EL TALEYİ YAŞAYAN ÖMÜR

 

Həkimlikxalqına, sənətinə yüksək sədaqət tələb edən peşədir. Bu ifadənin arxasında insan sağlamlığı durur, genefondumuzun fiziki cəhətdən inkişafı və hər şeydən əvvəl insan taleyi durur. Belə bir peşənin adını hünərlə, başı uca, alnıaçıq daşımaq, o məsuliyyətin ağır yükünü hünərlə daşımaq özübir hünərdir desək, heç də yanılmarıq.

M.Mirqasımov adına Respublika klinik xəstəxanasının nevrologiya şöbəsinə rəhbərlik edən (vaxtilə həmin xəstəxananın müalicə işləri üzrə baş həkimin müavini işləmiş) Xanlar Həsənovla həkim kimi telefon əlaqələrimiz olub. Yanına xəstələr göndərmişik, xəstəliklərin profilaktikası ilə bağlı maraq doğuran suallarımızı cavabsız qoymayıb, həmişə də insanın xarakterini səciyyələndirən səmimilik, mehribanlıq və həkim məsuliyyəti hiss etmişik.

Xanlar həkimlə  maraqlı bir  söhbətimiz alındı. O dedi ki, bu  sənətin məsuliyyətini çox kiçik yaşlarından dərk edib.  1957-ci ildə həkimlər ailəsində dünyaya göz açıb. Atası İbrahim Həsənov Respublikanın əməkdar həkimi, 40 il səhiyyə təşkilatçısı olub. Uzun müddət Bakının iri klinikalarında eləcə də 2 saylı M.Əfəndiyev adına xəstəxananın baş həkimi olub. Bir çox rəhbər vəzifələrdə çalışıb. Anası Fəridə xamın uzun müddət 6 saylı Şəhər Klinik xəstəxanasının poliklinikasında burun, boğaz, qulaq (yəni lorinqoloq) həkimi işləyib. Nənəsi Səriyyə xanım da həkim-terapevt olub. 1920-ci illərdə Respublikanın bir çox rayonlarında, eləcə də Kürdəmir, Göyçay, Ucar, Şamaxıda həkim işləyib. Vaxtilə Bakı SovetiRayon Sovetinin deputatı olub.

Söhbətimizin axarı bizi istedadlı  həkim Xanlar Həsənovun ömür yollarının gənclik illərinə gətirib çıxardı. Ziyalı ailəsində böyüyüb tərbiyə aldığındanmı, yoxsa qandan, gendən gələn maraqdanmı kiçik yaşlarından çoxlu mütaliə edir. M. Füzulinin, Nizami Gəncəvinin qəzəllərini, şeirlərini sevə-sevə öyrənir. Bununla gələcəyin təməlini qoyur. Humanitar elmləri çox sevsə də, niyyəti, məramı bam başqa olur. Həkim olmaq – qərarı olub.

1974-cü ildə Xanlar N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olur. Bu illərdə artıq bir ziyalı kimi yetişirdi. Yığıncaqlarda, konfranslarda, toplantılarda çıxış edir, söz deyir, təkliflər irəli sürürdü. 1981-ci ildə ali təhsilini başa vuraraq həkim kimi Abşeron rayonuna təyinat alır. 3 il yarım Abşeron rayonunda həkim işləyir. 1985-ci ildən bu vaxta qədər Respublika xəstəxanasında çalışır. Elmi işlə məşğul olmaq üçün Tibb Universitetinin dissertantı olur. 2000-ci ildə kontraktla Səudiyyə Ərəbistanında Damma, sonra isə Həpril-Batin şəhərində nevropatoloq həkim kimi şöbəyə rəhbərlik edib. İngilis dilini təmiz bildiyindən ölkədə heç bir çətinlik çəkmədən işləyib, həm də çox böyük təcrübəyə malik olub. 2003-cü ildə Bakıya qayıdıb, fəaliyyətini davam etdirib. N.Nərimanov adına Tibb Universitetində “Sinir əzələ xəstəlikləri”nə aid dissertasiya müdafiə edib.

Hər bir həkimin biliyinin, səriştəsinin rolu, təbii ki, xəstəni sağaltmaqdır. Amma deyirlər sözdə şəfqət var, xoş söz, mehriban rəftar, canıyananlıq, pasientinin xəstəliyini sağaltmaqda çox kömək edir.

