DAĞLAR DİYARI
LERİK UĞURLU İNKİŞAF, TƏRƏQQİ YOLUNDA
Ötən il dağlar qoynunda yerləşən Lerik rayonunun iqtisadi, sosial və mədəni həyatında yüksək nailiyyətlər əldə olunmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ucqar dağ rayonunun sosial-iqtisadi inkişafına göstərdiyi misilsiz qayğı sayəsində tikinti, abadlıq, quruculuq işlərinin həcmi artmış, irimiqyaslı layihələrin həyata keçirilməsinə başlanılmışdır. Leriklilər cənab Prezidentin yüksək qayğısını böyük razılıqla, minnətdarlıqla qarşılamış, doğma rayonun dinamik inkişafına yeni töhfələr vermişlər.
Bu günlərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı yanında şuranın geniş tərkibdə keçirilən iclasında 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları ətraflı təhlil olunmuş, qarşıdakı dövr üçün yeni vəzifələr müəyyənləşdirilmişdir.
Şura iclasında Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ötən ilin yekunları ilə bağlı məruzə etmişdir. İcra başçısı bildirmişdir ki, 2013-cü il bütün sahələrdə əldə olunmuş mühüm nailiyyətlərlə tarixə çevrilmişdir.
2013-cü ildə kənd təsərrüfatı məhsulları istehsalı keçən ilin müvafiq dövrünə nisbətən rayonda 16,8 faiz artaraq 38 milyon 225 min manata, sənaye məhsulu 2,9 faiz artaraq 712,3 min manata, nəqliyyat xidməti 2,9 faiz artaraq 2 milyon 703 min manata, pərakəndə əmtəə dövriyyəsi 3,8 faiz artaraq 68 milyon 596 min manata, pullu xidmətlər 15,3 faiz artaraq 12 milyon 939 min manata çatmışdır. Tikinti-quraşdırma işlərinin həcmi 6,8 dəfə artaraq 27 milyon 746 min manat olmuşdur.
Torpaqdan səmərəli istifadə edilməsi ilə bağlı aparılan təbliğat işləri öz bəhrəsini verir. Yerli fermerlər taxılçılıqla yanaşı, üzümçülüyün də inkişafına diqqəti artırmışlar. Lələdulan, Gürdəsər və Molalan kəndlərində xəstəliyə davamlı, məhsuldar üzüm tingləri əkilmiş, yeni bağlar salınmışdır.
Heyvandarlıq rayonda sürətlə inkişaf edir. İribuynuzlu
mal-qaranın, qoyun və keçilərin baş sayı
keçən ilin müvafiq dövrünə nisbətən
xeyli artmışdır. Süd, ət,
yumurta, yun istehsalı da çoxalmışdır.
Yeni cins mal-qaranın yetişdirilməsi ilə əlaqədar
bir sıra tədbirlər həyata keçirilmişdir. Mal-qaranın cins
tərkibinin dəyişdirilməsi sahəsində
uğurlarla yanaşı, müəyyən problemlər
qalmaqdadır.
Kənd təsərrüfatının inkişaf etdirilməsi
üçün fermer təsərrüfatlarına uzunmüddətli,
güzəştli kreditlərin verilməsinə ciddi ehtiyac
vardır.
Piran kəndində müasir avadanlıqlarla təchiz
edilmiş broyler fabriki fəaliyyət göstərir. Burada 6 ferma,
150 ton yem istehsal edən zavod və 5 min tonluq yem anbarı
tikilmişdir. Müəssisə saatda 6 min
ədəd toyuq, həftədə 132 min ədəd cücə
istehsal etmək gücünə malikdir. Fabrik “Lerik-broyler”
nişanı ilə öz məhsullarını satışa
çıxarmışdır.
İkinci
Dövlət Proqramının icrası dövründə
rayonda 4369 iş yeri, o cümlədən cari ildə 926,
2004-2013-cü illər
ərzində 9123 yeni iş yeri
açılmışdır. İş yerlərinin 40 faizdən
çoxu daimi iş yerləridir.
Cənab Prezidentin tapşırığı və
yüksək qayğısı sayəsində rayonun
yaşayış məntəqələrinin
qazlaşdırılması uğurla davam etdirilir. Hesabat dövrndə Dövlət
Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin, Milli Məclisin
deputatı İqbal Məmmədovun iştirakı ilə
Çayrud, Monidigah, Qosmalian, Blaband və Nuravud ərazi dairələrində
açılış mərasimləri keçirilmiş, 24
yaşayış məntəqəsinə mavi qazın verilməsi
təmin edilmişdir. Hazırda 10 kənddə
işlər davam etdirilir.
