Soyqırım tariximizdən yeni bir səhifə: iki məzarlıq

 

Göygöldə biri rayonun Balçılı kəndi ərazisində, digəri isə rayonun Dozular kəndində olmaqla iki məzarlıq yerləşir. Balçılı kəndi ərazisində yerləşən toplu məzarlıqda, kənd sakinlərinin dediyinə görə, 50-60 nəfər insan dəfn edilib. Hadisə kəndin qədim yurd yerində baş verib. Hadisədən əvvəl ermənilərin yaşadığı qonşu Çovdar kəndindən bir nəfər erməni gəlib xəbər gətirir, bildirir ki, onun həmkəndliləri günlərin birində Balçılı kəndinə hücüm edəcək, kəndi yandıracaqlar. Ağsaqqallar yığılıb məsləhət edir və belə düşünürlər ki, bu iki qonşu uzun illərdir dostluq edir, bir-birinin xeyir şərinə yarayır. Axı bu ola bilməz. Az keçmir, xəbər gətirən erməninin sözü düz çıxır. Ermənilər kəndə hücum edir, qadın, uşaq, qocaheç bir fərq qoyulmadan hər kəsi qılıncdan keçirir, insanları gülləbaran edirlər. Səhər açılanda azərbaycanlılar yaşayan qonşu kəndlərdən köməyə gəlsələr də, artıq gec idi. Onlar erimənilərin yenidən hücüm edəcəyindən ehtiyatlanıb ölənlərin bəzilərini iki-iki, üç-üç bəzilərini isə ailəvi dəfn edirlər. Bu, 1918-ci ildə ermənilər tərəfindən törədilən soyqırım hadisələrindən biridir.

Qeyd etdiyim kimi, erməni məkrinin və erməni vəhşiliyinin bir izirayonun Dozular kəndi ərazisində yerləşən məzarlıqdır. Bu məzarlıqda uyuyanlar kənd sakinləri deyil, 1918-ci ildə böyük türk komandanı Nuru Paşanın Azərbaycana köməyə gələrkən özü ilə gətirmiş olduğu türk əsgərləridir. O vaxt həmin türk əsgərləri Azərbaycan kəndlərini gəzir, yerli sakinlərdən erməni-bolşevik birləşmələrinə qarşı döyüşən könüllü dəstələr yaradırdılar. Onlar hətta yerli ermənilərlə ittifaq yaradmağa da çalışırdılar. Bu dəfə də onlar Çaykənd kəndində yaşayan ermənilərlə danışığa girmək istəyir, həmin kəndlə həmsərhəd olan Dozular kəndi ərazisinə daxil olurlar. Ermənilər bunu eşidən kimi onlara xas olan fitnəkarlıqla qonaqpərvərlik göstərir, kənd sakinlərinin dediyinə görə, türk əsgərlərini gümüş sinilərdə dəyərli hədiyyələrlə qarşılayırlar. Əvvəlcədən hazırlanmış plana əsasən türk əsgərləri mühasirəyə alınır və elə oradaca gülləbarana tutulurlar. İndi türk əsgərlərinin dəfn edildiyi o məzarlıq Dozular kənd sakinləri tərəfindən qorunub mühafizə olunur, uşaqdan-böyüyə qədər hər kəs bilir ki, burada türk əsgərləri uyuyur. Bununla belə, bu məzarlığın ciddi tədqiqata ehtiyacı var. Tarixi həqiqətləri üzə çıxarmaq, onları araşdırmaq hər bir Azərbaycan vətəndaşının borcudur.

 

Əminə RƏHİMOVA,

Respublika.-2014.- 2 may.- S.12.