Mirzə
Şəfi Vazeh - 220
Susannanı öz istəklisindən ayırıb zorla
varlı bir adama ərə verəndən sonra aşiqin qəlbini
sıxan hicran möhnəti və vüsal həsrəti
aşiqanə məktubda əksini tapmışdır. “Həsb-hal”
farsca lirik beyt və mənsur şeirlə (səcili-qafiyəli
nəsrlə) başlayır.
Aşiq hicran fəraqında çırpınır. Onun ay
üzlüsü səfərə
çıxdığına görə aşiqin ürəyi
dərdli, gözü yaşlıdır. Lakin
o, vüsal həsrətindədir. Ömrün
səadətini istəklisi ilə qovuşmaqda görür.
Bu ülvi, nəcib bəşəri duyğunu eşqi-məhəbbəti,
vüsal zövqünü dini əfsanədən, şəriətdən
üstün tutur:
Hicran gecəsin
möhnətini gər görə kafir,
Şək yoxdu ki, inkar eləməz ruzi-qiyamət.
Gər
zahidi xudbin bilə zövqini vüsalin
Cənnət tələbindən nə bulur qeyri-nidamət?
Aşiq öz məşuqəsinin — “Bədirlənmiş
ayın xəbərsiz uzaqlaşmasından “Hilalə” dönməsindən
gileylənsə də, xəyalən ondan ayrılmazdır. Onu düşünür: “O
hansı yolun torpağıdır ki, sənin atının
nalının tozundan başını göylərə
qaldırmış, o hansı mənzildir ki, müşkin
saçlarının nəsimi ilə Çin səhrasını
qısqanırmış?”
...Göz
ağlar kim, səni görməz,
könül xud
səndən ayrılmaz
Məgər
cismi-lətifin nazəninim, sərbəsər
candır?
A
şiqin könlünə hakim kəsilən gözəlin
sehrkar hüsnü, camalı, vüqarı
qarşısında aləm səcdə edir: Fələk cilvələnən
gözəlliyin önündə “qulağı halqalı qul”
olur. Hicrana dözə bilməyən aşiq
heç bir şeylə təsəlli tapa bilmir. Onun “xəyal qasidi” belə məşuqənin “vəsl
otağına” yol tapmaqda acizdir. Səbri-qərarı
tükənmiş aşiqin canı dodaqda, gözü yolda
qalmışdır. Ona həyat bəxş etmək
üçün istəklisi qayıtmalıdır: “Qayıt gəl,
qayıt gəl, günəş üzünü göstər,
camalını pərdədən çıxart, ariflərin məclisini
zinətləndir”.
Göründüyü kimi, “Həsb-hal”da ülvi məhəbbət,
qadın azadlığı dini fanatizmə, şəriət
qayda-qanunlarına qarşı qoyulmuşdur.
A.Bakıxanovun
“Göstərir” rədifli qəzəli əsasında Naci və
Nasehlə keçirdiyi şeirləşmədə də Mirzə
Şəfi eşqi, məhəbbəti hər cür dini təsəvvürdən
yüksək tutur:
Səbzpuş
olmuş qədin rüxsari-atəşgunilə,
Musiyi-İmranə guya, Tur şəklin göstərür.
Məşuqun
sərv qəddi, gözəl camalı onun od
saçan yanaqlarının şövqündən, müqəddəs
haləsindən al-yaşılı rəngə
boyanmışdır. Bu da şairə bir hədisi-dini rəvayəti
xatırladır: guya, peyğəmbər Turisina dağında
danışıq zamanı Allahı od
şəklində görmüşdür. Bu
müqayisə, dini təsəvvürə, etiqada qarşı
çevrilmişdir.
Mirzə
Şəfi ayrı-ayrı beytlərində də şəriət
ehkamlarının puçluğunu, din xadimlərinin
riyakarlığını və
özbaşınalığını ifşa edirdi:
Min ev yıxıb, tikirsiniz bir boş minarə,
Ərşə çıxıb, yetmək
üçün pərvərdigarə.