Lerik şəhərində aparılan tikinti, quruculuq
işləri diqqəti cəlb edir. Şəhərin
daxili küçələrinə asfalt örtüyü
salınmış, müasir işıq dirəkləri
quraşdırılmışdır. Küçələrdə
istinad divarları hörülmüş, divarlar çay
daşı, aqlay plitələri ilə üzlənmiş, səkilərə
aqlay və tamet döşənmişdir.
Cari ildə şəhərdə 9 kommunal binanın dam
örtükləri dəyişdirilmiş, rayonun simvolik abidəsinin
tikintisi başa çatdırılmış, ərazidə
abadlıq işləri görülmüşdür. Şəhərdə
300 nəfərlik xeyir-şər evi sakinlərin istifadəsinə
verilmişdir.
Ötən
il 12 yeni məktəb binası, rayon statistika idarəsi üçün
inzibati bina, mərkəzi xəstəxananın uşaq xəstəlikləri
şöbəsi, 75 yerlik şəhər uşaq
bağçası tikilib istifadəyə verilmiş, Nuravud kənd
tam orta məktəbi, DSMF-in rayon şöbəsinin inzibati
binası əsaslı təmir edilmişdir. Lerik
şəhərindəki uşaq bağçasının ikinci
korpusunda son tamamlama işləri aparılır. Hazırda 4 kənddə yeni məktəb binaları
tikilir, Mastayıl kənd tam orta məktəbində əsaslı
təmir işləri aparılır.
Ölkə
Prezidentinin sərəncamları ilə 26 kilometr uzunluğunda
Lerik-Qosmalian-Kəlvəz yolu tikilərək istifadəyə
verilmiş, 30 min nəfər əhalinin
yaşadığı, 50 yaşayış məntəqəsini
birləşdirən 36 kilometr uzunluğunda Noda-Şingədulan-Xanagah
avtomobil yolunun tikintisinə başlanılmışdır. Leriklilər rayonun yol infrastrukturunun yeniləşdirilməsinə
göstərdiyi misilsiz qayğıya görə dövlətimizin
başçısına dərin minnətdarlıqlarını
bildirirlər.
Son illər
Piran, Noda, Vizəzəmin, Cəngəmiran,
Günəşli və Qosmalian kəndlərində 6 kilometr
uzunluğunda daxili yollara asfalt döşənmiş, kəndarası
yollarda təmir işləri aparılmışdır.
Lerik-Lənkəran yolu rayonu respublikanın digər
şəhərləri ilə birləşdirən yeganə
yoldur. 56 kilometrlik uzunluğunda yolun müəyyən hissələri
intensiv yağışlar nəticəsində qəzalı vəziyyətə
düşmüşdür. Dekabr-yanvar
aylarında baş verən torpaq sürüşmələri
yolun istismarını təhlükə altına
almışdır.
Rayon icra
hakimiyyətinin dəstəyi və kənd sakinlərinin
yaxından iştirakı ilə kəndarası yollarda 200 min
manatlıq təmir-bərpa işləri
görülmüş, Milli Məclisin deputatı İqbal Məmmədovun
köməyilə Murya və Livədirqə kəndlərində
çaylar üzərində yeni körpülər
tikilmişdir.
Piran-Hamarat-Vıjaker avtomobil yolu dərin dərələrdən,
sərt qayalardan keçir. 22 kilometrlik yolun əsaslı
təmiri üçün sənədlər hazırlanaraq
Prezident Administrasiyasına təqdim edilmişdir. Dövlət Neft Şirkəti qayaların
partladılaraq yolun genişləndirilməsi və əsaslı
təmiri üçün ilkin qaydada maliyyə vəsaiti
ayırmışdır.
Rayonun hüdudlarından kənarda yaşayan leriklilərin
doğma kəndlərinə, el-obaya qayğı göstərməsi
çox sevindirici və təqdirəlayiq haldır. Belə nəcib, xeyirxah
insanların köməkliyilə Şingədulan, Çayrud,
Nücü, Lərmərud, Tikəband, Gürdəsər və
digər kəndlərdə xeyli abadlıq işləri
görülmüş, kənddaxili yollar
abadlaşdırılmış, Gürdəsər kəndində
200 yerlik xeyir-şər evi inşa edilmişdir.
