Yaşıllıq və insan sağlamlığında onun
müstəsna əhəmiyyəti
(əvvəli 20 mart tarixli sayımızda)
Sanitariya-gigiyena normalarına əsasən şəhərətrafı zonalarda istirahət etmək üçün hər adambaşına 750-1000 kvadratmetr, şəhər içində isə 25-30 kvadratmetrdən az olmayaraq yaşıllıq olmalıdır.
Belə olduqda sanitariya tarazlığı yaranır, yaşıllıq şəhər ansamblının ahəngdarlığını, mənasını, xarici görünüşünü yaxşılaşdırır, onun landşaftını gözəlləşdirir. İnsanların əhval-ruhiyyəsi yaxşılaşır, onların işləmə qabiliyyəti artır. İnsan xarakteri belədir ki, o, təbiəti sevir. Həftədə iki istirahət gününün mövcudluğu da buna şərait yaradır, insanın mədəni-estetik tələbatının yüksəlməsinə xidmət edir. Məsələn, Sankt-Peterburqda istirahət günləri şəhər ətrafındakı zonalara 1 milyon, Moskvada 2 milyon nəfər gedir.
Elm və təcrübə onu göstərir ki, böyük şəhərlərin ətraf mühitinin yaşıllaşdırılmasının problemlərinin parkların, bağ və bağçaların yaşıllaşdırılmasının bir hissəsi həll edilə bilər. Bizim şəhər əhalisinin istirahəti barədə apardığımız sorğu onu göstərir ki, əhalinin 90 faizi öz istirahətini meşəliklərdə, park zonasında, dəniz kənarında, çay ətrafında və s. keçirmək istəyir.
Bakı elə bir sənaye mərkəzidir ki, burada neft, qaz və digər sənaye sahələri inkişaf edib və onların tullantıları atmosfer havasını çirkləndirir. Bu isə yaşıllaşdırma işlərinin genişləndirilməsini tələb edirdi. Bundan başqa, çox mürəkkəb təbii şərait – uzunmüddətli quraqlıq dövrü, yarımsəhra landşafta malik, ağac, kolluq bitkilərinin olmaması ilə geniş şəkildə xarakterizə edilir, bütün bunlar isə insanları yaşıllıq tikintisi ilə məşğul olmağa vadar edirdi.
Yaşıllıqların hava məkanının sağlamlaşdırılmasında, iqlimin yaxşılaşdırılmasında, xüsusən Bakı və Abşeron yarımadası üçün çox böyük əhəmiyyəti vardır.
Ağacların və kolluqların payına çılpaq qayaların üstündə dağınıq səpələnmiş, əncir, nar, murdaşar və başqaları düşürdü. Bunlar yarımadada 7 faiz təşkil edirdi. Beləliklə, Abşeron yarımadası tipik yarımsəhra rayonudur.
Məlumdur ki, insanların təbiətlə qarşılıqlı ünsiyyətdə olmasında yaşıllıq landşaft ən güclü, faydalı faktordur. Bu nöqteyi-nəzərdən səhra və yarımsəhranı büsbütün dəyişdirilərək yaşıllıq sahəsinə çevirmək xüsusi əhəmiyyət kəsb edirdi. Mütəxəssislərin fikrincə, bu problem landşaftın (yer səthinin formasının) mənzərəsinin dəyişilməsində insanların təbiətə yaxınlaşmaq istəyinin təmin edilməsi kimi qiymətlənir. Bu məsələlərin həllində əsas yollardan biri şəhərin yaşıllaşdırılmasıdır. Yeni-yeni parkların, bağların, bağçaların, yaşıllıq mühafizə zonalarının yaradılmasıdır. Bunların su təminatı ilə hovuzlardan, süni göl, gölcük nohurlardan olur, fontanlarda şəhərin müxtəlif yerlərində təşkil edilməsi su ilə zənginləşdirilməsi dövlətimizin həmişəlik proqramıdır. Bu tədbirlərin səmərəsi hər şeydən əvvəl, onların tərkib hissəsinin seçilməsindən, yəni ağacların, kolların növündən, yaşıl sahədə düzgün yerləşdirilməsindən, həmişəyaşıl və yarpağı tökülən ağaclarla uyğunlaşdırılmasından, gözəl çiçək açan, uzun ömür sürən, davamlı cinslərdən asılıdır.
