Heyvandarlıqda biotexnoloji üsullar, yemləmə və seleksiya-damazlıq işinin nəticələri

 

Aqrar sahədə islahatlar başlanarkən ümummilli liderimiz Heydər Əliyev tərəfindən qarşıda belə bir vəzifə qoyulmuşdu: kənd təsərrüfatı məhsullarının istehsalında üstünlük əhalinin əsas növ ərzaq məhsulları üzrə istehlak tələbatının, onun qida normasının dolğun ödənilməsinə yönəldilməlidir. Bu məqsədlə aqrar sahənin inkişafı yoxsulluğun azaldılması və regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramlarında aparıcı yeri tutub. “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002-2005-ci illər)”, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı “(2004-2008-ci illər) və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin etmişdir. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” da əsasən regionlarda işsizliyin aradan qaldırılmasına və ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldilmişdir. Bu problemlərin həlli aqrar sahənin inkişaf strategiyasının əsasını təşkil edir və aqrar sektorla sıx bağlıdır.

Bu proqram 2008-2015-ci illəri əhatə edir. Həmin Dövlət Proqramı Azərbaycanda aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından ən mühüm sənəd hesab olunur.

Dövlət proqramında xüsusi olaraq qeyd edilir ki, dövlət insanlarımızın ərzaqla tam təminatını ödəmək üçün 2015-ci ilədək dənli bitkilərin əkin sahələrini 900 min hektara çatdırmalı, 2,8 milyon ton dənli bitkilər istehsal edilməlidir. Ət istehsalı 340 min tona, süd və süd məhsulları istehsalı 2,4 milyon tona, sənaye üsulu ilə quş əti istehsalı 80 min tona, yumurta istehsalı isə 1,3 milyard ədədə çatdırılmalıdır. Ölkədə tərəvəz və bostan məhsullarının istehsalı 1,72 milyon ton, kartof 1,12 milyon ton, meyvə 800 min ton olmalıdır.Yağlı bitkilərin əkin sahələrini 135 min hektara, şəkər çuğunduru əkinini isə 20 min hektara qədər artırmaq nəzərdə tutulur. Ümumilikdə yem bitkilərinin əkin sahələri 500 min hektar olmaqla qarışıq yem istehsalını ildə 2 milyon tona çatdırmaq bir proqram olaraq qarşıya qoyulur.

Ölkəmizdə aqrar islahatların həyata keçirilməsinin başlıca məqsədi bazar iqtisadiyyatı qanununa uyğun gələn xüsusi təsərrüfat formalarının təşkilinə nail olmaqdan və aqrar bölmənin bütün sahələrində sahibkarlığı hər vasitə ilə inkişaf etdirməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, respublikamızda aqrar islahatları aparmaq məqsədi ilə Dövlət Aqrar İslahat komissiyası, yerli və rayon aqrar islahat komissiyaları yaradılmış, onların hüquqları, funksiyaları, vəzifələri və iş qaydaları müvafiq olaraq əsasnamələrdə təsdiq edilmiş, islahatların aparılmasına dair yaradılmış komissiyalar qarşısında çox mühüm vəzifələr qoyur.

Göründüyü kimi, Azərbaycanın kənd təsərrüfatı son iyirmi ildə böyük inkişaf yolu keçmişdir. MDB məkanında ilk dəfə olaraq analoqu olmayan torpaq islahatı həyata keçirilmiş, tarixində ilk dəfə olaraq Azərbaycan kəndlisi özü torpaq sahibi olaraq fermerə, sahibkara çevrilmişdir. Memarı və təşəbbüskarı ümummilli lider Heydər Əliyevin olduğu torpaq islahatları Azərbaycanda böyük uğurlar qazanmışdır. Ümummilli liderin başlamış olduğu islahatları onun siyasi varisi, dövlət başçısı cənab İlham Əliyev uğurla davam etdirərək ölkədə aqrar sahənin dinamik inkişafına nail olmuşdur. Dövlət başçısının ardıcıl qiddət və qayğısı, qəbul etdiyi dövlət proqramları, imzaladığı sərəncamlar sayəsində ölkədə aqrar islahatlar uğurla başa çatdırılmış, ərzaq təhlükəsizliyi problemi həll edilmişdir.

