Ramazanda Qədr gecələri

 

Ramazan ayı hicri təqvimə daxil olan on iki ay içərisində müqəddəs ay hesab edilməkləayların sultanıadı ilə tanınır. Bu ay Allah tərəfindən seçilmiş ilahi təlimlər ayı olması, bütün səmavi kitabların bu ayda nazil olması, Qədr gecəsi kimi xüsusi mərhəmət və bağışlanılma gecəsinin bu ayı daha da fəzilətli etməsi, İslam dininin ən böyük bayramının bu ayla bağlılığı və s. kimi xüsusi özəllikləri olan üstün bir aydır. Bu ilahi hökm sonuncu səmavi din olan İslam dinində tam bir təlim formasındadır. İndiyə qədər bizə məlum olan heç bir təlim insan psixikasına, onun dünyagörüşünə, yaşayış tərzinə orucluq qədər güclü təsir göstərə bilməmişdir. Orucluq şərtlərinə əməl edən hər bir müsəlman bu ayda ilahi mərhəmətdən daha çox faydalanma imkanlarına sahibdir.

Bu ayda Allah tərəfindən elə bir gecə nəzərdə tutulub ki, bu gecədə, yəni Qədr gecəsində səmimi qəlbdən Allaha üz tutub, oyaq qalıb, ibadət və tövbə edərək əvvəlki günahlara bir daha dönməmək şərtilə əfv diləyən hər bir müsəlman günahlarının bağışlanılmasına nail ola bilər. Qədr gecəsi haqqında Qurani-Kərimin ayrıca bir surəsi var. Orada Allah buyurur: (1) “Həqiqətən Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!” (2) “(Ya Peyğəmbər) Sən nə bilirsən ki, Qədr gecəsi nədir?!” (3) “Qədr gecəsi min aydan daha xeyirlidir!” (4). “O gecə mələklər və ruh (Cəbrayıl) Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər.” (5). “O gecə dan yeri sökülənə kimi salamatlıqdır!”. (Əl-Qədr surəsi).

Qədr gecəsi elə bir möcüzəli gecədir ki, Allah bu gecənin yaratdığı gecələr içərisində daha üstün, fəzilətli, hətta min aydan daha xeyirli olduğunu bildirir. Bu müddət isə təxminən 83 ilə bərabərdir. Deməli, bu gecənin xeyir və bərəkəti o qədər böyükdür ki, bir insanın bütün ömrü boyu əldə edə biləcəyi xeyir, bərəkət və rəhmətdən daha artığı həmin gecədə toplanmışdır. Quran da bu gecədə nazil olmuşdur. Belə bir sual oluna bilər ki, necə olur ki, Qurani-Kərim həm 23 ilə gəlir, həm də bir gecədə nazil olur? Bildiyimiz kimi, Qurandan başqa bütün səmavi kitablar bir dəfəyə endirilmişdir. Yeganə kitab Qurandır ki, zamantarixi şərait nəzərə alınaraq, ictimai münasibətləri tədricən tənzimləmək və insanları bu həyat tərzinə yavaş-yavaş alışdıraraq ayə-ayə endirilmişdir. Qədr gecəsində isə bir dəfəyə Məhəmməd Peyğəmbərə (s.v.s) oxunmuşdur. Bəzi hədislərdən də məlum olur ki, nəinki Quran, bütün səmavi kitablar bu gecədə nazil olmuşdur.

Məhəmməd Peyğəmbərin (s.v.s) bildirdiyi kimi, bu gecə şeytanın tam zəncirləndiyi gecədir. Bu gecədə Yer üzünə heç bir bəla gəlməz. Mələklər hər ibadət və dua edən insanın dualarının qəbul olunması üçün Allaha yalvarıb amin deyərlər. İslam dininə görə bu gecədən üstün bir gecə yoxdur. Bu gecənin dəqiq vaxtı bilinmir. Bəzi hədislərdə Məhəmməd Peyğəmbər (s.v.s) bu gecənin ramazan ayının son on gününün tək gecələrinə düşdüyünü bildirir. Belə hədislərin birində deyilir: “İbn Abbas rəvayət edir ki, Peyğəmbər (s.v.s) demişdir: “Qədr gecəsini ramazanın son on gecəsinin tək gecələrində, ayın axırına doqquz, yaxud yeddi, yaxud da beş (gecə) qalmış axtarın.” (Səhih əl-Buxari, 2021-ci hədis).

Ramazan ayının ibadət zirvəsi hesab olunan bu gecə ilahi nurun Yerinsanlar üzərinə daha çox işıq saçaraq yayıldığı, mərhəmət qapılarının tam açılaraq Allahın, “günahlarını bağışlatmaq istəyən qul yoxdurmu onu əfv edim?” dediyi müqəddəs bir gecə olmaqla yanaşı, həm də bir imtahan gecəsidir.

