2013-cü ildə Sumqayıtda həyata keçirilən tədbirlər nailiyyətlərə zəmin yaradıb

 

Fevral ayının 28-də respublikamızın iri sənaye mərkəzi olan Sumqayıt şəhərində 2013-ci ildə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr haqqında şəhər icra hakimiyyətinin hesabat tədbiri keçirilmişdir. Hesabatın dinlənilməsi və müzakirəsi üçün yerli müəssisə və təşkilat rəhbərləri, şəhər fəalları və sakinləri Sumqayıt İcra Hakimiyyətinin akt zalına yığışmışdılar.

Tədbiri giriş sözü ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açdı. O, ölkəmizdə son 10 ildə gedən dinamik inkişafdan və 2013-cü ildə həmin proseslərin yüksək səviyyədə davam etməsindən danışdı. Dünyada gedən və gah artan, gah da səngiyən maliyyə böhranı fonunda 2013-cü ildə Azərbaycanda ümumi daxili məhsul təxminən 6 faiz artmış, qeyri-neft sektorunda isə artım 9,8 faiz olmuşdur. Əhalinin gəlirləri 8 faiz artaraq inflyasiyanı 10 dəfədən çox üstələmişdir. Bu rəqəmləri söyləməklə E.Əzizov bu il yanvar ayının 9-u Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ildə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda dövlət başçısı İlham Əliyevin nitqindən bəzi məqamları bir daha tədbir iştirakçılarının yadına saldı.

Bundan sonra Sumqayıt icra başçısının müavini Sahib Quliyev 2013-cü ilin yekunu və 2014-cü ildə qarşıda duran vəzifələr ilə bağlı geniş məruzə etdi. Sahib müəllim bunları söylədi:

—Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya əsaslanan, bazar iqtisadiyyatı prinsiplərindən qaynaqlanan tarazlı daxili və xarici siyasəti nəticəsində ölkəmiz dünya dövlətləri sırasında öz layiqli yerini tutmuş, qeyri-neft sektorunun inkişafının sürətlənməsində, sahibkarlığın və regionların inkişafında, əhalinin rifahının daha da yüksəlməsində yeni nailiyyətlər əldə olunmuş, iqtisadiyyatda dinamik inkişaf qorunub saxlanılmışdır.

Ölkəmizin dinamik inkişafı, həyatımızın bütün sahələrində uğurla aparılan irimiqyaslı iqtisadi islahatlar, qazanılan müvəffəqiyyətlər Sumqayıt şəhərinin də hərtərəfli və dinamik inkişafına geniş imkanlar yaratmış, yeni, müasir istehsalatların yaradılması, şəhərin yüksək səviyyədə abadlaşdırılması, burada yaşayan insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəldilmiş layihələr məhz ölkə Prezidentinin Sumqayıta olan xüsusi diqqət və qayğısı sayəsində öz həllini tapmış və bu istiqamətdə işlər uğurla davam etdirilməkdədir.

Bu diqqət və qayğının bariz nümunəsi kimi son üç ildə möhtərəm Prezidentimizin şəhərimizə müxtəlif vaxtlarda 7 dəfə etdiyi səfərləri göstərmək olar. Hesabat dövrü də möhtərəm Prezidentimizin may və oktyabr aylarında şəhərimizə etdiyi səfərləri ilə əlamətdar və yaddaqalan olmuşdur. Sumqayıt və sumqayıtlılara həmişə böyük diqqət və qayğı ilə yanaşan, şəhərin dinamik inkişafı üçün vaxtında və lazımi köməkliyini əsirgəməyən dövlət başçımız bu səfərlərində də şəhərdə baş verən əsaslı dəyişikliklərlə, yeni layihələrlə yaxından tanış olmuş, onların həyata keçirilməsinə öz tövsiyələrini vermişdir. Səfərlər zamanı ölkə başçımız ulu öndər Heydər Əliyevin abidə kompleksini ziyarət etmiş, Heydər parkı ərazisində Heydər Əliyev Mərkəzinin, şəhər və ətraf rayonların əhalisi üçün “Asan Xidmət” mərkəzinin, “Sağlam qida” aqrar-sənaye kompleksinin, Metal boru zavodunun və 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimlərində iştirak etmiş, Sumqayıt Kimya Sənaye Parkında polipropilen zavodunun təməlqoyma mərasimində iştirak etmiş, Cümə məscidində əsaslı təmir-bərpa, yenidənqurma, abadlıq işlərindən sonra yaradılan şəraitlə və şəhər Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda görülmüş abadlıq işləri ilə tanış olmuşdur.

