Mirzə Şəfi Vazeh - 220

 

F.Bodenştedt özü 1850-ci ildə Mirzə Şəfidən etdiyi tərcümələr haqqında yazırdı: “O yerdə ki, müəllifin fikrini vermək mümkündür, mən onları orijinalına əsla xələl yetirmədən alman geyimində  verirəm, bu şərqilərin çoxu mənim öz gözümün qabağında vücuda gəldikləri üçün hafizəmdə qalanların hamısını səbəbləri ilə burada qeyd edirəm”.

Mirzə Şəfinin əsərlərinin orijinalı əldə olmadığına görə, onun alman tərcümələrinin keyfiyyəti və azərbaycanlı şairə mənsubiyyəti haqqında qəti fikir söyləmək çətindir. Buna baxmayaraq, “Mirzə Şəfinin nəğmələri”nin ilk nəşrində toplanan şeirlər haqqında söhbət açmaq olar. Çünki 1874-cü ildə F.Bodenştedt “Mirzə Şəfinin irsindən” adlı kitabın nəşrində özünü müəllif elan etdikdən sonra şeirlərin Mirzə Şəfiyə mənsub olması haqqında əvvəlcə söylədiyi doğru fikirləri təkzib etmişdi. Həmin nəşrə daxil olan əsərlərin əksəriyyəti, istər mövzu, istərsə də ideyaca Mirzə Şəfi poeziyasından fərqlənirdi, eyni zamanda Azərbaycan xalq həyatına, mənəvi-psixoloji aləminə və xarakterinə xas deyildi.

Professor F.Qasımzadə yazırdı: “Bu şeirlər Azərbaycan həyatından doğmayan, yerli və milli xüsusiyyətləri əks etdirməyən, klassik Azərbaycan şeiri ilə həmahəng olmayan, ancaq alman filisterçiliyinin əhval-ruhiyyəsini oxşayan, Kantın və kantçıların ideyalarını xatırladan əsərlərdir ki, bunlar Mirzə Şəfi yaradıcılığına aid deyildir.

Məhz buna görə də “Şərqdə min bir gün” və “Mirzə Şəfinin nəğmələri” (1951) kitablarında toplanmış şeirləri gözdən keçirmək daha məqsədəuyğun olardı. Çünki burada tərcüməçi “müdrik gəncəli”nin şeirlərini “orijinalına əsla xələl yetirmədən alman geyimində” verdiyindən, bəzən sərbəstliyə yol versə belə, güman ki, şeirin ruhu, məzmunu və forması saxlanmışdır. Bu mülahizəyə inamla Mirzə Şəfinin almancaya çevrilmiş şeirləri ilə tanışlıq onu təsəvvürümüzdə açıqfikirli, maarifçi kimi canlandırmağa imkan verir.

Həyat eşqi, nikbin əhval-ruhiyyə aşılayan Mirzə Şəfi şeirinin qaynaqları zəngin şifahi xalq ədəbiyyatı, klassik şeir və Şərq fəlsəfi fikri olmuşdur. Mirzə Şəfi dövrün ayıq, tərəqqipərvər ziyalısı kimi ictimai həyatda olan ziddiyyətləri görür, zülmkar hakimlərin və riyakar din xadimlərinin zəhmətkeş xalqın başına gətirdikləri müsibətləri açıb göstərirdi. Şair həyatı, maddi dünya nemətlərini, gözəlliyi dini xurafata qarşı qoyurdu. Mənəvi azadlığı, ülvi məhəbbəti, dünyəviliyi təbliğ edən şair öz əsərlərində dini ehkamı, zahidliyi və Şərq istibdadını satirik şeirlərində kəskin tənqid atəşinə tuturdu.

Mirzə Şəfinin aşiqanə şeirlərində lirik qəhrəman təmiz məhəbbətin, vüsal eşqinin fəraqı ilə yaşayır. O, öz sevgisi ilə xoşbəxtdir, ona qovuşmağa can atır. Onun məhəbbət təranələrinin sonsuz ümmanında günəş tək nur çiləyən pərinin parlaq çöhrəsinin şövqündən nəğmələri “bərq vurub yanır”. Məlahətli, incə, xoş nəfəsli sevgisi onun “ömrünün-gününün baharıdır”. Başı sevdalı, qəlbi məhəbbət sevinci ilə dolu lirik qəhrəmana elə gəlir ki, “təbiətdəki bütün gözəlliklər, xoş nəsim, rayihədar çiçəklər, ulduzlar, ağacların pıçıltısı, sanki bizim sevgimizi şirnikdirmək üçün yaranmışdır”.

