Tarix yaradan dahi
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində əbədi yer tutan sərkərdələr, fatehlər, dövlət rəhbərləri, ictimai-siyasi xadimlər çoxluq təşkil edir. Tarixdə əbədi qalmaq şərəfinə nail olanların sayı isə o qədər də çox deyildir. Bəziləri elə yaşadıqları dövrün hüdudlarında qalıb, onların adı tarixin və zamanın pərdəsi arasında görünməz olub. Lakin elə böyük şəxsiyyətlər də var ki, onların adı məkan və zaman sərhədlərini aşaraq daha geniş vüsət alıb, əməl və düşüncələri təkcə bugünün yox, gələcəyin simasını müəyyənləşdirmişdir.
İnsanların şüuruna, ürəyinə hakim kəsilən belə şəxsiyyətlər adətən, sağlığında milyonların qəlbinə köçüb. Öz millətinin iradəsinin ifadəçisi, uzaqgörən siyasətçisi olan belə böyük liderlərdən biri də dahi azərbaycanlı Heydər Əlirza oğlu Əliyevdir. O mənalı ömrünün demək olar ki, 50 ilini, xüsusilə də son 34 ilini vətən, xalq yolunda sərf etmişdir. Bu dahi şəxsiyyət öz möhkəm iradəsi, əzmi, qətiyyəti, mübarizliyi ilə ölkədə baş alıb gedən siyasi qarşıdurmanın, xarici düşmənlərimizdən dəstək alan daxili separatçıların, xaos və hərc-mərcliyin qarşısına sədd çəkərək sabitliyi qoruyub saxladı. Heydər Əliyevin böyük səyi və fədakarlığı sayəsində Azərbaycan dövlətçiliyi möhkəmləndi, qüvvətli, nizami ordu yarandı. Şəxsi nüfuzu, böyük təcrübəsi beynəlxalq aləmdə respublikanın tanınmasına gətirib çıxardı. O deyirdi: “Bizim hamımızın bir vətəni var — bu, Azərbaycandır. Azərbaycanlı hər bir yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.
Məlum olduğu kimi, Azərbaycan uzun illər xarici qəsbkarların hədəfində olmuşdur. Vaxtilə I Pyotr dənizdən-dənizə yollar açılmasını vəsiyyət etmişdi. Bu səbəbdən Azərbaycan parçalanmalı idi. Dəfələrlə İrəvandan rəsmi surətdə azərbaycanlılar deportasiya olundu, qərbi azərbaycanlılara divan tutuldu, qanlı müharibə yarandı. Sovet Rusiyası 1920-ci ildə Zəngəzuru qeyri-qanuni surətdə Ermənistana verdi, onların ərazisi bir daha genişləndi. Məlum olduğu kimi, Qaraqoyunlu, Dərələyəz, Göyçə, Zəngəzur əzəli Azərbaycan torpaqlarıdır. Azərbaycan demokratik dövlətinin xəritəsi də bir daha bunu təsdiq edir. Yenə də təzyiqlə torpaqlarımız Ermənistana verildi. Ardınca Qarabağ işğal olundu. Laçın, Kəlbəcər, Ağdam, Zəngilan və ona bitişik rayonlar getdi. Neçə-neçə gənclərimiz şəhid oldu. Belə bir vaxtda Heydər Əliyev dühası, müdrikliyi, əzəməti Azərbaycanı, xalqı bu xaosdan çıxardı. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi nadir şəxsiyyətdir. Onun xalqı qarşısında misli görünməmiş tarixi xidmətləri var. O müdrik rəhbər, uzaqgörən siyasətçi kimi dünya ölkələrinin başçıları arasında böyük nüfuz qazanmışdır. Heydər Əliyev haqqında Rusiya Federasiyasının prezidenti Vladimir Putinin belə bir fikir söylədiyi yaxşı xatirimdədir: “Heydər Əliyev Azərbaycan xalqı üçün mümkünsüz işlər görmüşdür. Onu heç vaxt unutmaq olmaz. Qoy azərbaycanlılar məndən inciməsinlər, Heydər Əliyev Azərbaycan çərçivəsinə sığan siyasətçi deyildi. O ümumbəşəri bir siyasətçi idi”. O Azərbaycanı, öz xalqını çox sevirdi. Ölkəsini dünyanın inkişaf etmiş dövləti səviyyəsində görmək istəyirdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” — deməsi onun Azərbaycana necə bağlı olduğunu sübut edir.