Bir neçə gün əvvəl dövlət başçısı şəhərimizə növbəti dəfə səfər etmişdir. Bu səfər də yaddaqalan olmuş, dövlətimizin başçısı həmişəki kimi, bir neçə iri istehsal sahəsinin — “Mis emalı” zavodunun, “Azərsun Holdinq”in “Xam kağız” və “Qida-yağ” fabriklərinin açılışını etmiş, Dənizkənarı parkda gedən əsaslı yenidənqurma işləri və yeni layihələrlə tanış olmuş, onların icrası ilə bağlı öz tövsiyələrini vermişdir.

Hesabat ilində şəhər üzrə ümumi daxili məhsul istehsalı 820 milyon manat olmuş, əvvəlki illə müqayisədə artım 23,9 faiz təşkil etmişdir. Şəhərin sənaye müəssisələrində məhsul istehsalı 24,8 faiz artaraq 510 milyon manat təşkil etmişdir. Eyni zamanda, işçilərin orta aylıq əməkhaqqı 480 manat səviyyəsinə çatdırılmış, bu da ötən illə müqayisədə 20 faiz çox deməkdir.

Şəhərin kimya və neft-kimya müəssisələrində dinamik inkişafa nail olunmuş, kimya müəssisələrinin istehsal göstəriciləri ötən illə müqayisədə 25 faiz artmışdır. “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunun EP-300 və Polimer-120 komplekslərində əsaslı təmir işləri aparılmış, birliyin mərkəzi laboratoriyasında kompyuter sistemli müasir xromotoqraflar quraşdırılmış, maşın-mexanizm parkının yeniləşdirilməsi və gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Hesabat ilinin may ayının sonunda “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda yeni Azot-oksigen kompleksi işə salınmışdır.

Sumqayıt Kimya Sənaye Parkına ayrılmış ərazinin əsas giriş yol qovşaqlarının, qaz xəttinin layihə-smeta sənədləri və daxili infrastruktur üzrə layihə hazırlanmışdır. Park sosial və sənaye zonalarından ibarətdir. Parkın ərazisi altı sənaye zonasına bölünür. Burada 2014-cü ilin əvvəlində 16 mərtəbəli inzibati bina, peşə tədris mərkəzi və SOCAR Polimerin Polipropilen qurğusunun inşasına başlanılacaqdır.

Hesabat ilində Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodunun açılışı olmuşdur. Bu zavodda ildə 100 min ton müxtəlif diametrli polad borular istehsal ediləcəkdir. Burada hazırlanacaq borular xam neft, təbii qaz və su xətlərinin çəkilişində, neft emalı zavodlarında, sənaye boru xətti şəbəkələrinin yaradılmasında, polad konstruksiyaların yığılmasında istifadə olunacaqdır. Zavodda 500 nəfər işlə təmin olunacaqdır.

