QALİBİYYƏT VƏ
TƏRƏQQİ YOLU
XX əsr heç şübhəsiz, böyük tarixi və siyasi araşdırmalar meydanıdır. Bu geniş və rəngarəng meydan indiyədək nə qədər tədqiq olunsa da, hələ açılası səhifələr, deyiləsi sözlər kifayət qədər çoxdur. Aradan zaman keçdikcə, baş vermiş siyasi proseslərdə rolu olmuş tarixi şəxsiyyətlərin fəaliyyətinə doğru-düzgün qiymət verilməsi ehtiyacı daha da artacaq. Bu baxımdan xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti xüsusi qeyd olunmalıdır.
Heydər Əliyevin nə qədər böyük bir tarixi şəxsiyyət olduğunu Azərbaycan xalqı hələ ulu öndərin sağlığında görmüş və lazımınca qiymətləndirmişdir. Ona birmənalı olaraq dar ayaqda üz tutulmalı olan yeganə etibarlı arxa kimi güvənilməlidir. Bütün ölkə ictimaiyyəti Heydər Əliyevi ümummilli lider kimi görür, Azərbaycanın təkcə sosial-iqtisadi, ictimai-siyasi deyil, həm də mənəvi inkişafını onsuz, onun dəqiq və müdrik ideyaları olmadan təsəvvür edə bilmirdi. 2003-cü il dekabrın 12-də Heydər Əliyev dünyasını dəyişəndən sonra Azərbaycan xalqının ümummilli liderimizin siyasi varisi olan cənab İlham Əliyevə tərəddüd etmədən etimad göstərməsinin başlıca səbəbi də elə bu idi. Heydər Əliyevin özü haqq dünyasına qovuşmuş olsa da, onun əməlləri davam etdirilməli, ideyaları yaşamalı, Azərbaycanın inkişafına və tərəqqisinə, xalqımızın dünya xalqları arasında yerinin möhkəmləndirilməsinə hesablanmış siyasəti sona qədər aparılmalı idi. Cənab İlham Əliyev bu məsuliyyətli, böyük vəzifəni ilk gündən şərəflə yerinə yetirdi. Tarix göstərir ki, zamanın amansız sınaqları qarşısında həmişə ona güvənmiş xalqımız bu seçimində yanılmayıb. Ölkəmizin bugünkü siması, Azərbaycanda günü-gündən genişlənən inkişaf bunu bir daha təsdiq edir. Azərbaycanda məhsul istehsalının hər il davamlı olaraq artması, iqtisadi yüksəliş yolunun uğurla davam etdirilməsi çoxlarını heyrətləndirir. Bütün bunlar, təbii ki, son beş-altı ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Amma bu, Azərbaycanın inkişafının məhz Heydər Əliyev yolu, qısa vaxt kəsimində yüksəlişin Heydər Əliyev modelidir, bütün bunların başında Heydər Əliyevin ölməz, bütün hallarda yalnız və yalnız böyük uğurlara, Azərbaycan xalqının xoşbəxt gələcəyi və rifahına hesablanmış ideyaları dayanır!..
Müasir, çiçəklənən Azərbaycanın çoxsaylı beynəlxalq maliyyə və iqtisadi qurumlarını qane edən bugünkü inkişaf səviyyəsi kontekstindən baxdıqda son 40-50 illik dövrdə ölkənin keçdiyi böyük mənalı və məzmunlu yolda nə qədər gərgin zəhmət çəkildiyini görməmək mümkün deyil. Bu işlərin başında Azərbaycan xalqının böyük oğlu, özünün geniş və çoxşaxəli fəaliyyəti ilə ümummilli lider zirvəsinə yüksəlmiş Heydər Əliyev dururdu.
Heydər Əliyevin 1969-cu ilin iyul ayında Azərbaycanın rəhbəri vəzifəsinə gəlməsi ilə ölkədə hədsiz-hüdudsuz dəyişikliklər dövrü başlamışdır. Onun hakimiyyətə gəlişinə qədər Azərbaycanın hər yerində siyasi passivlik, zəif nizam-intizam, iqtisadi və sosial gerilik hökm sürürdü. İqtisadiyyat əsasən neft istehsalı üzərində qurulur, başqa sənaye sahələrinin inkişafına o qədər də əhəmiyyət verilmir, sosial sahəyə, mədəniyyətə, incəsənətə lazımınca diqqət yetirilmirdi. Heydər Əliyevin gəlişi ilə ölkədə, ilk növbədə qanunçuluq və əmək intizamının möhkəmləndirilməsinə başlanıldı, korrupsiyaya qarşı müharibə elan olundu. Yaranmış sosial-iqtisadi passivliyi aradan qaldırmaq, iqtisadiyyatın bütün sahələrində canlanma və inkişaf yaratmaq, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün təsirli tədbirlər görülməsi günün vacib tələbinə çevrildi. Bu fikirlərə keçmiş SSRİ dövründə Heydər Əliyevlə çiyin-çiyinə işləmiş insanların xatirələrində tez-tez rast gəlmək mümkündür. Və bu xatirələrdə o dövrdə hər şeyin heç də rəvan getmədiyini, hər bir xırda addımın atılması üçün böyük qabiliyyət və bacarıq tələb olunduğu göstərilir.