Respublikanın son 40 ilində elə bir sahə yoxdur ki, burada dahi şəxsiyyətin izləri görünməsin. Onun ən böyük xidməti ölkəni müstəqilliyə hazırlaması, respublikada müasir infrastrukturun yaranması idi. Onun ideyaları vasitəsilə nurlu gələcəyə yollar açılırdı. 1980-ci ildə ulu öndərə araşdırma nəticəsində məlum oldu ki, ölkədə müxtəlif sahələrdə elmlər doktorlarının sayı azdır. Onun uzaqgörənliyi nəticəsində məqsədəuyğun şəkildə SSRİ-nin bir sıra aparıcı universitetlərinə və elmi-tədqiqat müəssisələrinə 300-dən artıq gənc elmlər namizədi göndərildi. O bu məsələyə çox diqqətlə yanaşırdı. Çıxışlarında hər zaman vurğulayırdı: “Biz Azərbaycanın intellektual səviyyəsi ilə fəxr edə bilərik. Çünki bizim çox dəyərli insanlarımız var, ancaq şərait yaratmaq lazımdır ki, bu dəyərli insanlar üzə çıxsınlar”.
Biz alimlər nəinki bu böyük insanın, dühanın kadrları, həm də bu məktəbin yetirmələri olmağımızla fəxr edirik. O Ulu Tanrının elə bir sevimli bəndəsi idi ki, fitri istedadı, ölçüyəgəlməz qabiliyyəti, hərəkətləri və söhbətləri ilə hətta dünya səviyyəli, beynəlxalq aləmdə özünü təsdiqləmiş siyasətçiləri də valeh edirdi. Heydər Əliyev dünyanın siyasi nəhəngləri ilə yanaşı dayanan, Şah İsmayıl Xətai kimi tariximizə bəxş olunmuş mübarizlik mücəssiməsi idi.
Müdrik siyasətçi Heydər Əliyevin tarixi xidmətlərindən biri də respublika səhiyyəsinin inkişaf etdirilməsi üçün apardığı məqsədyönlü işlər idi. Bu məqsədlə həyata keçirilən bir çox islahatların ilk müəllifi də məhz onun özü olmuşdur. Səhiyyə sahəsində aparılan islahatlar indi də öz bəhrəsini göstərməkdədir. Ümummilli liderimizin Azərbaycana rəhbərlik etdiyi dövrdə bir sıra böyük müalicə ocaqları, elmi-tədqiqat institutları tikilib istifadəyə verildi, kadr hazırlığına diqqət onun xüsusi nəzarətə götürüldü. Həmin zamanlar istifadəyə verilən Respublika Klinik Urologiya Xəstəxanası, Neyrocərrahiyyə, Diaqnostika, Toksikologiya, Yanıq, Reabilitasiya (əlillər üçün) mərkəzləri və müasir profilli digər tibb müəssisələri açıldı. Bir sıra yeni tibb müəssisələri üçün isə yeni binaların təməli qoyuldu. Bir çox səhiyyə müəssisələrində “Heydər Əliyev guşəsi”nin fəaliyyət göstərməsi təsadüfi deyildir. Çünki səhiyyə onun unudulmaz göstərişləri ilə dünya səviyyəsində qurulmağa istiqamətləndirilir. Ulu öndər Heydər Əliyevin milli oftalmologiyanın inkişafında böyük xidmətləri olmuşdur. Hazırda Azərbaycanda oftalmologiyanın yüksək səviyyəyə çatdırılması bilavasitə onun əməli fəaliyyəti ilə bağlıdır. Məlum olduğu kimi, 1977-ci ildə akademik Zərifə xanım Əliyeva Bakıda yeni oftalmologiya kompleksinin tikilməsi haqqında ideyanı irəli sürmüşdü. 1978-ci ildə Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev bu ideyanın həyata keçirilməsi üçün sərəncam imzaladı və kompleksin yaradılmasını öz şəxsi nəzarəti altına götürdü.