İqlim şəraitinin əlverişsizliyinə əsas səbəb uzunmüddətli quraqlıq dövrü, yağıntıların azlığı, buxarlanmanın yüksəkliyi, güclü şimali-şərq küləklərin olması, primitiv-ibtidai, yuyulub gedən əhəmiyyətli dərəcədə şoranlaşmış boz torpaqların olmasıdır. Bütün bunların nəzərə alınması üçün o dövrdə partiya və hökumət orqanlarının, bütövlükdə ictimaiyyətin, əhalinin can yandırması lazım idi ki, Bakı tədricən yaşıllıq, bağ-bağçalı şəhərə çevrilsin.
Yaşıllıq salınmasının geniş şəkildə inkişafı nəticəsində yaşıllıq sahələri Bakıda 70-ci illər ərzində 3 dəfədən də çox artdı. Əgər 1970-ci ildə hər bir bakılıya ümumi istifadəsi üçün 6,2 kvadratmetr yaşıllıq zonası düşürdüsə, 80-ci illərdə bu rəqəm 45 kvadrat metrə çatdırıldı. Əgər yaşıllıq sahəsi bütünlüklə götürülsə idi, onda bu göstərici 70 kvadratmetrə bərabər olardı.
Amma hələ bu göstərici də kifayət deyil idi. Müqayisə üçün deyək ki, Kiyevdə bir sakinə düşən bütün yaşıllıq sahəsi 270 kvadartmetrdir.
Respublika partiya rəhbərliyinin, şəxsən Heydər Əliyevin göstərişi ilə Bakının bütün rayonlarında yaşıllaşma tikintisinə geniş yer verildi. Bütün rayonlar arasında yarışlar keçirilməyə başlandı. Bakıda 9-cu beşillikdə yaşıllıq vaxtından qabaq yerinə yetirildi.
Qısa demək olar ki, bu 10 illikdə yeni yaşıllıq mühafizə zonaları, meşə və parklarda 7 milyon ədədə qədər ağac, 10 milyon ədəd kolluq salındı. O vaxtlar yeni yaşıllıq sahələrinin yaranması ilə yanaşı, respublika köhnə yaşıllıq zonalarında bərpa işlərinə başlanıldı. Köhnə yaşıl parklar və bağçalarda olan ağac və kolların yeniləşdirilməsi həyata keçirildi.
Köhnə sənaye rayonlarının yaşıllaşmasına diqqət artırıldı: ayrı-ayrı neft mədəni sahələrinin, yolların, sənaye müəssisələri ilə əhali yaşayan evlər arasında olan sanitariya zonalarının yaşıllaşdırılması başlandı. Buna əyani misal Nizami rayonunda mühafizə zonalarının, parkların yaranmasıdır. Bu iməciliklərdə ulu öndərimiz Heydər Əliyevin şəxsən iştirakı o dövrün bütün tərəqqipərvər insanları üçün böyük önəm idi, bütün əhalinin yaşıllaşdırmaya səfərbərliyinin əsası idi. İndi o yaşıllıqların arasında onlarca istirahət yerləri, toyxanalar, restoran, kafe və ictimai-iaşə müəssisələri gün ərzində fəaliyyət göstərir.
O illərdə yaşıllıq bitkilərinin, ağacların assortimentinin, çeşidinin yaxşılaşdırılması istiqamətinə də diqqət artırıldı. Az dəyərli, az qiymətli ağacların yerinə, uzun ömür sürən, Abşeronun iqlim şəraitinə uyğun dekorativ subtropik bitkilər, dəmir ağaclar, evkaliptlər (cənubda bitən ağac), nəcib dəfnə ağacları, əncir, badam, zoğal, palıd ağacı, zeytun ağacı, nar, qovaq ağacı, çinar salınması məsləhət görüldü.
