İrəvan müsəlman sakinli vilayət olmuşdur*

 

Oxuculara təqdim olunan “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı (İbrahim Quliyev fars dilindən tərcümə etmişdir) Güney Azərbaycanın tanınmış tarixçisi, mərhum doktor Səməd Sərdariniyanın çoxsaylı əsərlərindən biridir. Müasir Güney Azərbaycan tarixşünaslığında az müəllif tapılar ki, onun kimi yorulmaq bilmədən faktları, mənbələri və arxiv sənədlərini tədqiq edərək, tarixi həqiqətləri üzə çıxarmaq sahəsində zəngin irs qoyub getmiş olsun. “Azərbaycan mədəni dünyada”, “Təbriz əvvəlinci şəhərdir”, “Təbrizin Mərkəzi qeybi”, “Əli Müsyo”, “Təbriz Universiteti”, “Azərbaycan mətbuat tarixi”, “Təbriz teatrı”, “Bağır xan Salari-Milli”, “Molla Nəsrəddin Təbrizdə”, “Arazın hər iki sahilində soyqırım”, “Azərbaycan məşhurları” (3 cilddə) əsərləri müəllifin elmi axtarışlarının və yaradıcılığının bir hissəsidir. Onun şəxsi arxivində daha yeddi kitab, onlarca sanballı elmi məqalə oxuculara təqdim olunacağı günü gözləyir.

XIX əsrin sonunda Daşnaksütyun partiyasının yaranması və erməni qatillərinin bu partiya sıralarında cəmləşməsi dənizdən-dənizə böyük Ermənistan haqda xülyanı formalaşdırdı və onu müsəlmanlara qarşı mübarizədə ideoloji hədəfə çevirdi. Daşnaksütyun partiyasının yaranması ilə Qərbi Azərbaycan torpaqları, o cümlədən İrəvan və onun ətrafındakı bölgələr erməni əsarətinə düşdü.

Doktor Səməd Sərdariniyanın kitabını vərəqlədikcə son yüz ildən artıq bir müddətdə erməni cəlladlarının azərbaycanlılara qarşı törətdikləri çoxsaylı qətllərin, talan və zorakılıqların geniş panoraması göz önündə canlanır. Müəllifin kitabındakı çoxsaylı tarixi faktlar bu gün İrəvanı özünə paytaxt etmiş ermənilərin tarixi keçmişi bilərəkdən təhrif edib saxtalaşdırmalarına tutarlı elmi cavabdır.

Doktor S.Sərdariniyanın kitabı 1999-cu ildə (1379) İranda fars dilində nəşr edilmişdir. İranda qondarma erməni soyqırımına aid onlarca yazı dərc olunduğu halda, ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə əlaqədar çıxan əsərləri barmaqla saymaq olar. Bu baxımdan, ictimaiyyətimizin diqqətinə təqdim edilən bu kitab xüsusi əhəmiyyətə malikdir. Təbii ki, bizim oxucumuz əsərin hansı şəraitdə qələmə alındığını və hansı auditoriyaya ünvanlandığını nəzərə almalıdır. Eyni zamanda, qeyd etməliyik ki, əsərdə işlənən bəzi ifadələr və terminlərdə kiçik dəqiqləşdirmələr aparılmışdır.

Əkrəm Rəhimli (Bije)

 1905-ci il 31 may tarixində çap olunan bir qəzetdə deyilir: “May ayının 31-də erməni və müsəlmanların ali qonaqlarından ibarət barışıq heyətinin gəlişi münasibətilə şəhər bəzədildi. Yüksək rütbəli şəxslər və yerli böyüklər tərəfindən qarşılanan qonaqlar Abbasqulu ağa İrəvanskinin evinə yollandılar. Bu məhəllədə müsəlmanlar az idi, onların əksəriyyəti şəhərin digər hissələrinə köçmüşdü. Bazarın böyük hissəsi erməni məhəlləsində yerləşdiyindən, burada alış-veriş dayanmış və müsəlmanlar bir nəfər kimi həmin bazardan üz döndərmişdilər.

