Xətai rayonu: qarşıda qoyulmuş bütün məsələlərin icrası təmin olunmuşdur

 

2014-cü ilin birinci yarısında Xətai rayonunun sosial-iqtisadi inkişafının yekunları qarşıda duran vəzifələrə həsr olunmuş toplantıda ötən yarımildə rayonun əldə etdiyi uğurlardan geniş danışılmış, nəticə təhlil edilmişdir. Geniş məruzə ilə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında göstərdiyi kimi, bu ilin birinci yarısında da qarşıda duran məsələlər öz həllini tapmışdır. Belə ki, düşünülmüş iqtisadi siyasətin nəticəsində əvvəlki dövrlərdə olduğu kimi, ötən yarımildə də bütün sahələrdə inkişaf təmin edilmiş, vətəndaşların rifah halının yaşxılaşdırılması istiqamətində görülən işlər müsbət nəticələnmiş, müxtəlif sosial proqramlar uğurla icra olunmuşdur.

 Natiq çıxışına davam edərək demişdir: “Ölkəmizdə davam edən inkişaf tendensiyası Bakı şəhərinin aparıcı rayonlarından birinə çevrilmiş Xətai rayonunun sosial-iqtisadi inkişafında da özünü göstərmiş, ilin birinci yarısında rayon iqtisadiyyatının əsasını təşkil edən sənaye dinamik inkişaf etmiş, 541 milyon 779,2 min manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, istehlakçılara 100,1 faiz sənaye məhsulu göndərilmişdir.

Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 10,2 faiz, əhaliyə göstərilən pullu xidmətlər 26,5 faiz, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 20,4 faiz çoxalmışdır. Ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi üçün hüquqi bazanın möhkəmləndirilməsi, dövlət tərəfindən hərtərəfli dəstəyin verilməsi dövlət başçısının müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindəndir və rayonumuzda da sahibkarlığın dəstəklənməsi və inkişafı başlıca məqsədlərimizdən biri olmuşdur. Bunun nəticəsidir ki, bu ilin birinci yarısında hamısı daimi olmaqla 2365 yeni yeri yaradılmışdır.

Bu dövrdə rayon məşğuluq mərkəzində 555 nəfər işaxtaran vətəndaş kimi qeydiyyatdan keçmiş, “Ərazi Məşğulluq Proqramı”na  əsasən müraciət edən vətəndaşların 248 nəfəri daimi işlə təmin edilmişdir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların, sosial müavinətlərin və ünvanlı sosial yardımların ödənilməsində gecikmə hallarının qarşısının alınması, məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta olunanlar barədə məlumatların yığılması üçün tədbirlər görülmüşdür.

Vətəndaşların etibarlı sosial müdafiəsinin təşkilinə də diqqət artırılmış, Pensiya Fondunun Xətai rayon şöbəsində 35936 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuş, bu müddətdə 834 nəfərə əmək pensiyası təyin edilmiş, pensiyanın orta aylıq məbləği 193 manat təşkil etmişdir.

Son illər Bakı şəhəri və eləcə də respublikamızın regionları inkişaf edərək öz simasını tam dəyişmişdir. Bu dəyişiklik bizim rayonumuzda da əhəmiyyətli dərəcədə olmuşdur. İnkişaf prosesi bu günuğurla davam etdirilir.

Rayonda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində işlər sürətləndirilmiş, yaşıllıq sahələrinin genişləndirilməsi üçün ayrıca proqram hazırlanaraq həyata keçirilməyə başlanılmışdır. Yolların təmiri və tikintisidaim diqqətdə saxlanılmış, hesabat dövründə məhəllədaxili yolların, küçə və səkilərin asfaltlanması ilə əlaqədar xeyli görülmüş, bu yollara və binaların qarşısına 46 min kvadratmetrdən çox asfalt örtüyü vurulmuşdur.

Hər il cənab Prezidentin iştirakı ilə ümumrespublika tədbirinin keçirildiyi Xocalı prospektində də yüksək səviyyədə abadlaşdırma işləri aparılmış, rayon ərazisindəki qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təminatı, həmçinin məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması da rayon icra hakimiyyətinin diqqətində olmuş, yarım il ərzində 20 məcburi köçkün ailəsi mənzil şəraitini yaxşılaşdırmışdır.

Qeyd etdiyim kimi, son illər Bakı şəhərində və regionlarda yeni sosialinfrastruktur layihələrin tətbiqi geniş vüsət almışdır. Belə layihələr sırasında Milli Parkın genişləndirilməsi və Şəhər layihələri də vardır. Keçən ilin may ayının sonlarında Bakı Şəhər layihəsi çərçivəsində Milli Parkın ikinci mərhələsinin təməlqoyma mərasimində iştirak edən cənab Prezident az bir vaxtdan sonra bu ərazilərin tanınmaz dərəcədə dəyişəcəyini, burada insanların istirahəti üçün hərtərəfli şərait yaradılacağını diqqətə çatdırmışdır. Artıq rayonumuzun bu ərazisində qızğın gedir və yaxın gələcəkdə layihədə nəzərdə tutulan digər tikililərin də inşasına başlanacaqdır.

