ARXEOLOGİYA VƏ
ETNOQRAFİYA ELMLƏRİNİN
NAİLİYYƏTLƏRİ
Azərbaycan arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində ölkəmizin dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması maddi faktlarla sübuta yetirilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda qədim insanlar hələ iki milyon il əvvəl məskunlaşmışdır. Erkən əkinçilik mədəniyyətlərinə aid yaşayış məskənləri, tunc dövrünün yaşayış yerləri, şəhər tipli abidələri, yüzlərlə qəbirləri, antik və orta əsrlərə aid şəhərlər və s. çoxsaylı abidələr qazılıb tədqiq edilmişdir.
Azərbaycanın demək olar ki, bütün rayonlarında və şəhərlərində irimiqyaslı arxeoloji qazıntılar aparılmış, xalqımızın tarixinə dair zəngin və tutarlı elmi məlumatlar əldə edilmişdir.
Bu qazıntılar əsasında dünya əhəmiyyətli arxeoloji mədəniyyətlər - paleolit dövrünə aid Quruçay, neolit və xalkolit dövrlərinə aid Şomutəpə və Leylatəpə, Kültəpə, tunc dövrünə aid Kür-Araz, Üzərliktəpə, boyalı qablar, son tunc - erkən dəmir dövrünə aid Xocalı-Gədəbəy, Muğan, Naxçıvan kimi mədəniyyətlər öyrənilmişdir.
Arxeologiya və Etnoqrafiya İnsti
tutunun Regionların İnkişafı İctimai Birliyinin və Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında institutumuzun arxeoloji ekspedisiyası orta əsr Şəmkir şəhər yerində 2006-cı ildən bugünədək stasionar qazıntı işləri aparır. Bu qazıntılar nəticəsində orta əsr Şəmkir şəhərinin Narınqalası, demək olar ki, tam üzə çıxarılmış və şəhərin tarixinin əvvəllər məlum olduğundan daha bir neçə əsr qədim olması müəyyən edilmişdir. Arxeologiya və Etnoqrafiya İnstitutunun və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi əsasında “Şəmkir arxeologiyası” İnternet saytı fəaliyyətə başlamışdır.
2005-ci iidən başlayaraq Azərbaycanın qədim dövlətlərindən olan Albaniyanın paytaxtı olmuş qədim Qəbələ şəhərində Arxeologiya və Etnoqrafiya İnstitutu genişmiqyaslı arxeoloji qazıntı işləri aparılır. Bu qazıntılar nəticəsində Qəbələnin şəhər strukturuna, ictimai binalara aid çoxlu sayda memarlıq qalıqları və digər maddi mədəniyyət nümunələri aşkara çıxarılmışdır. Aparılan arxeoloji qazıntılar Qəbələ şəhərinin Cənubi Qafqazda antik və erkən orta əsrlər dövrlərində mühüm iqtisadi-siyasi və mədəni bir mərkəz olduğunu göstərdi.
2007-ci ildən başlayaraq Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığında e.ə. I minilliyin ortalarına aid qədim şəhər qalıqlarında Almaniya, Gürcüstan və Rusiya arxeoloqları ilə birgə irimiqyaslı qazıntı işləri aparılır. Bu qazıntılar Azərbaycanın qeyd edilən dövrə aid şəhər mədəniyyətinin tədqiqi üçün xüsusi əhəmiyyətə malikdir.
Xalqımızın etnoqrafiyasının, adət-ənənələrinin, maddi mədəniyyətinin öyrənilməsi və təbliği müasir dövrümüzün başlıca tələblərindən biridir. Bunu nəzərə alan Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan etnoqrafiya muzeyinin yaradılması haqqında” (11 iyul 2008) sərəncam imzalamışdır. Bakı şəhəri yaxınlığında yaradılması nəzərdə tutulan bu muzeyin materiallarla təmin edilməsi üçün institutumuzun etnoqraf əməkdaşları respublikamızın müxtəlif bölgələrinə elmi ezamiyyətlərə göndərilirlər.
