İrəvan müsəlman sakinli vilayət olmuşdur
Oxuculara təqdim olunan “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı (İbrahim Quliyev fars dilindən tərcümə etmişdir) Güney Azərbaycanın tanınmış tarixçisi, mərhum doktor Səməd Sərdariniyanın çoxsaylı əsərlərindən biridir. Müasir Güney Azərbaycan tarixşünaslığında az müəllif tapılar ki, onun kimi yorulmaq bilmədən faktları, mənbələri və arxiv sənədlərini tədqiq edərək, tarixi həqiqətləri üzə çıxarmaq sahəsində zəngin irs qoyub getmiş olsun. “Azərbaycan mədəni dünyada”, “Təbriz əvvəlinci şəhərdir”, “Təbrizin Mərkəzi qeybi”, “Əli Müsyo”, “Təbriz Universiteti”, “Azərbaycan mətbuat tarixi”, “Təbriz teatrı”, “Bağır xan Salari-Milli”, “Molla Nəsrəddin Təbrizdə”, “Arazın hər iki sahilində soyqırım”, “Azərbaycan məşhurları” (3 cilddə) əsərləri müəllifin elmi axtarışlarının və yaradıcılığının bir hissəsidir. Onun şəxsi arxivində daha yeddi kitab, onlarca sanballı elmi məqalə oxuculara təqdim olunacağı günü gözləyir.
XIX əsrin sonunda Daşnaksütyun partiyasının yaranması və erməni qatillərinin bu partiya sıralarında cəmləşməsi dənizdən-dənizə böyük Ermənistan haqda xülyanı formalaşdırdı və onu müsəlmanlara qarşı mübarizədə ideoloji hədəfə çevirdi. Daşnaksütyun partiyasının yaranması ilə Qərbi Azərbaycan torpaqları, o cümlədən İrəvan və onun ətrafındakı bölgələr erməni əsarətinə düşdü.
Doktor Səməd Sərdariniyanın kitabını vərəqlədikcə son yüz ildən artıq bir müddətdə erməni cəlladlarının azərbaycanlılara qarşı törətdikləri çoxsaylı qətllərin, talan və zorakılıqların geniş panoraması göz önündə canlanır. Müəllifin kitabındakı çoxsaylı tarixi faktlar bu gün İrəvanı özünə paytaxt etmiş ermənilərin tarixi keçmişi bilərəkdən təhrif edib saxtalaşdırmalarına tutarlı elmi cavabdır.
Doktor S.Sərdariniyanın kitabı 1999-cu ildə (1379) İranda fars dilində nəşr edilmişdir. İranda qondarma erməni soyqırımına aid onlarca yazı dərc olunduğu halda, ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə əlaqədar çıxan əsərləri barmaqla saymaq olar. Bu baxımdan, ictimaiyyətimizin diqqətinə təqdim edilən bu kitab xüsusi əhəmiyyətə malikdir. Təbii ki, bizim oxucumuz əsərin hansı şəraitdə qələmə alındığını və hansı auditoriyaya ünvanlandığını nəzərə almalıdır. Eyni zamanda, qeyd etməliyik ki, əsərdə işlənən bəzi ifadələr və terminlərdə kiçik dəqiqləşdirmələr aparılmışdır.
Əkrəm Rəhimli (Bije)
Azərbaycanlılarla ermənilər arasında mədəni və dini ixtilaflardan əlavə, konflikt yarada biləcək bir sıra digər səbəblər də var idi. Məsələn, inkişaf etməkdə olan Azərbaycan kapitalizmi erməniləri özü üçün maneə hesab edirdi. Üstəlik, azərbaycanlı fəhlələr də erməni iş icraçılarına qarşı birləşməyə məcbur olmuşdular”.