Şəhərin yüngül sənaye müəssisələrindən olan İnter Textil ASC-də pambıq iplik istehsalı və trikotaj məhsullar istehsalı davam etdirilir. Fabrikin iş həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə artmışdır. Müəssisədə işləyənlərin sayı 500 nəfərdən çoxdur. Müəssisənin istehsal gücünün artırılması məqsədilə yeni istehsal sahəsinin qurulmasına başlanılmışdır. Hazırda iki korpusda əsaslı təmir və yenidənqurma işləri həyata keçirilir. Burada quraşdırılması nəzərdə tutulan pambıq iplik istehsal edəcək avadanlıqların əsas hissəsi alınıb gətirilmişdir.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Sumqayıt şəhəri üzrə müəyyən olunmuş tədbirlərin icrası davam etdirilmişdir. 2013-cü il ərzində şəhər ərazisində yeni müəssisələrin inşası və 500 nəfər daimi iş yerinin yaradılması üçün Sahibkarlığa Kömək Milli Fondun tərəfindən ümumilikdə 30 layihə üzrə 20 milyon manat vəsait ayrılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Sumqayıt şəhərində son texnologiyalar əsasında “Gilan Tekstil Parkı” qurulmuşdur. Bu tekstil parkı xarici ölkələrə tekstil məhsulları ixrac edərək Azərbaycan iqtisadiyyatında və eyni zamanda, sosialyönlü proqramların həyata keçirilməsində mühüm rol oynayacaqdır. Bu parkda məhsullar 100 faiz Azərbaycan pambığından hazırlanır. Azərbaycan pambığını xammaldan hazır məhsula çevirmək üçün müasir tələblərə cavab verən Toxuma fabriki inşa edilib. Burada illik gücü 8,5 milyon metr parça istehsal etmə gücünə malik bir istehsalat qurulmuşdur.

Hazırda “Gilan Tekstil Parkı”nda 5 yeni fabrikin tikintisi davam etdirilir. Müəssisədə bu gün 600 nəfərdən çox işçi çalışır. Bu müəssisələrin fəaliyyətə başlaması ilə istehsal gücü və fabriklərdə işləyənlərin sayı 3 dəfə artacaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Sumqayıtda elektroenergetika sahəsində yeni infrastruktur layihələrinin həyata keçirilməsi davam etdirilməkdədir. Sumqayıt Texnologiyalar Parkında müasir texnologiyalar əsasında respublika üçün mühüm əhəmiyyət kəsb edən və ixrac potensialına malik elektroenergetika və maşınqayırma sənayesi məhsulları istehsalının həcmi artırılmaqdadır. Burada dəmiryolu vaqonlarının istehsalı zavodunun və bioloji təmizləmə qurğusunun inşası yekunlaşmışdır. Alüminium və mis profillərin istehsalı, sendviç panellərin istehsalı, maşınqayırma və transformatorlar istehsalı zavodlarının tikinti-quraşdırma işləri davam etdirilir.

Hesabat dövründə şəhərdə Sağlam qida aqrar-sənaye kompleksi istifadəyə verilmişdir. Kompleksə daxil olan gündəlik 150 ton istehsal gücünə malik çörək zavodunda məhsul hazırlanması prosesi tam avtomatlaşdırılmışdır. Burada 45 çeşiddə 12 növ çörək məhsulları və un məmulatları istehsal olunur. Aqrar-sənaye kompleksində 600-dək yeni iş yeri yaradılmışdır.

“Azərsun Holdinq” şirkətlər qrupunun Sumqayıt Kağız və karton istehsalı kombinatı və Yağ istehsalı fabrikində məhsul istehsalı və onların çeşidlərinin artırılması, digər fabriklərin tikintisi, alternativ və bərpa olunan enerjinin alınması məqsədilə tələb olunan qurğu və avadanlıqlar istehsal edəcək zavodun və “Alyans Textil” MMC tərəfindən tekstil fabrikinin inşası davam etdirilir.

İl ərzində şəhərdə həyata keçirilən tədbirlər nəticəsində hamısı daimi olmaqla 5330-dan çox yeni iş yeri yaradılmışdır. Bundan 2300-dən çoxu fiziki şəxs olmuşdur.

Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində hazırda 50073 nəfər əmək pensiyaçısı qeydiyyatdadır ki, onlardan 43931 nəfəri işləməyənlər, 6142 nəfəri isə işləyənlərdir. Ödənilən təqaüdün bir nəfərə düşən orta aylıq məbləği 167,1 manat təşkil etmiş, əvvəlki illə müqayisədə 1,1 faiz artmışdır.