Xanlar həkim xəstəsi üçün onun doğma adamına çevrilən bir həkimdir. Bir sözlə insanların dərdinə carə tapmağın təbibə tanrı tərəfindən verilmiş missiya olduğunu dərk edən həkimlərimizdəndir.

Nevrologiya təbabətin ən çətin sahələrindən biri sayılan beyin qan damarlarının kəskin pozulması, insultlar, beynə qansızmalarla sinir sisteminin iltihabı kimi xəstəliklərə düçar olan pasientlər nevroloqlara müraciət etməli olurlar.

Xanlar həkimin dediklərindən: “Nevrologiya elə bir sahədir ki, özünü bu sahəyə həsr etmiş insan ömürünün axırına kimi bu sahəyə bağlı olur.  Mən deyərdim ki, ən məsuliyyətli sahələrdən biridir. Bizim nə gecəmiz var, nə gündüzümüz.

Telefonlarımız da həmişə açıq olur, hər zaman xəstələr bizi çağıra bilirlər. Əsas məsələ odur ki, sənə pənah gətirən xəstəni düzgün istiqamətdə müayinə və müalicə edəsən. Çalışdığım klinikada, demək olar ki, Respublikanın müxtəlif rayonlarından gələn xəstələrə yardım göstərilir. Respublika Nevroloji Mərkəzinin rəhbəri Ə.Əliyev adına həkimləri Təkmilləşdirmə İnstitutu nevrologiya kafedrasının müdiri Azərbaycan Respublikası Nevroloqlar Assosiasiyasının sədri tibb elmləri doktoru, professor R.Şirəliyevadır.  Artıq 2 ildir Nevroloqlar Assosiasiyası, Avropa Nevroloqlar Assosiasiyasının üzvüdür. Bunun da çox böyük müsbət cəhətləri var. Bizim artıq nevroloqlarımızı Avropada tanımağa başlayıblar. Elmi işlərimiz xarici jurnallarda çap olunur. Beynəlxalq əlaqələrimiz genişlənir. Xarici ölkələrdə keçirilən konfranslara dəvət olunuruq.  Mənim çalışdığım nevroloji şöbə həm də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Həkimləri Təkmilləşdirmə İnstitutunun bazası — yəni nevrologiya kafedrasının kilinik bazasıdır.  Təkmilləşdirmə İnstitutundan göndərilən həkimlər nevroloji şöbəyə praktiki təcrübə yığmaq üçün xəstələrlə işləmək metodunu öyrənməli olurlar. Gənc təcrübəsiz həkimlərə şöbəmizdə təşkilatı işlərlə yanaşı, müayinə, müalicə işlərinin görülməsində köməklik göstəririk.

Nevroloji xəstəliklər həm də dünyanın texniki inkişafı ilə bağlıdır. Urbanizasiya, ekoloji problemlərlə və bir sıra digər faktorlarla bağlı bu xəstəliklərin sayı get-gedə artmaqdadır. Bu da ümumi gərginliklə bağlıdır. Əlbəttə, birinci növbədə insanlar özlərini qorumalıdırlar. Normal həyat tərzi yəni aktiv həyat tərzi keçirməlidirlər. Bir-birilərini başa düşməlidirlər. Bir də 21-ci əsrin xəstəliklərindən sayılan hipertoniya, şəkərli diabet, ateroskleroz bu kimi xəstəliklər də əsəblərin qıcıqlanmasına gətirib çıxarır. Bunlar, əlbəttə, insan sağlamlığına müsbət təsir göstərmir. Nevroloji şöbəyə çox ağır vəziyyətdə olan xəstələr gətirilir. Əsas da beyin qan dövranının kəskin pozulması halları olan xəstələr gətirilir. Bu da çox ağır xəstəliklərdəndir. Biz çalışırıq ki, belə vəziyyətdə olan xəstələrə əlimizdən gələni edək ki, o xəstəni həyata qaytara bilək”.

