Azərbaycanın iqtisadi qüdrəti Heydər Əliyevin adı ilə bağlıdır

 

Azərbaycanın XX əsrin 60-cı illərindən başlayan XXI əsrin əvvəlinə qədər 34 illik tarixi əhəmiyyət kəsb edən bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. O öz vətənini, millətini ürəkdən sevən bir şəxsiyyət, lider kimi bütün bu dövr ərzində Azırbaycanın taleyüklü məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin agır və təlatümlü sınaqlarından çıxarmış, müasir müstəqil Azərbaycan dövlətinin, onun xoşbəxt gələcəyinin bünövrəsini qoymuşdur. Həmin illər ərzində Azərbaycanın sosial-iqtisadi həyatının dirçəlişi, milli-mənəvi və mədəni dəyərlərinin inkişaf etdirilərək dünya ictimayyətinə çatdırılması məhz onun titanik fəaliyyətinin nəticəsidir.

Öz şüurlu həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş ümummilli liderimiz Heydər Əliyevin öz vətəni, xalqı qarşısındakı əvəzsiz xidmətləri haqqında yüzlərlə kitablar yazılsa da, düşünürəm ki, bu, yenə də azdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi ilk dövrlərdə ölkənin sosial-iqtisadi həyatı bütün sahələrdə geridə qalırdı. Sov. İKP MK-da  belə düşünürdülər ki, Azərbaycanın neft ehtiyatları artıq tükənmək üzrədir və bu sahəyə yönəldiləcək sərmayə iqtisadi cəhətdən faydasız olacaqdır. Amma bu yanlış fikir idi.

Belə bir vaxtda Heydər Əliyevin respublikanın rəhbərliyinə gəlməsi Azərbaycanın həyatında inkişafın başlanğıc nöqtəsi oldu. Respublikanın hərtərəfli, dinamik inkişafı ilə bağlı kompleks proqramlar işlənib hazırlandı. Azərbaycan iqtisadiyyatının hərtərəfli və intensiv inkişaf etdirilməsi naminə beş xüsusi qərar qəbul edildi  ki, bu qərarlar respublikanın və xalqımızın mənafeyi baxımından böyük tarixi əhəmiyyət kəsb edirdi. Heydər Əliyevin uzaqgörən siyasəti, təşkilatçılıq qabiliyyəti  yorulmaz fəaliyyəti nəticəsində respublika sürətli inkişaf yoluna qədəm qoydu. Əldə olunmuş nailiyyətlər Azərbaycanı keçmiş SSRİ-nin iqtisadi cəhətdən ən qabaqcıl respublikalarından birinə çevirdi. Məhz həmin dövrdə yaranmış güclü iqtisadi potensial Sovetlər Birliyinin dağıldığı dövrdə və ondan sonrakı illərdə də Azərbaycanın ayaq üstə  durmasına səbəb oldu.

Ulu öndər Heydər Əliyev  dərindən dərk edirdi ki, hər bir millətin siyasi azadlığını təmin etmək üçün ən vacib şərt onun iqtisadi azadlığıdır. Bu prizmadan baxdıqda görünür ki, Azərbaycanın dövlət müstəqilliyi, iqtisadiyyatının sərbəst idarə edilməsi və dünya iqtisadiyyatına inteqrasiya prosesi hələ 1970-ci illərin sonu 1980-ci illərin əvvəllərində təməli qoyulmuş siyasi-iqtisadi potensiala əsaslanır.