Bəziləri Qədr gecəsində oyaq qalıb ibadət etdikdən sonra nə isə bir dəyişiklik gözləyirlər. Bu əqli cəhətdən doğru deyil. Çünki axirət dünyası olmasaydı və biz axirətə iman gətirməsəydik, mütləq mükafatımızı bu dünyada alacağımızı fikirləşməyimiz doğru olardı. Amma duaların qəbul olunub- olunmamasını, yaxud əməllərimizin mükafatlandırılmasının bu dünyada, yoxsa axirətdə olacağına yalnız Allah qərar verir. Hətta biz bəzən nəyin bizim xeyrimizə olacağına belə əmin deyilik. Yaxşısını Allah bilir. Yasin surəsində Antakiyalılara göndərilən elçilərə iman gətirməyi məsləhət görən və bu səbəbdən də qövmü tərəfindən daşqalaq edilən və Allahın cənnətlə mükafatlandırdığı Həbib Nəccarın dediyi kimi, “Kaş qövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!” (Yasin, 26-27).

İslam dininə görə müsəlman üçün qazandığı elə bir günah yoxdur ki, bu gecədə bağışlanılması mümkün olmasın. Hətta ən böyük günah olan şirk belə bağışlanıla bilər. Amma bu işin şərtləri var. Əgər insan günahlarının bağışlanılmasını istəyirsə, mütləq şəkildə tövbə etməlidir. Qurani-Kərimin bu haqda ayrıca surəsi də var. Tövbə surəsinin bir ayəsində Allah buyurur: “Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alarAllah tövbələri qəbul edəndir, rəhimlidir?!”. (ət-Tövbə, 104). Tövbənin əsasını həmin günah əmələ bir də qayıtmamaq şərtilə Allaha verilən vəd təşkil edir. Peşmançılıq, özünü günahkar, təqsirkar bilmək və təəssüf hissi günahların bağışlanılmasına başlıca vəsilədir. İslam dininə görə əməldən peşman olmayanın tövbəsini Allah qəbul etməz. Çünki bu hissin yaranmaması insanı Allaha verdiyi vədi pozmağa və həmin pis niyyət və əməllərin təkrar olunmasına təhrik edir. Qurani-Kərimdə Allah buyurur: “O müttəqilər ki, bir günah gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanılmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar”. (Ali-İmran, 135).

Əvvəldə də dedik ki, Qədr gecəsi günahların daha çox bağışlanılması gecəsidir. O gecə günahlarını bağışlatmaq istəyən insan mütləq tövbə etməlidir. Sual olunur: “Qədr gecəsi səmimi qəlbdən tövbə edib günahlarını bağışladan insan sonra öz pis əməllərinə davam edərsə, onun əvvəlki günahı silinmiş, bağışlanmış vəziyyətdə qalır, yoxsa günahı yenidən hesaba alınır?”. Çünki hər bir günahkar istər ki, ən azından günahlarını azaltsın, bu gecənin hikmətindən yararlanaraq günahlarını bağışlatdırsın, yəni sıfra endirib yenidən öz əvvəlki həyatını davam etdirsin. Qədr gecələrində və yaxud başqa günlərdə edilən tövbələrin əsasında səmimiyyət və həmin əmələ birgeri dönməmək durur.

Qədr gecələrində oxunan duaların da əvvəlki günlərdə oxunan dualarla müqayisədə önəmi çox böyükdür. Bu dualar istər şəxsi, istərsə də ümumi dualar olsun, fərq etməz. Əsas şərt insanın Yaradanının olmasını qəbul etməsi, ona şərik qoşmaması və səmimi qəlbdən Allaha əl açaraq diləyini ondan istəməsidir. Qurani-Kərimdə Allah buyurur: “(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” (əl-Bəqərə, 186).

