AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ MİLLİ ORDUNUN TƏŞKİLİ VƏ FƏALİYYƏTİ

 

Azərbaycan Milli İslam Şurası 28 may 1918-ci ildə Tiflisdə Azərbaycanın müstəqil dövlət elan edilməsi haqqında “İstiqlal bəyannaməsi” qəbul etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının - birinci Müvəqqəti Hökumətinin tərkibi elan olunur. Xosrov Paşa bəy Sultanov hərbi nazir təsdiq edilir. Lakin ilk Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası kabineti müvəqqəti olmaqla mühacirətdə—Tiflis şəhərində fəaliyyət göstərdiyindən Azərbaycanın Milli Ordusunu yaratmaq mümkün olmur. Bakıda bolşevik Rusiyasının göndərdiyi daşnak S.Şaumyanın rəhbərliyi ilə azərbaycanlılara qarşı əsl soyqırımı həyata keçirildiyinə görə bu hökumət həmin il iyunun 16-da Gəncə şəhərinə köçmüşdür.

 Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyə ilə imzaladığı “Dostluq və əməkdaşlıq haqqında Müqavilə”nin IV maddəsinə əsasən Türkiyə Azərbaycan hökumətinə ölkədə qayda-qanunu və təhlükəsizliyi təmin etmək üçün, lazım gələrsə, hərbi güclə kömək etməyi öhdəsinə götürmüşdü.

Azərbaycan Xalq Cümhuriyyətinin Müvəqqəti Hökuməti 11 iyul 1918-ci ildə “1894-1899-cu illərdə anadan olmuş Məhəmməd dininə sitayiş edənlərin (azərbaycanlıların—İ.A.) ordu sıralarına çağırılması haqda Qərar” qəbul etmişdi və onlar Azərbaycan ordusu sıralarına çağırılmışdılar.

Hələ bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 26 iyun 1918-ci il tarixli qərarı ilə “Müsəlman korpusu”nu “Əlahiddə Azərbaycan korpusu” adlandırmaq qərarı alınmışdı. Bu ilk müntəzəm Hərbi hissə—Əlahiddə Azərbaycan korpusu idi. Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü haqqında” 22 may 1998-ci il tarixli fərmanına əsasən Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 26 iyun 1918-ci il tarixli qərarı ilə “Əlahiddə Azərbaycan korpusu”nun təşkil olunduğunu əsas götürərək hər il 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələrin yaranması günü kimi qeyd etmək qərara alınmışdır.

Ümummilli lider Heydər Əliyev demişdir: “Çar Rusiyasının ordusunda azərbaycanlılar, müsəlmanlar xidmət etmədikləri halda Azərbaycan oğulları rus ordusunun yüksək səviyyəli hərbi məktəblərini bitirib döyüşlərdə böyük peşəkarlıq, qəhrəmanlıq nümunələri göstərib, general rütbələri alıb, yüksək ordenlərlə təltif ediliblərsə, bunlar Azərbaycan xalqının, oğullarının nəyə qadir olduğunu göstərir. Bunlar tariximizin sovet dövründə unudulmuş səhifələrdir, faktlardır. Ancaq biz bu gün tariximizi bərpa edərkən bunların hamısını öyrənməliyik və xalqımız bunu bilməlidir”.

Yeni yaranmış Əlahiddə Azərbaycan korpusunda hərbi nizam-intizamı və döyüş qabiliyyətini möhkəmləndirmək məqsədilə Nazirlər Şurasının 26 iyun 1918-ci il tarixli daha bir qərarı ilə Azərbaycan korpusunun komandiri yanında diviziya rəisi hüququnda xüsusi tapşırıqlar üzrə general vəzifəsi təsis edilmişdi. Müvəqqəti Hökumətin 3 iyul 1918-ci il tarixli qərarı ilə hərbi mükəlləfiyyətə çağırış yaşı tam 19 yaş müəyyən edilmişdi. Əlahiddə Azərbaycan Korpusunun hərbi rütbələr, ordenlə təltif olunma və s. haqda təqdimatları Nazirlər Şurasının sədri tərəfindən təsdiq edilməli idi.