“Müştərək məzhəbin, adət-ənənənin, dini etiqadın mühüm amil sayıldığı bu dövrdə ermənilərlə ruslar arasında əlaqələrin sıxlaşması cənub istiqamətində sərhədlərini genişləndirmək arzusunda olan çar Rusiyasının isti sulara çatmaq ehtirasını daha da artırır və bu məqsədi həyata keçirməsinə əlverişli şərait yaradırdı. Bu məqsəd həmin dövrdə erməniləri Rusiyanın təbii müttəfiqinə çevirə bildi. Digər tərəfdən, bu əlverişli siyasi şərait onları ifrat millətçiliyə və bəzən bundan da artığına sövq edirdi...
Bununla yanaşı, Rusiyanın nisbətən yeniləşməsi də Zaqafqaziyanın rusların hakimiyyəti altında bu bölgəsində yaşayan və getdikcə millətçiliyə daha çox meyil edən ermənilərin mənafeyinə uyğun idi. Dövlət və ordu işlərinə qəbulda onlara daha çox üstünlük verilir və rus cəmiyyətinə inteqrasiya olunmalarına şərait yaradılırdı. Bölgənin iqtisadi inkişafı ilə əlaqədar ermənilər ticarətdə, sənayedə, xüsusilə, Bakı neftinin ixracı sahəsində yaxşı mövqe tuta bildilər.
Şəhər mədəniyyəti, peşə növlərinin artması, Qərblə əlaqələrin inkişafı güclü ictimai təbəqələşməyə səbəb oldu və cəmiyyət iki yerə parçalandı. Bu zaman Daşnak partiyasının ifrat millətçilik fəaliyyəti bu təfriqəni daha da gücləndirdi”.
Daşnak partiyasının ifrat millətçiliyi onları Rusiya hökuməti ilə də üz-üzə qoydu. Aliyə Orfeinin fikrincə, XIX əsrin son illərində və XX əsrin əvvəllərində inqilabçı ermənilərlə çar hökuməti arasında baş verən siyasi çarpışmalar ermənilərin millətçilik düşüncələrinin güclənməsindən yaranmışdı”.
1905-ci il erməni-müsəlman davasını çar Rusiyası özü törətsə də, ancaq daşnakların çılğınlığı və onların “Böyük Ermənistan” yaratmağa tələsməsi sonrakı qanlı və faciəli çarpışmaların meydana gəlməsində ümdə rol oynadı.
Məmməd Səid Ordubadi “Qanlı sənələr” adlı kitabında həmin qırğınların başlaması barədə yazır: “Ermənilər hər fikirdən, hər sözdən müsəlmanlar əleyhinə qiyam fikrinə düşərək müxtəlif hiylələrə əl atırdılar. Onlar hər yerdə müsəlmanları sıxışdırır, acı sözlərlə onları təhqir edir, əlaqələrini kəsir, lazımsız mübahisələrə başlayırdılar. Müsəlmanlar da bu işin sonunu böyük bir uzaqgörənliklə duyaraq, özlərini müdafiə etmək üçün hazır olmağa çalışırdılar. Yerli hökumət xırda cinayətləri nəzarət altında saxlasa da, böyük hadisələrin qarşısını almaq fikrində deyildi. Bu hadisələr onu göstərirdi ki, hər iki millət bir-birindən təcrid edilərək qarşıdurmalara sövq edilir. Bu zaman ermənilər müsəlmanlar əleyhinə daha çox məhdudiyyətlər yaratmağa başlamışdılar. Doğrudur, bəzi ermənilər iğtişaş yaratmaqdan boyun qaçırsalar da, nüfuzlu və imkanlı şəxslər davanın tez başlamasını istəyirdilər. Araqarışdıranlar partiya komitələrindən olduqlarından onların sözləri təsirsiz ötüşmürdü və nəticə onların istədikləri kimi oldu.
Fevralın 2-də müsəlmanlar arasında xüsusi nüfuza malik olan Ağarza adlı şəxs Quba meydanında erməni komitəsinin tapşırığı ilə qətlə yetirildi. Bu faciəvi hadisəni müsəlmanlar öz milli heysiyyatlarının təhqir olunması kimi qəbul etdilər. Bundan sonra onların hisslərini cilovlamaq mümkün olardımı? Bu hadisə müsəlmanları nəhayətsiz dərəcədə həyəcanlandırdığı halda, onlara yuxarıdan intiqam almamaq barədə göstəriş gəldi. Lakin bir azərbaycanlı məhbusun istintaq araşdırması üçün aparılarkən yolda erməni əsgəri tərəfindən günahsız yerə güllələnməsi müsəlmanları daha çox qəzəbləndirdi.