1905-ci ilin iyun ayının əvvəllində şeyxülislam və yepiskop bulvara çıxaraq camaatın qarşısında moizə oxuyub nəsihət verməyə başladı. Yalnız bundan sonra, daha doğrusu, müvəqqəti sülh bağlanandan sonra əhali bazara çıxıb alış-veriş etməyə başladı. Bağda qalan bir neçə bağban da şəhərə qayıtdı.

Amma bu barışıq uzun çəkmədi. Bir neçə gündən sonra yenidən bazar və dükanlar bağlandı, gediş-gəliş kəsildi. Sanki bütün şəhər donmuşdu. Hamı qorxu və həyəcan içində idi. Müsəlmanların məhəlləsində ermənilərin bir neçə anbarı çapılmış, erməni məhəlləsində isə müsəlmanların evləri yağmalanmışdı. Üstəlik, erməni komitəsi tərəfindən azərbaycanlıların yaşadıqları kəndlərə hücum etmək əmri verilmişdi.

Son xəbərlər - İrəvan ətrafında iğtişaş yaratmaq üçün ermənilər Baş Qərargah yaratdı. İğtişaş planı hazırlandı. Bölük komandirləri təyin olundu və hansı dəstənin hansı məntəqəyə hücum edəcəyi müəyyənləşdi. İrəvan müsəlmanları yenə qorxu və vahimə içindəydi. Qırğının baş verəcəyi anı gözləyirdilər. Arabir şəhərin ayrı-ayrı nöqtələrindən güllə səsi eşidilirdi (İrəvandan gələn xəbərlərdən və İrəvan əyanlarının hərbi bilgilərindən məlum olur ki, ermənilər müsəlmanları aldadıblar. Onlar müsəlmanların başını qatıb, nəzərdə tutulmuş hücuma keçmək üçün müxtəlif nöqtələrdən tüfənglərlə atəş açıblar ki, müsəlmanlar çaşbaş düşsünlər. Bu, müharibələrdə sınaqdan keçmiş üsuldur; əgər komandir düşmənin bir cinahından hücuma keçmək istəyirsə, düşmənin digər cinahından seyrək atəşlərə başlayır ki, onu başqa tədbirlərə əl atmaqdan çəkindirsin).

Buna görə də müsəlmanlar həmin atəşlərə fikir vermədən öz işləri ilə məşğul idilər. Digər tərəfdən, müsəlmanlar bir-biri ilə dil tapa bilmir və onların arasında ciddi ixtilaflar hökm sürürdü. Bu zaman İrəvan əyan-əşrəfi də xalqı firqələrə parçalayır, hər kəs özü başçı olmaq istəyirdi. Onların arasında gedən şiddətli mübarizə hadisələri proqnozlaşdırmaq imkanı vermir, camaatı işindən-gücündən ayırırdı. Buna görə də şeyxülislam xanlara və əyanlara xitabla oxuduğu moizəsini lənətlə tamamlamalı olmuşdu: “Cəmaat, biz bu şəhərə gəldik ki, bir-birinə kin bəsləyən iki milləti barışdıraq, lakin əyanlar rəhbərlik və firqəbazlıq xatirinə münaqişənin qarşısını almağa imkan vermirlər. Lənət olsun İrəvan əyanlarına! Lənət!” (Tarixi məlumatlardan aydın olur ki, öz ata-babalarından təkəbbür xəstəliyini miras almış İrəvan əyanları indi də o cürdürlər. Ermənilər onları aradan götürmək fikrində idilər, onlar isə bəylik, xanlıq iddiası ilə baş qatırdılar. Ar olsun, o şəxslərə ki, atalarının səhvlərini təkrarlayır və qurumuş ağacları göyərtmək istəyirlər).

