KƏLBƏCƏR: ÜMİDLƏR DOĞRULUR

 

Kəlbəcər Rayon İcra Hakimiyyətində keçirilən illik hesabat yığıcağında rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov öz geniş əhatəli çıxışı ilə görülən irimiqyaslı abadlıq quruculuq işlərindən söhbət açdı. Dedi ki, 2013-cü il Azərbaycanın ən yeni tarixinə növbəti inkişaf mərhələsi kimi yazılmış, iqtisadiyyatın müşahidə olunan dinamik inkişafı artıq dönməz xarakter almışdır. Əldə edilən uğurların arxasında ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ulu öndərin əsasını qoyduğu inkişaf modelinin daha uğurla davam etdirilməsi və yeni çalarlarla zənginləşdirilməsi dayanır.

Kəlbəcər rayonunun əhalisi bütün Azərbaycan xalqı kimi qəti əmindir ki, ölkəmizin ərazi bütövlüyü təmin ediləcək, işğal olunmuş torpaqlarımız azad ediləcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gəncə şəhərinə növbəti səfəri zamanı məcburi köçkünlərlə görüşündə bir daha bəyan etdi ki, “bu gün Azərbaycan 1993-cü ildəki Azərbaycan deyildir. Ermənistan o vaxtdan bu günə qədər daha da tənəzzülə uğrayıb. Azərbaycan daha da inkişaf edib. O vaxt daişğal zamanı – bu gün də Ermənistan xarici yardımsız heç nəyə qadir deyildir. O vaxt da biz yaxşı bilirdik ki, torpaqlarımız necə işğal altına düşdü. Bu işğalda kim iştirak etmişdi. Ermənilərin nə ordusu, nə imkanı, nə də texnikası var idi. Bizdə də demək olar ki, ordu yox idi. Əlbəttə, torpaqlarımız xarici müdaxilə hesabına işğal altına düşdü. Bu həqiqətdir. Bunu hamı bilir. Siz yaxşı bilirsiniz, mən bilirəm, uşaqlar da bilməlidir, xalq da bilməlidir. Çünki tarixi həqiqətləri danmaq mümkün deyildir. Müəyyən mərhələdə bəlkə də bu barədə çox danışılmır. Ancaq tarix tarixdir. Bunu heç kim dəyişə bilməz. Özübu o qədər də uzaq tarix deyildir, gözümüzün qabağında baş verən hadisələrdir. Biz daha da güclü olmalıyıq, olacağıq. Biz öz gücümüzə arxalanırıq. Bu məsələni öz xeyrimizə, ədalətli həll edəcəyik”. Bəli, qədirbilən Kəlbəcər sakinləri buna inanır və o günü səbirsizliklə gözləyirlər.

Müstəqil Azərbaycan dövlətinin banisiqurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal altında olan torpaqların azad edilməsi, öz ata-baba yurdlarından qovulmuş soydaşlarımızın, o cümlədən Kəlbəcərlilərin doğma yurd yerlərinə qaytarılması istiqamətində yürütmüş olduğu siyasət ulu öndərin layiqli davamçısı, Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Son 10 ildə Kəlbəcərlilərin sıx məskunlaşdığı Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Goranboy, Qəbələ, Bərdə, Yevlax rayonlarında və digər bölgələrdə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində çox böyük işlər görülmüşdür.

Möhtərəm Prezidentimiz Gəncə şəhərinə səfəri çərçivəsində 20 yanvar 2014-cü il tarixində Gəncə şəhərində 1500 ailə üçün salınmış yeni yaşayış kompleksində olmuş, RİH-nin inzibati binasına, mədəniyyət mərkəzinə, 1200 şagird yerlik məktəbə baxış keçirmiş, məcburi köçkün, ailə başçısını itirmiş Ofelya Məmmədovanın yeni mənzilinə baş çəkmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılmasına dair Dövlət Proqramında və Dövlət Proqramına sonralar edilmiş əlavələrdə Kəlbəcər rayonu üzrə nəzərdə tutulmuş tədbirlər uğurla icra edilir.

Belə ki, son illər respublikanın müxtəlif bölgələrində məcburi köçkünlər üçün inşa olunmuş evlərə və qəsəbələrə Kəlbəcər rayonundan olan 1764 ailə köçürülmüşdür. Keçən il Bərdə rayonunun ərazisində inşa edilmiş 866 ailəlik qəsəbədən 70 ailəyə, Mingəçevir şəhərində 41 ailəyə, Qəbələ rayonunda 70 ailəyə yeni mənzillər verilmişdir.

