Dilimiz milli varlığımızdır
Dünyanın ən qədim dillərindən biri də Azərbaycan dilidir. Türk dilləri ailəsinin Oğuz qrupuna daxil olan Azərbaycan dilinin formalaşma tarixi eramızın V əsrindən götürülür. Bu tarixin özünün də dəqiqliyi üzərində dayanmaq çətindir. Əgər bu dil V əsrdə formalaşmışsa, bəs o dövrə qədər onun daşıyıcıları hansı dildə ünsiyyət qurmuşlar?
Bəlkə V əsr Azərbaycan dilinin inkişafının birinci yüksək pilləsi olmuşdur. Bütün bunlar ardıcıl suallara rəvac verən fikirlər deyilmi? Bizə belə gəlir ki, dil insan cəmiyyətinin yaratdığı ilk maddi və mənəvi tələbatın nəticəsidir. Onun təşəkkül tarixinin hansı dövrə aid edilməsi ancaq ideya olaraq qəbul oluna bilər. Formalaşma tarixini isə bir neçə mərhələdə - dilin bütöv dil kimi formalaşmasının birinci, ikinci, üçüncü və son mərhələsi kimi qəbul etmək daha inandırıcı olardı. Ona görə ki, ilk insan qruplarının yarandığı gündən meydana gələn dil elementlərinin formalaşıb primitiv fikir ifadə etməsi üçün bir neçə yox, onlarca əsr vaxt lazımdır.
Şifahi ədəbi dilin təşəkkülü və inkişafını VI-VIII əsrlərə aid edən tədqiqatçıların mülahizələrində inandırıcı cəhətlər çox olsa da, bunun özü də mübahisəlidir. Ona görə də Azərbaycan dilinin təşəkkülü və inkişaf tarixi yenidən, əsaslı şəkildə tədqiq edilməli, məlum fikir və ideyaların mənbələri bir daha dərindən öyrənilməlidir.
Azərbaycan türklərinin də ən qədim vətəni Ön Asiyadır. Mənbələrdən məlumdur ki, kuti, kassi (bəzən kaspi), lullu, turukki və digər Azərbaycan mənşəli tayfaların hələ e.ə. güclü dövlətləri olmuş, öz idarəçilik ənənələri ilə seçilmişlər. E.ə. XXVI əsrlərdə hakimiyyətdə olan kutilərin Aratta dövlətini yaratması, sonralar isə 100 ilə qədər bir müddətdə Şumeri idarə etməsi faktlarla sübut edilmişdir. Sonralar isə türk mənşəli kaslar 500 ilə qədər bir dövrdə Şumeri idarə etmişlər. Bunun nəticəsidir ki, bu gün də şumer dili üzərində tədqiqatlar bu dilin türk dilləri ilə çox yaxınlığını, bəzən isə eyniköklü dil olmasını deməyə əsas verir.
Prof. Q.Kazımov “Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər)” əsərində türk adını daha qədimlərdən yaşadan və gətirənlərin turukki tayfası olduğunu bildirir. O qeyd edir ki, turukkilər çox güclü birlik yaratmış və öz zamanlarında yırtıcı Assur dövlətini daim qorxu altında saxlamışlar. Söz “güclü, qüvvətli, doğan, törəyən” mənalarında tur//tör kökündən olub türük//türk formasını yaratmışdır. Müəllifin gəldiyi nəticələr həqiqətən də ağlabatan və inandırıcıdır.
Azərbaycan Ön Asiya coğrafi məkanına daxil olan və ən qədim dövrlərdən türklərin məskəni hesab edilən bir ərazinin adıdır. Ərazidəki qədim insan məskənlərinin diqqətlə öyrənilməsi burada tarixən türklərin məskunlaşdığını deməyə əsaslı faktlar verir. Belə ki, insan skletlərinin, tapılan məişət avadanlıqlarının üzərindəki müxtəlif şəkillərin tədqiqi onların türk dünyagörüşü, dini, adət-ənənəsi və s. ilə sıx bağlı olduğunu sübut edir.
