“Dənizçi günü”nə
həsr olunmuş təntənəli tədbir
İyunun 25-də “Dənizçi günü”nə həsr
edilmiş təntənəli yığıncaq
keçirilmişdir.
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və “Rusiya Dəniz Registri Azərbaycanda” QSC-nin rəhbərliyi, dənizçilər Fəxri Xiyabanda, ulu öndər Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət edib abidələri önünə əklil və tər güllər qoyduqdan sonra Dənizçilərin Mədəniyyət Sarayına gəldilər. Dövlət himni oxunduqdan sonra söz DDA-nın rəisi Qüdrət Qurbanova verildi. Q.Qurbanov ölkə Prezidenti cənab İlham Əliyevin 19 iyun tarixli sərəncamı ilə təsis edilmiş yeni “Dənizçi günü” peşə bayramı münasibətilə dənizçiləri təbrik etdi.
Q.Qurbanov çıxışında bildirdi ki, ARDDA ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə 2001-ci il aprelin 21-də yaradılmış və həmin tarixdən öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməkdir.
Natiq qeyd etdi ki, ARDDA Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli fərmanı ilə təsdiqlənmiş əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Azərbaycan Respublikası 15 may 1995-ci ildən Beynəlxalq Dəniz Təşkilatının üzvüdür.
DDA BDT ilə sıx əlaqə yaradır, təşkilatın iclaslarında yaxından iştirak edir.
DDA indiyə qədər 20-dən çox beynəlxalq konvensiyalara qoşulub.
Sonra söz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevə verildi. QSC-in rəisi dənizçiləri peşə bayramı münasibətilə təbrik edərək dedi:
—Bu gün biz tarixi bir gün yaşayırıq. Birləşmiş dənizçilik cəmiyyəti kimi, ilk dəfə rəsmi olaraq, “Dənizçi günü”nü peşə bayramını qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 iyun tarixli Sərəncamı ilə ölkəmizdə “Dənizçi günü” peşə bayramı təsis edilmişdir. Bu, bütün Azərbaycan dənizçilərinin gərgin, lakin şərəfli əməyinə dövlət başçımızın verdiyi çox yüksək qiymətdir.
Möhtərəm Prezidentimizin dəniz nəqliyyatına daimi diqqət və qayğısının daha bir təzahürü bir qədər əvvəl burada səslənən sərəncamlardır. Əməkdə fərqlənən on dörd nəfər işçiyə fəxri adların verilməsi, onların “Tərəqqi” medalına layiq görülməsi hər birimizin qəlbini iftixar və minnətdarlıq hissi ilə doldurur. Biz ölkə rəhbərinə dərin təşəkkürümüzü bildiririk.
Bu gün tam əminliklə deyə bilərik ki, möhtərəm Prezidentimizin rəhbərliyi altında Azərbaycan dünyada ən sürətlə inkişaf edən dövlətlər sırasındadır.
Fərəhli haldır ki, Azərbaycanın inkişafı təkcə Bakıda deyil, bütün rayonlarda, kəndlərdə hiss olunur. Və bu gün biz qurur hissi ilə qeyd edə bilərik ki, Azərbaycanımızın sürətli inkişafında bizim dənizçilərin də xüsusi əməyi vardır.
Ölkəmiz tarixən Xəzər hövzəsində dənizçiliyin mərkəzi, Bakı ən böyük və əhəmiyyətli liman şəhəri olub. Xəzərdə dənizçilik sahəsinin ən inkişaf etdiyi ölkə kimi, Azərbaycan uzun illər 2 müxtəlif sahədə fəaliyyət göstərən gəmiçilik şirkətinə, gəmi təmiri zavodlarına, liman və digər aidiyyəti infrastruktura malik olubdur. Azərbaycanın keçmişində və bu günündə xüsusi yer tutan Xəzər Dəniz Gəmiçiliyi və Xəzər Dəniz Neft Donanması ayrı-ayrılıqda kifayət qədər iri gəmiçilik təşkilatları kimi fəaliyyət göstəriblər.
Hər iki donanma böyük və zəngin tarixə
malikdir.