Həmişəyaşıl iynəyarpaqlı və yarpaqlı ağaclar, eləcə də subtropik ağacların hesabına (onlar Bakıda yaşıllıq bitkilərinin 70 faizindən çoxunu təşkil edirlər), bunlar dekorativliyi, bədii gözəlliyi ilə şəhər obyektlərinin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırırdı.
1970-1980-ci illərdə paytaxtın Binəqədi, Xəzər, Qaradağ rayonlarında, Şıx çimərliyi ətrafında, Badamdar yamacında, Zuğulba və Pirşağı qəsəbələrində, Ceyranbatan gölü ətrafında, Xəzər sahili qumluqlarda qiymətli ağac və kol növlərindən 2 min hektardan çox yaşıllıq salınmışdır. Adambaşına düşən yaşıllıq 6 kvadratmetrdən 16 kvadratmetrə çatdırılmışdır. Bu, ulu öndər Heydər Əliyevin Azərbaycan təbiətinə və ekologiyasına, nəticə etibarilə xalqın sağlamlığına böyük qayğısı idi. Çox təəssüf ki, 1985-ci ildən sonra bu məsələlərə diqqət zəifləmiş, baxan, nəzarət edən olmamış və nəticədə böyük dövlət vəsaiti, insan zəhməti hesabına salınan yaşıllıqlara divan tutulmuşdur. Dözülməz haldır ki, yaşıllıqlar məhv edilərək, yerində mağazalar, kababxanalar, kafelər, şadlıq sarayları, qarajlar, villalar tikilmiş, çayxanalar, barlar açılmışdır. Özü də bu tikintiləri onlar özbaşına aparmayıblar, vəzifəli şəxslərin, ixtiyar sahiblərinin razılığı ilə ediblər. Ətraf qəsəbələrin yaşıllıqları isə mal-qaranın tapdağı altında məhv edilmişdir. Belə getsə, yəni qarşısı alınmasa idi, yaxın gələcəkdə çətin ki, Abşeron yarımadasında yaşıllıqlardan əsər-əlamət qalardı.
Ədalət naminə qeyd etmək lazımdır ki, son vaxtlar bu məsələlər öz müsbət həllini tapmışdır. Bakı və Sumqayıt şəhərlərində bu sahəyə diqqət artmış, şəhər mərkəzində və ətraflarda bağların, parkların, fəvvarələrin, yaşıllıqların sayı və sahəsi çoxalmışdır.
Bəli, dövlət başçısı cənab İlham Əliyev yaşıllığa və ekologiyanın qorunmasına böyük önəm verir.
– Bunun ən bariz nümunəsi “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı”nın təsdiq edilməsi haqqında” 28 sentyabr 2006-cı il tarixli sərəncamı olmuşdur. Dövlət başçısının sonrakı fəaliyyətində də bu sfera həmişə gündəmdə olmuşdur.
– Doğrudur. Bu sahədə Kompleks Tədbirlər Planının təsdiq edilməsi Azərbaycan cəmiyyəti üçün yeni, ancaq lazımlı bir dövlət sənədi idi. Sərəncamda göstərilirdi ki, son illər iqtisadiyyatın, o cümlədən mədənçıxarma və emal sənayesi sahələrinin, tikinti kompleksinin sürətli inkişafı ətraf mühit və antropogen təsvirin artması ilə müşayiət olunur. Belə ki, ayrı-ayrı regionlarda torpaqların, su hövzələrinin və atmosferin çirklənməsi yol verilən normativ göstəricilərdən yüksəkdir. Eyni zamanda, içməli suyun azalması, meşələrin seyrəkləşməsi, torpaqların eroziyası, sürüşmə və səhralaşma prosesləri fəallaşmışdır. Abşeron yarımadasında, Kür-Araz ovalığında, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Əli Bayramlı (indiki Şirvan) kimi sənaye mərkəzlərində ərazilərin neft, neft məhsulları, aqrokimyəvi maddələr və məişət tullantıları ilə çirkləndirilməsi halları güclənmişdir. Sənaye və məişət tullantı sularının ətraf ərazilərə axıdılması Abşeron yarımadasında süni gölməçələrin sayını artırmış və mövcud göllərin sahəsini xeyli genişləndirmişdir.