E.ə. birinci minilliyin sonunda Azərbaycanın cənubunda Atropatena, şimalında Alban (Aran) dövlətləri mövcud olmuş və Atropatena dili, Alban dili ifadələri onların dilinin adı olmuşdur. Ərəblər Azərbaycana yürüşləri zamanı bu ölkəni “türk ölkəsi” bilmiş və belə də adlandırmışlar. Atropatena sözü ərəblərin dilində “Azərbaycan” şəklinə düşmüş, azərbaycanlıları isə azəri adlandırmışdılar. Bu dövrdə proseslər Atropatena və Alban dilinin təcrid olunmuş təşəkkülü istiqamətində deyil, həm cənubda, həm də şimalda yaşayan əhalinin birgə türk-azəri dilinin təşəkkülü və inkişafı istiqamətində gedirdi. Tədqiqatçıların bir qismi qeyd edir ki, artıq V əsrdə bu dil ümumxalq danışıq dili səviyyəsi kəsb etmişdi. Yuxarıda isə biz ümumxalq Azərbaycan dilinin formalaşma tarixini V əsr olaraq qeyd etmişik. Bizə belə gəlir ki, V əsrdən başlanan formalaşma dövrü məhz VII əsrdə yad dilə müqavimət əsasında özünün ilk pilləsinə yüksəlmişdir - desək, səhv etmərik. Ona görə ki, həm də Azərbaycan ərazilərində vahid etnogenezin təşəkkülü də məhz V əsrdən başlanmışdır.
Qaynaqlar göstərir ki, Azərbaycanın erkən türk mənşəli əhalisinin dili azəri dili olmuş və digər qonşu tayfaların dillərindən əsaslı şəkildə fərqlənmişdir. XX əsrin birinci rübünə qədər və daha sonralar da azəri məfhumu azərbaycanlıların adı ilə bağlanmışdır. Tədqiqatçıların azəri sözünü mənşə etibarilə Atropatena və Atroparianu sözləri ilə bağlı olması fikri inandırıcıdır.
“Azərbaycan tarixi ilə bağlı qaynaqlar” əsərində göstərilir ki, Azərbaycan sözü Antarpatianu sözündən yaranmışdır. Ərəblər bu sözü Azərbican-Azərbaycan formasında öz dil xüsusiyyətlərinə uyğun tələffüz etmişlər. “Əl-azəriyə” adlandırılan bu dilin mənası isə azəri dili deməkdir.
Q.Kazımov çox düzgün olaraq qeyd edir ki, bir çox tədqiqatçılar azəriləri fərqli bir tayfa hesab edirlər. Tarixin az-çox yazılı mənbələri olan son beş min ili ərzində Azərbaycanda və hətta yaxın ətraf ərazilərdə azəri adında türk və digər dilli aparıcı bir tayfaya təsadüf edilməmişdir. Belə olduğu halda, Azərbaycan sözünü müxtəlif yozumlarda təqdim etməyə ehtiyac varmı? Dünya ölkələrinin adlarına diqqət yetirək: İngiltərə - ingilislərin, Almaniya - almanların, Gürcüstan - gürcülərin, Özbəkistan - özbəklərin, Türkmənistan - türkmənlərin və s. yaşadıqları ölkələrdir və onların hər birinin etnik adı əsasında yaşadıqları ərazilər adlandırılmaqdadır. Bizə belə gəlir ki, Azərbaycan paleooykoniminin əsasında azəri tayfasının adı durmaqdadır.
Azəri etnonimdir, qədim türk tayfalarından biridir və tarixin ən qədim dövrlərindən XX əsrə qədər həm də bu xalqın dilinin adı olmuşdur. Belə bir hökm verməkdə bəlkə də biz haqlı deyilik, lakin ən azı bu mülahizəyə diqqət çəkməyi, onu nəzərə almağı tədqiqatçılarımızdan xahiş edirik.
Bəzi müəlliflər azəri sözünün dilimizə daxil olduğu dövrü ərəblərin Azərbaycana gəlişi ilə bağlayırlar. Bizə belə gəlir ki, azəri sözü etnik termindir və bugünkü Azərbaycan dili termininə identik məna daşıyır. Zaman-zaman azəri sözünün rəsmi işlənmə imkanları əhalinin öz dillərini türk dili adlandırmasına mane olmuş, yuxarı dairələrdə əsasən azəri dili, geniş xalq kütlələri arasında türk dili termini dilin adı kimi sabitləşmişdir. Daha çox ərəblərin istifadə etdiyi azəri dili termini onların işğalçı kimi zəifləməsindən sonra öz işləkliyini itirmiş, türk dili termini hakim mövqe kəsb etməyə başlamışdır.
