Ağdaş dövlət qayğısı sayəsində ildən-ilə inkişaf edir

 

Ağdaşda ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

Yığıncaqda geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov qeyd etmişdir ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində ötən ildə Ağdaş rayonunda bir sıra tədbirlər həyata keçirilmiş, tikinti, abadlıq və quruculuq işləri davam etdirilmişdir.

Şəhərdə yeni inzibati mərkəzin yaradılması istiqamətində tədbirlər görülmüş, burada Heydər Əliyev mərkəzinin, “Bayraq” meydanının, rayon icra hakimiyyəti, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı və yanğından mühafizə hissəsi üçün inzibati binaların tikintisi davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ayrılmış vəsait hesabına rayonun 11 yaşayış məntəqəsini birləşdirən, 20 min nəfərin istifadə etdiyi 34 km uzunluğunda Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun yenidən qurulmasına başlanılmışdır. Ləki qəsəbəsində yeni dəmir yolu vağzalının tikintisində son tamamlama işləri görülür.

İl ərzində Ağdaş şəhərinin Heydər Əliyev parkında əsaslı yenidənqurma işləri davam etdirilmışdir. Parkda ana və uşaq otağı, kölgəlik, gənclər kafesi, 5D kinozal, elektron oyunlar, tir atıcılıq mərkəzi, açıq fitness, 200 metr uzunluqda dəmiryolu üzərində qatar, “Şeytan çarxı” və digər attraksionlar qurulmuşdur. Parkın ətrafı 900 metr məsafədə hasara alınaraq əyləncəli rəsmlərlə boyadılmış, işıqlandırma sistemi yenidən qurulmuş, ümumilikdə 15 minədək gül kolu, 18 minədək dekorativ ağac əkilmiş, 30 min kvadratmetr ərazidə yaşıllıq qazonları salınmış, 10 min kvadratmetr sahəyə plitə döşənmişdir.

2013-cü ildə rayonda 303.7 milyon manatlıq—2012-ci ildəkindən 20,9 faiz çox ümumi məhsul, 7 milyon 32 min manatlıq—0,1 faiz çox sənaye məhsulu, 112.5 milyon manatlıq—2,1 faiz çox kənd təsərrüfatı məhsulu istehsal olunmuş, rayonda aparılan tikinti işlərinin həcmi 48.8 milyon manat (81,6 faiz) artaraq 108.7 milyon manat təşkil etmişdir.

Son 10 ildə rayonda 20278 yeni iş yeri yaradılmışdır ki, bunların da 7420-si daimi is yerləridir. 2013-cü ildə 844-ü daimi olmaqla 2534 iş yeri açılmışdır.

Ölkəmizdə sahibkarlığın inkışaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin prioritet istiqamətlərindəndir.

Rayonda sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülmüşdür. 2013-cü ilin avqust ayında rayonda Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir və kredit yarmarkası keçirilmiş, 24 sahibkara 333.0 min manat güzəştli kredit verilmişdir. İl ərzində rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına sahibkarlara 83 layihə üzrə 1 milyon 523 min manat həcmində kredit verilmişdir. Sahibkarlığa göstərilən maliyyə dəstəyinin yaxşılaşdırılması məqsədilə rayonda 4 yeni bank təşkilatının və 2 kredit təşkilatının filialları yaradılmışdır. Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə rayonun Ərəbocağı kəndi ərazisində 1200 başlıq heyvandarlıq kompleksinin və 80 başlıq at yetişdirmə məntəqəsinin, yeni beton zavodunun, meyvə qurusu istehsalı sahəsinin, “Şirvan-göl” istirahət mərkəzinin tikintisi başa çatmış, həmçinin qarışıq yem zavodunun tikintisi davam edir. İl ərzində rayonda sahibkarların vəsaiti ilə 70-dək xidmət obyekti istifadəyə verilmişdir.

Aqrar sahənin inkışafı ilə bağlı ölkədə davamlı olaraq məqsədyönlü tədbirlərin həyata keçirilməsi, fermerlərə güzəştli kreditlərin ayrılması, məhsul istehsalının artmasına və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan insanların yaşayış səviyyəsinin daha da yaxşılaşmasına səbəb olmuşdur.