Prezidentimiz İlham Əliyev 16 aprel 2014-cü il  tarixdə “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalamışdır. Fərmanda Azərbaycanda aparılan aqrar islahatların davamı kimi bu sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin yenidən təşkili istiqamətində müvafiq tədqiqat institutlarının, eləcə də digər aidiyyəti qurumların fəaliyyətinin səmərəliliyinin artırılması zərurətinin yarandığı bildirilmişdir. Sərəncama əsasən Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmlərdə islahatların yeni mərhələsinin həyata keçirilməsi ilə bağlı xüsusi komissiya yaradılmışdır. Bu, prezidentin əhalinin qida təhlükəsizliyinin təminatı istiqamətində atdığı dəyərli addımlardan biridir. Sərəncam idarəçilik sistemindəki pərakəndəliyin ortadan qaldırılmasını nəzərdə tutmaqla kənd təsərrüfatının ən son texnologiyalar əsasında innovasiyalı inkişafını sürətləndirmək məqsədi daşıyır. Sərəncama əsasən aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilməyə başlanmışdır.

Kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, heyvandarlıq sahəsində də xeyli işlər görülmüşdür. Heyvandarlıq kənd təsərrüfatının əsas sahəsi olmaqla əhalinin ərzaq məhsulları ilə təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir.

Süd istehsalının artırılmasının həlli yollarından biri mal-qaranın cins tərkibinin daim yaxşılaşdırılmasıdır. Bu məqsədlə son 4 ildə ölkəyə 6 min 290 baş damazlıq heyvan gətirilib və onlar sayı artaraq 12 min 600 başa çatmışdır.

Lakin bu da bir həqiqətdir ki, təkcə ölkəyə gətirilən heyvanların hesabına mal-qaranın cins tərkibini kütləvi surətdə yaxşılaşdırmaq mümkün olmayacaqdır. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, ət və süd istehsalını intensiv artırmaq istəyiriksə, birinci növbədə heyvanların süni mayalanmasını təşkil etməli və bu iş kütləvi formada aparılmalıdır.

Son illər sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş müvafiq işlər və mal-qaranın baş sayının artması məhsul istehsalına öz müsbət təsirini göstərmişdir.

Heyvandarlıqda ilin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 2,4 faiz artaraq 144,5 min ton, süd istehsalı 2,1 faiz artaraq 569,8 min ton olmuşdur.

Hazırda dünyanın əksər yerində qaramal cinslərinin yaradılmasında, heyvanın sağlamlığının təmin edilməsində, heyvandarlıq məhsullarının tez bir zamanda artırılmasında, heyvanların cins tərkibinin yaxşılaşdırılmasında və yeni heyvan cinslərinin yaradılmasında ancaq süni mayalanmadan və rüşeym köçürməsindən istifadə olunmaqdadır. Elə ona görə də dünya şöhrətli rus alimi akademik V.K.Milavanov göstərir ki, yeni cinslərin yaradılmasında süni mayalanmanın nailiyyətləri faktiki olaraq müasir dövrdə ən önəmli texnoloji metodlardan sayılır.

Son illərə qədər heyvandarlıq sahəsində əldə edilən nailiyyətlərə baxmayaraq, onun inkişaf tempi aşağı səviyyədə olmuşdur. Heyvandarlığın xeyli miqdarda kiçik təsərrüfatlarda səpələnməsi damazlıq işinin aparılmasını çətinləşdirir, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına ciddi əngəllər törədirdi. Mal-qaranın məhsuldarlığı da aşağı olmuşdur. Hər inək və camışdan 2011-ci ildə orta hesabla 1250 kq süd sağılmış, hər 100 baş inək və camışdan 60-65 bala alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli 3004 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi üzrə tədbirlər planının 5.3.6-cı və 2009-cu il 14 aprel tarixli 80 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planının 4.1.16-cı və 28 iyun 2011-ci il tarixli 1578 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planının (2011-2015-ci illər) 1.6.6.-cı bəndlərində damazlıq işlərinin dövlət tərəfindən dəstəklənməsi və heyvandarlıqda süni mayalama tədbirlərinin genişləndirilməsi nəzərdə tutulmuşdur.

