Qəbələ: zəhmətin
qüdrəti ilə gündən-günə gözəlləşən
diyar
Bu günlərdə Qəbələ rayonunda 2013-cü ilin sosial-iqtisadi yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ulu öndərimiz Heydər Əliyevin abidəsini ziyarət edərək ehtiramlarını bildirmiş, abidə önünə tər çiçəklər düzmüşlər. Sonra rayon mədəniyyət mərkəzində təşkil olunmuş hesabat yığıncağında icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev geniş məruzə ilə çıxış etmişdir. Natiq vurğulamışdır ki, 2013-cü ildə ölkəmizdə sosial-iqtisadi sahədə görülən işlər Qəbələ rayonunda da uğurla davam etdirilmişdir.
Rayonun ictimai həyatında baş verən əsas əlamətdar hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü ilin fevral və avqust aylarında Qəbələyə rəsmi səfərləri olmuşdur. Səfərləri zamanı ölkə başçısı bir çox mühüm sosial və sənaye xarakterli obyektlərin açılışlarında iştirak etmiş, inşaat işləri davam edən tikintilərdə işin gedişi ilə tanış olmuşdur. Görülmüş işlər barədə fikirlərini bildirən ölkə başçısı qarşımıza yeni-yeni vəzifələr qoymuşdur.
Hesabat dövründə Qəbələ 4 ölkənin prezidentlərinin iştirakı ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Sammiti, V Beynəlxalq Musiqi Festivalı, “MDB-nin Mədəniyyət Paytaxtları - 2013” dövlətlərarası proqramının təntənəli açılışı, III Beynəlxalq İncəsənət Sərgisi kimi beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.
Rayonumuzda “Mürəbbə Festivalı”, “İbtidai təhsil — yeni baxışlar, təcrübələr və perspektivlər” mövzusunda konfrans, “Gənc xilasedici və yanğınsöndürən” adlı respublika və beynəlxalq birinciliyi, “II Qəbələ Kuboku” futbol oyunları, boks və digər idman yarışları kimi maraqlı, yaddaqalan tədbirlər keçirilmişdir. Rayonumuzun mədəni həyatının əsasını təşkil edən beynəlxalq musiqi festivalları, incəsənət sərgiləri və digər bu səpkili irihəcmli tədbirlər Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın yaxından köməkliyi və rəhbərliyi ilə gerçəkləşərək həyata keçirilmişdir.
Eləcə də 2013-cü ildə Kiyev şəhərində Qəbələ rəyonu ilə Ukrayna Respublikasının Rovno vilayəti arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma protokolu imzalanmışdır.
2013-cü ildə rayon iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 234890 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 6920 min manat, yaxud 3 faiz çox olmuşdur.
Cari ildə keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışısənayedə 309 min manat, yaxud 1,4 faiz, kənd təsərrüfatında 3.054 min manat, yaxud 5,7 faiz, tikintidə 1.040 min manat, yaxud 0,8 faiz, nəqliyyatda 79 min manat, yaxud 2,5 faiz, rabitədə 123 min manat, yaxud 19,8 faiz, ticarətdə 2.315 min manat, yaxud 9,7 faiz artmışdır.
Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 2.352 manat təşkiletmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz çoxdur.
Sənaye mallarının istehsalında və xidmətlərin göstərilməsində qeyri-dövlət bölməsinin xüsusi çəkisi 74,0 faiz təşkil etmişdir.
İl ərzində sənaye müəssisələrində çalışan 752 nəfər işçinin orta aylıq nominal əmək haqqı 373 manat təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 17,7 faiz çox deməkdir.
2003-cü ilin oktyabr ayından 01 yanvar 2014-cü ilədək 11.803 yeni iş yerləri açılmışdır. Onlardan 9.786-sı daimi iş yerləridir. 2013-cü il ərzində 860 yeni iş yeri açılmışdır ki, həmin iş yerlərinin hamısı daimi olmuşdur.
