Od və işıq ölkəsi Azərbaycan”

 

Azərbaycana həsr olunan əsərlərin demək olar ki, hamısında Azərbaycan sözü ilə yanaşıod”, bu odun istisinə qızınan Azərbaycan xalqının özünəməxsus keyfiyyətlərindən danışarkən isə mütləqistiqanlısözünün işlədilməsi təbiidir. Çünki qədim yurdumuzda od, işıq həmişə uca, müqəddəs hesab olunmuşdur. Təsadüfi deyildir ki, bu günel arasında işlədilən alqış, qarğış, andlarımızın əksəriyyəti məhz bu sözlərlə bağlıdır.

Yazıya belə bir girişlə başlamağım təsadüfi deyil. Belə ki, 2012-ci ildə Qahirədə Azərbaycana həsr olunmuş kitabın müəllifi Misir alimi professor Əhməd Safsafi Əl-Quturi də bu ənənəyə sadiq qalaraq, od, işıq kəlmələrinin Azərbaycan xalqı üçün nə qədər dəyərli olduğunu anlamış və əsərini məhz “Od və işıq ölkəsi Azərbaycan” adlandırmışdır. Kitaba seçdiyi addan Misir aliminin Azərbaycana duyduğu rəğbət hissini açıq-aydın hiss etsəm də, kitabı oxuduqca müəllifin nə isə yazmaq xatirinə deyil, məhz ölkəmizlə, adət-ənənələrimizlə, tariximizlə, mədəniyyətimizlə yaxından maraqlanaraq, bu sahədə dərin araşdırmalar apardığının əyani şahidi oldum.

Əl-Quturi giriş hissədə Azərbaycana etdiyi səfərlərdən, bu səfərlərin səbəblərindən, aldığı təəssüratlardan böyük həvəslə söz açır. Müəllifin yazdıqlarına istinadən belə nəticəyə gəlmək olar ki, o, Azərbaycana dörd dəfə səfər etmişbu səfərləri ərəfəsində ziyalılarımız, ictimai xadimlərimiz, alimlərimizlə əlaqə saxlamışdır. Müəllif Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, “Respublika” qəzetinin Baş redaktoru professor Teymur Əhmədov, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Nizami adına Ədəbiyyat İnstitutu Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəşinin müdiri, professor İmamverdi Həmidovla olan görüşləri haqqında da maraqlı məlumatlar vermişdir.

Ümumiyyətlə, kitabın hazırlanmasında müəllif ərəb, Azərbaycan, türkingilis dillərində olan mənbələrdən istifadə etmiş və əldə etdiyi məlumatları ayrı-ayrı fəsillərdə ümumiləşdirmişdir. Müəllifin Bakıda və Gəncədə çəkdirdiyi fotoşəkillər də kitaba xüsusi rəng qatmışdır.

Müqəddimədən belə məlum olur ki, Əl-Quturi Ər-Riyadda yerləşən Asiya xalqlarının dilləri kafedrasında türk dili bölümünün yaradıldığı Əl-Məlik Səud Universitetindən qayıtdıqdan sonra Sovet İttifaqının dağılması ilə müstəqillik qazanan türk müsəlman dövlətlərinə dəstək verməyə çox israrlı olur. Və elmi şuranın razılığı ilə 1998-1999-cu tədris ilindən etibarən çalışdığı fakültənin türk dili bölməsində Azərbaycan dilinin tədrisini təşkil edir. Bu işə bilavasitə rəhbərlik edən Əl-Quturi dilin tədrisini İrandan gəlmiş Güney Azərbaycan əsilli bir müəlliməyə həvalə edir.

Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmağa çalışan alim öz tələbəsi Əhməd Sami əl-Aydənə magistr işinin mövzusunu Azərbaycan dili və mədəniyyəti ilə əlaqədar götürməyi məsləhət görür. Beləliklə, xalq qəhrəmanı Qaçaq Nəbiyə həsr olunmuş mövzu Ayn Şəms Universitetində uğurla müdafiə olunur.