Hesabat ili ərzində kənd təsərrüfatı məhsulları istehsalının artırılması sahəsində ardıcıl tədbirlər görülmüşdür. Rayonda 2013-cü ilin məhsulu üçün əkilmiş 16274 hektar taxıl sahəsində lazımi aqrotexniki qulluq işləri aparılmış, taxıl biçini dövründə kombaynların gücündən səmərəli istifadə olunması üçün kompleks tədbirlər həyata keçirilmiş, biçinin optimal müddətdə aparılması təmin edilmiş və 43 min 453 ton taxıl istehsal olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli sərəncamına uyğun olaraq məhsul istehsalçılarına 2013-cü ildə becərilən əkin sahələrinə görə hesablanmış yardımın ödənilməsi təmin edilmişdir.

Rayonda heyvandarlığın inkişaf etdirilməsi üçün qarışıq yem istehsalı zavodunun tikintisinə başlanılmış və hazırda tikinti işləri davam edir. İl ərzində rayon ərazisində 1000 hektara yaxın sahədə biyan yetişdirilməsinə və biyan istehsalı müəssisəsinin yaradılmasına başlanılmışdır.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin balansında 37 ədəd müxtəlif kənd təsərrüfatı texnikası vardır. 2013-cü ildə məhsul istehsalçılarına güzəştli qaydada 465,2 ton gübrə satılmış, “Aqrolizinq” Ağdaş filialı tərəfindən 200 hektar sahənin otu, 200 hektar sahənin taxılı biçilmiş, 200 hektar sahədə şum aparılmış, 20 nəfər fermerə lizinq yolu ilə müxtəlif növ texnikanın alınmasında köməklik göstərilmışdir. Cins mal-qara satışı ilə bağlı kəndlərdə əhali arasında maarifləndirmə işləri aparılmışdır.

Aqrar islahatlar nəticəsində yaradılmış istehsal münasibətləri sırasında xüsusi yerlərdən birini icarə münasibətləri tutur. Bələdiyyə torpaqlarının bir hissəsi icarəyə verildiyindən “Torpaq icarəsi haqqında” Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət olunması günün vacib məsələsinə çevrilmişdir.

Son zamanlar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahələrinin ayrılması barədə rayon icra hakimiyyətinə hüquqi və fiziki şəxslər tərəfindən çoxsaylı müraciətlər edilir.

Həmin müraciətlərin hərtərəfli araşdırılması, dövlət və bələdiyyə mülkiyyətinə aid torpaqlardan səmərəli və təyinatı üzrə istifadə olunmasının təmin edilməsi, qanunsuz istifadə hallarının, eləcə də həmin ərazilərdə qanunsuz tikintilərin aparılmasının qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Rayonda heyvandarlığın inkişaf etdirilməsi üçün yem bitkilərinin, xüsusilə də yonca, qarğıdalı və arpa əkini sahələrinin genişləndirilməsi ön plana çəkilmişdir.

Rayon üzrə 34 min 521 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi Kür və Türyançay çayları, eləcə də Yuxarı Şirvan kanalı vasitəsilə suvarılır.