Həmin illəri Azərbaycanda bütün sahələr üzrə inkişaf dövrü adlandırsaq, heç də yanılmarıq. O illər ərzində Azərbaycanda 200-dən çox iriorta sənaye müəssisəsi istifadəyə verildi ki, bu da əvvəlki illərdə yaradılmış istehsal sahələrinin sayından xeyli miqdarda fərqlənirdi. Sovet İttifaqının neftçıxarma sənayesi üzrə istehsal olunan avadanlıqların 70 faizdən çoxu Azərbaycanın payına düşürdü.  Cihazqayırma, elektron, elektrotexnika kimi yeni sənaye istehsalı sahələri yaradılaraq əhalinin istifadəsinə verilmişdi. Dənizin  dərin sularında neftqaz hasilatının artırılması məqsədi ilə yeni stasionar və üzən qazma platformaları, nəhəng yükqaldıran kranlar, ixtisaslaşdırılmış gəmilər neftçilərin ixtiyarına verilmişdir. Neftçilərin həyat və şəraitinin yaxşılaşdırılması üçün əhəmiyyətli tədbirlər görülmüşdür. Neft sənayesində çalışanların əməyi dövlət tərəfindən həmişə yüksək qiymətləndirilmiş, onlar Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni, Şərəf nişanı ordeni və digər mükafatlarla  təltif olunmuşlar ki, bu da insanların neftçi peşəsinə rəğbətini və hörmətini artırmışdı. Bu gün Azərbaycan neft strategiyasının uğurla həyata keçirilməsində əvəzsiz rol oynayan Dərin Dəniz Özülləri Zavodu da məhz həmin illərdə tikilmişdir.

Respublikanın sosial-iqtisadi həyatında çox əhəmiyyətli sahələrdən olan elektroenergetika sistemini inkişaf etdirmək məqsədilə 1970-1980-ci illərdə bir sıra mühüm işlər görülmüş, irimiqyaslı layihələr həyata keçirilmişdir. Heydər Əliyev ölkəmizin elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsini qarşıya məqsəd qoyaraq, bu istiqamətdə gərgin fəaliyyət göstərmişdir.  Ulu öndərin uzaqgörən siyasətinə qarşı təzyiqlərin olmasına baxmayaraq, o vaxt Naxçıvan Muxtar Respublikasının elektrik enerjisinə olan ehtiyacını ödəmək məqsədilə 1971-ci ildə Araz çayı üzərində gücü 22 MVt olanAraz” SES tikilib istifadəyə verildi. Gənclik şəhəri olan Sumqayıtın artan sənaye potensialını və əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək üçün mövcud elektrik stansiyasının gücü artırılaraq 220 MVt-a çatdırıldı. Hazırda erməni faşistlərinin işğalı altında olan Qarabağ bölgəsinin əhalisini və kənd təsərrüfatını elektrik enerjisi ilə təmin etmək üçün Tərtər çayı üzərində gücü 50 MVt olan Sərsəng SES istifadəyə verildi.

Həmin dövrdə 3,5 milyard kVt-saat elektrik enerjisini qonşu respublikalardan idxal etmək zorunda olan respublikamızı bu asılılıqdan azad etmək üçün tezliklə Şəmkir SES və indiki Azərbaycan İES-in inşa edilməsinə başlamaq qərarı verildi. Lakin  bu qədər böyük bir layihəni həyata keçirmək o qədər də asan deyildi. Ulu öndərin Sovetlər Birliyinin rəhbərləri ilə apardığı gərgin görüşlərin nəticəsi olaraq 80-ci illərdə gücü 80 MVt olan Şəmkir SES və Cənubi Qafqazda ən böyük elektrik stansiyası sayılan, gücü 2400 MVt olan Azərbaycan İES tikilib istismara verildi. Ulu öndər Heydər Əliyevin elektroenergetika sənayesi sahəsində həyata keçirdiyi mühüm layihələr Azərbaycan elektroenergetika sisteminin müstəqil fəaliyyət göstərməsinə səbəb olmuşdur.

Kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər yüksək nailiyyətlər əldə etməyə imkan verdi. Bu müddət ərzində üzüm istehsalı 272 min tondan 1 milyon 481 min tona, pambıq istehsalı 335 min tondan 830 min tona, tərəvəz istehsalı 400 min tondan 850 min  tona qədər yüksəlmişdi. Respublikanın milli gəliri 2,5 dəfə artmışdı.