Mirzə Şəfi öz şeirlərinin birində  gözəlliyi, məhəbbəti tərənnümü ilə fəxr etdiyini bildirir. O yazır ki, qoy özgələri müharibələri, şahın əsasını və məscidi mədh etsinlər; mən isə şərabı, qızılgülü və sevgini tərənnüm edəcəyəm. Mirzə Şəfi “Züleyxa”ya həsr etdiyi şeirində yazır:

Göy üzünü bəzəyirsə al günəş necə,

Qəlb evimi bəzəyirsən sən də, eləcə.

Yetişmişəm sayəndə mən bu səadətə,

Könlüm bil ki, düçar olar sənsiz zülmətə.

Bəllidir ki, yerə zülmət düşəndə birdən

O, gizlədər hər nə varsa gözdən, nəzərdən.

Amma günəş nur saçanda göylərdən bizə,

Yerin bütün gözəlliyi görünər gözə.

(şeirləri alman dilindən şair Aslan Aslanov tərcümə etmişdir).

Mirzə Şəfi təqlidçi şair Mirzə Yusifi tənqidində şeirə, sənətə təbii hisslərin ifadəsi kimi baxır, məzmunsuz, ürəkdə həyat eşqi, həvəsi oyatmayan poeziyanı “başabəla” hesab edirdi. Onun fikrincə, şair söz sərrafı olmalıdır. Mirzə Şəfi min cür uydurma macəraları çeynənmiş qafiyələrlə nəzmə çəkən üzdəniraq şairlərə üz tutub deyirdi: sizə min nifrətim var. Sizin tutduğunuz asan yol ancaq axmaq adamlar üçün “ürəkaçandır”. Çünki sizin şeiriniz ürəkləri cuşa gətirmir, başabəladır.

Mirzə Şəfinin aşiqanə lirikası onun Züleyxaya və Hafizəyə sevgisi, məhəbbəti ilə bağlı olduğuna görə, nəcib hisslərin, duyğuların real təcəssümü kimi insanı mənən, ruhən zənginləşdirir, onun səadətə qovuşmaq inamını artırır. Şairin məhəbbət lirikası nikbin, işıqlı, romantik duyğularla doludur. Mirzə Şəfini insan taleyi, həyat həqiqəti, təbiət gözəlliyi, əməyin qüdrəti və qadın azadlığı məsələləri cəlb edir, düşündürürdü.

Şair həqiqətdə şeiriyyət görürdü. O, öz müasirlərini heç bir çətinlikdən qorxmadan həqiqəti müdafiə etməyə çağırırdı:

Qoy sən həqiqəti söyləyən zaman,

Qopsun min təhlükə, qopsun min tufan.

Gəl baxma bunlara, ey Mirzə Şəfi,

Uca tut daima arı, şərəfi.

Mirzə Şəfi bəşərin “ilk töhfəsi” və təsəllisi olan əməyi “müdriklərin ilk, arzusu ilk istəyi” kimi tərənnüm edir. Müasirlərinə əməyə güvənməyi, ömrü mənalı, xoş keçirməyi, nəcib məqsəd, amal uğrunda mübarizə aparmağı tövsiyə edirdi. Mirzə Şəfi konkret bir fikri sadə dildə, yığcam, məzmunlu və ustalıqla verməyi bacarırdı. Onun bu səpgidə yazdığı ictimai-fəlsəfi əsərlərdə həyatın bəlaları, insanların düçar olduğu fəlakətlər, dini ehkam, zahidlik, Şərq istibdadı maarifçi dünyagörüşü mövqeyindən əks olunmuşdur.