Əhalinin Sosial Müdafiəsi Mərkəzinə hesabat dövründə ünvanlı sosial yardım almaq üçün 5980 ailə müraciət etmiş, onlardan 5929 ailənin sənədi qəbul edilmiş və ünvanlı sosial yardım təyin edilmişdir. Təyinat aparılmış ailələrdən 643-ü Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkün ailəsi, digərləri başqa kateqoriyalara aid ailələrdir.

Sumqayıt Poçtamtının tərkibinə daxil olan 13 poçt şöbəsi tərəfindən şəhər və qəsəbələrdə yaşayan əhali poçt xidmətləri ilə tam əhatə edilmişdir. Əhaliyə göstərilən xidmətlərin həcmi əvvəlki illə müqayisədə artmış, tarif gəlirləri proqnozuna 107,2 faiz əməl edilmişdir.

Əhaliyə 12,6 milyon manatlıq nəqliyyat, 7 milyon manatlıq rabitə xidmətləri göstərilmişdir. İqtisadi göstəricilərin ötən ilin müvafiq dövrü ilə müqayisədə artması nəticəsində şəhər büdcəsinin gəlirlər proqnozu 70,9 milyon manata qarşı 72,5 milyon manat və yaxud 102,3 faiz yerinə yetirilmişdir.

Şəhərin küçə, meydan və məhəllə-mikrorayon daxili yollarının 141,6 min kvadratmetrdən çoxunun asfalt örtüyü əsaslı təmir edilmiş, 7072 metr beton bordür qoyulmuşdur. Səki və piyada yollarına, meydança, park və xiyabanlara 36,7 min kvadratmetr üzlük tamet tavalar döşənmiş və 12,7 min metr səki bordür qoyulmuşdur. H. Əliyev prospekti, S.Vurğun və N.Nərimanov küçələrində 4614 metr qranit bordür, 2826 metr mozaika bordür qoyulmuşdur. Şəhərin girişində abadlıq işləri yekunlaşmışdır.

Ərazidə 20 min kvadratmetr yeni qazon sahəsi salınmış, minlərlə ağac, mövsümi və dekorativ gül əkilmişdir. “Heydər bağı” parkı və Nəsimi adına mədəniyyət və istirahət parkının ərazisində kompleks şəkildə yenidənqurma, abadlaşdırma və yaşıllaşdırma işləri aparılmış və həmin işlər hazırda davam etdirilir.

H.Zeynalabdin qəsəbəsində hesabat ilində ümumilikdə qəsəbənin küçələrinə 6100 kvadratmetr asfalt örtüyü qoyulmuşdur. Qəsəbənin asfalt olmayan küçələrinə 900 kub qum çınqıl tökülərək hamarlanmışdır.

Qəsəbənin girişində Sumqayıt Şəhər İcra Hakimiyyətinin köməyi ilə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin büstü qoyulmuş, ətrafında olan binaların fasadları rənglənmiş, 300 ədəd ağac əkilmiş, 100 kvadratmetr qazon salınmış, işıqforlar quraşdırılmış və avtobus dayanacağı qoyulmuşdur.

Qəsəbə parkında və xiyabanlarında abadlıq işləri aparılmış, “Heydər bulağı” əsaslı təmir olunmuş və ətrafına 250 kvadratmetr qazon salınmışdır, 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidə cari təmir edilmişdir. Qəsəbə ərazisində ümumilikdə 2 minə yaxın ağac əkilmişdir.

Ötən ildə də məhəllə və mikrorayonların daxili ərazilərinin abadlaşdırılaraq yenidən qurulması, “Nümunəvi məhəllə”lərin yaradılması istiqamətində xeyli məqsədyönlü irimiqyaslı işlər həyata keçirilmişdir. 2, 9 və 12-ci mikrorayonların əraziləri abadlaşdırılaraq nümunəvi məhəllələr yaradılmış və əhalinin istifadəsinə verilmişdir.

