Zeytunçuluğun keçmiş
şöhrətini özünə qaytarmaq
mümkün olacaqmı?
Təxminən üç ay bundan öncə qəzetin baş redaktorunun tapşırığına əsasən zeytunçuluğun mövcud acınacaqlı vəziyyətini yerlərdə araşdırmış, təhlil etmiş və sahəyə aid problem bir yazı hazırlamışdıq. Yanvar ayının sonlarında hazır olan bu yazını biz o vaxt çap etdirmədik, fikirləşdik ki, ilk müşahidələrimizdir, tələsməyək, inşallah, vəziyyət müsbətə doğru dəyişər. Ümid etdik ki, iş adamlarımız, zeytun sahibləri nəhayət, gec də olsa, bu nadir bitkiyə vicdanla yanaşarlar.
Amma qısa bir zaman kəsiyi göstərdi ki, biz yanılmışıq. Zeytunçuluğun “düşmənləri” heç də asanlıqla islah olunan deyillərmiş. Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda dövlət başçısı yaşıllığın məhv edilməsinə qarşı olduqca kəskin münasibət bildirmişdir.
Cənab Prezident demişdir: “...Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz”.
Deməli, yaşıllığa, o cümlədən zeytunçuluğa qarşı münasibət o qədər neqativ, amansızdır ki, hətta dövlət başçısını belə narahat etməyə başlayıb. Biz Nazirlər Kabinetinin iclasından sonra zeytunçuluq sahələrinin bir çoxuna yenidən baş çəkdik, lakin inkişafa, müsbətə doğru yeni bir şey, tərpəniş hiss etmədik. Odur ki, üç ay bundan öncə yazdığımız yazını və çəkdiyimiz şəkilləri əl vurmadan, elə olduğu kimi dərc etməyi qərara aldıq. Buyurun, tanış olun.
Azərbaycan bitki örtüyü müxtəlif, rəngarəng və zəngin olan ölkələrdəndir. Nadir, təkrarsız meyvə ağacı olan zeytun bu müxtəlifliyi və zənginliyi daha da gücləndirir. 400 ilə qədər yaşayan, əkildikdən 10-12 il sonra bar verən, hər ağacından 20-40 kiloqram məhsul yığılan zeytun quraqlığa olduğu kimi, soyuğa qarşı da davamlıdır. Ana Vətəni qədim Mesopotomiya olan, müqəddəs Qurani-Kərimdə adı çəkilən, 6-8 min il yaşa malik zeytun dünyanın müxtəlif yerlərinə yayıldığı kimi, Azərbaycanda da çoxdan, daha dəqiq desək, VII əsrdən etibarən becərilir.
Bu isə təsadüfi deyil. Çünki zeytun min bir dərdin dərmanı, vitaminlər beşiyidir. Tərkibində 75 faizədək yağ, 7 faizədək zülal, 9 faizədək şəkər vardır. Onun tərkibindəki A, D, B və K vitaminləri hesabına insan hüceyrələri yenilənir, toxuma və orqanların yaşlanması gecikir. Zeytun mərkəzi sinir sistemini sağlam vəziyyətdə saxlayır, zərərli xolesterinin miqdarını azaldır. Onda hətta ana südündə olduğu qədər linoleum turşusu vardır.
Bəs belə bir qiymətli bitkiyə ölkəmizdə, xüsusilə də Abşeron yarımadasında indi necə münasibət göstərilir?
—Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik şöbəsinin müvafiq sektorundan bizə bildirdilər ki, hazırda ölkəmizdə 1961,3 min hektar zeytun bağları mövcuddur ki, bu bağların da 1816,7 hektarı bar verir. Zeytun bağlarının 1557,8 hektarı Abşeron rayonunun, 381 hektarı isə Bakı şəhərinin payına düşür. İstehsal edilmiş məhsullar emal üçün Maştağa və Hövsan qəsəbələrindəki konserv zavodlarına və “Azərsun” şirkətinin müəssisələrinə göndərilir.