Azəbaycan hökuməti ve Dünya Bankının maliyyə dəstəyi əsasında, Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmas istiqamətində 1-ci mərhələ üzrə işlər davam etdirilmiş, 2-ci mərhələ üzrə tikinti işlərinə başlanmışdır. Sahil küçəsində plastik borularla 7.040 poqonmetr kanalizasiya xətti, 3.885 poqonmetr su xətti çəkilmiş, 2 ədəd subartezian quyusu qazılmışdır. “Hidro İnşaat” MMC tərəfindən Məyəl dərəsindən dövlət əhəmiyyətli tikintiyə su xətti çəkilmişdir. “Qaraçay”, “Duruca” su mənbələrində yerləşən anbarlar lil və qumdan təmizlənmiş, cari təmir işləri görülmüşdür. Şəhərin küçələrində aparılan abadlıq işləri ilə əlaqədar mövcud su təchizatı və kanalizasiya xətlərində müxtəlif diametrli borular dəyişdirilmiş, təmir-bərpa işləri aparılmışdır.
Qəbələ rayon 11 saylı Yol İstismar İdarəsi tərəfindən 2013-cü ildə 670,2 min manatlıq cari təmir və yolların saxlanması işləri görülmüşdür. Qəbələ Telekommunikasiya qovşağı il ərzində 1.000,0 min manat tarif gəliri proqnozuna qarşı 1.078,1 min manat gəlir əldə etmiş, proqnoz tapşırığına 108,0 faiz əməl etmişdir.
“Azərpoçt” MMC-nin Qəbələ filialı 2013-cü ildə 192,7 min manata qarşı 194,2 min manatlıq poçt-rabitə xidməti göstərərək proqnoz tapşırığını 101,0 faiz yerinə yetirmişdir. Dünya Bankının krediti hesabına həyata keçirilən “Maliyyə xidmətlərinin İnkişafı Layihəsi” çərçivəsində struktur islahatları aparılmış, poçt filiallarının və poçt şöbələrinin avtomatlaşdırılması prosesi həyata keçirilmişdir. Məlikli, Zalam, Yenikənd, Quşlar, Bunud, Bayramkoxalı, Zarağan və Böyük Əmili kənd poçt şöbələri üçün yeni binaların tikilməsi üçün bütün sənədləşmə işləri başa çatdırılaraq aidiyyəti üzrə “Azərpoçt” MMC-yə göndərilmişdir.
Rayonun yaşayış məntəqələrinin sel sularından qorunması, kənd təsərrüfatının suvarma suyu ilə təminatı üçün suvarma kanalları 375 min kubmetr lildən, daşqın və selə qarşı mübarizə məqsədilə 1115 min kubmetr çay məcrası daş və qumdan təmizlənmiş, 320 kubmetr qabion bəndi vurulmuş, 3830 kubmetr daş beton bəndi cari təmir edilmişdir. Qəbələ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində hazırda 3.959 hərəkətdə olan sosial müavinət və təqaüd işi vardır. Həmin müavinətlərin və təqaüdlərin ödənilməsi üçün tələb olunan vəsaitin orta aylıq məbləği 291,7 min manat təşkil edir.
Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsi tərəfindən 2013-cü ilin yekununa görə gəlirlər üzrə proqnozda nəzərdə tutulmuş 5.837,8 min manata qarşı 5.538,8 min manat məcburi dövlət sosial sığorta haqları toplanaraq, proqnoz tapşırığa 94,9 faiz əməl olunmuşdur.