Ötən il Xəzər Dəniz Gəmiçiliyi
155 yaşını qeyd edib, Xəzər Dəniz Neft
Donanması isə bu il özünün 65 illiyini qeyd edəcəkdir.
Bu iki dənizçilik təşkilatı və
onun fədakar dənizçiləri Azərbaycanın müstəqillik
qazanması istiqamətində gedən proseslərdə
yaxından iştirak edərək xalqımızın ən
ağır günlərində həmişə bir yerdə,
mübarizənin ön sıralarında olublar.
1990-cı ilin 20 Yanvar hadisələrində dənizçilərimiz
hansı donanmada çalışmalarından asılı
olmayaraq, vətəndaşlıq şücaəti göstəriblər,
imperiya qüvvələrinə qarşı birlikdə
mübarizə aparıblar və bütün dünyadan təcrid
olunmuş Azərbaycanda baş verən faciə barədə
məlumatı ilk olaraq dünya ictimaiyyətinə
ötürüblər.
Eyni zamanda, müstəqilliyimizin ilk illərində,
iqtisadiyyatımızın ən çətin günlərində,
gəmiçilik şirkətlərimiz ölkəmizin həyatında
xüsusi rol oynayıblar. Belə ki, 90-cı illərin
əvvəllərində və respublikamız müstəqillik
qazandıqdan sonra beynəlxalq yükdaşımaların həyata
keçirilməsində, Azəri-Çıraq-Günəşli,
Şahdəniz, Bahar, Ümid, 28 May və digər bu kimi nəhəng
və perspektivli neft-qaz yataqlarının mənimsənilməsində
fəal iştirak edən dənizçilərimiz dövlətçiliyimizin
möhkəmlənməsinə, iqtisadiyyatımızın
gücləndirilməsinə əvəzsiz töhfələr
veriblər. Bu tarixi yolda əmək qələbələri
də, çətinliklər də çox olub.
Müstəqilliyimizin ilk illərində bütün
ölkə iqtisadiyyatında müşahidə edilən tənəzzül,
qonşu respublikalarda gəmiçilik və donanmaların
ardıcıl olaraq dağılması prosesi hər birimizin
yaxşı yadındadır. Belə çətin
bir dövrdə yalnız Azərbaycanda mənfi proseslərin
qarşısını almaq mümkün oldu. Bu, ümummilli liderimiz Heydər Əliyevin tarixi xidməti
idi. Bütün dənizçilər dəniz
nəqliyyatının qorunub saxlanması, sonradan daha da
inkişaf etdirilməsi üçün məhz ulu öndərə
minnətdardırlar. Heydər Əliyev hələ
sovet dövründə Azərbaycana rəhbərlik edəndə
və Moskvada işləyəndə dəniz nəqliyyatına
daim xüsusi diqqət və qayğı göstərib,
donanmalarımızın yenilənməsi prosesinin əsasını
qoyub, sonradan isə onların dağılmasının
qarşısının alınınmasında və bu
günümüzə gəlib çatmasında müstəsna
rol oynayıb. Həmin tərəqqi
strategiyası bu gün möhtərəm Prezidentimiz cənab
İlham Əliyev tərəfindən bacarıqla davam
etdirilir. Həm nəqliyyat, həm də
neft donanmamız hazırda vahid orqanizm kimi bir amala — Azərbaycanın
inkişafına xidmət edir.
Möhtərəm
Prezidentimiz yeni yaradılmış cəmiyyət
qarşısında yerli və beynəlxalq
daşımaların səmərəliliyinin
artırılması, ölkənin rəqabət qabiliyyətinin
və tranzit potensialının gücləndirilməsi kimi, eləcə
də “Azərbaycan 2020: Gələcəyə baxış”
İnkişaf Konsepsiyasında nəqliyyat səhəsində
nəzərdə tutulmuş digər vacib vəzifələr
müəyyən etmişdir.