Rayonda sahibkarlığın inkişafına xüsusi
diqqət yetirilir. Lənkəran-Lerik yolunun 37-ci kilometrliyində
çörək sexi tikilib istifadəyə verilmişdir.
Müəssisədə 10 nəfər daimi
işlə təmin edilmiş, istehsal olunan 4 növ
çörək məhsulları satışa
çıxarılmışdır.
Lerik şəhərində tədarük məntəqəsi
kimi fəaliyyət göstərmiş obyektlərdə yenidənqurma,
təmir işləri aparılmış, müəssisədə
plastik qapı və pəncərələrin istehsalına
başlanılmışdır. Şəhərdə
ikimərtəbəli mebel və məişət
avadanlıqları salonu tikilib istifadəyə verilmişdir.
Peştətük
kəndində süfrə suyu və şirə istehsal edən müəssisə
tikilir, Lerik şəhərində isə çörək
zavodu əsaslı şəkildə yenidən qurulur. “Azercell” şirkəti tərəfindən yeni xidmət
müəssisəsinin tikintisində son tamamlama işləri
aparılır.
Lerik şəhərinə xüsusi yaraşıq verəcək
400 yerlik şadlıq sarayının, ikimərtəbəli
ictimai iaşə obyektinin tikintisində işlər sürətlə
davam etdirilir.
Sahibkarlığa
Kömək Milli Fondunun dəstəyilə il ərzində 27
nəfər sahibkara 3 milyon 187 min manat, ümumilikdə isə
132 nəfər sahibkara 15 milyon manatdan yuxarı güzəştli
kreditlər verilmişdir.
Respublika iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev
Lerik rayonunda Lerik, Astara, Lənkəran, Masallı,
Yardımlı, Cəlilabad, Biləsuvar və digər
rayonların vətəndaşlarını qəbul
etmişdir.
Nazir Piran kəndində broyler fabrikində aparılan
tikinti-quraşdırma işləri və Lənkəran-Lerik
şosesinin 37-ci kilometrliyində yerləşən
çörək zavodunun fəaliyyətilə tanış
olmuş və tövsiyələrini söyləmişdir.
Fövqəladə Hallar Nazirliyi tərəfindən evləri
qəzalı vəziyyətdə olan 6 ailə
üçün fərdi yaşayış evləri
tikilmişdir.
Rayon icra hakimiyyətinin rəhbərliyi təbii
fəlakət nəticəsində evləri qəzalı vəziyyətə
düşmüş, evləri yanmış vətəndaşlara
tikinti materialları vermiş və maddi yardımlar göstərmişdir.
Molalan kəndində Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ
müharibəsi əlili üçün yaşayış
evi inşa edilmişdir. Rayon icra hakimiyyətinin dəstəyilə Qarabağ
müharibəsi əlilinin övladı üçün “Nur”
şadlıq sarayında toy mərasimi keçirilmiş, gənc
ailəyə məişət avadanlıqları və hədiyyələr
verilmişdir.
Lerik-Yardımlı 35 kilovoltluq yüksək gərginlikli
yeni elektrik hava xətti çəkilərək istismara
verilmişdir.
Lerik şəhərində 17 meqavatlıq modul
tipli elektrik stansiyasının tikintisi başa
çatdırılmışdır. Ərazidə
meydançalara asfalt örtüyü çəkilmiş, səkilər
salınmış, bəzək ağacları əkilmişdir.
Müəssisədə 60 nəfər işlə
təmin olunacaqdır.
Rayon icra hakimiyyətinin, iş adamlarının və kənd
sakinlərinin köməyilə yaşayış məntəqələrində
artezian quyuları qazılmış, evlərə su xətləri
çəkilmişdir.
Meliorasiya
və Su Təsərrüfatı ASC-in sifarişi ilə Lerik şəhərinin
su təchizatının yenidən qurulması və kanalizasiya
sisteminin yaradılması layihəsi həyata keçirilir. Artıq Qosmalian-Lerik və şəhərdaxili
yüksək təzyiqli su xətləri çəkilmiş,
məhəllələrdə kanalizasiya sistemi
quraşdırılmışdır. Şəhərdə
su anbarlarının tikintisi, yaşayış evlərinin su və
kanalizasiya sisteminə qoşulması istiqamətində müəyyən
işlər görülmüşdür.
