Vətəndaş mənafeyinə
xidmət edən məhkəmə-hüquq islahatları
Liderlik institutu hər zaman siyasətşünas və filosofların əsas müzakirə mövzularından olmuş, bu fenomeni dərindən öyrənməyə çalışmış böyük mütəfəkkirlər bir-birindən maraqlı, dəyərli nəzəriyyələr yaratmışlar. Geniş fikir müxtəlifliyinə baxmayaraq, ümumi qənaət bundan ibarətdir ki, iqtisadi potensialından asılı olmayaraq hər bir dövlətin hərtərəfli inkişafı milli lider amili ilə bağlıdır.
Ötən əsrin sonlarına doğru dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın dünya xəritəsində müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlaması, ağır sınaqlardan, çətinliklərdən üzüağ çıxması da məhz ulu öndər Heydər Əliyevin fenomenal liderlik keyfiyyətləri sayəsində mümkün olmuşdur. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək ölkədə cərəyan edən proseslər bir daha təsdiqləmişdir ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir. Belə bir ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz xarizmatik liderlərdən asılı olur.
1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.
“Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır”—deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur. Böyük siyasətçi Heydər Əliyev hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının təşəbbüskarı kimi çıxış etmişdir.
Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir.
1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” memorandum olmuşdur. Həmin memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir. 1998-ci ilin 22 fevralında ümummilli liderimiz Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalamış, insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyən edilmişdir. İnsan hüquqları sahəsində proqram rolunu oynayan bu sənədlə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. 1998-ci il 18 iyul tarixdə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur.
Ulu öndərin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur. Yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın qanunvericiliyinin Avropa standartlarına uyğun təkmilləşdirilməsinə, mütərəqqi məhkəmə-hüquq islahatlarının aparılmasına ciddi təkan vermişdir.
Ümummilli liderin Azərbaycana rəhbərliyi dövründə həyata keçirilən mütərəqqi islahatların mühüm istiqamətini də məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının maksimum dərəcədə müdafiəsi üçün çevik mexanizmlərin yaradılması, habelə qanunların aliliyinin təmin olunması məsələləri təşkil etmişdir. Respublikada üçpilləli məhkəmə sisteminin formalaşdırılması, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması demokratik inkişaf yolunda əldə olunan mühüm nailiyyətlərdəndir.
Konstitusiya normalarının həyata keçirilməsinin məntiqi nəticəsi kimi qısa müddət ərzində ölkədə demokratik, hüquqi dövlətin möhkəm təməli qoyulmuş, hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmişdir. Beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilən, insan hüquqlarının daha etibarlı təminatına xidmət edən, müasir tələblərə uyğun yeni qanunlar, o cümlədən “Konstitusiya Məhkəməsi haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında” qanunlar, Mülki, Mülki-Prosessual, Cinayət, Cinayət-Prosessual və digər məcəllələr qəbul edilmişdir.
1998-ci ilin 1 dekabrında “Məhkəmələr və hakimlər haqqında” qanunun qəbulu isə ulu öndər Heydər Əliyevin Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyi naminə böyük siyasi iradə və qətiyyət nümayiş etdirdiyini bir daha təsdiqləyir. Qanunda hakimlərin toxunulmazlığı, dəyişməzliyi, şəxsi təhlükəsizliyi, hakimlərin siyasətsizləşdirilməsi, onların müsabiqə yolu ilə seçilib təyin edilməsi, maddi və sosial təminatlarının nəzərdə tutulması tədbirləri vasitəsilə hüquqi dövlətə xas olan məhkəmə sistemi müstəqilliyinin əsas prinsipləri müəyyən edilmişdir.
Qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsi məqsədilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlamışdır.
Ümumilikdə, 1993-2003-cü illərdə reallaşdırılan məhkəmə-hüquq islahatı ölkənin hüquqi, siyasi və iqtisadi sisteminin kökündən dəyişdirilməsinin tərkib hissəsi kimi həyata keçirilən və mahiyyətcə təkamül xarakteri daşıyan islahatların həm ilkin şərti, həm də obyektiv nəticəsi olmuşdur.
Ulu öndər Heydər Əliyevin insan hüquqlarının qorunmasını ön plana çəkməklə əsasını qoyduğu məhkəmə-hüquq islahatları son 10 ildə onun layiqli davamçısı—Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dölətimizin rəhbərinin 28 dekabr 2006-cı il tarixli “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamında Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi diqqətə çəkilmişdir. Bundan əlavə, dövlət başçısının müvafiq fərman və sərəncamları ilə 18 iyun tarixinin İnsan Hüquqları Günü elan olunması, eyni zamanda, Azərbaycan Respublikasının Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının imzalanması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi demokratik və hüquqi dövlət quruculuğu sahəsində əldə etdiyimiz mühüm nailiyyətlərdəndir.
Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı” isə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının tələblərindən irəli gələn mükəmməl sənəddir. Sənədlə ölkədə qarşıdakı illərdə insan hüquq və azadlıqlarının təkmilləşdirilməsi baxımından bir sıra strateji vəzifələr önə çəkilmişdir.
Ümumilikdə, son illər məhkəmə, ədliyyə, polis, prokurorluq orqanlarında həyata keçirilən qanunverici-institusional tədbirlər əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş islahatların uğurla davam etdirildiyini göstərir. Bu islahatlar cəmiyyətin hər bir zümrəsi kimi, gənclərin də mənafeyinə cavab verməklə, onları yaxşı mütəxəssis kimi formalaşaraq dövlət quruculuğu prosesində daha fəal iştiraka sövq edir.
Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından ötən 10 ildə yalnız onunla təsəlli tapırıq ki, dahi şəxsiyyətin ideyaları yaşayır və ölkəmizin daha uğurlu gələcəyinə zəmin yaradır. İnanırıq ki, 2013-cü il oktyabrın 9-da xalqın iradəsi ilə yenidən Azərbaycan Prezideni seçilmiş İlham Əliyev bundan sonra da hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna xidmət edən mütərəqqi islahatları davam etdirəcəkdir.
Nərgiz
ABBASZADƏ,
BDU-nun hüquq
fakültəsinin doktorantı.
Respublika.-2014.-6 may.-S.7.