Daim müxtəlif imperiyaların tərkibində olan Azərbaycan xalqı öz dilindən təsadüfi hallarda dövlət dili kimi istifadə edə bilmişdir. Əhəməni, Sasani imperiyalarının və Xilafətin tərkibində geniş türkdilli əhalinin işlətdiyi dil rəsmi dövlət dilindən əsaslı şəkildə fərqlənmişdir.
Ş.İ.Xətainin dövründə azəri xalqı ilk dəfə öz dilindən hərtərəfli istifadə etmək hüququ qazanmışdır. Ali məclislərdə, dövlətlərarası yazışmalarda, diplomatik fəaliyyətlər sahələrində bu dil özünü müsbət cəhətdən tam olaraq doğrultmuşdur.
Dil milli varlığın ən davamlı daşıyıcısıdır. Milli mədəniyyətlərin inkişafının əsasında xalqın dili durur. Dil dedikdə ilk öncə onun daşıyıcısı olan xalq göz önünə gəlir. Təsadüfi deyil ki, alman dilçisi V.Humbolat xalqın dilini onun ruhu, ruhunu isə onun dili hesab etmişdir. Dil də din qədər müqəddəsdir, insanın nəinki daxili, həm də xarici görkəmini şərtləndirən mənəviyyat alətidir. Ona görə də dilə məhəbbəti Vətənə, Anaya məhəbbətlə müqayisə etmək daha doğrudur.
Azərbaycan dilinin daim təzyiqlərə məruz qalması faktdır. Xüsusilə XX əsrin ortalarından başlayaraq rus imperiyasının tərkibindəki bütün xırda xalqların dillərinə olan təzyiq və təqiblər Azərbaycan dilindən də yan keçə bilməzdi. Dövlət səviyyəsində Azərbaycan dili işlədilmirdi. Onun hərtərəfli araşdırılmasına imkan verilmirdi. Xüsusilə Azərbaycan dilinin tarixi mənbələrdən öyrənilməsinə imkan verilmirdi. “Kitabi-Dədə Qorqud”un dil və mənəviyyat baxımından öyrənilməsi, onun elmi-nəzəri baxımdan tədqiqi qadağan edilmişdi. İstənilən formada dil üzrə tədqiqatların türkçülüklə bağlılığı inkar edilir, belə müəlliflərə “pantürkist” damğası vurulurdu. Azərbaycandillilər hər vasitə ilə dövlət vəzifələrinə irəli çəkilmirdilər.
Türk, türk dili, türk xalqları və s. terminlər Azərbaycan xalqı üçün vahimə yaradan leksik vahidlərə çevrilmişdi. Belə bir şəraitdə xalqın ziyalı oğulları yenə də öz sözlərini deyir, Azərbaycan dilinin yad dil qarşısında məhvinə imkan vermirdilər.
M.İbrahimov, Ş.Qurbanov, Ə.Dəmirçizadə, B.Vahabzadə və başqalarının bu dövrdə Azərbaycan dilinin qorunması, təmizliyi və inkişafı yolunda mübarizələri xalqın yaddaşında əbədi iz buraxmışdır.
Ölkə Konstitusiyasında dövlət dili kimi rus dili təsbit olunmuşdur. 1969-cu ildə ulu öndər Heydər Əliyevin respublikada hakimiyyət başına gəlməsi Azərbaycan dilinin çiçəklənməsinin əsas səbəbi oldu. İlk dəfə olaraq məhz ulu öndərin dərin və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dili dövlət dili kimi Konstitusiyaya salındı.
1992-ci il sənədlərinə əsasən Azərbaycan dili termini bir neçə il türk dili termini ilə əvəz edilmiş, 1995-ci ildə yenidən ümumxalq müzakirəsi əsasında və Heydər Əliyevin birbaşa iştirakı ilə respublika Konstitusiyası “Azərbaycan dili” ifadəsini yenidən sabitləşdirmişdir. Bu gün dünyanın ən yüksək kürsülərindən Azərbaycan dilinin eşidilməsi bu dili qəlbən sevənlərin, onu həyatının mühüm tərkib hissəsi hesab edənlərin mənəvi ehtiyaclarının təntənəsidir.