Mirzə Şəfinin poetik düşüncələri, həyata münasibəti ictimai mühitin çərçivəsinə sığmırdı. O, köhnə cəmiyyətin həyat tərzinə, islam dini və şəriət qaydalarına qarşı kəskin etirazını bildirir, insan şəxsiyyətinin azadlığı yolunu maarifdə, elmi biliklərin yayılmasında, xeyirxah və səxavətli olmaqda, mənəvi yüksəklikdə görürdü. Mirzə Şəfinin Hafizəyə həsr etdiyi şeiri dini xürafatın mənəvi əsarətinə qarşı çevrilmiş pamfletdir. Burada şair Şərq qadınını “zülmət örtüyü” olan çadranı cəsarətlə tullamağa, həyatda qürurla yaşamağa çağırır:

Tulla gəl çadranı... görünsün üzün

Gül də gizlədərmi de, bağda özün?

Səni qadir Allah, ey incə çiçək,

Yaratmış dünyaya verməkçün bəzək.

De, bunca lətafət, bunca məlahət,

Solsun dar qəfəsdə neyçün, nəhayət.

Tulla gəl çadranı... bilsin ki, dünya

Yoxdur yer üzündə sənin tək afət.

Qoy sənin nəzərin hər yana baxsın,

Baxışın qəlbləri yandırıb yaxsın.

Pəmbə dodaqların təbəssümləri

Ətrafa nur yaysın, açsın səhəri.

Sənə, çadra kimi ey incə mələk,

Tək gecə zülməti olsun bürüncək.

Tulla gəl çadranı... hüsnün tək hüsnü

İstanbul soltanı görməmiş belə.

Uzun sıx kirpiklər arasındakı,

O aydın gözlərin - nurlu piyalə.

Aç qara gözünü, çadranı tulla.

Həyatda cəsur ol, yaşa qürurla.

Mirzə Şəfi  feodal cəmiyyətində insanı mənəvi əsarətdə və cəhalətdə saxlayan hakimləri və din xadimlərini “Şah Abbas”, “Teymur”, “Dərviş”, “Sədi və şah”, “Sual-cavab” mənzum hekayələrində, İran şahının baş vəziri, qəddar Mirzə Hacı Ağası; şeyxülislam, molla və müfti haqqında satirik şeirlərində cəsarətlə ifşa edir. Bu əsərlərdə şair bir tərəfdən ictimai eyibləri, mütləqiyyətin yaramazlığını, hökmdarların müstəbidliyini, özbaşınalığını açıb göstərirsə, digər tərəfdən, demokratik və humanist ideyaları yaymaqla xalqı ayıltmağa çalışırdı. Mirzə Şəfi öz nəğmələrini güzgüyə bənzədir: şairə görə, “eyibinə kor olmayanlar”, “axmaq kəslər” bu güzgüyə baxsa, “özünü anlar”. O, xalq həyatından uzaq, mücərrəd dini məzmunda şeirlərin yazılmasına qarşı çıxır, o şairləri “başıboş, ağılsız” adlandırır.

“Şah Abbas”, “Sədi və şah, “Teymur” mənzum hekayələrində kütlələrin narazılığı, zülmkar şah əleyhinə qalxması, xalqın müdrikliyi maraqlı süjetdə, yığcam və təsirli verilmişdir.

Mirzə Şəfi insanı mənən sıxan, qürurunu sındıran ehtiyac və yoxsulluğu pisləyir, ona ictimai bəla kimi baxır. Bu fəlakətin nicatını dözümdə, müdriklikdə, gələcəyə inamda görür. Şair həyatda insanı məsud, sıxıntıdan uzaq, bəxtiyar görmək istəyirdi. O, şəxsiyyət azadlığını sərv ağacı kimi təsəvvür edir, onun əzəmətinə, sərbəstliyinə heyran olurdu. Mirzə Şəfi “Sərv ağacı” şeirində yazır:

Azadlıq rəmzidir şux sərv ağacı,

Əyilib budağı toxunmaz yerə.

Ardınca cəzb edir o nəzərləri

Daima ucalar nurlu göylərə.

Fırtınamı qopdu, küləkmi əsdi,

Tökülməz yarpağı, əyilməz qəddi.

Bilməz bu dünyada riyakarlığı,

Ülvidir, nəcibdir onun varlığı.

