Geologiya İnstitutu yüksəliş
yolunda
Geologiya İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi müəssisələrindəndir. İnstitutun alimləri geoloji elmin inkişafına, respublika ərazisinin geoloji quruluşunun öyrənilməsi üzrə fundamental və tətbiqi məsələlərin həllinə, Azərbaycanın mineral-xammal bazasının yaradılması və möhkəmlənməsinə əhəmiyyətli töhfələr vermişlər.
Geologiya İnstitutunun rəsmi yaranma tarixi 1938-ci ildən
başlayır. Bu tarix kitabında şərəfli və gözəl
səhifələr heç də az deyil. Azərbaycanda geoloji tədqiqatların tarixi boyu
Geologiya İnstitutuna xas olan səciyyəvi xüsusiyyət
izlənir—kəşfetmə və liderlik ruhu.
Geologiya İnstitutunun fəaliyyəti
dövründə bu elm ocağına professor M.H.Ağabəyov,
akademik Q.Ə.Əlizadə, akademik Ə.C.Sultanov, Azərbaycan
EA-nın müxbir üzvü Ə.H.Əliyev,
geologiya-minerologiya elmləri namizədi A.S.Bayramov, akademik
Ş.F.Mehdiyev, akademik Ə.C.Sultanov, professor Ə.N.Əlixanov
rəhbərlik etmişlər. Hazırda
instituta akademik A.Əlizadə rəhbərlik edir.
İlk illərindən başlayaraq İnstitut alimlərinin
səyi aktual fundamental və tətbiqi məsələlərin
həllinə yönəldilmişdir. Azərbaycanın
ümumi geoloji xəritəsi və ilk faydalı
qazıntılar və mineral sular xəritələri tərtib
edilir.
İnstitut alimlərinin tədqiqatları sayəsində
Azərbaycan fanerozoyunun regional stratiqrafik bölgü sxemləri
işlənilib hazırlanmışdır. Praktiki olaraq
stratiqrafik cəhətdən vacib olan əksər fossil fauna
qrupları öyrənilmişdir. Azərbaycanın
fanerozoy çöküntülərinin SSRİ-nin Cənubi və
Avropanın eyni yaşlı çöküntüləri ilə
korrelyasiyası aparılmış, fauna və floranın
inkişaf tarixi və etapları, hövzənin
paleobiocoğrafi xüsusiyyətləri
işıqlandırılmışdır.
İlk onilliklərin görkəmli nailiyyətlərindən
xüsusi xəritələr (geoloji, tektonik və neotektonik)
seriyasının, Azərbaycanın qırılmalar
tektonikası xəritəsi, Şərqi Qafqazın alp mərhələsinin
qırışıq əmələgətirən proseslər
xəritəsinin tərtib və nəşrini qeyd etmək
olar.
İnstitutun fəaliyyətinin bütün dövrlərində
neft-qaz geologiyası və geokimyası prioritet istiqamət
olmuşdur. Neftin genezisi, sanaye əhəmiyyətli neftqaz
yığımlarının əmələ gəlmə və
paylanmasının aktual problemləri tədqiq olunmuşdur.
Qırışıqlıq vilayətlərinə
tətbiq edilə bilən xüsusi metodika üzrə Azərbaycanda
neft və qaz resurslarının proqnoz qiymətləndirilməsi
verilmiş, ən perspektivli stratiqrafik komplekslər və
rayonlar ayrılmış və onların hüdudlarında kəşfiyyat
işlərinin aparılması üçün təkliflər
irəli sürülmüşdür. “Azərbaycan SSR-in
neft və qaz —perspektivli strukturlar xəritəsi” (1:500000
miqyaslı) tərtib və çap edilmişdir.
Cənubi
Xəzər çökəkliyinin neft-qaz yataqlarının
formalaşma qanunauyğunluqlarının müfəssəl
öyrənilməsi əsasında karbohidrogenlərin maye
fazada sənaye yığımlarının 10 km-dək dərinliklərdə
toplanma mümkünlüyü nəzəri cəhətdən
əsaslandırılmış, qeyri-antiklinal neft-qaz yataqlarının
axtarışı proqnozlaşdırılmışdır.
Nadir təbiət
hadisəsi olan palçıq vulka
nizminin
sistematik tədqiqi İnstitutun mühüm elmi istiqamətidir.