2013-cü ildə Qəbələ şəhərində inşa edilən “Qəbələ Mədəniyyət Mərkəzi”, Qaradeyin kəndində şərab zavodu, Böyük Əmili kəndində və Vəndam qəsəbəsində 1200 başlıq heyvandarlıq kompleksləri, Qəbələ şəhərində 1200 yerlik “Heydər Əliyev Konqres Mərkəzi”, “Şəhidlər xiyabanı kompleksi”, “Karvansaray” oteli, Qəbələ şəhər məscidi, Zarağan kəndində məcburi köçkünlər üçün inşa edilən 2 ədəd 5 mərtəbəli 155 mənzilli yaşayış binaları, Qəbələ-Ağdaş avtomobil yolunun yenidən qurulması və həmin yolun abadlaşdırılması, işıqlandırılması, kommunikasiyaların köçürülməsi, Qəbələ-Oğuz avtomobil yolunun əsaslı təmiri, Qəbələ şəhərində yeni yanacaqdoldurma məntəqəsi, Kiçik Pirəli kəndində 180 şagird yerlik tam orta məktəb binası, “Tufandağ” dağ-xizək, yay-qış istirahət kompleksinin birinci mərhələsi, Qəbələ-Küsnət-Laza avtomobil yolu obyektlərində tikinti işləri başa çatdırılmış və istismara verilmişdir.
Həmçinin Qəbələ şəhərinin Sahil, Həzi Aslanov, Musabəyov, Xalid Qasımov küçələrində abadlıq işləri davam etdirilmiş, Həmzəli kəndininmərkəzindən keçən avtomobil yolunda, Nic qəsəbə parkında, eləcə də Nic və Bum qəsəbəsinin mərkəzi küçələrində abadlıq-yenidənqurma işləri başa çatdırılmışdır.
Bunlarla yanaşı Qəbələ Futbol Akademiyesı, stadionlar kompleksi, Daxili İşlər Nazirliyinin “N” saylı alayı, şəhərin şimalında “Qəbələ-2 yanğınsöndürmə deposu”, YAP rayon təşkilatının inzibati binası, cipsi və su-limonad, Dəmiraparan çayı üzərində 10 aşırımlı, 324 poqon metrlik dəmir-beton körpü, Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana avtomobil yolu, Bum qəsəbəsində “Stend atıcılığı kompleksi”, “Aquapark” istirahət kompleksi, “Qolf-klub” kompleksi, Qəbələ şəhərinin içməli su və kanalizasiya sistemi obyektlərində tikinti-quraşdırma, Dəmiraparan və Duruca çaylarının hövzələrində sahilbərkitmə işləri görülmüş və bu istiqamətdə inşaat işləri bu gün də davam etdirilir.
Eləcə də 2013-cü ildə Qəbələ şəhərində 360 şagird yerlik tam orta, Zirik kəndində 220 şagird yerlik, Yengicə kəndində 80 şagird yerlik ümumi orta məktəb binaları, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin inzibati binası, Savalan kəndində “Raftinq Mərkəzi”, rayon məhkəməsinin inzibati binası, Laza Sərhəd Zastavası və Nohur gölünün sahilində sanatoriya kompleksi obyektlərinin tikintisinə başlanılmışdır.
Məlumat üçün bildirirəm ki, 2014-cü ildə Qəbələ Peşə Məktəbinin yeni binasının, rayon mərkəzi xəstəxanası kompleksinin, Xarici Dillər Universitetinin Qəbələ Filialının, Gömrük Akademiyasının, “ASAN xidmət”in Qəbələ rayon filialının inzibati binasının, 37 hektar ərazidə yeni şəhərciyin, Qəbələ atçılıq mərkəzinin, Yengicə su anbarının, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Cəmiyyəti” MMC-nin Qəbələ Rayon Şöbəsinin inzibati binasının, Soltannuxa kəndində 35/10 kilovotluq Qəbələ şəhərində 110/35/10 kilovotluq elektrik yarımstansiyalarının tikintisinə başlanılması nəzərdə tutulmuşdur.
