ZƏHMƏTLƏ
YOĞRULMUŞ ÖMÜR
İbrahim Həsən oğlu Cəfərov 1956-cı il yanvar ayının 20-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Düdəngə kəndində sadə zəhmətkeş bir ailədə anadan olmuşdur. Həsən kişi və həyat yoldaşı Püstə xanım övladlarına zəhmətsevərlik, təmizlik, vətənpərvərlik, alicənablıq kimi yuksək əxlaqi keyfiyyətlər aşılamışlar. Ana südü, ata öyüdü, ailə adət-ənənəsi ilə yoğrulmuş və qanına hopmuş gözəl keyfiyyətlər İbrahim müəllimi bütün həyatı boyu müşayiət etmişdir.
Bu zəhmətsevərliyin nəticəsidir ki, o, orta məktəbi əla qiymətlərlə bitirməsinə baxmayaraq, çoxuşaqlı ailənin böyük övladı kimi sovxozda fəhlə kimi çalışaraq valideynlərinə kömək etmişdir. İki il Uzaq Şərqdə Sovet Ordusu sıralarında xidmətdən sonra da doğma kəndində fəhlə işləmişdir. Bir gün kənd ağsaqqalı Əli İsmayılov “oğul, İbrahim, eşitmişəm orta məktəbi əla qiymətlərlə bitirmisən, sənə oxumaq lazımdır” dedi. Kənd ağsaqqalının bu sözlərindən sonra gənc İbrahim sənədlərini Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki ADAU) hazırlıq şöbəsinə verdi, bir ildən sonra “Bitki mühafizəsi” ixtisası üzrə qəbul oldu. Onu qrup nümayəndəsi seçdilər. Tələbəlik illəri də asan keçmədi. Belə ki, həm ailə qayğısı, həm də əyani tələbəlik illərinin çətinliyi onu qorxutmadı. Biologiyaya, xüsusilə bitkilərin həyatına onda olan maraq get-gedə daha da dərinləşir və onu tədqiqatçılıq kimi ağır məsuliyyətli bir işə bağlayırdı.
İ.Cəfərovun təhsildə uğurları, ictimai həyatda fəallığı, xüsuslə təcrübələr zamanı işgüzarlığı nəzərdən qaçmır, onu o dövrün ən yüksək təqaüdü hesab edilən Lenin təqaüdünə layiq görürlər. Xoşbəxtlikdən onun təhsil aldığı illər dünya azərbaycanlılarının ümummilli lideri, türk dünyasının böyük oğlu, dünya şöhrətli siyasi xadim, müstəqil Azərbaycanın yaradıcısı dahi Heydər Əliyevin əlaçı tələbələri SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarına oxumağa göndərdiyi vaxta düşdü. İbrahim Cəfərov SSRİ-nin ən yüksək aqrar təhsil məbədi sayılan Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasına bitki mühafizəsi üzrə aspiranturaya daxil oldu. Professor K.Popkovanın rəhbərliyi altında “Azərbaycan SSR Naxçıvan MR şəraitində üzüm bitkisinin əsas xəstəlikləri ilə mübarizənin bioloji cəhətdən əsaslandırılması” mövzusunda dissertasiyasını uğurla müdafiə edərək kənd təssrrüfatı elmləri namizədi alimlik dərəcəsi aldı.
İ.Cəfərov 18 yanvar 1989-cu ildə keçmiş SSRİ Aqrar Sənaye Komitəsinin göndərişi ilə doğma institutda fitopatologiya kafedrasına assistent vəzifəsinə təyin edildi. Çox qısa bir zamanda həm kollektivin, həm də tələbələrin sevimlisi oldu.
Artıq bu, o illərə təsadüf edirdi ki, Azərbaycanda azadlıq dalğası hər yeri bürüməkdə idi. Blokadada olan Naxçıvana kömək məqsədilə Gəncədə yaradılmış “Naxçıvana Yardım Xeyriyyə Cəmiyyəti”nin fəalı olan İ.Cəfərov ulu öndərin diqqətini cəlb etdi.
Zaman Azərbaycan ziyalısını əsl sınağa çəkirdi. Mürəkkəb ictimai-siyasi proseslər, maddi sıxıntılar ziyalı təbəqəsinə də öz təsirini göstərdi.
Elə bu dövrlərdə İ.Cəfərov meyvə-tərəvəz və üzümçülük fakültəsininin dekanı seçildi. Onun potensial imkanları bu vəzifədə olarkən özünü daha çox göstərdi. Tədrisin keyfiyyətinə görə və nizam-intizamda fakültə həmişə birinci yerdə oldu.