Etnoqraf alimlərimiz Azərbaycan xalqının etnoqrafiyasını, maddi və mənəvi mədəniyyətini geniş tədqiq etmişlər. Azərbaycan xalqının geyim mədəniyyəti, bəzəkləri, nəqliyyat vasitələri, xalq bayramları, mərasimləri, toy və yas adətləri və s. kimi problem xarakterli məsələlərin həllinə işıq salmışlar. Bütün bunlar çap olunmuş 3 cildlik “Azərbaycan etnoqrafiyası”nda öz əksini tapmışdır.
Son illərdə Arxeologiya və Etnoqrafiya İnstitutunun yerinə yetirdiyi ən mühüm işlərdən biri Quba soyqırımı məzarlığında aparılan arxeoloji qazıntılar olmuşdur. 2007-2008-ci illərdə aparılan bu qazıntılar nəticəsində 1918-ci ildə ermənilər tərəfindən Qubada kütləvi qətlə yetirilmiş azərbaycanlı əhalinin yüzlərlə skeletləri aşkara çıxarılmışdır.
2008-ci il fevralın 5-də ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən 2008-2009-cu illərdə aparılması nəzərdə tutulan arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam Azərbaycan arxeologiya elminin inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur.
Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında” 18 aprel 2012-ci il tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 26 aprel 2012-ci il tarixli, “Muğan-Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında” 29 oktyabr 2013-cü il tarixli sərəncamlar imzalamışdır.
Ölkə başçısının bu sərəncamları xalqımızın qədim dövr tarixinin arxeoloji qazıntılar vasitəsilə araşdırılması üçün Arxeologiya və Etnoqrafiya İnstitutunun qarşısında mühüm vəzifələr qoymuşdur. Bu sərəncamlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün institut öz fəaliyyətini həm arxeoloji və etnoqrafik tədqiqatlar istiqamətində, həm də beynəlxalq əlaqələrin genişləndirilməsində daha da intensivləşdirmişdir. Bununla əlaqədar olaraq son illərdə qədim tarixin bütün mərhələlərinə aid abidələr ibtidai insan düşərgələri, erkən oturaq əkinçi mədəniyyətlərinə aid yaşayış məskənləri və qəbir abidələri, tunc dövrünün yaşayış məskənləri və qəbir abidələri, antik və erkən orta əsrlər dövrünün şəhər mədəniyyəti və müxtəlif tip qəbir abidələri, orta əsrlər dövrünün möhtəşəm şəhərləri tədqiqatlara cəlb edilmişdir. Bu son tədqiqatları xronoloji ardıcıllıqla aşağıdakı kimi şərh etmək mümkündür.
Qədim daş dövrü. Naxçıvan Muxtar Respublikasında Şərur rayonundakı Qazma mustye (30 min il əvvəl) düşərgəsində və Gəncə-Qazax bölgəsindəki Ceyrançöl zonasında aparılan arxeoloji tədqiqatlar paleolit dövrü insanlarının yaşayış tərzi, qidalanması, daşdan əmək alətlərinin hazırlanması üsullarının öyrənilməsi üçün zəngin material vermişdir. Ceyrançöldəki Saqqızlı alt paleolit yaşayış yerindən aşkar edilmiş vulkan mənşəli andezit daşından hazırlanmış çox iri və ağır çopper tipli alətin aşkar olunması maraq doğurur. Çünki belə alətlər Azıx mağarasının alt layından aşkar edilmişdir ki, bu da öz növbəsində Ceyrançöl ərazisində və bütövlükdə Azərbaycanın qərb bölgəsində qədim insanların məskunlaşma tarixinin daha qədim olmasını söyləməyə imkan verir.
Şəki - Zaqatala bölgəsində aparılan tədqiqatlar zamanı bu bölgə üçün ilk dəfə olaraq Qax və Zaqatala rayonları ərazisində yaşı 450 - 500 min il olan mağara tipli ibtidai insan düşərgələri aşkar edilmişdir. Mingəçevir su anbarı ətrafında aparılan tədqiqatlar zamanı isə yaşı təqribən 1 milyon il olan açıq tipli ibtidai insan düşərgəsi və daşdan əmək alətləri aşkar edilmişdir.