Rayonun xidmət təsərrüfatının normal fəaliyyəti, mənzil fondunun qorunub saxlanılması, təmizlik işlərinin aparılması, əhalinin elektrik enerjisi təbii qaz və içməli su ilə təminatı istiqamətində gündəlik işlər aparılmış, yaradılmış rayon qərargahının fəaliyyəti nəticəsində enerji daşıyıcıların dəyərinin ödənilməsində müsbət nəticələr əldə olunmuş, bu sahələrə aid tapşırıqlar vaxtında icra edilmişdir. Mənzil-kommunal obyektlərinin istismarındakı vəziyyətin yaxşılaşdırılması da icra olunan layihələr çərçivəsində həyata keçirilir. İnşa olunmuş modul tipli istilik qazanxanasının və müasir tipli yeni istilik qazanxanasının istismara verilməsi ətrafdakı obyektlərin və yaşayış binalarının istilik təminatını yaxşılaşdırmışdır. İstismar müddəti başa çatmış liftlərin yeniləri ilə əvəz olunması istiqamətində də işlər aparılır. İndiyədək 742 lift yenisi ilə əvəz olunmuş, 192 liftdə isə əsaslı təmir işləri aparılmışdır.

Rayonun sanitar təmizliyi də gündəlik fəaliyyətimizin əsasını təşkil edir. Mərkəzi küçə və prospektlərdən küçə ticarətinin ləğv edilməsi, rayon ərazisində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili daim nəzarətdə saxlanılır, burada sanitar təmizliyə, qiymət intizamına nəzarət gücləndirilir.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamının icrası ilə əlaqədar rayon icra hakimiyyəti tərəfindən yaradılan komissiya ayrı-ayrı ərazilərdə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərini də davam etdirməkdədir. Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına və ona edilmiş əlavələrə, həmçinin digər investisiya proqramlarına uyğun olaraq ümumtəhsil məktəblərində təmir işləri aparılmışdır.

Əhalinin sağlamlığının qorunması, sağlam həyatın təmin edilməsi daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olmuş, bununla əlaqədar son illər bir çox tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsində respublikamızın hər bir bölgəsində olduğu kimi, Xətai rayonunda da müasir səhiyyə müəssisələri yaradılmış, mövcud müalicə ocaqları yenidən qurulmuş, əhaliyə ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi asanlaşmışdır.

Hesabat dövründə ölkə başçısının tapşırıqlarına əsasən bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi prosesi uğurla başa çatdırılmışdır ki, bu əhəmiyyətli tədbirdə Xətai rayon səhiyyə müəssisələri də fəallıq nümayiş etdirmişlər.

Uğurla icra edilən tədbirlərdən biriulu öndər Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır”, “Ümümmilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında keçirilən dərslərdir.

Gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğundan, hesabat dövründə gənclərlə işin yaxşılaşdırılmasına diqqət artırılmış, birgə milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunması, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, rayonun ictimai-siyasi həyatında onların fəal iştirakı, gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması istiqamətində də bir sıra işlər görülmüşdür.

Rayon icra hakimiyyətinin sərəncamına əsasən rayon məktəbliləri arasında hər il olduğu kimi, hesabat dövründə də “Cəsurlar” və “Şahinlər” hərbi-idman və turizm yarışları keçirilmiş, bu yarışda 138 və 86 saylı məktəblərin komandaları rayon birincisi olmuş, eyni zamanda 138 saylı məktəbin “Cəsurlar” komandası respublikanın final mərhələsində ikinci yerə layiq görülmüşdür.

Ötən dövrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, ictimai xadim, akademik Zərifə xanım Əliyevanın anadan olmalarının 91 illiyi ilə əlaqədar xüsusi tədbirlər planı hazırlanıb həyata keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi və mənəvi-ideoloji irsinin öyrənilməsi, tədqiqi və Azərbaycan Respublikasının Prezednti cənab İlham Əliyevin respublikanın  hərtərəfli və sürətli sosial-iqtisadi inkişafına yönələn uğurlu daxilixarici siyasətin təbliği üzrə təşviqat işlərinin aparılması, çıxış və nitqlərinin öyrənilməsi və geniş ictimaiyyətə çatdırılması rayon icra hakimiyyətinin fəaliyyətinin prioitet istiqamətlərindən olmuşdur.

Sonda əminliklə qeyd edirəm ki, ulu öndərin siyasi kursunun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin qarşımızda qoyduğu vəzifələrin uğurla icra olunması və rayon sakinlərinin həyat tərzinin maksimum səviyyəyə çatdırılması üçün rayonumuzun kollektivləri bundan sonra da öz səylərini artıracaqlar”.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, millət vəkili Hüseynbala Mirələməov çıxış edərək rayonun ötən yarımildə qazandığı uğurlardan danışmışlar.

Sonda rayon icra hakimiyyətinin əməkdaşı Pənah İmanov ölkə başçısının sərəncamı ilə “Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə” medalı ilə təltif olunmuşdur.

 

Zümrüd ABDULLAYEVA,

Respublika.-2014.- 19 iyul.- S.9.