Bu işləri öz gücü və imkanları hesabına həyata keçirən müəllifin Azərbaycan səfirliyi, Azərbaycan ziyalıları ilə yaxından tanışlığından sonra Vətənimizə olan marağı daha da artır. Əl-Quturinin Azərbaycan jurnalisti Nərgis Rüstəmli ilə Ayn Şəmsdəki görüşünün nəticəsi isə daha məhsuldar olur. Belə ki, Vətənə qayıtdıqdan sonra Nərgiz xanım mətbuatda bu haqda geniş məqalə ilə çıxış edir. Rəsmi dairələrdə böyük əks-səda doğuran bu məqalə sayəsində Əl-Quturi 13-18 mart 2006-cı il tarixində Bakıda keçirilən xaricdəki azərbaycanlıların ikinci konfransına dəvət alır. Bu, müəllifin Bakıya ilk səfəri idi. Beynəlxalq aləmdə erməni lobbisinə qarşı əks-cəbhə, yəni Azərbaycan lobbisi yaratmaq məqsədi güdən bir konfransda misirli alimin də iştirakı mediya işçilərinin böyük marağına səbəb olur.

Sonralar müxtəlif vaxtlarda bir neçə dəfə Azərbaycanda olan tədqiqatçı həmişə buradan xoş təəssüratlarla ayrılmışdır. Kitabda müəllifin Azərbaycanda çəkdirdiyi fotoşəkillərdən də göründüyü kimi, həmişə Azərbaycan ziyalıları ilə sıx əlaqədə olmuş, müxtəlif tədbirlərdə iştirak etmişdir. Belə tədbirlərin birində müəllif hətta öz azərbaycanlı ziyalı dostlarının təkidi ilə Azərbaycan dilində çıxış da etmişdir.

Əl-Quturi Azərbaycanla bağlı düşüncələrinə müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əlirza oğlu Əliyevin xatirəsi ilə başlamış, 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini məhz onun sayəsində əldə etdiyini göstərmişdir. Heydər Əliyevin mahir siyasətçi, dövlət qurucusu kimi Azərbaycanın müstəqilliyi yolunda atdığı uğurlu addımlardan danışan müəllif qeyd edir ki, Heydər Əliyev ərəb islam dövlətləri ilə siyasiiqtisadi əlaqələrin yaradılmasına da böyük diqqət yetirmişdir. Azərbaycanın öz  müstəqilliyini  yenicə  bərpa  etdiyi o illərdə “Azərbaycanın dərdi dərdimiz, sevinci sevincimizdir” deyən Mustafa Kamal Atatürkün prinsiplərinə sadiq qalan çağdaş Türkiyənin və Misir Ərəb Respublikasının Azərbaycanın müstəqilliyini tanıyan, ora öz səfirlərini göndərərək Bakıda öz səfirliklərini yaradan ilk dövlətlər sırasında olduğunu da vurğulamışdır.

Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası sahəsində konkret addımlar atan Heydər Əliyevin azad bazar iqtisadiyyatına keçid üçün şərait yaratdığını, xarici şirkətləri neft, təbii qaz və digər sahələrə investisiya qoymağa cəlb etməklə bu sahələri inkişaf etdirdiyini, qısa müddət ərzində Azərbaycanın bir sıra beynəlxalq təşkilatlara üzv qəbul olunduğunu da qeyd etmişdir.

Daha  sonra ümummilli liderin tərcümeyi-halını  yazan müəllif, onun nailiyyətini qısa xronologiya şəklində vermiş, təltif olunduğu ordenmedallara, fəxri adlara da toxunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini də qısa şəkildə işıqlandırdıqdan sonra, müəllif öz oxucularını Azərbaycanın coğrafi mövqeyi ilə tanış etmişyeri gəldikcə, müxtəlif xəritələrdən, fotoşəkillərdən də istifadə etmişdir.