Neolit, eneolit dövrləri. Son illər Azərbaycanın erkən əkinçi maldar tayfalarının tarixini özündə əks etdirən qədim abidələrin tədqiqi diqqət mərkəzindədir. Dünyanın bir sıra ölkələrinin (Almaniya, Fransa, Yaponiya və s.) arxeoloqlarının bu dövr abidələrinə xüsusi marağı onlarda geniş arxeoloji tədqiqatların aparılmasını xüsusilə aktual bir məsələyə çevirmişdir. Gəncə-Qazax, Mil-Qarabağ, Muğan və Naxçıvan bölgələrində neolit və eneolit dövrlərinə aid qədim yaşayış məskənlərində geniş arxeoloji qazıntı işləri aparılmışdır. Ağstafa rayonundakı Həsənsu, Tovuz rayonundakı Göytəpə neolit dövrü yaşayış məskənlərində (e.ə. VII—VI min.) aparılan qazıntılar Azərbaycanda, o cümlədən bütövlükdə Cənubi Qafqazda əkinçilik mədəniyyətinin meydana çıxma tarixinin öyrənilməsi üçün zəngin materiallar vermişdir.
Azərbaycan arxeologiya elmində mövcud elmi problemlərdən biri bəzi tarixi mərhələlər arasında varislik əlaqələrinin öyrənilməsindən ibarətdir. Eneolit və ondan sonrakı ilk tunc dövrü arasındakı varisliyin mövcudluğu bu gün də tədqiqatçıların diskussiya obyekti olaraq qalmaqdadır. Bu baxımdan Naxçıvan MR ərazisindəki Ovçulartəpəsi və Xələc yaşayış yerlərində aparılan arxeoloji qazıntıların mühüm əhəmiyyəti vardır. Belə ki, məhz bu abidələrdən aşkar edilmiş arxeoloji materiallar, xüsusilə də keramika məmulatı son eneolit dövründən erkən tunc dövrünün Kür-Araz mədəniyyəti mərhələsinə keçidi özündə əks etdirir. Eyni zamanda bu tapıntılar bu vaxtadək bütövlükdə Qafqaz arxeologiya elmində mübahisə obyekti olan Kür-Araz mədəniyyətinin ilkin vətəni məsələsinə xeyli aydınlıq gətirmiş və Naxçıvan bölgəsinin bu mədəniyyətin yaranma mərkəzinə aid olması barədə əvvəllər elmdə söylənilmiş fikirləri maddi faktlarla sübuta yetirmişdir.
Tunc dövrü. İlk tunc dövrünə aid Xaçmazda (Sərkərtəpə), Şərurda (I Maxta), Abşeronda arxeoloji qazıntı işləri aparılmışdır. Nəticədə ilk tunc dövrü insanlarının məişəti, maddi və mənəvi mədəniyyətini, dini inamlarını əks etdirən tapıntılar əldə edilmişdir. Naxçıvanda erkən şəhər mədəniyyətinə aid orta tunc dövrü II Kültəpə yaşayış məskənində aparılan qazıntılar bu qədim şəhərdəki istehsal emalatxanalarının aşkar edilməsi ilə nəticələnmişdi. Oğuz rayonundakı orta tunc dövrünə aid kurqan abidələrinin qazıntısı olduqca zəngin keramika və metal məmulatının aşkarlanması, maraqlı dəfn adətinin izlənməsi ilə müşayiət edilmişdir. Belə kurqanlar Azərbaycan ərazisində çox az sayda qazılmışdır. Oğuz rayonundakı bütöv bir kurqan nekropolunun aşkar edilməsi və buradakı kurqanların qazıntısı bu mədəniyyətin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda geniş yayılmasını sübut etmişdir.
Orta tunc dövrünə aid abidələrdən Xocavənd rayonu ərazisindəki Nərgiztəpə yaşayış yerini xüsusilə qeyd etmək lazımdır. Burada aparılan ilkin araşdırmalar Qarabağ ərazisində orta tunc dövrü mədəniyyətinin araşdırılmasının aktuallığını göstərmişdir.
