Kipr zəngin mədəniyyətə və tarixi
abidələrə malikdir
Kipr adası öz coğrafi mövqeyi, təbiəti, iqliminə görə hər zaman diqqət mərkəzində olmuşdur. Kipr şimaldan Türkiyə, şərqdən Suriya, İsrail və Lübnan, cənubdan Misir və şimal qərbdən isə Yunanıstan ilə su sərhədinə malikdir. Bu ada Ağ dənizdə Siciliya və Sardiniya adalarından sonra ən böyük ada hesab olunur.
Tarix boyu bölgədə gedən elə müharibə yoxdur ki, adaya təsirsiz ötüşməsin. Belə ki, 1571-ci ildə Osmanlı imperiyası 60 minlik ordu ilə adanı fəth edir.
II Abdülhəmid (1876-1909) Osmanlı-Rusiya müharibəsində Kipri İngiltərəyə icarəyə vermək məcburiyyətində qalmışdır. 1914-cü ildə I Dünya müharibəsində Osmanlı Türkiyəsinin Almaniya tərəfindən vuruşması İngiltərənin adanı özünə ilhaq etməsi ilə nəticələnmişdir. İngiltərənin tapdağı altında yaşamaq istəməyən təxminən 8 min Kipr türk ailəsi Anadoluya köç etmişdir.
1923-cü il 23 iyul Lozanna müqaviləsi ilə Türkiyə Cümhuriyyəti digər dövlətlər tərəfindən tanındı. Türkiyənin bu gərgin və ağır vəziyyətində məlum xarici qüvvələrin təhdidlərindən sonra Türkiyə adanın rəsmən İngiltərənin mülkü olduğunu qəbul etdi.
1950-ci ildə adada Şərqi Ortadoks Kilsəsi (Şərqi Pravoslav Kilsəsi) “Enosis” (enosis - adanın Yunanıstana birləşdirilməsi) lehinə referendum keçirtdi. Yunanlar adada olan ingilisləri buradan çıxarmaq və türklərə qarşı mübarizə aparmaq üçün “EOKA” terror təşkilatını yaratdılar. Bu terror təşkilatı müxtəlif vaxtlarda Kipr türklərinə qarşı hücumları təşkil etmişdir.
Bu problemləri həll etmək üçün 1959-cu ildə Türkiyə, Yunanıstan və İngiltərə arasında Kiprlə bağlı 27 maddəlik “Zürih” müqaviləsi bağlandı.
20 yanvar 1963-cü ildə yunanların “EOKA” terror təşkilatı tərəfindən qətliam törədildi. Bu qətliam nəticəsində 364 Kipr türkü həlak olmuş və 8 mindən çox (digər mənbələrə görə 30 mindən çox insan) yaşadığı 103 kəndi tərk etmək məcburiyyətində qalmışdır. Bir müddətdən sonra 1974-cü ildə bu terror təşkilatının yeni hücumları başladı və bu dəfə Türkiyə “Zürih” müqaviləsinin ona verdiyi təkbaşına müdaxilə haqqından istifadə edərək kiprli türklərin harayına gəldi. Türkiyə Silahlı Qüvvələri çox qısa zamanda adaya girərək vəziyyəti nəzarətə götürdü. Bundan sonra adanın şimal hissəsində görkəmli dövlət xadimi, hüquqçu və türk dünyasının önəmli şəxsiyyətlərindən olan Rauf Denktaş (1924-2012) tərəfindən de-facto olaraq Şimali Kipr Türk Cümhuriyyəti yaradıldı.
2004-cü il aprelin 23-də BMT-nin sabiq baş katibi Kofi Annan tərəfindən birləşmə barədə adada referendum keçirilmişdir. Kiprli türklərin 65 faizi birləşməyə razı olduğu halda yunanların 75 faizi bu plana razı olmamışdır.
Yunan tərəfi adanı tamamilə təmsil edəcək şəkildə, yəni Kipr Cümhuriyyəti adı altında Avropa Birliyinə qəbul olunmuşdur. Fəqət bu gün türk tərəfinin tanınmaması böyük bir ədalətsizlikdir.
***
Kipr öz mədəniyyəti və tarixi abidələri ilə ölkəyə gələn çox sayda turistlərin diqqətini çəkməkdədir. Buraya dünyanın bir çox ölkəsindən hər il on minlərlə turistlər gəlməkdədirlər. Şimali Kiprin insanları çox səmimi və olduqca istiqanlıdırlar.
Kipr türklərinin mədəniyyətinə islam dininin gətirdiyi adət və ənənələr bu gün də yaşamaqdadır.
Osmanlılar 1571-ci ildə bu torpaqlara gəldikləri zamanlarda bir çox məscidlər və tarixi abidələr inşa etmişlər. Bunlardan adanın paytaxtı Lefkoşada yerləşən Ərəb Əhməd Paşa camisi 16-cı əsrin sonu 17-ci əsrin əvvəllərinə aiddir. Başqa bir məscid isə Əbubəkir məscididir ki, bunun da yaşı çox qədimdir.
Adanın uzaq keçmişindən xəbər verən digər tarixi abidələr isə qalalardır. Bu qalalardan turistlərin diqqətini çəkənlərdən biri də Beşbarmaq sıra dağları üzərində tikilən Kantara qalasıdır ki, bu qalanın bir çox qaynaqlarda Bizans imperiyası dönəmində (X əsrdə) Ərəb istilalarına qarşı müdafiə olunmaq məqsədilə inşa olunduğu söylənilir. Daha bir tarixi əsər olaraq qorunub saxlanan qala isə “Saint Hilaryon” qalasıdır. Bu qala da bizanslar dönəmində ərəblərin işğallarına qarşı inşa edilmişdir və qaynaqlarda eramızın dördüncü əsrinə aid olduğu bildirilir.
Kipr Türk xalqının mətbəxi də olduqca zəngindir. Mətbəxlərinə aid olan yeməklərdən Lahanalı Kipr plovu, “Kəlməli Kipr plovu” və şaftalı kabablarını göstərmək olar.
Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında əlaqələr genişlənməkdədir. Məsələn, azərbaycanlı tələbələrin xaricdə ən çox təhsil aldıqları yerlərdən biri Kuzey Kiprdir.
Şimali Kiprin coğrafiyası da çox fərqlidir. Yayı uzun və quraqlıq, qışı isə qısa və yağmurludur. Burada dünyanın heç bir ölkəsində olmayan 19 bitki növü yetişir. Şimali Kipr həm də çox zəngin faunaya malikdir. Kiprin Afrika və Şərqi Avropadan gələn köçəri quşların yaşama və nəsilartırma yeri olaraq seçilməsi də buranın önəmli coğrafi mövqeyindən xəbər verir.
Şamxal ƏHMƏDZADƏ,
Kipr Şərqi Ağ
Dəniz
Universitetinin tələbəsi.
Respublika.-2014.- 20 iyul.- S.4.