Həmin günlərdə milli məsələləri həll etmək məqsədi ilə fərmandarın yanına getmək üçün rəhbər seçilirdi... Məclisdə iştirak edənlərin hər biri öz namizədliyini irəli sürür və xalqın rəhbəri olmağa çalışırdı. Layiqli bir iş görməyənlər dəridən-qabıqdan çıxır, ağzı köpüklənə-köpüklənə millətdən, xalqdan danışırdı. Xalqa ağalıq etmək kimi xam xəyala düşən bu insanlar əməl paltarı geyinmək istəyirdilər. Onların hər biri özünü tayfasının böyüyü kimi tanıdaraq, layiq olmadığı surətdə, xalqın da böyüyü olmaq fikrindəydi (Əziz müxbirim! İrəvanda hər kəsin özünü rəhbər gördüyü üçün xalqa rəhbər olmaq fikrinə düşməsindən darılma. Çünki islam dünyasının harasına baxsan, bu cür insanları görəcəksən. Bu da bəzi müsəlmanlarda hümmət, insanpərvərlik olmamasından irəli gəlir. Bizim bu xüsusiyyətlərimiz XI əsrdə baş verən pisliklərin oxşarıdır. Bunlardan darılma. Bizim kiçik şəhərimiz Ordubad da bu dərdə mübtəladır).

Bir tərəfdən, vətən və millətin mühafizəsi fikri, digər tərəfdən xalqın əyanların ətəyindən yapışması və onların oyunbazlığı, mənasız işlərə görə ədavət toxumu səpmələri ziyalıları çox ciddi şəkildə narahat edirdi. Həmin günlərdə İrəvana xəbər çatdı ki, ermənilər müsəlmanları mühasirəyə alıb və onları qırırlar. Müsəlmanlar bu xəbəri eşidən kimi bərk həyəcana düşüb, məyusluq və ümidsizliyə qapıldılar. Onlar özlərini düşmən mühasirəsində hiss edirdilər. Ətraf erməni kəndləri ilə əhatə olunduğundan təklənmək qorxusu var idi.

Bu zaman İrəvana təkcə cənub yolu ilə gediş-gəliş davam edirdi. Ancaq qırğın başlayan kimi o da kəsildi. Müsəlman kəndlilərinin vəziyyəti son dərəcə ağırlaşdı. Kəndlər təkcə İrəvandan deyil, həm də bir-birlərindən təcrid olundular. Müharibə görmüş və savadlı on minlərlə erməninin müqabilində, müharibə görməmiş və savadsız müsəlman kəndlisinin bircə yumruğu var idi (Ermənilər şəhərdə hər gün kiçik çaplı tüfənglərlə müsəlmanların evlərini dağıdırdılar. Silahsız-sursatsız müsəlmanlar isə öz ölüm saatlarını gözləyirdilər. Buna görə də hamının sifətində əcəl kölgəsi vardı. Onlar bunu Allahdan gəlmiş bəla hesab edir və əksər halda nəzir-niyaz verməklə canlarını xilas edəcəklərinə ümid edirdilər (Doğrudur, nəzir-niyaz bəlanı dəf edir, ancaq bu məsələdə onun bir faydası ola bilməzdi. Fikrimcə, yersiz təvəkkül və vaxtsız ümid axmaqlıqdır). İmkanı olan şəxslər istəyirdilər ki, bacardıqca tez başqa bir yerə köçsünlər. Onlar canlarını və mallarını vətənlərindən çox istəyirdilər. Bu şəxslər təkcə öz arvad, uşaqlarını təhlükədən xilas etmək barədə düşünürdülər. İmkanı olmayanların düşmən əlində əsir qalıb-qalmaması onları maraqlandırmırdı. Üstəlik, bu biqeyrətlər özlərinə insan və müsəlman deməkdən çəkinmirdilər. Bəli! İrəvanda rəhbərlər arasında bu intriqalar gedəndə bölgədə qan su yerinə axır, günahsız başlar kəsilir, müsəlmanlar qan gölündə üzürdülər.

