Ölkə poçtunun
imkanları genişlənir
Bu günlərdə xalqımızın müqəddəs bayramı olan Novruz bayramı ərəfəsində “Azərpoçt” MMC-nin 2 saylı poçt filialının yeni inzibati binasının açılışı olmuşdur. Tədbirdə bir çox qonaqlar, o cümlədən ayrı-ayrı rayonların poçt filiallarının rəhbərləri, poçt işçiləri, KİV və digər nümayəndələr iştirak edirdi. Tədbiri giriş sözü ilə 2 saylı poçt filialının rəisi Yaşar Seyidov açaraq mərasim iştirakçılarını Novruz bayramı və poçt filialının yeni tikilib istifadəyə verilən binasının açılışı münasibətilə təbrik etdi. O qeyd etdi ki, son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı əsasında istər paytaxt Bakıda, istərsə də bölgələrimizdə yeni-yeni poçt obyektləri müasir tələblər səviyyəsində tikilir, təmirə ehtiyacı olanlar yüksək zövqlə təmir edilir, maddi-texniki təchizatla təmin olunaraq əhalinin istifadəsinə verilir. Bu gün açılışına toplandığımız 2 saylı poçt filialının inzibati binası da bu qəbildəndir. Bu gün belə bir möhtəşəm binanın tikilib poçt işçilərinin istifadəsinə verilməsi üçün Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasova və “Azərpoçt” MMC-nin rəhbərliyinə bütün poçt işçiləri adından öz dərin minnətdarlığımızı bildiririk və əmin edirik biz poçt işçilərinə belə gözəl şəraitin yaradılması poçt xidmətinin səviyyəsinin artmasına, yüksək iqtisadi göstəricilərin əldə olunmasına imkan verəcəkdir.
Sonra çıxış üçün söz “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə verildi. Qəmbər Bəybalayev qeyd etdi ki, əziz bayramımız olan Novruz və yeni poçt filialı binasının bu ərəfədə istifadəyə verilməsi bizim üçün ikiqat bayramdır. Ölkə Prezidenti cənab İlham Əliyevin Bakı və Bakıətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafı haqqındakı sərəncamına uyğun olaraq bütün sahələrlə bərabər poçt sahəsində də böyük işlər görülür, möhtəşəm layihələr həyata keçirilir. Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun bu sahəyə nazir təyin olunmasından ötən müddət ərzində rabitə sahəsində, o cümlədən poçt rabitəsi sektorunda maddi-texniki imkanlar genişlənmiş, rabitə müəssisələrində müasir texnologiyaların tətbiqinə nail olunmuş, poçtumuzun beynəlxalq aləmdə nüfuzu xeyli artmışdır. Bunun nəticəsidir ki, son bir neçə ildir ki, poçtumuz Ümumdünya Poçt İttifaqının qızıl səviyyəli sertifikatına layiq görülüb. İlk süni peykimizin orbitə buraxılması da son illər bu sahədə görülən işlərin məntiqi nəticəsidir ki, biz hamımız bununla fəxr edir, qürur hissi keçiririk.
“Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev onu da vurğuladı ki, bu gün Azərbaycan poçtu öz inkişafına görə beynəlxalq aləmdə lider mövqedədir. Poçtumuz ölkə əhalisinə ənənəvi xidmətlərlə bərabər qeyri-ənənəvi xidmətlər, o cümlədən bank xidmətləri də göstərir. Demək olar ki, bütün poçt şöbələrində digər yeni xidmət növləri uğurla tətbiq olunur. Əmin edirəm ki, ölkə poçt rabitəsinin inkişafı üçün bundan sonra da bu işləri davam etdirəcəyik. Bu binanın tikilib istifadəyə verilməsi, ərsəyə gəlməsində hər bir kəsə, xüsusən filial binasının tikilməsi üçün bizə müvafiq torpaq sahəsi ayıran və dəstək olan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevə öz minnətdarlığımızı bildiririk. Bir daha hamınızı təbrik edirəm, xeyirli-uğurlu olsun. Arzu edirəm Qarabağ azad olunsun və bu poçt vasitəsilə oradan xoş müjdəli xəbərlər alınmın.
Yasamal RİH-in başçısı İbrahim Mehdiyev də tədbir iştirakçılarını Novruz bayramı və poçt filialının binasının açılışı münasibətilə təbrik etdi, hamıya xoş arzularını bildirdi. O bildirdi ki, sosial-iqtisadi inkişaf proqramında poçt xidmətləri sahəsində nəzərdə tutulan bütün obyektlər keçən ilin sonunda tikilib istifadəyə verilib. Rayonda bundan sonra da proqramda nəzərdə tutulduğu kimi yeni uşaq poliklinikasının, idman, poçt və digər sosial obyektlərin tikintisi də davam etdiriləcək. Bu gün qeyd etmək istəyirəm ki, rabitə sahəsində xidmət müasir tələblərə cavab verir. Son illər ölkə Prezidenti cənab İlham Əliyevin gərgin, məqsədyönlü əməyi sayəsində bu sahədə böyük nailiyyətlər əldə olunub, bütün məsələlər nizamlanıb. Açılışına toplaşdığımız bu binanın əhalinin istifadəsinə verilməsi Prezident cənab İlham Əliyevin bu sahəyə diqqət və qayğısının bariz təzahürüdür. Bununla bərabər, bu işlərin uğurla reallaşmasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun xidmətlərini qeyd etmək lazımdır. Mən bir daha bu işdə əməyi keçən hər bir kəsə minnətdarlığımı bildirir, həm tədbir iştirakçılarını, həm də poçtun ərazisində yaşayan rayon əhalisini bu münasibətlə təbrik edirəm, hamıya xoşbəxtlik arzu edirəm.
Bayram əhval-ruhiyyəsində keçən tədbir poçt filialının yeni inzibati binasının maddi-texniki imkanlarına baxışla yekunlaşdı.
Əli SADIQOV,
Respublika.-2014.- 28
mart.- S.9.