Mirzə
Şəfinin fars dilində əldə
olan aşiqanə-lirik poeması, qəzəl və rübailəri
də ictimai-fəlsəfi məzmunu ilə diqqəti cəlb
edir. Bu əsərdə klassik şeirin mütərəqqi
ənənələrinin davamı olmaqla yanaşı, ideya və
bədii üslub xüsusiyyətləri cəhətdən
yeni və təravətlidir. Mirzə Şəfi
yüksək sənətkarlıq bacarığı ilə
yaratdığı poeziyasında saf məhəbbəti,
dünyəvi eşqi dövrün hakim qayda-qanunlarına,
şəriət ehkamlarına və dini təsəvvürlərə
qarşı qoyur.
Mirzə Şəfinin poeziyası ənənəyə
sıx bağlıdır. Füzuli
yaradıcılığının təsiri onun qəzəllərində
daha aydın nəzərə çarpır. Mirzə Şəfinin dolğun məzmunlu lirik
şeirlərində eşq, məhəbbət tərənnüm
olunur. Bu əsərlərin lirik qəhrəmanı
romantik şairin insan münasibətləri haqqında fikir və
düşüncələrini, arzularını ifadə edir.
Onun ideya-estetik amalı azadlıq, səadət,
ülvi məhəbbətdir. Mirzə
Şəfinin poetik əsərlərində dünyəvi
eşq, məhəbbət dövrün etik qayda-qanunlarına,
dini baxışlara qarşı çevrilmişdir.
Şair “Xoş olsun ol könül, eşqə məkandır”
misrası ilə başlayan qəzəlində eşq sevdasını
ən ülvi, nəcib hiss kimi hər şeydən yüksək
tutur.
Gül üzlü yarın bir baxışına “iki
dünya”dan keçən aşiqin fikrincə, eşqin qəm-qüssə
və iztirablarından uzaq olan ürək “kor quyu”nu—susuz
çeşməni xatırladır. O, ülfəti eşqin
şeydası olan pərvanə və bülbüldən
öyrənməyi tövsiyə edir. Sevdalı
fikri, “eşqin məkanı” olan könlü
alqışlayır. Mirzə Şəfi qəzəllərindən
birində xeymədə əyləşmiş nazənin
gözəlin qara zülfünü üzündən çəkməsi
ilə “həqiqət nuru parla”masını, məşuqla
aşiqin xoş ülfətini təsvir edir.
“Düşər”
rədifli qəzəlində isə şair vüsal fəraqında
olan aşiqin mənəvi aləmini açır: “Qəddü-qamətli”—sərv
boylu yarı xatırlayanda aşiqin könlü pərişan
olur. O, şeyxə müraciətlə deyir ki, gül
üzlü yarı görməyi mənə qadağan etmə.
Çünki “sən bəsirət əhlinin
gözünə nələr göründüyünü”
bilməzsən. Bir qəzəlində isə
həqiqi aşiq həmhücrə olan dostuna məsləhət
edir ki, zahidlikdən əl çəksin, eşq, məhəbbət
yolunu tutsun. O deyir: “qəmli aşiqdən yarın məhəbbətindən
ayrı bir şey sorma”. Çünki könlü eşqə
giriftar olalı hara baxırsa, məşuqunu görür:
O zamandan
ki, mənim qəlbimə yol tapdı o yar,
Unuda bilməyirəm
mən onu bir an da belə.
Bu fələk
kim sənə ulduzla bəzənmiş
görünür,
Bəlkə aşiqdir o da, sirrini faş etməz hələ?
İndi
gül fəslidi, çöllərdə tamaşa dəmidir,
Çıx
çəmən seyrinə, mey məclisi qur, şadlıq elə,
Yardan versə
xəbər Vazehə o badi-səhər,
Qəbrdə olsa əgər bil ki, gələr bir də
dilə.
Göründüyü kimi, Mirzə Şəfinin qəzəllərində
vüsal ümidi, eşqə sədaqət hissi
güclüdür. Ona görə də aşiqin əhval-ruhiyyəsi
nikbindir. Lakin vüsal həsrətinə
dözə bilməyən aşiqin qəlbində sevinc və
kədər hissi bəzən anlaşılmaz duyğular
oyadır, yara qovuşmaq inamını azaldır, həyəcanlandırır.
Buna baxmayaraq aşiq eşqə sədaqətlidir.