Qarışıq həyatın qəmindən uzaq,

Sakit məzarlıqdan göylərə qalxar.

Sərin kölgəsinə kim gəlsə qonaq

Dalınca göylərə boylanar, baxar.

Bir yaşıl qüllədir - ümid qülləsi,

Ucalıb təpəsi ərşə dayanar.

Altında gəmirər qurdlar məzarı,

Üstündə ulduzlar sayrışıb yanar.

Mirzə Şəfinin maarifçilik dünyagörüşü ona xalqın azadlıq yolunu inqilabi mübarizədə görmək imkanı vermirdi. Lakin onun öz şeirlərində işıqlığa, nurlu sabaha can atması, mühafizəkarlığa, geriliyə, zülmə qarşı çıxması, günün ən vacib problemlərinə toxunması ciddi maraq oyadırdı. Mirzə Şəfinin yaradıcılığında olan cəsarətli fikirlər, humanizm alman şairi F.Bodenştedtin diqqətini təsadüfən cəlb etməmişdi. “Russkaya starina” jurnalının redaktoru M.Y.Semevski 1866-cı ildə F.Bodenştedtlə görüşündən aldığı təəssüratı belə xatırladır: “Cənab Bodenştedtdə qabaqlar Tiflisdə Şərq dillərindən dərs aldığı müəllimin adına şeir məcmuəsi var idi.  Onun bizə anlatdığına görə, Almaniyada hələ o vaxt söz azadlığı olmadığına və senzura nəşriyyata yol vermədiyinə görə ona öz həmvətənlərinə fars dilindən etdiyi tərcümələr vasitəsilə çox söz söyləmək daha asan idi”.

Mirzə Şəfi poeziyasının Qərbi Avropada misilsiz şöhrət qazanmasına səbəb də mütəfəkkir şairin toxunduğu həyati problemlər idi. Alman ədəbiyyatşünası Otto Burger öz tədqiqatında yazır: “...1849-50-ci illərdə F.Bodenştedtin “Şərqdə min bir gün” əsərində Şərq poeziyasından verilən şeirlər o qədər gözəl səsləndi ki, onlar ayrıca kitabça halında 1917-ci ilə qədər 264 dəfə çap olundu”.

Akademik N.Y.Maarın təbirincə desək, Mirzə Şəfi poeziyası Avropa ədəbi yaradıcılığı üçün əlverişli idi. “Mirzə Şəfinin Bodenştedt tərəfindən Almaniyada, demək olar, xalq şeir nümunələrinə çevrilmiş əsərləri Avropada Şərqin poeziya yaradıcılığına yenidən maraq oyatmışdı”.

Mirzə Şəfi nəğmələri ilə Rusiyanın tanışlığı görkəmli inqilabçı demokrat M.L.Mixaylovun (1829-1865) tərcüməsi vasitəsilə olmuşdur. M.L.Mixaylov inqilabçı demokrat N.Q.Çernışevskinin yaxın silahdaşı idi. V.İ.Lenin “zülm və istismarın əyilməz düşmənləri” sırasında onun da adını çəkmişdir. M.L.Mixaylov Mirzə Şəfinin Hafizəyə həsr etdiyi “Tulla gəl çadranı... görünsün üzün” misrası ilə başlayan şeirini 1862-ci ildə almancadan rus dilinə çevirib Berlində nəşr etdirir. Bundan sonra Rusiyada Mirzə Şəfi yaradıcılığına maraq artır. Keçən əsrdən başlayaraq N.İ.Eyfert, V.V.Markov, M.Ramişev (P.F.Yakuboviç), S.Y.Nadson, A.K.Mixaylov, İ.S.Prodan, N.Qrebnev və b. şairin əsərlərini almancadan rus dilinə tərcümə etmişlər. N.İ.Eyfert üç il şairin tərcümələri üzərində işləmiş, 1880-ci ildə Moskvada “Mirzə Şəfinin nəğmələri” kitabını çap etdirmişdir. Bu əsər Rusiyada əks-səda doğurmuşdu. Mirzə Şəfinin şeirləri böyük rus yazıçısı Lev Tolstoyun da diqqətini cəlb etmişdi. L.Tolstoy A.A.Fetə göndərdiyi məktubunda yazırdı: “...O, mənə bu günlərdə Mirzə Şəfini (əsərlərini–red.) gətirmişdir. Orada çox gözəl şeylər var. Siz onlarla tanışsınızmı?”