2013-cü il rayonun təhsil müəssisələrinin də maddi-texniki bazasasının möhkəmləndirilməsi, məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni texnologiyaların tətbiqi sahəsində qazanılmış uğurlu nəticələrin əldə edilməsi ilə səciyyələnmişdir. Ötən dərs ilində biliyi qiymətləndirilən 16248 nəfərdən 3963-ü əla, 5765 nəfəri yaxşı qiymətlərlə oxumuşdur. İlin müvəffəqiyyət faizi 99,8 faiz, keyfiyyət göstəricisi isə 59,9 faiz olmuşdur. 2012-2013-cü dərs ilində məzunlardan 5 nəfər qızıl medalla və 2 nəfər fərqlənmə attestatı ilə ümumtəhsil
məktəblərini bitirmişdir. Orta təhsil kursunu bitirən 1374 nəfər şagirddən 795-i ali məktəblərə sənəd vermiş, onların 496 nəfəri ali məktəbə qəbul olunmuşdur. Bu da əvvəlki illə müqayisədə 46 nəfər çoxdur. Ali məktəbə qəbul olunanların 104 nəfəri 500-dən artıq, 27 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli 3072 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq mərkəzləşdirilmiş kitabxana sistemində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, kitabxana-biblioqrafiya resursları avtomatlaşdırılmış, informasiya resurs və multimedia şöbələri yaradılmışdır. Kitabxanaya gözdən əlillər üçün audio-disklər alınmışdır.
Qəbələnin təbiəti, iqlimi, coğrafı şəraiti, mineral bulaqları, gur şəlalələri, iti axan dağ çayları, ərazinin “İpək yolu”nun üstündə yerləşməsi və tarixiliyi burada turizmin inkişafına stimul verən amillərdəndir.
Ölkə başçısı tərəfindən yüksək qiymətləndirilən bu keyfiyyətlər Qəbələdə müasir turizm infrastrukturunun yaradılmasına və bölgənin beynəlxalq turizm məkanına çevrilməsinə yol açmışdır.
Bu gün Qəbələdə fəaliyyət göstərən 16 otelin üçü beşulduzlu, biri dördulduzlu, ikisi isə üçulduzludur. Həmin obyektlərin hesabına Qəbələdə eyni vaxtda 3 minə yaxın turisti qəbul etmək imkanı yaranmışdır.
Bütün turizm komplekslərində beynəlxalq standartlara uyğun olan şərait, xidmətlərin səviyyəsi gələn qonaqları razı salır. Bunun nəticəsidir ki, il ərzində rayonumuza 46 minə yaxın turist gəlmişdir.
Görülən işlər və gələcək layihələr deməyə imkan verir ki, həqiqətən, Qəbələ çox yaxın zamanda beynəlxalq turizm mərkəzi kimi dünyada tanınmış bölgələrdən birinə çevriləcəkdir.
Turizmin Qəbələ rayonunda sürətli inkişafı ixtisaslı kadrlara olan tələbatı da artırmışdır. Bu məqsədlə 2009-cu ildən fəaliyyət göstərən Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində hazırda 6 ixtisas üzrə 194 nəfər şagird dövlət hesabına təhsil alır. Onların 94 nəfəri ümumi orta təhsil bazasından, 100 nəfəri isə tam orta təhsil bazasından olan şagirdlərdir.
Turizmə göstərilən dövlət qayğısının nəticəsidir ki, bir ay öncə ölkə başçısı cənab İllham Əliyev tərəfindən “Tufandağ” dağ-xizək yay-qış istirahət kompleksinin birinci mərhələsinin açılışı olmuşdur.
Növbəti ildə də turizm infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılacaq, daha böyük layihələrin icrasına başlanılacaqdır.
Ötən il rayon mərkəzi xəstaxanasında da xeyli işlər görülmüşdür. İl ərzındə büdcə xərcləri 2.153.934,00 manat olmuş, dərman və sarğı materiallarının alınmasına 280318,00 manat vəsait xərclənmişdir. Əhaliyə 192.809,00 manatlıq pulsuz dərman verilmişdir. O cümlədən epileptik və ruhi xəstələrə 34.059,00 manatlıq, şəkərli diabet xəstələrinə 140.959,00 manatlıq, şəkərsiz diabet xəstələrinə 5.267,00 manatlıq, vərəm xəstələrinə 1.094,00 manatlıq, parkinson xəstələrinə 2.217,00 manatlıq, onkoloji xəstələrə 3.320,00 manatlıq, hemotoloji xəstələrə 3438,00 manatlıq pulsuz dərmanlar verilmişdir.