Son tunc - erkən dəmir dövründə iqtisadiyyatın sürətli inkişafı, cəmiyyətdə baş verən sosial, iqtisadi və siyasi yüksəliş prosesləri tarixi, Azərbaycan ərazisindəki bu dövrə aid müxtəlif növ abidələrin qazıntısı iiə tədqiq edilir. Gəncə-Qazax, Qarabağ, Naxçıvan bölgələrində son tunc-erkən dəmir dövrünə aid qədim yaşayış məskənləri (Şahtaxtı, Sarvantəpə, Yastıtəpə, Sumbatan, Oğlanqala və s.), müxtəlif tip qəbir abidələri (Goranboy, Gədəbəy, Göygöl, Ağdam və s. rayonlarda) qazılmışdır. Bu qazıntılar son tunc - erkən dəmir dövrü sakinlərinin həyat tərzi, təsərrüfat məşğuliyyəti, iqtisadi, siyasi və mədəni əlaqələri haqqında maddi faktlar vermişdir.
Şərur rayonundakı e.ə. I minilliyin birinci yarısına aid şəhər tipli Oğlanqala yaşayış məskənində beynəlxalq tərkibli ekspedisiyanın apardığı qazıntılar Azərbaycanda qədim şəhər mədəniyyəti tarixinin tədqiqi üçün mühüm əhəmiyyət kəsb edir. Oğlanqala, Şahtaxtı və s. bu kimi qədim yaşayış məskənlərinin erkən şəhər mədəniyyətinə aid olması barədə elmi ədəbiyyatda fikirlər öz əksini tapmışdır. Oğlanqalada arxeoloji qazıntılar isə bu fikirləri bir daha təsdiq edən, erkən şəhər mədəniyyətinə xas olan bütün strukturların aşkar edilməsi ilə nəticələnmişdir.
Antik dövr. Bu dövrə aid qazıntılar sırasında Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhərində aparılan qazıntıları xüsusilə qeyd etmək lazımdır. Burada antik Qəbələ şəhərinin ictimai binalarının qalıqları, zəngin şəhər həyatını əks etdirən maddi mədəniyyət nümunələri, o cümlədən iqtisadi ticarət əlaqələrinin yüksək inkişaf səviyyəsində olduğunu göstərən numizmatik materialları aşkar edilmişdir.
Ağcabədi rayonu ərazisindəki Qalatəpə qədim yaşayış yerində antik və erkən orta əsrlər dövrünün möhtəşəm şəhər qalıqları aşkara çıxarılmışdır. Bu ərazidə şəhər tipli yaşayış məskəninin olması hələ antik dövr müəlliflərinin əsərlərində qeyd edilmişdir. Arxeoloji qazıntılar bu yazılı məlumatların düzgün olduğunu bir daha təsdiq etdi və burada Qafqaz Albaniyasının bu vaxtadək məlum olmayan şəhər abidəsinin qalıqlarını üzə çıxardı.
Babək rayonu ərazisindəki antik dövrə aid Meydantəpə yaşayış məskəni Naxçıvan bölgəsində bu dövrə aid ən geniş qazıntılar aparılan abidədir. Burada aparılan qazıntılar Naxçıvanın antik dövr təsərrüfat həyatının və beynəlxalq əlaqələrinin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir.
Orta əsrlər dövrü. Bu dövrə aid Şəmkir, Qəbələ (Qala sahəsi), Şamaxı, Şabran, Şəhərgah (Kürdəmir rayonu) orta əsr şəhər yerlərində, Ağsu son orta əsr yaşayış yerində geniş arxeoloji qazıntı işləri aparılmışdır. Şəmkir şəhərində qazıntılar daha da genişləndirilmiş, şəhərin Narınqala hissəsində bir sıra yeni strukturlar aşkara çıxarılmışdır. Şamaxının orta əsr memarlıq strukturunun bir hissəsi aşkara cıxarılmış və bu memarlıq qalıqlarının Şirvanşahların iqamətgahlarından biri olması ehtimalı irəli sürülmüşdür. Şəhərgahda aparılan qazıntılar isə Şirvan bölgəsində orta əsrlərdə daha bir iri şəhər məskəninin olduğunu sübuta yetirmişdir.
İnstitutumuzun ekspedisiyası tərəfindən 2010-cu ildən başlayaraq XVII-XIX əsrlərə aid Ağsu şəhər yerində genişmiqyaslı arxeoloji qazıntı işləri aparılmışdır. Nəticədə həmin dövrə aid bu iri yaşayış məntəqəsinin memarlıq qalıqları, çoxlu sayda sənətkarlıq nümunələri, o cümlədən Azərbaycanın beynəlxalq əlaqələrini əks etdirən numizmatik materiallar aşkara çıxarılmışdır. Qazıntılar nəticəsində aşkara çıxarılan memarlıq qalıqları konservasiya edilmişdir.