Hesabat dövründə də ölkə başçımız cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq əhali ilə canlı iş bizim gündəlik fəaliyyətimizdə prioritet istiqamət olmuş, daima ön plana çəkilmiş, onların qayğıları ilə maraqlanılmış, narahat edən problemlər aşkar edilərək həll olunmasına xüsusi önəm verilmişdir. Bizim cari işlərimizin proqnozlaşdırılmasında, mövcud problemlərin üzə çıxarılaraq həllində, müvafiq tədbirlərin görülməsində sakinlərlə və yerlərdə səyyar görüşlərin, xüsusən də “Açıq mikrofon” tədbirlərinin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. İl ərzində belə görüşlərin keçirilməsi davam etdirilmişdir.

Şəhərin mənzil fondunun qorunub saxlanılması, dam örtüklərinin təmir olunması, ərazilərin təmizliyi, məişət tullantılarının daşınması daima nəzarətdə olan, icrası vacib əsas məsələlərdəndir. Bu barədə sakinlər icra hakimiyyətində qəbul edilərkən və müxtəlif görüşlərdə məsələ qaldırırlar. Hesabat dövründə bu sahələrdə bir çox işlər görülmüşdür. 28 yaşayış binasının fasadı təmir edilib rənglənmiş, 773 yaşayış binasının dam örtüyü rubiroidlə, 285 mənzilin dam örtüyü şiferlə təmir edilmişdir, 72 yaşayış binasının aşağı şəbəkə üzrə içməli su və kanalizasiya xətləri cari təmir edilmiş, 37 binanın zirzəmisi suyu qurudulmuş və tullantılardan təmizlənmişdir. 24 binanın xarici kürsü divarları rənglənmişdir. Hazırda yaşayış binalarının fasadlarında və dam örtüklərində əsaslı təmir, bərpa və yenidənqurma işləri davam etdirilir.

Hesabat dövründə şəhər ərazisinin təmizliyi ilə əlaqədar işlər davam etdirilmişdir. Məhəllə və mikrorayonların tullantı məntəqələrinin bir hissəsi təmir edilmiş, lazım olan yerlərdə yeni məntəqələr tikilmişdir. Bərk məişət tullantıların yığılması üçün payız mövsümü başlayandan əlavə olaraq 500 ədəd yeni tullantı konteyneri alınmış və bir hissəsi artıq tullantı məntəqələrinə qoyulmuşdur. Eyni zamanda şəhər ərazisində təmizliyi maksimum səviyyədə təmin etmək üçün yeni alınmış 350 ədəd 240 litrlik tullantı konteyneri küçə və prospektlər boyunca yerləşdirilmiş, mütəşəkkil məntəqələrin sayı artırılmış, bir sıra ucqar ərazilərdə yeni məntəqələr yaradılmışdır. Ümumilikdə şəhər ərazisində 300-dən yuxarı tullantı qəbulu məntəqəsi mövcuddur.

Sumqayıt Elektrik Şəbəkəsində hesabat dövründə şəhərin fasiləsiz elektrik enerjisi ilə təchizatının və istehlakçılara satılmış elektrik enerjisinin dəyərinin ödənilməsinin maksimum səviyyədə təmin edilməsi istiqamətində tədbirlər planına uyğun olaraq bir sıra işlər görülmüşdür. İstehlakçıların elektrik enerjisinə artan tələbatını nəzərə alaraq enerji təchizatında fasilələrə yol verilməməsi üçün şəbəkənin xidməti ərazilərində bir sıra elektrik avadanlıqları və elektrik verilişi xətlərində əsaslı və cari təmir, yenidənqurma, bərpa işləri yerinə yetirilmişdir.

