Azərbaycan sivilizasiyalararası dialoq məkanıdır

 

Bəşər övladı yeni yarananda dil, din bölgüsü vardı, irqlər, cinslər, ölkələr, dövlətlər arasında fərqlər... Hamı bu dünyaya bir pəncərədən boylanırdı. Tanrının yaratdığı nə vardısa hamıya məxsus idi. Bəlkə bütün bunların Yeri-Göyü yaradan gözəgörünməz o ilahi qüvvəyə məxsus olduğunu daha yaxşı dərk edirdilər? Dünyanı yenidən bölüşdürmək iddiasının mənasız olduğuna daha çox inanırdılar? Bəlkə də....

Sonra hər şey dəyişdi, tədricən dünyanın dəyərləri, bu dəyərləri ifadə edən anlayışlar da çoxaldı. Bu anlayışlar isə birlik, həmrəylik, birgə, dinc, yanaşı yaşamağın ifadə etdiyi dəyərləri öz məzmununda cəmləşdirmək iqtidarında ola bilmədi. Bəşəriyyət tərəqqi etdikcə insanlar arasındakı münasibətlər məcrasını dəyişdi, şəxsi maraqlar ümumi maraqları üstələdi və beləliklə də sivilizasiyalar arasında qarşılıqlı ittihamlara meydan açıldı, “toqquşmalar” yarandı.

İndi dünya təzələnmək, yeniləşmək istəyir. Bu səbəbdən sürətlə qloballaşır, qlobal problemlərin dünya xalqlarının birgə səyləri ilə həllinə zərurət yaranır, sülh və əmin-amanlıq, mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsi üçün sivilizasiyalararası dialoq qaçılmaz olur. Əslində burada yeni, təzə bir şey yoxdur. Bu, bəşəriyyətin öz ilkininə qayıtmaq istəyidir...

Şərq-Qərb: ümumi

fərqli cəhətlər

Sivilizasiyalararası  dialoq XXI əsrin ən aktual mövzusudur.  Mövzu ətrafında fəal diskussiyaların, beynəlxalq konfrans və simpoziumların keçirilməsi də sivilizasiyalararası dialoq ideyasının aktuallığını bir daha təsdiqləyir. Bəs hədəf kimi hansı sivilizasiyalar seçilir?..

Təbii ki, məsələyə yanaşma müxtəlifdir. Söhbət əsasən Şərq və Qərb, digər hallarda İslamXristian sivilizasiyalarından gedir. Sivilizasiyanın dini əlamətə görə bölünməsinin əleyhdarları olan fəlsəfi fikir nümayəndələri Şərq və Qərb sivilizasiyalarından  danışmağı daha doğru hesab edirlər, lakin bu bölgünün özünisbidir. Əslində vahid ümumbəşəri bir sivilizasiya varmüasir dövrdə proseslər bu vahid sivilizasiyanın formalaşması istiqamətində gedir. Elə qloballaşma da buna xidmət edir. Lakin nədənsə bu vahid sivilizasiya “Qərb sivilizasiyası” anlayışı ilə qarışdırılır. Halbuki, müasir sivilizasiya özündən əvvəlki bütün lokal sivilizasiyaların nailiyyətləri üzərində qurulur ki, burada da Şərqin rolu böyükdür.

Bu gün dünyada baş verən proseslərə nəzər yetirdikdə maraqlı bir mənzərə yaranır. Bir tərəfdən Avropanın intibahında Şərqin əsasən vasitəçi rolunu oynaması, antik mədəniyyətin və qədim yunan fəlsəfəsinin avropalılar tərəfindən yenidən mənimsənilməsində bir iştirakçı olması və Qərbin bundan sonra yeni, fərqli bir istiqamətdə formalaşması kimi fikirlər irəli sürülür. Digər tərəfdən son əsrlərdə Şərqdə milli dövlətlərin yaranması, milli-fəlsəfi fikrin oyanışı kimi yeni fəlsəfi fikrin isə daha artıq orta əsrlər İslam fəlsəfəsinin sadəcə davamı olmaması, Şərqin tənəzzülü dövründə daha çox irəliyə gedən Avropanın elmi-fəlsəfi dünyagörüşünün səviyyəsinə uyğun surətdə inkişaf etməsi bir həqiqət kimi ortaya qoyulur.

İndi isə Qərbin özünün daxili mənəvi potensialının tükənmək üzrə olması məsələsi meydana çıxır. Bu isə bəşəriyyətin böhranla üzləşməsi deməkdir. Avropa ideoloqları Qərbin mədəni-mənəvi süqutundan tez-tez danışır, onun həyatın təməl prinsiplərindən ayrı düşərək çox-çox uzaqlara getdiyinigeri dönməyin müşkülə çevrildiyini böyük narahatlıq hissi ilə qeyd edirlər.