Azərbaycan KP MK-nın gənc və enerjili birinci katibi Heydər Əliyev belə çətin bir dövrdə qarşısına qoyduğu böyük perspektiv planların reallaşdırılmasına ən əvvəl ciddi kadr siyasəti aparmaqla başlamışdır. Ayrı-ayrı sahələrdə çalışan savadlı, bacarıqlı, lakin diqqətdən kənarda qalmış kadrların seçilib vacib dövlət vəzifələrinə irəli çəkilməsi tələb olunurdu. Doğrudur, belə kadrlar Azərbaycanda az deyildi, amma onları həyatın və istehsalatın müxtəlif sahələrində tapıb üzə çıxarmaq, ölkəyə və xalqa xeyir verə biləcəkləri sahələrdə yerləşdirmək və bu zaman səhvə yol verməmək lazım idi. Əks halda qarşıdakı böyük vəzifələrin icrasını təmin etmək olmazdı! Heydər Əliyev müdrikliyi, ilk növbədə bu siyasətin düzgün həyata keçirilməsində özünü tamamilə doğrultmuş, ayrı-ayrı nazirlik və idarələrə yeni işgüzar kadrlar cəlb edilmişdir. Bununla da elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi hesabına respublika iqtisadiyyatının inkişafına yeni dinamizm verildi. Çox keçmədən ölkədə istehsalın səmərəliliyi artırıldı, insanların maddi rifahı yüksəldi. Hələ keçən əsrin 70-ci illərində ölkədə milli gəlirin orta İttifaq səviyyəsindən geri qalması kimi mənfi tendensiya aradan qaldırıldı. Respublikanın potensialı 200-ə qədər yeni və iri müəssisənin tikilməsi hesabına zənginləşdirildi, fəaliyyətdə olan müəssisələrin genişləndirilməsi və yenidən qurulması istiqamətində misilsiz işlər görüldü. Ümumiyyətlə, ölkədə Azərbaycan Respublikasının əvvəllər mövcud olduğu qədər istehsal potensialı yaradıldı. Böyük tikinti və quruculuq meydanına çevrilmiş Bakı şəhərində yeni mikrorayonlar, Əhmədli, Günəşli, Yeni Günəşli, Bakıxanov və s. kimi yaşayış massivləri salındı, səhiyyə, təhsil ocaqlarının, sosial-mədəni obyektlərin tikintisi geniş vüsət aldı.
O illərdə Heydər Əliyevi tez-tez bu və ya digər sənaye müəssisələrinin, fabrik və zavodun, məktəb və mədəniyyət ocağının açılışında, rayonlardakı ayrı-ayrı kolxoz və sovxozlarda, pambıq tarlalarında, üzüm bağlarında, taxıl zəmilərində görmək olardı. Özünün coşqun təbiəti ilə ulu öndər bütün Azərbaycana bir qaynarlıq gətirmişdi. Həyat hər yerdə sanki bulaq kimi qaynayırdı. Bütün ölkə tikir, qurur, yaradır, əmək adamları öz zəhmətlərinin bəhrəsi olaraq respublika və İttifaq miqyasında ən müxtəlif mükafatlarla, orden və medallarla təltif olunurdular. Halal zəhməti ilə böyük uğurlar əldə etmiş Azərbaycan vətəndaşları minik avtomobili ilə mükafatlandırılırdı. Bütün bunlar keçən əsrin 20-30-cu illərindəki repressiya dövründən, 40-cı illərdəki Böyük Vətən müharibəsindən sonrakı illərdə Azərbaycanın çox böyük iqtisadi yüksəlişidir. Və bu yüksəlişi doğma vətəni, doğma el-obası üçün qazandıran fədakar dövlət xadimi Heydər Əliyev idi.