Mirzə Şəfi “Gəl ey canım ki, hicrində
dodağa çatdı bu canım” misrası ilə
başlayan qəzəlində aşiqin ayrılığa tab
gətirə bilmədiyini, vüsal həsrətinin
iztirabını açıb göstərir. Burada ülvi məhəbbətin fəraqından
odlanıb yanan, ürfanı eşq “tacı ah, göz
yaşı təxt, ləşkəri dərd, məmləkəti
qəm” olan aşiq fənaya uğrasa əbədi
yaşayacağına qəti əmindir. Çünki
eşq əhli ölmür. Onun bütün həyatı
rahatlığını əlindən alan
məşuqun iltifatına bağlıdır:
Nigarım,
vaxt gəlib çatdı, bu xəstə aşiqi yad et,
Mən öylə xəstəyəm ancaq, sənin vəslində
dərmanım.
Kim
eşqin dərdinə yansa, o nalə eyləyər hər dəm,
Mən öylə gizli yannam ki, nə naləm var, nə
əfqanım.
O
mişkin zülflərin şövqü, o ay tək
çöhrənin mehri
Gecəylə
gündüzü almış əlimdən mahi-tabanım...
Mirzə Şəfi farsca rübailərində də
aşiqin vüsal həsrətini, hicran kədərini və
ülfətini ifadə edir. O, “Xoşdur” rədifli bir
rübaisində iki sevgilinin görüşünün
miniatür lövhəsini yaradır. Rübailərin
birində isə şair sevib-sevilməkdə qadının
hüquqsuz olmasını, əsarətini cəmiyyətdə
kişinin tutduğu mövqeyə–sərbəstliyə, mənəvi
azadlığa qarşı qoyur, hər ikisini eyni hüquqda
görmək istəyir. Mirzə Şəfi yazır:
“Əgər biz kişilərdən biri bir qadını sevərsə,
xeyirxah yar sayılar, ona eyib tutmazlar. Amma nəyə
görə, qadın bir kişini sevərsə, dünya aləmin
gözündə pis və pozğun görünər?”
***
Mirzə
Şəfi “Məktubun intizarında” aşiqanə-lirik
poemasını 1821-ci ildə, 29 yaşında ikən, Gəncədə
məsnəvi şəklində qələmə almışdır. Poemada ülvi məhəbbətlə sevən
aşiqin mənəvi iztirabları və eşqə sədaqəti
inikasını tapmışdı. Aşiqin dili ilə
söylənən poema gözəlin tərifi ilə
başlayır:
Məhəbbət
bağının sərvi-rəvani,
Məlahət bağının tazə fidanı.
Ucaboylular
içrə fəxri-dövran,
Şikəstə qəlblərə munisi-dərman.
Zamanın
ən seçilmiş nocəvani,
Gözəllərin gözəli, mehribani.
Şəfəqdə
mehridə göylərdə bir ay,
Vəfada,
əhdidə yoxdur sənə tay.
Xoşəndamsan,
xoşiqbal, xoşəməlsən,
Zəmanə görməmiş nazlı gözəlsən.
Aşiq öz istəkli yarını həmişə
qönçətək ətirli, təravətli, başı
sövdalı görmək istəyir, həyatını onsuz
təsəvvür etmir. O, “ilahi, sən uzaq et bədnəzərdən”, deyə
Allaha yalvarır ki, sevgilisini bəlalardan hifz etsin, ona
könül aydınlığı, sağlamlıq və “əbədi
həyat bağışlasın”. Məhz
xeyir-duadan sonra aşiq eşqin yolunda çəkdiyi
cövrü-sitəmdən, müsibətdən
danışır. “Ərzi-hal”dan aydın
olur ki, hicran dərdinə dözə bilməyən aşiqin
xəstə qəlbinin ahı-naləsi ərşə
qalxır, ürəyinin qanı gözlərindən
“gürşad yağıştək” axır. O,
Bağdad Dəcləsinə dönən göz
yaşlarından imdad istəyir ki, himmət edib nazlı
nigarın məskəninə axsın, onun ayağına
düşüb qərarsız aşiqin ərzi-halını
ona yetirsin. Lakin ciddi-cəhdlər əbəsdir: istəkli
yardan soraq verən tapılmır. Aşiq taleyin
dönüklüyündən, amansızlığından
şikayətlənir, qəlbini “hər an
dərdlə didən” çərxi-fələyin, zəmanənin
amansızlığına qarşı etirazını bildirir:
Mənə
min dərdi verdin, yoxdur dərman;
Bir anlıq vəsl üçün bu qədri hicran?