Şərq - ənənəviliyin, Qərb isə müasirliyin simvolu kimi başa düşülür. İstər Şərqdə, istərsə də Qərbdə elmin, mədəniyyətin, təhsilin xüsusiyyətlərini məkan deyil, zaman göstəricisi səciyyələndirir. Şərqlə Qərb arasındakı bölgü mədəni-mənəvi bölgüyə, habelə sivilizasiyaların tip və düşüncə tərzləri arasındakı fərqə görə aparılır. Şərq düşüncəsinə görə məqsəd insanı kamilləşdirməkdən ibarətdirsə, Qərb düşüncəsində cəmiyyətin təkmilləşdirilməsi əsas götürülür.

XIX əsrdən başlayaraq Qərbdə Şərq düşüncə tərzinə böyük maraq yaranır, bu iki sivilizasiyanın vəhdəti ideyasının carçıları meydana gəlir. Əslində isə bu ideya da yeni deyildi, çünki onun kökləri daha əvvələ gedib çıxır.

Azərbaycan Şərqlə Qərbin

qovuşuğunda

Şərqlə Qərb dəyərlərinin birləşdirilməsi, millidini dəyərləri qoruyub saxlamaqla modernləşmək mövqeyi. XX əsrin əvvəllərində bu, bir şüar kimi səslənirdi. Həmin dövrdə səsləndirilən bu fikirlər Azərbaycan yazıçılarının da diqqət mərkəzində olmuşdu. Belə ki, Sabir, Hadi, Cavid və Cabbarlı kimi mütəfəkkir yazıçıların yaradıcılığında bu mövzu əsas yerlərdən birini tuturdu:

Bir dövrdə kim, silqü səfa qalmayacaqmış,

Bilməm belə dövranları neylərdin, ilahi?!

- deyən M.Ə.Sabir məzlumların tərəfdarı olduğunu, zalımlara, haqsızlığa qarşı çıxdığını böyük vətəndaşlıq cəsarəti ilə ifadə edirdisə, H.Cavid öz əsərlərində Şərq-Qərb müstəvisində Azərbaycana baxışını, qəhrəmanının simasında dünyanı, sivilizasiyaları sintez etmək meylini ortaya qoyurdu:

Şərqə görə o diyarda azad ikən düşüncə,

Yazıq!..Yenə mümkün deyil didişmədən qurtarmaq...

Qərbə və Şərqə bu baxışlar əslində müəllifin öz şəxsi qənaətləridir. Bu da onu göstərir ki, sivilizasiyalararası münasibət probleminə ədəbi-bədii münasibət elmi-fəlsəfi münasibətdən əvvəl formalaşmış, siyasilər üçün meydan yaratmışdır.

Bu gün Qərbin dəyərlər sisteminin dünyaya yayılması istiqamətində böyük işlər görülür. Bu işlərin sivilizasiyaların dialoqu sayəsində həyata keçməsi üçün mütərəqqi qüvvələr birgə səy göstərir. Təbii ki, Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan da bu proseslərin fəal iştirakçısına çevrilmişdir. Məsələyə münasibət bildirən ümummilli lider Heydər Əliyev demişdir: “Avropa ölkələri ilə münasibətlərin inkişafında qədim “İpək yolunun bərpasını nəzərdə tutan TRASEKA proqramının həyata keçirilməsinə başlanması mühüm yer tutur. Bu nəhəng nəqliyyat dəhlizinin mərkəzində yerləşən ölkə kimi Azərbaycan Şərqlə Qərbin qovuşmasında mühüm rol oynayır.”

Bu strateji kursun davamçısı olan Prezident İlham Əliyev isə Azərbaycanın bu məsələdə daha irəli getdiyini qeyd edərək deyir ki, bu gün Azərbaycan artıq iki sivilizasiya arasında körpü rolunu oynamır, o, bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla onların vəhdətini təcəssüm etdirir. Çünki “Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq.”

Bəli, XXI əsr artıq öz diktəsini etmiş və Şərqlə Qərb sivilizasiyalarının dialoqu, ümumbəşəri vəhdət ideyası bugünün reallığına çevrilmişdir. Dünyanın bu yeni nizamının formalaşması isə sivilizasiyaların qarşılıqlı əlaqəsinə fərqli münasibət tələb edir. XIX əsrin 70-80-ci illərində bu yenilik mədəniyyət müstəvisində baş verən qlobal proseslərin siyasi müstəvidə təzahürləri kimi görünürdü. Şərq və Qərb bölgüsübu tendensiyaların nəticəsi idi.