Bu dil qədim aborigen Azərbaycan türk tayfalarının dil yadigarıdır və uzun bir yol keçdiyindən inkişaf səviyyəsinə görə digər türk dillərindən fərqlənir.
İstər radio və televiziyada, istərsə də gündəlik əlaqələrdə Azərbaycan dilinin qayda-qanunlarının ardıcıl olaraq pozulduğunun şahidi oluruq. Xüsusilə də orfoepik normalara tam şəkildə riayət olunmur. Bu problemin həllinə yönəlmiş bir sıra tədbirlərin görülməsinin vaxtı çatmışdır. İlk növbədə radio və televiziya işçiləri arasında geniş təbliğat işinə ehtiyac var. Orfoqrafik və orfoepik normalara əməl etməyin vacibliyinin dilin qorunmasında mühüm vasitə olması hər kəsin şüurunda, qəlbində özünə yer etməlidir. Diktor və eləcə də digər məsul şəxslərin vaxtaşırı nitq qabiliyyətlərinin yoxlanılması da vacibdir. Radio və televiziya işçilərinin danışıq orqanlarında heç bir çatışmazlıq olmamalıdır. Bəzən televiziya ekranlarında danışanın dişinin olmaması, bu səbəbdən də sözün normaların tələbinə cavab verməyən formada deyilişi ilə üzləşirik. Aparıcıların bəzilərinin dil qüsuru ilk sözündən hiss olunur. Özlərinin məhəlli danışıq xüsusiyyətlərini vurğulamaqla onların nə demək istədikləri məlum deyil. Bizə belə gəlir ki, radio və televiziyada dilin işləkliyi, onun qorunması, zənginləşdirilməsi məsələləri ilə bağlı tez-tez monitorinqlər keçirilməli, nəticələr isə elə efirdə mütəxəssislərin iştirakı ilə müzakirə edilməli, çıxarılan nəticələr açıq şəkildə elan edilməlidir. Belə olarsa, hər bir aparıcı məsuliyyət hiss edər, öz üzərində durmadan çalışar.
Qəzet və jurnallarda başa düşülməyən, mənşəyi bəlli olmayan leksik vahidlər çox işlənir. Məsələn, “piyar” nə deməkdir? Mətbuat üslubu üçün bəlkə də qəbul edilə bilən bu sözü xalq kütlələri dərindən dərk etmir. Onun əvəzinə təmiz Azərbaycan dili sözü işlətmək olar.
Ümumxalq danışıq dilində istənilən qədər məqbul sayıla biləcək sözlər vardır ki, onları qəzet və jurnalların dilinə gətirmək olar. Lakin bu zaman diqqətli olmaq, mütəxəssislərlə məsləhətləşmək vacibdir.
Vaxtilə AMEA-nın “Elm” qəzetində yeni qəbul olunmuş söz və terminlərin siyahısı verilər, onların hansı sözü əvəz etməsi və konkret mənası təqdim olunardı. Bu təcrübədən ayrı-ayrı mətbuat orqanlarının da istifadə etməsi, bizə belə gəlir ki, səmərəli olardı.
Kamil ədəbi dil xalq dilindən yaranmalıdır. Ona görə ki, xalq dili qüdrətli bir mənbədir. Oradan doğan, artan, böyüyən hər şey təbii və gözəldir.
Son dövrlər maraqlı bir ənənə ilə rastlaşırıq. Dil problemləri ilə bağlı müzakirələr daha çox dilçi olmayan tədqiqatçılarla aparılır. Dəfələrlə biz bunun şahidi olmuşuq. Çox güman ki, bunun özündə də bir həqiqət var. Lakin dilçi mütəxəssis dilə qarşı daha həssas və qayğıkeşdir. Daha yaxşı olar ki, belə müzakirələrdə hökmən dilçi mütəxəssislər iştirak etsin.
