Xatirələrdə
yaşayacaq
Respublikamızın tanınmış jurnalistlərindən
söhbət düşəndə
mərhum Ənvər
Əmirəliyevin adı
hörmətlə çəkilir.
Əmirəliyev Ənvər Mehdi oğlu 1923-cü ildə Zərdab rayonu Xanməmmədli kəndində anadan olub. Əmək fəaliyyətinə erkən yaşlarından başlamışdır. 14 yaşında ikən atası Əmirəliyev Mehdi həbs olunmuş, səkkiz nəfərlik ailənin çətinliyi onun üzərinə düşmüşdür. Ona görə də o, həm oxumuş, həm də işləməli olmuşdur.
Orta məktəbdə oxuya-oxuya məhkəmədə katib, sonra isə Zərdab rayon qəzetində çalışmışdır.
1940-41-ci tədris ilində Zərdab rayon orta məktəbinin 10-cu sinfini bitirməyə bir neçə ay qalmış müharibəyə göndərilmişdir. Böyük Vətən Müharibəsi döyüşlərində ağır yaralanıb ikinci qrup əlil kimi kəndə qayıdan Ənvər Xanməmmədli, Körpü kənd, Seyidlər və Məmmədqasımlı kəndlərində kolxozun baş mühasibi, sonra rayon torpaq şöbəsində müfəttiş vəzifəsində işləmişdir.
Ənvər Əmirəliyev 31 yaşında — 1954-cü ildə BDU-nun jurnalistika fakültəsinə qəbul olunmuşdur.
Oranı bitirdikdən sonra — 1959-cu ildən Mərkəzi Komitənin orqanı olan “Kommunist” qəzetində çalışmışdır. O, 20 ildən artıq bir vaxtda respublikanın Dağlıq Qarabağ regionunda və 8 rayonu əhatə edən Lənkəran bölgəsində xüsusi müxbir kimi fəaliyyət göstərmişdir.
Onun gənclərin həyatından bəhs edən “Nişan üzüyü” adlı ilk dram əsəri nəşr olunmuş, Bakının mədəniyyət evlərində oynanılmışdır. 1990-cı ildə “Gənclik” nəşriyyatı tərəfindən cənub sərhədlərində xidmət edən əsgər və zabitlərin, siyasi işçilərin həyatından bəhs edən oçerklər toplusu – “Sərhədçilər” adlı kitabı nəşr edilmişdir. O, yüzlərlə oçerkin, felyetonun və hekayənin müəllifidir.
Həyat və fəaliyyəti barədə öz xatirələrində belə yazır: “Mən İkinci Dünya Müharibəsi iştirakçısı, ikinci qrup Vətən müharibəsi əlili, müharibə və əmək veteranı, xidmət və fəaliyyətinə görə dəfələrlə təltif olunmuş, 58 il 4 ay 9 gün əmək stajına malik bir şəxsəm”.
Ənvər müəllimin xatirələrindən daha bir parça: “1937-ci il iyul ayının axırıncı gecəsi — bu bizim ailəmizin ən müdhiş gecəsi olub. Həmin axşam gecədən xeyli keçmiş evimizi hər tərəfdən əhatəyə aldılar. Hər tərəfdən uşaq-böyük bilmədən üzərimizə süngülər tuşlanmışdı. “Çopur” adlı bir milis işçisi irəli çıxıb amiranə və hökmlü şəkildə qışqırdı:
—Mehdi, sən evdəsən?
Atam hövlnak və səksəkəli səslə cavab verdi:
- Sən kimsən?
- Mən “Çopur”am. Dur, bizimlə gedəcəksən.
Bu arada “Çopur”un
əmri ilə 23 nəfər milis işçisi irəliləyib
atamın əl-qolunu arxadan qandalladılar. Vəziyyəti belə görən
ailə üzvlərimiz
(biz yeddi nəfər uşaq idik) ağlaşmağa başladı.
Ondan sonra evimizi axtarmağa
başladılar. Evimizdən heç
nə tapılmadı.
Yalnız bir Qurandan başqa. Onu götürdülər. Bu, bizim həyatımızda
ən ağır, ən dəhşətli gecə idi. Onlar atamı apardılar.
Atam iyul axşamında birdəfəlik kəndimizdən
getdi. Və bir daha geriyə dönmədi.
Niyə?
Nəyə görə?
Biz yatmadıq. Yuxumuz ərşə
çəkildi. Səhər hər
şey aydın oldu. Bəzi qonşular xısın-xısın,
bəziləri isə
üzümüzə açıqca
“bunlar xalq düşməninin balalarıdır.
Onlardar gen qaçmaq lazımdır. Yoxsa xata-bəlaya düşərsiniz”
- dedilər.
Düzünü deyim ki, əmilərimdən, dayılarımdan başqa bizə yiyə duran olmadı. “Xalq düşməni” sözü bizə damğa kimi yapışdırılmışdı.
Atam getdi. Onun başına nə iş gətirildiyi, nə işgəncələrə məruz qaldığı bizə məlum olmadı. Bir həftə Zərdab türməsində qaldıqdan sonra onu Göyçay türməsinə, oradan isə Bakıya yola saldılar.
Yaxşı oxumağıma, nümunəvi davranışıma görə gənclər məni komsomolun qurultayına nümayəndə göndərmək istəyirdilər. Lakin mən qəti etiraz edirdim. Mən bilirdim ki, “xalq düşməni”nin oğlunu qurultaya göndərməzlər.
Mən bunu gizlətsəm də, hamı bilirdi ki, mənim atam “xalq düşməni” kimi həbs olunub. Ona on il də iş kəsmişdilər. Mən fikrimi-zikrimi oxumağa yönəltmişdim. Bütün dərslərimdən əla qiymətlər alırdım. Müəllimlərim də məndən razıydılar. Hamı xətrimi istəyirdi. 10-cu sinfi bitirəndə müəllimlər otağında gizli söhbət getdiyinin şahidi oldum. Bu, mənim qəlbimdə bir yara kimi qaldı”.
Azərbaycanın məhşur 416-cı Taqanroq diviziyasının Mozdokdan Berlinə qədər keçdiyi şərəfli yolda döyüşçü Ənvər Əmirəliyevin də payı var. Səngərlərdən əlil qayıtmış, lakin həyat uğrunda mübarizəsi hələ tükənməyən gənc böyük arzularla yaşayırdı.
1954-cü ildə ailəsi bəraət aldıqdan sonra ali məktəbə qəbul olunan birinci dərəcəli vətən müharibəsi əlili Ənvər Əmirəliyev jurnalist peşəsinə yiyələndi.
Ənvər Əmirəliyev müharibədə vuruşduğu kimi, əmək cəbhəsində də əlinin qələmi, gözünün nuru, işığı ilə Vətən üçün mübarizə apardı.
Onun “Kommunist” qəzetində dərc edilən müxtəlif janrlı yüzlərlə yazıları böyük oxucu auditoriyası toplamışdı. Ənvər müəllim ömrünün sonuna qədər jurnalist andına sadiq qaldı, qələmin müqəddəsliyini qorudu, Vətənə namusla, vicdanla xidmət etdi. Belə insanlar heç vaxt unudulmur.
Əmirəli ƏmirƏliyev.
Respublika.-2014.- 4
may.- S.7.