İrəvanda müqəddəs kitablar yandırılanda özünü Quran əhli kimi təqdim edənlər təfriqəçiliklə məşğul idilər. İslam arxivlərinə od vurulanda onlar rəhbərlik davası döyürdülər. Köməksiz, kimsəsiz insanların fəryadı şəhəri bürüyəndə İrəvanın əyan-əşrəfi iclas keçirib, tayfabazlıq edirdilər. Xülasə, İrəvan şəhəri bir atəş ocağına çevrilmiş, nəcib müsəlman milləti od və tüstü içində yanıb külə dönürdü. İrəvanın şərq tərəfindəki Qırxbulaq adlanan yerdə yaşayan əhalinin dörddə üçünü ermənilər, dörddə birini isə yazıq və məzlum müsəlmanlar təşkil edirdilər.

İyun ayının ilk günündə 20 evdən ibarət olan Kuzəcik kəndində baş verən faciə ilə yeni fırtına və qırğınlar başladı. Tirjabat adlı qonşu erməni kəndində hazırlanan və həyata keçirilən həmin hücumu ardıcıllıqla sizə təqdim edirik:

Məşum Güzəcik faciəsi - 1905-ci il iyunun 1-də günortadan sonra ermənilər Güzəcik kəndini mühasirəyə alaraq onu şiddətli atəşə tutdular. Kənd əhli silahsız olduğundan, hər kəs öz əhli-əyalını götürüb yarım verstlikdə yerləşən Mənkus müsəlman kəndinə doğru qaçmağa başladı. Onları təqib edən ermənilərin Mənkus kəndinə də hücum etmək planı var idi. Kəndin ağsaqqalı Hümmət bəy Hüseynzadə şəhərə köçdüyündən, əlli yaşlı bir kişi ağsaqqallıq vəzifəsini öz üzərinə götürdü. Onun adı Novruz idi. Mənbələr onu Novruz Kazım oğlu kimi təqdim edir. Novruz KİŞİ azərbaycanlıların ermənilərin qabağında qaçdığını görüb, hündür bir yerə çıxaraq qışqıra-qışqıra onlara müraciət edir: “Ey oğullar, hara qaçırsınız? Siz öz fərariliyinizlə biz Qafqaz müsəlmanlarını başqa millətlərin yanında başıaşağı eləmək istəyirsiniz? Məgər qaçmaqla ermənilərin əlindən qurtara biləcəksiniz? Onlar sizdən əl çəkəcək? Yox! Yox! Əgər ermənilərin qabağından qaçsanız, onlar daha da cəsarətlənəcək, bizi və ailəmizi görünməmiş təhqirlərə məruz qoyacaqlar.

Məgər onlar həmin ermənilər deyillərmi ki, bir il əvvəl mən bir barmağımı tərpədən kimi az qalırdılar Qırxbulaq mahalından baş götürüb qaçsınlar. Bəs indi sizə nə olub? Niyə qadınlara qoşulub onların qarşısından qoyun sürüsü kimi qaçırsınız? Qaçırsınızsa, qaçın, amma mən tək-tənha qalsam da, onların qarşısında təslim olmayacağam, ölənəcən öz kəndimi, elimi, evimi qoruyacağam.

Ey müsəlmanlar! Hər bir millət gərək öz şəxsiyyətinə və heysiyyətinə hörmət etsin. İslam şəriətinə, peyğəmbəri əkrəm həzrəti Məhəmmədin (s) buyruğuna və Allah-taalanın hökmünə görə, düşmən qarşısında fərarilik edərək ölmək pis əməl və günah işdir. Bilirsinizmi, bu qəbiristanda yatan əcdadlarımızın sümükləri qəbirlərdən çıxarılandan və qonşu kəndə od vurulandan sonra bu məzarların yerində Ermənistan yaradılacaq. Mən axirət məsuliyyətini gözümün önünə alaraq son nəfəsədək cihad edəcəyəm. Sizi də cihada çağırıram”.