Küçə və meydan reklamları, afişalar dilin ən böyük təbliğat göstəriciləridir. Onlarda buraxılan hər bir səhv gələcək problemlərin əsasında durur. İstənilən hamar səthə yapışdırılan qeyri-rəsmi afişa və elanları tərtib edənlər onların təsir gücünü əvvəlcədən təsəvvür etmir. Leksik və qrammatik qaydalara əməl olunmayan, mənası aydın olmayan belə afişa və elanları oxuyan məktəbli onu daha inandırıcı hesab edir və öz bildiklərini kənara qoyub onu “qəbul edir”.
Yerli-yersiz böyük hərflərlə yazılış, sonda qoyulan müxtəlif durğu işarələri və s. pozuntulardan yaxa qurtarmaq üçün mərkəzləşdirilmiş praktik bürolar yaratmaq, onlara mütəxəssislərin rəhbərliyini təmin etməyin vaxtı çatmışdır.
Müəssisə, idarə və təşkilatların ad göstəricilərində səhvlərə rast gəlinir. Azərbaycan dilində ad kiçik, sezilməyən ölçüdə, xarici dildə isə iri, gözəgirən formada yazılır ki, bu da reklamlar haqqında dövlət qanununun pozulması deməkdir.
Belə nöqsanlara filmlərin dublyajında, başqa dillərdən tərcümələrdə də rast gəlinir. Bunları aradan qaldırmaq üçün senzuraya yox, mütəxəssis fikrinə, məsləhətinə ehtiyac var.
İnternet resurslarında və sosial şəbəkələrdə ədəbi dilin pozulması halları da istənilən qədərdir. Bütün bu şəbəkələrin yenidən yoxlanılıb düzgün variantların tətbiqi ancaq dilçi mütəxəssislərin köməyilə mümkündür. Ona görə də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və eləcə də müvafiq ali məktəblərin Azərbaycan dilini tədris edən kafedraları ilə sıx əlaqələrin qurulması günün tələbinə çevrilməlidir.
Qeyd etmək lazımdır ki, Azərbaycan dilinin işləklik səviyyəsinin artırılması, onun zənginləşdirilməsi və günün həyati əhəmiyyətli bir vasitəsinə çevrilməsi ilə bağlı son 20 ildə bir neçə Prezident fərmanı olsa da, onların müzakirəsi çox az hallarda ictimai xarakter kəsb etmişdir.
Ayrı-ayrı dil qurumları bu fərmanlardan irəli gələn problemlərin həllinə biganəlik nümayiş etdirmişlər. Xüsusilə nitq mədəniyyəti və dialektalogiya sahəsində sərəncam və göstərişlərin yerinə yetirilməsi dövlət səviyyəsində tələb kimi qarşıya qoyulmalı, yerinə yetirilməyən, həllini tapmayan məsələlər yenidən gündəmə gətirilməlidir.
Hər bir millətin öz ana dilini inkişaf etdirib yaşatması onun şərəf işidir. Azərbaycan dili də bu gün öz inkişafının ən yüksək pilləsini fəth etmişdir. Türk dilləri arasında bütün ölçülərinə görə seçilən bu dil həm də asan öyrənilməsi, musiqililiyi, konkret fikir ifadə etmək baxımından yığcamlığı ilə fərqlənir.
Ortaq türk dili ideyasının formalaşmasında Azərbaycan dilinin aparıcı mövqeyinin olacağı şübhəsizdir. Bizə belə gəlir ki, süni ortaq dil yaratmaq böyük səhv olardı. Belə dilin həyatı uzun dövr davam edə bilməz.
Bugünkü gənc nəsil türk dilində, demək olar ki, sərbəst şəkildə fikrini ifadə edir. Onlara bunu heç kəs öyrətməyib. Radio və televiziya verilişlərinin nəticəsi olan belə formada dil öyrənmə prosesinin təcrübi qaydalarından istifadə etməklə ortaq türk dili yaratmaq mümkündür. Bütün türkdilli ərazilərdə yayımlanacaq ortaq bir kanal yaratmaqla və türk dillərinin ən seçilən və tez qavranılan formalarını seçmə, müqayisə edib tutuşdurma yolu ilə təbliğ etməklə biz ortaq türk dili ideyasını reallaşdıra bilərik. Bu gün artıq göstərilən sahədəki ilk cəhdlər ortaq türk dilinin yaradılması ideyasının reallıq olmasına bizi inandırır.
Fikrət
Xalıqov,
professor.
Respublika.-2014.- 26 iyul.- S.7.