Azərbaycandan danışarkən dilimiziunutmayan müəllif çox düzgün olaraq qeyd edir ki, cənub türk dilləri qrupuna daxil olan bu dil əsrlər boyu ərəb, farsrus mədəniyyətinin təsiri altında müxtəlif dəyişikliklərə məruz qalmış və müxtəlif illərdə məcburən müxtəlif əlifbadan istifadə etmə bu dilin inkişafına, qrammatik qaydalarına öz mənfi təsirini göstərmişdir. Belə ki, sovetlər dönəmində dövlət dili kimi rus dilindən istifadə olunan Azərbaycanın öz doğma dili ikinci dərəcəli bir dilə çevrilmiş və yalnız 1992-ci ildə parlamentin qərarı ilə rəsmi dövlət dili Azərbaycan dili elan olunmuşdur.

Azərbaycanda İslam dininin təşəkkülünə də toxunan müəllif burada nəinki İslamın müxtəlif təriqətləri, hətta müxtəlif dinlər arasında belə radikal münasibətlərin olmadığını da qeyd etmişdir. Əsrlər boyu İslam ölkələrində şiə-sünni məzhəbləri arasındakı qanlı qarşıdurmalara, din qardaşları arasında düşmən münasibətlərə adət etmiş ərəb alimi yaxşı mənada belə bir vəziyyətə öz təəccübünügizlətmir. Bakının özündə qədim İslam mədəniyyətinə aid məscidlərin, memarlıq abidələrinin olduğunu da qeyd edən müəllif buranı qədim İslam mədəniyyətinin ən gözəl mərkəzlərindən biri kimi qiymətləndirir. Bu məsələ ilə bağlı bir faktı da qeyd edim ki, 2007-ci ilin noyabr ayında İSESKO-ya üzv dövlətlərin mədəniyyət nazirlərinin Liviyanın paytaxtı Tripoli şəhərində keçirilən V konfransının nəticələrinə görə, Bakı şəhəri 2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan edilmişdi. Bununla yanaşı, İslam mədəniyyəti nazirlərinin VI konfransının açılışının da Bakıda keçirilməsi qərara alınmışdı. Bu əlamətdar hadisə ilə əlaqədar Bakıda təşkil olunan təntənəli tədbirləri izləmək üçün paytaxtımıza təşrif buyuran qonaqlar arasında olan “Azərbaycan” və “Yeni diplomatiya” qəzetinə rəhbərlik edən misirli jurnalist Muhamməd Sələmə də ölkəmizə həsr etdiyi məqalələrdə şəhərimizi İslam dünyasının Qahirə, İsfahan, Bağdad, Səmərqənd, Daşkənd, İstanbul kimi əsas mədəniyyət ocaqları ilə müqayisə etmişdir.

Azərbaycanın iqtisadi coğrafiyasını da araşdıran Əl-Quturi bununla bağlı olan məlumatları üçüncü bölümdə ümumiləşdirmişdir. Burada Azərbaycanın əlverişli coğrafi mövqeyi, su hövzələri, iqlim qurşaqları, meşə zolaqları və s. geniş şəkildə işıqlandırılmış, Herodot, Strabon, Klavdiy Ptolemey kimi tarixçilərin və səyyahların əsərlərində Azərbaycana, Xəzər dənizinə aid məlumatlara rast gəlindiyini də qeyd etmişdir. Həmçinin ərəb coğrafiyaşünasları və səyyahlarından Xurdabeyhinin, Əbu İshaq İstəxrinin, Azərbaycan alimi Məhəmməd Naxçıvaninin, İran alimi Rəşidəddin Fəzlullahın da əsərlərində Azərbaycanın iqtisadi coğrafiyasından, ərazi bölgüsündən, çaylarından, dağlarından və s. bəhs olunduğunu yazmışdır. Daha sonra Xəzər dənizi və onun Azərbaycan sektoru haqqında da oxucuya əsas məqamları çatdıran müəllif diqqəti Xəzərin təbii sərvətlərinə yönəltmişdir.