Çoxcildlik “Azərbaycan arxeologiyası”nın “Daş dövrü” adlı I cildi və “Orta əsrlər” adlı VI cildi nəşr olunmuş, “Eneolit dövrü arxeologiyası” adlı II cild və “Erkən orta əsrlər arxeologiyası” adlı V cild nəşrə təqdim olunmuş, “Antik dövr arxeologiyası” adlı IV cild və “Tunc dövrü arxeologiyası” adlı III cild üzərində son tamamlama işləri aparılır. “Azərbaycanın epiqrafik abidələr toplusu”nun V cildi nəşr edilmişdir.
Son illər ərzində institut əməkdaşlarının onlarca kitabı, 1500-dən artıq elmi məqaləsi (yerli və xarici nəşrlərdə) çap olunmuşdur. Arxeoloq və etnoqraflarımız beynəlxalq, respublika, regional konfrans və simpoziumlarda Azərbaycan arxeologiyasına və etnoqrafiyasına dair məruzələrlə çıxışlar etmiş, respublika daxilində beynəlxalq arxeoloji ekspedisiyalarda fəal iştirak etmişlər. Birgə Azərbaycan-Gürcüstan-Almaniya, Azərbaycan-Koreya, Azərbaycan-Amerika, Azərbaycan-Almaniya, Azərbaycan-Yaponiya və Azərbaycan-Fransa arxeoloji ekspedisiyaları Qəbələdə, Şəmkirdə, Tovuzda, Ağcabədidə, Lerikdə və Naxçıvanda qazıntılar aparmış və aparmaqdadırlar.
Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdindəki “Arxeoloji fond”da uzun illər Azərbaycanda aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilmiş 400 mindən artıq maddi mədəniyyət qalıqları saxlanılır. Ölkə rəhbərliyinin göstərişi əsasında ayrılmış vəsait hesabına arxeoloji fondun binası təmir edilmiş və fondun strukturu, idarəetmə sistemi təkmilləşdirilmişdir. Bu arxeoloji fond eyni zamanda Azərbaycanın müxtəlif bölgələrindəki diyarşünaslıq muzeylərinin zənginləşməsi üçün onları yüzlərlə arxeoloji materiallarla təmin edir.
Arxeologiya və Etnoqrafiya İnstitutunun İçərişəhərdə ən müasir elmi standartlara uyğun Elmi Ekspozisiya Muzey-Sərgisi fəaliyyət göstərir.
Son illər Arxeologiya və Etnoqrafiya İnstitutu bir sıra mühüm, beynəlxalq elmi konfranslar keçirmişdir. Onlardan Azıx mağarasının kəşf edilməsinin 50 illiyinə həsr olunmuş “Qarabağ daş dövründə” (2010), Kültəpə abidəsinin tədqiqatlarının 60 illiyinə həsr olunmuş “Qafqazın erkən əkinçilik mədəniyyətləri” (2011), “Azərbaycanın qədim şəhər mədəniyyəti dünya urbanizasiya kontekstində” (2012), institutun yaradılmasının 20 illiyinə həsr olunmuş “Azərbaycan arxeologiya və etnoqrafiya elmləri müstəqillik illərində” (2013) adlı konfransları xüsusilə qeyd etmək lazımdır. Bu konfranslarda ABŞ, Fransa, Yaponiya, Koreya, Almaniya, İtaliya, Rusiya, İran, Gürcüstan, Ukrayna, Qazaxıstan, Moldova, Macarıstan, Polşa və s. ölkələrdən onlarca alimlər iştirak etmişlər.
Azərbaycanın müstəqilliyi illərində yeni mərhələyə qədəm qoymuş arxeologiya və etnoqrafiya elmləri dövlət rəhbərliyinin diqqət və qayğısı sayəsində sürətlə inkişaf etməkdədir. İnstitutun kollektivi ölkə rəhbərliyinin göstərdiyi yüksək etimadı bundan sonra da doğrultmaq istiqamətində var gücü ilə çalışacaqdır.
Maisə
RƏHİMOVA,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru,
tarix üzrə elmlər
doktoru.
Respublika.-2014.- 25 iyun.- S.7.