1971-ci ildə dünya geoloji təcrubəsində
ilk dəfə olaraq akademik Ə.Ə.Yaqubovun rəhbərliyi
ilə “Azərbaycan SSR-in palçıq vulkanları”
atlası tərtib edilib çap olunmuşdur. Geologiya
İnstitutu bu elmi istiqamət üzrə baş təşkilat
olaraq (Sovet dövründə) nəinki Azərbaycanın,
habelə Gürcüstan, Türkmənistan, Kerç və
Taman yarımadaları, Kuban, Saxalin adası palçıq
vulkanlarının öyrənilməsi sahəsində tədqiqatlar
aparmışdır.
Maqmatik, metamorfik və metasomatik əmələgəlmələrin
maddə tərkibi, yayılması və paylanması və bu
süxurlarla əlaqədar olan faydalı qazıntı
yataqlarının formalaşma qanunauyğunluqları öyrənilmişdir.
Azərbaycan
üçün yeni olan petroqrafik süxur tipləri (latitlər,
traxitlər, şoşonitlər) aşkar edilmişdir, Kür
çökəkliyində mezozoy vulkanizminin geniş
yayıldığı müəyyən edilmiş, Azərbaycan
ərazisinin vulkanik və intruziv komplekslərinin yaş və
formasiya üzrə bölgüsü verilmiş, metomorfizm
fatsiyaları ayrılmaqla genetik tiplərə görə
onların təsnifatı işlənilmişdir. Azərbaycanın ayrı-ayrı filiz
rayonlarının regional-petroqrafik və petrogenetik modelləri
işlənilib hazırlanmışdır.
Çoxillik tədqiqatlara əsasən filiz yataqlarının
geoloji-struktur xüsusiyyətləri müəyyən
edilmişdir.
Filizlərin mineral tərkibi, teksturu,
geokimyası, metamorfik dəyişilmələri və
onların fiziki-kimyəvi formalaşma şəraitləri,
filizləşmənin lokallaşmasında müxtəlif
geoloji amillərin rolu öyrənilmişdir. Metallogenik zonaların filiz resurslarının proqnoz
qiymətləndirilməsi və axtarış-kəşfiyyat
işlərinin istiqamətləndirilməsi üçün
praktiki tövsiyələr verilmişdir.
İnstitutun maqmatik formasiyaların filizliyi üzrə
apardığı tədqiqatlar nəticəsində
Kiçik Qafqazda, mis-porfir filizləşməsi kəşf
edilmiş və onun mezozoy qranitoidləri ilə
bağlılığı əsaslandırılmışdır. Azərbaycanda maqmatik əmələgəlmələrinin
radioxronoloji tədqiqatları onların yaş üzrə
bölünməsinə imkan verdi. Orta Kür depressiyasının vulkanogen əmələgəlmələrinin
yaşının müəyyən edilməsi, habelə
Qusar-Dəvəçi törəmə çökəkliyinin
vulkanogen qatının (alt yura) və metamorfikləşmış
təbəqəli-kvarslı şistlərin (perm-trias)
yaşının təyininin böyük elmi-praktiki əhəmiyyəti
vardır.
Akademik Ş.N.Məmmədovun rəhbərliyi ilə
dağ-mədən işləri sahəsində filiz və
neft yataqlarının açıq və yeraltı sistem və
texnologiyalarının işlənilməsi, süxurların
partlayışla dağıdılması, dağ-mədən
qazmalarının aparılması və bərkidilməsi
üzrə fundamental və tətbiqi elmi-texniki tədqiqatlar
aparılmışdır.
Ayrı-ayrı
elementlər və ya element qrupları ilə süxurun
filizliliyi arasında dəqiq əlaqənin müəyyən
edilməsi Azərbaycan mütəxəssislərinə
regionlar üzrə və eyni zamanda Azərbaycanın ümumi
geokimyəvi xəritəsinin (1:500000) metodikasını
işləyib hazırlamağa və tərtib etməyə
imkan verdi.
Geokimyəvi və mineraloji tədqiqatlar sayəsində
360-dan çox mineral növü və növmüxtəlifliyi
səciyyələndirilmiş və bunlardan bəziləri
(daşkəsənit, tusiit və s.) ilk dəfə müəyyən
edilmişdir.