Həmin gün fevralın altısı idi. Hadisələrin gedişi bizi qan dəryasına doğru aparırdı. Həmin gün ermənilər həqiqətən qırğın törətmək istəyirdilər, azərbaycanlılar isə heyrət və təəccüb içində donub qalmışdılar. Əvvəllər bir-biri ilə mehriban olan qonşular indi əlaqələrini kəsmiş, bir-birlərini qətlə yetirməyə hazır idilər. Nəhayət, xeyli öncə hər iki millətin vücudunda yerləşdirilmiş bomba partladı və bütün Qafqaz həmin partlayışdan od tutdu. Görək, bu partlayıcı maddə həqiqətən bomba idimi? Bəli, bu bomba ayın altısında partlamaqla Bakının faciəsinə çevrildi və onun atəşi buradan başlayaraq bütün Qafqazı bürüdü...”.
Polis qüvvələri qarşıdurmalara müd
axilə etmirdilər. Bu qeyri-sabitlik İrəvana, Naxçıvana, Şuşaya doğru uzanmaqda idi. Nəhayət, Gəncə və Tiflisə də sirayət etdi. Bu qarşıdurmalarda 128 erməni, 158 azərbaycanlı kəndi qarət və talanlara məruz qaldı. Qətlə yetirilən azərbaycanlıların sayı ermənilərinkindən çox idi. Bakıda, Naxçıvanda azərbaycanlılar qalib gəlmişdilər, İrəvanda, Üçkilsədə isə ermənilər qələbə qazandılar.
Rusların bitərəfliliyi bir o qədər də uzun çəkmədi. Vorontsov Daşkov vali vəzifəsinə gələn kimi azərilərin əleyhinə hücum fərmanı verildi və erməni-müsəlman davasının birinci mərhələsi bir-iki ildən sonra başa çatdı”.
Arazın o biri sahilindəki əksər şəhərlərdə çoxsaylı insan itkilərinə səbəb olmuş erməni-müsəlman davalarında İrəvan şəhəri də qana bələndi. Görkəmli yazıçı Məmməd Səid Ordubadi “Qanlı sənələr” kitabında həmin faciələri belə təsvir edir: “1905-ci ildə gözlənilmədən Bakıda baş verən qırğınlar birdən-birə sakitləşmədi. May ayının əvvəllərində bu hadisələr Naxçıvan və İrəvan şəhərlərinə sirayət etdi. Bu dövrdə Naxçıvanda müsəlmanlar say baxımından ermənilərdən çox idilər. Əvvəldən dava arzulayan ermənilər Naxçıvan qarşıdurmalarında ağır məğlubiyyətə düçar oldular. Onların bu uğursuzluğu İrəvan ermənilərinin bərk qəzəblənməsinə səbəb oldu.
Onlar bu hadisədən sonra azərbaycanlılar əleyhinə daha çox ləyaqətsiz hərəkətlər etməyə başladılar: Qonşuluq əlaqələrini kəsir, müsəlmanlara nifrət və qəzəblərini açıq-aydın büruzə verirdilər. Hadisələrin gedişi tezliklə İrəvanda da iğtişaşların baş verəcəyini güman etməyə şərait yaradırdı. Ayrı-ayrı yerlərdən gələn qorxunc xəbərlər şəhər sakinlərini məyus edir, tacirlərin əlini işdən soyudur, ticarəti böhrana sürükləyirdi. Müsəlmanlar qayğı və narahatçılıq içində idi. Xüsusilə də, düşmənin güclü olması, azərbaycanlıların isə davaya hazır olmaması ziyalı və gözüaçıq azərbaycanlıları həyəcanlandırırdı. Məzlumlar pəjmürdə və iztirablı görünürdülər. Hamının üzündə əzab və iztirab var idi. Bir sözlə, müsəlmanlar özlərini son dərəcə itirmişdilər.
