Qüdrətli ordu milli təhlükəsizliyimizə təminatdır

 

Hər il iyun ayının 26-sı Azərbaycanda Silahlı Qüvvələr Günü kimi təntənəli şəkildə qeyd olunur. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti dövründə görkəmli sərkərdə, general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə yaradılmış ilk əlahiddə Azərbaycan korpusu bu şanlı tarixin əsasını qoymuşdur. Ulu öndərimiz Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə bu əlamətdar tarix Silahlı Qüvvələr Günü kimi elan olunmuşdur. İndi Milli Ordumuzun yaranmasının 96-cı illiyini qeyd etdiyimiz üçün o unudulmaz hadisəni tarixin yaddaşına yazan ümummilli liderimiz Heydər Əliyevə minnətdarıq.

Ulu öndər hələ SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda da ordu quruculuğu, milli zabit kadrların hazırlığı məsələlərini daim önə çəkmişdir. Heydər Əliyev 1971-ci ildə böyük zəhmət sayəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin yaradılmasına nail olmuşdur. Həmin dövrdə ordu sıralarına gedənlərin böyük əksəriyyəti inşaat batalyonlarında və s. bölmələrdə çalışırdılar. Belə bir vaxtda Bakı şəhərində hərbi məktəbin açılması barədə qərar vermək üçün böyük iradə, cəsarət və uzaqgörənlik tələb olunurdu. Məhz bu məktəb Azərbaycanda milli kadr hazırlığı üçün baza rolunu oynadı. Müstəqillik əldə edildikdən sonra da bu məktəb ordu quruculuğunun əsas dayağına çevrildi.

1993-cü ildə ulu öndərin ikinci dəfə Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, ordu quruculuğu işində də böyük nailiyyətlər qazanılıb. Bu dövrdə Heydər Əliyevin qarşısında dövlətçiliyin qorunub saxlanması ilə yanaşı, cəbhə bölgəsində hərbi uğursuzluqları aradan qaldırmaq, torpaqlarımızı işğal edən düşmənin qarşısını almaq, iqtisadi, siyasi və mənəvi cəhətdən ağır durumda olan bir ölkədə ordu quruculuğuna başlamaq kimi ağır vəzifələr dururdu. Daxili ictimai-siyasi sabitlik üçün potensial təhlükə mənbəyi sayılan qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi Ali Baş Komandanın üzərinə düşən məsuliyyət yükünü bir qədər də artırır, onun qətiyyətli addımlar atmasını zəruri edirdi.

Belə bir şəraitdə vəzifə səlahiyyətlərinin icrasına başlayan böyük öndər qısa müddətdə bütün sahələrdə vəziyyəti sabitləşdirməklə peşəkar idarəçi və xarizmatik şəxsiyyət olduğunu bir daha təsdiqlədi. Qısa müddətdə daxildə ictimai-siyasi sabitlik təmin olundu, ölkənin bütün maddi-siyasi resursları və potensialı Ermənistanın işğalçı silahlı qüvvələrinə qarşı müqavimətin təşkilinə yönəldildi. 1993-cü il noyabrın 2-də Azərbaycan Dövlət Televiziyası və Radiosu ilə xalqa müraciət edən Heydər Əliyev ictimai ruh düşkünlüyünün qarşısını aldı, hamını bir nəfər kimi düşmənə qarşı mübarizədə fəal iştirak etməyə çağırdı. Ulu öndər Heydər Əliyev müraciətində təkcə hərbi uğursuzluqların səbəblərini deyil, həm də vəziyyətdən çıxış yollarını göstərdi. Eyni zamanda keçmiş hakimiyyətin dövründə Qarabağ məsələsindən çirkin siyasi məqsədlər üçün istifadə edildiyini, ordunun hakimiyyət uğrunda qeyri-qanuni mübarizəyə qoşulduğunu təəssüflə vurğuladı: “Ordunu bir gündə, bir ayda, üç ayda yaratmaq mümkün deyil. Ancaq iki-üç il müddətində ordu yaratmaq, Azərbaycanın etibarlı müdafiəsini təşkil etmək olardı. Təəssüf ki, bu fürsətlər əldən verilib”.

Müstəqil dövlətimizin memarı və yaradıcısı ulu öndərimiz Heydər Əliyevin siyasi varisi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirir. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmiz artıq dünyanın ən inkişaf etmiş nüfuzlu dövlətləri sırasındadır. Ordumuzun beynəlxalq standartlar səviyyəsində inkişafı üçün bütün zəruri addımlar atılır. Azərbaycan ordusunun mütəşəkkilliyi sahəsində görülən irimiqyaslı işlər ictimaiyyət tərəfindən də son dərəcə razılıqla qarşılanır. Ölkə vətəndaşları, o cümlədən yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər yürüdülən düzgün siyasət nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə ürəkdən inanırlar.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ölkədə bütün sahələrdə olduğu kimi, məhkəmə sisteminin qurulması və uğurlu fəaliyyəti üçünolduqca çox işlər görmüş, bu sahədə lazımi hüquqi islahatlar həyata keçirilmiş, yeni qanunlar qəbul edilmiş və nəticədə Azərbaycan dövlətinə səmərəli xidmət göstərən mükəmməl məhkəmə sistemi yaradılmışdır.