Kimyəvi elementlərin mütəhərrik
formalarının miqrasiyasının müasir proseslərinin
öyrənilməsinə əsaslanan dərinlik geokimyəvi
zondlamanın elmi əsaslarının yaradılması, gizli
filizləşmənin axtarışı və proqnozu
üçün onların indikator xassələrini aşkar
etməyə imkan vermişdir.
Aparılan tədqiqatlar nəticəsində seysmoloji və
qravimetrik məlumatlara əsasən yer qabığının
dərinlik quruluşuna dair ilk ümumiləşdirmə
aparılmış, respublika ərazisinin
seysmorayonlaşdırması, zəlzələlərin ocaq
zonaları dərinliyinin təyini, yer maqnetizmi və
paleomaqnetizminin öyrənilməsi üzrə tədqiqatlar
aparılmışdır.
İnstitutun geofizikləri tərəfindən makroseysmik
titrəyişlər əsasında müfəssəl
seysmorayonlaşdırma xəritələrinin yeni tərtib
üsulu işlənib hazırlanmışdır. Mühəndisi geofizika məsələlərinin
həllində seysmik informasiyanı qeydə alan
prinsipcə yeni qurğu yaradılmış və tətbiq
edilmişdir. Yer qabığı
qatlarının qravitasion dayanıqsızlıq mexanizmi tədqiq
edilmiş və sıxlıq inversiyası şəraitində
onun rolu aydınlaşdırılmışdır.
Qravimetrik tədqiqatlar Yevlax-Ağcabədi çökəkliyinin
özülündə 100 km-dək dərinliklərdə yatan
və regionda mantiya diapirlərinin varlığını
sübut edən yüksəksürətli mantiya cismləri-astenolitləri
aşkar etməyə imkan vermişdir.
İnstitutda xüsusi geofiziki cihazqayırma bürosunda
elmi-tədqiqatlar aparmaq üçün onlarla müxtəlif
cihaz və kompleks layihələşdirilmiş və
hazırlanmışdır. Bu cihazlar, dəfələrlə
respublika, ümumittifaq və beynəlxalq sərgilərdə
və Leypsiq, İzmir, Budapeşt şəhərlərindəki
yarmarkalarda nümayiş etdirilmiş, diplom və medallara layiq
görülmüşdür.
1980-ci ildən başlayaraq təcrübi-metodik geofiziki
ekspedisiya tərəfindən geofiziki, geokimyəvi, geodinamik və
digər sahələrin variasiyalarının sistematik
müşahidəsi aparılmış, güclü zəlzələlərin
proqnozunun kriterilərinin işlənilməsi
üçün bu sahələrin variasiyalarının
seysmikliklə əlaqəsi öyrənilmişdir. 1999-cu ildə
bu ekspedisiya əsasında Azərbaycan MEA Respublika Seysmoloji
Xidmət Mərkəzi yaradılmışdır.
İnstitut alimləri elmi kadrların
hazırlanmasını daima vacib hesab etmiş və bu problemin
təşkilati tərəfinə xüsusi diqqət
vermişlər. Belə ki, 1986-cı ildə institutun təşəbbüsü
ilə respublikada ilk dəfə Akademiya institutu (Geologiya
İnstitutu) və ali təhsil
ocağını (Azərbaycan Dövlət Neft Akademiyası
—ADNA) özündə ehtiva edən Tədris-Elmi Mərkəz
(TEM) yaradıldı. Sonralar isə belə bir mərkəz
Bakı Dövlət Universiteti (BDU) ilə də təşkil
edilmişdir.
Geologiya İnstitutu bu gün Azərbaycanda gənc geoloji
kadrların yetişdirilməsi və təlimi üzərində
də ciddi işlər görür. Azərbaycanda elmin bugünkü
maliyyələşdirilmə səviyyəsi və bununla
bağlı ali məktəb məzunlarının
elmə laqeydliyi, istedadlı alimlərin kənara davam edən
axını bu gün də geologiya elminin əsas problemidir.
Geologiya İnstitutu informasiya və yüksək texnologiyalar
sahəsindəki ixtisaslara üstünlük verərək,
Bakının ali məktəblərindən tələbələri
cəlb etməklə və Milli Elmlər Akademiyasında
magistratura təşkili ideyasını irəli sürərək,
bu məsələni həll etməyə cəhd göstərir.