2013-cü il Gəncə şəhərində müvəqqəti məskunlaşmış köçkün ailələr üçün, sözün həqiqi mənasında, çox düşərli olmuşdur. Gəncə şəhərində 25 hektar sahədə ən müasir, hər bir infrastrukturu olan yeni yaşayış komleksi tikilərək istifadəyə verilmişdir. Yaşayış kompleksinin açılışı 24 dekabr 2013-cü ildə olmuşdur. Ölkəmizdə analoqu olmayan ən müasir yeni yaşayış kompleksində 1500 ailə üçün hər biri 60 mənzildən ibarət 25 ədəd beşmərtəbəli yaşayış evləri, 1200 şagird yerlik üçmərtəbəli məktəb, 280 uşaq üçün körpələr evi, 500 yerlik mədəniyyət mərkəzi, incəsənət məktəbi, 2 çarpayılıq həkim məntəqəsi, 2048 nömrəlik avtomat telefon stansiyası üçün bina, Kəlbəcər Rayon İcra Hakimiyyəti üçün üçmərtəbəli inzibati bina, 2 yerdə örtülü idman meydançası, yanğınsöndürmə deposus. infrastruktur obyektlər inşa olunaraq istifadəyə verilmişdir. Həmin qəsəbədə 1300 kəlbəcərli ailənin yeni mənzillərə köçürülməsi nəzərdə tutulmuşdur.

Ölkə başçısının göstərişi və tapşırığı ilə 2014-cü ildə də bu istiqamətdə işlər davam etdirlir. Yeni ilin əvvəlində Gəncə şəhəri ərazisində ayrılmış 60 hektar sahədə 600 ailə üçün fərdi yaşayış evlərindən ibarət yeni qəsəbənin tikintisinə başlanılmışdır. Başqa bölgələrdə yeni evlər və qəsəbələr də tikiləcəkdir.

Hesabat dövründə Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənovun və rayona təhkim olunan Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanovun yaxından köməkliyi ilə məcburi köçkünlərin çoxsaylı su, elektrik enerjisi, qaz təchizatı və digər problemləri həll edilmişdir.

Məcburi köçkünlərin məşğulluğunun artırılması rayon icra hakimiyyətinin fəaliyyətində xüsusi yer tutur. Rayonun 71 mindən çox əhalisinin 28 min nəfəri əmək qabiliyyətlidir. Onlardan 6286 nəfəri büdcədən maliyyələşən idarə və təşkilatlarda, 383 nəfəri isə qeyri-dövlət müəssisələrində çalışır.

Aqrar sahəyə göstərilən diqqət və köməyin nəticəsidir ki, son 10 ildə rayon üzrə ümumi məhsul istehsalı 4,1 dəfə, kənd təsərrüfatı üzrə ümumi məhsul istehsalı 3 dəfə artmışdır. 44 sahibkara yarım milyon manatdan çox güzəştli kredit verilmişdir. Dövlət tərəfindən 2007-2013-cü illərdə kənd təsərrüfatı istehsalçılarına 210 min manatadək yardım verilmişdir.

Rayonda təhsilə diqqət və qayğı prioritet məsələlərdən olmuşdur. Məktəblərdə kadrların işə qəbulu, əmək intizamı, şagirdlərin dərslərə davamiyyəti, məktəb sənədlərinin işlənilməsi, məktəblərdə maliyyə-uçot işinin təşkili, məktəblərin təmiri və s. bu kimi həssas məsələlərə diqqət və nəzarət gücləndirilmişdir. Məktəblərin maddi-texniki təminatını yaxşılaşdırmaq üçün xeyli işlər görülmüş, büdcə vəsaiti hesabına 19 məktəbdə əsaslı və cari təmir işləri aparılmış, daxili imkanlar hesabına 6 məktəbdə əlavə 13 sinif otağı tikilərək istifadəyə verilmişdir.

480 ədəd parta, 210 ədəd stol, 646 ədəd stul, 75 ədəd yazı lövhəsi, 80 ədəd kitab rəfi, 31 adda 17 min dərslik alınaraq məktəblərə paylanılmışdır.

Ümumiyyətlə, son 10 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 4700 şagird yerlik 26 məktəb, o cümlədən Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, respublikanın birinci xanımı Mehriban xanım Əliyevanın Yenilənən Azərbaycana yeni məktəb təşəbbüsü ilə həyata keçirilən Proqram çərçivəsində 780 şagird yerlik 3 məktəb tikilmiş, 4467 şagird yerlik 32 məktəb əsaslı təmir olunmuşdur.

Bunların nəticəsi olaraq 2012-2013-cü dərs ilində uğurlu nəticələr əldə edilmişdir. Belə ki, XI sinfi bitirən 735 məzundan 420 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermiş, onlardan 230 nəfəri test qaydasında ali məktəblərə qəbul olunmuşdur. Bu, Kəlbəcər təhsilinin tarixində ən rekord göstəricidir. Bundan başqa, əvvəllər Kəlbəcər məktəblərini bitirmiş məzunlardan 66 nəfəri 2013-cü ildə ali məktəblərə daxil olmuşdur. Ali məktəblərə qəbul olunanlardan 34 nəfəri 500-600 bal, 8 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.