Ağdaş Suvarma Sistemləri İdarəsi tərəfindən 86 min 780 hektar sahə suvarılmışdır. 2013-cü ildə idarə tərəfindən 342 ədəd müxtəlif hidrotexniki qurğuda, 50 ədəd hidrometrik postda cari təmir işləri aparmışdır. Xosrov, Birinci Aral, Alpout, Qazıqumlaq, Cücük suburaxıcıları yeniləşmiş, Nehrəxəlil beton arxının beton üzlüyü bərpa olunmuş, Kotanarx kəndində novlar düzələrək bərpa olnmuşdur, Ağdaş Suvarma Sistemləri İdarəsi sahələrə 1538 kilometr uzunluğunda suvarma kanalları vasitəsilə çatdırır ki, bu kanalların da 184 kilometri magistral və təsərrüfatlararası, 1354 kilometri isə təsərrüfatdaxili kanallardır. Bu kanalların 398 kilometri beton üzlük çəkilmiş kanallar, 1140 kilometri isə torpaq kanallardır. İlin əvvəlindən suvarma kanallarının 447,6 kilometrlik hissəsində lildəntəmizləmə işləri aparılmışdır. İl ərzində lildəntəmizləmə işlərinə 572 min 250 manat vəsait xərclənmiş, Gürcüva, Cüvə, Pirkəkə, Xosrov, Qobuüstü, Aşağı Ləki, Qaradağlı, Qarağan-Sədi, İkinci Aral və digər suvarma arxlarında lildəntəmizləmə işləri görülmüşdür. Sel və daşqınlara qarşı mübarizə tədbirləri çərçivəsində Türyançay çayında mexanizmlər vasitəsilə 435 min kubmetr çay məcrasının təmizlənməsi aparılmış, 1200 metr ərazidə çay məcrasının yeri dəyişdirilmişdir. 2013-cü ildə əhalidən 65 min 825 manat vəsait toplanmışdır. İl ərzində idarəyə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2 ədəd ekskavator və 1 ədəd avtomobil verilmişdir.

Pirəzə Mexaniki Suvarma İdarəsi Ağdaş, Yevlax və Ucar rayonlarının 12 kəndinin əkinlərinin və meşə sahələrinin, başqa sözlə, 9650 hektar sahənin suvarılması təmin edilir. 2013-cü il ərzində Kür və Türyançay çaylarının məcrasından götürülməklə üst-üstə artımla 37 min 530 hektar sahə suvarılmışdır. İdarənin balansında olan 69,6 kilometr təsərrüfatlararası və 344 km təsərrüfatdaxili kanalların 119 kilometrində lildəntəmizləmə işləri aparılmış, bu məqsədlə 281 min 703 manat vəsait xərclənmiş, 29 min 250 manat su haqları toplanmışdır.

Ümummilli lider Heydər Əlıyevin siyasətini uğurla davam etdirən möhtərəm cənab Prezidentimiz İlham Əliyevin ölkədə apardığı sosial-iqtisadi siyasət aztəminatlı ailələrin sosial müdafiəsinə qayğının daim artırılmasına yönəldilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli Fərmanı ilə təsdiq ediilmiş “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublıkası Qanunu aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və yoxsulluğun azaldılması üçün güclü təminat vermişdir.

Rayonda sosial yardıma ehtiyacı olan vətəndaşların müəyyənləşdirilməsi, ünvanlı sosial yardımların tətbiqi, aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması istiqamətində tədbirlər davam etdirilmişdir.

Dövlət başçısının apardığı uğurlu iqtisadi siyasət nəticəsində ölkənin iqtisadi potensialının artması regionlarda da əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması sahəsində böyük layihələrin həyata keçirilməsi üçün stimul yaratmışdır. Rayonda əmək ehtiyatlarından düzgün və səmərəli istifadə olunması məqsədilə vakant iş yerləri haqqında məlumatların toplanılması, işləməyən əhalinin uçotunun aparılması, keçirilən əmək yarmarkalarının səmərəliliyin artırılması məqsədilə ardıcıl tədbirlər görülmüşdür. 2013-cü il sentyabrın 22-si tarixdə rayonda əmək yarmarkası keçirilmiş, yarmarkada 66 nəfər işlə təmin edilmişdir. Rayonda əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təminatının daha da yaxşılaşdırılması sahəsində işlər davam etdirilmişdir.

Elektrik enerjisi ilə təminatı yaxşılaşdırmaq məqsədilə hesabat ili ərzində təmir-bərpa işləri davam etdirilmiş, 82.4 km uzunluğunda elektrik xətti əsaslı və ya cari təmir olunmuşdur. Tikintisinə 2010-cu ildə başlanılmış 220/110 kv-luq 2x125 MVA gücündə Ağdaş regional elektrik yarımstansiyasında inşaat işləri davam etdirilmiş və hazırda son tamamlama işləri görülür.