Paytaxt Bakı şəhərində, Sumqayıtda, Gəncədə, Mingəçevirdə, Naxçıvanda, digər şəhər və rayonlarda abadlıq, quruculuq işləri sürətlə həyata keçirilirdi. 1969-1986-cı illər ərzində təxminən 18 milyon kvadratmetr mənzil tikilmişdir ki, bu da 1920-1983-cü illərdə istifadəyə verilmiş mənzil fondunun 33 faizinə bərabər idi. Kəndlərin abadlaşması, yolların yenidən qurulması, elektrik enerjisi, qaz təchizatı və içməli su xətlərinin çəkilməsi əhalinin rahatlığının təmin olunmasında əhəmiyyətli rol oynayırdı.

Respublikanın ümumi həyatında davamlı inkişafa nail olmaq üçün təhsilin, elmin, səhiyyənin hərtərəfli inkişafını təmin etmək məqsədilə mühüm tədbirlər planı həyata keçirilirdi. Keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil ocaqlarında təhsil almaq üçün hər il 800-dən çox Azərbaycan məktəblərini bitirmiş məzun həmin universitetlərdə ali təhsil almaq üçün göndərilirdi ki, onların əksəriyyəti azərbaycanlılar idi. Heydər Əliyevin Azərbaycanın gələcəyinə hesablanmış bu addımları ölkənin elmikadr potensialının artmasına, xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ etməklə Azərbaycan haqqında müsbət təsəvvürlərin formalaşmasına və bu gün keçmiş İttifaq məkanında Azərbaycan diasporunun yaranmasına səbəb olmuşdur. Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin məzunları bu gün ordumuzun ən layiqli hərbi komandirləri kimi ordu sıralarında xidmət edirlər.

Heydər Əliyev ədəbiyyatın, mədəniyyətin ən böyük hamisi idi. O, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanması naminə ədəbiyyat və incəsənət xadimlərimizin əməyini yüksək qiymətləndirərək onlara daima qayğı göstərmişdir.

Xalqın milli dirçəlişi və milli özünüdərki məsələsində Azərbaycan dilinə böyük əhəmiyyət verən Heydər Əliyevin qayğısı sayəsində uzun illərdən bəri ana dilimizə olan soyuq münasibətə son qoyulmuşdur. Məhz onun təşəbbüsünün nəticəsi olaraq Azərbaycan Respublikasının 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir.

Ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə də Azərbaycana qayğısını əsirgəməmişdir. Sovetlər İttifaqı kimi nəhəng bir dövlətin rəhbərlərindən biri kimi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir. XX əsrin ən nəhəng layihəsi kimi tanınan “Baykal-Amur magistralı” tikintisinin müvəffəqiyyətlə başa çatması onun adı ilə bağlıdır.

1990-cı il, qanlı 20 Yanvar faciəsinin səhərisi günü Heydər Əliyev Moskva şəhərində Azərbaycan nümayəndəliyinə öz ailə üzvləri ilə gələrək sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətkar əməllərə görə hiddətləndiyini bəyan etdiöz xalqının yanında olduğunu bildirdi. Bu hadisələrdən sonra onun Moskvada yaşaması daha da çətinləşdi. Və Heydər Əliyev öz vətəninə geri dönməyə məcbur oldu.  O zaman Qorbaçova xidmət edən Azərbaycan rəhbərliyi onun Bakıda yaşamasına şərait belə yaratmadı. Heydər Əliyev Naxçıvana gələrək öz bacısının evində məskunlaşdı.

Ağır blokada şəraitində yaşayan Naxçıvan əhalisi ulu öndər Heydər Əliyevə sonsuz məhəbbət və inam göstərərək onu Naxçıvan Ali Məclisinin sədri seçdi.