Onu eyni zamanda Dairə Seçki Komissiyasının sədri təyin etdilər.
Bu illərdə onun elmə bağlılığı daha çox özünü göstərdi. Belə ki, “Kənd təsərrüfatı fitopatologiyası”, “Fitoterapiya”, “Ümumi fitopatologiya” kimi dərslikləri məhz uzun illərin zəhmətinin bəhrəsi idi. Son illərdə yazdığı “Fitopatologiya” dərsliyi isə Azərbaycan biologiya elminə böyük töhfə oldu. Dərslik fitopatologiyanın ümumi və xüsusi hissələrini əhatə etməklə bu elmin əmələgəlmə mərhələlərini, elmdə praktik istiqamətin inkişafını, eləcə də xəstəlik haqqında təlim, patoloji proses və onun mahiyyəti, göbələklər, bakteriyalar, viruslar və digər mikroorqanizmlər haqqında müasir məlumatlar öz əksini tapmışdır.
Milli-mənəvi varlığı, zəngin mənəviyyatı, tarixi abidə və sərvətləri ilə Azərbaycan dünyada öncül yerlərdən birini tutur. Prezident cənab İlham Əliyevin və dövlətimizin dəstəyi sayəsində öz dünənki, bugünki, eləcə də gələcək varlığını qoruyub saxlayan Azərbaycan elmi daim inkişaf edir. Bu nöqteyi-nəzərdən İ.Cəfərovun çap olunan əsərləri öz aktuallığını, öz gərəkliliyini qoruyub saxlayır.
Həyatda hər kəsin öz yolu, hərənin öz tale payı var. Biri yaşayış binası ucaldır, biri bağ salır, başqa birisi elm yolunun yolçusuna çevrilir. İ.Cəfərov əsl elm yolçusudur. 2005-ci ilin iyun ayında “Azərbaycanın çəyirdəkli meyvə bitkilərinin mikobiotası, növ tərkibi, xəstəlik törədicilərinin biologiyası və mübarizə tədbirləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi. Bu, böyük əməyin təntənəsi idi. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2006-cı il tarixli qərarı ilə ona kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi verilir və İ.Cəfərov 17 sentyabr 2007-ci ildə bitkiçilik və bitki mühafizəsi kafedrasına professor əvəzi təyin edilir.
Zəhmət artıq öz bəhrəsini verirdi. Belə ki, 2011-ci ildə ADAU-nun rektoru, professor M.Sadıqovun təqdimatı və Azərbaycan kənd təsərrüfatı nazirinin sərəncamı ilə İbrahim Cəfərov universitetə tədris işləri üzrə prorektor, Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2013-cü il tarixli Sərəncamı ilə ADAU-nun rektoru vəzifəsinə təyin edilmişdir. O, bu vəzifəyə təyin olunduğu gündən belə bir tezis irəli sürdü: elm və təhsilin dinamik inkişafını müəyyənləşdirməkdə yeganə yolun məhz dünya təhsil məkanına, inteqrasiya olunmaq, təhsili dünya standartlarına uyğunlaşdırmaq və təfəkkürü dəyişdirməklə nail olmaq mümkündür.
Bu, özünü universitetin bütün sahələrində göstərdi. Nizam-intizam möhkəmləndi, şəffaflıq təmin olundu, informasiya texnologiyası ilə təkmilləşdirildi, iqtisadi durum yaxşılaşdı.
Cəmiyyətin yüksəlişi elmin inkişafı ilə sıx bağlı olduğundan hər bir xalq və ölkə əldə etdiyi bütün nailiyyətlərə görə ilk növbədə elmə və bu elmin başında düran alimlərə borcludur.
Bütün müsəlmanların müqəddəs kitabı olan Qurani Kərimdə elmə və elmli olmağa böyük rəğbət bəslənmiş, alimin zəhməti ən yüksək qiymətə layiq görülmüşdür.
Bu günlərdə universitetimiz
şad xəbər aldı. Professor İbrahim Cəfərov AMEA-nın müxbir üzvü seçilmişdir. İnanırıq ki, o, bu yeni
təyinatda da xalqına və elmə böyük töhfələr verəcəkdir.
Hacı Bəhman Əliyev,
ADAU-nun professoru,
Hacı Arif HÜSEYNOV,
ADAU-nun dosenti.
Respublika.-2014.- 22 iyul.- S.5.