Süni mayalanma tədbirlərinə başlamaq və onu genişləndirmək məqsədi ilə Nazirlər Kabinetinin Azərbaycan Respublikasında heyvandarlığın inkişaf etdirilməsinə dair əlavə tədbirlər haqqında 2006-cı il 14 fevral tarixli 46 saylı qərarı qəbul olunmuş və bu qərarı yerinə yetirmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Respublikasında kənd təsərrüfatı heyvanlarının Süni Mayalama Mərkəzinin (SMM) yaradılması və regionlarda süni mayalama şəbəkəsinin genişləndirilməsi layihəsi hazırlanmış və təsdiq edilmişdir. Göygöl rayonunun ərazisində beynəlxalq tələblərə cavab verən akademik F.Ə.Məlikov adına Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu nəzdində Süni Mayalama Mərkəzi yaradılmışdır. Bu işdə Türkiyə modelindən istifadə olunmuş və Mərkəz üçün bina tikilib istifadəyə verilmişdir. Mərkəz üç hissədən ibarətdir: törədici heyvanların saxlandığı tövlə, törədici heyvanlardan toxum almaq üçün manej və hazır toxumu saxlamaq üçün bank. Mərkəzin laboratoriyası Fransadan alınıb gətirilmiş müasir avadanlıqlarla təchiz olunmuşdur.

2008-ci ildə Rusiya Federasiyasının Podolsk vilayətində yerləşən “Kənd təsərrüfatı heyvanlarının təkrar istehsalı üzrə Baş Mərkəzdən” 5 baş Simmental, 4 baş Şvis və 2 baş Holşten Friz cinsli buğa SMM-nə gətirilmişdir. Eyni zamanda SMM-ı üçün Salyan rayonu “Hacı Camalxan” KFT-dən 3 baş Holşten Friz cinsli buğa və Samux rayonunun fermer təsərrüfatlarından 4 baş “Murrah” cinsli kəl alınmışdır. Bu heyvanlar damazlıq heyvanlar hesab edilir. Özünün yüksək məhsuldarlıq keyfiyyətlərini nəslə verə bilməsi ilə fərqlənirlər. Demək, SMM-i bir damazlıq ocağıdır. SMM-də saxlanılan cins heyvanların tərkibi belədir:

1. Holştin friz-8 baş

2. Smmental-6 baş

3. Şvis-4 baş

4. Aberdin-anqus-1 baş

5. Şarole-1 baş

6. Camış-3 baş

Mərkəzdə 300 min doza buğa və kəl toxumu poyet sistemində qablaşdırılaraq saxlanılır. 2013-cü ildə 28301 doza toxum istehsal edilmişdir. Respublikamızda, son 5 ildə 230789 baş iribuynuzlu heyvan süni mayalandırılmış, onlardan 133706 baş bala alınmışdır. 2014-cü il aprel ayına olan məlumata görə, respublikamızda 25688 baş mal-qara şüni mayalandırılmışdır.

Heyvanlarda süni mayalanma tədbirlərini həyata keçirmək üçün Süni Mayalama Mərkəzi nəzdində yaradılan kurslarda 450 nəfər süni mayalama texniki hazırlanmışdır.