Ermənilər Naxçıvandakı məğlubiyyətin intiqamını almaq üçün tələsirdilər. Onlar qisas hissi ilə yanıb-qovrulur, müsəlmanlara zərbə vurmaq, onları pərişan etmək üçün hər cür hiyləyə əl atırdılar. Buna görə Naxçıvana gedən yolları nəzarətə götürmüş, şəhərə gedib-gələnləri pusur, müxtəlif vasitələrlə onlara mane olmağa çalışırdılar. Özləri isə gizlincə Naxçıvan ermənilərinə silah-sursat yardımı edirdilər. İrəvan müsəlmanları isə bu mürəkkəb və ziddiyyətli dövrdə nəinki qırğına hazırlaşmır, üstəlik qonşuluq haqqı kimi xam xəyallara qapılmışdılar. Şəhərin sakinlərindən hər biri yalnız özünü müdafiə etmək haqqında düşünür, vəziyyətdən çıxmaq üçün davadankənar yollar gəzirdi. Nəhayət, Naxçıvan odunu söndürmək üçün general Əlixanov-Avarski Tiflisdən Naxçıvana ezam oldu. Digər tərəfdən də, Voronsov Daşkovun göstərişi ilə şeyxülislam Uluxanlı İrəvan qazisi ilə birgə Naxçıvana yola düşdü.
İrəvan erməniləri barışıq xəbərini eşidən kimi öz “ziyalı”larını Naxçıvana göndərib oradakı erməni camaatının vəziyyətindən xəbər tutmağa tələsdi. Onlar buradakı məğlubiyyəti pərdələmək, ermənilərin bacarıqsızlıqlarını gizləmək üçün müsəlmanlar haqqında ləyaqətsiz şayiələr yaymağa başladılar. Buna baxmayaraq, İrəvan və onun ətraflarında yaşayan müsəlmanlar Naxçıvanda ermənilərin məğlub olmasına sevinir, bu qələbəni öz qələbələri hesab edərək, qürurla gəzib-dolanırdılar. Onlar bu zaman ermənilərin bütün qüvvələrini səfərbərliyə alıb, azərbaycanlıları soyqırıma məruz qoymaq üçün yeni planlar hazırlamaqda olduqlarını başa düşmürdülər. Nəhayət, mayın 23-də baş verən hadisə ermənilərə bu planı gerçəkləşdirməyə şərait yaratdı.
1905-ci il mayın 23-də “Qarsaçay” erməni çay bağçasına gedən üç nəfər müsəlman sərxoş vəziyyətdə polis idarəsinin qarşısına gəlir. Onlar burada məsuliyyətsiz hərəkətlər etməyə başlayırlar. Ermənilər fürsətdən istifadə edib, onları möhkəmcə döyür. Sonda həmin üç nəfər xəncərini çıxarıb, özlərini müdafiə edə-edə və qışqıra-qışqıra bazar meydanına tərəf qaçırlar. İçkili müsəlmanların səsi hər tərəfə yayılır.
Bu qışqırıqları eşidən erməni və müsəlmanlar üz-üzə gəlir və onların arasında şiddətli dava başlayır. Ermənilərin hiylə və fırıldağından xəbərsiz olan bəzi müsəlmanlar humanistlik nümayiş etdirir, öz dükanlarını buraxıb, onların yiyəsiz qalmış mağazalarına güdükçü olurlar. Bəziləri isə erməniləri qorumaq üçün onları öz dükanlarında gizlədirlər. Lakin ermənilərin hiddət və qəzəbini görən bəzi müsəlmanlar, nəhayət vəziyyəti başa düşüb müqavimət göstərməyə başlayırlar. Bir-birinin ardınca cinayətlər baş verir. Əgər həmin gün müsəlmanlar “humanizm bəlasından” xilas olub, ermənilərlə həqiqi döyüşə girsəydilər, bu təcavüzkarların aqibətinin necə olacağını indi də təsəvvür etmək mümkün deyil. Fəqət müsəlmanların ermənilərin məkrli niyyətindən xəbərləri yox idi. Onlar zaman-zaman qoruyub saxladıqları qonşuluq haqqını qabardaraq əhalini birtəhər sakitləşdirdilər. Gecə sakit və aram keçdi.