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə iqtisadi və mədəni yüksəlişi ilə xalqımız SSRİ-nin öncül xalqları sırasına keçdi. Ölkənin və millətin adı SSRİ xalqları arasında daha yaxşı tanındı. Moskvada və digər müttəfiq respublikalarda Azərbaycan günlərinin keçirilməsi ənənə şəklini aldı, mədəniyyət və incəsənət xadimlərimiz milli-mənəvi dəyərlərimizi qardaş xalqlara layiqincə təbliğ etdilər. Məhz həmin illərdə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə SSRİ-nin böyük şəhərlərində, ilk növbədə isə Moskva və Leninqradda (indi Sankt-Peterburq) ali təhsil alan azərbaycanlı tələbələrin sayı sürətlə artmağa başladı. Bu, xalqımızın böyük və uzaqgörən oğlunun həyata keçirdiyi ən uğurlu siyasi addımlardan biri idi. O vaxta qədər İttifaq miqyaslı dövlət və hökumət idarələrində azərbaycanlı kadrlara, demək olar ki, rast gəlmək mümkün deyildi. Azərbaycan xalqına qarşı düşmən mövqedə olan erməni nümayəndələri isə İttifaq miqyaslı idarələrin hamısında təmsil olunurdular. 30-cu illərdə çoxlu günahsız qurbanlar verməyimizin başlıca səbəbi də elə bu idi. Ermənilər əllərinə fürsət düşdükcə Azərbaycanın ən layiqli oğullarını, ən görkəmli şəxslərini Moskva rəhbərləri qarşısında gözdən salır, “Xalq düşməni” elan etdirərək, sürgünlərə göndərilmələrinə, məhv edilmələrinə nail olurdular.
Təəssüflər olsun ki, 80-ci illərin ortalarında SSRİ hökumətində yüksək vəzifədə çalışarkən Heydər Əliyev özü də bu xəyanətkarlardan az ziyan çəkmədi. 1987-ci ildə Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verməsindən ruhlanan ermənilər bir il sonra SSRİ rəhbərliyi qarşısında Dağlıq Qarabağ məsələsini qaldırmağa imkan tapdılar. Heydər Əliyev istər Azərbaycan KP MK-nın birinci katibi olanda, istərsə də Moskvada çalışdığı illərdə nankor ermənilərin bu cür iddialarının qarşısını dəfələrlə almışdı. Ermənilər bu fürsəti yalnız Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından sonra əldə edə bildilər.
Xalqımızın böyük oğlunun ürəyi doğma vətəninə və xalqına qarşı daim məhəbbətlə dolu olub. Bunu onun bütün ictimai-siyasi fəaliyyəti sübut edir. Ancaq ermənilərin tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağa qarşı ərazi iddialarının ortaya çıxdığı 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində ulu öndərin sadə bir vətəndaş kimi çəkinmədən sinəsini qabağa verməsi onun Vətən sevgisinin nə qədər dərin köklərə malik olmasından xəbər verirdi. Heydər Əliyev hələ Moskvada yaşayarkən və xüsusi xidmət orqanlarının nəzarəti altında olarkən o vaxtki SSRİ rəhbərlərinin, xüsusən, M.Qorbaçovun Azərbaycana qarşı apardığı ayrı-seçkilik siyasətinə qarşı öz məğrur və haqq səsini ucaltmaqdan çəkinmirdi. Bu səs ermənilərin fitvası və Qorbaçovun birbaşa əmri əsasında Bakıda törədilmiş 20 Yanvar qırğını zamanı daha gur səsləndi.
Heydər Əliyevin həmişə olduğu kimi, bu dəfə də öz cəsarətini göstərməsi, təbii ki, Azərbaycan xalqı tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılandı. Doğrudur, sonrakı illərdə Azərbaycan hakimiyyətinə müxtəlif səriştəsiz qüvvəllər gətirildi və torpaqlarımızın bir hissəsini itirdik. Amma hələ o illərdə də xalqın böyük əksəriyyəti, xüsusən, ziyalı kütləsi əmin idi ki, erməni təcavüzünün və Rusiya tərəfindən təzyiqlərin tüğyan etdiyi dövrdə Azərbaycana məhz Heydər Əliyev lazımdır. Bu fikri bir çoxları açıq-aşkar söyləyir, hətta mətbuat səhifələrinə çıxarırdılar. Xəlil Rza Ulutürk 20 Yanvar faciəsi zamanı həbs olunub saxlanıldığı Lefortovo zindanından azad edildikdən sonra radio və televiziyada çıxışlarında “Azərbaycana Heydər Əlirza Atatürk lazımdır”,—deyə hayqırırdı.