Allaha əl açan hər bir müsəlmana Allah öz adlarını çəkməklə duaya başlamağı tövsiyə edir. “Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin.” (əl-Əraf, 180). Dua edənlərin çox vaxt etinasız yanaşdıqları bu hökm duaların qəbulu baxımından çox vacibdir. Çünki diləklərin istənildiyi yeganə ünvan, ən uca varlıq olan Allah özü bunu duaların qəbulu, habelə dua edənin əl açdığı varlığa hörmət əlaməti olaraq onun adının çəkilməsinin daha düzgün olduğunu bildirir. Çünki heç bir Quran ayəsi Allahın adları qədər üstünlüyə, dəyərə malik deyil. Hər dua edənin Allahın adlarını çəkməsi nəinki bu duaları mükəmməl edir, hətta həmin insanın ilahi mərhəmətdən daha çox faydalanması və Allahın sevgisini qazanması üçün mühüm əhəmiyyət kəsb edir. Məhəmməd Peyğəmbər (s.v.s) bir hədisdə bildirir ki, “Allahın adlarını daim çəkən insanı cəhənnəm odu yandırmaqdan həya edər.” Bu üzdən Qədr gecələrində oyaq qalıb ibadət edən hər bir kəsin bu adları zikr etməsi olduqca vacibdir. Məşhur İsmi-əzəm duası da bu adların içindədir. Bu həmin möcüzəli dua Allah tərəfindən bəzi peyğəmbərlərə və onların vəlilərinə öyrədilmişdir. Rəvayətə görə, Süleyman Peyğəmbərin üzüyündə bu dua yazılıbmış (Tarixi-Təbəri, I cild), onun vəziri Asəf ibn Bərxiya isə Səba hökmdarı Bəlqisin taxtını bir göz qırpımında bu dua ilə gətirmişdir (Tarixi-Təbəri, I cild), Məhəmməd peyğəmbər (s.v.s) Bədr döyüşündə kafirlərə qarşı bu duadan istifadə etmiş, Həzrət Əli Xeybər qalasının dörd tondan artıq qapısını bu dua vasitəsilə başı üzərinə qaldırmışdı. Bu haqda Təbəri belə deyir: “Möminlər əmiri Əli Allah onun üzünü kerim qılsın Allahın inayəti ilə Xeybər qalasının qapısını yıxmış, xarab etmişdi” (Tarixi-Təbəri, I cild. səh. 525).

Ümumiyyətlə, dualar gizli şəkildə, qəlblərdə, pıçıltı ilə, başqalarının görməsi və eşitməsi naminə deyil, səmimiyyətlə edilməlidir. Riyakarlıqdan uzaq insanın hər şeyi unudub arada vasitə olmadan Allaha üz tutması, diləyini yalnız ondan istəməsi həm də bir ibadət növüdür. Bu ibadətin forması Qurani-Kərimdə belə açıqlanır: “Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!” (əl-Əraf, 55).

Ramazanın digər günlərində valideynlərə, yaxınlara, qohumlara, kimsəsizlərə baş çəkmək, Qədr gecələrində isə gündüzdən hazırlıq görmək, məsələn, yatıb dincəlmək və s., gecəni isə səhərə qədər ibadətdə keçirmək məsləhət görülür. “Rəvayət edilir ki, Aişə xanım demişdir: “(Ramazanın) axır on günü yetişdikdə Peyğəmbər (s.v.s) belbağını bərk-bərk bağlayardı və gecələri həm özü ibadət edər, həm də ailəsini yuxudan oyadardı (ki, onlar da ibadət etsinlər).” (Səhih əl-Buxari, 2024-cü hədis).

Qədr gecələrində ibadətlərin forması fərqli ola bilər. Namaz ibadətlərin ən önəmlisi olduğu üçün bu gecələrdə daha çox qılınması tövsiyə olunur. Qədr gecələrində qılınan namazların da mükafatı başqa günlərlə müqayisəyə gəlməyəcək qədər böyükdür. Namazdan başqa, Quran oxumaq, dua, Allahı zikr etmək, dini söhbətlərlə məşğul olmaq, Allahı daha çox yada salıb düşünmək lazımdır.

Qədr gecələrində edilən ibadətlərin birietikafa çəkilməkdir. Doğrudur, müasir günümüzdə bu ibadət növünə az rast gəlinir və demək olar ki, istifadə olunmur. Amma Məhəmməd Peyğəmbər (s.v.s) ildə bir neçə dəfə, əsasən də Ramazanın son on günündə etikafa çəkilərdi. İslam şəriətində bir ibadət növü olan etikaf öz-özlüyündə müstəhəbdir, amma nəzir demək, and içmək vasitəsilə insana vacib ola bilər. Etikaf bir neçə gün müddətində məscidə çəkilib bütün vaxtını namaz, dua, zikr, Quran tilavəti və sairə kimi ibadətlərlə məşğul olmağa deyilir. “Məhəmməd Peyğəmbər (s.v.s) hər ilin Ramazan ayının son on günündə etikafa çəkilirdi. Hətta hicrətin ikinci ilində Ramazan ayında baş vermiş Bədr savaşı zamanı etikafa girə bilmədiyi üçün növbəti il bunu qəza etmişdi.” (Qısa İslam Ensiklopediyası, I cild).