Bu ilin mart ayında kənd təsərrüfatı naziri Heydər Əsədov Süni Mayalanma Mərkəzində olmuş, öz dəyərli tapşırıqlarını vermişdir. Nazir Süni Mayalanma Mərkəzinin əməkdaşları ilə görüşü zamanı əsasən, burada kursda olan süni mayalanma texniklərinin daha məhsuldar işləməsi üçün əlavə tədbirlərin görülməsini tapşırmışdır. Nazirin dediyi kimi məlumdur ki, həmin texniklərin əksəriyyəti ümumiyyətlə bu işlə ya məşğul olmurlar, ya da bu işi görməkdə çətinlik çəkirlər.

Məlumdur ki, son zamanlar rekto servikal mayalanma üsulu ən çox istifadə olunur. Lakin qeyd etmək lazımdır ki, 10 gün müddətində kursda olmuş texniklər bir başa bu üsuldan istifadə etməkdə çətinlik çəkirlər. Çünki, bu üsulun tətbiqi zamanı əsasən, praktiki olaraq işləmək lazımdır. Yəni toxum vagina güzgüsündən istifadə olunmadan birbaşa balalıq boynu kanalına ötürülür. Bu zaman texniklər balalıq boynunu əllə tutmalıdırlar. İşin gedişi zamanı təcrübəsi olmayan texniklər bu işi görməkdə çətinlik çəkirlər. Ona görə də heyvanların mayalandırılması üçün digər, servikal üsuldan da istifadə etmək olar. Bu üsulda vagina güzgüsündən istifadə olunur. Texnik mayalanma zamanı balalığın boynunu görür və çətinlik çəkmədən toxumu şüşə şpris-kateter vasitəsi ilə balalıq boyunu kanalına ötürür. Belə mayalanma zamanı heyvan dəzgahda təsbit edilməlidir. Bu iş heyvanın hərəkətini məhdudlaşdırmaq, eyni zamanda, mayalanma işinin daha səmərəli olması üçün aparılır.

Fikrimizcə texniklərin bu işə marağını artırmaq üçün onlar müəyyən müddətdən sonra attestasiya olunmalı, fərqlənənlər öz fəaliyyətini təkmilləşdirmək üçün xarici ölkələrə (əsasən Türkiyə Respublikasına) ezam olunmalıdırlar.

Süni mayalanmanın aparılmasında məqsəd ən qiymətli törədicilərdən maksimum dərəcədə istifadə etməklə, heyvanların damazlıq keyfiyyətini qısa müddətdə yaxşılaşdırmaq, qısırlığı ləğv etmək, təbii çütləşmə zamanı baş verə bilən xəstəliklərin qarşısını almaqdır.

Heyvanların cins tərkibinin yaxşılaşdırılması, qısırlığın aradan qaldırılması üçün dünya praktikasında ən mütərəqqi biotexnoloji üsul hesab olunan süni mayalama tədbirləri iqtisadi cəhətdən çox əhəmiyyətli olub, damazlıq-seleksiya işlərinin əsasını təşkil edir.

Onun əhəmiyyəti əsasən aşağıdakılardan ibarətdir:

- törədici heyvanlardan səmərəli istifadə edilir,

- mal-qaranın cins tərkibi yaxşılaşır,

- heyvanların məhsuldarlıq keyfiyyəti yüksəlir,

- damazlıq işi yaxşılaşır,

- cinsarası çarpazlaşmadan istifadə edilir,

- yeni cinslər yaradılır,

- köhnə cinslər yaxşılaşdırılır,

- təbii cütləmə ilə yayılan təhlükəli xəstəliklərin (brusellyoz, vibrioz, trixomonoz, kompilo-bakterioz və s.) qarşısı alınır,

- heyvanların qısırlığı ilə mübarizə aparılır,

- təbii cütləmədə hər bir baş buğa ilə 35-40 baş inək, camış və düyə əllə cütləşmədə 80-120 baş inək, camış və düyə süni mayalamada isə bir buğanın toxumu ilə 5-7 min baş və daha çox inək, camış və düyə mayalamaq olar,

- heyvanların mayalanması faizi yüksək olur,

- heyvanların süni mayalanması ucuz baş başa gəlir,

- törədici buğaları təsərrüfatda saxlamağa ehtiyacı olmur,

- məhsuldar olmayan heyvan saxlanılmır,

- heyvandarlıq rentabelli olur.

