“XX Yüzilin
Ağdamı” kitabının təqdimat mərasimi
Bu günlərdə Beynəlxalq
Mətbuat Mərkəzində
Azərbaycanda Vətəndaş
Cəmiyyətinin inkişafına
Yardım Assosiasiyasının
və Söz Azadlığını Müdafiə
Fondunun icraçı
direktoru Vüqar Tofiqlinin “XX Yüzilin Ağdamı” kitabının
təqdimat mərasimi
keçirilmişdir.
Qarabağın tanınmış ziyalılarının, yazıçı, şair və musiqişünasların, millət vəkillərinin, müharibə və əmək veteranlarının, KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri telejurnalist Vəsilə Vahidqızı açmış və Vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ağdam haqqında videoçarxın nümayişi ilə başlayan tədbirdə çıxış edən millət vəkili Fazil Mustafa qeyd etmişdir ki, bu kitab Azərbaycan xalqında bir qayıdış duyğusunun oyanması baxımından olduqca əhəmiyyətlidir.
AMEA-nın müxbir üzvü, millət vəkili Bəxtiyar Əliyev Qarabağla bağlı tədbirlərin əhəmiyyətini vurğulayaraq müəllifin əsərdə çox dəyərli janra müraciət etdiyini qeyd etmişdir.
Natiq bildirmişdir ki, kitab çox nəfis şəkildə tərtib olunub. Biz gənclərimizdə vətənpərvərlik hissini daha da artırmalıyıq. Azərbaycan bu gün yenilməz gücə malikdir. İnsanlar indi Ağdama qayıdır. Müvəqqəti olaraq mərkəzi Quzanlı sayılan Ağdamda və ətraf kəndlərdə 1993-1994-cü illərdə 27 min adam yaşayırdısa, indi burda əhalinin sayı 93 minə çatıb.
Ölkə başçısının çevik və qətiyyətli siyasəti nəticəsində biz dədə-baba torpaqlarımıza tezliklə qayıdacağıq.
Millət vəkili Qənirə Paşayeva qeyd etdi ki, Ağdam təkcə ağdamlıların deyil, bütün Azərbaycanındır. Çox sadə dil üslubunda yazılmış bu kitabı oxuyan və Ağdamı görməyən gənclər bu əsər vasitəsi ilə Ağdamla tanış ola bilərlər. Belə kitablar gənclərimizi vətənpərvərliyə səsləyir.
AYB-nin katibi, “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid uşaqlıq və gənclik illərinin Ağdamda keçdiyini bildirmiş və yaddaşında qalan kövrək xatirələrini söyləmişdir.
Musiqi və mədəniyyət beşiyi olan Ağdamın tanınmış ziyalıları haqqında danışan və dünyada ikinci çörək muzeyinin, Ağdam tarix-diyarşünaslıq muzeyinin, çay evinin, Gülablı sanatoriyasının və bir çox sosial və məişət obyektlərinin tikilməsində əvəzsiz xidmətlər göstərmiş, uzun müddət Ağdam Rayon Partiya Komitəsinin birinci katibi işləmiş Sadıq Murtuzayev rayonun qədim tarixə malik olduğunu vurğulamış və böyük alim Xudu Məmmədovla bağlı kövrək xatirələrini söyləmişdir. Ağdam rayon Mədəniyyət şöbəsinə uzun illər rəhbərlik etmiş sabiq millət vəkili Çimnaz Əliyeva kitabın əhəmiyyətindən danışmış və Vüqar Tofiqliyə təşəkkürünü bildirmişdir.
Əfsanəvi komandir, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin ömür-gün yoldaşı, millət vəkili Flora Qasımova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Rafiq Əliyev, şair German, yazıçı Mustafa Çəmənli, Əməkdar artistlər Ağalar Bayram, Azad Şükürov, Fəxrəddin Şahsuvarov və başqaları bir vaxtlar xoşbəxt yaşadığımız ağdamlı günlərimizdən xatirələr danışdılar.
Sonda kitabın müəllifi Vüqar Tofiqli Ağdamla, Qarabağla bağlı kitabın ərsəyə gəlməsində söylədikləri əvəzsiz məlumatlara görə akademik Adilə Namazovaya, ictimai-siyasi xadim Sadıq Murtuzayevə, Ağdamın tanınmış ziyalılarından Çimnaz Əliyevaya, Səlim Əzimova, Tibb Universitetinin dosenti Taryel Eyvazova, ensiklopedik məlumata malik həkim İnqilab Məmmədova, Seyid Kamran Ağamirova, eləcə də tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir.
Rauf İLYASOĞLU,
Respublika.-2014.- 4 may.- S.7.