Heydər Əliyev bu illərdə anadan olub böyüdüyü Naxçıvan MR-nın hərbi-siyasi cəhətdən möhkəmləndirilməsi ilə məşğul oldu, Ermənistanın bu torpağa qarşı iddialarının qarşısını mətanətlə aldı və bir qarış Naxçıvan torpağının erməni vandallarının əlinə keçməsinə imkan vermədi. Ulu öndər böyük sarsıntılar və çətinliklər bahasına olsa da, Naxçıvanı göz bəbəyi kimi qorudu. Azərbaycanın o zamanki rəhbərləri isə özlərinin siyasi diletanlığı və səriştəsizliyi ilə ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxardılar. Ölkə üçün bu qədər ağır zamanda səbir kasası daşmış xalq ayağa qalxaraq öz böyük və vətənpərvər oğlunu istədi. Azərbaycanın taleyi artıq tükdən asılı qalmışdı. Bir tərəfdən, erməni quldur dəstələri öz himayədarlarının köməyi ilə ölkəmizi rayon-rayon, kənd-kənd işğal edir, bir tərəfdən də qiyama qalxmış daxili qüvvəllər hərbi gücünü işə salaraq Bakıya doğru irəliləyirdilər. Bakıda isə bu xaosun qarşısında duracaq və ölkəni xilas edəcək bir qüvvə yox idi. Bu qüvvə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev idi, onun isə Bakıya gəlməsini o zamankı hakimiyyət istəmirdi. Ancaq xalq öz iradəsini ortaya qoyaraq böyük oğlunu yenidən Bakıya gətirdi və ölkənin ağır taleyini onun bacarıqlı, qətiyyətli əllərinə etibar etdi. Beləliklə, Azərbaycan tarixin növbəti amansız sınağından çıxa bildi. Ulu öndərin böyük siyasi və dövlətçilik təcrübəsi sayəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, cəbhədə atəşkəsə nail olundu, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistanla danışıqlara başlanıldı.
Böyük siyasi xadim olan Heydər Əliyev müstəqillik qazanmış Azərbaycanın iyirminci əsr boyu aldığı yaraları da unutmamışdır. Zaman imkan vermişkən, onları da üzə çıxarmaq, xalqa dəymiş zərbələri yeni nəsillərə çatdırmaq lazım idi. Bu mənada Heydər Əliyevin azərbaycanlıların soyqırımı və Ermənistandakı tarixi etnik torpaqlarından deportasiya ilə bağlı fərmanları böyük əhəmiyyətə malikdir. Bu fərmanlar, şübhəsiz ki, təkcə xalqımıza tarixi keçmişində baş vermiş faciələri xatırlatmaq deyil, həm də keçmiş SSRİ dövründə azərbaycanlılara qarşı törədilmiş amansızlıq və qəddarlıqları dünya ictimaiyyətinə çatdırmaq, bununla da Qərb ölkələrində geniş intişar tapmış uydurma erməni iddialarına sarsıdıcı zərbə vurmaq məqsədi daşıyırdı. Heydər Əliyevin 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan kütləvi surətdə deportasiya ilə bağlı 18 dekabr 1997-ci il tarixli fərmanında deyilirdi: “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məmhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlanan ərazidə—min illər boyu yaşadıqları öz doğma tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağılıb viran edilmişdir”.
Azərbaycanın dahi oğlu ölkəyə rəhbərlik etdiyi təxminən 30 illik bir dövrdə xalqın mədəni-mənəvi təkamülündə də müstəsna rol oynamışdır. O, daim Azərbaycan xalqının min illər boyu formalaşdırdığı milli təfəkkürün, mədəni-mənəvi sərvətlərin keşiyində dayanmış, yüksək bəşəri dəyərlər üzərində qurulmuş milli musiqimizin, ədəbiyyatımızın əsl himayədarı olmuşdur. Heydər Əliyev bütün həyatı boyu yaradıcı insanlara qayğı ilə yanaşmış, onları yeni-yeni dəyərli bədii əsərlər yaratmağa ruhlandırmışdır. Məhz buna görədir ki, Azərbaycanın yazıçı və şairləri Heydər Əliyevə həmişə böyük ehtiramla yanaşmış, öz əsərlərində dahi öndərin ölməz obrazını təsvir etməyə çalışmışdır. İşıqlı şəxsiyyət, müdrik insan Heydər Əliyevin Azərbaycan Respublikası və xalqımız qarşısında xidmətləri cild-cild kitablara sığan deyil.
Əfsəlağa BABAYEV,
şair-publisist.
Respublika.-2014.- 4 may.-
S.5.