Zaqatala dinamik inkişaf yolunda

 

2014-cü ilin birinci yarısı respublikamızın digər regionları kimi, Zaqatala üçün uğurlu olmuşdur. Rayonun bütün iqtisadi potensialı səfərbər olunmaqla tikinti, abadlıq, quruculuq, sosial həyat sahələrində qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetirilmişdir. Rayonun idarə, müəssisə, ərazi icra nümayəndəlikləri, bələdiyyə kollektivlərinin iştirakı ilə keçirilən yarımilliyin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin məruzəsində həmin məsələlər konkret faktlarla ətraflı təhlil edilmişdir.

 Qeyd olunmuşdur ki, ilin birinci yarısında rayon dinamik inkişaf etmiş, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına başlanılmış, 78,9 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.

Sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmış, alkoqollu içkilərin və tütün məmulatlarının satışı üçün 29 ədəd lisenziya verilmiş, 5 sahibkara 0,45 ha torpaq sahəsi satılmış, 1 sahibkarlıq obyektinin layihələndirilməsinə və 13 sahibkarlıq obyektinin tikintisinə razılıq verilmiş, 21 layihə üzrə 244 min manat həcmində güzəştli kredit verilmişdir.

2014-cü ilin altı ayında əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ünvanlı sosial yardımların, pensiyaların, əməkhaqlarının vaxtında verilməsi təmin edilmiş, aztəminatlı ailələrə qayğının artırılması diqqət mərkəzində saxlanılmışdır. 506 pensiya işi təyin edilmiş, 16605 pensiyaçıya xidmət göstərilmiş, 3 milyon manat məcburi dövlət sosial sığorta haqları yığılmış, proqnoz tapşırıqlar 100,2 faiz icra olunmuşdur. İlin birinci yarısında rayonda 4767 nəfərə sosial müavinət, 1614 ailənin 7020 üzvünə (hər ailəyə orta hesabla 127,01 manat) ünvanlı sosial yardım verilmiş, 217 nəfər tək-kimsəsiz qocalara xidmət göstərilmişdir.

Aqrar sektorda həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində rayonda 2014-cü ilin birinci yarısında kənd təsərrüfatı məhsullarının istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz artaraq 32 milyon manata çatmışdır.

Son illərdə ölkəmizdə əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, habelə əhalinin içməli suya olan təlabatının ödənilməsi sahəsində irimiqyaslı layihələr həyata keçirilməkdədir. Ölkə Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 29 yanvar 2014-cü il tarixli sərəncamının icrası olaraq “Azərbaycan MeliorasiyaSu Təsərrüfatı” ASC tərəfindən qazılacaq 17 ədəd subartezian quyusunun yeri mütəxəssislər tərəfindən müəyyən edilərək torpaq sahəsinin sənədləşmə işləri aparılmış və artıq Aşağı Tala, Yuxarı Tala, Göyəm, Sumaylı, Dombabinə, Aşağı ÇardaxlarÇobankol kəndlərində subartezian quyularının qazılması tamamlanmışdır. Bundan başqa, 1 ədəd subartezian quyusu təmir-bərpa edilmiş, 15 ədəd subartezian quyusu təmir edilmiş, 2100 hektar əkin sahəsinin suvarılmasına xidmət edən ikipilləli Alazan nasos stansiyasında təmir-bərpa işləri davam etdirilmişdir.

Rayonda ekoloji məsələlər də diqqət mərkəzində saxlanılmış, ətraf mühitin mühafizəsi məqsədilə inzibati tədbirlər həyata keçirilərək 22425.93 manat cərimə tətbiq olunmuşdur. Cari ilin 6 ayında 2010 ədədi yol kənarlarında olmaqla, inzibati ərazilərdə 50110 ədəd ağac əkilmişdir. 350 hektar sahədə mədəni meşə əkininə xidmət olunmuş, 35 hektar sahədə isə mədəni meşə əkini aparılaraq müxtəlif cinslərdən ibarət tinglər əkilmişdir.

2014-cü ilin I yarımili ərzində Zaqatala rayonunda bütün maliyyə mənbələri hesabına 13,4 milyon manat dəyərində tikinti, təmir və abadlıq işləri görülmüşdür. Zaqatala şəhərində Heydər Əliyev Mərkəzi üçün yeni binanın tikintisi başa çatdırılmış, Qandax kəndində Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə yeni tibb məntəqəsi inşa edilərək istifadəyə verilmişdir. Rayon maliyyə idarəsi və rayon məhkəməsi üçün yeni inzibati binaların, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının, Zaqatala şəhərində Dövlət Yanğın Xidmətinin rayon şöbəsinin depo binasının, Əliabad qəsəbəsində və Çobankol kəndində yeni Yanğından Mühafizə bölmələrinin tikintisi davam etdirilmişdir.

Yuxarı Tala kənd 2 saylı tam orta məktəbin yerində yeni 450 şagird yerlik məktəb binasının tikintisi davam etdirilmiş, 2012-ci ilin may ayında baş vermiş güclü zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş Aşağı Tala kənd 3 saylı 600 şagird yerlik və Yuxarı Tala kənd 4 saylı 360 şagird yerlik tam, Kürdəmir kənd 50 şagird yerlik ümumi orta məktəb binaları istifadəyə verilmişdir.