Hazırda səhiyyə sisteminin keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşdırılması əhalinin sağlamlığının etibarlı təminatına imkan verir. Müasir tibb infrastrukturunun yaradılması Azərbaycanda həyata keçirilən sosial yönümlü siyasətin mühüm tərkib hissəsidir. Bu istiqamətdə ardıcıl və sistemli olaraq reallaşdırılan islahatların nəticəsi kimi son illərdə ölkədə səhiyyə sisteminin maddi-texniki bazası və infrastrukturu yeniləşmiş ən müasir texnologiyaların tətbiqi, vətəndaşlara göstərilən xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemi sürətlə müasirləşir, bu sahəyə dövlət qayğısı ildən-ilə artırılır.

Xanlar həkimin dediklərindən: “Dünyada belə bir xəstəlik də var – Dağınıq-skleroz. Əlbəttə, bu xəstəliyin müayinə və müalicəsi üçün dünyada bu istiqamətdə çox böyük elmi işlər, tədqiqatlar aparılır. Müxtəlif preparatlardan istifadə olunur. Cənab Prezidentin fərmanı ilə Dövlət Proqramı çərçivəsində hazırda bizim klinikada bu həyata keçirilir. Belə xəstələri, demək olar ki, var gücümüzlə müayinə və müalicə etməyə çalışırıq. Şöbəyə gətirilən xəstələrin müayinə və müalicəsi dövlət hesabına başa gəlir. Şöbədə xəstələrə xidmət dərman təchizatı müayinə və müalicə üçün yeni diaqnostik tibbi avadanlıqlardan elektronsfaloqraf, elektromnoqraf, donnleroqraf apartlarından istifadə edilir. Gündə 3 dəfə qida almaqla xəstələr tam şəkildə təmin olunurlar.

Xəstəxananın baş həkimi əməkdar həkim T.İbadov rəhbərlik etdiyi vaxtdan böyük quruculuq işləri görməklə əməkdaşlara, eləcə də xəstələrə çox böyük şərait yaratmışdır. Hər gün saysız-hesabsız xəstələr müraciət edir. Şöbəmizdə 8 həkim, 21 şəfqət bacısı, ümumilikdə 56 səhiyyə işçisi fəaliyyət göstərir”.

Xanlar Həsənovun həkim və alim kimi xoşbəxtliyi ondadır ki, tədqiqatları laboratoriyada, yaxud kağız üzərində qalmır. Gündəlik təcrübədə və həyatda tətbiqini tapır. Müalicələri isə öz növbəsində elmdən, təbabətin müasir nailiyyətlərindən təcrid olunmur, məhz bunlara əsaslanır.

O, bir çox qurum və təşkilatların fəxri fərmanlarını almaqla yanaşı, həm də bir çox nüfuzlu elmi kütləvi tibbi jurnallarda çap edilən elmi məqalələrin müəllifidir.

Xanlar həkimin dediklərindən: “İyun ayı demək olar ki, səhiyyə ayı sayılır. Öncə bizim əməyimizi qiymətləndirən, bizi yada salan bütün mətbu orqanlarına minnətdaram. Lakin fürsətdən istifadə edib demək istəyirəm ki, mənim tələbə yoldaşım, dostum, həmişə onunla bir yerdə olduğum (keçmiş cərrahiyyə üzrə baş həkimin müavini) Fərhad Əhmədovu yada salmaya bilmərəm. Fərhadla tələbəlikdən dostluq etmişik. Sonra da bir yerdə işləmişik. O, çox gözəl insan, əsl peşəkar həkim, alim, gözəl ailə başçısı və gözəl dost idi. O, həmişə mənim xatirimdə əziz bir dost kimi yaşayır. Mənim üçün necə deyərlər yeri görünür. O, mənim üçün cismən olmasa da, xatirəsi həmişə qəlbimdədir”.

Həkim olmaq böyük şərəf və məsuliyyətdir. Çünki bu peşənin daşıyıcılarına hər birimiz üçün əziz olan sağlamlığımızı etibar edirik. Həkimin ani diqqətsizliyi, qayğısızlığı, etinadsızlığı insanın ömür kitabının bir dəfəlik qapanması ilə nəticələnə bilər. Bunları dərindən dərk edən peşəkar həkim Xanlar Həsənov insanların sağlamlığı keşiyində dayanaraq, onların ömürlərinə əlavə ömür bəxş etməklə, özüel taleyi yaşayan bir ömür yaşayır...

 

Rəfiqə MƏSUD,

Kinossenarist, publisist,

əməkdar mədəniyyət işçisi.

Respublika.-2014.- 29 iyun.- S.7.