Hesabat dövründə təbii qazla təmin olunan şəhər, qəsəbə və kəndlərdə 43 min 698 poqonmetr uzunluğunda müxtəlif ölçülü qaz xətləri yeniləşdirilmiş, 989 ədəd yeni qaz sayğacı quraşdırılmış və 20 ədəd yeni qaztənzimləyici şkaf qoyulmuş, 19 min 983 poqonmetr uzunluğunda müxtəlif ölçülü qaz xətləri çəkilmişdir. İl ərzində Tofiqi, Əmirmahmud, Qarağan-Saatlı, Güvəkənd, Əmirarx və Bəylik kəndlərinə təbii qaz verilişi bərpa olunmuşdur.

2013-cü ildə avtomobil yollarının saxlanması və təmiri istiqamətində tədbirlər davam etdirilmişdir. 14 saylı Yol İstismar İdarəsi 315 km uzunluğunda avtomobil yollarına xidmət edir. Bunlardan 81 km respublika, 234 km yerli əhəmiyyətli avtomobil yollarıdır. Avtomobil yollarının 115 km-i asfalt-beton, 43 km-i qara, 157 km-i isə çınqıl örtüklüdür. İdarənin xidmət etdiyi avtomobil yollarında 18 körpü vardır ki, onlardan da 9-u respublika, 9-u isə yerli əhəmiyyətli avtomobil yollarındadır. 2013-cü il ərzində avtomobil yollarının saxlanması və təmiri üçün 240,0 min manatlıq proqnoza qarşı 242,4 min manatlıq saxlama və təmir işləri yerinə yetirilmişdir. İl ərzində avtomobil yollarında nəqliyyat vasitələrirıin təhlükəsiz və fasiləsiz hərəkəti təmin edilmiş, asfalt-beton örtüklü avtomobil yollarının örtük hissəsindəki çökmələr və çalalar asfalt-betonla doldurularaq, yol örtüyü təmir olunmuşdur. Yol nişanlarının, işarə dirəklərinin, əyri xətli beton və metal lövhələrin əyriləri düzəldilmiş, təmizlənərək rənglənmişdir. 2013-cü ildə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin bərpası layihəsinin icrası üzrə işlər davam etdirilmiş, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunda isə əlavə iki zolağın tikintisi işlərinə başlanmışdır. Yerli əhəmiyyətli avtomobil yollarında da 2013-cü il ərzində xeyli işlər görülmüş, Qaradeyin, Aşağı Ləki, Kotanarx-Cardam, Şəmsabad-Tofiqi, Davudlu kənd avtomobil yollarına çınqıl döşənərək hamarlanmışdır.

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın təhsilə və mədəniyyətə qayğısı bütün digər bölgələr kimi Ağdaş rayonunda da geniş nəzərə çarpır. Belə ki, son illər ərzində Heydər Əliyev Fondu tərəfindən rayonun Pirkəkə kəndində 200 yerlik yeni məktəb binasının tikintisi, Maqsud Şeyxzadə adına təbiət, texniki və humanitar fənlər təmayüllü gimnaziyanın binasının əsaslı təmiri, Habil Əliyev adına Musiqi məktəbi üçün yeni binanın inşası və ən müasir avadanlıqlarla təchiz olunması bu qayğının bariz nümunəsidir.

Son 10 il ərzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində, eləcə də Heydər Əliyev Fondu tərəfindən rayonda 16 yeni məktəb binası və 7 məktəb üçün əlavə sinif otaqları inşa edilmiş, 7 ümumtəhsil məktəbinin binaları əsaslı təmir olunmuş, bütövlükdə 8 min nəfər şagirdin təhsil şəraiti yaxşılaşdırılmışdır. Bu göstərici ümumtəhsil müəssisələrində oxuyan şagirdlərin 58,5 faizini təşkil edir. Heydər Əliyev Fondu tərəfindən hər il olduğu kimi, hesabat ilində də 15 sentyabr—Bilik Günü ərəfəsində məktəblərə ilk dəfə qədəm qoyan uşaqların məktəbli ləvazimatları ilə təmin olunması məqsədilə göndərilən məktəbli çantaları və ləvazimatı Ağdaş rayonunda 1600 məktəblinin və onların valideynlərinin böyük sevincinə səbəb olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunduğu kimi, son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində geniş tədbirlər həyata keçirilmiş, respublikanın şəhər və rayonlarında 2700-dən artıq yeni məktəb binaları tikilmiş, mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri aparılmışdır. Təkcə keçən il ölkə üzrə 300-ə yaxın məktəbdə, 80-dən çox tibb müəssisəsində təmir-tikinti işləri aparılmışdır.