Neçə
min sinəyə dağlar çəkibsən,
Usanmazsan məgər bu cövridən sən?
Nə olardı, məhəbbət olmayaydı.
Olurdu
kaş bu möhnət olmayaydı,
Üzünü
görməyə yox əldə imkan,
Nə də gül dərmədim vəslin
bağından.
Nə bir
kəs var ki, həməsrarım olsun,
Nə bir kəs var mənim qəmxarım olsun.
Kimə deyim ilahi, vəsfi halım?
Kimə deyim bu dərdim, bu məlalım?
Bu əsarara ilahi, kimdi mərhəm?
De kimdə
var bu qədri dərdilə, qəm
Ki, ona söyləyim dərdimi bir dəm?
Alım ondan bu dərdə bəlkə məlhəm.
Poemadan
göründüyü kimi, aşiq hicran əzabına dözə
bilməyib min dərd verən, sinələrə dağlar
çəkən—“bu cövridən” usanmayan çərxi-fələyə
qarşı etiraz etsə də, həyatda dərdini, “vəsfi-halı”nı
söyləməyə bir sirdaş, “qəmxar” tapa bilməsə
də, eşqinə, ilqarına dönük
çıxmır, “tükənməz dərdinə imdad”, istəklisinə
qovuşmaq üçün yollar arayıb axtarır. Bu ümidlə “ənbər qoxulu sübhün
küləyi”nə müraciət edir, yarın intizarı,
firqəti “cəfavü-möhnəti” yolunda çəkdiyi
müsibətlərdən danışır, ondan dərdinə
əlac istəyir. O istəyir ki, səba küləyi
“aşiqi-zarın” gileyi-güzarını, vüsal həsrətini
“günəş camallı”ya yetirsin. Ona xəbər versin ki,
fəraqına dözə bilmir, nə gecəsi, nə
gündüzü var: ürəyi dərdli, halı pərişandır,
həyat bağçasında küləklər əsir,
baharı xəzana dönübdür.
“Səba küləyi”ndən xəbər
çıxmadığından qəm-qüssə əlindən
qəlbi dara çəkilən aşiq “cinsi-bəşərdən”
uzaqlaşmaq, məcnun kimi səhraya pənah aparmaq qəsdinə
düşür. Belə bir vaxtda qasid ona istəkli yardan şəfqət
və “lütfi-məhəbbətlə” yazılmış,
müşk ətirli məktub gətirir:
Bu namə
dilrüba, o yardan idi,
O munis
sevgilim dildardan idi...
Baxanda naməyə
halım duruldu,
Ürək
də namənin ətriylə doldu...
Məgər
bu dövranın rəyi dolandı,
Yatan bəxtim məgər, birdən oyandı?
Nə oldu çövrü-çərx, ol
zülmü-dövran?
O
zülmündən məgər oldu peşiman?
“Gül üzlü” yarın məktubu aşiqin qəlbində
qəm-qüssəni sevincə, gecəni gündüzə
çevirir.
Çünki “günəş camallı”nın
qəlbində mehri, başında sevdası əsgilməmişdir.
O, hicrana səbrlə dözməyə, naümid olmamağa
çağırır: çünki “naümidlik məşuqlara
haramdır”. Poemanın sonunda aşiq saqiyə müraciət
edir:
Gəl ey
saqi, gətir bir cami-gülgün,
Ürəkdə pas tutan dərdimi silsin.
Şükür
olsun ki, bəxtim də yar oldu,
Nə xoş əyyam, nə xoş ruzigar oldu.
Gəl ey
Vazeh, məcazi-eşqidən sən
Həqiqət
tap, onunla yüksələrsən.