Dövlət Sərhəd Xidmətinin rəisi,
general-leytenant Elçin Quliyevin iştirakı ilə Kələxan
kəndində Lənkəran Sərhəd Dəstəsinin
yeni inşa olunmuş “Kələxan”
komendantlığının açılış mərasimi
keçirilmişdir.
Lerik respublikamızda və onun hüdudlarından kənarda
həm də turizm diyarı kimi tanınır. Son illər Lənkəran-Lerik
yolu boyunca, Qosmalian, Kələxan və Bilnə kəndlərində
hər cür şəraiti olan yeni turizm istirahət mərkəzləri,
çoxlu ticarət, iaşə obyektləri tikilmişdir.
Rusiya,
Türkiyə, Almaniya, Belarus, Gürcüstan, İran və
digər xarici ölkələrdən gələn turistlər
rayonun füsunkar təbiətinə, zəngin flora və
faunasına, tarixi abidələrinə valeh olduqlarını
bildirirlər. Bakı şəhərində keçirilən
III Beynəlxalq Humanitar Forumun iştirakçılarından
bir qrupu rayonda olmuş, Lerikin təbiəti, tarixi abidələri,
mətbəxi ilə tanışlıqdan məmnunluqlarını
ifadə etmişlər.
İl ərzində rayon əhalinin sosial müdafiəsi
mərkəzi tərəfindən 1708 ailəyə
ünvanlı dövlət sosial yardımı təyin
edilmişdir.
DSMF-in
rayon şöbəsində 9225 fiziki, 2318 hüquqi şəxs,
8572 nəfər torpaq mülkiyyətçisi, 9967 nəfər
əmək pensiyaçısı qeydiyyatdadır. 2013-cü ildə şöbə tərəfindən
19 milyon 630 min manat pensiya ödənişi həyata
keçirilmişdir.
Kapitalbankın rayon filialı keçmiş SSRİ
dövründən əmanətləri qalmış 4777 nəfərin
əmanətlərini tam ödəmişdir. Keçən il Şingədulan kəndində daha bir bankomat
quraşdırılaraq müştərilərin istifadəsinə
verilmişdir.
Lerik Rayon
İcra Hakimiyyəti tərəfindən şəhid ailələri,
Qarabağ müharibəsi əlilləri və digər
kateqoriyadan olan imkansız ailələrə mütəmadi
qaydada ərzaq,
maddi yardımlar verilmişdir. “Nur” və
“Elvin” şadlıq saraylarında onlar üçün bayram
süfrələri açılmış, sosial və məişət
problemlərinin həllinə köməklik göstərilmişdir.
Rayonda iqtisadiyyatın bütün sahələri üzrə
31915 nəfər çalışır. Bunlardan 4565 nəfər
dövlət sektorunda, 27350 nəfər özəl sahədə
işləyir.
Əhalinin
məşğulluğunun təmin edilməsi məqsədilə
mədəniyyət evində keçirilən əmək
yarmarkasına 234 iş yeri çıxarılmış, 48 nəfər
işaxtaran işlə təmin olunmuşdur.
Ötən
il “İnformasiya-kommunikasiya
texnologiyaları ili” elan edilmişdir.
İl çərçivəsində
mövcud ATS-lər elektron tipli ATS-lərlə, birləşdirici
xətlər optik kabellərlə əvəz edilmişdir.
Rayonun əksər kəndlərinə sürətli
internet verilişi təmin edilmişdir. Lerik
şəhərində 801, kəndlər üzrə isə
416 internet istifadəçisi vardır.
Rayonun elektrik təsərrüfatında təmir-bərpa
işləri aparılmışdır. Dövlət Neft Şirkətinin
dəstəyilə 300-dən çox dəmir dayaq 10 və 0,4 kv-luq elektrik hava xətlərinin bərpasına
sərf edilmişdir. Avadanlıqların
çatışmaması üzündən xətlərin bərpasında
çətinliklər mövcuddur. Bunun nəticədidir
ki, Vizəzəmin, Orand, Nücü, Bürsülüm, Conu və
digər ərazilərdə elektrik xətlərində tez-tez
qəzalar olur, enerji verilişində fasilələr
yaranır.