Azərbaycan Xalq Cümhuriyyəti Müvəqqəti Hökumətinin 19 iyul 1918-ci il tarixli qərarı ilə Azərbaycanın bütün ərazilərində hərbi vəziyyət elan olunmuş və daxili işlər nazirinə Qafqaz İslam Ordusunun Baş Komandanı ilə razılaşdırmaqla müvafiq qərar qəbul etməsi tapşırılmışdı.

15 sentyabr 1918-ci ildə “Azərbaycan” qəzetində hərbi xidmətə çağırışın müvəffəqiyyətlə aparılması haqda məlumat dərc edilmişdi. Məlumatda göstərilirdi ki, əyalətlərdə ordu sıralarına çağırış müvəffəqiyyətlə həyata keçirilir. Bakıya yaxın kəndlərin bütün döyüş qabiliyyətli kişiləri cəbhəyə getmişlər.

Nazirlər Şurasının 29 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakıda üç hərbi məktəbin açılması üçün 50000 rubl vəsait ayrılmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 noyabr 1918-ci il tarixli qərarı ilə respublika hökuməti yanında Hərbi Nazirlik təşkil olunmuş və nazir müavini S.Mehmandarov təyin edilmişdi.

Milli hərbi kadrların hazırlığına xüsusi diqqət yetirilirdi. Təsadüfi deyildir ki, Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin 1-ci sayında Gəncə kiçik praporşiklər məktəbinin buraxılışı haqda məqalə dərc edilmişdi. Məqalədə göstərilirdi ki, bu məktəbdə 250 nəfər gənc oxuyur. Kursun sonunda kiçik praporşiklər 6 ay xidmətdən sonra zabit olurlar. Məktəb cəmi 4 ay fəaliyyət göstərir və bu dövrdə əhəmiyyətli nailiyyətlər qazanır.

Bu məktəb hələ düşmən əlində olan dövrdə təşkil olunmuşdu. Məktəbin avadanlıqları və tədrisin təşkili işi məşhur zabit-pedaqoq Atif bəyə tapşırılmışdı və o, məktəbin faktiki yaradıcısı idi. Müsəlman gəncləri böyük həvəslə bu məktəbə daxil olurdular.

Oktyabrın 26-da məktəbin birinci buraxılış imtahanına Bakıdan hökumətin bir çox vəzifəli şəxsləri, qoşun növlərinin nümayəndələri, fəxri qonaqlar, o, cümlədən Qafqaz İslam Ordusunun baş komandanı Nuru Paşanın atası Hacı Əhməd Paşa, Qafqaz İslam Ordusunun komandanı general-leytenant Əliağa Şıxlinski və Nazim bəy, xalq maarif naziri Nəsib bəy Yusifbəyov, daxili işlər nazirinin nümayəndəsi Mehdi bəy Hacınski, səhəri günü isə İranın baş konsulu İsmayıl Xan və başqaları gəlmişdilər. Qonaqları Gəncə qubernatoru İbrahim bəy Vəkilov, şəhər idarəsinin rəisi Ələsgər bəy Xasməmmədov, məktəbin rəisi Atif bəy, şəhərin komendantı Salman Fəhmi və başqaları qarşılamışdılar.

“Azərbaycanı” qəzetində dərc olunan məqalədə göstərilirdi ki, Əli paşa sıraya düzülmüş yunkerlərə (kursantlara—İ.A.) yaxınlaşaraq onları salamlamışdır... Rəsmi salamlaşmadan sonra, rəhbər heyətin təqdim edilməsi, sıra təlimi, hərbi əməliyyatlarda təcili tədbirlər, müxtəlif məsafələrdən odlu silahdan atəş açılması, qumbara atmaq, hərbi gimnastika, səngərdən bomba atmaq, bayraqlarla işarə vermək, raport vermək, manevr etmək və s. kimi 18 proqram üzrə təlim keçirilmişdir.