Bu tendensiyanı siyasiiqtisadi müstəvidə ilk dəfə nəzərə alan ümummilli liderimiz Heydər Əliyev oldu. “Yönümüz Şərqə olsa da, yolumuz Qərbədir” - deyən ulu öndərin təşəbbüsü ilə 1998-ci ilin sentyabrında Bakıda 32 dövlət başçısının iştirakı ilə beynəlxalq konfrans keçirildi. Bu toplantıda bir sıra planetar miqyaslı strateji layihələr imzalandı. 2001-ci il isə YUNESCO tərəfindən “Sivilizasiyaların dialoquili adlandırıldı.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü fəaliyyət nəticəsində bu problem bir daha aktuallaşdı. Bu fəaliyyətin sayəsində Bakı 2009-cu ildə bütövlükdə İslam mədəniyyətinin paytaxtı elan olundu. Mədəniyyət ili çərçivəsində Bakı “Şərq-Qərb” mövzusunda kinofestivallar, incəsənət bayramları, beynəlxalq elmi konfransların keçirildiyi mədəni-mənəvi məbədə çevrildi.

2008-ci il iyunun 10-da Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumda  çıxış edən Mehriban xanım Əliyeva qarşıda duran vəzifələr, görüləcək işlərdən danışarkən demişdi: “Görəsən, sivilizasiyalara, xalqlara və ayrı-ayrı insanlara bir-birini eşitməyə, anlamağamane olur və nə kömək ola bilər?” O, sadəcə bu sualı qoymaqla kifayətlənmədi, sivilizasiyalar arasında qarşılıqlı anlaşma yaradılması istiqamətində ciddi əməli addımlar atdı, öz fəaliyyəti ilə mədəniyyətlər və sivilizasiyalararası dialoqa nail olmağın yolunu, qadınların bu sahədə nə qədər böyük rol oynaya biləcəyini göstərdi.

2011-ci il aprel ayının 7-də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi üçün məhz yenə Bakı seçildi. Bu isə təsadüfi deyildi. Çünki qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu bir ölkə bu cür tədbirlər üçün həqiqətən əvəzsiz məkandır. Əvvəla, Azərbaycan bu cür tədbirlərə ev sahibliyi etməkdə yaxşı təcrübə toplamış, digər tərəfdən, son onilliklər hər bir sahədə sanballı qələbələr qazanaraq regionun lider dövlətinə çevrilmişdir. Elə ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyev Humanitar Forumun Bakıda keçirilməsini şərtləndirən amilləri izah edərkən demişdi: “Əsrlər boyu Azərbaycanda müxtəlif mədəniyyətlərə məxsus olan xalqlar bir ailə kimi yaşamışlar. Hesab edirəm, bizim təcrübəmiz əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər.”

Bəli, hər bir ölkənin, hər bir xalqın azad olmaq haqqı var, lakin dünyada böyük bir ailəni formalaşdırmaq üçün xalqlar arasında bərabər imkanlar təmin edilməli, milli sərhədlərə, ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır.

Forumun iştirakçısı İordaniya kraliçası ülyahəzrət NUR Bakıya gəlişindən, Şərqin Parisi adlandırdığı bu şəhərlə tanışlığından məmnunluğunu ifadə edərək həmçinin demişdi: “Bu gün biz sülhməramlı fəaliyyətə üstünlük verməliyik. Dünyanın istənilən yerində baş verən münaqişələrdən insanlar əziyyət çəkirlər, zorakılığa yol verilməməlidir. Zənnimcə, bu haqda danışmalıyıq. Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4600 insan itkin düşmüşdür. Münaqişənin nizamlanması həmin insanların taleyinə aydınlıq gətirə bilər...”.

Bu yazını hazırlayarkən istər-istəməz dünyada sülhün qorunmasına xidmət edən sənət adamlarını, onların sənət əsərlərini xəyalıma gətirir, xalqımızın dünya mədəniyyətinə saysız incilər bəxş edən nümayəndələrini xatırlayırdım.

XX əsrin ortalarında bir mahnı bəstələnmişdi. Bu, dünyanın müxtəlif yerlərində tüğyan edən münaqişə və müharibələrə, tökülən qanlara qarşı bir ananın etirazı, hayı-harayı idi. Davadan söz düşəndə qəlbi odlanan insanları bir-birinə dost görmək istəyən ananın, zamanın arzusu ilə üst-üstə düşən və bu günaktual olan arzusu...

Mən anayam bu səsimdə

Yerin, göyün dərdi var,

Sülhə gəlin, ey insanlar!

Yoxsa dünya məhv olar...

 

Nurəngiz BAĞIROVA,

Respublika.-2014.- 4 mart.- S.7.