Qərbi Avropa və Rusiyanın məşhur bəstəkarları da Mirzə Şəfinin nəğmələri ilə cidd maraqlanmışlar. F.List, Q.Meyerber, E.Qriq, K.Levi, İ.Brams, Kr.Mariner, L.Spor, A.Rubinşteyn şairin əsərlərinə romans və mahnılar bəstələmişlər. 1870-ci ildə Veymarda yaşayan rus bəstəkarı Anton Rubinşteyn Mirzə Şəfinin sözlərinə on iki romans yazmışdır. Bu romanslar o dövrün bəstəkarlarını heyrətə gətirmişdir. Sonralar romansların mətni rus dilinə tərcümə olunmuşdur, onlardan biri—“Fars mahnısı” bütün Rusiyada geniş yayılmışdır. F.İ.Şalyapin həmin romansları, xüsusən “Fars mahnısı” dönə-dönə ifa etmişdir.

Avstriya bəstəkarı Karl Milyagerin “Mirzə Şəfinin şərqiləri” adlı operası ilk dəfə 1887-ci ildə noyabrın 5-də Berlin teatrında tamaşaya qoyulmuşdur.

Göründüyü kimi, alman şairi F.Bodenştedtin səbəbkarlığı ilə dünyanın mədəni xalqlarının dilində səslənən, Qərbi Avropada və Rusiyada özünə milyonlarla pərəstişkarlar qazanan Mirzə Şəfinin nəğmələri onun ilk alman tərcüməçisinə şöhrət çələngi bəxş etmişdir. Bu şeir incilərinin inqilabdan əvvəlki niskilli taleyi Azərbaycanda XX əsrin birinci yarısından nəzər-diqqəti cəlb etmişdir. Mirzə Şəfinin həyatı, mühiti və ədəbi-pedaqoji fəaliyyəti tədqiq olunmağa başlanmışdır. Azərbaycanda müstəqillik bərpa edildikdən sonra Mirzə Şəfi Vazehin yaradıcılıq irsinə onun  humanist ideyalarla, mütərəqqi, fəlsəfi baxışlarla zəngin, həyatsevərlik ruhu ilə aşılanmış əsərlərinə qayğı və diqqət daha da artmışdır.

Mirzə Şəfi irsi böyük məhəbbətlə öyrənilir. Onun aşiqanə-lirik şeirləri, mənzum hekayələri və satiraları toplanıb dönə-dönə çap olunmuş, həyatı, mühiti və yaradıcılığı haqqında isə elmi monoqrafiyalar, məqalələr, tarixi oçerklər, povest və romanlar, pyeslər yazılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 3 fevral 2014-cü il tarixli sərəncamı ilə maarifpərvər şair Mirzə Şəfi Vazehin 220 illik yubileyinin ölkəmizdə geniş keçirildiyi bir vaxtda milli mədəniyyətimizin banisi ulu öndər Heydər Əliyevin qayğı və diqqəti sayəsində Tbilisidə Nəbatat bağında Mirzə Şəfi Vazehin, həmçinin Mirzə Fətəli Axundovun və Fətəli Xan Xoyskinin qəbirüstü abidələrinin rekonstruksiyasını və orada 200 metrdən çox ərazinin abadlaşdırılmasını xatırlamamaq olmaz. Ümummilli lider Heydər Əliyevin tapşırığı ilə bu tədbiri həyata keçirən (o zaman Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı), Tbilisinin Fəxri vətəndaşı Aslan Aslanov iftixarla xatırlayır ki, ulu öndər Heydər Əliyev burada olarkən əsl ziyarətgaha çevrilmiş bu müqəddəs yeri “Azərbaycanın bir hissəsi” adlandırmışdır. Burada Azərbaycanın böyük şəxsiyyətləri əbədiyyətə qovuşmuşdur.

 

Teymur ƏHMƏDOV.

 Respublika.-2014.- 5 mart.- S.7.