Sonra isə məzunlardan buraxılış imtahanı götürülmüşdür. İmtahan səhər saat 8-dən günorta 2-yə qədər davam etmişdir. Gənc kursantların müvəffəqiyyətləri ora toplaşan əhalinin böyük sevincinə səbəb olmuşdu. Sonra manevrlər başlanmış, əl bombalarını tullamaq xüsusi effekt vermişdi. Yaranmış şərait Bakı ətrafında döyüşlərin axırıncı gününü xatırladırdı.

Tədbirdə Daxili İşlər Nazirliyinin nümayəndəsi Mehdi bəy Hacınski bəyan etmişdi ki, yaxın günlərdə 1200 nəfərlik daha belə bir məktəb açılacaqdır.

“Azərbaycan” qəzetinin bu hadisəyə belə genişhəcmli məqalə həsr etməsi, əhalinin ordu quruculuğuna böyük önəm verməsindən irəli gəlirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi ordudan yayınma hallarının qarşısının alınması tədbirləri haqda 10 dekabr 1918-ci il tarixdə 10 N-li əmri ilə həyata keçirilən tədbirlər Azərbaycanda Milli Ordu quruculuğu işində mühüm rol oynamışdır.

25 dekabr 1918-ci ildə S.S.Mehmandarov Milli Ordunun formalaşdırılması üçün Azərbaycan vətəndaşlarına müraciət edir. Müraciətdə deyilirdi ki, hakimiyyət bütün qüvvəsini ölkədə anarxiyaya yol verilməməsi, qanunsuzluqların aradan qaldırılmasına yönəlmişdir. Bu məqsədlə digər hökumət tədbirləri kimi özümüzün silahlı qüvvələrini, başqa sözlə, Azərbaycan Ordusunun yaradılması qərara alınmışdır. Ən ağır vaxtlarda bizim ölkəmizə Türk ordusu gəlmiş, onun komandiri bizim ordumuzun formalaşdırılmasını və artıq yaradılmış hissələrin təlimini öz üzərlərinə götürmüşlər.

S.S.Mehmandarov daha sonra müraciətdə demişdir: “Hazırda bizim ordumuzun yaradılması işini öz üzərimə götürmüşəm. İndi ölkəmizin bütün vətəndaşları, istər varlı, istərsə də kasıb vətəndaşlar olsun, hərbi xidmətə eyni qaydada gələcəklər və əgər hansı varlı hərbi xidmətdən azad ediləcəksə, təqsirkar şəxslər ağır cəzalanacaqlar...

Bundan əlavə, 1 dekabrdan hər sıravi əsgər ayda 50 rubl, yefreytor 60 rubl, kiçik unter-zabit 70 rubl, böyük unter zabit 90 rubl, baş unter-zabit isə 120 rubl alacaqlar. Bu məvacib isə pulsuz ərzaqla birlikdə onlara böyük yardım olunacaqdır”.

Daha sonra S.S.Mehmandarov əhaliyə müraciətində deyirdi ki, bundan sonra mən ölkənin bütün əhalisinə, vətənimizə məhəbbət naminə müraciət edir, yüksək vətənpərvərlik göstərib, bizim ordunun formalaşdırılması işində mənə kömək etməyi, ölkədə qanunçuluğu müdafiə etməyi, bütün hərbi xidmətə çağırışçılardan çağırış yerinə getməyi xahiş edirəm, kim ki Vətən qarşısında borclarını yaddan çıxarır, onların bütün yaxınlarına və dostlarına Vətən qarşısında qəbahətini pisləsinlər, hansı ki, buna görə qanunla cəzalanacaqlar.

Təsadüfi deyildir ki, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 26 dekabr 1918-ci il tarixli iclasında Müvəqqəti hökumətin sədri F.X.Xoyski öz bəyanatında Milli Ordunun gücləndirilməsini hökumətin əsas vəzifəsi kimi bir daha elan edir və onun bu bəyanatı gurultulu alqışlarla qarşılanır.

