Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində regionların inkişaf proqramları

   

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yolla addımlayan müstəqil Azərbaycan getdikcə qüdrətlənir. Ölkəmizin iqtisadi imkanlarının artması qlobal layihələrin uğurlu həllinə yol açıb. Respublikamızda əldə edilmiş bütün nailiyyətlərin təməlində ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə göstərdiyi xidmətlər dayanır. Son on ildə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuş, iqtisadiyyatın davamlı inkişafı təmin edilmişdir. Ölkəmizin uğurları beynəlxalq təşkilatlar, reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, “Qlobal Rəqabət Qabiliyyəti İndeksi” hesabatına əsasən dünya ölkələrinin rəqabət qabiliyyətliliyi reytinqində Azərbaycan 39-cu yeri tutur və ardıcıl olaraq 5 ildir ki, MDB məkanında öz liderlik mövqeyini qoruyub saxlayır. Sözsüz ki, bu nailiyyətlərin əldə edilməsində, xüsusilə də ölkə regionlarının inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrası da böyük əhəmiyyət kəsb etmişdir. Dövlət proqramları bölgələrin mövcud potensialından səmərəli istifadə etməklə regionların davamlı sosial-iqtisadi inkişafına müasir infrastruktur  sosial xidmətlərlə təminat səviyyəsinin yaxşılaşmasına səbəb olmuşdur.

Artıq regionlar Azərbaycanın güclü iqtisadi potensialının yaranmasında çox əhəmiyyətli rol oynayır. Regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində dövlət proqramlarının çox böyük rolunun olduğunu vurğulayan Prezident cənab İlham Əliyev bölgələrin tərəqqisini, sahibkarlığa verilən dəstəyi, qeyri-neft sektorunun inkişafını, eləcə də ölkəmizin ixrac potensialının yaradılmasını son illərin səciyyəvi əlaməti kimi dəyərləndirmişdir. Dövlət proqramlarının regionların inkişafında, ümumiyyətlə Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində böyük rolu olmuşdur.

Bu gün ölkəmizdə aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verib. Respublikamızda uğurla həyata keçirilən davamlı inkişaf strategiyasının mühüm tərkib hissələrindən biri olan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində ciddi inkişaf dinamikasına və keyfiyyət dəyişiklikliyinə təkan verən strateji sənəd olmuşdur.  Mübaliğəsiz demək olar ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla həyata keçirilməsi nəinki bölgələrin, eləcə də ümumilikdə ölkənin inkişafında bir dönüş nöqtəsi olmuş, aparılmış möhtəşəm quruculuq və abadlıq işləri bütün şəhər, rayon və kəndlərin simasını tanınmaz dərəcədə dəyişilərək, regionlarda əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına böyük töhfə vermişdir. Son on ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir. Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf etmişdir.  İqtisadiyyat 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artmış, regionlarda 56 minə yaxın müəssisə fəaliyyətə başlamış və 1,2 milyondan çox yeni yeri yaradılmışdır ki, bunun da 900 mini daimidir. Qazanılan nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan Dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, müasir müəssisələrin açılmasına səbəb olmuşdur. On il ərzində dövlət başçısı cənab İlham Əliyev regionlara səfərləri çərçivəsində 1300-dən müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak etmişdir. Prezident bu müddət ərzində müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmuş, ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 737,4 milyon manat vəsaitin ayrılması barədə imzaladığı 240 sərəncam regionların inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Ümumilikdə proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilmişdir.

Regionların inkişafının mühüm amillərindən olan infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə on ildə yol nəqliyyat infrastrukturunun, elektrik, qazsu təchizatının yenilənməsi işləri aparılmış və nəticədə regionlarda kommunal xidmətlərin səviyyəsi olduqca əhəmiyyətli dərəcədə yüksəlmişdir. Məhz Dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsidir ki, bu proqramlar çərçivəsində 2708 məktəb, regionlarda 38 mərkəzi xəstəxana olmaqla, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikilmiş və ya əsaslı təmir olunmuşdur. Son on ildə regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalartekstil parkları, Gəncədə alüminium, Masallıda və Abşeronda kərpic, Gədəbəy və Daşkəsəndə qızıl emalı, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, yüzlərlə digər tikinti materialı, mebel, emal, çörək və digər müasir müəssisələr fəaliyyətə başlamışdır. Regionların inkişafı ölkə əhalisinin sosial problemlərin həlli istiqamətində nəqliyyat sahəsində xeyli işlər görülmüşdür. Belə ki, ümumilikdə 2004-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilmiş iki Dövlət proqramı və əlavə tədbirlər daxilində 8332 kilometr, o cümlədən 2622 kilometr respublika əhəmiyyətli, 5170 kilometr yerli əhəmiyyətli avtomobil yolları çəkilmişdir. Regionlarda yeni 4 hava limanı tikilmişdir.  I və II Dövlət proqramları çərçivəsində son on il ərzində Azərbaycanın elektrik enerjisi sistemində 17 yeni elektrik stansiyası istismara verilmiş, 10 min kilometrdən çox elektrik verilişi xətləri və 1500-dən çox yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur.