Həmin sektordan bildirdilər ki, zeytunçuluğun vəziyyəti elə də ürəkaçan deyil: “Bu yaxınlarda 9-cu mikrorayondakı “Sona” şadlıq sarayından üzü aşağı düşərkən Z.Əliyeva adına parkın yanında zeytunların qırılmasını gördüm. Soruşdum ki, a kişi, belə qiymətli ağacı niyə qırırsınız? İş icraçısı irəli çıxıb amiranə şəkildə dedi ki, sənə nə? Sənə hesabat verəcəyik?
Sonrakı günlər zeytunun gündüz qırılmasını dayandırdılar, başladılar gecələr yox etməyə, həm də cürbəcür üsullarla...”.
Mütəxəssislər deyir ki, zeytunçuluğu inkişaf etdirmək istəyiriksə, biz gərək yaşıllığa münasibətimizi müsbət mənada dəyişək. Bu yanaşmanın ən gözəl nümunəsini ümummilli liderimiz Heydər Əliyev sözlə belə ifadə etmişdir: “Kim bir ağac kəsirsə, elə bilirəm, mənim qolumu kəsir”. Bəli, biz yaşıllığa, o cümlədən zeytuna, çox təəssüf ki, insani münasibət göstərmirik.
Biz yaşadığımız yarımadada zeytunçuluğun vəziyyətini araşdırmağa Abşeron Rayon İcra Hakimiyyətinin müvafiq şöbəsindən başladıq. Bitkiçiliyə baxan baş məsləhətçi məzuniyyətə çıxdığı üçün bizə məsləhət bildilər ki, lazımi rəqəmləri əldə etmək üçün rayon statistika idarəsinə müraciət edək. RİH-in məsul işçisi Vaqif Ələkbərov bizə kömək məqsədilə hətta statistika idarəsinə zəng də çaldı və bizi əlaqələndirdi.
Statistika idarəsinin aparıcı məsləhətçisi Aidə Novruzova bizə dedi ki, zeytunçuluqla bağlı onlara hesabat verən təsərrüfatlar aşağıdakılardır: “Zeytun-2”, “Kənan S LTD”, “3 MS LTD”, Maştağa subtropik ərazisi və Kürdəxanı meyvə tingliyi.
Aparıcı məsləhətçi Aidə xanımın bizə verdiyi məlumata görə, “Zeytun-2” təsərrüfatının əkin sahəsi 96,7 hektardır, ötən il 200 tona yaxın məhsul istehsal ediblər. “Kənan S LTD”nin ərazisi 374,2 hektardır, lakin bağlar hələ məhsul vermir. “3 MS LTD” təsərrüfatı 708 hektardır, Hövsanda yerləşir, ötən il 127 ton məhsul verib. Maştağa subtropik bağı adlanan ərazi 38,2 hektardır, ötən il 12 ton zeytun yığılıb. Kürdəxanı meyvə tingliyi adlanan ərazi 6 hektardır, ötən il 4,8 ton zeytun istehsal edib.
Biz məsələləri ətraflı araşdırmaq və vəziyyətlə yerində tanış olmaq üçün təsərrüfatlara baş çəkməyi qərara aldıq.
—Zeytunçuluqdakı mövcud acınacaqlı vəziyyəti qəzetinizdə işıqlandırsanız, mən sizə təşəkkür edərəm,—deyə Sabunçu RİH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Zülfüqar Cəfərov sanki bu problemi çoxdan gözləyirmiş kimi bizimlə söhbətə başlayır. Əslində zeytunçuluq məhv olub, adam vicdan əzabı çəkir.
—Niyə, bura sizin ərazi deyil?
—Bizim ərazidir, hətta bu zeytunçuluq sahəsini bizim xəritəyə də salıblar. Ancaq reallıq belədir, torpağın ixtiyarı Abşeron rayonundadır. Biz ora nə bir ağac əkə, nə də tikinti apara bilərik.