O, nitqini başa çatdırır, əhali bu qeyrətli və vətənpərvər insanın - Novruz Kişinin dediklərinə əhəmiyyət vermədən qaçmağına davam edir (Müəllifin qeydi: Bağışla məni, ey ustad! Sənin sözlərinin qarşısında özümü saxlaya bilmirəm. Əgər o günlərdə ağalarımız ağa, bəylərimiz bəy olsaydılar, özlərini satmasaydılar, xalqı başçısız qoymasaydılar, bir çox məsələlər elə o zaman həll olunar və bu günə qalmazdı. Xalq yaxşı deyib: “Mərd, namuslu ağanın həyətinə daş atmazlar, bağ-bostanına inək və qoyun buraxmazlar”. Buna görə mən bilə-bilə Kazımı Novruz ağa əvəzinə Novruz kişi yazıram. Həm də “KİŞİ” kəlməsini böyük hərflərlə yazıram.

 Ey xalqımızın comərd oğlu, sən torpağının və vətəninin yolunda şəhidlik camını başına çəkdin. Allah sənə qəni-qəni rəhmət etsin! Qoy sənin itkin düşən məzarın nurla dolsun! Amin!).

Novruz Kişi sonadək kəndi tərk etmir və sonra ermənilərin mühasirəsinə düşür. Qohumları onu azad etmək üçün səy göstərsələr də, düşmən sayca qat-qat çox olduğundan, bu, mümkün olmur. Novruz Kişi öz qoşalülə tüfəngi ilə evinə yaxınlaşan ermənilərdən birini vurur, digərləri qorxub geri çəkilirlər...

Bütün bu rəvayətləri bir erməni danışıb. Bir az keçəndən sonra ermənilər yenidən evin üzərinə hücuma keçiblər. Novruz Kişi yenə də onlardan birini öldürüb, digərləri qaçmağa məcbur olub. Həyəcanlı Novruz Kişinin gülləsi qurtarandan sonra o, tüfəngini seçmə ilə dolduraraq düşmən tərəfə yüyürüb. Düşmənlər çətinliklə də olsa, onu əsir götürə biliblər. Onlar kəndin bütün evlərinə, o cümlədən məscidə, minbərə, müqəddəs kitablara od vuraraq, Novruz Kişini qolubağlı Tirjabat kəndinə gətiriblər. Burada ona uzun müddət işgəncələr verdikdən sonra başını kəsiblər. Həmin erməninin dediyinə görə, Novruz Kişinin başını Ayrapet adlı kənd keşişi kəsib. Çünki Kuzəcikdə Novruz Kişinin evinə hücum edənlərdən biri həmin keşişin oğlu olub. Novruz Kişi bir güllə ilə onu qanına qəltan eləmişdi. Beləliklə, Novruz Kişinin başı “1500 müsəlmanın sərkərdəsi” adı ilə əvvəlcə Aleksandropola, sonra isə Bakıya göndərilib.

İyunun 2-nə aid məlumatlar - İyunun ikisində ermənilər həmin günə qədər müsəlmanların pənahgahı olan Məkus kəndinə hücum edirlər. Bu dəfə erməni dəstələrindəki silahlıların sayı 10 min nəfərə qədər olub. Hər dəfə də kəndin üzərinə beş min tüfəngdən atəş açılırdı. Kəndin müsəlmanlarının çoxunun silahı olmadığından, onlar fürsət tapan kimi arvad-uşağını götürüb aradan çıxırdılar. Bütün kənd boşalandan sonra hərəkət etməyə taqəti olmayan səksən yaşlı şikəst bir qoca ermənilərin əlinə keçir. Deyilənə görə, ermənilər onun gözlərinə, qarnına təndir şişi soxmaqla qətlə yetiriblər.

Kuzəcik qırğını zamanı müsəlmanlar ətrafdan kömək diləyəndə, həmin kəndin 15 fərsəngində yerləşən Qaladibi kəndinin ağsaqqalı Cahanbaxş bəy iki atlı ilə birgə Xunqus kəndində idi. Onlar bu fəryadı eşidən kimi, tüfənglərini götürüb, kəndin şimal-şərqində yerləşən dağın zirvəsinə qalxaraq qadınları təqib edən erməniləri atəşə tutublar. Nəticədə iki ermənini məhv ediblər. Beləliklə də qadınlar və uşaqlar qaçaraq 15 fərsəngdə yerləşən Təzəkənd kəndinə gəlib çıxa biliblər. Həmin vaxt yaxınlıqdakı 12 kəndin didərgin düşmüş müsəlman əhalisi bu kəndə yığışmışdı.