Hesabat ilində təhsil işçiləri bir sıra
uğurlara imza atmışlar. Tam orta təhsil pilləsində bir
nəfər qızıl medala, ümumi təhsil pilləsində
5 nəfər, o cümlədən 3 qız “Xüsusi nümunəvi
şəhadətnamə”yə layiq
görülmüşdür. Məzunlardan 126 nəfər ali, 212 nəfər orta ixtisas məktəblərinə
daxil olmuşdur. Sevindirici haldır ki, lerikli gənclər təkcə
respublikamızın deyil, xarici dövlətlərin
tanınmış, nüfuzlu ali məktəblərində
təhsil alırlar.
Lerik şəhər
peşə liseyində 140 şagirdin təlim-tərbiyəsi
ilə 15 nəfər ümumi və texniki fənn müəllimi,
mühəndis məşğul olur.
Səhiyyə
işçiləri də ötən ili
uğurla başa vurmuşlar. Rayonda
sanitar-epidemioloji vəziyyət sabitdir. Son vaxtlar xüsusi təhlükəli xəstəliklər
qeydə alınmamış, uşaqlar arasında peyvənd təqviminə daxil olan xəstəliklər
aşkar edilməmişdir.
İl ərzində 24 kəndə səyyar həkim
briqadaları göndərilmiş, rayon mərkəzinə gələ
bilməyən 289 xroniki xəstə aşkarlanaraq ambulator və
stasionar müalicəyə cəlb olunmuşdur. İmtiyazlı xəstələr
vaxtında lazımi
dərman preparatları ilə təchiz edilmişlər.
Mədəniyyət işçiləri əhalinin asudə
vaxtlarının səmərəli keçirilməsi
üçün maraqlı tədbirlər həyata
keçirmişlər. İctimai-siyasi tədbirlərlə
yanaşı, mədəni-kütləvi tədbirlərin,
milli bayramların keçirilməsi diqqətdə
saxlanılır. Ötən il Gənc
Tamaşaçılar, İrəvan, Şuşa və Nəcəf
bəy Vəzirov adına Lənkəran Dram teatrları yeni,
maraqlı əsərlərlə rayon sakinlərinin
görüşünə gəlmişdir.
Rayonda idmanın inkişafına, onun kütləviliyinin
artırılmasına xüsusi diqqət yetirilir.
Yeniyetmə və gənclərin
iştirakı ilə müxtəlif idman yarışları
keçirilir, əhalinin kütləvi şəkildə idmana
cəlb olunmasına səy göstərilir. Futbol, voleybol, sərbəst güləş,
ağır atletika, taekvando, şahmat və digər idman
növləri üzrə keçirilən zona və respublika
yarışlarında idmançılar layiqli qələbələr
qazanmışlar.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin
uğurlu daxili və xarici siyasəti, görüşləri,
regionlara və xarici dövlətlərə səfərləri,
ölkəmizin dinamik inkişafı sahəsində
qazanılmış nailiyyətləri əhaliyə
çatdırmaq məqsədilə Rayon İcra Hakimiyyətində
təbliğat qrupları fəaliyyət göstərir. Qruplar qrafik
üzrə hər həftə yerlərdə olur, əhali ilə
görüşlər keçirir.
Rayonda cinayətkarlıqla mübarizə işi
günün tələbləri səviyyəsində
qurulmuşdur.
Qanunçuluğun möhkəmləndirilməsi istiqamətində
aparılan profilaktik tədbirlərin nəticəsində cinayət hadisələrinin
sayı əvvəlki illə müqayisədə 17 fakt
azalmışdır.
2013-cü ildə rayon icra hakimiyyəti
başçısı yanında şuranın 24 iclası
keçirilmişdir. İclaslarda iqtisadi, sosial-mədəni və
digər yerli əhəmiyyətli 40 məsələ
müzakirə edilmişdir.
Rayon icra hakimiyyəti başçısı tərəfindən
bütün inzibati ərazi dairələrində rayonun
hüquq-mühafizə orqanlarının, idarə, müəssisə
və təşkilatlarının rəhbərlərinin
iştirakı ilə səyyar qəbul və
görüşlər keçirilmişdir.
Keçən
il rayon icra hakimiyyətinə 1438
yazılı müraciət daxil olmuşdur. Rayon
icra hakimiyyəti başçısının qəbulunda 1218
nəfər qeydiyyata alınmışdır. İcra başçısı tərəfindən əvvəlki
ilə nisbətən 363 nəfər çox vətəndaş
qəbul edilmişdir.