Bax, sözün bu məqamında dahi bəstəkarımız Üzeyir Hacıbəyova Tanrıdan bir daha rəhmət oxuyuruq. Məşhur “Qızın iki adaxlısı var” misalı bizim zamanlara qədər yaşaya və zeytunçuluğa da şamil edilərmiş.
Maştağa subtropik bağı adlanan bu ərazinin sahibi Hüseyn müəllimlə (özü ilə görüşə bilmədiyimizə görə soyadını dəqiqləşdirə bilmədik) mobil telefon əlaqəsi yarada bilsək də, sahibkar bizimlə görüşməkdən yayındı: “Bu saat sistem altındayam, nə istəyirsiniz, telefonda soruşun”—dedi. Hüseyn müəllim səhhətini bəhanə gətirərək əraziyə gəlmədi və bizə hətta sonrakı günlər üçün belə vaxt ayırmağa söz vermədi. Amma o, bizimlə danışanda mobil telefonda maşın səsləri, hətta siqnallar belə aydın eşidilirdi. Hiss olunurdu ki, o, maşınla yol gedir, xəstəxanada deyil.
Kürdəxanı meyvə tingliyində də təxminən eyni mənzərə ilə rastlaşdıq. Sabunçu RİH başçısının qəsəbə üzrə nümayəndəliyində bizə bildirdilər ki, burada zeytun bağları ilə Rafiq müəllim deyilən bir yoldaş məşğul olur. Onunla mobil telefon əlaqəsi yaratsaq da, sahibkar bu qəsəbədə yaşamadığını bəhanə gətirib bizimlə görüşdən yayındı. “Bəs sonrakı günlər necə, görüşə bilərikmi?” sualına belə cavab verdi ki, yalnız gələn həftənin birinci günündə sizə görüş barədə konkret söz deyə bilərəm.
Gələn həftənin birinci günü 20 Yanvar faciəsinə düşdüyünə görə, təbii ki, biz ona telefon açmayacaqdıq. Odur ki, elə qəsəbədəykən bağı qarış-qarış gəzməyi qərara aldıq. Ərazinin ortalarında tikinti gedirdi (amma trasdan baxanda görünmür). Hiss olunurdu ki, bu bağın aqibəti üçün də təhlükə var. Çünki qəsəbə ərazisindən keyfiyyətli, yüksək səviyyəli tras çəkilib və nəticədə bu ətrafdakı torpaqların qiyməti bahalanıb.
Abşeron Rayon Statistika İdarəsindən bizə “Zeytun-2” kimi təqdim edilən təsərrüfatın adı indiyədək dəfələrlə dəyişib. Zığ massivində yerləşir və adı hazırda “Abşeron Zeytun MMC” adlanır. Təsərrüfatın rəhbəri sahibkar Bəhruz Piriyevdir. O da özündən əvvəlki sahibkarlar kimi jurnalistlərlə görüşməmək üçün sanballı bir “dəlil” tapdı: “Türkanda cümə axşamındayam”, – deyib bizimlə görüşdən yayındı. Halbuki gündüz saat 12 radələri idi.
Amma bağı gəzərkən “Abşeron Zeytun MMC”nin sədr müavini Əli Quliyevlə görüşə bildik. Əli müəllim dedi ki, bağ əvvəlcə 101 hektar idi. Onun 6 hektarını bizdən məcburən alıb hərbi liseyə verdilər, 3 hektar tras çəkilərkən plana düşdü, yəni məhv edildi. Daha bir hektarı məhkəmə qərarı ilə bir nəfər iş adamına satıldı, o da yerində restoran tikdi. İndi qalıb cəmi 94 hektar. (Amma Statistika İdarəsindən bizə 96,7 hektar demişdilər).