Əlbəttə, etikaf bir qədər ağır ibadət növüdür. Amma bu ibadətin Məhəmməd Peyğəmbər (s.v.s) tərəfindən hər ramazan ayının son on gününə təsadüf etməsi, bəzi səhabələr, xüsusən də Aişə anamız tərəfindən təsdiqlənməsi Qədr gecələrinin Ramazanın son on günündə olduğuna şübhə yeri qoymur. Bir hədisdə deyilir: “Peyğəmbərin (s.v.s) zövcəsi Aişə rəvayət etmişdir ki, Peyğəmbər (s.v.s) vəfat edənədək (hər) Ramazan ayının son on gününü etikafda keçirərdi. Onun vəfatından sonra onun zövcələri etikaf etməyə davam etdilər” (Səhih əl-Buxari, 2026-cı hədis).

Qədr gecələrində Allahı zikr etməyin də əhəmiyyəti çox böyükdür. Zikr bəndənin Allahı xatırlaması deməkdir. Zikrin daha üstün forması bəndənin Yaradanını sadəcə xatırlaması yox, Onun qüdrət nişanələrini təəccüblə anması, bütün qəlbinə hakim kəsilən qorxu qarışıq sevgi duyğusubu duyğulardan zövq alması hesab olunur. Zikr həm də Qurani-Kərimin adlarından biridir. Bu müqəddəs kitabda Allahı tez-tez və hər an zikr etmək isanlara əmr olunur: “Ey iman gətirənlər! Allahı çox zikr edin!” (əl-Əhzab, 41). “Siz Məni zikr edin ki, Mən də sizi zikr edim” (əl-Bəqərə, 152). Allah bu ayələrdə açıq surətdə bildirir ki, siz Məni xatırlayın ki, Mən də sizi xatırlayım və mərhəmət nəzərlərimi sizin üzərinizdən əskik etməyim. Çünki zikrin arxasında bir himayəçi anlayışı var. Hər hansı bir insan arxasında çox qüvvətli bir gücün dayandığını və onu qoruduğunu hiss edərsə, bu ona mənəvi güc və rahatlıq gətirəcək. Bu fikir Qurani-Kərim tərəfindən də təsdiqlənir: “Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar.” (ər-Rəd, 28).

Qədr gecəsində ilahi nurdan bu gecədə daha çox yararlanmaq məsələsi də az önəm daşımır. Bu nur insana canını tapşırdığı zaman, qəbir evində, Qiyamətdə diriləcəyi vaxt, ən əsası isə Sirat körpüsündən keçəcəyi zaman daha çox lazım olacaq. Qurani-Kərimdə Allah buyurur: “O gün münafiq kişi və qadınlar iman gətirənlərə: “(Bizi bir az) gözləyin ki, nurunuzdan bir qədər işıq alaq!” - deyəcəklər”... (əl-Hədid, 13). Sözsüz ki, insan ilahi nuru təkcə bu gecələr qazanmır. Qədr gecəsində edilən dualarda Allahdan nur diləmək də əhəmiyyətli ibadət əməllərindən biridir. Bu haqda da Qurani-Kərimdə Allah insana necə dua etməyi, ondan nur diləməyi öyrədir: “Onların nuru (qıl körpüsü üstündə onlara yol göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: “Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən Sən hər şeyə qadirsən!” (ət-Təhrim, 8).

Qədr gecələrində Quran oxumaq da savab işdir. Qurani-Kərim istər ərəb dilində olsun, istərsə də hər oxuyanın öz ana dilində, fərq etməz. Bunların hansının daha çox savab olduğu barədə İslam alimləri arasında fikir ayrılığı vardır. Amma hesab edirik ki, üstünlük və hikmət Qurani-Kərimin anlaşıqlı olmasındadır. Müqəddəs Qədr gecələrində hər kəsin şəxsi dualarından başqa xalqımızın ümumı problemi olan Qarabağ məsələsi, torpaqlarımızın tezliklə azad olunması üçün Allahdan yardım istəməsi Azərbaycan müsəlmanlarının yüksək vətənpərvərlik hissi kimi qiymətləndirilir. Xüsusən də torpaqlarımızın düşmən tapdağından Prezident İlham Əliyevin rəhbərliyi altında sülh yolu ilə azad olunacağına inanır və bu yolda ona Allahdan güc və qüvvət arzulayırıq.

Qədr gecələrində oyaq qalıb ibadət və səmimi qəlbdən tövbə edənlərin əməyinin boşa getməyəcəyinə, günahlarının bağışlanacağına və Allah tərəfindən mükafatlandırlacağına ürəkdən inanır və bu yolda hər kəsə “Allah köməyiniz və yardımçınız olsundeyirik.

 

Rauf CƏBRAYILOV,

ilahiyyatçı.

Respublika.-2014.- 19 iyul.- S.10.