Aqşin Əliqulu oğlu Əlizadə

 

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Görkəmli bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, respublika Dövlət mükafatı laureatı, xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Aqşin Əliqulu oğlu Əlizadə 2014-cü il may ayının 3-də ömrünün 77-ci ilində vəfat etmişdir.

Aqşin Əlizadə 1937-ci il mayın 22-də Bakı şəhərində anadan olmuşdur. O, 1955-ci ildə Bakı şəhər Bülbül adına xüsusi musiqi məktəbini bitirdikdən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan Aqşin Əlizadə 1972-ci ilədək burada bəstəkarlıq kafedrasında işləmişdir. O, 1979-1985-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi, 1985-1990-cı illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi vəzifələrini tutmuşdur. Aqşin Əlizadə 1991-1994-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər olmuşdur. O, 2007-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayında İdarə Heyətinin katibi seçilərək, 2012-ci ilədək həmin vəzifədə çalışmışdır.

Böyük bəstəkar Aqşin Əlizadə Azərbaycan xalqının çoxəsrlik musiqi ənənələrinə dərin bağlılığı ilə səciyyələnən və dünya musiqi incəsənəti xəzinəsindən ustalıqla bəhrələnən sənəti ilə milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazmışdır. Onun özünəməxsus fərdi xüsusiyyətlərə malik yaradıcılığı Azərbaycanda müasir bəstəkarlıq məktəbinin inkişafında yeni mərhələnin başlanğıcı ilə bir dövrə təsadüf edir. Fitri istedadı hələ tələbə ikən, 1960-cı illərin əvvəllərindən etibarən özünü büruzə verən Aqşin Əlizadə yarım əsrə yaxın bir müddət ərzində çox sayda dəyərli əsərlər meydana gətirmişdir. Sənətkarın ən müxtəlif musiqi janrlarını əhatə edən yaradıcılıq palitrası olduqca zəngin və rəngarəngdir. Bəstələdiyi balet, kantata və simfoniyaları, kamera orkestri, xorsimfonik orkestr üçün əsərləri Aqşin Əlizadəyə geniş şöhrət qazandırmışdır. O, ilk milli qəhrəmanlıq baleti “Babək” və müşayiətsiz xor üçün “Bayatılar” silsiləsi ilə Azərbaycan musiqisi tarixinə yeni janrlar gətirmişdir. Bəstəkarın yaradıcılığında kinofilmlər və tamaşalar üçün yazdığı musiqilər və mahnılar da xüsusi yer tutur.

Aqşin Əlizadə sənətinin başlıca qayəsi xalqın qəhrəmanlıq dolu keçmişinin, vətənə məhəbbətin, humanizmin, həyata inamın və insanın mənəvi ucalığının tərənnümündən ibarətdir. Təbiət lövhələrinin canlılığı, parlaq obrazlılıq və melodizm, xüsusən milli muğamlardan qaynaqlanan cəhətlər bəstəkarın əsərləri üçün xarakterikdir. Aqşin Əlizadənin musiqi irsi öz gücünü Azərbaycan xalq musiqisinin dərin qatlarından almışdır. Müasir kompozisiya üsullarından da uğurla istifadə edən sənətkar milli musiqi mədəniyyətinə layiqli töhfələr vermişdir.

Aqşin Əlizadə ayrı-ayrı illərdə ali məktəblərdə müəllimlik edərək gənc musiqiçilər nəslinin yetişdirilməsi və peşəkar musiqiçi kadrların hazırlanması işində əhəmiyyətli rol oynamışdır.

Aqşin Əlizadənin ictimai fəaliyyəti çoxşaxəli olmuşdur. O, uzun illər ərzində Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyində təmsil olunmuş, Azərbaycan Kinematoqrafçılar İttifaqına, müxtəlif elmi və müdafiə şuralarına, o cümlədən on birinci çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilmişdir. Aqşin Əlizadə cəmiyyət həyatında baş verən taleyüklü hadisələrə münasibətdə həmişə vətəndaş və ziyalı mövqeyi nümayiş etdirmişdir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində Aqşin Əlizadənin xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir çox fəxri adlara layiq görülmüş, Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunmuşdur.

Görkəmli bəstəkar, mahir pedaqoq, əsl ziyalı və gözəl insan Aqşin Əlizadənin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

***

İlham ƏLİYEV, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev,

Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Əbülfəs Qarayev,

Mikayıl Cabbarov, Arif Məlikov, Tahir Salahov, Firəngiz Əlizadə, Şəfiqə Məmmədova,

Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, Nəriman Məmmədov, Oqtay Zülfüqarov,

Azər Rzayev, Tofiq Bakıxanov, Musa Mirzəyev, Ramiz Mirişli, Xəyyam Mirzəzadə,

Ramiz Zöhrabov, Sərdar Fərəcov, Zemfira Qafarova, Cəlal Abbasov, Eldar Quliyev

 

Respublika.-2014.- 4 may.- S.2.