Heyvanlarda qısırlığı aradan qaldırmaq üçün süni mayalanma işindən istifadə zamanı aşağıdakı təşkilat-təsərrüfat və zoobaytarlıq tədbirlərini həyata keçirmək lazımdır:

1. Heyvanlarda qısırlığın səbəbini aydınlaşdırmalı,

2. Hər bir təsərrüfatda süni mayalama planı tərtib edilməli,

3. Heyvanların normal yemlənmə və saxlanması təşkil edilməli, heyvanların təmizlənməsi, gəzdirilməsi nəzarət altına alınmalı,

4. Hövrə gəlmiş bütün heyvanlar vaxtında süni mayalandırılmalı,

5. Süni mayanmanın nəticəsini yoxlamalı, bu məqsədlə süni mayalanma günündən 1,5-2 ay sonra boğazlığı düzgün təyin etmək, qısır heyvan aşkar edildikdə onlar müalicə olunmalıdır.

Süni mayalanma zamanı ən vacib məsələlərdən biri istehsal olunan məhsulun (toxumun) keyfiyyət göstəricisidir. Məhsulun keyfiyyət göstəriciləri aşağıdakı amillərdən –

1. Damazlıq törədicilərinin düzgün yemləndirilməsindən,

2. Baxım zamanı sanitar, gigiyenik normalara əməl edilməsindən,

3. Damazlıq törədicilər üçün məcburi gəzintinin təşkil edilməsindən,

4. Törədicilərin yaşından,

5. Onların canlı kütləsinin norma daxilində olmasından,

6. Daimi sağlam olmasından və s. asılıdır.

Yemləmə elə təşkil edilməlidir ki, törədici buğalar daima zavod köklüyündə olsunlar, bu zaman heyvanların canlı kütləsi, yaşı, məhsuldarlıq göstəriciləri də nəzərə alınmalıdır.

Qış dövrü üçün törədici buğaların yemləndirilməsi zamanı 35-40 faiz qaba, 20-30 faiz şirəli, 40-50 faiz isə qüvvəli yemdən, yay dövrü üçün isə 20-25 faiz qaba, 25-40 faiz yaşıl ot, 40-50 faiz qüvvəli yemdən istifadə olunmalıdır. Mövsümi olaraq heyvanlara kök, yem çuğunduru da vermək olar. Çəkisi 600 kq olan törədici buğaya qış dövrü üçün (gündə) 5 kq quru ot, 3,5 kq qarışıq yem, 3 kq kök, 5 kq yem çuğunduru və ya silos, istədiyi qədər yalama duzu verilməlidir. Yayda isə müvafiq olaraq (gündə) törədici buğaya 4 kq quru ot, 14 kq təzə biçilmiş yaşıl ot, 3,5 kq qarışıq yem, istədiyi qədər yalama duzu verilməlidir. Törədicilərin əsasən A və D vitamininə olan tələbatını ödəmək üçün bir başa gündə 50-100 mq balıq yağı verilməsi nəzərdə tutulur, eyni zamanda heyvani yemlərdən balıq unu qarışıq yemin tərkibində 3 faiz, sümük unu 3 faiz həcmində olmalıdır. Qeyd etmək lazımdır ki, canlı kütləsi 600 kq olan törədici buğanın gün ərzində 7,7 yem vahidi (kq) 967 q həzm olunan proteinə tələbatı vardır. Belə yemləmə törədici buğadan daha keyfiyyətli toxum almağa imkan yaradır.