Qəbələ Müalicə Diaqnostika Mərkəzinə il ərzində müayinə və müalicə məqsədi ilə ölkəmizin 42 rayonundan xəstə müraciət etmişdir. Konsultativ poliklinika şöbəsinə xəstə gəlişlərinin sayı 19636, endoskopiya kabinetində müayinələrin sayı 1269, stomatoloji kabinetdə müalicə olunan xəstələrin sayı 602, stasionar şöbəyə daxil olan xəstələrin sayı 1255, aparılmış cərrahiyyə əməliyyatlarının sayı 1244 olmuşdur. Onlardan 288-i laparoskopik əməliyyatlardır. Hemodializ şöbəsində seanslarının sayı 7196, şüa diaqnostika şöbəsində USM müayinələrinin sayı 12446, kompyuter tomoqrafik müayinələrin sayı 965, fizioterapiya şöbəsində prosedurların sayı 4006, kliniki laboratoriya şöbəsində 9020 xəstədə 640421 müayinə aparılmışdır.
Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramı layihəsi çərçivəsində mərkəzdə 12 mart 2013-cü il tarixdə qan vermə aksiyası keçirilmiş və bu aksiyada 70 nəfərin iştirakı nəzərdə tutulduğu halda 265 nəfər iştirak etmişdir.
Gənclər və İdman İdarəsi tərəfindən hesabat ilində 62 tədbir həyata keçirilmişdir. Bunlardan 34 tədbir gənclərlə iş sahəsini, 28 tədbir isə kütləvi bədən tərbiyyəsi və idman sahəsini əhatə edir.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən ümumrespublika tədbirlərində qəbələli gənclərin iştirakı təmin olunmuşdur. Belə ki, gənclərlə iş sahəsində respublika üzrə keçirilən 13 tədbirdə, idman sahəsi üzrə isə 38 yarış və birincilikdə idmançılarımız rayonumuzu təmsil etmişlər. İdmançılarımızdan Aydan Hüseynzadə şahmat məsələlərinin həlli üzrə IX Beynəlxalq həlletmə yarışında qadınlar arasında I yeri tutmuş, Gürcüstanda keçirilən Beynəlxalq həlletmə yarışında qadınlar arasında II yerə layiq görülmüşdür.
Araz Alməmmədov şahmat məsələlərinin həlli üzrə ötən il keçirilən 34-cü Azərbaycan çempionatında I yeri tutmuşdur.
Aqrar sahəyə göstərilən dövlət qayğısı sayəsində ötən il rayonda xeyli işlər görülmüşdür. Ölkə başçısının imzaladığı “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamın icrası ilə əlaqədar olaraq rayonda cari ilin iyun ayında 1961 nəfər torpaq sahibinə əkin sahələrinin becərilməsinə görə 1067674,0 manat yardım hesablanmış və həmin vəsait plastik kartlar vasitəsilə onlara çatdırılmışdır. Bundan əlavə, ötən ilin dekabr ayında 1252 nəfər buğda istehsalçısına 734384,0 manat yardım hesablanaraq, tərtib olunmuş sənədlər aidiyyəti üzrə respublika komissiyasına təqdim edilmişdir.
2013-cü ildə 25958 hektar sahədə payızlıq dənli bitkilər: o cümlədən 19303 hektar buğda, 6655 hektar arpa əkilmişdir. Keçən il 65400 ton taxıl istehsal edilmiş və məhsuldarlıq hər hektardan 25.2 sentner olmuşdur. Torpaq sahibləri tərəfindən ötən il 6040 ha sahədə yazlıq bitkilər əkilmişdir ki, bunun da 1085 hektarını kartof, 2095 hektarını tərəvəz, 1366 hektarını qarğıdalı, 132 hektarını bostan bitkiləri, 1258 hektarını isə birillik və çoxillik otlar təşkil etmişdir. Həmin sahələrdən 7082 ton kartof, 9430 ton tərəvəz, 1888 ton bostan məhsulu, 3270 ton qarğıdalı dəni, 90 ton günəbaxan məhsulu toplanılmışdır. İl ərzində həmçinin, 11261 ton meyvə, 7160 ton üzüm istehsal olunmuşdur.