Ümumiyyətlə, Azərbaycandan sevə-sevə bəhs edən Əl-Quturi ölkəmizi ərəb oxucuları ilə daha yaxından tanış etmək məqsədilə ən xırda detalları belə unutmamış, onun təbii sərvətlərindən, burada toxunan xalçalardan, Qarabağda yetişdirilən cins atlardan, dünyanın ən nadir bitkilərindən olan Xarı bülbüldən, əl işlərindən danışmaqla yanaşı, yeri gəldikcə, rəngli fotoşəkillərdən də istifadə etmişdir.

Şübhəsiz ki, Odlar Yurdunun qədim və zəngin tarixikitabda öz əksini tapmışdır. Əlbəttə, neçə minillik tarixi qısa şəkildə işıqlandırmaq böyük hünər tələb edir. Amma müəllif bu işin öhdəsindən layiqincə gəlmişdir. Belə ki, o, dünyanın ən qədim insan məskənlərindən biri hesab olunan Quruçay yaşayış məskənindən, Qobustan, Gəmiqaya təsvirlərindən başlayaraq, müasir dövrə qədər Azərbaycanın tarixinin bütün dövrlərinə sanki qısa bir ekskursiya təşkil etmişoxucuya ən maraqlı məlumatları çatdırmağa nail olmuş, nəsillərdən nəsillərə keçən qədim mədəniyyətimizə də toxunmuşdur.

Daha sonra Azərbaycan xalqının və Azərbaycan dilinin təşəkkül tarixinə yer verən tədqiqatçı miladdan yüz illər də əvvəl Azərbaycan ərazisində türk dilində danışan tayfaların məskunlaşdığını qeyd etmişdir. “Dədə Qorqud” dastanına və digər mənbələrə istinad edən müəllif yazır: Türk dilinin hələ qədimdən Azərbaycanda vahid dil kimi istifadə olunması ilə bağlı “Ubeyd bin Şureyh əl-Curhəminin xəbərləri” kitabında belə qeyd olunub ki, birinci Əməvi xəlifəsi Müaviyə ibn Əbu Sufyan (661-696) Azərbaycan haqqında geniş biliklərə malik olan əl-Curhəmiyə bu ölkə ilə bağlı sual verdikdə əl-Curhəmi belə cavab verir ki, Azərbaycan türklərin məskunlaşdığı türk torpaqlarıdır”.

Azərbaycanda İslamın yayılması, xilafət əleyhinə baş qaldıran üsyanlardan, Xürrəmilər hərəkatından, Babəkdən də qısa şəkildə bəhs edən müəllif xilafətin süqutundan sonra Azərbaycanda yaranan dövlətlərdən də danışmış, bir-birini süquta uğradaraq hakimiyyətdə olmuş Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər kimi dövlətlərə də yer vermişdir. Müəllif 14 yaşında hakimiyyətdə olmuş Şah İsmayıldan böyük məhəbbətlə söz açmış, türk tayfalarını birləşdirərək, tarixdə özünəməxsus iz buraxan mərkəzi Təbriz şəhəri, dövlət dili türk dili olan böyük bir imperiya yaratdığını qeyd etməklə yanaşı, Şah İsmayılın Xətai təxəllüsü ilə gözəl şeirlər yazdığını da vurğulamış, şairin yaradıcılığını isə Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunmuş hissədə daha geniş şəkildə işıqlandırmışdır. Səfəvilər dövründə mədəniyyətin yüksək inkişafına da toxunan alim bu dövrdə şairlərin üç dildə - ərəb, fars və Azərbaycan dillərində öz qələmlərini sınadıqlarını qeyd etmiş, Azərbaycan dilində yazılmış əsərlər arasında ən mükəmməl nümunələrdən biri kimi dahi şairimiz Məhəmməd FüzulininLeyli və Məcnun” poemasını, rəssamlıqda Səfəvilərin sarayında yaşamış dahi rəssam Kəmaləddin Behzadı, tarix elmində mənşəcə Azərbaycan türklərindən olan məşhur çoxcildlik “Əhsən ət-təvarix” (“Tarix kitablarının ən yaxşısı”) təzkirəsinin müəllifi Həsən bəy Rumlunu da xatırlamış, bir sözlə, Səfəvilər dövründə mədəniyyətin yüksək inkişafını təqdir etmişdir.