1905-ci ilin 3 iyunu - İyunun üçündə ermənilər mərkəzdə yerləşən və 150 evi olan Güllücə kəndinə hücuma başlayırlar...

Qırğının başlanması - İyunun 3-də sübh vaxtı Güllücə kəndinin şimalında yerləşən və hər birində dörd yüz ailə olan 12 kəndə 10 min erməni könüllüsü toplaşır. Onlar cənub tərəfdə - dağın arxasında yerləşən və beş yüz ailəsi olan Başkən erməni kəndindən Güllücəni atəşə tuturlar. Ermənilərin məqsədi müsəlmanları ya öz hakimiyyətləri altına almaq, ya da onları məhv etmək idi. İstəyirdilər ki, bu yolla uzun müddətdən bəri beyinlərində dolaşdırdıqları ideyanı gerçəkləşdirsinlər. Buna görə də bütün ermənilər silahlanıb, müsəlmanlar əleyhinə müharibəyə başlamışdılar.

Beləliklə, camaat qaçandan sonra 15 nəfər nüfuzlu şəxs, o cümlədən Məşədi Qəmbər, Mahmud, Hacı Hüseyn və başqaları öz var-dövlətlərini qorumaq üçün kənddə qaldılar. Onlar silaha sarılaraq ermənilərə müqavimət göstərməyə başladılar. İlk qarşılaşmadaca 8 ermənini məhv etdilər. Ancaq ardı-arası kəsilməyən erməni hücumları nəticəsində Mahmud öldürüldü. Onun kənddə sahibsiz qalmış arvadını bir erməni əsgəri 8 güllə ilə qətlə yetirdi. Qalan müsəlman silahlıları birtəhər aradan çıxıb, 1,5 fərsəngdə yerləşən Tutiya, Damagirməz və Kamal kəndlərinə sığındılar. Bu qırğında hamıdan sonra kəndi tərk edən Seyid Mustafanın oğlu Mirsüleymanın atını ermənilər güllə ilə vurub öldürdülər. Ancaq o, bir ermənini öldürərək canını qurtara bildi.

1905-ci il 4 iyun - Düz ortada yerləşən 150 evlik Kamal kəndinin sakinləri yaşadıqları yerin təhlükəli olduğunu görüb, arvad-uşaqlarını götürərək, hücumdan qabaq cənub səmtdə yerləşən Damagirməz kəndinə qaçdılar. Sonra bu kəndin də adamları onlara qoşulub, yuxarıda adı çəkilən iyirmi verstlikdə yerləşən Təzəkənd kəndinə üz tutdular.

Bu hadisələrdən 18 gün sonra İrəvanda sülh bağlandı. Hökumət ətraf kəndlərə qoşun göndərdi. Bir qrup əsgər də Güllücədə yerləşdirildi. Bundan sonra müsəlmanlar öz yerlərinə qayıtdılar.

İrəvan müsəlmanlarının

soyqırımı

“Böyük Ermənistan” röyası ilə yaşayan ermənilər 1918-ci ilə qədər Qafqazın heç bir bölgəsində əksəriyyət təşkil etmirdilər. Ter Minasyan yazır: “Tiflis konfransının əsas nigarançılıqlarından biri Qafqazda erməni əhalisinin sayca az olması idi. Onlar muxtariyyət əldə etmək istəyir və belə bir xahişlə konfransa müraciət etmişdilər. Pərakəndə erməni cəmiyyətlərini əhatə etmək üçün əyalət vahidlərindən məhdud bir miqyasda zemstvolar təsis etmək planı ətrafında fikirlər səsləndi”.

 

Respublika.-2014.- 24 iyul.- S.7.