Göründüyü
kimi, aşiqanə-lirik poemada həqiqi insan eşqi, dünyəvi
məhəbbəti sufi
dünyagörüşünə qarşı qoyulmuşdur.
Əsərin məzmunu, ruhu və ideyası
açıq-aşkar sübut edir ki, şairin “məcazi
eşqdə” axtardığı həqiqət sufi
həqiqətindən çox uzaq olub real insan münasibətləri
ilə sıx bağlıdır.
Mirzə
Şəfi irsinin tərcüməsi, nəşri və
dünya şöhrəti alman şairi Fridrix Martin fon Bodenştedtin adı ilə sıx
bağlıdır. Mətnşünas-alim Salman Mümtaz
haqlı olaraq yazırdı: “Mirzə Şəfinin də
bütün Avropa və bilxassə Almaniyada şöhrət kəsb
etməsinə səbəb olanların ən birincisi Mirzə
Şəfinin öz şagirdi Fridrix fon
Bodenştedtdir”.
1846-cı ildə vətəni Almaniyaya qayıdan
F.Bodenştedt Mirzə Şəfinin şeirlərini
böyük həvəs və zövqlə alman dilinə
çevirib “Şərqdə min bir gün” (1850) adlı
ikicildlik əsərində çap etdirir. O, bermenli dostuna 28 mart 1851-ci
il tarixli məktubunda etiraf edirdi ki, “mənalı
anlarım Mirzə Şəfidən etdiyim tərcümələrlə
olmuşdur”.
Mirzə Şəfinin şəxsiyyəti, incə və
zərif poeziyası F.Bodenştedtin qəlbində
güclü təsir oyatmışdı. O, pərəstişkarlıqla
yazırdı: “qəlbimdə əbədi yaşayan hikmətli
sözləri, şirin nəğmələri ilə qadın
və qızlarımızın dilində əbədiləşmiş,
adı isə bütün Avropada iftixarla çəkilən gəncəli
söz ustadım Mirzə Şəfi. Sən bu
gün xatirəmdə yenidən canlanırsan. Sanki bir çay süfrəsi ətrafında əyləşib,
sizin gözəl nəğmələrinizi dinləyirik.
İnsanlara sevinc, özünə əbədi
şöhrət gətirmək üçün mənə bəxş
etdiyin bu tər çiçəklərdən sizə gözəl
bir çələng hördüm, qarşıma
tökmüş olduğunuz bu zümrüd daşları sapa
düzüb zərif bir boyunbağı düzəltdim, ey mənim
söz ustadım”.
F.Bodenştedt “Şərqdə min bir gün” əsərinə
Mirzə Şəfinin sevinc və məhəbbəti, gözəllik
və yaxşılığı tərənnüm edən
şeirlərini, hikmətli sözlərini və zəmanədən
şikayət məzmunlu əsərlərini daxil etmişdi. 1851-ci ildə
Berlində “Mirzə Şəfinin nəğmələri”
adlı şeirlər toplusu F.Bodenştedtin müqəddiməsi
ilə çapdan çıxır. Bu
kitab misilsiz ədəbi hadisəyə
çevrilir, qısa müddət ərzində bütün
Avropa dillərinə—ingilis, fransız, italyan, Norveç,
holland, Danimarka, polyak, çex, bolqar, hətta qədim yəhudi
dilinə tərcümə olunub yayılır, böyük
müvəffəqiyyət qazanır.
“Mirzə
Şəfinin nəğmələri”ndə geniş proloq və
şeirlərin məzmununa müvafiq bölmələr
verilmişdi: Züleyxa haqqında şeirlər; şikayət
şeirləri şərab və dünya nemətlərinin tədhi;
həkimanə şeirlər; “Tiflis” və digər şeirlər;
Mirzə Yusif haqqında; Hafizə haqqında şeirlər; həyata
inam; müxtəlif şeirlər və həkimanə sözlər;
nəhayət, sonda “Tiflislə əlvida” şeiri. Əlbəttə, kitabda toplanmış əsərlərin
hamısını qeyd-şərtsiz Mirzə Şəfinin nəğmələri
hesab etmək olmaz.
əvvəli,
ardı var
Teymur ƏHMƏDOV.
Respublikaş-2014.- 4 mart.- S.7.