Hərbçilərlə salamlaşmağın qaydaya salınması, hərbi nizam-intizamın möhkəmləndirilməsində mühüm rol oynayır. Ona görə hərbi nazir Mehmandarov hərbi salamlaşmağın qaydası haqda 27 dekabr 1918-ci ildə 34 N-li əmr imzalayır. Əmrdə göstərilirdi ki, zabitlər sırada əsgərlərlə müsəlman dilində (Azərbaycan dilində—İ.A.) “Salam” sözünü deyir, əsgərlər isə “Əleyküm salam” sözləri ilə cavab verirlər. Əsgərləri təriflədikdə isə “Mərhaba” deyir, əsgərlər isə “Çox sağ ol” sözləri ilə cavab verirlər.

S.S.Mehmandarov 25 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin naziri vəzifəsinə təyin edilir. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin 25 fevral 1919-cu il tarixli “Hərbi Nazirliyin ştatları haqqında Qanun”un Milli Ordu quruculuğunda önəmli əhəmiyyəti olmuşdur. Belə ki, həmin qanunla Hərbi Nazirliyin tərkibində 38 qurum yaradılmışdı.

Milli Ordu üzrə verilmiş ayrı-ayrı sənədlərin öyrənilməsi göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Milli Ordu quruculuğunda hərbi mütəxəssislərdən, peşəkar hərbçilərdən istifadə edilməsinə xüsusi diqqət yetirmişdir.

Nazirlər Şurası Müsəlman korpusunun yaradılması ilə kifayətlənməmiş, bu korpusun maddi bazasının möhkəmləndirilməsi qayğısına qalmışdır. Belə ki, Nazirlər Şurasının 25 iyun 1918-ci il tarixli qərarı ilə Müsəlman Korpusu üçün 500000 rubl məbləğində kredit ayrılmışdır.

Milli Orduda başqa millətlərdən olan, konkret halda xristian hərbçilərinin dini etiqadına da həssaslıqla yanaşılırdı. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun Baş Qərargahının rəisi polkovnik Səlimovun 18 yanvar 1919-cu il tarixli 3 N-li əmri ilə bütün xristian-hərbçilər 19 yanvar—xaç suyuna salınma günü (xristianlığın qəbul edilməsi günü—İ.A.) münasibətilə məşğələlərdən azad edilmişdilər.

Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordu rəhbərliyi hərbi-tibb qurumlarının müvafiq ixtisaslı kadrlarla təmin edilməsi işinə də böyük önəm verirdi. Belə ki, hərbi nazir tam artilleriya generalı (general-polkovnik—İ.A.) S.S.Mehmandarov Azərbaycan Ordusunu kiçik tibb heyəti ilə təmin etmək məqsədilə Gəncə Hərbi lazareti yanında 4 aylıq feldşerlik kurslarının açılması haqda 22 yanvar 1919-cu il tarixli 36 N-li əmr imzalamış, bu kurslara 28 nəfər cəlb edilmişdi.

Milli Ordu rəhbərliyi vaxtaşırı olaraq, hərbi hissələrdəki vəziyyəti öyrənmək məqsədilə yoxlamalar keçirirdi. General-leytenant Ə.İ.Şıxlinski Gəncə praporşiklər məktəbində inspektor yoxlaması keçirir və yoxlama nəticəsi haqqında hərbi nazir S.S.Mehmandarova 10 fevral 1919-cu ildə məruzə hazırlayır. Ə.İ.Şıxlinski müsbət işlərlə yanaşı, məktəbin fəaliyyətində bir sıra nöqsanların da olmasını qeyd etmişdir.

S.S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun azərbaycanlaşdırılması üçün ardıcıl tədbirlər görürdü. Belə ki, o, “Milli kökdən olmayan zabitlərin Azərbaycan dilində komanda verməsi üçün bir aylıq müddətin müəyyən edilməsi haqda 16 fevral 1919-cu il tarixli əmr vermişdi. Bu müddətdə türkcə komanda verməyi öyrənməyən zabitlərin xidmətdən azad edilməsi tələb edilmişdi.