Əsas hədəflərimiz
ilkin mərhələdə Xəzər dənizi hövzəsində,
daha sonra isə Xəzərdən kənarda rəqabətədavamlı
və beynəlxalq standartlara uyğun daşıma xidmətləri
göstərən nüfuzlu və çevik gəmiçilik
şirkəti qurmaq, kommersiya baxımından səmərəli
fəaliyyəti təmin etmək, Azərbaycanın beynəlxalq
əhəmiyyətli nəqliyyat və logistika mərkəzinə
çevrilməsi siyasətinə xidmət etmək, gəmiçilik
sahəsində yüksək ixtisaslı yerli kadrların
formalaşmasına nail olmaqdır.
Biz ətraflı
inkişaf strategiyasının hazırlanmasını, yeni kadr
siyasətinin tətbiqini, idarəetmə strukturunun təkmilləşdirilməsini,
idarəetmə mexanizmlərinin effektivliyinin
artırılmasını, maliyyə-təsərrüfat fəaliyyətinin
optimallaşdırılmasını və beynəlxalq
standartlara uyğunlaşdırılmasını,
donanmaların yeniləndirilməsini, müştərilər
arasında etibarlı tərəfdaş imicinin
yaradılmasını qarşıdakı məqsədlərə
çatmaq üçün əsas vasitələr kimi qiymətləndiririk.
“Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
tam şəffaflıq və tam nəzarət prinsiplərinə
əməl olunmaqla, Maliyyə Hesabatlarının Beynəlxalq
Standartlarının tətbiqinə başlamış,
müasir SAP ERP proqramı üzrə modulların tətbiqini
təmin etmişdir. Bu istiqamətdə işlər
beynəlxalq standartlara tam uyğunlaşana qədər davam
etdiriləcəkdir.
Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyəti nəqliyyat kompleksində
önəmli yer tutur və beynəlxalq yükdaşıma
bazarında, xüsusilə Avrasiya nəqliyyat dəhlizində
aparıcı nəqliyyat müəssisəsi kimi fəaliyyət
göstərir.
Bununla yanaşı, cəmiyyətə məxsus gəmilər
üçün Xəzər regionunda sabit yük
bazasının formalaşması bir sıra ciddi problemlərlə
üzləşir. Belə ki, Xəzər dənizində fəaliyyət
göstərən gəmiçilik şirkətləri
arasında rəqabət getdikcə kəskinləşir.
Hazırda Xəzər dənizində cəmiyyətin donanmasından
başqa, Türkmənistan, Qazaxıstan, İran və Rusiyanın gəmiçilik
şirkətləri fəaliyyət göstərərək,
öz donanmalarının potensialını daim
artırırlar. Cəmiyyətin
qarşısında duran ən başlıca vəzifələrdən
biri də bu rəqabətə davam gətirmək və
yükdaşımalar bazarında öz mövqeyini qoruyub
saxlamaqdır.
Regionda nəhəng beynəlxalq layihələrin
gerçəkləşdirilməsi, xüsusilə də
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və
Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə istismara verilməsi
ilə əlaqədar yük həcminin və bu yüklərin
daşınması üçün müxtəlif təyinatlı
gəmilərə olan tələbatın daha da
artacağı gözlənilir. Tələbatın
çoxaldığını və gəmilərimizin orta
yaş həddinin 29 il olduğunu nəzərə
alaraq, donanmanın yenilənməsi prosesinin davam etdirilməsi
zəruridir. Xəzər dənizində rəqabət
günbəgün sərtləşdiyindən, nəqliyyat
donanmasının gücləndirilməsi üçün
yeni, müasir gəmilərin alınması daim diqqət mərkəzindədir.
2012-ci ildə dövlət büdcəsindən 1 ədəd
üzən dokun və 1 ədəd yedək gəmisinin
alınmasına 25,6 milyon manat vəsait
ayrılmışdır. 2013-cü ilin
sentyabrında yedək gəmisi artıq alınmış və
istismara verilmişdir. 2014-cü ildə isə yeni üzən
dokun istismara verilməsi gözlənilir..
Həmçinin 2013-cü ildə Bakı Gəmiqayırma
Zavodu tərəfindən “Socar-1” gəmisi tikilərək
istismara verilmişdir. Bu il aprelin 25-də Bakı Gəmiqayırma Zavodu ilə
26 milyon 550 min dollar dəyərində 3 ədəd 80 nəfərlik
sərnişin gəmisinin tikintisi ilə bağlı
müqavilə imzalanmışdır.
