AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARININ TƏŞKİLİ VƏ FƏALİYYƏTİ

 

Xüsusi xidmət orqanlarının tarixi qədimdir. Lakin bu orqanlar heçkonkret dövlətin yarandığı vaxtda deyil, onun müəyyən inkişaf mərhələsində yaranmış və fəaliyyət göstərmişdir.

 

Rusiyada isə xüsusi xidmət orqanlarının təşəkkülü orta əsrlərdə, konkret desək Moskva çarlığının banisi çar İnvan Qroznının hakimiyyəti dövrünə təsadüf edir. Belə ki, çar İnvan Qroznının dövründə dövlətin, bilavasitə Çarın idarəçiliyində (çarın bilavasitə tabeçiliyində-İ.A) olangüclü mərkəzi hakimiyyət yaratmaq uğrunda mübarizədə  dayaq təşkil edən orqan kimi yaradılmışdır. Tarixə IV İvan Qroznı kimi düşmüş monarxın mövcud rejimdə xəzinəni talayan və Rusiyanın düşmənləri ilə əlbir olan cinayətkar boyarların başqa cür cəzalandırılması mümkün deyildi.

Zaman-zaman xüsusi xidmət orqanları inkişaf etməklə yanaşı, bu orqanların adı, həmin orqanların qarşısında duran vəzifə və funksiyaları, üslubu və metodları da dəyişmişdir. Müxtəlif ölkələrdə xüsusi xidmət orqanları fərqli adlar altında yaradılmış və fəaliyyət göstərmişlər. Məsələn, bolşeviklərin oktyabr 1917-ci il çevrilişindən sonra 1917-ci il dekabr ayının 7-də (yeni stillə dekabrın 20-də-İ.A.) Rusiya Sovet Sosialist Respublikasının Xalq Komissarları Soveti F.E.Dzerjinskinin başçılığı ilə Ümumrusiya Fövqəladə Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir.

Qərbi Avropa ölkələrində isə xüsusi xidmət orqanlarının yaranması tarixi daha qədim dövrə gedib çıxır, lakin həmin dövrdə bu orqanların fəaliyyətinin forma və üsulları primitiv idi.

Göründüyü kimi, xüsusi xidmət orqanlarının yaranması konkret tarixi şəraitdə hər bir dövlətin qarşısında duran vəzifələrlə şərtləşir. Onun mübarizə metod və formaları, üsulları, dövrün tələbindən asılı olaraq dəyişir, elm-texnikanın inkişafı ilə əlaqədar mübarizə üsulları da təkmilləşir.

Ümummilli lider Heydər Əliyev 5 iyul 1997-ci il tarixdə Respublikanın Milli Təhlükəsizlik Orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində demişdir: “Müstəqil Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi yaranıbdır. Ancaq bu, boş yerdə yaranmayıbdır, bunun tarixi kökləri vartarixi köklərini də düzgün müəyyən etmək lazımdır.

Azərbaycan xalqının orta əsrlərdə dövləti olmuşdur. Sonra xalqımız dövlətçiliyini itirmiş və əsrin əvvəllərində — 1918-ci il may ayının 28-də Azərbaycanda yenidən milli dövlət qurulmuş, ilk Azərbaycan Demoktarik Respublikası elan olunmuş və yaranmışdır. Ona görə də bugünkü müstəqil Azərbaycan Respublikasının təhlükəsizlik orqanının başlanğıc tarixini 1918-20-ci illərdə yaşamış ilk Azərbaycan Demokratik Respublikasının bu məqsəd üçün yaratdığı orqandan götürmək doğru,  düzgünçox məqsədəuyğun qərardır. Bu təklifi mənə təqdim edən kimi, bunu məmnuniyyətlə qəbul etdim və 28 mart gününü Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü elan etdim. 1919-cu il mart ayının 28-də ilk dəfə müstəqil Azərbaycan Demoktarik Respublikasının təhlükəsizlik orqanı yaradılıbdır. O, demoktratik respublika kimi az yaşayıbdır, ancaq tarixi hadisədir”.

Konkret tarixi şəraitdən asılı olaraq xüsusi xidmət orqanları hər bir ölkədə müxtəlif orqanların tərkibində və müxtəlif formalarda yaradılmış, həmçinin konkret vəzifələri yerinə yetirilmişdir.