Hərbi nazir S.S.Mehmandarov yaxşı bilirdi ki, hərc-mərcliyin qarşısını almaq üçün orduda xidmət edən müxtəlif millətlərin milli şuralarının yaranması yolverilməzdir. Ona görə də S.S.Mehmandarov “Polklarda zabitlərin şərəf məhkəmələrinin yaradılması və orduda milli şuraların fəaliyyət göstərmələrinin qadağan edilməsi haqda” 17 fevral 1919-cu il tarixdə 83 N-li əmr vermişdi.

Hərbi nazir S.S.Mehmandarovun 26 mart 1919-cu il tarixli 147 N-li əmri ilə keçmiş 1-ci Müsəlman korpusunun komandiri general-leytenant Məmməd bəy Sulkeviç (o, Azərbaycanda Sulkeviç Məmməd bəy Sulkeviç kimi tanınırdı, əsl adı isə Süleyman bəy idi—İ.A.) 19 mart 1919-cu il tarixdən Baş Qərargahın rəisi vəzifəsinin icrasına buraxılır. Əmrin 2-ci bəndi ilə; general-kvartmeyster şöbəsi; hərbi-topoqrafiya şöbəsi; rabitə xidmətləri; Baş Qərərgahdan alınıb, Baş Qərərgahın Baş İdarəsinə verilir. Həmin əmrin 5-ci bəndi ilə Baş Qərargahın rəisi vəzifəsinə görə Hərbu Şuranın üzvlüyünə daxil edilir, miçman İslam bəy Maqsudov isə 19 mart 1919-cu ildən Baş Qərərgah rəisinin adyutantı təyin edilir.

Hərbi nazir S.S.Mehmandarov Milli Orduda nizam-intizamın möhkəmləndirilməsi üçün xidmətdə fərqlənən hərbi qulluqçuların fərəhləndirilməsi işinin mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq, Naxçıvan və Şərur uyezdlərinin azad olunmasında fərqlənmiş əsgər və milisionerlərin fərəhləndirilməsi haqda 29 mart 1919-cu il tarixdə 155 N-li əmr vermişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi Milli Orduda hərbi qulluqçuların vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədi ilə ölkənin tarixinin öyrənilməsi işinə də xüsusi önəm vermişdir. Təsadüfi deyildir ki, S.S.Mehmandarov bu haqda Nazirlər Şurasına 2 aprel 1919-cu il tarixdə 1559 N-li məruzə hazırlayıb göndərmişdir. O, məruzəsində göstərirdi ki, xalq arasında sağlam milli hisslər oyanması bolşevizmlə mübarizə tədbiridir, bu məsələ yeni yaranan Azərbaycan Milli Ordusu üçün xüsusi ilə zəruridir, yüzillik rus hökümranlığından azad olmuş Türk xalqına (Azərbaycan xalqına—İ.A.) xatırlatmaq zəruridir ki, biz heç də həmişə hakimiyyət altında olmamış, Avropa və Asiyaya öz iradəmizi diktə etmişik. Ona görə də S.S.Mehmandarov Azərbaycan tarixi ilə bağlı broşürlərin kütləvi çap olunub, orduda yayılıb, öyrənilməsini təklif edirdi.

Azərbaycan Xalq Cümhuriyyəti yaranmasının birinci ildönümü münasibətilə 28 may 1919-cu il tarixdə Bakı qarnizonunun hərbi paradı barədə “Azərbaycan” qəzeti məlumat dərc edir. Həmin məlumatda göstərilirdi ki, paradı ordu komandanı S.S.Mehmandarov qəbul edərək gənc Azərbaycan ordusunun əsgərlərini salamlayaraq, onları Vətənimizin müstəqilliyi günü münasibətilə təbrik etmişdir.

Azərbaycanda vəziyyətin ağırlaşması ilə əlaqədar olaraq Nazirlər Şurasının 9 iyun tarixli qərarı ilə 5 üzvdən ibarət “Nazirlər Şurasının sədri, hərbi nazir, yollar naziri, xarici işlər naziri və ədliyyə nazirlərindən ibarət Dövlət Müdafiə Komitəsi yaradılır. Qərarda göstərilirdi ki, komitənin ən azı 3 nəfər üzvü iştirak etdikdə komitə iclası qanuni və həqiqi hesab edilir.