Cənab Prezidentin tapşırığına əsasən
əhalini narahat edən problemlər
araşdırılmış, irəli sürülmüş
təkliflər ümumiləşdirilərək 60 bənddən
ibarət layihə hazırlanmış və İqtisadiyyat və
Sənaye Nazirliyinə təqdim edilmişdir.
Hesabat
ilində dövlət başçısının sərəncamı
ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı
aparatının ərazi idarəetmə və yerli
özünüidarəetmə orqanları ilə iş
şöbəsinin müdiri Mahmud Zahidov “Dövlət
qulluğunda fərqlənməyə görə”, Lerik şəhər
1 saylı texniki fənlər üzrə liseyin müəllimi
Dünyaxanım Kərimova “Tərəqqi” medalı ilə təltif
edilmişdir. Bu, cənab Prezidentin rayonda çalışan
ziyalıların, sadə peşə adamlarının əməyinə
verdiyi yüksək
qiymətin parlaq təzahürüdür.
Rayonun bütün idarə və müəssisələri
müasir kompyuter avadanlıqları ilə təchiz
edilmiş, əksəriyyəti elektron informasiya şəbəkəsinə
qoşulmuşdur. Vətəndaşların rayon mərkəzinə gəlmədən
rayon icra hakimiyyəti başçısı tərəfindən
qəbulunu və müraciətlərinin dinlənilməsini təmin
etmək məqsədilə Çayrud, Piran, Şingədulan,
Noda və Qosmalian ərazi icra nümayəndəliklərində
operativ idarəetmə mərkəzləri
yaradılmışdır. Ərazilərdə video konfranslar
vasitəsilə səyyar qəbul və görüşlər
keçirilmiş, sakinləri narahat edən problemlərin həlli istiqamətində
müvafiq tədbirlər görülmüşdür.
Şura
iclasında statistika idarəsinin rəisi Ədail Məmmədov,
rayon prokuroru Bəhruz İbrahimov, mərkəzi xəstəxananın
baş həkimi Mübariz Ağayev, Lerik şəhər
uşaq bağçasının müdiri Lalə Əliyeva,
43 saylı yol istismar idarəsinin rəisi Elxan Əliyev, rayon
poçtamtının rəisi Baba Tağıyev,
ziyalılardan Elxan Nurullayev, Dünyaxanım Kərimova, Qafur
Xosiyev, Gülbala Qardaşov çıxış edərək
görülmüş işlərdən
danışmış, Lerikin sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə
göstərdiyi yüksək qayğıya görə
dövlətimizin başçısı cənab İlham
Əliyevə dərin minnətdarlıqlarını
bildirmişlər.
Milli Məclisin üzvü İqbal Məmmədov iclasda
çıxış etmiş, möhtərəm Prezidentimizin
rəhbərliyilə həyata keçirilən irimiqyaslı
layihələrdən, ucqar dağ rayonunun inkişafına
göstərilən dövlət qayğısından, son
vaxtlar rayonda aparılan quruculuq işlərindən
danışmışdır.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının məsul
işçisi Vəfadar Bağırov şura iclasında
çıxış etmiş, dövlətimizin
başçısı cənab İlham Əliyevin
regionların dinamik inkişafına xüsusi önəm
verdiyini, ötən il bütün sahələrdə yüksək
nailiyyətlərin əldə olunduğunu diqqətə
çatdırmış, Lerik rayonunun icra strukturları
qarşısında duran vəzifələrdən
danışmışdır.
Şura iclasında dövlət qulluğunda fərqlənənlərin
bir qrupuna Lerik Rayon İcra Hakimiyyətinin fəxri fərmanları
və hədiyyələr təqdim olunmuşdur.
Lerik Rayon
İcra Hakimiyyətinin başçısı Rövşən
Bağırov şura iclasını
yekunlaşdırmış, aparılan quruculuq, abadlıq
işlərinin cari ildə də davam etdiriləcəyini,
qarşıya qoyulan vəzifələrin əzmlə, yüksək
mütəşəkkilliklə həyata keçiriləcəyini,
leriklilərin müstəqil Azərbaycanın sürətli
inkişafına və daha da çiçəklənməsinə
layiqli töhfələr verəcəklərini bildirmişdir.
Şura iclasının iştirakçıları tərəfindən
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə
müraciət qəbul olunmuşdur.
Əlisəfa HƏSƏNOV
Respublika.-2014.- 5 mart.- S.5.