2013-cü ildə rayonda təhsilin səviyyəsinin artırılması sahəsində işlər davam etdirilmişdir. Hesabat dövrü ərzində rayonun Qəribli, Eymur, Cardam və Kotanarx kəndlərində ümumi şagird yeri 1160 nəfər olan 4 tam orta məktəb, Şordəhnə və Qaradağlı kəndlərində 2 ümumi orta məktəb, Qaraoğlan kəndində isə 1 ibtidai məktəb üçün yeni binalar tikilib istifadəyə verilmişdir. Bundan əlavə, 5 kənddə — Birincı Aral, Qarağan-Şıxlar, Qülbəndə, Ərəbşəki və Tofiqi kəndlərində ümumi şagird yeri 880 olan 2 tam və 3 ümumi orta məktəb binasının tikintisinə başlanmışdır.

2013-cü ildə rayonda əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılmışdır. Hesabat ilində Mərkəzi rayon xəstəxanası, Ləkı qəsəbə xəstəxanası, Ağ ciyər xəstəlikləri xəstəxanası, 2 ambulator poliklinika, 12 kənd həkim məntəqəsı, 49 tibb məntəqəsi rayon əhalisinə tibbi xidmət göstərmişdir. Səhiyyə sahəsində islahatların həyata keçirilməsi və aparılan profilaktik tədbirlər nəticəsində yoluxucu xəstəliklərin yayılmasının qarşısı alınmış, tibb müəssisələrinin müasir avadanlıqlarla təchizatı davamlı xarakter almışdır. 100 çarpayılıq yeni xəstəxana korpusunda əhaliyə müasir tibbi xidmətlərin göstərilməsinə başlanılmışdır. “Səhiyyənin gücləndirilməsi” layihəsinə uyğun olaraq rayonun 13 yaşayış məntəqəsində ambulator poliklinika şəbəkələrinin inşası nəzərdə tutulmuşdur. Bu tədbirlərə uyğun olaraq hesabat dövrü ərzində Qolqəti, Ərəbocağı və Tofiqi kəndlərində yeni həkim məntəqələrinin tikintisi başa çatmışdır. Ötən il rayonda 1544 doğuş qeydə alınmışdır. Ana və uşaqların sağlamlığının qorunmasına dıqqətın artırılması nəticəsində 1 yaşadək uşaqlar arasında cəmi 5 uşaq ölümü (3,2 faiz) qeydə alınmışdır kı, bu da respublika göstəricisindən 3,3 dəfə azdır. Rayonda tibbi kadrların peşəkarlığının artırılması məqsədilə 20 nəfər həkim və orta tibb işçisi ixtisasartırma kurslarına cəlb olunmuşdur.

Mədəniyyət müəssisələrində rayon əhalisinə mədəni-maarif xidmətlərinin göstərilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmiş, gənc istedadların üzə çıxarılması istiqamətində tədbirlər davam etdirilmişdir.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına, eləcə də “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq rayonda hesabat ili ərzində gənclərlə işin təşkili sahəsində bir sıra tədbirlər həyata keçirilmiş, əlamətdar tarixi günlər və bayramlar ərəfəsində gənclər siyasəti üzrə 28 tədbir, bədən tərbiyəsi, idman sahəsi üzrə 37 kütləvi tədbir keçirilmişdir. 2013-cü ildə keçirilən rayondan kənar kütləvi idman tədbirləri, açıq turnirlər və respublika birincilikləri rayon idmançıları üçün uğurlu olmuşdur. Boks və taekvondo üzrə yarışlarda iki idmançımız Azərbaycan çempionu adını qazanmışdır, Bütövlükdə isə rayonun idmançıları kütləvi idman tədbirlərində 64 medal qazanmışlar.