Hazırda bu ideya yeni metodologiyaya əsaslanaraq daha geniş inkişaf
tapmışdır —Geologiya İnstitutunda ölkənin
aparıcı ali təhsil
ocaqlarının baza kafedraları yaradılmışdır. Artıq iki belə kafedra — Neft və qazın
geologiyası (ADNA) və Seysmologiya və Yer təkinin
fizikası (BDU) — fəaliyyət göstərir və
müasir kompyuter avadanlıqları ilə tam təchiz
olunmuşdur.
Azərbaycan öz müstəqilliyini əldə etdikdən
sonra Geologiya İnstitutunun alimləri MDB-nin müstəqil
dövlətləri ilə əvvəllər mövcud
olmuş elmi əlaqələri qoruyub saxlamağa cəhd etdilər. Eyni zamanda qərb
partnyorları ilə elmi əlaqələrin qurulmasına da
böyük maraq göstərilirdi. Sözsüz
ki, bu İnstitutun əsas fəaliyyət məqsədinə
—dünya elm aləminə qovuşmaq zəruriliyinə cavab
verirdi.
XX əsrin 90-cı illərinin başlanğıcı
Geologiya İnstitutunun dünya geoloji elminə sürətli
inteqrasiyası ilə əlamətdar oldu. 1994-cü ildə “Əsrin
müqaviləsi”nin bağlanması ilə
əlaqədər olaraq bu proses daha da intensivləşdi. Dünyanın iri neft korporasiyaları ilə birgə
işlərin aparılması, bu şirkətlərin elmi mərkəzlərinə
səfərlər beynəlxalq əməkdaşlığın
xarakterini və tempini kökündən dəyişdirdi.
Dünyanın ConocoPhilips, Statoil, Chevron, Texaco, Exxon Mobil, Shell,
Unocal, Total, Elf, Agip, Lukoil və s. kimi iri neft şirkətləri
ilə uzunmüddətli müştərək işlərin
həyata keçirilməsini beynəlxalq elmi məkana
sıçrayış kimi qiymətləndirmək olar. Bu dövrdə geologiya, paleontologiya və
stratiqrafiya, neft və qazın geokimyası, geofizika və
geodeziya üzrə 50-dən artıq elmi layihə yerinə
yetirilmişdir. Birgə aparılan ekspedisiya işləri
və dünyanın Elmi mərkəzləri və universitetlərində
analitik və təfsiri tədqiqatlar bir tərəfdən qərb
ölkələrinin elmi-tədqiqatlarda tətbiq etdikləri
yeni metodlara, kompyuter proqramları və standartlara tezliklə
uyğunlaşmağa, digər tərəfdən isə milli
elmi kadrlar hazırlamağa imkan verdi.
Bütün bunlar nəinki müxtəlif mərhələlərdə
İnstitutun yalnız maliyyə vəziyyətini stabilləşdirdi,
eyni zamanda nüfuzlu Qərb şirkətləri ilə
qarşılıqlı işgüzar əlaqə hesabına
çox qiymətli təcrübə toplanıldı,
İnstitutun ayrı-ayrı əməkdaşları bilik və
praktiki vərdişlərini zənginləşdirərək
neft və qaz geologiyası istiqamətlərində əsl
Avropa səviyyəli ekspertlər oldular.
Bu gün Geologiya İnstitutu elm aləmində
özünəməxsus layiqli yer tutur və fəal geoloji
axtarışlar “episentrində” yerləşir. Onun tərəfdaşları
arasında dünyanın aparıcı elmi mərkəzləri
—Cənubi Karolina, Yuta, Vayominq, Merilend universitetləri,
Massaçusets Texnologiya İnstitutu (ABŞ), Birmingem və
Aberdin universitetləri (Böyük Britaniya), Toronto Universiteti
(Kanada), Pyer və Mari Küri Universiteti və Neft İnstitutu
(Fransa), Delft Texnologiya Universiteti (Niderland), Karlsrue və Hannover
universitetləri (Almaniya), Sofiya Universiteti (Bolqarıstan),
İstanbul və Ankara universitetləri (Türkiyə), Moskva
Dövlət Universiteti (Rusiya), Çanq-Konq Universiteti (Tayvan),
Cənubi Koreyanın institutları (KİQAM), Paviya və
Baloniya universitetləri (İtaliya) və s. yer tutur.