2014-cü ilin I yarımili ərzində rayonda məktəbəqədər təhsil müəssisələrinin tikintisi və təmiri, onların maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində də işlər davam etdirilmişdir. Belə ki, Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş körpələr evi-uşaq bağçalarının bərpa-gücləndirilməsi və tikintisi üçün ayrılmış vəsait hesabına Aşağı Tala kənd 1 saylı, Əliababad qəsəbə 4 saylı və Muxax kənd körpələr evi-uşaq bağçalarında bərpa-gücləndirmə işləri aparılmış, yeni texnoloji avadanlıqlarla təchiz edilərək istifadəyə verilmişdir. Hazırda şəhər 2 saylı körpələr evi-uşaq bağçasının yerində 50 yerlik, Lahıc və Danaçı kəndlərinin hər birində 40 yerlik və Faldarlı kəndində 20 yerlik körpələr evi-uşaq bağçalarının tikintisində və şəhər 6 saylı və Muğanlı kənd körpələr evi-uşaq bağçalarının bərpa-gücləndirilməsində son tamamlanma və abadlıq işləri aparılır. Əliabad qəsəbəsində 1 saylı körpələr evi-uşaq bağçası təmir edilərək yeni inventar və avadanlıqlarla təchiz edilmişdir.

Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə şəhərin şimal-qərb yaşayış massivində yeni 100 yerlik uşaq bağçasının tikintisinə və Azərbaycan prospekti 108 saylı ünvanda yaşayış kompleksinin 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahələrində yenidənqurma işləri aparılmaqla yeni 100 yerlik uşaq bağçası kimi uyğunlaşdırılması işlərinə başlanılmışdır.

Rayonda ümumi sahəsi 8682 kvadratmetr olan 57 fərdi yaşayış evi tikilərək istifadəyə verilmiş, yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksəkmərtəbəli yaşayış binalarının tikintisi davam etdirilmişdir.

Rayonda aparılan abadlıq və quruculuq işləri də davam etdirilmişdir. Hesabat dövründə rayonda 4,5 milyon manatlıq, o cümlədən yerli imkanlar hesabına 2,4 milyon manat həcmində abadlıq və təmir işləri görülmüşdür. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Rayonun yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilmişdir. Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisi” layihəsinin icrası olaraq gündəlik məhsuldarlığı 10 min kubmetr olan çirkab sutəmizləyici qurğular kompeksinin tikintisi artıq başa çatdırılmış, hazırda sazlama, yaşayış evlərinə yeni xətlərin qoşulması və sayğacların aktivləşdirilməsi işləri davam etdirilir. Artıq Zaqatala Sukanal İdarəsi tərəfindən 6000-dən artıq abonentə yeni istifadəyə verilmiş şəbəkədən içməli su xidməti göstərilir.

Hesabat dövründə rayonun yaşayış məntəqələrində enerji təminatı sahəsində də müəyyən işlər görülmüşdür. 2014-cü ilin I yarımili ərzində rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilmişdir. Rayonun Makov kəndində 1732 p/m daşıyıcı qaz xətti çəkilmiş, Qəbizdərə kəndinə xətlərin çəkilişi başa çatdırılaraq əhaliyə təbii qazın verilməsi təmin edilmişdir. Yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə Aşağı Tala kəndi ərazisində 9 ədəd, Muxax kəndində 17 ədəd yeni qaztənzimləyici şkaf quraşdırılmışdır. Əliabad qəsəbəsində 190 mənzilə, Makov kəndində 125 mənzilə qaz sayğacı quraşdırılaraq qaz xətləri çəkilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2013-cü il tarixli Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamı ilə on altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun təmiri məqsədilə Prezidentin ehtiyat fondundan Zaqatala Rayon İcra Hakimiyyətinə ayrılmış vəsait hesabına avtomobil yolunda tikinti işləri davam etdirilmiş, ümumilikdə 21 kilometr uzunluğunda asfalt örtüyü döşənmişdir.

Birinci yarımildə rayonda əhaliyə poçt və rabitə xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlər aparılmışdır.

Rayonun ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yüksəldilməsi üçün mövcud təcrübənin təkmilləşdirilməsinə və yeni mexanizmlərlə işlənməsinə diqqət artırılmışdır.

Yığıncaq iştirakçılarına bildirilmişdir ki, ilin birinci yarısında rayonda səhiyyə, mədəniyyət sahələrində, vətəndaşların qəbulunda, onların arzu, istək və müraciətlərinə həssaslıqla yanaşılmasında da qarşıya qoyulan vəzifələrin icrasına diqqət yetirilmişdir.

Məruzəçi istək, nöqsan və çatışmazlıqlardan da geniş danışdı və onların aradan qaldırılması üçün müvafiq strukturların qarşısındakı vəzifələri göstərdi.

Sosial müdafiə mərkəzinin direktoru Nəsrullah Həsrətovun, təhsil şöbəsinin müdiri Habil Qurbanovun, toxum müfəttişliyinin rəisi Fikrət Qədirovun çıxışları dinlənildi.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.

 

Rasim AMANOV,

Respublika.-2014.- 20 iyul.- S.3.