Rayonda boks idman növünün inkişaf etdirilməsində xidmətlərinə görə Uşaq Gənclər İdman Məktəbinin 1 nəfər məşqçi-müəllimi “Fəxri bədən tərbiyəsi və idman işçisi” adına layiq görülmüşdür.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının prezidenti möhtərəm cənab İlham Əliyevin rayonumuza səfərlərini əks etdirən fotostendlərin yeni tərtibatda hazırlanması, idarə, müəssisə və təşkilatlarda, təhsil müəssisələrində, habelə icra nümayəndəliklərində və bələdiyyələrdə quraşdırılması təmin edilmışdir. Rayon ərazisindən keçən magistral avtomobil yollarının kənarlarında quraşdırılmış reklam və təbliğat lövhələrinın mühafizəsi təmin olunur və onlar mütəmadi olaraq yeniləşdirilir.

“Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 11 dekabr tarixli Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 27 dekabr tarıxli sərəncamına əsasən Ağdaş şəhəri ilə həmsərhəd olan Yuxarı Qəsil, Dəhnəxəlil, Aşağı Zeynəddin və Qaradağlı kəndlərinin ərazilərinin bir hissəsinın, habelə ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Məşəd kəndinin ərazisinin bütövlükdə Ağdaş şəhərinin inzibati ərazisinə verilməsi nəticəsində şəhərin ərazisi artaraq 1070 hektardan 2307 hektara çatmışdır.

Ötən dövr ərzində Məşəd bələdiyyəsi ləğv edilərək həmin bələdiyyənin fəaliyyət göstərdiyi dövrə aid sənədlər Dövlət arxivinə, digər xidməti sənədlər isə Ağdaş bələdiyyəsinə təhvil verilmişdir. Ərazisinin bir hissəsi Ağdaş şəhərinin tərkibinə verilən Yuxarı Qəsil, Dəhnəxəlil, Aşağı Zeynəddın və Qaradağlı bələdiyyələri tərəfindən həmin torpaq sahələrinə dair sənədlər Ağdaş bələdiyyəsinə təqdim edilmişdir. Məşəd kənd inzibati ərazi dairəsi tərkibindəki Məşəd kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış və Məşəd kənd inzibati ərazi dairəsinin mərkəzi Məşəd kəndindən Gürcüva kəndinə keçirilməklə Məşəd kənd inzibati ərazi dairəsi Gürcüva kənd inzibatı ərazi dairəsi hesab edilmiş, rayon icra hakimiyyəti başçısının Gürcüva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi təşkil olunaraq fəaliyyətə başlamışdır.

Məşəd bələdiyyəsinin ləğv edilməsi ilə əlaqədar olaraq vaxtilə həmin bələdiyyənin ərazisinə daxil olmuş Gürcüva və Pirəyir kəndlərindən ibarət inzibati mərkəzi Gürcüva kəndi olan Gürcüva bələdiyyəsinin yaradılması nəzərdə tutulmuşdur. Hazırda Ağdaş şəhərinin yeni inzibati ərazisinin xəritəsinin hazırlanması üzrə iş davam etdirilir.

Hesabat dövründə ərazi icra nümayəndəlikləri və yerli bələdiyyələr tərəfindən aparılan çoxşaxəli işlər davam etdirilmişdir.

2013-cü ildə icra nümayəndələrinin və bələdiyyə sədrlərinin müxtəlif məsələlərlə bağlı 48 birgə iclası keçirilmiş, yerli icra strukturları və özünüidarə qurumları qarşısında duran vəzifələr müzakirə olunaraq, konkret tapşırıq və tövsiyələr verilmişdir. İnzibati ərazi dairələrində dövlət bayramları və əlamətdar tarixi günlər münasibətilə müxtəlif səpkili tədbirlər təşkil olunub keçirilmiş, ictimai-siyasi vəziyyətin və dini durumun sabitliyi təmin olunmuşdur.