Yaxın keçmişdə Abşeron inzibati rayonunun 2 saylı zeytunçuluq sovxozu olan bu ərazi 4 aprel 2005-ci ildən etibarən “Abşeron Zeytun MMC” adlanır. Amma MMC yarandığı gündən 6-8 il qabağa nəzər salsaq, görərik ki, bu bağın dağılmağının əsası elə o vaxtlar qoyulub. Ətrafında evlər, villalar, kommersiya təyinatlı obyektlər tikilib və nə qədər qəribə görünsə də, bağ sanki mühasirəyə alınıb. Elə indinin özündə də bağa yaxşı baxılmır. Kəsilmiş, qurumuş ağaclar nə qədər desən var. Əli müəllimin “ötən il 170 tona yaxın məhsul götürmüşük” deməsi də sübut edir ki, minlərlə ağacı, 100 hektara yaxın bir ərazini əhatə edən bağ yaxşı məhsul vermir.
“Kənan S LTD” və “3 MS LTD” zeytunçuluq təsərrüfatlarının rəhbəri Salman müəllim isə sahibkar yoldaşlarından daha “irəliyə getdi: “Mən Naxçıvandayam, fevralın ortalarında gələcəyəm” dedi. Əslində biz də bu MMC sahibləri ilə görüşmək təkidlərimizdən əl çəkməyi qərara almışdıq. Çünki onsuz da eyni mənzərə ilə rastlaşacaqdıq.
Bu təsərrüfatların əksəriyyəti təxminən 15-20 il öncə Abşeron inzibati rayonunun zeytunçuluq sovxozları idi. Torpaq islahatları aparıldı, sovxozların zeytun bağları özəlləşdirilərək ayrı-ayrı adamlara verildi. Daha sonrakı proseslərdə imkanlı, arxalı iş adamları bu torpaqları alaraq MMC-lər, şirkətlər və s. yaratdılar. Beləliklə, sahəyə dövlət nəzarəti ləğv olundu və zeytunçuluğun taleyi ayrı-ayrı sahibkarların vicdanına tapşırıldı.
Biz isə yeraltı sərvətlərimizdə, maddi nemətlərimizdə və imkanlarımızda olan bolluğu vicdanımıza aid edə bilmərik. Abşeron yarımadasının müxtəlif yerlərinə səpələnmiş bu əraziləri Abşeron RİH-in keçmiş rəhbərliyi qoruya, nəzarətdə saxlaya bilmədi. Söhbət 10-15 il bundan öncəki proseslərdən gedir. Xırdalanda oturub Abşeron yarımadasının hər tərəfinə uzanan zeytun ərazilərini əldə saxlamaq, iri, lakin mənəviyyatsız, zeytunçuluğa düşmən kəsilən oliqarxlara, işbazlara qarşı mübarizə aparmaq asan deyildi. Üstəlik də, əgər mübarizə aparmaq rayon rəhbərliyinə sərf etmirdisə... Bu da aqibəti.
Doğrudur, bütün bu zeytunçuluq təsərrüfatlarının əraziləri indi yerləşdikləri Bakı şəhər inzibati rayonlarının ərazilərinə qatılıb. Yəni Abşeron rayonunun xəritəsindən çıxarılıb. Amma rayonlar arasında qarşılıqlı ittihamlar davam edir. Rayonlar neqativ halları, nöqsanları bir-birinə ünvanlayırlar. Bəs əslində kimdir haqlı? 2-3 günlük jurnalist araşdırmaları ilə bu suala cavab tapmaq, həqiqəti üzə çıxarmaq çətindir. Bunun üçün səlahiyyətli bir hökumət komissiyası yaradılmalıdır ki, əməlli-başlı işləsin, araşdırsın və hansı rayonun günahkar olduğunu aşkar edib ortaya qoysun. Və burada, sözün bu məqamında məşhur bir el misalı yada düşür: “Xəstə, armud yeyərsən?..”
Bu boşluqdan—konkret nəzarətin və vahid tabeçiliyin, rəhbərliyin olmadığından istifadə edən iş adamları, MMC, şirkət və s. rəhbərləri isə necə deyərlər, öz işlərindədirlər. “Guya sistem altındadırlar”, “bu ərazidə yaşamırlar”, “Türkanda cümə axşamındadırlar”, “Naxçıvandadırlar, fevralın ortalarında gələcəklər” və s. kimi yalan uydurmalar da bu boşluqdan, nəzarətsizlikdən və məsuliyyətsizlikdən xəbər verir.