Azərbaycan Milli İslam Şurası 28 may 1918-ci ildə Tiflisdə Azərbaycanın dövlət müstəqilliyi haqqında “İstiqlal bəyannaməsi”ni qəbul etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasıbirinci Müvəqqəti Hökumətin tərkibini təsdiq etmişdir. Həmin qərara əsasən Fətəli Xan Xoyski Nazirlər Şurasının sədri və daxili işlər naziri təsdiq etmişdir. Lakin həmin vaxt xüsusi xidmət orqanları hələ təsis olunmamışdı. Birincisi, Müvəqqəti Hökumət Tiflis şəhərində-mühacirətdə yaradılmışdı. Digər tərəfdən, Müvəqqəti Hökumətin hələ kifayət qədər təcrübəsi yox idibuna görə də belə bir orqanın yaradılmasına zərurət görmürdü.

Şərqdə ilk parlamentli respublika üçün bolşevik Rusiyasının real təhlükə yaratması, ölkədə və o cümlədən Milli Ordu sıralarında hələ də baş verən özbaşınalıqlar xüsusi xidmət orqanlarının təşkilinə zərurət yaratdı. Ona görə də Hərbi Nazir, tam artilleriya generalı (general-polkovnik-İ.A) S.Mehmandarovun 28 mart 1919-cu il tarixli 157 N-li əmri ilə Baş Qərargahın general-kvartmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılır. Maraqlıdır ki, həmin dövrdə, bir qayda olaraq Hərbi Nazirin əmrlərinə eyni zamanda Baş Qərərgahın rəisi Sulkeviçimza edirdi.

Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyevin imzaladığı 23 mart 1997-ci il tarixli Fərmanı ilə  hər ilin 28 mart Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramları günü elan edilmişdir.

Ümummilli lider Heydər Əliyev demişdir: “Öz dövlətçilik tariximizi 1918-1919-cu illərdən hesablayaraq ötən dövrdə Azərbaycan həyatının bütün səhələrində, o cümlədən təhlükəsizlik orqanlarının həyatında da nə qədər çətin və mürəkkəb proseslər olduğunu biz yaxşı görürük. Ancaq bu gün iftixar hissi ilə demək olar ki, Azərbaycan xalqı uzun illər böyük, ağır yol keçərək öz milli azadlığını, dövlət müstəqilliyini əldə etdiyi kimi, Azərbaycanın təhlükəsizlik orqanları da geniş bir yola çıxmışlar”.

Beləliklə, ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə xüsusi xidmət orqanları Hərbi Nazirliyin tərkibində yaradılmışdır.

Hərbi idarə çərçivəsində olan bu struktur öz fəaliyyətini yalnız təhlükəsizliyin hərbi aspekti ilə məhdudlaşdırmırdı. 1919-cu il aprelin 2-də Nazirlər Şurası sədrinin adına göndərdiyi məktubunda Səməd bəy Mehmandarov yazırdı: “Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir, bolşevizmlə mübarizə ümumdövlət işi olduğundan tək hərbi idarə onun öhdəsindən gələ bilməz. Rus ordusunun dairə qərargahlarının təcrübəsi də göstərir ki, hətta xeyli pul buraxıldıqda belə, təcrübəli icraçılar və axtarışla bağlı xüsusilik tələb edən bu cür mürəkkəb, incə işi qaydaya salmaq hərbi idarənin hünəri deyil”.

Beləliklə, 1919-cu il aprelin 13-də dövlət hakimiyyətinin bütün strukturları Azərbaycan hökumətinin ixtiyarına keçdikdən sonra mərkəzləşdirilmiş kəşfiyyat və əks-kəşfiyyat haqqında məsələnin müzakirəsi mümkün oldu. Denikinin 1919-cu ilin aprel ayında Dağıstana və Gürcüstana hücumu Azərbaycan üçün də müstəqilliyin, istiqlaliyyətin itirilməsi təhlükəsini yaratmışdı.