24 may 1905-ci il səhər saat 9-a yaxın ermənilər öz mağazalarını açmaq üçün bazara gedən müsəlmanlara atəş açdılar. Lakin müsəlmanlardan xəsarət alan olmadı, bir neçə erməni isə yaralandı. Elə bu zaman gəlib çıxan əsgərlər bir neçə dəfə havaya atəş açaraq, erməniləri sakitləşdirdilər. Bir neçə dəqiqədən sonra şəhərdə gediş-gəliş tamamilə kəsildi və hər kəs öz yerində donub qaldı. İrəvanı dəhşətli bir sükut bürüdü.
Lakin saat iki radələrində ermənilər yenidən müsəlmanları şiddətli gülləbarana tutdular. Erməni məhəllələrindən açılan atəşlər ara vermədən davam edirdi. Onlar binaların, hasarların üstündən, pəncərələrdən müsəlmanları hədəfə götürürdülər. Asimandan güllə dolu kimi yağırdı. Müsəlmanlar isə bu atəşlərə cavab vermir, öz təmkinlərini qoruyub saxlamağa çalışırdılar. Əslində bu, təmkin də deyildi, sadəcə olaraq hazırlıqsız və müharibə görməyən, ermənilərin məkrli planından xəbərsiz olan müsəlmanlar özlərini itirmişdilər. Belə bir vaxtda İrəvan şəhərində cəmi iyirmi tüfəng, təxminən bir qədər də fişəng var idi. Tüfənglərin əksəriyyəti köhnə və paslanmış ov tüfəngləri idi. Tarixçilərdən biri haqlı olaraq, həmin silahları Nuhdan qalmış əşya adlandırmışdı.
Belə bir şəraitdə hökumət də ermənilərin silahlamasının qarşısını almır, iğtişaşlara qarşı heç bir tədbir görmürdü. Buna görə də ermənilər istədiklərini edir, atəş açır, müsəlman məhəllələrinə hücum edirdilər. Bir sözlə, müharibə mələyi şəhərin başı üstündə idi. Günün ikinci yarısında atəş yenidən şiddətləndi. Qadınların, azyaşlı uşaqların fəryadı şəhəri başına götürdü. Ora-bura vurnuxan müsəlman kişiləri nə edəcəklərini bilmir, qadınların, qocaların, uşaqların nalələri onları əsəbləşdirirdi. Əslində, hamı - qadın, uşaq, qoca, cavan, əyan, xan, rəiyyət öz canının hayındaydı. Belə bir vəziyyətdə millət, xalq, mədəniyyət, var-dövlət hamının yadından çıxmışdı. Müsəlmanların ermənilərə cavab vermək imkanı yox idi. Erməni məhəlləsində yaşayan müsəlmanların imdad səsi hər an asimana yüksəlirdi. Lakin onlara imdad edə, fəlakətdən qurtara biləsi qüvvə yox idi. Xülasə, güllələrin ildırım çaxmasına bənzəyən işığı, bombaların qaldırdığı toz-duman şəhəri cəhənnəmə döndərdi. Nəhayət, müsəlmanların fəryadına dözməyən bir zabit əsgərləri ilə birgə hadisələrə müdaxilə etdi. O, erməni məhəllələrində yaşayan və güllələrə tuş gəlmiş qadınları, uşaqları oradan çıxarıb, müsəlman məhəllələrinə gətirməyə başladı. Bu döyüşdə erməni məhəlləsində yaşayan 11 nəfər qətlə yetirildi: Onların dördü qadın, ikisi uşaq və beşi kişi idi. Öz evlərinin içində cəhənnəm əzabı yaşamış və yuxarıda qeyd etdiyimiz zabitin köməyi ilə xilas olmuş müsəlmanların göz yaşları yağış kimi axır, hıçqırıqdan bir kəlmə söz belə deyə bilmirdilər. Bu vəziyyəti görən müsəlmanların qeyrət və qürur hissi oyanmağa başladı. Onlar artıq bu şəkildə yaşamağın mənasız olduğunu düşünməyə, çarə axtarmaq barədə fikirləşməyə başlamışdılar. Necə deyərlər, müvəqqəti də olsa milli şüurları oyanmışdı.