Şəbəkə tərəfindən hesabat dövründə 138 ədəd transformator yarımstansiyası cari təmir edilmiş, şəhərin məhəllə və mikrorayonlarında, Corat və H.Zeynalabdin qəsəbələri və digər ərazilərdə yaşayış binalarına və fərdi evlərin yerləşdiyi küçələrdə 33,3 min metr SİP markalı yeni kabel xətləri çəkilmişdir. Yeni sayğacların quraşdırılmasına 51 min metr SİP markalı kabel istifadə olunmuş, əhali abonentləri üçün 5617 ədəd elektrik sayğacı quraşdırılmış və yenisi ilə əvəz edilmişdir. “Küçə işıqları” təsərrüfathesablı xidmət sahəsi tərəfindən şəhərin küçə və prospektlərində 208 ədəd müasir tipli yeni elektrik-işıq dirəkləri quraşdırılmış, 25,6 min poqonmetr elektrik kabeli çəkilmişdir. H.Əliyev və S.Vurğun küçəsinin işıqlandırma sistemləri yenidən qurulmuşdur.

“Sumqayıt Sukanal” idarəsi tərəfindən hesabat dövründə müxtəlif diametrli 3640 metr polad, 10275 metr polietilen boruları ilə su xətləri çəkilmiş və əvəzlənmişdir. Sudan istifadə edən əhali abonentləri üçün il ərzində 7954 ədəd yeni su sayğacı quraşdırılmışdır.

Hesabat dövründə əhalinin təbii qazla təchizatının daha da yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Bağlar və yeni yaşayış massivlərində, şəhərətrafı qəsəbələrdə, Nərimanov küçəsində ümumilikdə 118,5 min poqonmetrdən çox müxtəlif diametrli qaz kəmərləri polad və polietilen borularla əvəz edilmiş, 57,2 min poqonmetr qaz kəməri isə yenidən qurulmuşdur. 3844 ədəd “Smart-kart” tipli müasir sayğaclar quraşdırılmış, 14901 ədəd sayğac yenisi ilə əvəz olunmuşdur. Güzəştsiz əhali üzrə hesabat dövründə istifadə olunan təbii qaza görə 35,7 milyon manat vəsait ödənilmiş, bu da 86,6 faiz təşkil edir.

Şəhər əhalisinin istiliklə təchiz edilməsi bu gün ön plana çəkilmiş və sakinləri həqiqətən də narahat edən məsələlərdən biridir. “Azəristiliktəchizat” ASC-nin Sumqayıt İstilik Sistemləri İstismarı Sahəsi tərəfindən görülmüş işlər nəticəsində şəhərdə 20 qazanxana, o cümlədən 6 modul tipli qazanxana fəaliyyət göstərir.

Hesabat dövründə yüksəkmərtəbəli binalarda yaşayan sakinlər üçün mühüm əhəmiyyət kəsb edən lift təsərrüfatında mənzil fondunda istismarda olan 588 ədəd liftdən 14 mərtəbəli binadakı 2 ədəd yük lifti istisna olmaqla 586 ədədi işlək vəziyyətdə olmuşdur.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional Şöbəsi üzrə hesabat dövrü ərzində şəhərdaxili marşrutlarda xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin rahatlığının təmin edilməsi üçün sahibkarlar tərəfindən 8 şəhərdaxili marşrutlarda işləyən, istismar müddətini başa vurmuş kiçiktutumlu mikroavtobuslar müasir tipli, orta və iritutumlu 32 ədəd rahat avtobusla əvəz edilmişdir. Digər şəhərdaxili marşrutlarda da əhalinin rahatlığının təmin edilməsi üçün köhnə mikroavtobusların müasir tipli, tutumu çox olan avtobuslarla əvəz edilməsi istiqamətində sahibkarlarla işlər aparılır.

Əhalinin internet və telefon xidmətlərinə olan tələbatını təmin etmək məqsədilə “Xəzər bağları” ərazisində 50 abunəçiyə, “Qurd dərəsi” bağlar massivində 30 abunəçiyə telefon çəkilişi üçün paylayıcı və magistral şəbəkə tikilərək telefon çəkilişləri təmin edilmişdir. Xəzri yaşayış massivində 512 nömrəlik EATS binası hazırlanmış, avadanlıqlar montaj edilmiş və nömrə sayına uyğun 3500 metr magistral və paylayıcı şəbəkə tikilərək istifadəyə verilmişdir.