Ona görə də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 9 iyun 1919-cu il tarixli qərarı ilə dövlətin qorunması üzrə xüsusi orqan – Dövlət Müdafiə Komitəsi yaradılır. Dövlət Müdafiə Komitəsi xüsusi səlahiyyətlərə malik olan bir orqan idi. Dövlət Müdafiə Komitəsi ölkədə ümumi hərbi səfərbərlik keçirmək, hərbi və müharibə vəziyyəti elan etmək, xüsusi könüllü dəstələr yaratmaq, ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirəsini aparmaq, müvafiq qərarlar qəbul etmək, qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsi məqsədi ilə yeni strukturlar yaratmaqs. hüquqlara malik idi. Dövlət Müdafiə Komitəsi fövqəladə məsələləri və qəbul edilmiş qərarların icrasını təşkil etməli idi.  Dövlət Müdafiə Komitəsinin iclasları onun üzvlərindən üç nəfərin iştirak etdiyi şəraitdə hüquqi səlahiyyətli hesab olunurdu. İclasa rəhbərliyi Nazirlər Şurasının sədri edirdi. O, iclasda iştirak etmədiyi təqdirdə Dövlət Müdafiə Komitəsinin istənilən üzvünə sədrlik səlahiyyəti tapşırıla bilərdi.

29 mart 1919-cu ildə hərbi nazir, artilleriya generalı S.Mehmandarov aşkar edilmiş casus təşkilatının üzvlərinin saxlanılması üçün tədbirlər görülməsi haqda X.Xasməmmədova teleqram vurur. Teleqramda göstərilirdi ki, Azərbaycan silahlı qüvvələri barədə Könüllülər ordusunun (Denikinin ordusu nəzərdə tutulur — İ.A) və erməni hökumətinin xeyrinə məlumat toplanması haqda şübhə doğurmayan sübutlara əsasən Gəncədə Smıslov həbs edilmişdir. Onun işində iştirakçılığa görə Gəncə qarnizonunun bir neçə zabiti də müəyyən edilmişdir. Bakıda onun aşağıda göstərilən iştirakçıları vardır: erməni küçəsi 8-də yaşayan erməni ordusunda xidmət etmiş Baş Qərargah zabitinin arvadı olan Nelli Fyodorovna Çernışova, Stanislav Rudolfoviç Zuber də Rılskilərin Merkuriyevski kontorundadır.

S.Mehmandarov daha sonra teleqramında göstərirdi ki, Çernışovun da mənzilində axtarış aparılması zəruridir, axtarış zamanı nəsə aşkar edilərsə, onu həbs etmək, işi isə məhkəmə müstəntiqinə vermək lazımdır. Belə bir axtarışın Zuberin də evində aparılması zəruridir.

Həmin teleqramda həmçinin, göstərilirdi ki, Smıslov Gəncəyə Tiflis dəmir yolunun jandarm idarəsinin keçmiş rəisi Şetinin Muxaylovski polkunun müdirinin ona köməklik edilməsi haqda məktubu ilə gəlmişdir. Güman edirəm ki, casus təşkilatı Bakıda yerləşir və bütün saplar ora gedir, təşkilatın rəhbəri təcrübəli jandarm Şetinindir, ona görə də axtarış aparılıb onun təcili həbsə alınması zəruridir.

Teleqramda imzadan sonra belə bir qeyd vardır: Arayış...martın bu günü gündüz saat 5-də qubernator R.Axundov çağrılıb, mənim tərəfimdən müvafiq tapşırıq verildi.

Milli Ordunun Baş Qərargah rəisi general-leytenant Sulkeviç Azərbaycan ordusunun Bakıya gəlməsi ilə əlaqədar S.Ağabəyova Gəncədən 31 mart 1919-cu il tarixdə əks-kəşfiyyatın təşkili barədə 1539 N-li məktub yazır. Məmməd bəy Sulkeviç həmin məktubunda göstərir ki, bu il aprel ayının 5-də Azərbaycan ordusunun Bakıya gəlməsi ilə əlaqədar hərbi nazir mənə mühüm tapşırıq — əks-kəşfiyyat işinin təşkili haqda tapşırıq vermişdir. Bu məqsədlə tərəfimdən yasavul Yusupov ora ezam edilir, xahiş edirəm, ona müvafiq köməkliyinizi əsirgəməyəsiniz.

Həmin məktubun aşağısında imzadan sonra belə bir qeydiyyat vardır: Şəxsən qubernatora təklif edilmişdir ki, yasavul Yusupova hərtərəfli kömək etsinonun hərəkətlərinin Bakı axtarış polisi ilə razılaşdırılsın. 2 aprel. General Ağabəyov.