Kompleks Tədbirlər Planında ölkədə ətraf mühitə mənfi təsir edən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün bir sıra vacib tədbirlər həyata keçirilməli, o cümlədən Xəzər dənizinin sahilboyu zolağında, Abşeron yarımadasında və ölkənin digər regionlarında su hövzələrinin, havanın, torpağın təbii keyfiyyətinin bərpa olunması üçün tullantı suların təmizlənməsi vəzifələri qarşıya qoyulmuşdu. Sərəncamda göstərilirdi ki, kanalizasiya şəbəkələri yenidən qurulmalı, çirklənmiş torpaqlar rekultivasiya edilməli, geniş sahələrdə meşələr və yaşıllıqlar salınmalı, abadlaşdırma işləri aparılmalı və digər zəruri tədbirlər həyata keçirilməli idi.
Tədbirlər Planında göstərilənlərin ardıcıl həyata keçirilməsi sonrakı dövrlərdə də həmişə dövlət başçısının diqqətində oldu. Cənab Prezident hətta 2010-cu il fevralın 18-də ekoloji problemlərə həsr edilmiş ayrıca bir müşavirə keçirdi.
Müşavirədə çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov 2010-cu ilin “Ekologiya ili” elan edilməsindən və görülən işlərdən danışdı. Nazir qeyd etdi ki, təkcə son üç ildə 32 min 211 hektar sahədə meşəbərpa tədbirləri həyata keçirilmişdir.
Cənab İlham Əliyev sonrakı dönəmlərdə də bu məsələni diqqətdə saxlamış, 5 mart 2012-ci il tarixdə “Bakı şəhərində yaşıllaşdırma işlərinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalamışdır.
Dövlət başçısı bu il yanvarın 17-də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalamışdır. Dövlət Proqramına əsasən qarşıdakı illərdə Bakıda və paytaxt ətrafı qəsəbələrdə ekoloji vəziyyətin sağlamlaşdırılması üçün olduqca çox iş görüləcək, o cumlədən Abşeron Magistral Kanalında yenidənqurma işləri, neftlə çirklənmiş torpaqların təmizlənməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi, Böyük Şor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması və s. vəzifələri həyata keçiriləcəkdir.
Ölkədə yaşıllıq sahələrinin qorunmasında və artırılmasında ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın da əməkləri böyükdür. Mehriban xanımın bir neçə il öncə irəli sürdüyü “Hərəmiz bir ağac əkək” təşəbbüsü bütün yaşıllıqsevərlərin, ayrı-ayrı əmək kollektivlərinin sevincinə səbəb olmuş, ölkədə yaşıllıq ərazilərinin artmasına müsbət təsir göstərmişdir.
Abşeron yarımadasında bu istiqamətdə görülən işlərdən danışsaq, paytaxtda Milli Parkın statusunun yüksəldilməsini ərazisinin genişləndirilməsini və yenidən qurulmasını xüsusilə qeyd və təqdir etmək lazımdır.
Hökumətimizin gördüyü tədbirlər nəticəsində ölkədə yaşıllaşdırma tədbirləri davam etməkdədir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən ötən il meşəçilik təsərrüfatlarında istehsal edilmiş mal və xidmətlərin dəyəri 10,8 milyon manat olmuşdur. Hazırda ölkədə ümumi sahəsi 209,1 min hektar olan 11 dövlət təbiət qoruğu, sahəsi 323,3 min hektar olan 9 milli park və sahəsi 361,2 min hektar olan 24 yaşıllıq mövcuddur.
Ətraf mühitin mühafizəsi, ölkə vətəndaşlarının təhlükəsiz və sağlam mühitdə yaşamasının təmin edilməsi, ekoloji problemlərin aradan qaldırılması və yaşıllıqların genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Respublika.-2014.- 28
mart.- S.10.