Hesabat ilində mədəniyyət müəssisələrinin əsaslı və cari təmiri, maddi-texniki bazasının möhkəmləndirilməsi, mədəni-kütləvi tədbirlərin sayının və keyfiyyətinin artırılması diqqət mərkəzində olmuşdur.

Hesabat ili şəhərimizdə keçirilmiş genişmiqyaslı mədəni-kütləvi tədbirlərlə çox zəngin olmuşdur.

20 Yanvar faciəsinin Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd edilməsi ilə əlaqədar 18-20 yanvar tarixlərində bütün idarə, müəssisə və təşkilatlarda müxtəlif tədbirlər keçirilmiş, Şəhidlər xiyabanı ziyarət edilmişdir.

Sumqayıt hadisələrinin 25-ci ildönümü ilə əlaqədar bu hadisələrin əsl mahiyyətinin açılması və gənc nəslə çatdırılması məqsədilə Sumqayıtın Tarixi Muzeyində gənclərin iştirakı ilə keçirilən “dəyirmi masa” gənc nəslin həmin hadisələrə münasibətinin formalaşmasında önəmli addım olmuşdur.

Novruz bayramı şənlikləri xüsusi özəlliklə, fərqli formatda təşkil olunmuşdur. Ümumşəhər tədbirində Sumqayıt sakinlərinə və şəhərimizin qonaqlarına sahibkarların təşəbbüsü ilə hazırlanmış paxlava təqdim olunmuşdur.

31 mart—Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Tarix muzeyində “dəyirmi masa” keçirilmişdir. Bu tədbir Azərbaycanlıların Soyqırımı tarixinin müasir gənclər üçün tarixi ibrət dərsi olmasında və onların vətənpərvərlik tərbiyəsi sahəsində önəmli bir iş hesab edilə bilər.

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 90 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlarının icrası ilə bağlı bir sıra silsilə tədbirlər keçirilmişdir.

3 may tarixdə ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Heydər Parkı”nda xüsusi layihə əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzinin açılışı olmuşdur. Ümumi sahəsi 1162,8 kvadratmetr olan mərkəzdə dünya şöhrətli siyasi xadimin büstü qoyulmuş, fotoşəkillərdən ibarət 12 stend, H.Əliyevə aid 100-ə yaxın kitab və sənəddən ibarət sərgi düzəldilmişdir.

Azərbaycan Respublikası Prezidentinin tövsiyəsinə uyğun olaraq sentyabr ayının 26-da Sumqayıt şəhərində artıq ənənəyə çevrilmiş “Şəhər günü” bayramı keçirilmişdir. Bayram tədbirləri qədim Corat kəndindən başlamış və Bayraq meydanında təntənəli bayram keçidi ilə davam etdirilmişdir. Hər il olduğu kimi, bu il də Corat qəsəbəsində qəsəbənin tarixi ilə bağlı çox maraqlı ədəbi-bədii kompozisiya göstərilmişdir. Bayram tədbirləri məşhur türk müğənnisi Rafet el Pomanın iştirakı ilə geniş konsert proqramı və atəşfəşanlıqla yekunlaşdırılmışdır.

Yeni dərs ili ərəfəsində bütün təhsil müəssisələrində cari təmir, abadlıq işləri görülmüş, məktəblərin hamısı laboratoriya, məktəb mebelləri və avadanlıqlarla təmin edilmişdir.

“Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsində şəhərin 5 məktəbi və 11 müəllimi qalib olmuşdur.

Hər il olduğu kimi, hesabat ilində də şəhər üzrə ali məktəblərə qəbul imtahanlarının göstəriciləri yüksək olmuş, respublika üzrə ən yaxşı nəticələrdən hesab edilmişdir. Ali məktəblərə sənəd vermiş məzunlarımızın 54,3 faizi müxtəlif universitetlərə qəbul olunaraq tələbə adını qazanmışdır ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 3,3 faiz çoxdur.