Qeyd etmək lazımdır ki, “Kəşfiyyat və əks-kəşfiyyat”ın Hərbi Nazirlikdə bir bölmə olaraq fəaliyyət göstərməsi, eləcə də bu sahə üzrə peşəkar mütəxəssislərin olduqca azlıq təşkil etməsi ictimai-siyasi həyatın bir çox sahələrində olduğu kimi əks-kəşfiyyat işini də genişləndirməyə və inkişaf etdirməyə nəinki imkan vermirdi, hətta mane olurdu. Çətinlik törədən amillərdən biribu bölmənin əməkdaşlarının sayca az olması idi. Belə ki, bu bölmənin ştatına uyğun olaraq sayca 28 nəfər olmalı idi. Bunlardan 1 nəfər rəis, 2 nəfər rəis köməkçisi, 2 nəfər kargüzar, 23 nəfər isə agent (əməkdaş) olmalı idi. Lakin bölmə kadrlarla tam komplektləşdirilmədiyindən bəzi vakant yerlər də qalmışdı. Azərbaycana marağın artdığı, müstəqilliyinin təhlükə altında olduğu bir dövrdə belə bir qurumla hərbi nazir S.Mehmandarov dediyi kimi, böyük işlər görmək və ölkənin hərbi təhlükəsizliyini təmin etmək olduqca çətin idi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə kəşfiyyat və əks-kəşfiyyat xidmətinin əməkdaşları əməliyyat işinin ənənəvi üsullarından, o cümlədən inanılmış şəxslərin məlumatlarından da, özünəməxsus qaydalarla əldə edərək, səmərəli istifadə etmişlər. Bu cəhətdən Baş Qərargah Baş İdarəsinin rəisinin əməliyyat-kəşfiyyat bölməsinin böyük adyutantının Lənkəranda olan hökümət əleyhinə qüvvələrin sayı və silahları barədə məlumatı xarakterikdir. Böyük adyutant göstərir ki, onun məlumatına görə (uyezd müdiriyyətinin məmurlarından və tam inanılmış şəxslərdən aldığı məlumata görə), Lənkəranda bolşeviklərin qüvvəsi 1200 nəfərdən 1500 nəfərə qədərdir, hansı ki, onların çoxu rus və ermənilərdir, Lənkəranda bolşeviklərin 4 topu vardır, Baxmayaraq ki, onların kifayət qədər təlimatçı-zabitləri vardır, lakin onların hərbi-təşkilatı çox zəifdir.

Məlumatda daha sonra göstərilir ki, Muğanda 2 dəstələri var: a) bolşeviklər bir neçə zabitə malik olmaqla nisbətən güclüdürlər və 12 topları var, b) bolşeviklərin ikinci dəstəsi zəifdir. Bu dəstələrdə adamların sayını müəyyən etmək mümkün olmamışdır; bu dəstədə 12 top var, bununla bərabər bu dəstələrdə çoxlu nasazlıqlar var. Bolşeviklərin əleyhinə olan dəstə könüllülər ordusuna hüsn-rəğbət bəsləyir və təsadüfi deyildir ki, Lənkəran və Muğanı işğal etməsi xahişi ilə  bu yaxınlarda Denikinə nümayəndə göndərmişlər. Denikin yaxın gələcəkdə dəstə göndərməyə söz verib.

Həmin məlumatda, həmçinin, göstərilir ki, Salyandan bizim hərbçilər hücuma keçərkən yolboyu müsəlman kəndləri yerləşir, hansı ki, onlar bizim hərbçilərə qoşulmağı səbirsizliklə gözləyirlər. Bu kəndlərdə əhali yaxşı silahlanmış, lakin yaxşı təşkilatlanmamışlar, onlar hücuma keçərkən yaxşı zabitlər ezam edilməsini xahiş edirlər.

Məlumatda, həmçinin, göstərilir ki, Prişipdə (hazırda Göytəpə-İ.A.) sırf bolşeviklərdir. Orada 1000-dən çox olmayan silahlılar, 4 topları var. Privolnı kəndi isə bolşeviklərə hüsn-rəğbət bəsləməsələr də, demək olmaz ki, Azərbaycana da sədaqətlidirlər. Yerli hakimiyyət belə hesab edir ki, bizim hərbçilər hücum edəcəkləri halda Privolnı kəndinin sakinləri ola bilsin ki, onlara (müstəqil Azərbaycan Respublikasının hərbçilərinə -İ.A.) qoşulsunlar.