Həmçinin Dövlət Neft Şirkəti tərəfindən regionlarda Dövlət Proqramı çərçivəsində genişhəcmli sosial layihələr həyata keçirilmişdir. 16 müalicə-diaqnostika mərkəzi, 14 orta məktəb, 4 körpələr evi, 7 mədəniyyət və istirahət mərkəzi, 18 istirahət parkı inşa olunmuşdur. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması sahəsində böyük işlər görülmüşdür. Regionların inkişafı ilə bağlı Dövlət Proqramı çərçivəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionlarda 3430 kilometr içməli su xətti, 1225 kilometr kanalizasiya kollektorları və şəbəkəsi, 96 ədəd  su anbarı, 39 ədəd sukanalizasiya-nasos stansiyası tikilmişdir. Göründüyü kimi, yuxarıda sadaladığımız işlər bilavasitə regionların sürətli inkişafından xəbər verir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransında demişdir: “Regionların Dövlət proqramlarının əsas mahiyyəti ondan ibarətdir ki, bütün sahələr orada əhatə edilir. ...Bu iki proqramın formalaşmasında Azərbaycan vətəndaşları fəal iştirak etmişlər. Çünki bu proqramlar yerlərdən gələn təkliflər hesabına yarandı. Yerlərdə yaşayan insanlar daha yaxşı bilirlər ki, harda hansı işlər görülməlidir, ilk növbədə hansı problemlər öz həllini tapmalıdır. Beləliklə, yerlərdən gələn təkliflər və arzular ümumiləşdirilib, proqram halına salınıb, maliyyə resursları təşkil edilib. Hər il dövlət büdcəsi qəbul edilərək proqramın icrası, investisiya qoyuluşu nəzərdə tutulur. Beləliklə, bu proqramlar konkret xarakter daşıyır. Ümumiyyətlə, bizim bütün işlərimiz konkret xarakter daşıyır. Verdiyimiz bütün vədlər yerinə yetirilir. Biz populizmdən uzağıq. Qeyri-real vədləri heç vaxt vermirik. Ancaq nəyi deyiriksə, ona da əməl edirik. İki proqramın icrası bunu bir daha təsdiq edir”.

Ölkədə infrastruktur layihələrin həyata keçirilməsi, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi respublikamızda həyata keçirilən iqtisadi siyasətin mühüm tərkib hissəsinə çevrilmişdir. Həyata keçirilən tədbirlər isə insanların daha firavanrahat yaşamasına, ümumilikdə ölkə iqtisadiyyatının dinamik inkişafına xidmət edir.

#Hər bir dövlətin iqtisadi inkişaf potensialı və cəmiyyətin tərəqqisinə xidmət edən məqsədyönlü tədbirlər sistemini gerçəkləşdirmək qüdrəti, ilk növbədə, onun ali maliyyə sənədi olan büdcə qanununda real təcəssümünü tapır. İqtisadiyyatın aynası, davamlı inkişafın barometri sayılan büdcənin real göstəriciləri və artım səviyyəsi hər hansı dövlətdə təkcə vətəndaşların deyil, ümumən hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı əmsalını dəyərləndirməyə imkan verir.

Regionların maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitlərin artırılması da təsadüfi deyildir. Dövlət başçısı cənab İlham Əliyevin onillik iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanmışdır.

Regionların inkişafı ilə bağlı dövlət proqramlarının, fərman və sərəncamların icra vəziyyətini daim diqqət mərkəzində saxlayan ölkə Prezidenti mütəmadi surətdə bölgələrə səfərlər edərək görülən işlərlə əyani tanış olmuş, lazımi tapşırıq və tövsiyələrini vermişdir. Eyni zamanda, bu səfərlər zamanı müxtəlif təyinatlı obyektlərin istifadəyə verilməsi xoş ənənəyə çevrilmişdir.

Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən  hərtərəfli inkişaf etdirmək bu gün də dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir.  

Azərbaycanı zəngin və qüdrətli dövlətə çevirməyi qarşısına məqsəd qoyan ölkə Prezidenti cənab İlham Əliyev iqtisadi sahədə daha böyük uğurların qazanılmasını təmin etməklə bağlı verdiyi hər bir vədini əməli işi ilə doğruldur. Dövlət başçısının elmi təməl üzərində yürütdüyü sosial-iqtisadi siyasət vətəndaşlarda ölkədəki mövcud siyasi kursu inam və rəğbəti daha da artırır.

 

Müşfiq CƏFƏROV,

Respublika.-2014.- 5 mart.- S.6.