Hesabat ilində mövcud olan əkin sahələrində torpağın münbitliyini öyrənmək məqsədilə 4678 torpaq nümunəsi və 2356 məhsul nümunələri laboratoriya analizindən keçirilmiş və nəticələri barədə torpaq mülkiyyətçilərinə məlumat verilmişdir.
Heyvandarlıq sahəsində də əhəmiyyətli dirçəliş hiss edilir. Hazırda rayon üzrə iribuynuzlu mal-qaranın sayı artaraq 55776 başa, qoyun-keçilər 218791 başa, donuzların sayı 1020 başa çatmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsulları istehsalı da xeyli artmışdır.
Qəbələ Rayon İcra Hakimiyyəti başçısı aparatına ötən il 1090 nəfər vətəndaş müraciət etmişdir.
Daxil olmuş müraciətlərin 416-sı müsbət, 318-i qismən həll edilmiş, 244-nə müvafiq izahat verilmiş, 46-sı əsassız sayılmış, 17-si tabeli qurumlara, 30-u isə aidiyyəti orqanlara göndərilmişdir.
Ərizələr əsasən körpülərin tikilməsinə, yolların təmir edilməsinə, qaz təchizatının yaxşılaşdırılmasına, birdəfəlik və ünvanlı dövlət sosial müavinətlərinin verilməsinə, vətəndaşların mənzillə təmin olunmasına köməklik göstərilməsinə dair olmuşdur.
Əvvəlki illərdə olduğu kimi 2013-cü ildə də rayon icra hakimiyyətində informasiya texnologiyalarından geniş istifadə edilmiş, daxil olan elektron məktublar dərhal araşdırılaraq müvafiq tədbirlər görülmüşdür. Elektron müraciətlərdə şikayət hallarına rast gəlinməmişdir. Hazırda 3 qəsəbə və 7 kənd inzibati ərazi dairələri ilə RİH arasında informasiya mübadiləsi üçün opoerativ idarəetmə mərkəzi fəaliyyət göstərir.
Hesabat dövründə rayon icra hakimiyyəti başçısının 46 səyyar görüş-qəbulu keçirilmişdir. Səyyar qəbullarda 5735 nəfər çıxış edərək müxtəlif səpkili təkliflər irəli sürmüşdür.
Rayon icra hakimiyyəti başçısı aparatında və inzibati ərazi nümayəndiliklərində çalışan hər bir məsul dövlət qulluqçusu tərəfindən vətəndaşların qəbulu, müraciətlərinə baxılmasının qanunvericiliyin müddəalarına uyğunluğu daim nəzarətdə saxlanılır, vətəndaşları narahat edən məsələlərin həlliistiqamətində müvafiq tədbirlər görülür.
Nazirlər Kabinetinin iclasında qarşıda duran vəzifələrdən danışan cənab İlham Əliyev 2014-cü ildə də əvvəlki illərdə olduğu kimi bütün proqram və layihələrin uğurla icra olunacağına əminliyini bildirib. Ölkə başçısı qeyd edib ki, yeni infrastruktur layihələrinin icrasına böyük ehtiyac vardır. İnvestisiya proqramlarının icrası, xarici investisiyaların cəlb edilməsi, makroiqtisadi sabitliyin qorunması kimi amillər ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir.
Cənab Prezident ərzaq təhlükəsizliyinin təmin olunması, yerli sahibkarlığın inkişaf etdirilməsi, sosial infrastruktur obyektlərinin tikintisinin genişləndirilməsi, taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılması istiqamətində də mühüm addımlar atılacağını vurğulamışdır.
Bütün qəbələlilər adından ölkə Prezidenti cənab İlham Əliyevi əmin edirəm ki, cari ildə də yeni-yeni uğurların əldə olunması, rayonumuzun daha dinamik inkişaf etdirilməsi üçün bütün imkanlardan istifadə edərək 2014-cü ili də uğurla başa vuracağıq.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış etmişdir.
İlham PƏNAHOV
Respublika.-2014.-7 mart.-S.5.