Yeni tipli məktəblərimiz qəbul imtahanlarında yüksək nəticələr göstərərək respublika üzrə ən yaxşı məktəblər sırasında yer almışdır. Ali məktəblərə qəbul Təbiət Elmləri Təmayüllü Gimnaziya və Texniki və Təbiət Elmləri liseylərində də 100 faiz, “İstedad” liseyində 94 faiz, “Təfəkkür” liseyində isə 82 faiz təşkil etmişdir. Digər ümumtəhsil məktəblərindən isə 1, 11 və 18 nömrəli məktəblərin göstəriciləri daha yüksək olmuşdur.

Qəbul imtahanlarında Texniki və Təbiət Elmləri Liseyinin məzunu Flora Qafarova ən yüksək - 700 bal toplamışdır. Şəhər üzrə ümumilikdə 98 nəfər 600-dən çox bal toplamışdır ki, bu da ötənilki göstəricidən çoxdur.

Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2012-ci il tarixli sərəncamına əsasən Sumqayıt şəhərinin ən böyük tibb müəssisəsi olan 1 nömrəli şəhər xəstəxana kompleksi, 2 nömrəli doğum evi və 3 nömrəli şəhər poliklinikası yenidən qurularaq və əsaslı təmir olunaraq başa çatdırılmışdır. Xəstəxana kompleksinin açılışı Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə əlamətdar olmuşdur. Hazırda kompleks müasir tibbi təchizatla təmin olunaraq, lazımi səviyyədə fəaliyyət göstərir. Xəstəxanada indiyədək şəhərdə olmayan Hemodializ şöbəsi açılmışdır, şöbə 17 yerlikdir və bütün lazımi dərman preparatları və tibbi ləvazimatlarla təchiz olunmuşdur.

2 saylı doğum evi də təmirdən sonra müasir tibbi avadanlıqlar, o cümlədən cərrahi əməliyyat dəstləri, kliniki və biokimyəvi laboratoriya cihazları, ultrasəs müayinə aparatı, müasir süni tənəffüs aparatları ilə təchiz olunmuşdur.

3 saylı şəhər poliklinikası da əsaslı təmir olunaraq yeni avadanlıqlarla təchiz olunmuşdur.

Ötən il ərzində Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilmiş 65 tədbirə ümumilikdə 1200 nəfər iştirakçı və 46 minə yaxın tamaşaçı cəlb olunmuşdur.

Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin akt zalında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təqdimat mərasimi keçirilmişdir. Tədbirdə şəhərdə fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri, yaradıcı və istedadlı gənclər, Gənclər Fondunun rəsmiləri iştirak etmişdir.

Hesabat dövründə şəhər idmançıları respublika və beynəlxalq səviyyəli yarışlardan 935 medal əldə etmişlər. Bunlardan 295-i qızıl, 263-ü gümüş, 377-si bürünc medaldır.

İdman növləri üzrə milli yığma komanda heyətlərində beynəlxalq səviyyəli yarışlarda iştirak edən şəhər idmançıları tərəfindən qazanılmış 179 medaldan 37 qızıl, 22 gümüş, 45 bürünc medal Dünya, Avropa kuboku yarışlarında əldə olunmuşdur. Bu medalların 15 qızıl, 6 gümüş və 17 bürünc medal Olimpiya Oyunlarının proqramına daxil olan idman növləri üzrədir.

2013-cü ildə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların müraciətlərinə baxılması işi “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçısı aparatlarında sənədlərlə iş barədə Təlimatın tələblərinə müvafiq həyata keçirilmişdir.

Hesabat dövründə şəhər icra hakimiyyətinə sakinlər tərəfindən 5937 vətəndaş müraciəti daxil olmuşdur. Bu müraciətlərin böyük əksəriyyəti müsbət həll olunmuş, qalan hissəsi barədə isə qanunauyğun müvafiq izahatlar verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü ili “Sənaye ili” elan etmişdir. Bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməlidir. Texnoparklar, yeni sənaye müəssisələri, ixracyönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaradılması —bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını təmin edəcəkdir.

Sonda tədbir iştirakçıları Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət ünvanladılar.

 

Söhrab SƏfiyev,

 Respublika.-2014.- 6 mart.- S.4.