Gözəlliyi yaradan zəhmətkeş insanlar

 

Ölkəmizin qədim tarixə, əsrarəngiz gözəlliyə malik şəhərlərindən biri Şəkidir. Son illərdə burada aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri şəhərin görkəmini tamamilə dəyişmiş, bu diyarı daha da baxımlı etmişdir.

Azərbaycan Respublikası Prezidenti tərəfindən Şəki şəhərinin rəhbərliyində dəyişiklik aparıldıqdan sonra şəhərdə həyata keçirilən tikinti, abadlıq, bərpa işləri 2011-ci ildən başlayaraq daha iri həcmdə olmaqla geniş sahələri əhatə edir. Azərbaycan Respublikası Prezidentinin “Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 12 sentyabr 2011-ci il tarixli sərəncamını fəaliyyət planı kimi əldə rəhbər tutan şəhər icra hakimiyyəti Şəkinin milli memarlıq ənənələrinin və üslubunun qorunub saxlanılması şərtilə, tarixi-memarlıq abidələrinin bərpası, küçələrin təmiri, müasir işıqlandırma sistemlərinin quraşdırılması, yaşıllıqların salınması, park və xiyabanların abadlaşdırılması, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı istiqamətində mühüm irəliləyişə nail olmuş, Şəkinin qədim simasını yeni görkəmdə bərpa etməklə xeyli dəyişikliklər aparmışdır.

Şəki şəhərinin təmizliyinə, səliqə-sahmanına məsuliyyət daşıyan təşkilatlardan biriKommunal Təsərrüfatı İstehsalat Birliyidir. 164 nəfər işçinin çalışdığı bu xidmət müəssisəsi şəhər əhalisinə nümunəvi xidməti ilə böyük hörmət qazanmışdır. İstehsalat Birliyinin direktoru İntiqam Əşirov gənc olmasına baxmayaraq işə səriştəli münasibəti, tələbkarlığı ilə kollektivin gücünü bir məcraya yönəldə bilmiş, xüsusi relyefə malik olan şəhərin təmizlik və abadlığının günün tələblərinə qaldırılması üçün xeyli əmək sərf etmişdir.

Görülmüş işlərlə bağlı məlumat verən İntiqam Əşirov qeyd etdi ki, Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyi şəhərdə yerinə yetirdiyi müxtəlif növ kommunal xidmətləri müqabilində büdcədən ayrılmış, ayrı-ayrı müəssisə-təşkilatlar, mülki əhali, kommersiya strukturları və s. ilə bağlanmış müqavilələr əsasında təsərrüfathesablı olmaqla maliyyələşərək fəaliyyət göstərir.

Şəkimizin təmizliyini təmin etmək, yaşıllıq zolaqlarını daha da artırmaq və onu qorumaq bu gün burada yaşayan hər bir vətəndaşın borcudur. Məhz bu kommunal xidmətlərin yerinə yetirilməsində biz kommunal işçilərinin üzərinə daha böyük vəzifə və peşə məsuliyyəti düşür.

Birliyin şəhərdə yerinə yetirdiyi planına, ayrı-ayrı prospekt-küçələrin mexaniki və əl üsulu ilə süpürülməsi, su arxlarının təmizlənməsi, yolların maşınlarla yuyulması, tullantıların yığılaraq daşınması, mövsümi qaydada olaraq prospekt-küçələrin qar-buz örtüyündən təmizlənərək qum-duz-kəpək qarışığının səpilməsi və yaşıllıqlara qulluq kommunal xidməti işləri daxildir.

Hazırda birlikdə bu müxtəlif növ kommunal xidməti işlərin yerinə yetirilməsi üçün ayrı-ayrılıqda 4 böyük şöbə fəaliyyət göstərir.

Bunlar “Təmizlik”, “Avtonəqliyyat”, “Yaşıllıq” və “Abunə” şöbələrindən ibarətdir. Hər bir şöbə ayrılıqda müəyyənləşdirilmiş planları və qrafiklər əsasında üzərlərinə düşən xidməti işləri yerinə yetirir. Bütün peşə işçilərindən vaxtı öz xidməti vəzifə borclarına əmək intizamı qaydalarına nizamlı şəkildə əməl etməklə yerinə yetirmələri tələb olunur. Bununla yanaşı, rəhbərliyin nəzarəti altında onların ailə-məişət, həmçinin sosial-maddi tələblərinin müəssisənin maliyyə imkanları daxilində yerinə yetirilməsi istiqamətində onlara xüsusi qayğı göstərilir.

Müəssisəmizə ən böyük diqqət və qayğı icra hakimiyyətinin başçısı Elxan Usubov tərəfindən göstərilir. Birliyin yerinə yetirdiyi işlərə görə müəssisəmizə ayırdığı maliyyə vəsaitinin həcminin artırılması, buna uyğun olaraq işçi kontingentinin sayının və eyni zamanda onların əməkhaqlarının artırılması burada işləyən hər bir peşə işçisində böyük ruh yüksəkliyi yaradıb.

Birlik tərəfindən şəhərdə aparılan təmizlik işləri ilə paralel yaşıllıq zolaqlarına qulluq kommunal xidməti işləri də genişlənir.