Həmçinin, məlumatda o da göstərilir ki, üstün yüksəkliklər Prenbel (Yardımlı rayonu ərazisindədir-İ.A.) və Biləsuvardadır. Biləsuvarda 3 top var. Bolşeviklərin bazası — Saradadır (Sara adası Lənkarana daxildir-İ.A.), hansı ki, orada bir neçə qidroplan (suya düşə bilən təyyarə-İ.A.) var.

Təbii ki, belə bir kəşfiyyat məlumatlarının gələcək hərbi əməliyyatların keçirilməsinə hazırlıq üçün böyük əhəmiyyəti vardı.

Qeyd etmək yerinə düşər ki, Azərbaycanın Yerevandakı diplomatik nümayəndəsi M.X.Tekinskinin xarici işlər naziri M.Y.Cəfərova ünvanlandığı 11 iyul 1919-cu il tarixli teleqramında göstərilirdi ki, Böyük Vedi kəndində erməni ordusuna hücum edərək sonuncunu topları ilə dəmir yolu xəttinə çəkilməyə məcbur edib. Yerevana çoxlu yaralı gəlir. Öldürülən erməni əsgərləri 200 nəfərdən, ölən və yaralanan zabitlər isə 10 nəfərdən çoxdur. Deyirlər ki, müsəlmanlar ermənilərin iki top və səkkiz pulemyotunu ələ keçirmişlər. Ordu yeni hücum üçün hazırlaşır. Ermənilərdə ruh düşkünlüyü var. Ermənilər bu uğursuzluğu türk əsgərlərinin iştirakı ilə əlaqələndirir və buna da ingilislərin hərbi nümayəndəliyi inanır, halbuki, Türk əsgərləri kənddə, ümumiyyətlə, yoxdur və belə bir məlumat, bir qayda olaraq ermənilərdən gəlir. Belə tərəfgərliklə ingilislər tərəfindən mənə bu haqda nota təqdim edilmişdir.

Əslində, bu teleqram da hərbi xarakterli teleqram olmaqla, kəşfiyyat məlumatı hesab edilə bilməzdi. Lakin belə teleqramın da gələcək hərbi əməliyyatlara hazırlıq üçün böyük əhəmiyyəti vardı.

Bunun ardınca M.X.Tekinski xarici işlər naziri M.Y.Cəfərova 16 iyul 1919-cu il tarixli, Yeravan şəhərinə vurulmuş teleqramında göstərilir ki, Ermənistanda güclü səfərbərlik gedir, ingilislər müsəlmanlar əleyhinə olduqlarını gizlətmirlər.

1919-cu ilin əvvəllərində Bakıda Denikinin kəşfiyyatının rəisi, Baş Qərargahın zabiti Çernışov Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən həbs edilərkən (sonra o ingilislərin təzyiqi ilə azadlığa buraxıldı —C.Q.) onun Azərbaycanın milli ordusunda Denikinin casusu kimi fəaliyyət göstərdiyi sübuta yetirilmişdi. Eyni zamanda əməliyyat tədbirləri nəticəsində Denikinin casus şəbəkəsində təmsil olunanların bir qisminin ingilis kəşfiyyatına işləməsi müəyyən edilmişdi. Çernışovun yaşadığı mənzildə Azərbaycanın xüsusi xidmət orqanı tərəfindən aparılan axtarış zamanı Denikin kəşfiyatının sxemi, onun tapşırıqları, məqsədi və proqramı, eyni zamanda gizli bolşevik təşkilatının işi, Azərbaycan ordusunun vəziyyəti barədə Denikinə ünvalanmış çoxlu sayda məlumatlar tapılmışdır.