Dənizdə neft-qaz hasilatı ilə bağlı
müxtəlif təyinatlı xidmətlərin həyata
keçirilməsi Xəzər Dəniz Neft Donanmasının
iştirakı ilə aparılır. Həmin işlərə seysmik və
geoloji axtarış, dəniz özüllərinin
daşınması və estakadaların tikilməsi, istismar
dövründə təmir işlərinin təmin
olunması, dəniz obyektlərinin yanğından mühafizəsi,
neft-qaz kəmərlərinin çəkilməsi, dəniz
neftçilərinin iş yerlərinə
çatdırılması, yanacaq-sürtkü
materiallarının, kimyəvi reagentlərin
daşınması, sualtı-texniki, qəza-xilasetmə
işlərini və sairi aid etmək olar.
Xəzər
Dəniz Neft Donanması müvafiq xidmətlər göstərmək
üçün Dövlət Neft Şirkətinin müxtəlif
idarə və törəmə müəssisələri,
Dövlət Sərhəd Xidməti, Bahar Enerji Əməliyyat
Şirkəti, Baku Steel Company, Fövqəladə Hallar
Nazirliyi, Bakı Gəmiqayırma Zavodu, habelə BP, Saipem,
Transmarine, Arizona, BUE-Caspian, CMS və sair şirkətlərlə
müqavilələr əsasında işləyir, sifarişləri
vaxtında və keyfiyyətlə yerinə yetirməyə
çalışır.
Dənizçi peşəsi həmişə nüfuzlu
peşə sayılıb. Təəssüf ki,
son illərdə bu peşənin prestiji, dənizçilərin
sosial rifahı günün tələbləri səviyyəsində
olmayıb. Biz dənizçinin nüfuzunu
özünə qaytarmalı, bu istiqamətdə təcrübəli
veteranlarımızın əmək ənənələrindən
bəhrələnməli, yeni, gənc, savadlı dənizçi
nəsli yetişdirməliyik. Bizim gələcəyimiz
olan tələbələrimizin yüksək bilikli mütəxəssis
kimi hazırlanması üçün əlimizdən gələni
etməliyik. Mən
veteranlarımızı, gənclərimizi, bütün
kollektivimizi, dəniz nəqliyyatı işçilərini
peşə bayramı münasibətilə ürəkdən
təbrik edir, sizin hər birinizə uğurlar diləyir, ən
xoş arzularımı bildirirəm.
Sonra Bakı Beynəlxalq Dəniz Ticarəti
Limanının baş direktoru Elçin Mirzəyevə
söz verildi.
E.Mirzəyev
Bakı şəhərindən 70 kilometr aralıda, Ələt
qəsəbəsində tikilən yeni Beynəlxalq Dəniz
Ticarət Limanının gələcək fəaliyyətindən,
onun dünya standartları səviyyəsində tikilməsindən
dənizçilərə geniş və ətraflı məlumat
verdi. Sonra Dəniz Nəqliyyatı İşçiləri
Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin
sədri Səməd Allahverdiyev çıxış edərək
işçilərin hüquq və qanuni mənafelərini
müdafiəsi istiqamətində görülən işlərdən
danışdı, qeyd etdi ki, bu işlər “Həmkarlar
İttifaqı haqqında” qanuna, Azərbaycan Respublikası
Əmək Məcəlləsinin tələblərinə əsasən
həyata keçirilir.
Səməd Allahverdiyev onu da vurğuladı ki, qısa
müddət ərzində Səhmdar Cəmiyyətin rəhbərliyi
tərəfindən 7 əmr-qərar hazırlanıb
imzalanmışdır. Bu qərarlar işçilərin rifah halının,
sağlamlığının
yaxşılaşdırılmasına, təhlükəsizlik,
iş şəraitinin yaxşılaşdırılması
üçün zəmin yaradar.
Yığıncağın sonunda dənizçilər
adından Prezident cənab İlham Əliyevə müraciət
qəbul edildi.
Kamal
İBADOV,
Respublika.-2014.- 26
iyun.- S.9.