Təkcə 2013-cü ildə şəhərdə aparılmış tikinti-quruculuq işləri ilə yanaşı, yaşıllaşdırma sahəsindəki xidmətlər də göz qabağındadır. Belə ki, şəhərin ayrı-ayrı ərazilərində yeni yaşıllıq zolaqları, qazonları salınaraq onların əraziləri genişləndirilmiş, xeyli müxtəlif və qiymətli yaşıllıq ağacları əkilmişdir ki, bu da şəhərimizin gözəlliyini daha da artırmışdır. Analoji işlər 2014-cü ildə də bu istiqamətdə tərəfimizdən davam etdirilir.

Yaşadığımız doğma Şəkimizin sağlam ekoloji təminatını yaratmaq, təmizliyini, füsunkar gözəlliyini qorumaq və yaşıllıq zolaqlarının ərazisini daha da artırmaq bu gün burada yaşayan hər bir vətəndaşın müqəddəs borcudur.

2014-cü ilin 6 ayı ərzində Birlik məişət tullantılarının daşınması kommunal xidmətləri üzrə ayrı-ayrı 85 müəssisə-təşkilatlarla, həmçinin ayrılıqda kommersiya-ticarət obyektləri və mənzil-ev təsərrüfatlarına göstərilmiş xidmətlər müqabilində müqavilələr bağlamış və bu işlər tərəfimizdən ilin qarşıdakı dövrü ərzində də davam etdiriləcəkdir.

Müddət ərzində tərəfimizdən şəhərdə xidmət göstərdiyimiz ərazilərdən, mülki əhalidən, kommersiya-ticarət strukturlarından, müəssisə-təşkilatlardan və s. ümumilikdə 21238 kubmetr tullantılar yığılaraq daşınmış, şəhərin ayrı-ayrı yerlərindəki yaşıllıq zolaqlarına xidmət olunmuşdur.

Qış mövsümü ərzində havaların qarlı-şaxtalı keçdiyi günlərdə birlik xüsusi rejimi ilə işləmiş, şəhərin əsas magistral prospekt-küçələrində həm nəqliyyat vasitələrinin hərəkətində, həm də əhalinin piyadalar yolundakı təhlükəsiz gediş-gəlişlərinin təmin olunması üçün qum-duz-kəpək qarışığı səpilmiş və üzərimizə düşən bu işlər mövsümün tələbləri səviyyəsində yerinə yetirilmişdir.

Bu müddət ərzində mövsümlə bağlı şəhərin prospekt-küçələrində aparılmış kommunal xidmətlərdə həmçinin ayrı-ayrı strukturlara məxsus tullantıların müntəzəm olaraq yığılıb daşınması işlərində avtonəqliyyat vasitələrindən bəziləri fövqəladə rejimi ilə işləmişdir.

Dislokasiya əsasında şəhərin ayrı-ayrı prospekt-küçələrindəki 291500 kvadratmetr sahələr gündəlik olaraq əl ilə, 321850 kvadratmetr sahələr isə mexaniki üsulla süpürülmüş, 50400 poqonmetr su arxları müxtəlif tullantılardan təmizlənmiş, ayrı-ayrı prospekt-küçələr avtomaşınlarla yuyulmuş, şəhər daxilindən keçən “Dəyirmanarx” və “Qurcana” çaylarının daxili hövzələri vaxtaşırı olaraq müxtəlif tullantılardan təmizlənmiş və ayrı-ayrı ərazilərdə, ictimai yaşayış binalarında və s. əhalinin məqsədli istifadəsi üçün dəmir tullantı konteynerləri qoyulmuşdur.

Birliyin balansında hazırda 43 ədəd maşın-texnikalar vardır. Bu maşın-texnikalardan 6 ədədi Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun diqqəti, qayğısı təşəbbüsü sayəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.04.2014-cü il tarixli sərəncamı Azərbaycan Respublikasına gətirilən xüsusi təyinatlı maşın texnikaların müvafiq bölgüsünə uyğun olaraq cari ilin aprel ayında müəssisəmizə gətirilmişdir. Bunlar 2 ədəd JAC yükü özüboşaldan avtomobil, 1 ədəd ZOC MLİON avtomaşını,1 ədəd JONVAN-508 ekskavatoru, 1 ədəd HDD 630 B vərdənəni 1 ədəd HD-255 avtoqreyderdir. Köhnə maşın-texnikalardan Qaz 53 markalı 8 ədəd maşınlar texniki istismar müddətlərini çoxdan başa vurmuşlar. Ona görə bu maşınların gələcəkdə yeniləri, həm Şəkinin ayrı-ayrı küçə, dalan döngələrində daha rahat işləmələri üçün qabariti kiçik olan maşınlarla əvəz olunması xüsusi əhəmiyyyət kəsb edir.

Şəhərin təmizliyi bu müddət ərzində tərəfimizdən gündəlik olaraq aparılıb həm yaşıllıqların qorunub saxlanılması daima nəzarətimizdə olmuşdur.

Xidməti müqavilələrin bağlanması işlərində mülki əhali, kommersiya strukturları s. ilə təbliğati maarifləndirmə işləri aparılmış bu işlər tərəfimizdən, eləcə cari ilin qarşıdakı dövrü ərzində mütəmadi olaraq davam etdiriləcəkdir.

2014-cü ilin 6 ayı ərzində şəhərdə apardığımız kommunal xidməti işlər layiqincə yerinə yetirilmişdir.

İlin qalan dövrü ərzində üzərimizə düşən xidməti işləri layiqincə yerinə yetirmək əzmindəyik.

 

İlham PƏNAHOV,

Respublika.-2014.- 22 iyul.- S.5.