Təbiidir ki, Azərbaycan tarixindən danışarkən Rusiyanın və İranın işğalçılıq siyasətinə toxunmamaq mümkün deyil. Müəllif də bu ənənəyə sadiq qalaraq, əvvəlcə çar Rusiyasının, İranın, daha sonra isə Sovet Rusiyasının Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasətinə geniş yer vermişdir. Burada yerləşdirilmiş xanlıqlar dövrünə aid xəritə isə böyük əhəmiyyət kəsb edir. Çünki xəritəyə baxan oxucu daxildən parça-parça, zolaq-zolaq olan Azərbaycanda işğal üçün əlverişli şəraitin olduğunu o saat anlayır.

Şəki, Qarabağ (burada Şuşa şəhərinin əsasının necə qoyulduğu da qeyd olunmuş, Pənah Əli xanın, onun adına kəsilmiş sikkələrin, Şuşa qalasının açarlarının, həmin dövrə aid İslam mədəniyyətini təcəssüm etdirən memarlıq abidələrinin, Pənah xanın vəziri şair Molla Pənah Vaqifin Şuşada qoyulmuş heykəlinin şəkilləri də verilmişdir), Quba xanlıqları haqqında məlumat vermişbu bəhsin sonunda qeyd etmişdir ki, Azərbaycan bir tərəfdən İranın, digər tərəfdən isə Rusiyanın hücumlarına məruz qalsa da, Azərbaycan xalqı bu hücumlardan xeyli əziyyət çəksə də, yenə də yazıb-yaratmaq eşqi bu xalqı heç vaxt tərk etməmiş, Füzuli ənənələri Şakir Şirvanı, Nəşati Şirvanı, Arif Şirvanı, Arif Təbrizi və s. kimi şairlərin yaradıcılığında layiqincə davam etdirilmişdir. Və həmin dövrün ən görkəmli şairləri kimi Molla Vəli VidadiniMolla Pənah Vaqifi göstərmişdir.

Öz strateji mövqeyinə və zəngin təbii sərvətlərinə görə iri dövlətlərin maraq dairəsində olan Azərbaycanın çar Rusiyası və İran tərəfindən sıxışdırılması, bu dövlətlər arasında gedən aramsız müharibələr, xanlıqların yavaş-yavaş müstəqilliklərinə son qoyulması, 1805-ci ildə rus generalı Sisianovla Qarabağ xanı İbrahim Xəlil xan arasında bağlanan Kürəkçay müqaviləsi və nəhayət, birinci İran-Rusiya müharibəsinin nəticəsində bağlanan, Azərbaycanın köksünü parçalayıb onu iki yerə bölən 1813-cü ilinGülüstan” müqaviləsi... Bütün bunlar da misirli alimin kitabında ən vacib məqamlara toxunulmaqla izah olunub. Sonra isə İngiltərənin təhriki ilə başlayan ikinci Rusiya-İran müharibəsi və 1828-ci ilin “Türkmənçay” müqaviləsi...

 

(davamı növbəti saylarımızda)

 

İmamverdi HƏMİDOV,

AMEA Nizami adına Ədəbiyyat İnstitutu Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri.

 Elnarə ZEYNALOVA,

AMEA Nizami adına Ədəbiyyat İnstitutu Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi.

Respublika.-2014.- 26 iyun.- S.9.