90-cı illərin birinci yarısından məlum səbəblərə görə kompleksin tikilməsi dayandırıldı. Müdrik siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu kompleksin tikintisinin bərpası onun respublikada ilkin xidmətlərindən biri olmuşdur. Heydər Əliyevin şəxsi təşəbbüsü və göstərişi ilə Şərq memarlıq üslubunda tikilən bu yeni bina regionda ən böyük oftalmoloji mərkəz oldu. Burada 312 xəstəni müalicə edə biləcək klinika, gündə 700 xəstəni qəbul edə biləcək poliklinika, ən müasir səviyyəli avadanlıqla təchiz olunmuş cərrahi otaqlar, diaqnostik kabinələr, komfortlu palatalar xəstələrin ixtiyarına verilmişdir. Kompleksin istifadəyə verilməsi ilə Azərbaycanda oftalmoloji xidməti inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyalarını tətbiq etməklə, keyfiyyətcə yeni bir mərhələyə — XXI əsrə uyğun olan müasir bir səviyyəyə yüksəlməsinə nail olunmuşdur. Ulu öndər ölkədə milli oftalmologiyanın inkişafı üçün çox səmərəli olan dünyanın aparıcı oftalmoloji mərkəzləri ilə əlaqələrin möhkəmləndirilməsinə imkanlar yaradırdı. O respublikanın aparıcı oftalmoloqlarının xidmətlərini yüksək qiymətləndirirdi. Ulu öndərin sağlığında akademik Z.Əliyeva, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Umnisə Musabəyova, əməkdar elm xadimləri P.Məlikaslanova, Zəhra Quliyeva, Həcər Nəsrullayeva yüksək elmi adlara layiq görülmüşdür.
Ulu öndərin apardığı islahatları uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan səhiyyəsində səmərəli işlər görür. Son 10 ildə Bakıda 2592 çarpayılıq 15 xəstəxana, 19 poliklinika binaları, 900 çarpayılıq 7 korpus tikilib istifadəyə verilmiş, 8255 çarpayılıq 53 xəstəxana və 44 poliklinika binası əsaslı təmir edilmişdir.
Tibb Universitetinin yeni tikilmiş korpusları və Talasemiya Mərkəzində əsaslı surətdə yenidən qurulmuş Akademik Zərifə Əliyeva adına MOM, Respublika Perinatal, Elmi-Cərrahiyyə, Respublika Diaqnostika mərkəzlərində, Mərkəzi Klinik Xəstəxananın ambulatoriyasında, Respublika Kliniki Uroloji, Respublika Neyrocərrahiyyə, Respublika Uşaq Klinik, Uşaq Nevroloji xəstəxanalarında və digər müalicə otaqlarında indi ən yüksək səviyyədə tibbi xidmət göstərilir.
Bütün bunlar ulu öndər Heydər Əliyev siyasətinin zəfərinin sübutudur. Heydər Əliyev siyasəti, Heydər Əliyev ideyaları əbədidir, ölməzdir, dönməzdir.
Kərəm
KƏRİMOV,
tibb elmləri doktoru,
professor, Türk
Dünyası Araşdırmaları
Dövlətlərarası
Elmlər Akademiyasının akademiki.
Respublika.-2014.-6 may.-S.7.