Hazırda rayon mədəniyyət və turizm şöbəsinin tabeçiliyində 1 rayon mədəniyyət evi, 1 şəhər mədəniyyət evi, 40 kənd mədəniyyət evi, 40 kənd klubu, 1 mərkəzləşdirilmiş kitabxana sistemi, 88 kənd kitabxanası, 1 tarix-diyarşünaslıq muzeyi, uşaq incəsənət məktəbi, 4 tarixi abidə var. Həmin müəssisələrdə 617 nəfər çalışır.

Hesabat ilində rayon mərkəzi xəstəxanasının kollektivi qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün işlərində xeyli dönüş yaratmışlar.

Hazırda 26 həkim, 82 orta tibb işçisi, 113 nəfər xidmət işçiləri olmaqla, cəmi 221 nəfər tibbi heyət Gəncə şəhərində, Göygöl, Samux rayonlarında və qismən Goranboy rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlərə xidmət edirlər.

Kütləvi bədən tərbiyəsi və idman yarışlarının keçirilməsi diqqət mərkəzində saxlanılmış, idmanın kütləvi forması olan futbol, voleybol üzrə yarışlar keçirilmiş, rayon gənclərinin respublika miqyaslı yarışlarda iştirakı təmin edilmişdir.

Rayon əhalisinin sosial müdafiəsi mərkəzi tərəfindən ünvanlı sosial müavinətlər təyin olunması işləri istisna olmaqla, Gəncə şəhərində, Göygöl, Samux, Şəmkir, Tərtər, Goranboy və Bərdə rayonlarında müvəqqəti məskunlaşmış əhaliyə xidmət göstərilir.

Gəncə şəhərində müvəqqəti məskunlaşmış 312 ailəyə ünvanlı sosial müavinət təyin edilmiş, 454 halda yeni doğulan uşağa birdəfəlik müavinət ödənilmişdir.

Hesabat ilində rayon kommunal təsərrüfatı müəssisəsi, rayon suvarma sistemləri idarəsi, rayon rabitə qovşağı, rayon 45 saylı yol istismar idarəsi, rayon sığorta agentliyi qarşıya qoyulan vəzifələrin icrası ilə məşğul olmuş, tapşırılan işləri yerinə yetirmişlər.

Rayon icra hakimiyyəti öz işini yerli icra hakimiyyətləri haqqında Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə və 2013-cü il üçün əvvəlcədən hazırlanıb təsdiq edilmiş illik planına uyğun təşkil etmişdir. RİH başçısı yanında Şuranın il ərzində 29 iclası, o cümlədən 1 səyyar iclası keçirilmişdir. Şura iclaslarında 43 məsələ müzakirə olunmuşdur. Başçı tərəfindən 210 sərəncam, 232 əmr imzalanmışdır.

2013-cü ildə RİH başçısı aparatında 3556, o cümlədən RİH başçısı tərəfindən 2594 vətəndaş qəbul edilmişdir.

Əvvəlcədən təsdiq edilmiş aylıq qrafik cədvəl əsasında RİH başçısı tərəfindən 5 şəhər və 20 rayonun 54 yaşayış məntəqəsində vətəndaşlarla səyyar qəbul-görüşlər keçirilmiş, 6360 nəfər qəbul edilmişdir. Qəbul olan vətəndaşlar tərəfindən 105 tələb-təklif səsləndirilmiş, onlardan 52-i müsbət həll olunmuş, 47-nin həlli ilə bağlı aidiyyəti orqanlar qarşısında məsələlər qaldırılmış, 16 məsələ barədə vətəndaşlara izahatlar verilmişdir.

2014-cü il yanvarın 10-25-də RİH başçısı tərəfindən təsdiq edilmiş qrafik cədvələ uyğun 46 inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmişdir. Yığıncaqlarda 2334 nəfər iştirak, 219 nəfər çıxış etmişdir. Çıxışlarda müxtəlif məzmunlu 79 tələb-təklif səsləndirilmişdir. Tələb-təkliflər ümumiləşdirilmiş, icrasını təmin etmək üçün tədbirlər planı tərtib edilmişdir.

Geniş və ətraflı çıxışından sonra, rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov rayon əhalisi adından əminliklə bildirdi ki, qədirbilən kəlbəcərlilər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşəcək və bütün qüvvələri tam səfərbər edərək, 2014-cü il üçün qarşıya qoyulan bütün vəzifələr vaxtından əvvəl və layiqincə yerinə yetiriləcəkdir. Yığıncağın sonunda tədbir iştirakçıları tərəfindən Respublika Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

 

Zabit XƏLİLOV

Respublika.-2014.- 8 mart.- S.7.