Dahi şəxsiyyət Heydər Əliyev Muxtar Respublikanın əhalisi ilə birlikdə Naxçıvanın ermənilər tərəfindən işğal olunmasına imkan vermədi, SSRİ-nin saxlanması üçün keçirilən qondarma referendum aktını baykot etdi, rus hərbi hissələrini Muxtar Respublikadan çıxartdı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi ilk dəfə Naxçıvan Ali Məclisində qaldırıldı, 20 Yanvar hadisələrinə həqiqi siyasi qiymət verildi, bir sözlə, Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan milli azadlıq və milli dövlət quruculuğu nümunəsi göstərdi.

Böyük siyasi xadim Heydər Əliyevin varlığı, Azərbaycan ziyalılarının bu böyük insana olan hədsiz inamı nəticəsində bu gün sayı 600 mini ötüb keçmiş, 21 noyabr 1992-ci ildən Cənubi Qafqazda ən güclü siyasi partiya kimi tanınan Yeni Azərbaycan Partiyası yarandı.  Hazırda cənab İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında, respublikamızda, ümumən regionda stabilliyin təmin olunmasında və dövlətin inkişafında mühüm rol oynayır.

AXC və Müsavat hakimiyyətinin səriştəsiz fəaliyyəti, cəbhə xəttində baş verən uğursuzluqlarxalq ilə hakimiyyət arasında yaranmış uçurum və dövlət rəhbərliyinə qarşı etirazların güclənməsi nəticəsində 1993-cü ilin yayında xalq ayağa qalxaraq Heydər Əliyevin hakimiyyətə qayıtmasını təkidlə tələb etdi. Həmin il iyunun 15-də müdrik siyasətçi, təcrübəli və yenilməz şəxsiyyət Heydər Əliyevin xalqın dəstəyi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan xalqının tarixində yeni şərəfli və əzəmətli bir dövrün başlanğıcı oldu. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində kəskin dönüş yarandı, elmi əsaslarla, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.

Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra ictimai-siyasi sabitliyin təmin olunması üçün mühüm tədbirlər həyata keçirdi ki, bu da ölkədə mövcud olan özbaşınalığın, kriminogen durumun aradan qaldırılmasına rəvac verdi.  Qısa müddət ərzində görülən işlər cəbhədə atəşkəsin əldə olunması, milli-etnik ədavətin alovlanması meyillərini aradan qaldırdı ki, bu da dünya şöhrətli şirkətlərin Azərbaycana olan etibarının artmasına gətirib çıxartdı. Neft strategiyasının əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması isə  Azərbaycanın gələcək inkişafının təməlini qoymuş oldu.

Xalqımız Heydər Əliyev ideyalarına, onun daxilixarici siyasətinə böyük inam hissi ilə 15 iyun 2003-cü il prezident seçkilərində İlham Əliyevə səs verərək onu  Azərbaycan Respublikasının Prezidenti seçdi. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunun layiqli davamçısı kimi xalqı parlaq gələcəyə aparan yolda böyük bacarıq, yorulmaz iradə və siyasi çeviklik nümayiş etdirdi. Ölkəmizi qısa vaxt ərzində dünyanın sürətlə inkişaf etməkdə olan ölkələri sırasına çıxartdı. Cənab Prezident İlham Əliyevin əhalinin firavan yaşaması, iqtisadiyyatın güclənməsi və ölkəmizin beynəlxalq nüfuzunun sürətlə artması istiqamətində möhtəşəm fəaliyyəti xalqın ona olan inamını, etimadını daha da artırdı,  2008 və 2013-cü illərdə keçirilən prezident seçkilərində İlham Əliyev yüksək səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir müstəqil Azərbaycan dövləti möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında inamla gələcəyə addımlayır. Bu, həm də ulu öndər Heydər Əliyevin arzularının təntənəsidir.

 

Muxtar NAĞIYEV,

YAP Səbail rayon təşkilatının sədr müavini.

 Respublika.-2014.- 4 may.- S.3.