Ölkədə hərbi, ictimai-siyasi vəziyyətin gərgin və kənar müdaxilələrin  real olduğu, Denikinin ordularının, erməni separatçılarının, riyakar ingilislərin, eyni zamanda bolşeviklərin Azərbaycanın əleyhinə işlədiyi bir vaxtda müstəqil təhlükəsizlik orqanına xüsusi ehtiyac duyulurdu. Bunu nəzərə alan Azərbaycan Parlamenti 1919-cu il iyunun 11-də Dövlət Müdafiə Komitəsi yanında Əksinqilab ilə mübarizə təşkilatının (ƏMT) yaradılması barədə qərar qəbul etdi. Dövlət Müdafiə Komitəsinin sədri Nəsib bəy Yusifbəyli tərəfindən 1919-cu il iyunun 13-də imzalanmış bir sənəddə gösətərilirdi: “Mirfəttah Musəvi cənablarına! Dövlət Müdafiə Komitəsinin sənə cariyə haziranın (iyun ayı nəzərdə tutulur-C.Q.) 11-ci günü vaqe olan iclasında zati-aliniz müqabil kəşfiyyat müdirliyinə təyin edilmiş Məhəmmədbağır Şeyxzamanlı cənablarına müavin təyin olunursunuz. Məzkur komitənin qərardadı bərai-məlumat şərh edilir, əfəndim. Dövlət Müdafiə Komitəsinin sədri Yusifbəyli”.

Bolşeviklərin fəaliyyəti 1920-ci ilin əvvəllərində yeni vüsət aldı. Azərbaycan Xalq Cümhuriyyətinin hüquq-mühafizə və xüsusi xidmət orqanları bütün səylərini bolşevizmlə mübarizəyə yönəltsə də, vəziyyət gündən-günə gərginləşirdi. Vəziyyətin gərginliyinə baxmayaraq, nə qədər qəribə də olsa, Nazirlər Şurası 1920-ci il martın 6-da ƏMT-in ləğv edilməsi barədə qərar qəbul etdi.

Bundan əvvəl isə 1919-cu il avqustun 20-də Məmmədbağır Şeyxzamanlının yerinə qardaşı Nağı bəy Şexyzamanlı Azərbaycan Xalq Cümhuriyyəti Hökumətində əks-inqilabı mübarizə təşkilatının rəis təyin olunmuş, 1920-ci ilin martın 6-na qədər bu quruma rəhbərlik etmişdir. Cümhuriyyət dövründə ölkənin təhlükəsizliyinin təmin olunmasında, sərhədlərin qorunmasında mühüm xidmətlər göstərmişdir.

Nağı bəy Şeyxzamanlı Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkəni tərk etmək məcburiyyətində qalmış, 1967-ci ildə Türkiyədə vəfat etmişdir .

Ümummilli lider Heydər Əliyev demişdir: Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir”. Ümummilli lider Heydər Əliyevin bu sözləri çağdaş Azərbaycan Respublikasının Milli Təhlükəsizlik orqanlarına da eyni dərəcədə aiddir. Respublikamız 18 oktyabr 1991-ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə çevrilmişdir.

23 may 2007-ci ildə isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasının əsas istiqamətləri: təhlükəsizliyin xarici siyasət vasitələri ilə təmin edilməsi; Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması; AvropaAvratlantik strukturlarına inteqrasiya; beynəlxalq təhlükəsizliyə töhfə, beynəlxalq təşkilatlarla əməkdaşlıq; regional əməkdaşlıq və ikitərəfli münasibətlər; region ölkələri ilə əməkdaşlıq; qeyri-region ölkələri ilə əməkdaşlıq; müdafiə qabiliyyətinin möhkəmləndirilməsi; təhlükəsizliyin daxili siyasət vasitələri ilə təmin edilməsi; demokratiyanın möhkəmləndirilməsi; millidini tolerantlıq mühitinin qorunması; elm, təhsil, mədəniyyət və mənəviyyatın qorunması; iqtisadisosial inkişaf; daxili təhlükəsizliyin möhkəmləndirilməsi; sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi; miqrasiya siyasəti; enerji təhlükəsizliyi siyasəti; nəqliyyat təhlükəsizliyi siyasəti; fövqəladə idarəetmə, ətraf mühitin və əhalinin sağlamlığının mühafizəsi; informasiya təhlükəsizliyi siyasəti kimi mühüm məsələləri əhatə edir.

Bu gün Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları öz sələfi olan Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanlarının işini yeni şəraitə uyğunlaşdırmaq və daha da təkmilləşdirməklə, uğurla davam etdirirlər.

 

İlham ABBASOV,

Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının baş müəllimi-hüquq

üzrə fəlsəfə doktoru, Baş ədliyyə müşaviri, prokurorluğun fəxri işçisi.

Respublika.-2014.- 20 mart.- S.4.