Digər bir məqam heyvanları məcburi gəzinti ilə təmin etməkdir. Gəzinti 2-4 saata qədər davam etdirilə bilər. Bu zaman gəzinti meydançasında elektromexaniki monorelsi (zəncirli və troslu) quraşdırmaq lazımdır. Zəncirli və ya troslu transpartiyorlar yerdən 2-2,5 m hündürlükdə bərkidilməlidir. Buğalar zəncirin köməyi ilə qarmağa bağlanılır. Elektromühərrikin köməyi ilə monorels işə salınır və törədici buğalar məcburi hərəkət edir.

Heyvandarlıqda məhsul istehsalının artırılması üçün istifadə olunan ən müasir üsullardan biri də embrion köçürməsi hesab olunur. Bu üsul kənd təsərrüfatı heyvanlarının yetişdirilməsinin intensivləşdirilməsi üsullarından biridir. Bu üsul heyvanlardan alınan yeni nəslin baş sayının sürətlə artmasına imkan yaradır. Embrion köçürmə dedikdə donor heyvanların cinsiyyət üzvlərində rüşeymin resipient-heyvanların cinsiyyət üzvlərinə köçürülməsi deməkdir. Bu zaman resipiyentlərin orqanizmində rüşeymin və daha sonra dölün inkişafı müşayiət olunan normal boğazlıq baş verir.

Donor yüksək damazlıq və məhsuldarlıq keyfiyyətinə malik heyvan olmalıdır. Bu heyvanda hormonal yolla poliovulyasiya törətdikdən sonra o yüksək məhsuldar törədicinin sperması ilə mayalandırılır, bir neçə rüşeym alırlar. Donor kimi yalnız elə heyvanlar seçilir ki, bunlar çoxsaylı ovulyasiya qabiliyyətinə malik olmaqla, uzun müddət ərzində transplantasiya üçün yararlı rüşeymlər verə bilsinlər. Bu məqsədlə doğum zamanı və doğumdan sonrakı dövrdə heç bir patologiya ilə üzləşməmiş 4-5 yaşında olan, sağlam süd vəziləri yaxşı inkişaf etmiş inəklərdən istifadə edirlər. Bu cür tədbirlərin aparılması onu deməyə əsas verir ki, süni mayalandırma və rüşeymin köçürülməsi (transplantasiya) kənd təsərrüfatı heyvanlarının törəyib artırılmasına xidmət edən əsas zootexniki üsullardır. Bu üsullar heyvandarlığın intensiv istifadə edilməsi məqsədi ilə cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlıq keyfiyyətlərinin yüksəldilməsi üçün aparılır.

Respublikamızda aqrar sahədə aparılan islahatlar onu deməyə əsas verir ki, heyvandarlığın bütün sahələri dinamik inkişaf etdirilməkdədir. Heyvandarlığın intensiv inkişaf etdirilməsi daha çox məhsul əldə etməyə imkan yaradır. Bu zaman təsərrüfatların keyfiyyətli yemlə təminatı əsas şərtdir. Yalnız bol yem bazası təşkil etməklə daha çox məhsul əldə etmək olar.

Aqrar sektorun inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi “Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf” Konsepsiyasında da əsas istiqamətlərdən biridir. Heyvandarlıqda biotexnologiyanın tətbiqi işi ən müasir üsul hesab olunur. Bu üsuldan heyvandarlığın əsas sahələrində istifadə edilməlidir. Odur ki, Süni Mayalanma Mərkəzində iribuynuzlu heyvanlarla yanaşı, ölkə ərazisində xırdabuynuzlu heyvanların əsasən, qoyunların cins tərkibinin yaxşılaşdırılması üçün bu sahədə də süni mayalanma işi həyata keçiriləcəkdir. 2015-ci ildə 300 min baş inək, camış və qoyunların süni mayalandırılması proqnozlaşdırılır. 2020-ci ilədək heyvanlar arasında süni mayalanmanın səviyyəsinin 80 faizədək qaldırılması nəzərdə tutulur.

 

Məmməd BALAKİŞİYEV,

aqrar elmlər üzrə elmlər doktoru.

Yasin GÖZƏLOV.

 Respublika.-2014.- 24 iyul.- S.6.