Bəs nə etməli ki, zeytunçuluğun qədrini bilək, bu sahəni inkişaf etdirək? Mütəxəssislər belə hesab edir ki, sahəyə xarici investorları cəlb etmək lazımdır.
Hazırda, qismən də olsa, bu bitki Göyçay, Tərtər və Bərdə rayonlarında da becərilir. Amma Salyan, Şabran, Siyəzən rayonlarında da əkilib-becərilməsi mümkündür. Abşeron yarımadasındakı əkin sahələrində, yolların kənarlarında, parklarda, şəxsi təsərrüfatlarda zeytun əkməklə bu sahəni inkişaf etdirmək olar. Bu tədbirlər nəticəsində zeytunçuluğun əkin sahəsini 3-5 min hektara, məhsul istehsalını isə 8-10 min tona qaldıra bilərik.
Kütləvi informasiya vasitələrindən, saytlardan aldığımız məlumata görə, bəzi özəl şirkətlər zeytunçuluğun inkişafına artıq maraq göstərməyə başlayıblar. Bu sahədə “Azərsun holdinq”i və onun gördüyü işləri müsbət mənada nümunə də göstərmək olar. Ancaq bizim mövzumuz bir qədər fərqlidir və ona görə də şirkətin gördüyü işlərə bu yazıda geniş yer ayırmadıq. Amma hər halda, istənilən şirkətin zeytunçuluğun bərpa və inkişafına yönələn səyləri təqdirəlayiqdir.
Bizim isə fikrimiz belədir ki, zeytunçuluq kimi qiymətli bir sahənin taleyini təkcə özəl şirkətlərin ixtiyarına buraxmaq olmaz. Bu məsələ hökumətin diqqətində və nəzarətində olmalıdır. Biz əlaqədar təşkilatlara təklif edirik ki, taxılçılıq, üzümçülük və digər prioritet sahələr haqqında olduğu kimi, zeytun və zəfərançılıq haqqında da Dövlət Proqramı hazırlansın. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilən “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” və 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” qaldırdığımız mövzu üçün hüquqi əsas ola bilər.
Yekun olaraq onu demək istəyirik ki, zeytunçuluğu inkişaf və bərpa etdirmək üçün hökumətin görə biləcəyi tədbirlər, qəbul edəcəyi qərarlar öz yerində, lazımlı, vacib və əhəmiyyətlidir. Lakin nə qədər qəribə səslənsə də, bütün bu kompleks tədbirlər belə zeytunçuluğun inkişafına kifayət etməyə bilər. Bu problem tam həllini o vaxt tapa bilər ki, biz özümüz mənəvi baxımdan inkişaf edək, yaşıllığa fəlsəfi baxışlarımızı müsbət mənada dəyişək, ona insani münasibət bəsləyək. Vallah, qoy heç kəs bizi qınamasın, yaşıllığa münasibətimiz XIX əsrdə necə olmuşdursa, elə XXI əsrdə də eynidir. İrəliyə doğru müsbət bir addım, irəliləyiş görünmür. Söhbət bizim yaşıllığa, o cümlədən zeytunçuluğa yanaşma tərzimizdən, fəlsəfi, insani baxışlarımızdan gedir. Biz dəyişməmişik və tamahımız vicdanımızdan, şəxsi mənafeyimiz ümumxalq, dövlət mənafeyindən nə qədər ki üstündür, çətin dəyişərik. Nə qədər ki dəyişməmişik, yaşıllığın, o cümlədən zeytunçuluğun qənimi olan mişarı və baltanı əlimizdən yerə qoyan deyilik.
Söhrab SƏFİYEV,
Nəriman CAVADOV,
Respublik.-2014.- 1
may.- S.11.