Erməni vandalizminin
inkarolunmaz həqiqətləri
XIX əsrin əvvəllərindən
başlayaraq Qafqazda kütləvi şəkildə
məskunlaşdırılan ermənilər az
müddət sonra bölgəni sözün
əsl mənasında
“qan çanağı”na
çevirdilər. Ermənilərin “böyük Ermənistan” yaratmaq kimi qondarma
ideyanın gerçəkləşməsi
yolunda atdıqları
addımlar azərbaycanlılara
qarşı kütləvi
qətllərin və
soyqırım aktlarının
reallaşması ilə
nəticələndi.
“Böyük Ermənistan” xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə Azərbaycanın müxtəlif ərazilərində qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək özlərinin qəsbkar iddialarını pərdələmişlər.
1918-ci ilin mart ayından etibarən isə əks inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər nəticəsində minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmiş, ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər dini və mədəni abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər bölgələrimizdə xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummiilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatdırılmasına imkan vermədi.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və bunun əsasında, 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.
Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı yeni çirkin kampaniyaya başladılar. Keçmiş sovet məkanında yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin nümunələrinin guya erməni xalqına mənsub olduğunu həyasızcasına sübut etməyə çalışırdılar. Eyni zamanda əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.
Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və digər bölgələrdən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur, Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilirdi. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verirdi.
Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalırdı.
Təəssüf ki, ermənilərin sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-ci illərin ortalarında daha da güclənən anti-Azərbaycan təbliğatına Azərbaycanın həmin dövrdəki rəhbərliyi tərəfindən vaxtında lazımi qiymət verilmədi. 1988-ci ildən yenidən ortaya ərazi iddialarının ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulması məsələsi də həqiqi siyasi qiymətini almadı. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qanunsuz qərarını və Moskvanın əsiində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Məhz elə bunun nəticəsi olaraq 1990-ci ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşun yeridildi, onlarca qəhrəman Azərbaycan övladları şəhid oldu, yaralandı və digər fiziki təzyiqlərə məruz qaldı.
1992-ci ilin fevralında ermənlər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə xeyli sayda soydaşımızın vəhşicəsinə öldürülməsi, əsir alınması, bütöv bir şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı qəsbkar hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınmış, çətin şəraitdə yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, yaralanmış, xəsarət almışdır.
Tarix təsdiq edir ki, ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırımı aktları bir fakta əsaslanır. Onlar nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və özlərini regionun aborigen xalqı kimi qələmə verməyə çalışıblar. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə daim azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçib.
Bu gün artıq üzərindən 90 ildən artıq vaxt keçən, 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bögələrində həyata keçirilən dəhşətli soyqırım aktı ermənilərin Qafqazda məskunlaşması üçün bir açar rolunu oynamışdır. Onlar bu vəhşi əməlləri Azərbaycanlıların tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırıblar. Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışında bu məsələyə dəqiq tarixi-siyasi qiymət vermişdir: “Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki, sürə bilərik. Çünki, indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır”.
Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsl qiymətini aldı. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart tarixi “Azərbaycanlıların Soyqırım günü” elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi məhrumiyyətlərə ən yüksək səviyyədə verilən tarixi qiymət idi.
Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşmişdir. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Cənab İlham Əliyev demişdir: “Ermənistanda başa düşməlidirlər ki, biz artıq orta əsrlərdə yox, XXI əsrdə yaşayırıq və XXI əsrin əlamətləri hər bir ölkə üçün əsas olmalıdır. Biz istəyirik ki, bölgədə sülh olsun. Biz istəyirik ki, beynəlxalq hüquq normaları təmin edilsin. Hər bir işğalçı bilməlidir ki, bu işğalın sonu olmayacaqdır. Bu işğalın sonu ya sülh müqaviləsidir, ya da qaçılmaz məğlubiyyətdir”.
Azərbaycan Respublikası iqtisadi və hərbi potensialını sürətlə artırmaqda, regionun ən güclü dövlətinə çevrilməkdədir. Bu gün Ermənistan faktiki olaraq regionda başqa dövlətlərin forpostu kimi çıxış edir, müstəqil qərar qəbul etmək iqtidarında deyil. Digər tərəfdən də bölgədəki nəhəng enerji və infrastruktur layihələrindən kənarda qalan Ermənistan indi də maliyyə böhranının ağır nəticələrini aradan qaldıra bilmir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi kimi: “Əgər xəritəyə baxsanız, görərsiniz ki, karbohidrogen ehtiyatlarının Qərbə çıxarılmasının ən qısa yolu Ermənistan ərazisindən keçir. Lakin bu, yalnız xəritədə belədir. Amma torpağın üzərində dayananda görürsünüz ki, əslində, bu, uzun yolla gedir. Nə qədər ki bizim torpaqlarımız işğal altındadır, bu əməkdaşlıq mümkün deyildir”. Azərbaycanın haqq səsinin bütün dünyada eşidilməsi və qəbul edilməsi istiqamətində çox işlər görülür.
Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən tədbirlər dünyanın bir çox şəhərlərini əhatə edir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və diaspor təşkilatları da bu prosesə cəlb olunub. Fondun hazırladığı və nəşr etdirdiyi kitab və bukletlər, Xocalı soyqırımını əks etdirən fotoşəkillər mötəbər təşkilatlarda düzənlənən mərasimlərdə bir daha xarici ölkə vətəndaşlarının diqqətini Azərbaycan xalqının faciəsinə, ermənilərin törətdikləri vandalizm aktlarına yönəldir. Fondun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” toplusu Azərbaycan həqiqətlərinin bütün dünyaya tanıtdırılması istiqamətində çox mühüm və ciddi addımdır. “Xocalıya ədalət!” kampaniyası isə Azərbaycan gəncliyinin Qarabağ həqiqətlərini, münaqişənin həllində ölkəmizin ədalətli mövqeyini və Xocalı soyqırımının bütün təfərrüatı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırması baxımından müasir tariximizin mühüm mərhələsi oldu. Heydər Əliyev Fondunun hazırladığı Azərbaycan internet portalı isə ermənilərin yüz illər boyu xalqımıza qarşı yürütdüyü soyqırım siyasətini daha mükəmməl formada beynəlxalq səviyyədə təqdim edir. Portalda ölkəmiz haqqında, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında istənilən məlumatı əldə etmək mümkündür.
Tarix heç zaman unudulmur, faktlara çevrilərək gələcək nəsillərə ötürülür. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, bu gün Azərbaycan artıq bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən uğurla gəlmək iqtidarındadır.
Bu günlərdə növbəti ildönümünü ürəkağrısı ilə qeyd etdiyimiz 31 mart Azərbaycanlıların soyqırımı günü Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tariximizin ən faciəli və dəhşətli səhifələrindəndir.
Elçin ZEYNALOV,
52 saylı
Notariat kontorunun notariusu.
Respublika.- 2014.- 28 mart.- S.7.