2014-cü il yanvarın 10-dan 30-dək ərazi icra nümayəndələrinin və yerli bələdiyyələrin 2013-cü ilin yekunlarına dair hesabat yığıncaqları keçirilmiş, ərazilərdə mövcud problemlərin həlli istiqamətində aparılan işlər müzakirə edilərək, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

“Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində rayonunun bələdiyyələri tərəfindən 2013-cü ildə 41 layihənin həyata keçirilməsi təmin olunmuşdur. Küçə və yolların abadlaşdırılması, suvarma arxlarının və şirə kanallarının qazılıb lildən təmizlənməsi, kənd yaşayış məntəqələrində sutəmizləyici qurğuların quraşdırılması, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin təmiri icra olunan layihələrin əsas istiqamətləridir.

2013-cü il noyabr ayının 25-dən dekabr ayının 1-dək Ağdaş rayonunun bələdiyyələri tərəfindən keçirilmiş “Yerli demokratiya həftəsi” çərçivəsində rayonun 40 bələdiyyəsində vətəndaşlarla 121 görüş keçirilmiş, bu görüşlərdə 13 min nəfərdən artıq vətəndaş iştirak etmişdir. “Yerli demokratiya həftəsi” çərçivəsində bələdiyyə sədrləri tərəfindən 308 nəfər vətəndaş qəbul edilib dinlənilmişdir.

Rayon icra hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu, onların təklif, ərizə və şikayətlərinə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılması və onlara cavab verilməsinin təmin edilməsı daim diqqət mərkəzində saxlanılır.

İl ərzində rayon icra hakimiyyətinin başçısı tərəfindən 1184 nəfər vətəndaş qəbul edilib dinlənilmişdir. Onlardan 716 nəfəri rayon icra hakimiyyəti başçısı aparatında, 468 nəfəri isə səyyar görüşlər zamanı şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində qəbul edilib dinlənilmişdir. Qəbul zamanı vətəndaşlar əsasən torpaq, iş, maddi yardım, ünvanlı sosial yardım tələbi, evlərin təmirinə, qaz çəkilişinə, xəstələrin müalicəsinin təşkilinə, əlillik dərəcəsinin alınmasına köməklik göstərilməsi, elektrik xətlərinin çəkilişi və təmiri, evinin sənədləşdirilməsi, tikintiyə icazə verilməsi, məktəbli forması ilə təminat, içməli su təchizatının yaxşılaşdırılması, suvarma arxlarının qazılıb lildən təmizlənməsi və digər məsələlərlə bağlı müraciət etmişlər. Vətəndaşların qəbulunun nümayəndəliklər üzrə təhlili göstərir ki, ən çox Ağdaş şəhər, Ləki qəsəbəsi, Qarağan-Şıxlar, Yuxarı Ləki, Xosrov, Yuxarı Nemətabad, Orta Ləki, Qaradağlı və Birinci Aral kənd ərazi icra nümayəndəliklərindən daha çox sayda vətəndaş rayon icra hakimiyyəti başçısının qəbuluna yazılmışdır.

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə müəyyən edilmiş vəzifə və səlahiyyətlərinin həyata keçirilməsində rayon icra hakimiyyəti başçısı aparatında və ərazi nümayəndəliklərində idarəetmənin müasir üslub və metodlarının, eləcə də informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində ardıcıl iş aparılır.

Biz gələcəyə çox böyük nikbinliklə baxırıq. 2014-cü il ölkəmizin hərtərəfli inkişafı üçün daha uğurlu bir il olacaqdır. İqtisadiyyatımız daha da güclənəcək, ölkəmiz daha iri addımlarla irəli addımlayacaq, Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə böyük işlər görüləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü ili “Sənaye ili” elan etmişdir. Bu ıl ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməlidir. Yeni sənaye müəssisələri, ixracyönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması—bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını təmin edəcəkdir.

Ağdaş rayonunun inkişafına göstərdiyi böyük diqqət və qayğıya görə dövlətimizin başçısı möhtərəm cənab İlham Əliyevə rayon ictimaiyyəti adından dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, bundan sonra da bütün qüvvə və bacarığımızı qarşıya qoyulan mühüm və şərəfli vəzifələrin uğurla həyata keçirilməsinə yönəldəcəyik.

Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev, Milli Məclisin üzvü Çingiz Əsədullayev iştirak və çıxış etmişlər.

İlham PƏNAHOV

Respublika.-2014.- 4 mart.- S.4.