Xarici neft şirkətlərinin elmi mərkəzlərinin
həmkarları ilə şərikli tədqiqatlar aparmaqla,
İnstitut xarici ölkələrin universitetləri ilə əməkdaşlığı
aktivləşdirməyə nail oldu. Bu, Azərbaycan
alim-geoloqlarının beynəlxalq aləmdə nüfuz
qazanmasının başlanğıcı və onların
dünyanın elm birliyində statusunun əhəmiyyətli dərəcədə
yüksəlməsini şərtləndirirdi.
İnstitut Beynəlxalq Geoloji Elmlər İttifaqı xətti
üzrə beynəlxalq layihələrin reallaşmasında
iştirak etmişdir.
İnstitutun
apardığı tədqiqatlar sırasında Rusiya,
Qazaxıstan, Orta Asiya respublikaları və Çin Xalq
Respublikası ilə birlikdə apardığı “Mərkəzi
Avrasiyanın litoloji” paleocoğrafi, struktur, palinspastik və
geoloji xəritələr Atlası—(1:2500000 miqyasında) beynəlxalq
layihə böyük maraq doğurur. 2002-ci ildə
səkkiz ölkənin geoloqlarının səyi nəticəsində
müfəssəlliyinə və geoloji informasiyanın həcminə
görə dünya praktikasında analoqu olmayan nadir Atlas
yaradılmışdır. Bu atlasın tərtibi
üzrə aparılan işi nəinki MDB ölkələri
ilə, həm də Çin Xalq Respublikası ilə səmərəli
beynəlxalq əməkdaşlığın nümunəsi
kimi qeyd etmək olar.
Bir çox illər ərzində institut əməkdaşları “Akademik Kurçatov”, “Akademik Vernadski”, “Peqas”, “Vityaz”, “Antares”, “Kallisto” və b. elmi-tədqiqat gəmilərində Dünya okeanının geologiyası və mənimsənilməsinin kompleksli öyrənilməsi üzrə işlərdə fəal iştirak etmişlər.
2002-ci ildə institututda nüvə partlayışları və zəlzələlərin monitorinqi məlumatlarının Milli Mərkəzi təşkil edilmişdir. Bu mərkəz Azərbaycan ərazisində və qovuşuq Xəzər dənizi akvatoriyasında dünya monitorinq sisteminin bir hissəsi kimi fəaliyyət göstərir və seysmoloji, radionuklid, hidroakustik və infrasəs monitorinq aparmaq və həm monitorinq obyektləri, həm də beynəlxalq məlumatlar Mərkəzi ilə əlaqə yaratmaq məqsədi daşıyır.
2003-cü ildə geofiziki məlumatların GİS analizi üzrə işlərə başlanılmışdır. İnstitutda Abşeron ərazisində geniş yayılmış “məhsuldar qat”ın sedimentoloji stratiqrafik kəsilişinin dəqiqliyi, informativliyi və fasiləsizliyi ilə unikal olan nadir elektron rəqəmli versiyası yaradılmışdır. Bundan başqa, “Azərbaycan ərazisinin və ona qovuşan Xəzər dənizi akvatoriyasının litoloji-paleocoğrafi xəritələr Atlasının” (1:1000000) elektron-rəqəmsal versiyası da işlənib hazırlanmışdır. Bu Geologiya İnstitutunun ilk innovasiya layihəsi olmaqla onun innovasion inkişafını bərqərar etmiş başlanğıc səhifəsi, nəinki elmi, eyni zamanda kommersiya marağı doğurur. Onun ardınca buna bənzər daha üç layihə hazırlanmışdır. Multikanal kosmik məlumatların rəqəmli işlənilməsi və imic —spektral analiz metodları ilə karbohidrogen flüidlərinin öyrənilməsi üzrə tədqiqatlar aparılmışdır. Regionda palçıq vulkanizmi və seysmik hadisələrin zaman - məkan korrelyasiyasının alqoritmləri işlənib hazırlanmışdır.
Azərbaycanın ən qocaman muzeylərindən biri olan Həsən bəy Zərdabi adına “Təbiət-tarixi muzeyi” (1930-cu il) ənənəvi olaraq institutun daim diqqət mərkəzində olmuşdur. Muzey eksponat və fond materiallarının zənginliyinə və elmi əhəmiyyətinə görə dünyanın muzeyləri arasında özünəlayiq yer tutur. Təşkil olunduğu vaxtdan burada aparılan tədqiqatların prioritet istiqaməti onurğalı heyvanların paleontologiyasının, Binəqədi məzarlığında (Bakı ş. yaxınlığında) tapılmış onurğalı heyvan sümük qalıqlarının öyrənilməsi muzeyə dünya şöhrəti gətirmişdir.