İrəvan müsəlmanları özlərində güc taparaq bir yerə toplaşdılar. Şəhərdə könüllülər dəstəsi yarandı. İslamiyyət adı ilə bir yerə yığışan müxtəlif millətlərin nümayəndələri silaha sarıldılar. Onlar gecə ikən ermənilərə qarşı yürüşə çıxmaq qərarına gəldilər. Ancaq müsəlman ağsaqqalları bu məsələdən xəbər tutan kimi onları nəsihət və məsləhət yolu ilə hücumdan çəkindirməyə çalışdılar. Bu zaman hələ də erməni məhəlləsində 30-40 müsəlman ailəsi qalmışdı. Döyüşlərin beşinci günü onlar hökumətin və məmurların mühafizəsi altında şəhərin müsəlman hissəsinə köçürüldülər. Ancaq yenə də tərəflər arabir bir-birlərinə atəş açırdılar.
Bəzi yerlərdə ermənilər səngərlərdə gizlənib müsəlmanları güdür, müsəlmanlar da erməniləri izləyərək hədəfə alırdılar. Səngər döyüşlərində ermənilər daha öndə idilər. Çünki onların əksəriyyəti hərbi xidmət keçmiş, silahla düzgün rəftar etməyi öyrənmişdilər. Daşnak döyüşçüləri ən müasir silahlara malik idilər. Müsəlman könüllülərinin bəzilərinin, ümumiyyətlə, silahı yox idi. Silahların isə əksəriyyəti işləmirdi... Ancaq onların arasında ətraf kəndlərdən gəlmiş bir neçə mahir atıcı da var idi. Bu döyüşlərdə ermənilər daha çox itki verdi. Onlar mumdan düzəldilmiş oyuncaq kimi bir zərbə ilə yerə sərilirdilər. Döyüşün gedişində məlum oldu ki, ermənilər qorxaq və cəsarətsizdirlər. Belə ki, onların əksəriyyəti Bakıdakı, Naxçıvandakı hadisələr zamanı canlarını götürüb İrəvana gəlmiş və döyüşlərə təsadüfən düşmüşdülər. Ruhən sındırılmış bu insanlar qorxa-qorxa döyüşə girir və məhv olurdular.
Ermənilərin itkilərinin çox olmasının başqa bir səbəbi isə onların sərxoşluq etmələri ilə bağlı idi. Belə ki, erməni əsgərlərinə əvvəlcədən istənilən qədər araq, çaxır və s. alkoqollu içkilər verilmişdi. Hər öldürülən müsəlmana görə erməni əsgəri alkoqollu içki ilə “mükafatlandırılırdı”. Buna görə də onlar hərdənbir bayıra çıxaraq havaya bir atəş açır və yalandan “bir müsəlman vurdum” deyib, içki tələb edirdilər. Beləliklə, onların bütün güllələri havayı gedir, məzhəkə qəhrəmanına çevrilirdilər. Bu gün də ermənilərin İrəvan davasındakı “qəhrəmanlığı” xalq lətifəsi kimi səslənir.
Xülasə, səngər davaları başa çatdı. Naxçıvanda sülh və barışıq elan olunması xəbəri İrəvan ermənilərinə və müsəlmanlara çatdı. Hökumət də yuxudan oyandı, tərəflərin yorulduğunu və onların ovqatını görüb, İrəvan şeyxülislamına və yepiskopa teleqraf göndərərək hər ikisini eyni vaxtda şəhərə dəvət etdi. May ayının 31-də onlar şəhərə gəldilər.
əvvəli,
ardı var
Respublika.-2014.- 22 iyul.- S.6.