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində cari ilin ilk altı ayının da ölkənin hərtərəfli inkişafı və tərəqqisi ilə yadda qaldığını bildirmişdir. Hesabat dövründə çox müsbət göstəricilərin əldə olunduğuna toxunan X.İsgəndərov dünyanın müxtəlif regionlarında cərəyan edən hadisələrin, yaşanan problemlərin fonunda Azərbaycanın həm ictimai-siyasi, həm də sosial-iqtisadi cəhətdən inkişaf tempini qoruyub saxlamasını dövlət başçısının yürütdüyü məqsədyönlü, ardıcıl və praqmatik siyasətin məntiqi nəticəsi kimi səciyyələndirmişdir.
Cari ilin ilk altı ayında ölkəmizin makroiqtisadi göstəricilərinin müsbət dinamik templə inkişaf etdiyini vurğulayan RİH başçısı bu dövrdə Binəqədi rayonunda da sosial-iqtisadi şəraitin yaxşılaşdığını, əksər statistik makroiqtisadi göstəricilərdə artım müşahidə olunduğunu diqqətə çatdırmışdır.
RİH başçısı hesabat dövründə Binəqədi rayonunda yeni iş yerləri və müəssisələr yaradılması, kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin yüksəldilməsi, rayona daha çox investisiya qoyulmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və maddi rifahının artmasına nail olunduğunu bildirmişdir.
Hesabat məruzəsi ətrafında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov çıxış etmişdir. V.İsmayılov çıxışında möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasət nəticəsində cari ilin 6 ayında ümumi daxili məhsulun artımının 2,1 faiz, qeyri-neft sektorunun real artım tempinin 7 faiz, inflyasiyanın 1,6 faiz təşkil etdiyini bildirmişdir. Hesabat məruzəsində əhalinin pul gəlirlərinin 4,7 faiz artmaqla inflyasiyanı 3 dəfə üstələdiyi, qeyri-neft sektorunun ümumi daxili məhsulda payının 56,3 faizə çatdığı, dövlət büdcəsinin gəlirlərinin 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirildiyi, xərclərinin isə 8,7 milyard manat təşkil etdiyi qeyd olunmuşdur.
Binəqədi rayonunun sosial-iqtisadi həyatında 2014-cü ilin yanvar-iyun ayları ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğuna diqqət çəkən V.İsmayılov 2014-cü ilin yanvar-iyun aylarında 86 milyon 360 min manatlıq və ya keçən ilin müvafiq dövründən 30,8% çox sənaye məhsulu istehsal edildiyini, sənaye müəssisələrində 6853 nəfərin çalışdığını, bunun da keçən ilin müvafiq dövründən 19,2% çox olduğunu, sənaye müəssisələrində orta aylıq əməkhaqqının 491,9 manat və ya əvvəlki ilin müvafiq dövründən 2,6% çox olduğunu, iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala yönəldilən 87 milyon 438 min manat məbləğində investisiyanın 79 milyon 132 min manatının tikinti-quraşdırma işlərinə sərf edildiyini diqqətə çatdırmışdır.
#Azərbaycan Respublikasının iqtisadi inkişafının baza sütunlarından birinə çevrilən, regionların sosial-iqtisadi inkişafına dair ölkə başçısının təşəbbüsü ilə işlənib hazırlanaraq 17 yanvar 2014-cü ildə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Binəqədi rayonuna aid 40 tədbir nəzərdə tutulmuşdur. Dövlət Proqramına təsnifat qruplarına görə təhsil sahəsi üzrə 15, səhiyyə sahəsi üzrə 2, kommunal xidmətlər üzrə 4, digər sosial sahələr üzrə 4, qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri üzrə 1, sahibkarlığın inkişafı sahəsi üzrə 4, fövqəladə hallar sahəsi üzrə 9, rayon icra hakimiyyətinə həvalə edilmiş sahələr üzrə 1 bənd daxil edilmişdir.
Yeni Dövlət Proqramı çərçivəsində Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması, 157 və 298 saylı orta məktəblərin əsaslı təmir və tikinti işləri uğurla davam etdirilir.