Bu günlər əsgəri xidmətə yola salınan oğulların sıralarına nəzər yetirəndə, sözün həqiqi mənasında, fərəhlənməmək olmur. Hər bir gənc əsgəri xidmətə yola düşəcəyi anı səbirsizliklə gözləyir. Valideynlər, pedaqoji kollektivlər həmişə olduğu kimi, yenə də fəaldırlar. Onlar yaxşı başa düşürlər: Vətənə elə oğullar gərəkdir ki, onlar müstəqilliyimizi, ərazilərimizin bütövlüyünü qoruya bilsinlər, ata-babaların döyüş ənənələrini yaşatmağadaha da möhkəmləndirməyə qabil olsunlar. Hər bir Azərbaycan övladı bayrağımıza, gerbimizə, hərbi anda sədaqət ruhunda tərbiyə almalı, bunun üçün hərbi-vətənpərvərlik tərbiyəsi kompleks şəkildə təşkil olunmalıdır.

Respublikada hərbi-vətənpərvərlik tərbiyəsi ilə demək olar ki, hamı məşğuldur, sadəcə olaraq elə bir mühit təşəkkül tapmışdır ki, hər bir insan istənilən şəraitdə və istənilən vaxtda əsgər forması geyməyə hazırdır. Rayon rəhbərləri, müharibə və əmək veteranları, deputatlar, valideynlər, sənət adamlarımız Milli Ordumuzun hissələrinə tez-tez baş çəkir, həmin hissələrdə əsgəri borcunu yerinə yetirən gənclərimizin döyüş hazırlığı ilə yaxından tanış olur, öz dəyərli məsləhət və tövsiyələrini verirlər. Yerlərdə icra nümayəndəlikləri, bələdiyyələr və digər təşkilatlar, onların rəhbərləri bütün işlərdə hərbçilərə yaxından kömək edirlər. Onlar həmçinin gənclərin hərbi xidmətə hazırlanmasında və onların ordu sıralarına yola salınması ilə bağlı hər bir tədbirdə can-başla iştirak edirlər.

Hərbi-vətənpərvərlik tərbiyəsi, orduda xidmətin özəllikləri ilə tanışlıq məktəblərimizdən başlayır, bütün işlərin əsası məhz tədris müəssisələrində qoyulur. Məktəblərdə təşkil olunmuş Heydər Əliyev guşələri, xalqımızın döyüş ənənələrini əks etdirən stendlər, hərbi hazırlıq kabinetləri bu işdə xüsusilə mühüm əhəmiyyət kəsb edir. Tədris ocaqlarında ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətinin təbliğinə ən önəmli yer verilir, müdrik şəxsiyyətin Milli Ordu quruculuğundakı möhtəşəm fəaliyyəti əyani lövhələrlə açılıb göstərilir.

Hər bir Azərbaycan övladı bayrağımıza, gerbimizə, hərbi anda sədaqət ruhunda tərbiyə almalı, bunun üçün hərbi-vətənpərvərlik tərbiyəsi kompleks şəkildə təşkil olunmalıdır. Mən hətta deyərdim ki, lap elə uşaq bağçalarında balacalar əsgər həyatı haqqında ilkin təsəvvürlərə malik olmalıdırlar. Bundan başqa, çox təsadüf edirik ki, bəzən küçələrdə və həyətlərdə balaca uşaqlar hərbi xarakterli oyunlar, məsələn, “dava-dava” oynayırlar. Bizcə bunun heç bir ziyanı yoxdur. Uşaq məktəbə gələndə yenə belə oyunları davam etdirir. Müvafiq siniflər, yaş həddi imkan yaratdıqda, hərbi hazırlıq proqramları keçiləndə artıq şagird səngərin və silahın nə olduğunu bilir, hər hansı hərbi oyunlarda iştiraka bir növ hazır olur. Təhsil şəbəkəsində “Şahin”, “Cəsurlar”, “Marş irəli!” və başqa hərbi-idman oyunları belə bir şəraitdə daha yaxşı səmərə verir, şagirdlər öz bacarıqlarını nümayiş etdirməkdən ötrü daha inamla, düşünülmüş şəkildə səy göstərirlər. Bu, həmin gənclərin orduda xidmətə mükəmməl hazırlanmasında, ibtidai hərbi biliklərə yiyələnmələrində, fiziki cəhətdən sağlamdözümlü olmalarında çox mühüm rol oynayır. Hər bir məktəbdə xalqımızın döyüş ənənələrini əks etdirən guşələr təşkil olunmuş, hərbi hazırlıq kabinetləri bu işdə əvəzsiz bir vasitəyə çevrilmişdir.

İndi hər yerdə Böyük Vətən Müharibəsi veteranlarına, Qarabağ döyüşlərinin iştirakçılarına, şəhidlər vermiş ailələrə xüsusi qayğı göstərilir, onlara maddi yardımlar vaxtlı-vaxtında verilir, hərbi əməliyyatlar zamanı əlil olmuş keçmiş əsgərlərə lazımi müalicə üçün əlverişli şərait təmin olunur. Hərbi hissəyə övlad verən valideynlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına qayğı artırılır. Çağırışlar həmişə təntənəli şəraitdə keçirilir, veteranlarağsaqqallar gənclərə xeyir-dua verərək onlara yaxşı yol diləyirlər.

Ulu öndər Heydər Əliyevin bir kəlamını həmişə xatırlayıram: “Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə olaraq orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq Vətəni sevmək, torpağa bağlı olmaq budur vətənpərvərlik”. Ulu öndərin bu kəlamının işığında Silahlı Qüvvələr üçün layiqli oğulların hazırlanması, çağırışçı və çağırışaqədərki gənclərlə məqsədyönlü və müntəzəm aparılması bugünün ən ümdə məsələsidir.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını, orduda xidmət edənləri bayram münasibətilə təbrik edir, onlara işlərində uğurlar arzulayırıq.

 

Fəxrəddin AğamirzƏyev,

Füzuli Hərbi Məhkəməsinin hakimi.

 Respublika.-2014.- 26 iyun.- S.8.