Dövlət Müdafiə Komitəsi 11 iyul 1919-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası ərazisində hərbi vəziyyət elan edir. Həmin qərara əsasən siyasi məqsədlə çoxadamlı toplanış və mitinqlərin təşkili, həmçinin odlu silah və patronların, döyüş sursatının və partlayıcı maddələrin gəzdirilməsi, saxlanması və ticarəti qadağan edilmişdir. Sözügedən qərarın qeydində göstərilirdi ki, bu qaydalar Azərbaycan və müttəfiq ordularının hərbi qulluqçularına şamil edilmir.

Qərarda daha sonra göstərilirdi ki, silahların verilməsi və saxlanması haqda əvvəllər dərc edilmiş qərarlar qüvvəsini itirmiş hesab edilir, odlu silahın gizlədilməsi və saxlanmasına yeni icazənin verilməsinin səlahiyyəti quberniya ərazisində qubernatorlara həvalə edilir, odlu silahların saxlanması və gəzdirilməsinə icazə ala bilməyənlər, bu qərarın dərc edildiyindən 3 gün müddətində, odlu silahlarını yaxınlıqdakı hərbi hissə və polis orqanlarına təhvil verib, müvafiq qəbz almalı idilər. Qərarda daha sonra göstərilirdi ki, bu müddət bitdikdən sonra qanunsuz odlu silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən şəxslərdə axtarışlar aparılacaq, onlarda aşkar edilən silah və döyüş sursatları müsadirə ediləcək, günahkar şəxslər inzibati qaydada cəzalandırılacaqlar.

Hərbi vəziyyət ağırlaşdığına görə 16 iyun 1919-cu ildə Azərbaycan və Gürcüstan respublikaları arasında 12 paraqrafdan ibarət hərbi-müdafiə müqaviləsi bağlanır və həmin müqavilə 27 iyun 1919-cu ildə Parlament tərəfindən təsdiqlənir. Müqavilənin 1-ci paraqrafında göstərilirdi ki, razılığa gələn dövlətlər onların və ya hər birinin müstəqilliyi və ya ərazi bütövlüyünə qarşı yönələn hər hansı hücuma qarşı birgə bütün silah və hərbi güclərdən istifadə edəcəklər. Müqavilənin 3-cü paraqrafında göstərilirdi ki, razılaşma sırf müdafiə xarakteri daşıyır. Müqavilədə göstərilirdi ki, razılaşma 3 il müddətinə bağlanır.

1919-cu ilin yayında və payızında ordu hissələrinin formalaşdırılması böyük sürətlə davam etdirilir. Bu dövr qoşun hissələrinin yaradılmasında ən məhsuldar dövr sayıla bilər. İngiltərə hərbi qüvvələri Azərbaycan ərazisini tərk etdikdən sonra Hərbi Nazirliyin rəhbər orqanları 1919-cu il iyunun 28-i, iyulun əvvəllərində yenidən Bakıya köçürüldü.

S.S.Mehmandarov Hərbi Nazirliyin Bakıya köçürülməsi haqda 9 iyul 1919-cu ildə 320 N-li əmr imzalayır. 10 iyul 1919-cu ildə isə Dövlət Müdafiə Komitəsi Bakı şəhəri və onun rayonlarının çağırış yaşlı olmayan əhalisinin könüllü hərbi hazırlıq keçməsi haqda qərar qəbul etmişdir. Həmin qərarın icrası Yusif Ziya bəy Talıb-zadəyə həvalə edilərək, ona ayda 5000 rubl məbləğində maaş təyin edilmişdi.

Hərbi nazir S.S.Mehmandarov sistemli olaraq hərbi quruculuq işləri ilə məşğul olurdu. Onun 19 iyul 1919-cu il tarixli 328 N-li məxfi əmri ilə artıq formalaşmış beş piyada polk əsasında iki piyada diviziyası yaradılır. Həmçinin hərbi nazir S.S.Mehmandarovun 4 sentaybr 1919-cu il tarixli 390 N-li əmri ilə Gəncə stansiyasında hərbi dəmir yolu məktəbi təşkil olunmuşdur.