90-cı illərin əvvəllərində Geologiya İnstitutunda mətbəə ilə təmin olunmuş elmi-nəşriyyat şöbəsi yaradıldı. İndi artıq “Nafta-Press” nəşriyyatının qrifi ilə çap olunmuş elmi əsərlərin sorağı dünyanın bir sıra ölkələrindən gəlir. “Nafta-Press” nəşriyyatında 220-dən çox kitab və monoqrafiyalar, dövri elmi jurnallar, görkəmli geoloq alimlərin “Seçilmiş Əsərləri” və biblioqrafiyaları, 8 cilddən ibarət “Azərbaycanın geologiyası”, ensiklopedik əsər “Azərbaycan mineralları”, “Geologiya terminlərinin izahlı lüğəti”, “Geologiya elmi simalarda” kimi möhtəşəm nəşrlər işıq üzü görmüşdür və tədris əhəmiyyətini bir çox onilliklər ərzində saxlayacaqdır. Hazırda “Nafta-Press” nəşriyyatı Azərbaycanın alim-geoloqlarının gərgin əməyinin nəticəsi olan “Dünya palçıq vulkanlarının Atlası”nı çapa hazırlayır.
2003-cü ildə Geologiya İnstitutu və Dərin Neft və qaz yataqları problemləri İnstitutunun əsasında Azərbaycan MEA Geologiya İnstitutu yaradıldı.
Bu iki böyük elmi təşkilatın birləşməsi geologiya elminə və konkret olaraq neft elminə nəzəri və praktiki problemlərin həllində təkan verdi.
İnstitut geologiya elminin fundamental istiqamətləri üzrə fəaliyyətlə yanaşı, respublikanın iqtisadi inkişafının mühüm problemlərinin həllində də aktiv iştirak edir. Öz fəaliyyətində dövlət prioritetlərini rəhbər tutaraq Geologiya İnstitutunun alimləri müstəqil olaraq XXI əsrin ilk onilliyinin sonunda Azərbaycan hökuməti tərəfindən təsdiq edilmiş üç kompleks proqram işləyib hazırlamışdırlar. Onlardan biri Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasına həsr edilmişdir və karbohidrogen potensialının qiymətləndirilməsi və regionda müasir geodinamik vəziyyət ilə bağlıdır; ikincisi mineral xammalın ekoloji baxımdan təhlükəsiz çıxarılması texnologiyalarına, üçüncüsü Azərbaycanın geoloji irsinin nadir obyektlərinin aşkar edilməsi, öyrənilməsi və qorunmasına həsr olunmuş tədqiqatlardır.
Geologiya İnstitutu alimlərinin yüksək imicini bir daha təsdiqləyən nailiyyət 2010-cu ildə bir qrup alimlərə Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neftqazlılığının öyrənilməsi üzrə silsilə işlərə görə, müstəqil Azərbaycan Respublikasının ilk Dövlət mükafatı laureatı fəxri adı verilmişdi.
Geologiya İnstitutunun elm aləmində nüfuzu bu gün təkcə milli deyil, regional uğurlarla da təsdiqlənmişdir. Bir sıra istiqamətlərdə isə institut hətta regional sərhədləri də aşa bilmişdir.
Geologiya İnstitutunun yüksək imici bu gün ona imkan verir ki, beynəlxalq müqavilələrdə iştirak etməklə yanaşı, Azərbaycanın geostrateji mövqeyinin üstünlüyündən istifadə etməklə öz milli layihələrini də həyata keçirsin.
Beləliklə, Azərbaycanda geologiya elminin inkişaf tarixinin qısa analizi göstərir ki, institutun yaxın gələcəyə tədqiqatlarını planlaşdırmağa imkan verən kifayət qədər möhkəm bünövrəsi vardır.
Dadaş
HÜSEYNOV,
AMEA Geologiya və
Geofizika İnstitutunun elmi işlər üzrə direktor
müavini, geologiya-mineralogiya elmləri doktoru.
Respublika.-2014.- 29
iyun.- S.6.