Həmçinin onu da qeyd etmək lazımdır ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş Binəqədi rayonuna aid 103 bənddən 63-ü tam icra olunmuş, 14-nün icrası hazırda davam edir, 26 bəndin bəziləri növbəti dövlət proqramına salınmış, digər bəndlərin isə gələcəkdə müvafiq investisiya layihələri çərçivəsində həyata keçirilməsi nəzərdə tutulmuşdur. Əvvəlki dövlət proqramından icra edilməmiş təhsil sahəsi üzrə 7, fövqalədə hallar sahəsi üzrə 7, kommunal xidmətlər üzrə 1 bənd “2014-2016-cı illəri əhatə edən Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramı”na daxil edilmişdir.
Son illərdə Binəqədi rayonu ərazisində abadlıq-quruculuq istiqamətində görülən işlərin bənzərsizliyi rayon sakinləri tərəfindən rəğbətlə qarşılanmış və görülən işlər nəticəsində sakinlərin həm kommunal sahədə, həm də ümumi həyat şəraitlərində mövcud olan bir sıra problemlər öz həllini tapmışdır. Belə ki, rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmış və bu istiqamətdə işlər bu gün də davam etdirilməkdədir.
Hesabat dövrü ərzində rayon ərazisində həyata keçirilən iməcliklər zamanı və aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri ilə əlaqədar rayonun müxtəlif ərazilərində 8 554 ədəd müxtəlif növ ağac, 276 480 ədəd gül-çiçək və kol bitkiləri əkilmiş, 63 753 kv.m çəmən örtüyü salınmışdır.
Rayon icra hakimiyyətinin təşəbbüsü ilə tikilmiş yeni mini parkda ümumilikdə 1650 kv.m əraziyə çəmən örtüyü salınmış, 5 minə yaxın müxtəlif adda gül kolu və həmişəyaşıl ağaclar əkilmiş, parkın girişlərində sarmaşıqla örtülmüş 5 arka, 28 ədəd oturacaq, 40 ədəd işıq dirəyi quraşdırılmışdır.
Həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işləri 2014-cü ilin 1-ci yarımilliyində də davam etdirilmişdir. Mənzil fondunun yaxşılaşdırılması məqsədilə yaşayış binalarında 10 565 kv.m yumşaq, 8140 kv.m çardaqlı dam örtüyü əsaslı təmir edilmişdir. 25 yaşayış binasında 69 girişin günlükləri və pilləkən qəfəsləri cari və əsaslı təmir edilmişdir. Bundan əlavə, hesabat dövrü ərzində rayon üzrə ümumilikdə 5 485 kv.m hörgü, 10 466 kv.m suvaq, 29 733 kv.m dekorativ suvaq, 67 367 kv.m boyaq işləri aparılmış, küçələrdə və binaların həyətlərində 5 969 kv.m tamet daşı, 2 838 p/m səki daşları döşənmiş, 973 p/m novalça və su axıdılan boru əsaslı təmir edilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir.
Məlum olduğu kimi, əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq rayon ərazisində icra hakimiyyətinin sifarişi əsasında hesabat dövründə 7-ci mkr. A.Kunanbayev küçəsi 26 saylı binanın və 8-ci mikrorayon İ.Dadaşov küçəsi 72 saylı binaların həyətlərində mövcud xeyir-şər evlərinin əsaslı təmiri işləri həyata keçirilmişdir.
2014-cü ilin 2 rübü ərzində əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə rayon üzrə müxtəlif diametrli 25246 p/m qaz xətləri çəkilmiş, 300 ünvanda qaz sızması aradan qaldırılmış, 1750 p/m müxtəlif diametrli istismara yararsız və fərdi evlərin ərazisindən keçən qaz xətləri ləğv edilmiş, 250 ədəd qaz tənzimləyicisi, 80 ədəd siyirtmə quraşdırılmış, 178 ədəd qeyri-qanuni qoşulmalar aşkar edilərək ləğv olunmuş, 3375 ədəd “Smart-kart” tipli qaz sayğacları quraşdırılmışdır.
Əhalinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə 2014-cü ilin 6 ayı ərzində rayon üzrə müxtəlif ünvanlarda 7 ədəd yeni transformatorlar, 3 ədəd paylayıcı şkaflar quraşdırılmış, yaşayış binalarında 3 ədəd paylayıcı lövhə dəyişdirilmiş və 1750 m kabel xətləri çəkilərək istismara verilmişdir.
Əhalinin su və kanalizasiya sahəsində mövcud olan problemlərinin aradan qaldırılması məqsədilə hesabat dövrü ərzində rayonun müxtəlif əraziləri üzrə 1782 p/m su xətti, 24 ədəd müxtəlif ölçülü siyirtmə, 19 ədəd nasos, 10 ədəd nasos elektrik mühərriki dəyişdirilmiş, müxtəlif ünvanlarda su xətlərində baş vermiş 1888 qəzanın qarşısını almışdır. Bundan əlavə, 1535 p/m kanalizasiya xətti dəyişilmiş, 20100 p/m kanalizasiya xətti mexaniki üsulla, 4380 p/m kanalizasiya xətti maşınla təmizlənmişdir. Rayon üzrə müxtəlif ünvanlarda kanalizasiya şəbəkəsində baş vermiş 7971 qəzanın qarşısı alınmışdır.
Əhalinin istiliklə təmin edilməsinin k
eyfiyyətinin artırılması məqsədilə hesabat dövrü ərzində Binəqədi rayon 3 saylı İstilik Sistemlərinin İstismar Sahəsəsinin xidməti ərazisində müxtəlif diametrli 1653 metr istilik xətti, 7 ədəd siyirtmələr dəyişdirilmiş, 196 ədəd siyirtmələr cari, 20 ədəd siyirtmə əsaslı təmir olunmuşdur. 8 qazanxana və 11 istilik məntəqələri hidravliki təzyiqlə yoxlanılmış, 20 ədəd qazan mexaniki üsulla təmizlənmiş, 4 nasos əsaslı təmir olunmuş, müxtəlif diametrli 156 metr dik dayaqlar bərpa olunmuşdur. Bundan əlavə, investisiya proqramına uyğun olaraq yeni tikilmiş 362 və 375 saylı qazanxanalardan 17 yaşayış binasının müxtəlif diametrli 950 m məhəllədaxili istilik xətləri dəyişdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli, 2421 saylı sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar olaraq, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının mütəmadi olaraq vətəndaşlarla birbaşa, o cümlədən yerlərdə səyyar qəbulları təşkil edilmiş, vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək onların icrası baxımından “Tədbirlər Planı” təsdiq olunmuş və aidiyyəti qurumlara göndərilərək tədbirlərin icrası nəzarətdə saxlanılmışdır.
2014-cü ilin 6 ayı ərzində rayon icra hakimiyyəti başçısının ümumilikdə 16 görüşü, o cümlədən 9 görüş və 7 səyyar qəbul - “Açıq qapı” keçirilmişdir. Həmin görüşlərdə rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərlərinin iştirakı təmin edilmişdir. Keçirilən görüşlərdə ümumilikdə 1677 nəfər vətəndaş iştirak etmiş, 232 məsələ qaldırılmışdır. Onlardan 44-ü yerində həll edilmiş, 44-ü planda nəzərdə tutulan müddətdə həllini tapmış, 11 məsələ ilə əlaqədar aidiyyəti üzrə yuxarı inistansiyaya müraciət olunmuş, 3 məsələ məqsədəmüvafiq hesab edilməmiş, 130 məsələ isə hazırda icraatdadır.
Hesabat iclası Binəqədi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Yusif Xəlilov və “Təmiz Binəqədi” sosial layihəsi barədə ətraflı məlumat verən rayonun fəal gənci Bəhruz Hüseynzadənin çıxışları ilə davam etmişdir.
Şura qərarının oxunuşundan sonra müzakirələrə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yekun vurmuşdur.
Ramiz YUSİFLİ,
Respublika.-2014.- 19 iyul.- S.8.