1919-cu ilin ortalarında Rusiyada Vətəndaş müharibəsi gedərkən Dağıstanda ləzgilər bolşeviklərə qarşı vuruşan könüllü orduya səfərbərlikdən boyun qaçıraraq, Azərbaycana gəlib Milli Ordu sıralarında vuruşmaq istəyirdilər. Dövlət Müdafiə Komitəsinin 8 sentyabr 1919-cu il tarixli qərarında Dağıstandan gələn ləzgi qaçqınlarının Azərbaycana gəlməsinə və Milli Ordu sıralarına götürülməsinə icazə verilir.

Bakıda vəziyyətin ağırlaşmasını nəzərə alaraq Dövlət Müdafiə Komitəsinin 13 sentyabr 1919-cu il tarixli qərarı ilə Bakı möhkəmləndirilmiş rayonun rəisi vəzifəsi təsis edilir, bu vəzifə Bakı hərbi qubernatoru vəzifəsi ilə birləşdirilir. Qərarda göstərilir ki, Bakı möhkəmləndirilmiş rayonun rəisi hərbi nazirin təqdimatı ilə Nazirlər Şurasının sədri tərəfindən təyin edilir.

Dövlət Müdafiə Komitəsi respublikada müdafiə işinin yaxşılaşdırılması məqsədilə Quba-Şamaxı, Bakı-Şamaxı teleqraf xətlərinin çəkilməsi haqda 16 sentiyabr 1919-cu ildə qərar qəbul edir. Hərbi nazir S.S.Mehmandarov hərbi kargüzarlığın yaxşılaşdırılması haqqında 14 dekabr 1919-cu ildə 574 N-li əmr imzalayır.

Bu arada Parlamentin 22 dekabr 1919-cu il tarixli qərarı ilə Nəsib bəy Yusifbəyovun sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin V hökumətinin tərkibi təsdiq edilir.

Şərqdə ilk Parlamentli Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 28 aprel 1920-ci ildə bolşevik Rusiyası tərəfindən faktiki işğal edilir.

1920-ci il aprelin 27-dən 28-nə keçən gecə Parlament hakimiyyəti Müvəqqəti İnqilab Komitəsinə təhvil verdi. Komitənin tərkibi onun qiyabi seçilmiş sədri N.Nərimanov, A.Alimov, D.Bünyadzadə, M.Hüseynov, Ə.Qarayev, Q.Musabəyov və H.Sultanovdan ibarət idi. Komitə radio vasitəsilə RSFSR hökumətinə “Qızıl ordu hissələrini göndərmək yolu ilə dərhal real kömək göstərmək” haqqında rəsmi xahişlə müraciət etdi.

Beləliklə, 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut edir.

Ona görə də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri tam artilleriya generalı (general-polkovnik—İ.A.) S.S.Mehmandarov 28 aprel 1920-ci il tarixdə imzaladığı 238 N-li əmrlə vəzifəsini Sovet hakimiyyəti tərəfindən təyin edilmiş hərbi və dəniz işləri komissarı Çingiz İldırıma təhvil verir. S.S.Mehmandarov həmin əmrində bildirir ki, bolşeviklərin yeni hakimiyyəti dövründə də hamımız üçün əziz olan Azərbaycandan ötrü şərəflə və vicdanla xidmət edəcəklərinə şübhə etmir.

Hazırda müstəqil Azərbaycan Respublikasının Milli Ordusu Azərbaycan Xalq Cümhuriyyəti dövründə təşkil olunmuş Milli Azərbaycan Ordusunun şanlı ənənələrini uğurla davam etdirir.

 

İlham ABBASOV,

Ədliyyə Akademiyasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru,

baş ədliyyə müşaviri, prokurorluğun fəxri işçisi.

Respublika.-2014.- 26 iyun.- S.8.